1387 dəfə oxunub

Norveçin "div dili" -Troltanqa turu

Təbiətin Norveçə hədiyyə etdiyi gözəlliklərdən biri (Trolltunga Tyssedal). Bir neçə il əvvəl, bu mənzərəni təsadüfi şəkildə gördüyümdə nə zamansa gedəcəyimi heç planlamamışdım.

Troltanqa-Trol dili (Trolltunga) Norveçin Hordaland əyalətində Odda şəhərində, dəniz səviyyəsindən 1100 metr yüksəklikdə yerləşən bir qayadır. Buraya həm də Trol və ya div dili də deyirlər. Bəs niyə div dili? Bunun cavabı Norveç əfsanələrində yaşayır. Belə ki, Norveçdə yaşayan Troll adlı əfsanəvi divlər burada yaşayıb. Norveçin simvollarından sayılan bu əfsanəvi varlığın adı ilə bağlı olaraq, bu qayanı “Trolltunqa”, yəni “div dili” adlandırıblar. Digər bir əfsanəyə görə isə bu yer “Günəşdən qorxan div dili” adlandırılır. Belə adlandırılmasının kökü də qədim rəvayətlərə dayanır. Mağaralarda yaşayan divlər günəşin onlara ölüm gətirdiyinə inanırdı. Hətta nəhəng divlərdən biri o qədər axmaq olur ki, bu şayiəni yoxlamaq qərarına gəlir. O, səhər açılanda dilini mağaradan çölə çıxarır və ilahi nur bu cəsarətini qiymətləndirmir və onun dili həmin yerdə donub qalır.


Bəzi məlumatlara görə, bu qayanı görməyə gedən adam sayı 2008-də 800 nəfər olduğu halda, 2016-da 80000 nəfəri keçmişdir. 2009-cu ildə turist jurnalında foto və məqalələrin dərc olunmasından sonra bu ərazi məşhurlaşıb. Ondan sonra dünyanın hər yerindən gələn səyahətçilər öz güclərini sınamaq üçün buraya gəlirlər.


Qayaya çıxmaq üçün ən əlverişli vaxt iyun-avqust aylarıdır. Digər aylar məsləhət görülmür. (dumanlı hava, yağış, qar, güclü külək, sürüşkən qayalar əsas səbəblərdir)


Eyni zamanda qayaya getmək üçün təxminən 28 km məsafə qət etmək lazımdır.Troltanqaya qalxmaq üçün əvvəlcə Oddaya, sonra Tisedaldan keçərək Skyegedala getmək lazımdır. Formasına görə qaya dili xatırlatdığı üçün belə adlandırılır. Qayaya qalxmaq üçün 950 metr uzunluğu olan pilləkəndən istifadə olunur.


Təxminən qayaya gedib - gəlmək üçün əlverişli havada 10-12 saat lazım olur. Səhər saatlarında 7-8-də hiking-ə başlamaq məsləhət görülür. Sıldırım qayalar adamı hədsiz yorduğundan bəzən adam çox səbrsizlənir, amma səbrli olub davam etmək lazımdır, çünki görəcəyiniz mənzərə çox adamın görüləcək yerlər siyahısında (bucket list-ində) olan bir yerdir. Qayaya çıxmaq qayadan geri qayıtmaqdan daha asandır. Ümumiyyətlə, hava çox dəyişkəndir. Istənilən zaman yağış yağa bilər və qayalar çox sürüşkən olur. Qayaya gedilən yolda heç bir nəzarət yoxdur, hər bir şəxs özünə cavabdehdir. Yəni hansısa formalarda zədə alan insanlar olur, həmin vaxt orada ilk tibbi yardım edəcək şəxslər yoxdur. Düzdür, vertolyot müəyyən zamanlarda səmadan nəzarət edirdi, amma hansısa çox ciddi hadisə yəni ölüm baş verərsə, müdaxilə edərlər deyə təxmin edirəm. Detallı oxumasam da yaxın zamanda avstraliyalı bir gənc qayadan düşüb-ölüb. Hər bir halda, sadəcə ehtiyatlı olmağa çalışın. Ümumiyyətlə, qayaya gedib baxmaq üçün su keçirməyən və isti geyimlər, bol qida və su mütləqdir. Təbii ki fiziki güc də buna imkan verməlidir.


Gələn turist sayı çox olduğundan nəzərə alın ki, bir şəkili çəkdirmək üçün 1.5-2 saat növbədə gözləyəcəksiniz.

Belə çox danışmaq olar. Kim getmək istəsə, suallarını yazıb soruşa bilər :)


Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…



Paylaşdı:Ismail Ismailov

DİGƏR BLOQLAR

Pokhara, Nepal - Macəracıların şəhəri

Pokharadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Pokhara - özümü rahat hiss etdiyim, normal yeməklər yeyə bildiyim və hər küncündən zövq aldığım bir şəhərdir. Təəssüf edirəm ki, cəmi iki gün burda vaxt keçirə bildim, mütləq şəkildə Nepala təkrar səfərimdə Pokharada minimum 10 gün vaxt keçirməyi planlayıram.Kathmandudan 200 km aralıda yerləşən Pokharaya necə getmək olar bəs?3 seçim var :İlk seçim təyyarədir, yerlilər üçün qiyməti 25 dollar-tək səfərlik, turistlər üçün isə 50 dollardan başlayır, Kathmandudan təyyarə ilə Pokharaya cəmi 25 dəqiqəyə çatırsınız. Çox möhtəşəm səslənir.İkinci seçim avtobusla gedə bilərsiniz, qiymət 10-15 dollar arası dəyişir, əgər avtobusu seçmiş olsanız 8 saatlıq bir gəzintiyə hazır olun, qeyd edim ki, yollar biraz narahat olduğu üçün avtobus yox, elə bil traktorda getdiyinizi hiss edəcəksiniz. Ancaq pulunuza qənaət etmək üçün yaxşı seçimdir.Üçüncü seçim isə bildiyimiz taksilər, qiyməti 30-dollardan başlayır və daha da arta bilir. Taksi ilə məsafə demək olar ki, 4-5 saatdır, ancaq əksəriyyəti 50-dən yuxarı sürmürlər deyə, avtobusdan fərqlənmirlər. Biz taksi ilə getdik, ancaq 9 saata çata bildik Pokharaya...Otellərin qiyməti necədir? 5 dollardan başlayır, 30 dollara kimi davam edir və hər biri şəhər mərkəzinə yaxındır. Rahatlıqla ucuz qiymətli otellərdə qala bilərsiniz, təxmini hər biri bir-birinə oxşayır. Yeməklərində fərq ola bilər, amma Pokharaya gedirsinizsə mütləq şəkildə şəhər mərkəzində yerləşən restoranlardan birinə getsəniz daha çox zövq alacaqsınız. Kathmandudan sonra Pokharada getdiyim restoranlarda özümü çox rahat hiss edirdim, bütün yeməklərdən xüsusi zövq alırdım...Kathmandudan fərqli olaraq burda evlər bir-birinə bitişik deyil, küçələrdə səkilər var, maşınlar sizin üzərinizə gəlmir, rahatlıqla kənardakı mağazalardan həzz ala bilərsiniz, tələsməyinizə də ehtiyac yoxdur. Dağlıq ərazi olduğu üçün mağazalarda daha çox xizəklər, sport geyimləri ilə rastlaşacaqsınız. Qiymətlər isə olduqca münasibdir.Pokharadakı görə biləcəyiniz yerlərin bir hissəsinin siyahısı.Pokhara Phewa gölünün ətrafında yerləşir, şəhərin bir tərəfindən digər tərəfinə göldəki qayıqlardan istifadə edərək səfər edə bilərsiz. Qiymətlər 6 dollardan başlayır və dəyişir. Ancaq görüntünü görmək üçün mütləq mütləq qayıq turu təşkil etməlisiz. Ancaq əsas məsələ, qayıqla gəzməyinizə baxmayaraq avqust ayında səyahət etməyi planlaşdırırsınızsa hava dəhşətli dərəcədə isti olacaq. İsti o qədər kəskindir ki, nəfəs almaq olmur, oturduğunuz yerdə sifətinizdən tərlər su kimi axır... Müsbət tərəfindən baxsaq, pulsuz sauna adlandıra bilərik.Nepalın ən bahalı şəhəri Pokhara sayılır. Himalay dağlarına gedən əsas yollardan biri burdan keçir deyə, hər il turist axını baş verir, bu il də biz getdiyimiz hər yerdə 100-lərlə turistlərlə rastlaşdıq.Macəra sevərlərin məkanıdır Pokhara. Bütün növ ekstrim idman oyunları var, hər birindən maksimum dərəcədə yararlana bilərsiniz. Paraşüt üçün xüsusi bir məkanı var ki, bura dünyanın ən yaxşı paraşüt məkanlarından biri sayıla bilər. Əziz təbiətsevərlər, bura tamamilə sizlər üçündür.Kathmanduda hava və ətraf tamamilə çirkli olduğu üçün, orda yaşayan varlı insanlar Pokharadan ərazi alıb xüsusi evlər tikirlər, bu da şəhərdəki insan sayının artmasına gətirib çıxarır.İki gün ərzində sadəcə “Mahendra Mağarası”, “Phawe Gölü”, “ Pokhara Qalası” və “World Peace Pagoda”-nı görə bildik.Həyatımda ilk dəfə idi bir mağarada olurdum, çox fərqli bir macəradı, Mahendra mağarasında oksigen yoxdur deyə nəfəs almaqda çətinlik çəkdim. Mağaranı gəzdikcə bunun bir sonu olmalıdır deyə danışırdıq ki, bir də gördük sonluqda belə bir balaca büt qoyublar, şərflər, güllər, pullarla zəngin bir büt. Gələn gedən bir şey qoyub gedir. Mən sadəcə şəklini çəkdim, heçnə qoymadım Çıxış necədir? Bapbalaca dar qayalıq, aradan çıxmalısan, burda dedim yox, bacarmayacam, mümkün deyil, qorxu ələ almışdı və nəfəsim daralırdı. Sağolsun Banqladeşli dostlar necə motivasiya verdisə özgüvənim artdı və bunu bacardım. Çıxdıqdan sonra inana bilmirdim ki, mən bu balaca yerdən necə keçdim?! Mağaraya girişdə həyət o qədər gözəl, yaşıllıqlarla zəngindir ki, heyran qaldım sadəcə...Mağaranın çıxışı“Pokhara Qalası” - əslində bizi yarasa mağarasına aparacaqdılar, elə hazırlaşmışdıq, birdən fikirlərini dəyişdilər və qalaya apardılar, qala dağın başında yerləşir və piyada minimum 50 dəqiqə yürüyüş etməlisiniz. İsti olduğu üçün yol bitmək bilmir, uzandıqca uzanır, dəhşət yorucudur. Qalxdıqca düşünürdük ki, yəqin möhtəşəm bir qaladır ki, onu qoruyub saxlayır və sırf onu göstərmək istəyirlər. Amma nə imiş? Balaca bir məbəd, kənarlarında turbalar, vəssalam... Məbəd üçün yox, amma mənzərə üçün 2 saat da artıq yerimək olardı... Bir sözlə möhtəşəmmm... Qayıdanda şansınız olsa bir maşın olacaq və sizi aşağı düşürəcək. Biz bütün iştirakçılarla bərabər kamaz kimi bir maşının arxasında gəldik, çox maraqlı idi.Məşhur Pagoda Məbədi...Nepaldakı ən iri məbədlərdən biridir. Burda da iki seçiminiz var. Ya qayıqla yaxınlaşmalısınız Pagodaya, ya da maşınla. Bizim vaxtımız yox idi deyə maşınla qalxdıq, maşın yolu bitdikdən sonra 15 dəqiqəlik pilləkənli yollar başlayır. Turistik ərazi olduğu üçün Nepallılar fərqli əşyalar, suvinerlər, himalay kofeləri və fərqli atışdırmalıq nələrsə satırlar. Deməli bunların məşhur qəlyənaltıları nədir? Uzun-uzun doğranmış acı xiyar dilimi + milçəklərlə zəngin islanmış pul bibər və islanmış duz, xiyarın üzərinə bu sousu əlavə edib bəh-bəhlə yeyirlər, hər yerdə bunu görəcəksiz, balaca uşaqdan tutmuş, böyüklərə kimi hamının sevimlisidir..Pagodanın birinci hissəsində girişdə ayaqqabıları çıxartdıq, telefondan çəkilişə icazə yox idi, sadəcə buddist rahib dünyadan təcrid olunmuşdu deyə, rahat video da çəkdik, hələ üstəgəl o rahibin şəklini də çəkdik.Belə, Pokhara haqqında çox yazıb çox danışmaq istəyərəm, amma daha yormaq istəmirəm sizi, təşəkkürlər diqqətiniz üçün...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Mahbuba Musayeva

681 dəfə oxunub

Azor adaları - Sao Miguel və Flores

Atlantik okeanında olan bir vulkanik ada təsəvvür edin, qara qumlu sahilləri, ecazkar təbiəti, termal suları, möhtəşəm gölləri, şəlalələri, insanı rahatladan sakitliyi olsun. Çoxlarının ağlına ilk gələn ada İslandiya olacaqdır. Amma bura İslandiya deyil, İslandiyadan fərqli olaraq burada sıx meşələr, isti qumlu çimərliklər vardır, qiymətlər çox ucuzdur. Söhbət yerli sakinlərin Atlantisin son hissələri olaraq adlandırdığı Portuqaliyaya məxsus Azor adalar qrupuna daxil olan Sao Miguel və Flores adalarından gedir.Azor adalar qrupu 9 adadan ibarət olmaqla Amerika ilə Avropa arasında Atlantik okeanının ortasında yerləşir. Qrupda daha əvvəl Sao Miguel haqqında 1 post olub, Floresə isə bizim ölkədən gedən olub mu bilmirəm. Amma yaxın vaxtlarda paylaşacağım bir neçə post sonrası əminəm ki, bir çoxları yolunu bu adalara salacaqdır. Mən Sao Miguel adasında 6 gün, Floresdə 1 gün keçirməyimə baxmayaraq Sao Migueli tam gəzib qurtara bilmədim. Adada turist sayı və yerli əhali olduqca azdır. Daima sakitlikdir, təbiətin səsi hər yerdə insanı valeh edir. Sao Miguel adasında banan, ananas kimi meyvələr yetişdirilir. 1800-cü illərdən qalma çay plantasiyaları var. Hər tərəfdən nəhəng inəklər otlayır. Buna görə süd, pendir və sair heyvandarlıq məhsulları ölkəmizdən belə ucuzdur. Hər tərəfdə yerdən termal sular qaynayıb çıxır.Termal su axan şəlalə, təbii jakuzilər və hovuzlar vardır, hətta adanın bir hissəsində termal su Atlantik okeanının tam kənarında çıxır. Katerlə okeana çıxıb balina və delfinləri müşahidə etmək mümkündür. Restoranlarda balıq məhsullarının qiyməti çox sərfəlidir. Hətta ilin bəzi vaxtlarında balina ovlamağa icazə vardır və restoranlarda bu əti yeyə bilərsiniz. Məhşur yeməkləri cozidodur. Ət, kartof və əllərinə nə keçsə yığırlar bir qazana və Furnas bölgəsində olan Termal suların qaynadığı quyu kimi yerə basdırıb üstünü torpaqla bağlayırlar. Təxminən 10 saat sonra qazanları torpağın altından çıxarırlar və yemək hazırdır.Adada ictimai nəqliyyat vardır amma saytları portuqal dilindədir. Gün ərzində paytaxt Ponta Delgadadan kəndlərə bir neçə dəfə avtobuslar gedir. Amma bu möhtəşəmliyi görmək üçün ən ideal variant aeroportda avtomobil kirayə götürməkdir. Taksilər çox baha olduğu üçün avtomobil kirayə götürməsəz ada səyahəti boyunca əziyyət çəkə bilərsiz. Mən Sixt firmasından Renault Clio kirayə götürdüm. 5 gün üçün full insurance daxil təxminən 120 avro ödədik. Təxminən 500 km avtomobil sürdük, cəmi 30 avroluq gas istifadə edildi. Buna görə istədiyimiz hər yeri rahatca görə bildik. Yol boyunca otostop çəkən bir çox insanla dostlaşdıq. Ümumi ilkin olaraq bunları yazıb şəkillərlə baş başa buraxıram. Adanın möhtəşəmliyi barədə gələcək postlarda məlumat verəcəm. Kimin nə sualı olsa verə bilər.P.S. -Frankfurt, Lissabon ve Portodan adaya Ryanair uçur birbaşa reysle.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

806 dəfə oxunub

Makedoniyanın Mirvarisi – Ohrid

Ohriddəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Makedoniya haqqında maraqlı faktlar:Orta statistik azərbaycanlı turist üçün Makedoniya, səyahət etmək üçün ən ideal ölkələrdən biridir. Burda ingilis dili demək olar ki, lazım deyil, slavyan dilli olduğundan dilləri rus dilinə bənzəyir, özü də kiril əlifbasını işlədirlər, digər tərəfdən də ölkədə Osmanlı dönəmindən xeyli sayda türk qalıb. Demək olar bütün turistik yerlərdə, türklərə, türkcə danışanlara rast gələ bilərsiz. Deməli ölkədə dil probleminiz olmayacaq.Makedoniya Respublikası və ya rəsmi adı ilə Keçmiş Yuqoslaviya Respublikası Makedoniya Azərbaycan Respublikası vətəndaşlarından viza istəmir.Qiymətləri Şərqi və Qərbi Avropa ölkələrinə baxanda daha ucuzdur, təbiəti, dağları, göllər mükəmməldir və əlbəttə ki, hər bir azərbaycanlının vazkeçilməzi olan mətbəxi əladır.Makedoniya Yuqoslaviya dağılanda, ondan qansız-qadasız ayrılan yeganə dövlətdir.Ölkə ərazinin ortalama hündürlüyünə görə dünyada 5-cidir, zirvələrinin sayına görə isə dünya lideridir. Makedoniya ərazisində yerləşən 50dən çox göl və 34 zirvə dəniz səviyyəsindən 2000 m-dən çox hündürlükdə yerləşir.Indi isə başlayaq Ohridə səyahət zamanı başıma gələnlərə. Makedoniyaya Budapeştdən WizzAirlə uçmuşdum. Budapeşt – Skopye – Budapeşt reysinə 9504 macar forinti ödəmişdim, təxminən 30 avro. Gəlib Skopye aeroportuna çatanda artıq ilk şoku yaşadım, belə ki, şəhər mərkəzinə olan növbəti avrobus tam 1 saat 40 dəqiqə sonra idi. Açığı o qədər vaxtı orda heyf etmək istəmirdim amma taksilər də 20 avroya (tabloda yazılan rəsmi qiymət) aparırdı mərkəzə. Nəysə elə bu vaxt Budapeştdə yaşayan bir rumın qız bizi tapdı, biz də Kosovalı bir day-dayı tapdıq, oturduq maşına ki, gedirik mərkəzi avtovağzala adama da 5 avro ödəyəcəyik. Getdik çatdıq vağzala sürücü dedi ki, bu kosovalı adamın sizə dəxli yoxdu, siz 3 nəfər 20 avro verməlisiz, bu adam da 10 avro verməlidi. Elə bunu demişdi ki, mərəkə qopdu. Dayday qırıq ingiliscəsiylə anladır, izah edir, soruşur ki, do you understand? Deyirəm ki, No ???? mən sənə 20 avro verməyəcəm. Nəysə sonda razılaşdıq ki, 3 nəfər 16.5 eur verək (1000 denar), adama gözlədiyimizdən 0.5 eur çox. Yəqin artıq bəlli oldu ki, makedoniyanın yerli valyutasının adı denardı.Beləcə day-daya ürək sözlərimi deyib üz tutdum avtovağzala. Avtovağzaldan biletləri kartla almağın mümkün olmadığını görüb özümü verdim vağzala ki, pul dəyişmək üçün yer axtarım, beləcə 10 dəqiqə axtarandan sonra gördüm ki, bilet satılan pəncərələrin arasında 1 pəncərə pul dəyişmək üçündür, gözümün qabağında imiş görmürmüşəm. Avrolarımı dəyişib getdim bilet almağa.Skopyedən Ohridə bir çox avtobus şirkətləri gedir, onlardan ən ucuzu türklərin şirkəti olan “Delfina turs”dur. Bir tərəfli biletlər 450 denar (7.3 avro), gediş-gəliş biletləri isə 680 denardır (11 avro), bundan başqa qayıdış bileti açıq olduğu üçün, qayıdarkən 30 denar (0.5 avro) verib check in etməlisiz. Beləcə növbəti reysin 4 dəqiqə sonra yəni saat 9da olduğunu görüb, gediş-gəliş biletlərimi aldım və qaçdım avtobusa doğru. Saat 9-da avtobus yola düşdü. Avtobusla Skopyedən Ohridə səyahət hardasa 3-3.5 saat çəkir.Ohrid haqqında maraqlı faktlar:Ohrid şəhəri və gölü Makedoniyada yeganə yerdir ki, UNESCOnun qoruması altına alınıb və gölün təxminən 4 milyon il yaşı olduğu güman olunur.Ohridi bəzən Makedoniyanın Yerusəlimi adlandırılar, bunun da səbəbi odur ki, burada tam tamına 365 kilsə var, hardan baxsan günə 1 kilsə düşür.Hal-hazırda makedonlar da daxil, bir neçə slav xalqın istifadə etdiyi kiril əlifbası da məhz 9-cu əsrdə Kiril və Metodi qardaşları tərəfindən Ohriddə yaradılıb.Skopyedən Ohridə olan yolu 3-5 kəlimə ilə təsvir etsəm: dağlar, dağlar, dağlar, meşələr, meşələr, meşələr kimi olar. Bir də arada olan kiçik şəhər və qəsəbələr. Beləcə gəlib çatdıq Ohridin mərkəzinə, indi qalırdı tutduğumuz aparta getmək, nə xəritəmiz var, nə də internetimiz, qarşımıza çıxan ilk oteldən də dedilər ki, yollar 1 az dolanbacdır çətin olar sizə tapmaq. Qarşıma çıxan ilk taksiyə oturub dedim ki, bizi apar apartımıza. Bəxtimdən taksistimiz Erhan adlı türk çıxdı və 50 denara bizi aparta apardı. Kiməsə lazım olsa Erhanla bu nömrədən əlaqə saxlaya bilər, Viberdən də yaza bilərsiniz +389 71 351 008.Ohriddəki otellərə bu linkdən baxa bilərsiniz. Bizim tutduğumuz apartın linkini isə bura yerləşdirirəm. Apartın bir gecəsinə 20 avro verdim. Açığı apartdan Ohrid gölünə açılan mənzərənin gözəlliyi və ev sahibinin qonaqpərvərliyi o qədər xoş idi ki, bir gecə də qalmaq istəyirdim bu apartda amma artıq Skopyedə oteli rezerv eləmişdim. Beləcə yerləşib, düşdüm şəhərin canına.Ohriddə gəziləsi yerlər:Yuxarıda da qeyd etdiyim kimi Ohriddə 365 kilsə var və onların bir çoxu xaricdən bir-birinə bənzəyir, daxilini görmək üçünsə gərək azı 1-2 ay orda yaşayıb, gəzəsən amma mən sizə öz gördüklərim və turistlər arasında daha məhşur olanlarından danışım. Bir faktı qeyd edim ki, Balkanların bütün müsəlman və xristiyanlar yaşayan şəhərləri kimi, Ohriddə də bu 2 icma arasında bir yarışma var sanki və xristiyan tərəf üstünlük olduğundan hər yerə xaç basdırıblar, bütün qədimi kilsələrin üzərindəki xaçlara mavi led lampalar yeləşdirilib. Ohriddəki, kilsələrin ən gözəli yəqin ki, St. John Kanoe kilsəsi Kilsə X əsrdə tikilib və gölün sahilindəki qayanın üzərində yerləşir. Kilsənin ətrafından gölə möhtəşəm mənzərə açılır. Azacıq yuxarıdan isə Kilsənin fonunda gölü seyr edə bilərsiniz.John Kanoe kilsəsindən meşənin içi ilə üzü yuxarı irəliləsəniz qarşınıza St. Clement və Panteleimon kilsəsiçıxacaq. Kilsə Avropada ilk universitet kimi tanınır və Osmanlı dönəmində 2 dəfə məscidə çevrilsə də sonradan kilsə olaraq “həyatını davam etdirib”.Clement və Panteleimon kilsəsi ilə üzü yuxarı çıxsanız Çar Samuelin qalası ilə qarşılaaşacaqsınız. Mən axşam getdiyimdən qala bağlı idi və içinə girə bilmədim. Deyilənə görə gölə olan mənzərəni çıxsaq görüləsi çox şey yoxdur.Çar Samuelin qalasından bir az da irəli doğru irəliləyərkən qarşınıza Antik Teatr çıxacaq. Teatr eramızdan əvvəl 200cü illərdə tikilib amma bu günümüzə qədər çox yaxşı qorunub, sanki elə dünən tikiblər.Antik Teatrdan dolanbac və dar yollarla aşağı düşsənizSophia kilsəsinə çatacaqsız. Kilsə 9-cü əsrin sonlarında tikilib, istifadəyə verilib. Balkanlarda olan digər kilsələr kimi, bu da Osmanlı dönəmində məscidə çevrilib. Kilsənin içində 11, 12, 13-cü əsrdə çəkilmiş freskaları görmək olar. Çox qədim olduğundan freskalar bu günümüzə çox da yaxşı gəlib çatmayıb. Kilsəyə giriş xaricilər üçün 100, yerlilər üçün 50, tələbələr üçünsə 30 denardır.Sophia kilsəsindən sahilə tərəf düşəndə qarşınıza 2 ağ rənglənmiş ev çıxacaq. Bu evlərdən biri məşhur Robevlərin digəri isə Uranijaların evidir. Evlər ənənvi ülubda tikilib və tikintiləri 19-cu əsrin sonlarında başlayıb.Evlərin yanında isə əlişi kağız sexi yerləşir. Burada qədim üsullarla kağız düzəldilməsini izləyə, eyni zamanda özünüz ənəvi üsulla kağızın hazırlanmasında iştirak edə bilərsiniz. Kağızların hazırlanması, quruması bir neçə gün çəkir amma siz daha öncədən hazırlanmış və üzərinə rəsm çəkilmiş kağızlardan ala bilərsiniz.Bunlardan başqa Ohriddəki görülməli yerlərin siyahısına Ohrid, Bulvarını və şəhərin Tarqovusunu məsləhət görə bilərəm. Və bir də ki, Ohridin dar, dolanbaclı yollarında mütləq gəzilməlidir. Ohridi dünyada məşhur edən digər bir şey isə Ohridin mirvarisidir. Ohrid mirvarisi dünyaca məşhurdur və bir çox tanınmış və vəzifəli şəxslər Ohridin mirvarilərindən öz kolleksiyalarına əlavə ediblər. Bunların siyahısına, Kraliça II Marqarita, II Yelizaveta, Danimarka Kraliçası, Hollandiya Kraliçası və s. göstərmək olar. Ohriddəki mirvarilərin demək olar ki, yarında çoxu saxtadır. Original Ohrid mirvarisi almaq istəyirsinizsə ya Talev ya da Filev ailəsinə mənsub olan mağazalara baş çəkin. Bu 2 ailə Ohrid gölünün dərinliklərindən çıxardıqları mirvarilərin işləməsini hələ də sirr olaraq saxlayırlar.Ohridə gəlmişkən bir qayıq turu da götürüb şəhəri motorlu qayıqdan seyr etmək yerinə düşər. Qiymətlər qayığın böyüklüyündən, turun uzunluğundan və qayıqçının insafından asılı olaraq dəyişir. Alışın bəri başdan, qayığa minməmişdən turun müddətini və ödənişi razılaşdırın. Makedoniyanın taksistləri kimi, qayıqçıları da turistləri dollar işarəsi kimi görürlər. Məsələn qayığq minmədən deyilən 15-20 dəqiqəsi 5 avroluq tur, qayığa minəndən sonra yarıbayarı azalaraq 8-10 dəqiqəyə qədər azala bilər. Və  ya qayıqdan düşdükdən sonra böyük pulu versəniz ki al çıx, qayıqçı portmanem gəldiyimiz yerdə qalıb, xırdam yoxdu deyə bilər. Çalışın daha öncədən hazılıqlı olun, özünüzlə xırda pul götürün ya qayıqçını gözlədin gedib restoranlarda xırdaladıb verin. Ohridin qayıqçıları haqqında bu qədər. Ohriddə nə yeyilməlidir soruşulsa, deyərdim ki, mütləq balkanların məşhur çevapçiçasının dadına baxılmalıdır, yaxşı bir restoranda plyaskaviça da yemək olar. Bundan başqa Ohrid gölündən tutulmuş farel (Dalga restoranı) və kiçik belviçalar (Antik Teatrın yanındakı Gladiator restoranı) əladırlar və əlbəttə ki, bütün öyünlərdə yeməyin yanında yeyə biləcəyiniz şopska salatı. Balkanları bureksiz təsəvvür etmək çətindir. Pendirli, kartoflu, spanaqlı burekləri alıb aclığınızı azacıq yatışdıra bilərsiniz. Şiriniyyatlardan isə, bütün Balkanlarda məşhur olan triliçenin dadına baxmaq olar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh    

623 dəfə oxunub

Bir gəzəyənin Türkiyə günlüyü – Bu dəfə Artvin

Artvindəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Yenə mən, yenə Qara dəniz:) Bu dəfə Artvin...Əslində əvvəlcə Rizənin gəzməli yerlərini bitirib Artvin tərəfinə keçəcəkdim, amma sevgili gəzəyənlərin bir hissəsi Şavşatla bağlı yazmaqda israr edincə bu tərəfə keçdim.Artvin Türkiyənin özündə belə Rizə ve Trabzona görə daha az kəşf edilmiş, amma təbiət müxtəlifliyi baxımından daha zəngin bölgədi. Qiymətləri Rizə tərəfinə görə daha uyğundu. Amma xidmət Rizə yaylaları qədər deyil, təbii ki istisnalar var. Görməli yeri desəniz, saymaqla bitməz. Neçə gün ayıraq desəniz, məncə, bir həftə...- Artvində maşınsız gəzmək Rizəyə göre daha çətindi. Düzdü, yolları ən azından bir çox yerdə asfaltdı, amma daha uzaq məsafələrdi və virajlı olduğu üçün daha yorucudu. Maşını olmayanlar turla getsə yaxşıdı.- Hələlik maşınla gedəcəklər üçün marşrutu yazıram. Məncə, ən uzaqdan başlamaq hər zaman daha yaxşıdı. Onun üçün də tövsiyəm əvvəlcə cittaslow Şavşata getməkdi. Sarp sərhəd qapısından Şavşata təxminən 3 saatlıq yoldu. Yola Hopadan girəcəksiz. Tamamilə asfalt, amma baş döndürəcək qədər çox dolanbaclı, eyni zamanda Çoruh çayının sahili boyu çox gözəl mənzərəli bir yoldu. Şavşatda Laşet Pansiyonun bungalowlarında qalmağınızı tövsiyə edirəm. Bu il bilmirəm, keçen il 175 lirəydi (sabah yemeyi daxil). Getmədən zeng vurub yer ayırın, çünki dolu olur çox vaxt.- Şavşatda ilk görməli olduğunuz yer Karagöl milli parkıdı. Yolu düzgündü. Sabah saat 10-a qədər gedin, daha sakit olur. Kənarında çadır da qura bilərsiz - yer var bunun üçün. Qiyməti 25 lira. Qayıqla gəzə bilərsiz - 20 dəqiqəlik tur 20 lira.Kənarında bir tesis var, çay içə, yemək yeyə bilərsiz. 12 yataqlıq yerləri də var - boş olsa qala da bilərsiz.- Karagöldən sonra Balıklı gölə (Pınarlı) gedə bilərsiz. Göl deyib gözünüzdə böyütməyin, kiçicik bir göldü, amma ondan bir az yuxarıya çıxınca windows mənzərələri var:) 4 km yürüsəniz Şrata göllərinə çıxacaqsız. Balıklı göldən sonra maşın yolu yoxdu - piyada getməlisiz.- Bu gölləri də görüb qayıdandan sonra xüsusilə payızda və qışda inci kimi görünən Yavuzköyü görmənizi tövsiyə edirəm. Klassik Şavşat evlərini görəcəksiniz - bu evlər Qara dənizdə başqa heç yerdə yoxdu. Yavuzköydə Şavşat Evində pendir əritməsi və silori yeyin:)- Şavşatdan sonra istəsəniz Yusufelinə keçə bilərsiz - amma ilk dəfədirsə çox risq eləməyin, yolları çox çətindi.- Artvinin o tərəflərini bitirib geri qayıtdıqdan sonra yolunuzu mərkəzə salın. Artvin mərkəzdə bir şey yoxdu, amma şəhərin içindən keçib yuxarılara doğru çıxdıqca mənzərə deyişir. Kafkasör Yaylasında qala bilərsiz.- Amma vaxtınız azdırsa bu istiqamətə girməyə də bilərsiz. Şavşatdan geri Borçkaya keçin. 3 saatlıq asfalt yoldu - yenə dolanbaclı təbii ki:) Bir Karagöl də Borçkada var - qalacaq yer yoxdu, amma gəzə bilərsiz. Borçka yaxınlarında, Klaskurda qalacaq pansiyonlar var - internetdən baxa bilərsiz.- Borçkada qalmaq istəməsəz - ki məncə qalmağa ehtiyac da yoxdu - Maçahelə gedin. Maçahel məncə Artvinin ən gözəl yeridi. Borçka Karagöldən davam eləyən asfalt yol sizi Camili kəndinə qədər aparacaq. Bu yolda ən riskli yer Canqurtaran keçididi, riski də çox zaman qatı dumanlı olmasıdı. Ən çox qəzalar burada olur, diqqətli gedin. Men 5 km sürətlə və sürekli siqnalla getdiyimi bilirəm:)- Maçaheldə görməli olduğunuz yerlər Maral şəlaləsi, Efeler, Kayalar və Camili kəndləridi. Camili tam Gürcüstan sərhədindədi - jandarma postunu görəcəksiz. Məscidləri, evləri maraqlıdı. Kayalar və Efeler kəndlərinin isə mənzərələri öldürücü dərəcədə gözəldi - təbii, yollarına girməyə cəsarət eləsəz:) Camiliyə qədər asfalt olan yollar kəndlərdə torpaq və bir tərəfi uçurum olan dar yollara çevrilir - xəbəriniz olsun. 4x4, ən azı 4x2 olmadan girməyin.- Maral şəlaləsinə Camilidən gedilir, bir yerdən sonra yol yoxdu, park edib, aşağıya doğru ən az 15-20 dəqiqə pilləkanlarla enirsiz. Pilləkanların ortasında çay içə biləcəyiniz kiçik bir kafe var. Enmək bir az yaxşıdı, çıxmaq yorucudu, nəzərə alın:)- Efeler- Kayalar köyü arasında Maçahel Baraka deyə bir yer var, bölgənin ən gözəl çayını için, ən gözəl balını alın. Maçahel balı Türkiyənin en yaxşı ballarından sayılır, unutmayın.- Maçaheldə harda qalmaq məsələsinə gəlincə, biz İremit Pansiyonda qalmışdıq. Keçən il adam başı 100 lira ödəmişdik( səhər və axşam yeməyi daxil). Bu il necədi, bilmirəm. Pansiyon köhnə bir kənd evidi və çox zaman dolu olur, hamı da Sevdanın yeməkləri üçün oraya gedir, siz də gedin:) Olmasa, Efeler ve Kayalarda başqa maraqlı pansiyonlar da var.- Maçaheldə əksəriyyət gürcü olduğu üçün gürcü mədəniyyəti, gürcü yemekleri hakimdi, klassik Qara dəniz mətbəxi gözləməyin.- Maçaheldən sonra istəsəniz Fındıklı, Gorgit yaylalarına gedə bilərsiz, amma rəhbərsiz yola çıxmayın. O kəndlərdə rəhbər tapa bilərsiz. Tapmasaz mənə yazın, mən taparam:)- Ən son aşağı enib Hopaya dönmədən Arhaviyə gedib Mençuna şəlaləsini də görə bilərsiz, istəsəniz. Amma yayda suyunun az olduğunu nəzərə alın.- Başqa sual qalmaz ümid eləyirəm ki:) Qaldısa, yaza bilərsiz:)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1046 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!