1063 dəfə oxunub

Yerlisindən Amsterdam bələdçisi - İsa Yusibovun gözüylə

Amsterdamdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Bu dəfə Amsterdamda "uçmağın" başqa versiyası barədə qısaca yazmaq istəyərdim 

Şəhərin ən tanınmış yerlərindən biri Amsterdam Toren adlanır və Hollandiyanın ən hündür panoraması olan Lookout (hardasa 100 metr). Əvvəllər 20 mərtəbəli bu bina Shell-in ofisi olub, indi isə turistik yer kimi fəaliyyət göstərir. Binanın aşağı mərtəbələrində hotel, ofislər və s. var. Maraqlı yerlər 19cu mərtəbədən başlayır. 19-da Moon adlı restoran var, elə quraşdırılıb ki, masalar 360 dərəcə fırlanır, oturduğunuz yerdən gördüyünüz şəhər dəyişmiş olur. Məsləhət: o restoranda sevgilinizlə nahar eləmək istəsəz birinci menuda qiymətlərə baxın sonra asta-asta ordan uzaqlaşın :)))

20-ci mərtəbədə şüşə pəncərə ilə əhatəli kafe var. Aldığınız biletlə orda 2 içki pulsuzdu, qiymətləri ümumilikdə yaxşıdı. Normalda bilet 12,50-di. Amma çox adam Premium ticket alır 20 euroya və bu biletə 2 içki, suvenir və binada çəkdirdiyiniz şəkil daxildir. Bu bileti alsaz kassa, növbə gözləmədən qalxa bilərsiz.

21-ci mərtəbədə Amsterdam Lookout var və burda şəhəri ən hündür yerdən izləmək olur. Hava yaxşı olanda Utrecht falan da görünür lap uzaqdan.

31292631_10216077148027311_6570514941543812763_n

Və ən əsas, 22-ci mərtəbədəki yelləncəkdir. Axşam saat 9a kimi açıqdır bura, yəni bəzən qaranlıqda da şəhəri izləmək olur. Acrophobia-sı olanlara məsləhət deyil bu arada:) Qeyd edim ki, bu swing üçün əlavə 5 euro ödəniş istənilir. Bizim qızların/oğlanların boyunun balaca olmasını nəzərə alaraq onu da deyim ki, 1.10 m-dən balaca olanlar ora buraxılmır, indi özünüz baxın da :D

Enjoy your stay in Amsterdam!

Gəzənfərd 3. Amsterdam: Pərvin Cəbiyeva və İsa Yusibov

[youtube https://www.youtube.com/watch?v=H-NZEP4lknU&w=560&h=315]

MUZEYLƏR

Bu qrupda və inboxda Amsterdamdakı muzeylərlə bağlı tamaşaçıların çoxsaylı xahişini nəzərə alaraq muzeyləri ziyarət etməyin ən sərfəli yolunu deyim.

Ümumilikdə bura gələn turistlər ya Red Light-a görə gəlir, ya da ki incəsənətə görə. Turizmin ən ciddi gəlir mənbələrinin bəlkə də birincisi elə muzeylərdi. Məsələn Van Gogh muzeyinə giriş 18 eurodu. Adam o qədər çox olur ki, artıq Amsterdamdakı turistik yerlərin bir çoxuna bilet bir-iki ay öncədən tükənmiş olur.

31640987_10216107666230247_4602283364990650770_n

Şəhərdə turistlərlə bağlı bir neçə discount card-lar var, onlar haqqında imkan olsa müsbət və mənfi tərəflərini ayrıca postda yazacam gələcəkdə. Qısa müddətdə ən çox muzey gəzmək istəyənlər üçün verəcəyim ən önəmli məsləhət "Museumkaart" sifariş etməkdir. Normalda burda uzunmüddətli yaşayanlar, Holland vətəndaşları və s. üçün bu kart 1 illik etibarlıdı, amma turistlər üçün bu 1 aydı. Aldığınız bu kartla siz 1 ay ərzində təkcə Amsterdamın yox, Hollandiyanın 300-dən çox muzeyini pulsuz gəzə bilərsiz. Eyni zamanda bu kartla məsələn Rijksmueum-a, Van Gogh muzeyinə bir ay ərinzdə istədiyiniz qədər gedə bilərsiz. Amsterdam eyni zamanda İkinci Dünya müharibəsində önəmli rol oynadığı üçün mövzu ilə bağlı burda maraqlı yerlər də var.

Kartın qiyməti 60 eurodu, 3-4 euro da servis xidməti əlavə edilir. Kartı online alanda istəsəniz mənim ev adresimə göndərtdirə bilərsiz, 2-3 günə gəlir. Görüşəndə gətirib verərəm özünüzə.

Bir də unutmadan bir muzeyi də nəzərinizə çatdırım. Haaqa şəhərində hamımızın əsərlərini ən azı bir dəfə gördüyü Escher-in muzeyi var, ora getməyinizi şiddətlə tövsiyyə edirəm. Paylaşdığım şəkillər onun əsərlərindəndi. Amma Museumkaart orda işləmir, giriş 9.50 eurodu.

Digər turistik kartlardan fərqli olaraq bu kart Amsterdamda nəqliyyat üçün, və ya başqa məqsədlər üçün discount ya free entrance vermir.

NƏQLİYYAT

Bura gələn turistlərin çaş-baş qalıb lazımsız yerə əlavə pul xərclədiyi sahələrdən biri də ictimai nəqliyyatdı. İctimai nəqliyyatın qiymətləri tez-tez dəyişir (bahalaşır) deyə internetdəki məlumatlar elə də səhih deyil. Məsələn son on ildə burda 1 saatlıq kartlar 1 eurodan çox bahalaşıb. Hal hazırda saatlıq kartlar 2.90-a satılır.

İlk öncə Amsterdamda nəqliyyatdan necə ucuz istifadə etməyi yazım. Əvvəla, burdakı nəqliyyat artıq chip sisteminə keçib deyə minəndə və düşəndə (qatar, tramvay, metro, avtobus) check-in və check-out etmək lazımdı. Normalda kartda hesabınızda pul olmalıdır ki nəqliyyatdan istifadə edə biləsiz. Avropanın başqa ölkələrində olduğu kimi burda biletsiz getmək kimi bir lüks yoxdur ona görə də.

Qısa müddətli qalanlar üçün ən optimal variant Amsterdam Travel Ticketdir. Bu bileti siz 1-2-3 (qiymətləri 16-21-26 euro) günlük ala bilərsiz. Bu biletlə Amsterdam daxilində 3 gün ərzində gəzə bilərsiz (qırmızı avtobuslar xaric, onlar başqa şirkətindi). Eyni zamanda bu biletlə disko-disko partylərdən sonra gecə avtobuslarına da minə bilirsiz (gecə avtobusunun qiyməti 4.50 eurodu normalda, məni çox zibilə salıb :D )

Amsterdam Travel Ticket bütün başqa biletlərdən daha sərfəlidi. Amsterdam Schiphol hava limanından Amsterdamın istənilən vağzalına dəfələrlə gedib gələ-bilərsiz bu 1-2-3 gün ərzində məsələn. Amma yenə də check-in check-out etməyi unutmayın! (zatən qapıları aça bilmək üçün bunu etməlisiz)

31911353_10216130306076229_8377163174876545024_o

Amsterdamda tramvaylar gecə 1-in yarsına qədər işləyir. Avtobuslar 24 saat, amma onlar da 1-in yarısından sonra dəyişib olur nachtbus (night bus) və nömrələri də dəyişir. Buna diqqət edin. Səhər saat 6-7də yenə normal iş rejiminə keçilir.

Əgər Amsterdamın ətrafında olan turistik bölgələrə (Zaanse Schans, Edam, Volendam kimi) getmək istəsəz ən sərfəlisi Amsterdam & Region Travel Ticket-di. Bu bilet eyni zamanda bu regiondaki avtobuslarda da etibarlıdı. Amsterdam Travel Ticket-dən fərqli olaraq. Qiyməti 18.50-26.00-33.50 (1-2-3 günlük)

Və bir gün boyu bütün Hollandiyanı unlimited gəzmək istəsəniz dagkaart (günlük kart) ala bilərsiz, 55 euro qiyməti var. Bu biletlə Hollandiyadakı bütün ictimai nəqliyyatdan istədiyinz marşrut üzrə istifadə edə bilərsiz.

Bura gələnlər çox qalmır deyə bizim burda işlətdiymiz personal ov-chipkaartlar barədə yazmağa ehtiyac yoxdu. Zatən sərfəli də deyil sizə.

Yuxarıda qeyd etdiyim biletləri Amsterdam Hava limanında (kitab mağazasında, vağzalın özündə və s), bəzi vağzallarda və online (discoverholland.com) vasitəsilə ala bilərsiniz.

GECƏLƏMƏ - OTEL/HOSTEL

Bu dəfəki mövzumuz Amsterdama təşrif buyuranların yaralı yeri olan hotel/hostel məsələsidi.

Amsterdamdakı bütün otel və hostellərlə burdan tanış ola bilərsiz.

İlk öncə onu deyim ki, Avropanın bir çox şəhərindəki kimi nə bilim bir gecəsi 10-15 euroluq hostel axtarsaz onu Amsterdamda tapa bilməyəcəksiz. Ümumiyyətlə burdakı hostellərin elə adı hosteldi, qiymətləri hotel qiymətidi hardasa. Fərq odur ki, 8-10 nəfər turist bir yerdə qalırsız. 90% hallı olur deyə normal şəkildə yatmaq olur amma) Sözümün canı odur ki, Amsterdama gəlmək planınız varsa ucuz qalmaq yeri üçün ən azı 5-10 il öncədən otaq booking etməniz məsləhətdi.

Müxtəlif araşdırmaların nəticələrinə görə Amsterdamda hotel qiymətləri Avropanın ən bahalıları sırasında birinci yerdədi, sezonuna görə Parislə dəyişir. Eyni zamanda Amsterdam Avropada yeganə şəhərdi ki, AirBnb qiymətləri hotel qiymətlərindən daha bahadı. Ona görə başqa bir məsləhətim odur ki, ümumiyyətlə AirBnb-ləri yoxlamayın bura gələndə. Couchsurfing heç yazmıram çünki inanmıram orda da boş yer ola. Atalar demiş, "armudun yaxşısını meşədə ayı qapır"

Şəhərdə nisbətən ucuz yerlər StayOkay hostel şəbəkəsinindi. Eyni zamanda Wow, Orfeo, Princess Hostel, Youth hostel, Cosmos Hostel, New West INn, Citiez və s. kimi ucuz yerlər olur. Boş yer tapılsa təbii ki. Əgər Amsterdama gəlirsizsə "Gedib orda yer taparam" fikrindən uzaq olun. Tapa bilməyəcəksiz. Qalmaq yerini həll etmədən Amsterdama gəlməyiniz heç məsləhət deyil.

Son illərdə şəhərin müxtəlif bölgələrində ancaq xanımlar üçün hostel konseptləri də artıb, onlar da nisbətən ucuz olur. Onu da çox vaxt lesbianlar istifadə edir. Gecənin bir vaxtı zərif cinsin iki nümayəndəsinin sonsuz məhəbbət duyğuları ilə silkələnən çarpayının üst mərtəbəsində oyanmaq sizin üçün problem deyilsə onu seçə bilərsiz məsələn :)))

Eyni zamanda bəzən Amsterdamdakı kanallarda olan gəmi-evləri də sahibləri hotel kimi günlük icarəyə verir, ucuz olan vaxtları olur.

Son vaxtlar Amsterdamda uzunmüddətli qalan Amerikan "turistlər"lə də tanış olmuşam. Bir ay üçün mətbəxi ictimai olmaqla hotel otaqları olur, 700-800 euroya (hotel Jansen məsələn). Amma bu daha çox young professionals, expatlar falan üçündü, sadə turistlər üçün yox. 6 aya kimi qalmaq imkanı olur orda.

Başqa mümkün variant da Amsterdamın özündə yox, ətraf şəhərlərdə hotel tutmaqdı çünki oralar Amsterdamdan ucuz olur. Məsələn Haarlem, Leiden, lap elə Haaqanın özü. İctimai nəqliyyat burda mükəmməl olduğu üçün gedib gəlmək problem olmur.

Və sonda: şəkildə gördüyünüz 5 ulduzlu hoteli ərəb sahibi satışa çıxarıb. Deyirəm bu qrupda hərəmiz bir az atışsaq bəlkə onu alıb işlədə bilərik, bura gələnlər də yer problemi yaşamaz :D

34342483_10216365784363039_6385144114492473344_o

Kanallar

Qrupdakı Amsterdam fanatları üçün növbəti paylaşımı edim: bu dəfəki mövzumuz şəhərimizin məhşur kanallarıdı.

Amsterdamı kanallarına görə əsasən "Şimalın Venesiyası" adlandırırlar. Amma Amsterdamda kanalların sayı, məsafəsi Venesiyadan çoxdu: quruluş etibarilə Amsterdamın kanallarının uzunluğu təxminən 90 km edir. Şəhərin şimal bölgəsində isə əlavə olaraq adalar mövcuddu.

amsterdam

Ümumilikdə Amsterdam suyun üstündə tikilib. Xüsusilə kanala baxan qədim evlərin bünövrəsində dayaqlar taxtadandı. Buranıı gəlib gəzənlərin diqqətindən yayınmayıb yəqin: belə evərin çoxunun sağa-sola əyri olması məhz bu səbəbdəndi.

Kanal turu Amsterdam turizm biznesinin ən gəlirli sahələrindən biridi. Şəhərdə bu turları təşkil edən bir çox şirkət var. Hərəsinin öz qiyməti, fərqli qayıqları olur. Məsələn Pizza Cruise-lə kanal turu etsəniz 1.5 saat davam edən tur vaxtı sizin gəmidə pizza verilir. Şəhəri yaxından tanımaq istəsəz kanal turunu məsəhət görürəm. 2 ildir bura təhsil üçün gələn əcnəbi tələbələrin introduction həftəsində coach kimi grupları gəmi ilə gəzdirməkdən bezmişəm.
Ona görə də bu qrupdan kim gəlsə turu təklif edib özüm qoşulmuram :D

Turistlər üçün gəzməli yer olmaqdan əlavə, təəssüf ki kanallar həm də turistlərin qənimi sayılır. Belə ki, hansısa turistin itmək xəbəri yayılan kimi polis və dalğıclar hər şeydən öncə ilk kanalları yoxlayır. Və 99% itən turistlərin cəsədi bu kanallardan çıxır. Çox vaxt turistlər içkili, və Amsterdam olduğunu nəzərə alsaq hallı olduqları üçün kanallardan tualet kimi istifadə etmək istədikdə və ya kanala yaxın yerdə gəzdikdə müvazinətlərini itirib yıxılırlar. Alkoqollu bədən suda daha çox temperatur itirir deyə daha tez donurlar və hərəkət edə bilmirlər, beləcə batırlar. Ona görə də bu məsələdə diqqətli olmağınız arzuolunandı.

Kanallar eyni zamanda velosipedlə doludur. Amsterdam bələdiyyəsi hər il 1-2 dəfə böyük təmizliklə məşğul olur və kanallardan 10.000-dən çox velosiped çıxır hər dəfə :) (şəkildə var)

amsterdam kanallar

Və Amsterdam kanallarının daha bir (g)özəlliyi: şaxta olanda kanallar donur və xizək sürmək xəstəliyi genlərində olan Hollandlar kanalların üstü ilə sürüşürlər. Amma burda olduğum 15 il ərzində kanalların cəmi 2 qış tam donduğunun şahidi olmuşam.

Enjoy the canals! :)

 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: İsa Yusibov

DİGƏR BLOQLAR

Ohrid gölünün incisi, “şairlər şəhəri” - Struga

Gəziləcək yerləri çox olmasa da, bu şəhərin möhtəşəm mənzərəsi, təbiəti, yaradıcı ruhu var.Balkanlardakı ən çox sevdiyim ölkə Albaniyanı gəzdikdən sonra Makedoniyaya da getdim axı . Ötən il Makedoniyaya getmək Azərbaycan vətəndaşları üçün vizasız idi. Makedoniyanı 2 kəlimə ilə təsvir etməmi istəsələr, təbiət möcüzəsi olduğunu deyərəm. Bu ölkənin 3 şəhərini gəzə bildim. Struga, Ohrid və paytaxt Skopye. Bu gün sizə Ohrid gölünün sahilində yerləşən Struga şəhərindən danışacam.Albaniya sərhədini keçəndən sonra sizi Makedoniyada bu gözəl, kiçik, şirin şəhər qarşılayır. Mavilik içində rəngarəng gözəllik olan Strugaya axşamçağı çatmışdım. Əslində burada qalmaq planım yox idi. Birbaşa Ohridə getməliydim. Hətta ev də tutmuşdum. Ancaq bu kiçik şəhər məni necə valeh etdisə, fikrimi dəyişməli oldum.Gölün kənarında, ortasından çay keçən kiçik bir şəhər düşünün. O şəhərin 4-5 mərtəbəli, rəngli binaları Qara Drin Çayına (Black Drin River və ya öz dillərində Crni Drin) baxır. Şəhəri iki yerə ayıran çayın üzərində hər 200-300 metrdən bir güllü-çiçəkli taxta körpülər salınıb. Çayın 2 hissəyə ayırdığı şəhər Ohrid gölündə bitir. Bir sözlə, Struga mavilik içində rəngarəng bir gözəllikdir.Strugada haraları gəzək?Şəhərdə gəziləcək yer çox deyil. Göl kənarında çimərliklər, göl və çay mənzərəli restoranlar var. Bir də bazarı, rəngli küçələri, mağazaları...Şəhərin təbiəti, havası möhtəşəmdir. Məsələn, mən bütün yayı burada qalardım. Hər səhər kompüterimi götürüb, çaya, gölə açılan sakit kafelərin birində oturub, işlərimi görər, gözəl mənzərədən zövq alar, axşamçağı da gölün kənarındakı çimərlikdə dincələr, dupduru suda üzərdim. Heç darıxmazdım da.Sonradan bildim ki , sən demə bura həm də “şairlər şəhəri” deyirmişlər. Üstəlik, hər ilin avqustunda şəhərdə şeir festivalı keçirilirmiş. Bilmirəm, bəlkə də şəhərin yaradıcı ruhunu sevmişəm. Kiçik şəhərdir. Hər yerinə piyada getmək mümkündür.Strugaya necə getdim?Makedoniyaya Albaniyadan keçdim. Albaniyanın Prenjas adlı kiçik bir şəhəri var. Makedoniya ilə sərhəddə yaxındır. Buradan sərhədə ondan sonra da bir vasitə ilə Makedoniyanın ən yaxın şəhərinə getməyi düşünürdüm. Nə isə mənə dedilər ki, sərhədə getməyin ən yaxşı yolu taksilərdir. Bizdəki kimi 4-5 nəfəri yığıb aparır. Xidmət haqqını sərnişinlər aralarında toplayıb ödəyir. Bir neçə taksi şoferindən soruşdum, baha dedilər. Axırda biri yaxınlaşdı ki, sizi pulsuz apararam, özü də sərhədə yox, lap Makedoniyanın Struga şəhərinə. “Amma gərək atam soruşanda deyəsiniz ki, siz bunun üçün mənə pul ödəyəcəksiniz”. Atası da sırada duran növbəti taksi sürücülərindən biri idi. 4 nəfər idik. Həmin gənc oğlanla razılaşdıq. Yolda səbəbini soruşduq. Dedi ki, Strugada sevgilisi yaşayır. Onu görmək üçün bəzən belə bəhanələrə ehtiyacı olur. Təbii ki, pulsuz olduğunu desə də üstümüzdə qalan son alban pullarını toplayıb, həmin sürücüyə ödədik. Hardasa 10 avroya yaxın edirdi. Beləcə həm o, həm də biz xoşbəxt olduq. Üstəlik, Strugayadək apardı.Hər 3 nəfərdən 1-i türkçə danışır. Rəsmi dil Makedon dili olsa da ancaq hər 3 nəfərdən biri ya türkdür, ya da türkçə başa düşür. Bu şəhərdə Osmanlıdan qalma türklər çoxdur. Milliyyətcə türk, əslən makedoniyalı. Gələn qonaqlar arasında türkçə danışan, türk görəndə çox sevinirlər, söhbətə tutur, hal-əhval soruşurlar.Harada qaldım?Həmin gün dincələndən sonra bir-iki adamdan çayın kənarında qalmağa yer soruşdum. Axırda bir türk ailəsinin evinin mansarındakı otağı kirayələdim. Gecəsi 15 avroya. Deməli, bir otaqlı evin balkonu, dəhlizdə də hamamı və ayaqyolusu var idi. Balkonun mənzərəsi küçənin arxa tərəflərinə açılsa da, hamamdan açılan mənzərə möhtəşəm idi. Pəncərə çay mənzərəsinə, şəhərin mərkəzinə baxırdı. İstədim həmin bu görüntünü çəkib, sosial şəbəkələrdə "view from my balcony" yaxud “view from my window” – yazıb, paylaşım. Bəzən 5 ulduzlu, bahalı otellərdə qalanlar edirlər axı, görmüşəm. İçimdəki səmimiyyət imkan vermədi. Deməyim odur ki, gecəsinə 15 avro ödəyəndə də ortalığa qəşəng mənzərə çıxır, amma gözləmədiyin yerlərdə...Gördüyüm ən gözəl çay və ya gölkənarı şəhərGetdiyim günün axşamı Strugada bir yağış yağdı ki, tut ucundan çıx göyə. Evə yerləşəndən sonra dincəlmək istəmədim. Əynimi geyinib yağışdan sonra gələn torpaq qoxusunun bələdçiliyində şəhəri qəşəngcə gəzdim. Axşamı da çayın kənarındakı restoranların birində oturub pendirlə şərab içib, musiqi dinlədim. Evə ancaq gecə saat 2-də qayıda bildim. Səhər də tezdən oyanıb gölün kənarında gezdim. Şəhərə aid suveniri türk ailədən aldım. Günortaya yaxın isə Ohrid şəhərinə yola düşdüm. Struga gördüyüm ən gözəl çay və gölkənarı şəhərlərdən biri idi.Məncə, “freelance” işləyənlər sərhədlər açılandan sonra düşünə bilərlər. Kompüterinizi götürüb gedin. Burada həm dincəlin, həm də bu gözəl şəhərdə zövqlə işləyin. Həftə sonları da Ohrid şəhərini və yaxınlıqdakı görməli yerləri gəzin, ləzzət alın!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Guler Mehdizade

1584 dəfə oxunub

Maraqlı, məzəli heykəllər şəhəri – Bratislava

Bratislavadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bratsilavanı görmək arzum Polşadan gələndən sonra baş qaldırmışdı. Nə əlaqə deyəcəksiz? Polşadan, lap dəqiq desən Krakovdan Budapeştdə qayıdanda, avtobusla qayıtmışdım və yolun böyük bir hissəsi Slovakiya ərazisindən keçirdi. Slovakiya ərazisindən keçən 3-4 saatlıq yolda Slovakiyanın təbiətinə sadəcə heyran qalmışdım. Beləcə Slovakiyanın möhtəşəm təbiətini gördükdən sonra, Bratislavanın da Budapeştə yaxın olması faktını nəzərə alıb, Rəhman Əfəndi ilə (blogdakı Roma yazısının müəllifi ???? ) qərara gəldik ki, bir Bratislavaya baş çəkək. İnternetdəki kiçik araşdırmalardan sonra gördük ki, Bratislava elə də böyük şəhər deyil, əhalisinin sayı da yarım milyondan azdır. Beləcə, forumlardakı fikirlərdən qərara gəldik ki, Bratislavaya bir günlük səyahət təşkil edək. Səhər qatarla çıxıb, axşam tərəfi də geri dönək.Və beləcə 2015-ci ilin bu günlərində sendiviçimizi, suyumuzu və meyvəmizi çantamıza qoyub, Budapeştin Keleti dəmir yolu stasiyasından qatarla Bratislavaya doğru yola düşdük. Təxminən 2.5 saat sonra artıq Slovakiyanın paytaxtı Bratislavadaydıq. Bratislava yerləşməsinə görə çox əlverişli məkandadır. Belə ki, Bratislavadan qatarla Praqaya 4 saata, Budapeştdə 2.5 saata və Vyanaya isə cəmi 1 saata çata bilərsiniz. Bir maraqlı faktı da qeyd edim ki, Vyana və Bratislava dünyadakı ən yaxın 2 paytaxt şəhəridirlər. Aralarındakı məsafə təxminən 65-70 kmdir. Bu 3 qonşu şəhərə gələnlər, 1 günlərini (6-8 saatlarını) ayırıb Bratislavanı doya-doya gəzə bilərlər.Bratislava haqqında fikirlər heç də bir mənalı deyil. Ölmədən bu şəhəri görün deyənlər də var, bu şəhəri görmədən ölün deyənlər də ???? Mən açığı sevdim Bratislavanı. Kiçik amma bir o qədər də şirin şəhərdir. Kiçik və rəngarəng Old Townu, məzəli heykəlləri, xudmani, arxaya söykənib kofeçay içilə bilən, ingilislər demiş “cozy” kafeləri və dondurmaları ilə, məni gəldiyimə peşman etmədi Bratislava.Deməli səhər saat 10 kimi, hardasa çatdıq Bratislavanın dəmir yolu vağzalına və öyrəndik ki, şəhər mərkəzi elə də uzaq deyil, başladıq mərkəzə piyada yeriməyə. Yol üstü bir neçə parkın yanından keçəndən sonra gəldik çıxdıq əvvəlki adı Grassalkovich sarayı olan, Prezident sarayına. İnşası 1760-ci ildə bitən bina, hazırda Slovakiyanın Prezident sarayı kimi fəaliyyət göstərir. Bina Barok musiqi həyatını Pressburqdakı (Bratislavanın Avstriya-Macarıstan imperiyası dövründəki adı) mərkəzi olub. Məşhur bəstəkar Jozef Haydn bir çox əsərlərini məhz bu binada premyeraya qoyub. Sarayın arxasında fransız bağları var, giriş sərbəstdir, əlinizi-qolunuzu sallayaraq fransız bağlarına girə bilərsiniz. Biz də geri dönüşdə səhv etmirəmsə Rəhmanla bu bağda sendviç yeyə-yeyə pivələmişdik ????Sarayın yanından İçəri şəhərə doğru irəliləyib, çatmışdıq taa Old Townun mərkəzindəki, Hlavni Namestie adlanan mərkəzi meydana. Meydan demək olar, bütün mərkəzi Avropa şəhərlərində olan meydanların bir oxşarıdır və eynilə digər şəhərlərdəki kimi tarixiliyini qoruyub saxlayıb. Və əlbəttə ki, keçmiş Avstriya-Macarıstan imperiyasının ərazisi olması ilk baxışdanca özünü hiss elətdirir. Demək olar bütün binalar o dövrün memarlıq üslubu ilə tikilib.Old Townu yeni şəhərlə St. Michael’s qapısı ayırır. Bu qapı əsl nağıllardakı sehrli güzgüyə bənzəyir. Qapıdan kənəra çıxınca sovetlərin təsirindən bozarmış yeni Bratislavanı görmək olar. Qapıdan digər tərəfdə isə, şirin, rəngli bir içəri şəhər sizi gözləyir. Məncə heç o nağıldan ayrılmamaq üçün bu qapıdan çölə çıxmayın ????Bratislavadan ən yadıma qalan isə Müqəddəs Elizabet kilsəsi (St. Elizabeth church) oldu və ya digər adıyla Mavi Kilsə. Açığı demək olar ki, yeni şəhərlərə gedərkən mütləq ordakı bir neçə kilsəyə baş çəkirəm amma heç zaman beləsiylə qarşılaşmamışdım. Kiləs tamamilə mavi və ağ rənglərin ahəngiylə dekorasiya olunub və marçipandan hazırlanmış torta bənzəyir. Hətta gedib əlimlə kilsəni yoxladım ki, bəlkə doğrudan bizim Sumqayıtdakı 50 metrlik tortlar kimi bu da marçipan kilsə tortdur, yoxlayandan sonra gördüm ki, əsl kilsə imiş ???? Kilsə o qədər şirindir ki, deyərdim, məhz elə bu kilsəni görmək üçün də getmək olar Bratislavaya ????Bundan başqa şəhərdə bir neçə yeni və köhnə körpü var, onlara baş çəkmək olar və əlbəttə ki, uzaqdan uçan naməlum obyektə bənzəyən UFO restoran-observatoriyaya. Dunay çayını üzərindəki körpülərdən birinin sonunda yerləşən bu UFO həm restoran, həm də observatoriya kimi fəaliyyət göstərir. Liftlə yuxarı çıxıb bütün Bratislavanı izləyə bilərsiniz.Bratislavanı izləyə biləcəyiniz digər yer isə Bratislava qəsridir. Qəsr Karpat dağlarının sonlarında olan qayalardan birinin üzərində yerləşir, ona görə də ora çıxmaq istəyənlərin ayaqlarına qüvvət ????. Qəsrdən bütövlükdə Bratislavanı seyr edə bilərsiniz. Açıq-aydın havalarda isə Vyana və Macarıstanın bəzi hissələrini gözlə görək olar. Qəsrin içində Slovakia Milli Muzeyi yerləşir. Qiymətini xatırlamıram amma Slovakiya reallığını nəzərə alanda elə də baha olmamalıdır. Təbii bir Ermitaj və ya Viktoria və Albert deyil, amma hər halda Slovakiya tarixiylə tanış olmaq üçün baş çəkmək olar.İndi isə gəldik çatdıq Bratislavanın heykəllərinə. Açığı başqa hansısa bir şəhərdə bu qədər maraqlı, məzəli və çox sayda heykəl gördüyümü xatırlamıram, ona görə də Bratislava mən heykəllər şəhəri deyərdim.Bratislava və heykəl sözünü bir araya gətirsək, çox güman ki, ağlımıza gələn ilk şey məşhur kanalizasiya borusundan baxan Cumil heykəli olar. Rəvayətə görə bu Cumil məllim fasilədə yuxarı hava almağa çıxmış kanalizasiya işçisidir ya da ki, küçədən keçən qadınların ətəyinin altına baxan şorgöz. Orasını mən də dəqiq bilmədim, hər halda siz gedib, görüb qərar verərsiniz.Şəhərdə Cumildən başqa, Napaleon ordusu əsgərinin, Bratislavaya şənlik gətirən, küçədən keçənləri şapkasını çıxararaq salamlayan, qadınlara “sizin əlinizdən öpürəm” deyən Schöner Nacinin, Hans Xristian Andersenin, paparazzinin və s. heykəllərini görmək olar.Bratislava haqqında bu qədər. Yazının uzunluğu, elə şəhərin böyüklüyü ilə mütənasib oldu bu dəfə ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

899 dəfə oxunub

Norveçin "div dili" -Troltanqa turu

Təbiətin Norveçə hədiyyə etdiyi gözəlliklərdən biri (Trolltunga Tyssedal). Bir neçə il əvvəl, bu mənzərəni təsadüfi şəkildə gördüyümdə nə zamansa gedəcəyimi heç planlamamışdım.Troltanqa-Trol dili (Trolltunga) Norveçin Hordaland əyalətində Odda şəhərində, dəniz səviyyəsindən 1100 metr yüksəklikdə yerləşən bir qayadır. Buraya həm də Trol və ya div dili də deyirlər. Bəs niyə div dili? Bunun cavabı Norveç əfsanələrində yaşayır. Belə ki, Norveçdə yaşayan Troll adlı əfsanəvi divlər burada yaşayıb. Norveçin simvollarından sayılan bu əfsanəvi varlığın adı ilə bağlı olaraq, bu qayanı “Trolltunqa”, yəni “div dili” adlandırıblar. Digər bir əfsanəyə görə isə bu yer “Günəşdən qorxan div dili” adlandırılır. Belə adlandırılmasının kökü də qədim rəvayətlərə dayanır. Mağaralarda yaşayan divlər günəşin onlara ölüm gətirdiyinə inanırdı. Hətta nəhəng divlərdən biri o qədər axmaq olur ki, bu şayiəni yoxlamaq qərarına gəlir. O, səhər açılanda dilini mağaradan çölə çıxarır və ilahi nur bu cəsarətini qiymətləndirmir və onun dili həmin yerdə donub qalır.Bəzi məlumatlara görə, bu qayanı görməyə gedən adam sayı 2008-də 800 nəfər olduğu halda, 2016-da 80000 nəfəri keçmişdir. 2009-cu ildə turist jurnalında foto və məqalələrin dərc olunmasından sonra bu ərazi məşhurlaşıb. Ondan sonra dünyanın hər yerindən gələn səyahətçilər öz güclərini sınamaq üçün buraya gəlirlər.Qayaya çıxmaq üçün ən əlverişli vaxt iyun-avqust aylarıdır. Digər aylar məsləhət görülmür. (dumanlı hava, yağış, qar, güclü külək, sürüşkən qayalar əsas səbəblərdir) Eyni zamanda qayaya getmək üçün təxminən 28 km məsafə qət etmək lazımdır.Troltanqaya qalxmaq üçün əvvəlcə Oddaya, sonra Tisedaldan keçərək Skyegedala getmək lazımdır. Formasına görə qaya dili xatırlatdığı üçün belə adlandırılır. Qayaya qalxmaq üçün 950 metr uzunluğu olan pilləkəndən istifadə olunur. Təxminən qayaya gedib - gəlmək üçün əlverişli havada 10-12 saat lazım olur. Səhər saatlarında 7-8-də hiking-ə başlamaq məsləhət görülür. Sıldırım qayalar adamı hədsiz yorduğundan bəzən adam çox səbrsizlənir, amma səbrli olub davam etmək lazımdır, çünki görəcəyiniz mənzərə çox adamın görüləcək yerlər siyahısında (bucket list-ində) olan bir yerdir. Qayaya çıxmaq qayadan geri qayıtmaqdan daha asandır. Ümumiyyətlə, hava çox dəyişkəndir. Istənilən zaman yağış yağa bilər və qayalar çox sürüşkən olur. Qayaya gedilən yolda heç bir nəzarət yoxdur, hər bir şəxs özünə cavabdehdir. Yəni hansısa formalarda zədə alan insanlar olur, həmin vaxt orada ilk tibbi yardım edəcək şəxslər yoxdur. Düzdür, vertolyot müəyyən zamanlarda səmadan nəzarət edirdi, amma hansısa çox ciddi hadisə yəni ölüm baş verərsə, müdaxilə edərlər deyə təxmin edirəm. Detallı oxumasam da yaxın zamanda avstraliyalı bir gənc qayadan düşüb-ölüb. Hər bir halda, sadəcə ehtiyatlı olmağa çalışın. Ümumiyyətlə, qayaya gedib baxmaq üçün su keçirməyən və isti geyimlər, bol qida və su mütləqdir. Təbii ki fiziki güc də buna imkan verməlidir. Gələn turist sayı çox olduğundan nəzərə alın ki, bir şəkili çəkdirmək üçün 1.5-2 saat növbədə gözləyəcəksiniz.Belə çox danışmaq olar. Kim getmək istəsə, suallarını yazıb soruşa bilər :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:Ismail Ismailov

1735 dəfə oxunub

Müasir və ekzotik Malayziya

Malayziyadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.#Malaysia Avropaya hər il gedib bezmisiniz və harasa yeni bir yerə getmək istəyirsiniz, veya "Şengen" viza ala bilməyənlərdənsiniz? Eybi yoxdur, bilinki Asiya sizi "unconditionally" sevir. ????Cənub-Şərqi Asiyaya gedin, ucuz bilet tapmamaqdan şikayətlənənlərdənsinizsə, onda sizə xoş xəbərim var: ???? Asiya ucun olduqca aşağı qiymətə səyahət edə bilərsiniz. Asiyada AZ vətəndaşlarından VİZA İSTƏMƏYƏN asiya ölkələrindən biri də, Malayziyadır.Cənubi Asiyanın göbəyində yerləşən olduqca rəngli və cəlbedici bir ölkədir. Tər-təmiz, göz-qamaşdıran çimərlikləri, ekzotik adaları, zəngin və mədəni mirası, fərqli fauna və flora ilə yanaşı, dünyada səviyyəli müasir turizm və tətil seçimləri sunan ölkələrdəndir. İl boyu tropik iqlimə hakimdir və Filippin, Tailandla müqayisədə Cənubi Asiyanın ən yaxşı turistik yerlərindəndir (təmizlik və təhlükəsizlik baxımından). Həm çox müasirdir, həmdə çox ekzotik.Büllur kimi tər-təmiz dənizi, göz-alıcı ağ qumlu çimərlikləri və zəngin sualtı dəniz yaşamı ilə Malayziya adaları əsl tətil cənnətidir. Dəniz-qum-günəş üçlüyünü sevən tətil edənlər üçün bir cənnətdir. ????Paytaxtı Kuala Lumpurdur. Asiyanın ən yaxşı kosmopolitan şəhərlərindən biridir. Müsəlman, hind, çin mədəniyyətlərin bir arada yaşadığı bu rəngarəng şəhərdə hündür göydələnlər, göstərişli ticarət mərkəzləri və yam-yaşıl parkları, həmçinin də islamik ölkə olmasına baxmayaraq, məscidlərlə, hind və budda məbədlərinin bir yerdə yer alması adamı çox təəccübləndirir deyə bilərəm. 2 il öncə "gedib görək aradan çıxsın" düşüncəsiylə getmişdim, islamik ölkə olduğundan, İrana bənzəyəcəyini, çox konservatik olacağını düşünüb gözləntilərimi çox aşağı tutmuşdum, tək KL-da olarkən bütün düşüncələrimi alt-üst edib, məni təəccübləndirmişdi, Malayziya. Yox-yox təccübləndirməkdən ötə olmuşdu, o düşüncədə gəldiyimə görə məni lap utandırmışdı.???? Bu fikrim seksist kimi səslənsə də, qadınların çox sevəcəyi bir şəhərdir, KL! Çünki dünyanın ən yaxşı alış-veriş şəhərlərindəndir.????(Bukit Bintang) Mövcüd ən məşhur markalarının mağazalarını, habelə Malay, Hindistan və Çin mədəniyyətlərinin gözəl və orijinal məhsullarını burda tapa bilərsiniz.Demək olar ki, hamı ingilis dilində danışır.Avtostop çəkənlər, backpackerlər üçün mükəmməl bir ölkədir. Bəzən cüzi məbləğ ödəməli ola bilərsiniz.Gəziləcək yerlərin bolluğu baxımından Uzaq Şərqin ən zəngin yerlərindən biridir. Petronas əkiz qüllələri, Batu Mağaraları, Menara KL Tower, Merdeka Meydanı və Central Market, Kuala Lumpurda gəziləcək yerlər siyahısında ilk sıralarda yer alır. Digər görməli yerləri haqqinda istək olsa etrafli yazacam. Дерзайте ))Bilet haqqinda Air Arabia ✈️ İstanbul - Kuala - Lumpur uçuşunu əla qiymətə satır. Gediş-gəliş 368 dollar. Baliyə bir addım daha yaxın olursunuz☺️P.S Şəkillərə sona kimi baxın. Bilet haqqında scrnshot sonda qeyd olunub. Yol-yoldaşı olmağını istədiyiniz dostlarınızı posta işarələyin. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aksana Kaiser

1041 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!