1563 dəfə oxunub

Ohrid gölünün incisi, “şairlər şəhəri” - Struga

Gəziləcək yerləri çox olmasa da, bu şəhərin möhtəşəm mənzərəsi, təbiəti, yaradıcı ruhu var.

Balkanlardakı ən çox sevdiyim ölkə Albaniyanı gəzdikdən sonra Makedoniyaya da getdim axı . Ötən il Makedoniyaya getmək Azərbaycan vətəndaşları üçün vizasız idi. Makedoniyanı 2 kəlimə ilə təsvir etməmi istəsələr, təbiət möcüzəsi olduğunu deyərəm. Bu ölkənin 3 şəhərini gəzə bildim. Struga, Ohrid və paytaxt Skopye. Bu gün sizə Ohrid gölünün sahilində yerləşən Struga şəhərindən danışacam.

Albaniya sərhədini keçəndən sonra sizi Makedoniyada bu gözəl, kiçik, şirin şəhər qarşılayır. Mavilik içində rəngarəng gözəllik olan Strugaya axşamçağı çatmışdım. Əslində burada qalmaq planım yox idi. Birbaşa Ohridə getməliydim. Hətta ev də tutmuşdum. Ancaq bu kiçik şəhər məni necə valeh etdisə, fikrimi dəyişməli oldum.

Gölün kənarında, ortasından çay keçən kiçik bir şəhər düşünün. O şəhərin 4-5 mərtəbəli, rəngli binaları Qara Drin Çayına (Black Drin River və ya öz dillərində Crni Drin) baxır. Şəhəri iki yerə ayıran çayın üzərində hər 200-300 metrdən bir güllü-çiçəkli taxta körpülər salınıb. Çayın 2 hissəyə ayırdığı şəhər Ohrid gölündə bitir. Bir sözlə, Struga mavilik içində rəngarəng bir gözəllikdir.

Strugada haraları gəzək?

Şəhərdə gəziləcək yer çox deyil. Göl kənarında çimərliklər, göl və çay mənzərəli restoranlar var. Bir də bazarı, rəngli küçələri, mağazaları...

Şəhərin təbiəti, havası möhtəşəmdir. Məsələn, mən bütün yayı burada qalardım. Hər səhər kompüterimi götürüb, çaya, gölə açılan sakit kafelərin birində oturub, işlərimi görər, gözəl mənzərədən zövq alar, axşamçağı da gölün kənarındakı çimərlikdə dincələr, dupduru suda üzərdim. Heç darıxmazdım da.

Sonradan bildim ki , sən demə bura həm də “şairlər şəhəri” deyirmişlər. Üstəlik, hər ilin avqustunda şəhərdə şeir festivalı keçirilirmiş. Bilmirəm, bəlkə də şəhərin yaradıcı ruhunu sevmişəm. Kiçik şəhərdir. Hər yerinə piyada getmək mümkündür.

Strugaya necə getdim?

Makedoniyaya Albaniyadan keçdim. Albaniyanın Prenjas adlı kiçik bir şəhəri var. Makedoniya ilə sərhəddə yaxındır. Buradan sərhədə ondan sonra da bir vasitə ilə Makedoniyanın ən yaxın şəhərinə getməyi düşünürdüm. Nə isə mənə dedilər ki, sərhədə getməyin ən yaxşı yolu taksilərdir. Bizdəki kimi 4-5 nəfəri yığıb aparır. Xidmət haqqını sərnişinlər aralarında toplayıb ödəyir. Bir neçə taksi şoferindən soruşdum, baha dedilər. Axırda biri yaxınlaşdı ki, sizi pulsuz apararam, özü də sərhədə yox, lap Makedoniyanın Struga şəhərinə. “Amma gərək atam soruşanda deyəsiniz ki, siz bunun üçün mənə pul ödəyəcəksiniz”. Atası da sırada duran növbəti taksi sürücülərindən biri idi. 4 nəfər idik. Həmin gənc oğlanla razılaşdıq. Yolda səbəbini soruşduq. Dedi ki, Strugada sevgilisi yaşayır. Onu görmək üçün bəzən belə bəhanələrə ehtiyacı olur. Təbii ki, pulsuz olduğunu desə də üstümüzdə qalan son alban pullarını toplayıb, həmin sürücüyə ödədik. Hardasa 10 avroya yaxın edirdi. Beləcə həm o, həm də biz xoşbəxt olduq. Üstəlik, Strugayadək apardı.

Hər 3 nəfərdən 1-i türkçə danışır. Rəsmi dil Makedon dili olsa da ancaq hər 3 nəfərdən biri ya türkdür, ya da türkçə başa düşür. Bu şəhərdə Osmanlıdan qalma türklər çoxdur. Milliyyətcə türk, əslən makedoniyalı. Gələn qonaqlar arasında türkçə danışan, türk görəndə çox sevinirlər, söhbətə tutur, hal-əhval soruşurlar.

Harada qaldım?

Həmin gün dincələndən sonra bir-iki adamdan çayın kənarında qalmağa yer soruşdum. Axırda bir türk ailəsinin evinin mansarındakı otağı kirayələdim. Gecəsi 15 avroya. Deməli, bir otaqlı evin balkonu, dəhlizdə də hamamı və ayaqyolusu var idi. Balkonun mənzərəsi küçənin arxa tərəflərinə açılsa da, hamamdan açılan mənzərə möhtəşəm idi. Pəncərə çay mənzərəsinə, şəhərin mərkəzinə baxırdı. İstədim həmin bu görüntünü çəkib, sosial şəbəkələrdə "view from my balcony" yaxud “view from my window” – yazıb, paylaşım. Bəzən 5 ulduzlu, bahalı otellərdə qalanlar edirlər axı, görmüşəm. İçimdəki səmimiyyət imkan vermədi. Deməyim odur ki, gecəsinə 15 avro ödəyəndə də ortalığa qəşəng mənzərə çıxır, amma gözləmədiyin yerlərdə...

Gördüyüm ən gözəl çay və ya gölkənarı şəhər

Getdiyim günün axşamı Strugada bir yağış yağdı ki, tut ucundan çıx göyə. Evə yerləşəndən sonra dincəlmək istəmədim. Əynimi geyinib yağışdan sonra gələn torpaq qoxusunun bələdçiliyində şəhəri qəşəngcə gəzdim. Axşamı da çayın kənarındakı restoranların birində oturub pendirlə şərab içib, musiqi dinlədim. Evə ancaq gecə saat 2-də qayıda bildim. Səhər də tezdən oyanıb gölün kənarında gezdim. Şəhərə aid suveniri türk ailədən aldım. Günortaya yaxın isə Ohrid şəhərinə yola düşdüm. Struga gördüyüm ən gözəl çay və gölkənarı şəhərlərdən biri idi.

Məncə, “freelance” işləyənlər sərhədlər açılandan sonra düşünə bilərlər. Kompüterinizi götürüb gedin. Burada həm dincəlin, həm də bu gözəl şəhərdə zövqlə işləyin. Həftə sonları da Ohrid şəhərini və yaxınlıqdakı görməli yerləri gəzin, ləzzət alın!


Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…



Paylaşdı: Guler Mehdizade

DİGƏR BLOQLAR

Nağıl kimi bir dünya - İsveçrə bələdçisi

İsveçrədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Əgər küçədə axan suyun içməli olduğunu soruşanda suala görə yerli əhali sizdən küsürsə, mənzərəni qaçırmamaq üçün qatarda hansı səmtdə oturacağınızla bağlı tərəddüd edirsinizsə deməli İsveçrədəsiz. İsveçrəyə səfərimi Lugano- Sürix- İnterlaken- Grindelvald- Lautherbrunen- Spiez- Bern- Basel ardıcıllığı ilə formalaşdırmışdım. Müvəqqəti Roma ətrafında yaşadığım üçün girişi İtaliya ilə sərhəd olan Luganodan etdim. İsveçrə üçün ümumi və səfər edənlər üçün bilməsini tövsiyə etdiyim məlumatlar: İsveçrədə valyuta frankdır(avronun da keçərli olması şərti ilə), demək olar ki, yeganə şəhərlərarası (məntəqələrarası) nəqliyyat vasitəsi qatardır və getdiyiniz yerlərə öncələrdən bilet almağınız şiddətlə tövsiyə olunur. Əks halda 200 km üçün 70 frank(avro), 50 km üçün 45 frank(avro) ödəməyi gözə alın. Aİ ölkələrdindən birinə məxsus nömrəniz varsa burada böyük ehtimalla keçərli olmayacaq və nömrənizi rouminq etməli olacaqsınız. Su xərcinə özünüzlə su qabı daşımaqla qənaət edə bilərsiniz. Belə ki, bütün şəhərlərində (qəsəbə, kənd) içməli su mövcuddur və su arxlarının yanında içilməməli olması ilə bağlı xüsusi qeyd yoxdursa rahatlıqla içə bilərsiniz. Ümumi qiymətlər digər Avropa ölkələri ilə müqayisədə 2-2.5 dəfə daha bahadır. Şəhərlərin görməli yerlərini az enerji və optimal vaxt sərfiyyəti üçün ən uyğun ardıcıllıqla paylaşmağa çalışacam.LuganoLugano eyni adlı gölün kənarında yerləşən sakit, hüzurlu kiçik şəhərdir. Şəhər İtaliya ilə sərhəd olduğu üçün italyan dillidir. İtalyadan keçid edən kimi İsveçrəyə xas səliqə-səhman, disiplin hətta havadan belə hiss olunur. Görməli yerlərini ardıcıllıqla paylaşıram: Parci Ciani, Piaza della Riforma, Chiesa Santa Maria degli Angioli, Villa Heleneum, Sentiero dell’olivo, Lido San Domenico, Gandria və Monte Bre. Şəhəri yüksəkdən seyr edə bilmək üçün Monte Breyə funikulyor ilə qalxa bilərsiniz. Səhv etmirəmsə 26 frank idi. Əgər pul vermək istəmirsinizsə birinci funikulyor ilə pulsuz qalxa bilərsiniz və yolunuzu evlərin arasından yuxarı doğru ayaqla davam etdirərək Luganonu daha yüksəkdən izləyə bilərsiniz. 1 gün mənə kifayət etdi.Sürixİsveçrənin ən böyük şəhəri olan Sürixi mütləq ki bəyənəcəksiniz. Şəhər eyni adlı gölün şimalında yer tutur və Limmat çayı boyunca uzanır. Şəhərdəki orta və yüksək qiymətli otellər sizə gündəlik nəqliyyatdan istifadə üçün kart verəcəklər və bu tendensiyanı digər şəhər, qəsəbələrdə də görə bilərsiniz. Aşağı büdcəli otel və hostellərdə isə bu imkan yoxdur. Görməli yerlər : Swiss National Museum, Lidenhof, Fraumunster Church, Grossmunster, Bahnhofstrasse, FiFA Museum və Museum Rietberg. Futbol həvəskarı olan 7-dən 77-ə hər kəsə FİFA Muzeyinə baş çəkməyi şiddətlə tövsiyə edirəm. Səhv etmirəmsə giriş 26 frank idi və tələbələr üçün giriş haqqı 18 frank təşkil edir. 1 gün mənə kifayət etdi.İnterlakenThunersee və Brienzersee göllərinin ortasında yer alan kiçik kənd (qəsəbə) qatarlarında dediyi kimi “communication of destinations” olmaqla xəyalınızda olan kəndlərə gedən yolların birləşmə nöqtəsidir. Məhz bu səbəbdən də Lautherbrunen, Grindelvald, Zimmer və digər məntəqələrə getmək üçün dayanma nöqtəsi hesab olunur. 2-3 saat ərzində qəsəbəni gəzməklə ( Harder Kulm, Hohematte, Unterseen, St. Beatus Caves) yolunuza davam edə bilərsiniz.Grindelvaldİnterlakendən qatarla təxminən 20 km məsafədə olan, kərə yağı üstündəki şəkillərin çəkildiyi və Alp dağlarının ecazkarlığını uzaqdan seyr etməklə hüzur tapa biləcəyiniz bir məntəqədir. İnterlakendən gedən zaman “Grindelvald bahnhof” stansiyasına getməyiniz və gəzinti üçün start nöqtənizi ordan başlamanızı tövsiyə edirəm. Grindelvald özünüzü təbiətə həvalə etdyiniz məntəqə olduğundan nə qədər vaxt sərf etmək lazım olması şəxsin ruhi və mənəvi qidalanma istəyindən asılı olaraq dəyişir).LautherbrunenAlp dağlarının ətəyində olan və özündə paralel şəlalələri birləşdirməklə mənzərəsinə heyran qalacağınız qəsəbə. Qəsəbədən Mürrün dağ kəndinə də qalxmaq üçün istifadə olunur ki, Mürrenə mən səyahət etdiyim vaxtda xüsusi hazırlıq geyimi olmadan getmək arzuolunan deyildi. Lautherbrunendə sadəcə olaraq gəzmək və ətrafı seyr etmək sizi kifayət qədər sakitləşdirəcək. Gəzinti zamanı çayı keçərək qarşı tərəfdə yerləşən qəsəbənin ətəyinə qalxmağınızı və Lautherbruneni bir də bu formada izləməyinizi şiddətlə tövsiyə edirəm.Spiezİnterlakendən 18 km məsafədə yerləşən kiçik qəsəbədir və Bernə gedən yolda yolüstü baş çəkə biləcəyinizi və heyifslənməyəcəyinizi düşünürəm. Qəsəbənin sakitliyi, özünəxas sakitliyi sizdə mütləq xoş təəssürat formalaşdıracaq.Bernİsveçrənin paytaxtı olmaqla Aar çayının boynuna doladığı şəhər.Siz köhnə küçələrlə gəzə və bir sıra görməli yerlərlə (Kafigturm, The Parlament Building, Zytglogge, The Cathedral of Bern, Nydeggbrcuke) tanış ola bilərsiniz. Bu şəhərdə düşünürəm ki, azmaq mümkün deyil. Açığı Alpa dağlarının ətəyindən mərkəzi şəhərlərə enmək bəzən şəhər nə qədər gözəl olsa da ondan istənilən zövqü almaq imkanını uzaqlaşdırır. 1 gün mənə kifayət etdi.BazelReyn çayının keçdiyi İsveçrənin strateji şəhərlərindən biri. Bu şəhərin Avroaeroportu iki ölkə (Fransa və İsveçrə) tərəfindən ortaq istifadə edilən dünyada analoqu olmayan yeganə aeroportdur. Görməli yerləri bol olmasa da ( Tinquely Brunen, Spalentor, Basel Minster, Pfalz, Mittlere Burcke) Tinquely Brunen-dən şəhərin gəzintisinə başlamaqla qala divarından üzü aşağı antik atmosfer bəxş edən küçələrlə enə bilərsiniz.Ümid edirəm məlumatlarla gəzəyənləri yormadım və faydalı ola bildim. Bura qədər oxuduğunuz üçün təşəkkürlər Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tural Hasanli

479 dəfə oxunub

Şimali Amerikanın cazibə mərkəzi - Toronto

Torontodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Amerika səfərinin ikinci bölməsi Kanada idi. Bəli, azərbaycanlıların hər cəhtlə köçmək istədikləri Kanada!Vaşinqtondan Torontoya AirCanadanın 50 nəfərlik Bombardier CRJ-100 təyyarəsi ilə uçduq. Bu balaca hava gəmisi iki saat gecikmə ilə havaya qalxdı. Hardasa bir saat yarım sonra artıq Toronto üzərində idik, CN qülləsi illuminatorda canlanırdı. Toronto səmadan çox boz və maraqsız görünürdü.Aprel ayı olmağına baxmayaraq hava günəşli və isti idi. Heç gözləmirdim!Enişdən sonra dostum Səməd qarşıladı və airbnb ilə bron etdiyim evə getdik.Ev çox möhtəşəm idi.Toronto Kanadanın Ontario əyalətinin paytaxtıdır, Ontario gölünün sahilində yerləşir. Şəhər nəhəng olsa da əhalisi cəmi 3 milyona yaxındır. Ona görə də genişlikdir ????İlk gün Torontonun Greek town adlanan ərazisini gəzdik. Bu Danforth və Main Street metrosunun arasındakı ərazidir. Həm də bu ərazi Torontonun ən qədim yerlərindən hesab olunur. Əsasən yunan restoranları ilə dolu bir ərazidir. Ümumiyyətlə yunanlar Kanadaya 19-cu əsrin əvvəlindən gəlməyə başlayıblar. Hazırda Kanadada 300 mindən çox yunanəsilli sakin var.Növbəti gün plana əsasən kadim (köhnə) dostum Nurlanla (он же музыкант, он же Канадский гражданин) Niaqara şəlaləsinə gedəcəkdik. Əvvəlcə zapravka, yəni “zavtrak” eldik ???? Qeyd edim ki, Torontoda restoranlarda səhər yeməyi yeyirsinizsə kofe limitsizdir. Qidanın ölçüsü isə bir nəfərə görə çox böyükdür. ABŞ-da da belə idi. Uzun sözün qısası 2 saat sonra artıq Niaqaraya çatmışdıq. 140 km-lik yol çox qısa gəldi. Niaqaraya Torontodan avtobusla da getmək olar. Yolüstü nəhəng outlet də var. Yaxınlaşdıqda bu möcüzəni görməyə təlaşlanırdım. Birinci fake (yalançı) Niaqara görünür, sonra isə əsl möcüzəni görürsən. Şəlalə  Kanada-ABŞ sərhədində yerləşdiyi üçün ABŞ tərəfdən də görünür, amma Kanada tərəfdən 1-3 metr yaxınlıöına kimi gedə bilirsən. Maydan etibarən gəmi ilə şəlalənin altına tərəf tur götürmək olur, olduqca həyəcanlı atraksiondur. Ümumiyyətlə Niagara şəlaləsi ətrafında çoxlu sayda maraqlı əyləncəli atraksionlar və kafelər var.Növbəti günlərdə Torontonun mərkəzində, şəhər aeroportu olan Billi Bişop aeroportunda oldum. Bu aeroport adada yerləşir və uçuşlar Kanada və ABŞ istiqamətindədir. Uçuş zolağı qısa olduğu üçün yalnız kiçik, 70 nəfərə qədər olan təyyarələri qəbul edir. Gölkənarı parkdan enən, qalxan təyyarələri izləmək çox maraqlıdır. Aeroporta getmək üçün gəmi və gölaltı keçiddən istifadə olunur.  Torontonun mərkəzi (downtown) olduqca səsküylü, canlı olsa da, bir az yuxarı doğru hissəsi çox sakitdir. İctimai nəqliyyatdan metro, tramvay və avtobus var. Bunlar hamısı TTC adı altında çalışır. Bir istiqamətə gediş kartla 3 dollar, kartsız 3.25 dollardır. Amma misal üçün, siz mərkəzdən Şimala doğru gedirsinizsə bir biletlə bir neçə nəqliyyat dəyişib öz lazım olan yerinizə qədər o biletdən istifadə edə bilərsiniz. Metro+avtobus+tramvay və ya Metro+avtobus+avtobus və s. Şəhərin ən qaynar hissəsi Yonge və King/Queen küçələrnin kəsişən hissəsidir, bura bir növ Times Square kimi yerdir. Yanında Eaton Centre AVM-də var. Çox nəhəngdir.Tim HortonsEl arasında belə bir söz gəzir ki, kim “Tim Hortons”da (Timmi) kofe içərsə o kanadalı sayılır. “Tim Hortons” Kanadaya məxsus kofe hausdur. 1964-cu ildə xokkeyçi Tim Horton tərəfindən təsis edilib. Torontoda ən uzaq məsafədə olan Timmi 10-15 dəq piyada yolu qədərdir. Kofe 1.5 dollardan başlayır, Kanada üçün bu su qiymətidir ???? Kofedən əlavə dəmlənmiş çay (Steeped tea) və çoxlu sayda şirniyyatlar və sendviçlər də olur. Ən məşhur kofesi “double double”dır. Bu adi kofedir, sadəcə içinə iki şəkər, iki krem əlavə olunur.Torontoda son günümüzdə Nurlan bizi beysbol oyununa apardı. İlk dəfə idi gedirdim. Ürəgim üzüldü ???? Amma oyunun qaydasını biləndən sonra maraqlı gəlir. Beysbol Kanadada hokkeydən sonra ikinci məşhur oyundur. Toronto haqqında bu qədər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Azər İsmayıl

1851 dəfə oxunub

Balonlar diyarı - Kapadokiya

Kapadokiyadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Kapadokiya - həqiqətən ölmədən görüləsi və çox gözəl yerdir.Necə getmək olar ? Bakıdan Ankaraya uçub, oradan da 4 saat avtobus ilə ????, avtobusla gedə bilmirsinizsə İstanbula oradan da Nevşehirə və ya Kayseriyə uçmaqla ✈️. Hər iki hava limanı Kapadokyaya yaxındır. Mütləq şəkildə getməmişdən əvvəl transferi bron edin yoxsa taksi ilə ziyana düşərsiniz, transfer qiyməti isə bir nəfər üçün 30-40 TL-dir.İyun, iyul və avqust ☀️aylarında dəhşət isti olur onu da nəzərə alın.Harada qalmaq? Düzdür normal hotellərdən baha olur amma mağara hoteldə qalmaq məsləhətdir. Maraq dairənizdən fəqli olaraq Ürgüp, Üçhisar, Orta hisar və Görəmədə seçə bilərsiniz. Ürgüp - daha böyük qəsəbədir, şərab ????sevirsinizsə buranı seçin və yemək qiymətləri digər qəsəbələrə nisbətən ucuzdur + buradan digər qəsəbələrə avtobus tapmaq daha asandır.Görəmə daha sakit, Üçhisar daha mənzərəli, Ortahisar isə daha balaca yerdir.Haraları görməli? Görəmə açıq hava muzeyi (bilet 45 TL), Zelve açıq hava muzeyi (bilet 15 TL), Üçhisar qalası (9 TL), Kaymaklı yeraltı şəhəri (25 TL), İhlara vadisi (free), Paşabağları (free)Özünüz gəzmək fikrinə düşsəniz bir az çətin olacaq çünki yerlər arası məsafələr çoxdur və nəqliyyat sistemi elə də yaxşı deyil. Qəsəbələr arası avtobus yarım və bir saatlıq ara ilə işləyir qiyməti isə 5 TL dir.Necə daha rahat gəzmək olar ?Kapadokyada 3 tur istiqaməti var qırmızı, yaşıl və mavi tur. Qiymətləri də müvafiq olaraq 28, 32 və 50 € dur. Turlar 9:30da başlayır və 17:00-18:00dək davam edir və qiymərlərə nahar yeməyi ????də daxildir, hoteldən götürüb hotelə də geri qaytarırlar. Qırmızı turu bəzi yerləri çıxmaqla özünüz də gəzə bilərsiniz, çünki bu turda olan yerlər daha yaxındır.Balonların izlənməsi üçün ən gözəl mənzərə Görəmədə Love Hill və Üçhisar qalası əla seçim və möhtəşəm mənzərə açılır.Hava şarı ???? qiymətləri 120 eurodur bir az qiymət öldürə bilərsiniz. Tur firmalar kifayət qədərdir və demək olar bütün hotellərdə balon turu və digər turları təkıif edirlər. Əvvəlcədən bron etməyə ehtiyac yoxdur. Yerində qiymətlər daha ucuz olur və qiyməti də aşağı salmaq olur.Camaat Kapadokyanı görmək üçün 18 saat uçub gəlib görürlər, yaxınımızda olan bu gözəl fürsəti qaçırmayaq.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Zehrali Taliboff

1086 dəfə oxunub

Amsterdam yaxınlığındakı qəsəbələr

Amsterdam yaxınlığındakı qəsəbələrBu qəsəbələr kanalları, yel dəyirmanları, qayıqları, kiçik, şirin evləri və dadlı balıqları ilə məşhurdurGələn dəfə sizə “Azadlığın şəhəri Amsterdam” - barədə yazaram. Ancaq bu gün yaxınlığındakı qəsəbələrdən danışmaq istəyirəm. Çünki Amsterdam daha çox yaxınlığındakı qəsəbələrlə yadımda qalıb.Səyahətimin ən gözəl yerini bu qəsəbələr tamamladı. Anladım ki, Niderland təkcə, Amsterdamdan ibarət deyilmiş. Volendam, Marken, Eden, Zaanse Schans – bəlkə də nağıllarda oxuduğumuz şəhərlərin təsviri elə bu qəsəbələrdən götürülüb. Hər biri gözəlliyi ilə adamı nağıllar aləminə aparır. Qəsəbələr avtobusla Amsterdama 30-35 dəqiqəlik məsafədədir. Həmin qəsəbələrə avtobus və qatarlar Amsterdamın mərkəzindəki tarixi qatar vağzalından gedir.Cəmi 10 avro ödəməkləVağzalda 10 avro ödəməklə bölgələrdə istifadə olunan günlük kart ala bilərsiniz. Həmin kartla gün ərzində saydığım bütün qəsəbələrə getmək olur. Biz gəzməyə Volendamla başladıq. Bura çox gözəl evlər, mağazalar və restoranların olduğu kiçik balıqçı qəsəbəsidir. Eyniölçülü kiçik evlər sanki turistlərin ağlın başından almaq üçün xüsusi bəzədilib. Gülərüzlü insanları bu gözəlliyi məhz səndən ötrü etdiklərini göstərmək üçün evlərinin şəkillərini çəkməyini və gedib öz ölkəndə göstərməyini istəyirlər. Məncə, çox şey istəmirlər. Bu evləri fotoaparatın yaddaşına yazmaq zövq verir. Qəsəbənin dənizə yaxın və çoxlu restoranlarının olduğu mərkəz hissəsində dadlı dəniz məhsullarının dadına baxa bilərsiz.Kiçik balıqçı qəsəbəsi – MarkenNövbəti getdiyimiz qəsəbə Marken oldu. Bu qəsəbə kiçik bir yarımadada yerləşir. Eyniboylu, yaşıl rəngli evlərdən ibarət kiçik qəsəbədir… Evlərin önündə alışdığımız çəpərlərə rast gəlmədik. Evlər bir-birindən ya güllər, ya da kanallarla ayrılır. Volendamdan Markenə gəmi ilə 30 dəqiqəyə çatmaq mümkündür.Kanallarla bəzənmiş EdenEden bir fərqli gözəllikdir. Evlərin önü böyük bir kanala açılır. Kanalın kənarına düzülən masalarda kimi şam edir, kimi kitab oxuyur, kimi də Şimal dənizinin seyrinə dalır. Küçələrdən gələn gözəl yemək qoxusu aclığımızı xatırladır. Qəsəbənin ortasındakı restoranda hollandların məşhur tərəvəzdə bişirilmiş ördək yeməyinin dadına baxırıq. Və sizlərə də məsləhət görürük.Köhnə yel dəyirmanlarının olduğu möhtəşəm qəsəbəZaanse Schans qəsəbəsi isə daha çox yel dəyirmanları ilə məşhurdur. Bu qəsəbənin hekayəsi Zaan çayından başlayır. Çayın kənarında yaşayan insanlar ta qədimdən ticarət və balıqçılıqla məşğul olublar. Bu üsulla varlanan qəsəbə sakinləri 1600-cü illərdə ilk yel dəyirmanını icad ediblər. Onlar küləkdən ilk başlarda çay daşqınlarının qarşısının alınması üçün, sonradan isə qəsəbəni sənaye bölgəsinə çevirməkdən ötrü istifadə ediblər. Ağıllı adamlardı, elə deyilmi? Həmin illərdəki 1000 yel dəyirmanından bu günə cəmi 13-ü qalıb. Bu dəyirmanları görməyə dünyanın hər yerindən turistlər gəlir. Dünyanın hər tərəfindən gələn uşaqlar isə yağlı boya ilə bu dəyirmanların şəklini çəkirlər.Niderlandı sadəcə gedib görmək lazımdır. Həm Amsterdam, Rotterdam, Haaqa şəhərləri, həm də Volendam, Marken, Eden, Zaanse Schans qəsəbələri ilə bu ölkə Van Qoqun əsərlərindən sıçrayıb çıxmış kimidir…Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Guler Mehdizade

1582 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!