4832 dəfə oxunub

Niyə vizadan imtina alırıq?!

Viza müraciətləri ilə bağlı dəfələrlə müxtəlif statuslar bölüşülüb burada. Niyə biz imtina alırıq sualları ilə. Son 3 ildə bugünədək 1000-ə yaxın viza müraciətinin içində olmuşam. Ümumi olaraq çıxardığım nəticələri sizinlə bölüşmək istərdim. Heçkimlə mərcləşmək üçün deyil bu post. :) 
Dediyim kimi 100-lərlə viza müraciəti əsasında çıxardığım nəticələrdir: Bir konsulun sənədlərə baxıb, nəticə çıxardığı onlarla nüans var. Bunları 3 qrupda birləşdirmək olar:

I. Ölkəyə Bağlılıq Sizi ölkəyə bağlayan məqamlar hansılardır və nəyə görə qayıdıb gələcəksiniz. Ailəniz, iş yerinizdəki vəzifəniz, həmin şirkətin neçə illik işçisi olmanız, şirkətinizin nüfuzu, maaşınız, adınıza olan mülklər və s.

II. Səyahət Tarixçəsi Nə qədər gəzmisiniz? ABŞ, Kanadaya gedirsinizsə, yaxın Avropaya baş çəkmisinizmi heç olmasa? Yoxsa mən necə inanım ki, siz qaçmırsınız?

III. Maliyyə Statusu Bank hesabınız, bank hesabınızla maaşınızın birbirinə uyğunluğu (çoxları buna fikir vermir) və s. Bunlardan əlavə nəzər yetirilməli digər məqamlar:    
    1. Hansı ölkə vizasına müraciət etməkdən asılı olmayaraq, həmin ölkədə hansı şəhərə gedəcəyinizi, həmin şəhərə NİYƏ gedəcəyinizi, həmin şəhərdə HARALARI gəzəcəyinizi təyin edin. Gəzəcəyiniz yerlərin 1-2sinin adını əzbər öyrənin.
       2. Mehmanxananız təxmini olaraq hara yaxındır, öyrənin. “Niyə bu mehmanxananı seçmişiniz?” sualına səmimi cavabınız olsun. Çünki büdcəmizə uyğundur. Çünki Eyfelə yaxındır. Çünki bu otellər şəbəkəsinə loyalam. Çünki pəncərələri okeana baxır. Çünki yanında Shopping Mall var. Hava limanının yaxınlığındadır və s.
      3. Sənədləri sizin üçün kimin hazırlamasından asılı olmayaraq baxın, bütün sənədlərinizin nədən ibarət olması ilə bağlı məlumatlı olun. Çünki əksər hallarda o sənədləri səfirliyə siz təqdim edəcəksiniz və səfirlik əməkdaşlarının sualları yarandığı təqdirdə siz məlumatlı olmalısınız.
    4. Ölkənin iqtisadi vəziyyəti pisləşdikcə emiqrasiya artır. Bu vəziyyətdə özünüzü “hamı mənə borcludur” kimi aparmayın. Səfirliklərdəki işin, viza qərarının insan hüquqlarına heçbir aidiyyatı yoxdur. Yəni səfirlik işçiləri sizə vizanı verməkdə borclu deyillər. Real dünyaya qayıdın.
      5. Sizdən hansı sənədlər istənilirsə, heç olmasa onları tam hazırlayın. Sənədin çox olması problem deyil, uzaqbaşı nəyisə özünüzə qaytaracaqlar. Az olması isə problemdir.
      6. Hər an telefon zənginə hazır olun. Səfirlik işçiləri həm sizə, həm iş yerinizə zəng edib, dəqiqləşdirmə apara bilərlər.
      7. UK-də Ərizə Formasında Maliyyə rəqəmlərinə ciddi fikir verin. Sualları siz nə gəldi doldurasınız deyə, qoymayıblar.
      8. Öz səfər məqsədinizi ya Application Formlarda, ya da əlavə məktubla tam izah edin. Səfər məqsədinizi dəqiqliklə göstərin.
     9. Şengendə bir neçə ölkəyə səyahət edəcəksinizsə, təkcə Bakı – Roma (məsələn) – Bakı deyil, həm də Roma – Paris, Paris – Madrid, Madrid-Roma biletlərinizi də qoyun.
     10. Bəzi səfirliklər qoyduğunuz bron bileti sonradan alıb gətirmənizi tələb edə bilər ki, vizanı versin. Məsələn Yunanıstan səfirliyi. Sonradan çox xərcə düşməyəsiniz deyə, mümkün qədər reallıqda alacağınız biletin bronunu qoyun.
     11. Qərbi Avropa Ölkələri (İsveçrə və Lixteynşteyndən (ona da İsveçrə baxır) başqa) booking.com qəbul edir. Şərqi Avropanın isə əksəriyyəti imzalı, peçatlı otel vauçeri tələb edir. Bəziləri hətta mütləq ödənişin olunmasını, bəziləri isə tam ödənişin olunmasını tələb edir.
     12. US viza müsahibəsinə yola verdi hazırlaşmaq, 160 dolları havaya atmaqdır. Bütün dünyanın arzusunda olduğu ölkədir, niyə də belə ciddi intervyu etməsinlər?! Qınamağa heç haqqımız da yoxdur. Ondansa reallığı qəbul edib, suallara dürüst, dolğun cavab verin. Ən yaxşı taktika dürüstlükdür.
     13. Çoxları yazır ki, səfirlik işçiləri bizimlə kobud davranır. Onları o vəziyyətə biz özümüz salmışıq. Necə? Səfirliyin veb səhifəsindən yazılan cavabları oxumadan təkrar-təkrar eyni sualları verməklə. 5 sənəd istənildiyi halda, 3 sənəd gətirib, özümüzü 5 sənəd gətirmişik kimi aparmaqla. 35 Avro verib, elə bil kartof alırıqmış kimi, vizamızı tələb etməklə. Bu insanlar hərgün eyni suala 100 dəfə cavab verir, eyni hallarla təkrar təkrar rastlaşırlar. Birazca anlayış göstərib, yaxşı mənada onları yola verək.
     14. Şengen zonası, Avropa Birliyi və Avrozona fərqli anlayışlardır. Birincisi coğrafi birlikdir və öz aralarında sərhəddi götürmüş 26 ölkəni nəzərdə tutur. İkincisi iqtisadi və siyasi birlikdir. Üçüncüsü isə maliyyə/valyuta birliyidir. Tək girişli Şengen vizası aldıqda 26 ölkə üzrə (Avstriya, Macarıstan, Almaniya, İspaniya, İslandiya, İtaliya, Latviya, Lüksemburq, Malta, Yunanıstan, Hollandiya, Belçika, Danimarka, Norveç, İsveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Fransa, Finlandiya, Çexiya, İsveçrə, Lixteynşteyn, Litva və Estoniya) sərhədsiz hərəkət etmək imkanı qazanırsınız. Lakin son zamanlar müəyyən hallarda ölkələrarası qeyri-formal məntəqələrdə nəqliyyatı saxlayıb, Şengenin hansı ölkədən alındığını və s sorğulayırlar. Qaydalara əsasən siz bir neçə Şengen ölkəsində qala bilərsiniz. Lakin vizanı ən çox qalacağınız ölkədən almanız lazımdır. Yuxarıdakı Şengen ölkələri içərisində Monako, San Marino, Vatikan olmasa da, bu ölkələr də tək girişli Şengen ilə səyahət etmənizə icazə verilən ölkələrdir. Rumıniya, Xorvatiya və Bolqarıstan Avropa Birliyi üzvləridir lakin Şengen üzvləri deyil. Amma Multiple Entry Şengen vizanızla bu ölkələrə də gedə bilərsiniz. Lakin diqqət edin ki, Multiple Entry Şengen vizanızın ilk səyahəti Şengenə olmalı, sonradan bu ölkələrə keçməlisiniz. Serbiya üçün tələblər tez-tez dəyişsə də, bura üçün də Double və ya Multiple Entry Şengen keçərlidir.
     15. ABŞ Vizası ilə ABŞ-dan əlavə bir neçə Mərkəzi Amerika ölkəsinə səyahət edə bilərsiniz. Ölkələr bunlardır: Meksika, Honduras, Salvador, Nikaraqua, Kosta Rika, Panama, Dominikan Respublikası, Puerto Riko.
     16. Bu sual da tez-tez verilir: Əgər London üzərindən US, Kanada, Avstraliya, Yeni Zellandiyaya uçursunuzsa və Londonda overnight qalmalısınızsa, şəhərə UK vizasız çıxa bilərsiniz. Şərtlər bundan ibarətdir ki, Londondan outbound uçuşunuz növbəti günün gecə 12sini keçməməli, həmin 4 ölkədən birinə uçuş biletiniz və vizanız olmalıdır.
     17. Viza ala bilmirsiniz? Mən yerinizdə olsam, qapıda viza tətbiq edən və ya vizasız ölkələrə gedərəm. Nepal, Vyetnam, İndoneziya, Malayziya, İordaniya, Qətər, Livan, Kolumbiya, Ekvador, Montenegro, Bosniya, Makedoniya, Ukrayna, Türkiyə və daha necə gözəl ölkələr var. Gedin gəzin, səyahət tarixçəsi yığıb sonradan vizalı ölkələrə müraciət edin. Şanslarınız da yüksələcək. Kimlərinsə keysləri bu yazdıqlarımla yenə üst-üstə düşməyə bilər. Amma burada 1-2 deyil, 1000-ə yaxın viza keysinin verdiyi nəticələri qeyd etmişəm. 3 ildə bütün öyrəndiklərimizi yazsam, 100-ə yaxın punkt olardı. Ən çox soruşulanları qeyd etdim. Hərkəsə uğurlar.  

Paylaşdı: Baba Ağayev

DİGƏR BLOQLAR

Gəzəyən məsləhəti - Budapeşt

Budapeştdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salamlar hərkəsə! Ümid edirəm ki, bu yazım qrupun formatından kənara çıxma kimi nəzərə alınmayacaq. Amma bu yazını çoxdandır ki, yazmaq istəyirdim.Qısa müddətdir ki, Budapeştdə kiçik bir suvenir mağazasında işləyirəm. Bu müddətdə çox insan gördüm təbii olaraq ???? Gördüklərim, gözləmlədiklərimdən bir nəticə çıxarmışam ki, onu da sizinlə paylaşmağı çox istəyirdim. Çalışdığım müddətdə müştərilərlə ünsiyyət qururam. Yaşlarını, hansı ölkənin vətəndaşı olduqlarını, növbəti səfərlərinin hara olduğunu və s. soruşuram. Bir daha əmin oldum ki, başqa ölkələri, fərqli məkanları, insanları tanımağa heç bir ünsür maneə ola bilməz. Turistlərin arasında cavan nəsil olmaqla yanaşı, yaşlılar, kiçik yaşlılar olur. Bununla yanaşı, fiziki məhdudiyyətli turistlər isə insanın sadəcə yaşama stimulunu artırır. Yanlış anlaşılmasın, ayrıseçkilik etmək ağlımın ucundan keçmir. Sadəcə heçnəyin dünyanı kəşf etməyə, səyahət etməyə, pozitiv düşünməyə maneə olmayacağına toxunmaq istəyirəm. Bu müddət ərzində minlərlə turistin arasından barmaqla sayılacaq qədər azərbaycanlı görmək, onların arasında çoxunun kişi cinsinə mənsub olması, gördüyüm azərbaycanlı xanımlarınsa hamısının ailəli olaraq gəlməsi, çoxunun ingiliscə bilməməsi (ya da çox az "derdimi anlatacak kadar") bilməsi üzücü hallar arasındadı. Ancaq mən bu mövzulara dəymək istəmirəm. Bunları çoxumuz bilirik və həm də yaxın vaxt ərzində düzələcəklərinə ümidim çoxdu. Ancaq başqa bir mövzu var ki, belə görürəm ki, biz( gənc nəsil) bir addım atmasaq düzələsi deyil.Gəzəyənlər, çox-çox xahiş edirəm, özümüz gəzərkən valideynlərimizi də gəzməyə həvəsləndirək. Bizim millətimiz çox işləməyə, özünü fəda etməyə, özünü unutmağa meyllidir. İllər keçir və artıq sonra nə enerji, nə həvəs nə də bəzən pul qalmır. Deyə bilərsiniz ki, əmək haqqı buna yetmir və s. Amma inanın mənə necə maddi vəziyyəti aşağı ailələr görürəm burda. Təsəvvür belə edə bilməzsiniz. Nə də mən demək istəmirəm. İçəri girən kimi "discount, discount" başlayırlar  Əgər orta statistik ailəni nəzərə alıb, birazca kənara "atmağa" can atsaq, biraz da həvəsli olub mütəmmadi olaraq endirimli uçuş, qatar, bus biletləri (gediləcək yerdən asılı olaraq) axtarsaq məncə eləmək çox da çətin olmamalıdı. Bəzən də artıq xərclərimizi azaltsaq? ????Bu iş bizə düşür məncə) Valideynlərimizin, ailəmizin, sevdiyimiz insanların da səyahət etməsini istəmərikmi? Məncə çox gözəl olar.P.S çoxbilmiş, ağılverən biri kimi göründümsə, sorry, məqsəd bu deyildi. Sadəcə gülərüzlü, dünyanı gəzən, görən, marağı olan (gəzdikcə artır, bilirik ????) insanlar, xüsusən yaşlılar görəndə bizim insanları da belə görmək çox istəyirəm. Uzun oldusa, sorry.Azərbaycanlıları cinsindən, ailə vəziyyətindən, yaşından və maddi imkanından asılı olmayaraq dünyalı olaraq görmək ümidi ilə! ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Zulya Abdullayeva

1085 dəfə oxunub

Sərfəli London

Londondakı  bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Londonu nəinki Britaniyanın, hətta Avropanın da paytaxtı adlandırardım. Gözəl, təmiz, səliqəli və multikultural şəhərdir. Sözüm onda yox.WizzAir gözlənildiyi kimi Kutaisidən (Gürcüstan) Londona (Luton aeroportu) birbaşa reyslərə başladı. Beş saat on dəqiqə çəkən bu uçuş WizzAirin ən uzun müddətli birbaşa uçuşudur. İlk uçuşda mən də iştirak elədim və qərara gəldim ki, xərclər haqqında məlumatı sizinlə bölüşüm.KUTAİSİYƏ QƏDƏRUçuş 18 iyun saat 15:55-də idi. Amma mən dedim bir gün tez gedim Tiflisdə də gəzişim. Tiflisə qatarla getdim, plaskart kateqoriyalı biletin qiyməti 22 manat idi. Gecələmək üçün airbnb.com saytından ev bronladım, 19 dollar (32 AZN). Evin linki budur:  https://www.airbnb.com/rooms/13454409 . Çox bəyəndim bu evi, Rustaveli küçəsindən 2 dəqiqəlik məsafədə idi. Tiflisdən Kutaisi aeroportuna getməyin bir neçə yolu var. Daha ucuz yolu Didube metro stansiyasında yerləşən regional avtovağzaldan Kutaisi şəhərinə getmək (adambaşı 10 Lari = 7 AZN) və Kutaisi şəhərinin avtovağzalından aeroporta germəkdir (adambaşı 2 Lari = 1.4 AZN).AVİABİLET VƏ UÇUŞGediş-dönüş aviabiletini 167 Lari = 118 AZN-ə almışdım. Gedəndə təyyarə gecikmədi, amma qayıdanda 2 saat gecikdi. Təyyarə çox təmiz və səliqəli idi. Hosteslərin əksəriyyəti gürcü idi və gülərüz idilər (!) )))Gedəndə Lutonda passport controlda 2 saat növbədə durduq. Vəziyyət o hala gəldi ki, aeroport işçiləri su paylamağa başladılar. Səfərlərinizdə bunu nəzərə alın. Bir də onu qeyd edim ki, Britaniya aeroportlarından harasa uçanda passport control olmur. Yəni ki, pasporta möhür (peçat) vurulmur.LUTONDAN LONDONALuton aeroportu mərkəzdən 58 km aralıdır. Lutondan mərkəzə avtobus (easybus.com və nationalexpress.com) və qatarla (www.thameslinkrailway.com) gedə bilərsiniz. Avtobusla 1 saat 40 dəqiqəyə, qatarla isə 40 dəqiqəyə mərkəzə çatmaq olar. Mən gedəndə qatarla (10 GBP = 22 AZN), qayıdanda isə easybusla  (6 GBP = 13 AZN) gəldim. Qatar stansiyasına (Luton Airport Parkway) getmək üçün aeroportdan 2.5 GBP ödəyib avtobusla 7-8 dəqiqə yol gedirsiniz.GECƏLƏMƏKGecələmək üçün yenə də airbnb.com saytında istifadə elədim və Canada Water metrosundan 7-8 dəqiqəlik məsafədə olan bir evdə otaq kirayələdim. 4 gecə üçün 137 dollar = 234 AZN ödədim. Evin linki: https://www.airbnb.com/rooms/14279332 .VİZABritaniya vizası çətin alınan vizalardan biridir, ən ucuz variantı qiyməti 200 manata yaxındır. Sənəd siyahısı şengen ilə eynidir, 6 aylıq multi giriş-çıxışlı verilir.QİDALANMALondon dünyanın ən bahalı şəhərlərindən biridir. Xidmət bahadır, amma marketlər (Lidl, Tesco) əlverişlidir. Hazır yeməklər çoxdur və müxtəlifdir. Yəni ac qalmaq olmur ????SONDABu səfərdən qısa on/off video hazırlamışam. Bu bloq yaxşı oxunsa sabah da onu paylaşacam ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Azər İsmayıl  

989 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!