Luvr muzeyi haqqında hər şey (I hissə)

Parisdəki otellərlə bu siyahıdan tanış ola bilərsiz.Təqribən 10 bəlkə də daha çox ziyarətdən sonra Luvr muzeyinin daimi kolleksiyasını gəzib bitirdim. Bu münasibətlə də Luvr haqqında biraz məlumat verib, necə getməli, necə gəzməli, vaxtdan necə istifadə etməli kimi suallara cavab verəcək bir yazı yazacam.Luvr Muzeyi Parisin 1-ci bölgəsində Sena çayının sahilində yerləşir. Muzeyə gəlməyin ən rahat və məsləhətli yolu metrodur. Metronun 1-ci və ya 7-ci xətti üzərindəki Palais Royal – Musée du Louvre stansiyasında düşüb 6. Carroussel du Louvre çıxışını izləyərək Muzeyin turistlər tərəfindən çox da bilinməyən, buna görə də, demək olar ki, növbə olmayan yeraltı girişinə gəlirsiniz. Yox əgər “Mən mütləq o şüşəli piramidadan girəcəm muzeyə” deyirsinizsə, 1 saata qədər növbə gözləməyə hazır olun. Ümumiyyətlə, muzeyin bir neçə girişi var, ən rahatı metrodan girişdir, mən 10+ dəfə getmişəm, növbədə gözləməmişəm.Muzeyin giriş saatları bazar ertəsi, cümə axşamı, şənbə və bazar günləri saat 9:00-18:00 arasıdır; çərşənbə və cümə Nocturne olur və muzey saat 21:45-ə qədər açıq olur. Zalların boşaldılması adi günlərdə 17:30-da, nocturne günlərində isə 21:30-da başlayır. Çərşənbə axşamı, 1 yanvar, 1 may, 8 may və 25 dekabrda bağlı olur.Ziyarət üçün ən ideal saatlar: səhər muzey açılanda və nocturne günləri 18:00dan sonra. Şənbə və Bazar günləri mümkün olduğu qədər gedilməməlidir (diqqət: həftəsonu gəzintisinə gələn turistlər!). Ziyarətin müddəti maraq dairəsindən və görüləcək zallardan asılı olaraq dəyişir, amma minimum 2 saat ayırmaq lazımdır.Standart biletin qiyməti kassada 15€, online satışda 17€-dur (Luvr üçün alınan biletlər həm də Eugène Delacroix muzeyində keçərlidir). Muzeyə giriş 18 yaşa qədər uşaqlar, 26 yaşa qədər Avropa rezidentləri, Nocturne günlərində saat 18:00dan sonra 26 yaşa qədər vətəndaşlığından asılı olmadan bütün gənclər, oktyabr-mart ayları arası hər ayın ilk bazar günü hamı üçün pulsuzdur. Endirimli tariflər və bir çox başqa alternativlər var (Paris Museum Pass və s.). Məsləhətlisi bileti əvvəlcədən almaqdır, yoxsa kassada uzun növbələr gözləməli olacaqsınız. Növbə gözləmədən bilet almağın bir digər üsulu isə Luvrdan çox da uzaq olmayan Eugène Delacroix muzeyindən bilet almaqdır ; beləliklə, həm kiçik və maraqlı Eugène Delacroix muzeyini də görmüş olacaqsınız. Pulsuz girişdən faydalanırsınızsa mütləq şəxsiyyətinizi təsdiq edən bir sənəd göstərməlisiniz, biletsiz kontroldan keçəcəksiniz.Bilet alındı (ehtiyac varsa), information-dan Luvr xəritəsi götürüldü, növbəti istiqamət yükləri yüngülləşdirmək üçün vestiairedir: istifadə pulsuzdur, özünüzlə pasportu götürün, qalan əşyalarınızı əmanət edin vestiaireə.Kiçik detallardan biri də ayaqyolu məsələsidir, giriş mərtəbəsi -2də 3 WC var, əgər növbə varsa və vaxt itirmək istəmirsinizsə sərgi zalları arasında WC var ;)Acmısınızsa -2də Paul-un bir şöbəsi (təbii ki, şəhərdəkilərdən bir az daha bahalı) və yuxarı mərtəbələrdə bir neçə (qlamur) café var.Bu qeyd sadəcə Luvr üçün yox, demək olar ki, bütün muzeylər üçün keçərlidir: özünüzlə parasetamol götürün, sərgi zallarına qalxmamış atın. Eksponatlara və tavana baxmaq üçün başınızı o qədər yuxarı qaldıracaqsınız ki, başağrısı qaçınılmaz olacaq.Muzeyin 3 qanadı var – Richelieu, Sully, Denon. Bu üç qanada uyğun da 3 bilet kontrol postu var, muzeyin içində o baş-bu baş gedərək vaxt itirmək istəmirsinizsə, görmək istədiyiniz kolleksiyaları yaxınlıq sıralamasına və qanadlara görə bölün. Ümumiyyətlə, Luvr o qədər böyükdür ki, bir ziyarətə ancaq bir və ya iki kolleksiyanı tam gəzə bilərsiniz. Ona görə də mütləq görmək istədiyiniz yerləri əvvəlcədən qeyd etməkdə fayda var.Qeyd olunası bir vacib məqam da ziyarət istiqaməti ilə bağlıdır: çalışın kolleksiyanı tam gəzirsinizsə, zalları sıra ilə gəzin, divardakı “Sens de la visite” (ziyarət istiqaməti) oxları ilə hərəkət edin. Əvvəla, beləliklə muzeydə boşuna vaxt itirməmiş olacaqsınız, itməyəcəksiniz, ikincisi, kolleksiyalar xronoloji ardıcıllıq və ya tematik olaraq sərgiləndiyi üçün ortadan başlasanız kolleksiyanın məğzini anlamaq çətin olacaq.Kolleksiya və eksponatlar haqqında məlumatlanmağın bir neçə üsulu var:Zalların girişində məlumatlandırıcı lövhə olur – kolleksiyanın tarixi, məğzi, əsərlər haqqında fransız, ingilis və ispan dillərində informasiya verir. Oxumaq lazımdır ki, nə görəcəyiniz haqqında müəyyən bir fikriniz olsun.Hər bir zalda qapıya və ya oturacaqlara yaxın bir qutu var, bu qutunun içində ingilis, fransız, italyan, ispan, çin, yapon dillərində məlumat lövhələri olur. Oxumaq vaxt aparır, amma zal həqiqətən sizdə maraq oyadıbsa və daha ətraflı məlumat almaq istəyirsinizsə bu lövhələrə göz gəzdirməkdə fayda var.Eksponatların aşağısında, yuxarısında, yan yörəsində kiçik məlumat lövhəciyi olur: eksponatın aid olduğu dövr, müəllifi, ölkə, hazırlandığı material, nə zaman və necə Luvra gəlib çıxdığı haqqında qeydlər və əgər mühüm bir tarixçəsi varsa həmin məlumat yazılır. Bütün eksponatların etiketini oxumağa çalışsanız bir ömür Luvru bitirə bilməzsiniz, amma sizə maraqlı görünən nümunələr haqqında məlumatlanmaq üçün ideal vasitədir. Tək mənfi cəhəti var – bu etiketlərin 90%-i fransızcadır, ən yaxşı halda isə fransız-ingilis.Audioguide – mən heç istifadə etməmişəm, ümumiyyətlə audioguidelərlə aram yaxşı deyil, məlumatı yazılı oxuyarkən oxu sürətini özüm seçirəm, amma audioguidedə lüzumsuz xırdaçılıq edilərək vaxt itirildiyini düşünürəm. Siz audioguide istəsəniz kontrol postların yanında şəxsiyyətinizi təsdiq edən sənəd təqdim etməklə bir nintendo götürə bilərsiniz.Şəxsi bələdçi – tariflər, rezervasiya haqqında tam məlumatım yoxdur, amma şəxsi bələdçi ilə də muzeyi gəzə bilərsiniz. Daha baha başa gələcək, amma daha çox şey öyrənəcəksiniz. Yox əgər “O qədər də aristokrat deyilik” deyirsinizsə növbəti maddəyə baxın ;)Turist qrupları – mənim istifadə etdiyim metodlardan biridir :p Çox məşhur əsərlərin yanında adətən bir neçə turist qrupu olur və bələdçiləri onlara eksponatın tarixçəsi haqqında kifayət qədər ətraflı məlumat verir. Əgər sizə maraqlı olan bir eksponat haqqında danışılırsa özünüzü verirsiniz həmin qrupun yanına ;)Muzey dostluqları – muzeylərdə selfie çubuqlarını gözünüzə soxaraq muzeyin hər daşının şəklini çəkən uzaq şərqli turistlərdən başqa incəsənət və tarix haqqında kifayət qədər məlumatlı olan ziyarətçilər də olur. Təsadüfən eyni tabloya baxırsınızsa və fikrinizi bölüşmək istəyirsinizsə çəkinməyin, müzakirə edin ;)Gözətçilər – muzey gözətçilərindən əksərən ayaqyolu və filan zala necə gedərəm tipli suallar soruşulur. Sizi maraqlandıran bir əsər haqqında beyninizdə fırlanan bir sual varsa, soruşmaqdan çəkinməyin, böyük bir ehtimalla cavab verməyə çalışacaqlar (amma gözətçini yarım saat saxlayıb bütün muzeyin tarixini danışacağını da gözləməyin, camaatın işi gücü var)İnternet – deyək ki, hansısa bir zalda gəzirsiniz və çox maqarlı bir eksponat gördünüz, adını yazırsınız google-a və istədiyiniz qədər məlumatı tapıb rahat bir vaxtınızda oxumaq üçün linki save edib ziyarətinizə davam edirsiniz.Davamı olacaq....  Paylaşdı: Zaur Valizada

3225 dəfə oxunub

İngiltərə və ingilis həyat tərzi

"İngiltərəyə gəlirsinizsə bunları bilmək faydalıdır" tipli yazilardan növbəti yazı. Bu dəfəki yazıda İngilislərlə necə görüşmək, nədən danışmaq, necə sağollaşmaq və "qeybət" mədəniyyətindən yazacam.İngilis mədəniyyəti ümumilikdə az toxunuş olan (low touch) mədəniyyətdir. Bizdə məsələn kişilər də görüşəndə bir-biri ilə əl sıxır, qohumlar, dostlar isə öpüşüb görüşürlər. Qadılar isə əksər vaxtlarda hər iki yanaqdan da öpüşürlər. Bu tək bizdə deyil təbii ki, əksər avropa ölkələrində də belədir. Əsas da Fransada və İtaliyada. İngiltərədə isə yox. İngilitərədə kimsə sizinlə salamlaşarkən sadəcə "how do you do?" deyə bilər və ya bir az yaxınsızsa "you all right?". Hər iki suala cavab verməyə tələsməyin çünki bu iki sualın da cavabı yoxdur, daha doğrusu cavab sualın özünü olduğu kimi geri qaytarmaqdır. Yalnız çox yaxın olan insanlar öz aralarında "How are you" işlədirlər, həmin halda "I'm fine, thank you" və ya daha ingilis tərzində "not too bad, thanks" cavabını verə bilərsiniz. İngilislər ancaq rəsmi görüşlər zamanı əl sıxıb görüşürlər. Ya da birinci dəfə kiminləsə görüşəndə əgər kimsə özünü rəsmi təqdim etmək istəyirsə. Qadınlar arasında öpüşərək görüşmək ənənəsi isə əsasən yüksək təbəqə arasındadır. İngilislər heç vaxt ilk görüşdə sizə adlarını deyib özlərini təqdim eləmirlər. Eləyənlərə də qəribə baxırlar. Əsasən amerikalılar özlərini belə təqdim eləyirlər deyə gəlin məsələye bir amerikalı qadının gözündən baxaq: "You say your name and they sort of wrinkle their noses, like you've told them something a bit too personal and embarrassing. What the hell is so private about a person's name for god's sake?" Əksər vaxtlarda elə ola bilər ki, bir ingilislə 5-6 saat bir ortamda olarsınız, danışıb-gülərsiniz filan, amma o ancaq görüşün sonunda sağollaşarken "Oh, by the way my name is filankəs" deyər. İngilislərdə ad, peşə, iş yeri, yaşayış yeri, ailə vəziyyəti və s. detallar şəxsidir. Kimdənsə hansı işi gördüyünü birbaşa soruşmaq tərbiyəsizlikdir. Nə qədər qazandığını soruşmaq isə yolverilməzdir. Ümumiyyətlə ingilislər şəxsi həyat haqqında yad adamlarla danışmağı xoşlamırlar. Amma illah da ki, kiməsə şəxsi suallar vermək istəyirsinizsə bunun da öz qaydaları var. Dediyim kimi ingilislər heç nəyi qısa konkret demirlər, dolanbacdan dolandırırlar söhbəti. Məsələn kiminsə harda işlədiyini bilmək istəyirsinizsə ondan soruşa bilmərsiniz ki, nə işə baxırsan? Niyə? Çünki mədəniyyətsizlikdir. Başqa yollar axtarmaq lazımdır. Məsələn ingilislər arasında bəlli bir qaydaları yazılmamış oyun var. Adı Guessing game'dir. Oyunun şərtləri belədir: siz hansısa sualın cavabını tapmaq üçün tamam başqa sual verirsiniz, guya ki, hansı sualın cavabını istədiyinizi bildirmirsiniz (Məsələn qarşıdakinin nə iş görməyi). Qarşı tərəf də sizin hansı sualın cavabını axtardığınızı bilir, amma birbaşa demir, ipucları atır sizə. Məsələn tamam dəxlisiz bir sual verirsiniz ki "Traffic is a nightmare these days - Do you drive to work?", qarşı tərəf də artıq söhbəti tutur və sizə ipucu atır "Yes, but I work at the hospital, so at least I don't have to get into the town centre" və s bu tip cavablar. Adamın harda işlədiyini biləndən sonra peşə axtarmaq fəsli gəlir. Adam xəstəxanada təmizlikçi də işləyə bilər, tibb bacısı və qardaşı da, həkim də. İngilis mədəniyyətində belə qəbul olunub ki, siz ən yüksək mövqedə olanı deyirsiniz. Məsələn : Oh, you are a doctor then? Öz peşəsini demək isə artıq qarşı tərəfə qalır. Bu üsulla insanların harda yaşadığını, nə iş gördüyünü, evli olub-olmadıqlarını filan həmin sualı vermədən sual verə bilərsiniz. İkinci bir üsul ise Reciprocal Disclosure Strategy adlanır. Bu oyunun şərtləri daha sadədir. Siz özünüz haqqında bir "sirr" deyirsiniz söz arasına salıb, qarşi tərəf də eyni çəkidə olan bir "sirr"lə cavab verir, siz stavkanı artırdqca o da artırır. Amma diqqətli olmalısınız, birdən birə çox şəxsi bir şey demək də tərbiyəsizlik sayıla bilər. "Qeybət mədəniyyəti" İngilislər qeybət eləməyi çox sevən millətdirlər. Son araşdırmalar göstərir ki, ingilislərin söhbətlərinin 3-də 2-si "kim harda kiminlə nə edir" tipli söhbətlərdən, yəni qeybətdən ibarətdir. Bizdə qeybət ancaq kiminsə həyatı haqqında mənfi müzakirələr sayılır, İngiltərədə isə qeybətlərin təxminən cəmi 5%-i mənfi söhbətlər üzərində qurulub. Qeybət dostlar, tanışlar haqqında da ola bilər, siyasetçilər və şoumenlər haqqında da. En populyar qeybət mövzusu isə kralliyyət ailəsinin həyatıdır. İlahi, bircə dəfə görsəniz keşkə, ailədən kimin nə geyindiyindən tutmuş, kiminlə görüşdüyünə qədər hər şey çox önəmlidir bu millət üçün. Bu qədər qeybət eləyən millətdə qeybətə normal baxıldığını düşünürsünüz? Təbii ki, yox. Başqalarının şəxsi həyatını müzakirə eləmək və burnunu soxmaq hələ də tərbiyəsizlik sayılır. Hətta ingilis dilində belə adamları ifadə eləmək üçün yaxşı bir söz də var - Nosy Parker. Məhşur yazar George Orwell bu ad haqqında belə yazır : "The most hateful of all names in an english ear is Nosy Parker" Sağollaşmaq fəsli isə tamam ayrı bir aləmdir. İngilislərlə sağollaşmaq ən az yarım saat çəkir. "Nice to meet you"lar "Well, goodbye then"ler, "See you then"ler, "Take care"ler havada uçuşur amma heç cür sağollaşmaq qurtarmaq bilmir ki bilmir. Tam sağollaşıb qurtarana yaxın qonaqlardan kimsə "You must come round to us next" tərzi bir cümlə ortaya atacaq və bütün bu söhbət bir kruq yenə gedəcək. Ona görə də səbrli olun :) Paylaşdı: Ismayil Nur   

4284 dəfə oxunub

Niyə vizadan imtina alırıq?!

Viza müraciətləri ilə bağlı dəfələrlə müxtəlif statuslar bölüşülüb burada. Niyə biz imtina alırıq sualları ilə. Son 3 ildə bugünədək 1000-ə yaxın viza müraciətinin içində olmuşam. Ümumi olaraq çıxardığım nəticələri sizinlə bölüşmək istərdim. Heçkimlə mərcləşmək üçün deyil bu post. :) Dediyim kimi 100-lərlə viza müraciəti əsasında çıxardığım nəticələrdir: Bir konsulun sənədlərə baxıb, nəticə çıxardığı onlarla nüans var. Bunları 3 qrupda birləşdirmək olar: I. Ölkəyə Bağlılıq Sizi ölkəyə bağlayan məqamlar hansılardır və nəyə görə qayıdıb gələcəksiniz. Ailəniz, iş yerinizdəki vəzifəniz, həmin şirkətin neçə illik işçisi olmanız, şirkətinizin nüfuzu, maaşınız, adınıza olan mülklər və s. II. Səyahət Tarixçəsi Nə qədər gəzmisiniz? ABŞ, Kanadaya gedirsinizsə, yaxın Avropaya baş çəkmisinizmi heç olmasa? Yoxsa mən necə inanım ki, siz qaçmırsınız? III. Maliyyə Statusu Bank hesabınız, bank hesabınızla maaşınızın birbirinə uyğunluğu (çoxları buna fikir vermir) və s. Bunlardan əlavə nəzər yetirilməli digər məqamlar:        1. Hansı ölkə vizasına müraciət etməkdən asılı olmayaraq, həmin ölkədə hansı şəhərə gedəcəyinizi, həmin şəhərə NİYƏ gedəcəyinizi, həmin şəhərdə HARALARI gəzəcəyinizi təyin edin. Gəzəcəyiniz yerlərin 1-2sinin adını əzbər öyrənin.       2. Mehmanxananız təxmini olaraq hara yaxındır, öyrənin. “Niyə bu mehmanxananı seçmişiniz?” sualına səmimi cavabınız olsun. Çünki büdcəmizə uyğundur. Çünki Eyfelə yaxındır. Çünki bu otellər şəbəkəsinə loyalam. Çünki pəncərələri okeana baxır. Çünki yanında Shopping Mall var. Hava limanının yaxınlığındadır və s.       3. Sənədləri sizin üçün kimin hazırlamasından asılı olmayaraq baxın, bütün sənədlərinizin nədən ibarət olması ilə bağlı məlumatlı olun. Çünki əksər hallarda o sənədləri səfirliyə siz təqdim edəcəksiniz və səfirlik əməkdaşlarının sualları yarandığı təqdirdə siz məlumatlı olmalısınız.     4. Ölkənin iqtisadi vəziyyəti pisləşdikcə emiqrasiya artır. Bu vəziyyətdə özünüzü “hamı mənə borcludur” kimi aparmayın. Səfirliklərdəki işin, viza qərarının insan hüquqlarına heçbir aidiyyatı yoxdur. Yəni səfirlik işçiləri sizə vizanı verməkdə borclu deyillər. Real dünyaya qayıdın.       5. Sizdən hansı sənədlər istənilirsə, heç olmasa onları tam hazırlayın. Sənədin çox olması problem deyil, uzaqbaşı nəyisə özünüzə qaytaracaqlar. Az olması isə problemdir.       6. Hər an telefon zənginə hazır olun. Səfirlik işçiləri həm sizə, həm iş yerinizə zəng edib, dəqiqləşdirmə apara bilərlər.       7. UK-də Ərizə Formasında Maliyyə rəqəmlərinə ciddi fikir verin. Sualları siz nə gəldi doldurasınız deyə, qoymayıblar.       8. Öz səfər məqsədinizi ya Application Formlarda, ya da əlavə məktubla tam izah edin. Səfər məqsədinizi dəqiqliklə göstərin.      9. Şengendə bir neçə ölkəyə səyahət edəcəksinizsə, təkcə Bakı – Roma (məsələn) – Bakı deyil, həm də Roma – Paris, Paris – Madrid, Madrid-Roma biletlərinizi də qoyun.      10. Bəzi səfirliklər qoyduğunuz bron bileti sonradan alıb gətirmənizi tələb edə bilər ki, vizanı versin. Məsələn Yunanıstan səfirliyi. Sonradan çox xərcə düşməyəsiniz deyə, mümkün qədər reallıqda alacağınız biletin bronunu qoyun.      11. Qərbi Avropa Ölkələri (İsveçrə və Lixteynşteyndən (ona da İsveçrə baxır) başqa) booking.com qəbul edir. Şərqi Avropanın isə əksəriyyəti imzalı, peçatlı otel vauçeri tələb edir. Bəziləri hətta mütləq ödənişin olunmasını, bəziləri isə tam ödənişin olunmasını tələb edir.      12. US viza müsahibəsinə yola verdi hazırlaşmaq, 160 dolları havaya atmaqdır. Bütün dünyanın arzusunda olduğu ölkədir, niyə də belə ciddi intervyu etməsinlər?! Qınamağa heç haqqımız da yoxdur. Ondansa reallığı qəbul edib, suallara dürüst, dolğun cavab verin. Ən yaxşı taktika dürüstlükdür.      13. Çoxları yazır ki, səfirlik işçiləri bizimlə kobud davranır. Onları o vəziyyətə biz özümüz salmışıq. Necə? Səfirliyin veb səhifəsindən yazılan cavabları oxumadan təkrar-təkrar eyni sualları verməklə. 5 sənəd istənildiyi halda, 3 sənəd gətirib, özümüzü 5 sənəd gətirmişik kimi aparmaqla. 35 Avro verib, elə bil kartof alırıqmış kimi, vizamızı tələb etməklə. Bu insanlar hərgün eyni suala 100 dəfə cavab verir, eyni hallarla təkrar təkrar rastlaşırlar. Birazca anlayış göstərib, yaxşı mənada onları yola verək.      14. Şengen zonası, Avropa Birliyi və Avrozona fərqli anlayışlardır. Birincisi coğrafi birlikdir və öz aralarında sərhəddi götürmüş 26 ölkəni nəzərdə tutur. İkincisi iqtisadi və siyasi birlikdir. Üçüncüsü isə maliyyə/valyuta birliyidir. Tək girişli Şengen vizası aldıqda 26 ölkə üzrə (Avstriya, Macarıstan, Almaniya, İspaniya, İslandiya, İtaliya, Latviya, Lüksemburq, Malta, Yunanıstan, Hollandiya, Belçika, Danimarka, Norveç, İsveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Fransa, Finlandiya, Çexiya, İsveçrə, Lixteynşteyn, Litva və Estoniya) sərhədsiz hərəkət etmək imkanı qazanırsınız. Lakin son zamanlar müəyyən hallarda ölkələrarası qeyri-formal məntəqələrdə nəqliyyatı saxlayıb, Şengenin hansı ölkədən alındığını və s sorğulayırlar. Qaydalara əsasən siz bir neçə Şengen ölkəsində qala bilərsiniz. Lakin vizanı ən çox qalacağınız ölkədən almanız lazımdır. Yuxarıdakı Şengen ölkələri içərisində Monako, San Marino, Vatikan olmasa da, bu ölkələr də tək girişli Şengen ilə səyahət etmənizə icazə verilən ölkələrdir. Rumıniya, Xorvatiya və Bolqarıstan Avropa Birliyi üzvləridir lakin Şengen üzvləri deyil. Amma Multiple Entry Şengen vizanızla bu ölkələrə də gedə bilərsiniz. Lakin diqqət edin ki, Multiple Entry Şengen vizanızın ilk səyahəti Şengenə olmalı, sonradan bu ölkələrə keçməlisiniz. Serbiya üçün tələblər tez-tez dəyişsə də, bura üçün də Double və ya Multiple Entry Şengen keçərlidir.      15. ABŞ Vizası ilə ABŞ-dan əlavə bir neçə Mərkəzi Amerika ölkəsinə səyahət edə bilərsiniz. Ölkələr bunlardır: Meksika, Honduras, Salvador, Nikaraqua, Kosta Rika, Panama, Dominikan Respublikası, Puerto Riko.      16. Bu sual da tez-tez verilir: Əgər London üzərindən US, Kanada, Avstraliya, Yeni Zellandiyaya uçursunuzsa və Londonda overnight qalmalısınızsa, şəhərə UK vizasız çıxa bilərsiniz. Şərtlər bundan ibarətdir ki, Londondan outbound uçuşunuz növbəti günün gecə 12sini keçməməli, həmin 4 ölkədən birinə uçuş biletiniz və vizanız olmalıdır.      17. Viza ala bilmirsiniz? Mən yerinizdə olsam, qapıda viza tətbiq edən və ya vizasız ölkələrə gedərəm. Nepal, Vyetnam, İndoneziya, Malayziya, İordaniya, Qətər, Livan, Kolumbiya, Ekvador, Montenegro, Bosniya, Makedoniya, Ukrayna, Türkiyə və daha necə gözəl ölkələr var. Gedin gəzin, səyahət tarixçəsi yığıb sonradan vizalı ölkələrə müraciət edin. Şanslarınız da yüksələcək. Kimlərinsə keysləri bu yazdıqlarımla yenə üst-üstə düşməyə bilər. Amma burada 1-2 deyil, 1000-ə yaxın viza keysinin verdiyi nəticələri qeyd etmişəm. 3 ildə bütün öyrəndiklərimizi yazsam, 100-ə yaxın punkt olardı. Ən çox soruşulanları qeyd etdim. Hərkəsə uğurlar.   Paylaşdı: Baba Ağayev

2578 dəfə oxunub

'Business Classla' uçuş

Qərara aldım mən də bu yaxınlarda yaşadığım bir səyahət təcrübəsini bölüşüm :) 20-ci uçuşum Emirates -in B-claassı ilə keçdi. İstiqamət Seul to Dubai idi. Çoxdandır bunu test eləmək arzusunda idim. Adətən mən də işdən əlavə səyahətlərim zamanı Low-costlarda uçuram amma bu dəfə Emirates business classda səfər edəcəkdim. İlk olaraq səfəri reallaşdıran təyyarə airbus a380 idi. Bu nəhəng gəmi, 2 mərtəbədən ibarətdir və ikinci mərtəbəsi First və Biznes klasslar üçün ayrılıb. Açığı bu böyüklükdə bir təyyarənin havaya necə qalxacağının həyacanı məni az da olsa narahat edirdi.Lakin hələ Biznes gözləmə zalında təklif olunan wiskey stressi atmaq üçün əla seçim oldu. Bu gözləmə zalında hər şey var. Komputerlər, printer, yemək, içmək, xidmət və s. Uçuş gecə idi və təyyarədə bizi çox xoş qarşıladılar. Oturan kimi rahatlığın üçün hər şey təmin edilirdi və B.classların əvəz olunmaz içkisi meyvə suyu da var idi və çox təbii idi. Ərəb səhralarını gözünün önündə canlandıran həzin musiqi isə bütün stressi aradan qaldırırdı. Oturduğun yerin tam yanında mini bar var və ən əsası hər şey pulsuzdur. Barda çərəzlər və soyuq içkilər yer alır, işıqlandırma isə göz oxşayır. Qarşında olan monitorda isə vizyonda olan ən son filmlərə baxa bilərsən. Daha bir idarəetmə monitoru isə sağ tərəfdə yerləşdirilib. Ən önəmlisi isə içəridə pulsuz wi-fi var. Təyyarə çox rahatlıqla havaya qalxdı və heç nə hiss etmədik. Havada duş qəbul eləmək kimi bir imkan isə əvəzedilməz bir hissdir. Menyuda şefdən çox əla bir giriş mesajı olur. Çox ləzzətli yeməklərdən dadmaq imkanın var.Şərab menyusu isə ayrıdır. Çox qədim fransız şərabını belə burdan tapmaq olur. Gecə uçuşu zamanı səhər yeməyini də əvvəlcədən qeyd edirsən. Yatmaq zamanı gələndə isə sənin üçün döşək, çox yumşaq yastıq və üstünə sərmək üçün hər şey verilir. Yataq isə 180 dərəcə tam açılır və asan idarə olunur. Cəmi 6 saat rahatlıqla yatdım. Təqdim olunan balaca çantada isə Bvlgari, Versace-dan olan parfumeriya və digər lazımı avadanlıqlar var idi. (Ətir, duş geli, təraş üçün avadanlıq, antiperspirant, şampun və s. və s.). Arxa hissədə ayrıca bar yer alır. Bu barda çox ləzzətli koktel içdim və elə onda təyyarə turbulence-a düşdü. Məni yerimə belə keçməyə qoymadılar və elə bardaca bağlayıb otuzdurdular. 15 dəqiqə bütün barda olan şüşələrin silkələnməsini izləmək biraz qorxuducu və biraz da həzz verici bir hiss yaşadırdı. Ölürüksə belə ölək kimi bir hiss keçirdi adamın içindən :DSəhər məni Seuldan olan və ərəb geyimində çox gözəl bir xanım toxunub oyandırdı. İçmək üçün ilkin təkliflərdən sonra səhər yeməyi gəlir. Səyahət əla idi amma bu qədər təcrübənin içindən o qızın toxunuşu daha çox yadımda qaldı :D Bəzi şəkilləri əlavəyə yükləyirəm :) Seul səfəri isə Korean Air -in b.classı ilə getmişdim. O da əla idi amma bir Emirates ola bilməzdi.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Farid Pardashunas

692 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!