1348 dəfə oxunub

Su Altı Cənnəti - Gili Adaları

Gili-Trawangandakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Gili Adaları- İndonezyada Maldivlər - Bali adasına gedib də Gili adalarına getməmək Londona gedib Big-Beni görməməklə eyni olar. Gili 3 adadan ibarətdir: Gili-Air, Gili-Meno Gili-Trawangan. Bunlardan Gili-Meno balayı adası sayılır. Gili-Trawangan isəadalardan ən böyüyü və ən maraqlısıdır. Belə baxanda adaların hər üçü maraqlıdır.

19400472_1685109318185358_991967671438501051_o

Adalara gediş sadədir. Girirsiniz instagrama- “Balidaily” hesabını açırsız və orada Balidən Gili adalarına gedən sürət katerlərindən hər hansı birini seçib adaya sürət katerləri ilə gedib-qayıda bilərsiniz. Sizi aparacaq kater firması pulsuz olaraq qaldığınız otelə taksi göndərir və katerin olduğu yerə aparır. Adaya gedib-gəlmə günlərini əvvəlcədən seçirsiniz.( Katerlə gediş-dönüş qiyməti təxminən 40 azn). Adada qiymətlər və otellər Balidən daha ucuz olduğundan tətilinizin 2-3 gününü buraya ayırıb həm sakitlik, həm də əsl rahatlığı burada tapa bilərsiniz. Məsələn okean kənarı şəxsi hovuzu olan villanı günü 40-50 manata tuta bilərsiniz. Gili adalarında İstanbuldakı Böyükada olduğu kimi avtomobil sürmək qadağandır və yoxdur. Adada velosiped və ya mini motoları günü təxminən 10 manat ödəməklə kiralaya bilərsiniz və ya atlardan istifadə edə bilərsiniz. Adalar arası sürət kateri ilə məsafə təxminən 10 dəqiqəlikdir. Yuxarıda göstərdiyim kater firması da əvvəlcə Gili Air, sonra Gili-Meno, ən sonunda isə Gili Travangana sərnişinləri aparır. İstədiyiniz adada düşüb həmin adada qala bilərsiniz. Qaldığınız adadan sıxıldığınız zaman isə 3-5 manat ödəyib digər adaya katerlə keçə bilərsiniz. Atdığım xəritədə adaların hər birində olan məşhur yerlər göstərilmişdir. Endirib yaxınlaşdırıb baxa bilərsiniz.

18815149_1685110034851953_890814096502467522_o

Gili adalarının məşhurluğunun səbəbi sakit dəniz və mavi tərtəmiz okean suyunun olması, dalış üçün ideal yerlər olmasıdır. Adalarda olan çoxsaylı dalış klublarından hər hansı birinə təxminən 15-20 manat ödəyib 6-7 saat ərzində şnorkellə və ya tüplü dalışlara qatıla bilərsiniz. Heç birini bacarmasanız da olar, özləri təxminən yarım saat hovuzda dərs keçirlər və öyrənirsiniz. Mən internetdə araşdırıb “Dive Central Gili” klubu barədə müsbət rəylər yazıldığını görüb dalış üçün həmin klubdan istifadə etdim.

19399962_1685110248185265_2196523778134242786_n

“Turtle paradise” adlı yerdə siz yüzlərlə dəniz tısbağası görəcəksiniz. Ölçüləri bəzən 1 metr həcmində belə olur. Adrenalin sevənlər adadan biraz uzaqda olan “Shark point” adlanan hissəyə də gedə bilərlər. Köpək balıqları heç qorxulu deyilmiş))).

19417220_1685110914851865_3288209066210464941_o

Gili Air mərcanlar, batmış gəmilər, sualtı heykəllər, Gili Meno nəhəng dəniz tısbağaları, Gili Travangan ətrafındakı dalışlar zamanı isə fərqli balıq növləri görə, okeanın altında tərtəmiz mavi suda həmin balıqlarla selfie çəkə bilərsiniz))). Telefonu su altında istifadə etmək üçün xüsusi plastik qutular var, qiyməti təxminən 5-10 manat arasındadır. Dəniz kənarlarında hər yerdə satılır. Balidən fərqli olaraq ada sakinlərinin 90 faizi müsəlman olduqlarından yemək barədə sıxıntınız olmayacaqdır. Axşam saatların bütün turistlər və yerli sakinlər dəniz sahillərində olur. Bütün gecəni canlı musiqi və sair əyləncələr keçirilir. Okean sahili, sarı qumlar, canlı musiqi, mükəmməl hava, mavi dəniz və Bintang. Günəşin çıxmasını gözləyib bu möhtəşəm mənzərənin şahidi ola bilərsiniz və həqiqətən də o, an həyatda ən unudulmaz anlardan birinə çevrilir. Beləliklə Baloyə getdiyiniz halda Maldiv gözəlliyi, sakitlik və rahatlıq, çox ucuz qiymətlərə istirahət tapmaq istədiyiniz halda Gili adalarına mütləq gedib ən az 2 gününüzü orada keçirin. Katerə qayıtdığınız zaman əmin olun ki, ayaqlarınız arxaya qayıtmaq istəyəcək. Sonda buraya qədər oxuyan bütün qrup üzvlərinə bir gün dünya səyahətinin qismət olmasını arzulayıram. Növbəti yazılarda görüşənədək.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Рашид Азе

DİGƏR BLOQLAR

Əsl italyanların Milanı

Milandakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Milanda gəziləsi yer deyəndə birmənalı olaraq ağıla gələn yer “Duomo!”. Yox, bu haqqda heç danışmayacam da. (Amma bu oranın möhtəşəm olmağı reallığını dəyişmir.)Milana getməyi düşünəndə çox adam mənə o məşhur, heç bir arqumenti olmayan sualı verdi: “ nə var e orda?!”. Eyni zamanda bu qrupda da axtarışa verib nəticələrə baxdım, heç ürəkaçıcı deyildi. Fifiçka bacılarımız hamısı “üff sıxıcı yer idi(((“ deyə təəssüratlarını bölüşüb və ya oğlanlar “1 gün bəsdir, ondansa Venesiyaya gedin” tipli şərhlər bildirib. Nəyə görə? Kimə görə? Məsələ sadəcə sizin getdiyiniz yerdə nəyə baxmağınızda deyil, nə görməyinizdədir. Mənim gördüyüm Milan heç də “boz şəhər” deyildi. İnsanları da fərqlidir. Romadakı dəli italyanlardan sonra ilk dəfə Florensiyada indi isə burda mədəni, eleqant, hətta aksenti və danışıq tərzi təmiz olan "коренной" italyanlar gördüm.Səfəriniz avtobusla olacaqsa mənim kimi çatar-çatmaz Lampugneno stansiyasından bir başa San Siro metro stansiyasına və eyniadlı (ya da Cüzeppe Meatsa) stadiona baş çəkə bilərsiniz. Ondan əvvəl həmişə İtaliyanı Azərbaycanla müqayisə edənlər üçün deyim ki, 2,3,4-cü şəkillər avtobusların yolüstü dayanacağı, bizim Kürdəmirin “Bığ” restoranı kimi bir yerdir amma hər cür içki, yemək hətta kitablar da satılır içəridə. Nəqliyyat sisteminə yaxşı demək olar. Burda tramvaylar köhnədir deyə şikayətlər görmüşdüm, mən əksinə vintaj stildə olmalarını bəyəndim, təmizlik ya işləkliyi ilə bağlı problem yoxdur yəni. 48 saatlıq biletin qiyməti 8.25€ idi və qalacağınız müddətə uyğun belə kartlardan alsanız daha sərfəlidir. Təkcə yoxlanış olar qorxusuna görə yox, hər yerə metro ilə getmək ən uyğun vasitədir deyə. Ümimilikdə metro sistemi yaxşı qurulub və rəngləri sevən biri olaraq yaşıl, bənövşəyi, qırmızıya boyanmış stansiyalara heyran oldum.Növbəti getdiyim yer qəbiristanlıq oldu. “Sonda hamımızın gedəcəyi yerdsfgh” deyə düşünüb düzəldim yola. İlk baxışdan Cimitero Monumentale adlı bu yerin xarici görünüşü, daha sonra içəridəki abidələr insanın məzarlıq anlayışını dəyişir. Daha çox yayılmış formada yazı ilə olan başdaşları varlılarda büstlər və heykəllərlə (sadə duruş formasında) əvəz olunur (fəxri xiyabandakı kimi). Buradakı insanların həyatı boyu ən çox tanındığı formada (daha çox peşəsi ilə bağlı) və ya o öləndən sonra ətrafındakı insanların düşdüyü vəziyyəti təsvir edən heykəllər isə əsl sənət əsəri hesab oluna bilər. Elə həmin ərazidə səssizlikdən zövq almaq üçün kiçik park da var.Şəhərin marağı birdən-birə tam fərqli şeylər yaşada bilməsindədir. Porta Garibaldi adlı ərazidə eyniadlı metro stansiyası da var və burada italyanların uzun etirazlarına baxmayaraq açılan Starbucksı görə bilərsiniz. Heç 200 metr getməmiş bir də baxırsan ki, alov qüllələrimizə bənzəyən binalar. Ordan da düz gedib kimnən soruşsaz şaquli meşəni (Bosco Verticale) göstərəcəklər.Lunapark həvəskarı biri olaraq deyə bilərəm ki, Sempione parkı məni əməlli sevindirdi. Atraksiyonun qiyməti 5€, yaşatdığı hisslər dəyərsiz. Həmçinin rəngli insanların çalıb oxumağı ayrı aləm idi. Rəngli insan demişkən, Krişna tərəfdarlarının məni aparıb ibadətlərinə qoşmağını da qeyd edim ???? "Hare hare" deyib oynaya-oynaya qoluma girdilər bir də onda xəbər tutdum ki, oturmuşuq 30 nəfər uzun bir masada veqan yeməyi ilə su içirik. Bu məsələni bilməyənlər araşdırsın, qəşəng söhbətdir."Shopping" adamı deyiləm deyə bu barədə çox nəsə deməyəcəm amma Buenos Aires adlı küçə ən çox alış-veriş edilən yerlərdən biridir.Bütün yerlərdə ingiliscə bilən çox adama rast gələ bilərsiniz.Əlavə olaraq küçələrdə və ya kafelərdə hazırladıqları kreplərin və gelatonun dadına baxmağı, qalmağa yer olaraq “Queen Hostel”i seçməyinizi (gecəsi 25-26€, təmiz və əyləncəli və səhər yeməyi daxil), "Google maps"-dən çox istifadə etmədən gəzib yeni şeylər tapmağınızı məsləhət görürəm.Birinci şəkil isə L.O.V.E abidəsidir. Orta barmaq bütün bank işçilərinə və birja sisteminə qarşı qalxıb.Kiminsə nəsə deməsinə baxıb ruhdan düşməyin, gedəcəyiniz yerdə ora əvvəl gedənlərin görmədiyi, sizin kəşf edəcəyiniz çox yer var, əmin olun.With love! ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Samra Rzayeva

1113 dəfə oxunub

Auschwitz - Ölüm düşərgəsi bələdçisi

Polşanın cənubunda yerləşən və milyonlarla insanın Nasist Almaniyası tərəfindən qaz otaqlarında boğulduğu, güllələndiyi, aclıqdan öldüyü, asıldığı, inanılmaz işgəncələrə məruz qaldığı yer - Auschwitz digər adı ilə ÖLÜM DÜŞƏRGƏSİ Üçüncü Reyx (Nasist Almaniyası) tərəfindən ikinci dünya müharibəsinin gedişində qurulmuş ən böyük toplama düşərgəsidir. Burada bütün Avropadan 1.1 milyon insan öldürülmüşdür (1 milyonu yəhudi olmaqla). Almanlar SSRİ-nin üzərinə hücum edərkən ordunun arxasından gələn SS zabitləri (həmin dövrün Daxili İşlər Nazirliyi deyə bilərik) şəhərlərdəki yəhudiləri yığaraq bu kamplara gətirirdi və təxminən 900 mindən insan kampa girən kimi ya birbaşa qaz otaqlarına göndərilir, ya da güllələnərək öldürülürdü. Auschwitz-in 3 düşərgəsi var və bunlar bir-birlərindən təxminən 4-5 km aralıda yerləşirlər. Düşərgələr Polşanın cənubunda Oświęcim qəsəbəsində yerləşir. Buraya getmək üçün ya Krakovdan ya da Katowicedən Oświęcim qatarlarına minə bilərsiniz. Qatar stansiyası ilə düşərgə arasındakı məsafə təxminən 2 kilometrdir. Bir düşərgədən digərinə getmək üçün özlərinin pulsuz avtobuslarından istifadə edə bilərsiniz. Auschwitz 3 hissədən daha doğrusu 3 düşərgədən ibarətdir. 1-ci düşərgə Almanların qərargahının olduğu, təxminən 70 mindən Polşalı yəhudinin və sovet əsirinin öldürüldüyü hissədir. Bundan əlavə hər 3 düşərgənin də idarəsi buradan həyata keçirilirdi. Düşərgənin girişində alman dilində bəşər tarixinin ən böyük yalanı yazılıb "arbeit macht frei" (işləmək səni müstəqilləşdirər) 3 düşərgə arasında ən sağlam vəziyyətdə qalmış düşərgə buradır. Çünki, sovetlərin gəldiyini eşidən almanlar bütün düşərgələri dağıtmışdı amma buranı dağıtmağa imkan tapa bilməmişdilər. Düşərgənin içərisində yerləşən qaz otağından tutmuş, ölüm divarına (əsirlərin güllələndiyi divar) qədər hər hissə insana çox qəribə hisslər yaşadır. Burada hər millət üçün fərqli binalar mövcud olub və o binalar hazırda muzey olaraq fəaliyyət göstərir. Düşərgədəki muzeylər Almanların etdiyi soyqırımı və bu soyqırım qurbanlarının çəkdiyi əziyyətləri ziyarətçiləri təqdim edir. Muzeylərdə minlərlə soyqırım qurbanına aid ayaqqabı, eynək görə bilərsiniz. Almanların dağıtmağa vaxtlarının çatmadığı qaz otağının aurası isə sözlə izah edilə biləcək səviyyədə deyil. Bu otağa həmin dövrdən bəri toxunulmayıb və otağın girişində sadəcə bu sözlər yazılıb "SS-in minlərlə insanı öldürdüyü binadasınız. Lütfən, burada səssiz olun: onların əzablarını xatırlayın və xatirələrinə hörmət göstərin". 2-ci düşərgə (Birkenau) ən böyük faciələrin yaşandığı düşərgədir. Şindlerin siyahısı filminə baxanlar bu hissəni çox daha gözəl xatırlayar. Çünki, filmin son səhnəsi məhz buradakı dəmir yolunun üzərində çəkilmişdi. Düşərgənin içərisinə birbaşa dəmir yolu xətti gəlir (hazırda istifadə olunmur) və müharibə dövründə qatarlara yığılan yəhudilər birbaşa düşərgənin içərisinə gətirilir, buradan sağlam olanlar seçilib ağır işlər görməyə yollanır, qeyri-sağlamlar, qadınlar, yaşlılar, uşaqlar isə birbaşa qaz otaqlarına göndərilirdilər. Həmin sağlam olanlar da ağır işlərdən və işgəncələrdən sonra "qeyri-sağlam" statusu alıb digərləri ilə eyni taleyi paylaşırdılar. Burada 6 qaz otağı və 4 meyid yandırma təsisi mövcud olub. Qaz otaqlarında öldürülən və ya güllələnən insanlar meyid yandırma təsislərinə aparılıb yandırılırdılar. Lakin, bu düşərgədən qaçan 2 yəhudi bütün düşərgənin sxemlərini müttəfiqlərə ötürməyə bacarmışdı və bundan xəbər tutan almanlar, sovet əsgərlərinin də gəldiyini də görərək düşərgəni dağıtmışdılar. Daha doğrusu düşərgədəki qaz otaqlarını və meyid yandırma təsislərini. Əsirləri düşərgəyə gətirən dəmir yolu xətti və 1 vaqon hələ də sağlam vəziyyətdədir. 3-cü düşərgəyə həm vaxt baxımından həm də görüləcək çox şey olmadığından getməmişəm. Amma məlumat üçün deyim ki, 3-cü düşərgə Siemens və onun kimi böyük şirkətlərin işlərini görmək üçün əsirlərin işlədildiyi bir düşərgə idi və o düşərgədə də "gücdən düşmüş" əsirlər 2-ci düşərgəyə gətirilib yandırılırdı. Auschwitzdəki mənzərələr həqiqətən də inanılmazdır, buranı gördükdə insanın insana belə şeyləri necə edə biləcəyinə belə inana bilmirsən. Bir insanın hansı dərəcədə sadist ola biləcəyinin ən böyük örnəklərindəndir Auschwitz. Buradakı insanların fabrik şəklində öldürülüb, yandırılmasına başlıca payı olan insan nə Hitler, nə Gobbels nə də başqa alman generalları idi. Buradakı insanları yaxından görən, onlara bunların edilməsini zabitlərə əmr edən, durmadan daha çox yəhudi öldürməyin yollarını axtaran şəxs SS-in rəhbəri Heinrich Himmler idi. Bütün bu düşərgələrin də fəaliyyəti birbaşa ona bağlı idi. Sovetlərin Stalingrad və Moskvadakı qələbələrindən sonra qəzəblənən Himmler, oradakı öldürülən əsgərlərin də günahını yəhudilərdə görürdü. Düşünürdü ki, bu müharibə yəhudilərə görə başladı, elə isə onlar bunun cəzasını çəkməlidir və bu düşüncə ilə 1943-cü ildən sonra yəhudilərin öldürülməsi daha da şiddətləndi. Hətta alman zabitlər öz yazılı məruzələrində fəxrlə "bu gün 90 min yəhudi" yandırdıq deyə bilirdilər. Düşərgələrə getməzdən öncə mütləq rezervasiya etməlisiniz. Əgər bələdçi ilə rezervasiya istəyirsinizsə təxminən 30 manat ödəməlisiniz. Ödəniş etmək istəmirsiniz və özünüz gəzmək istəyirsinizsə bunun üçün 17:00-dan sonra olan pulsuz rezervasiyaları əldə etməlisiniz. Öncədən rezervasiya üçün visit.auschwitz.org/rezerwacja/termin.html?idg=1 saytından istifadə edə bilərsiniz. Düşərgəyə qatarla getmisinizsə çalışın 20-dan öncə işlərinizi yekunlaşdırın. Çünki, 20:30-da sonuncu qatar yola çıxır Katowiceyə. Krakow qatarı isə 19:30-a qədər işləyir. Ən yaxşı variant isə 20:30-da Katowice qatarına çatmaqdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sadig Aghali

1361 dəfə oxunub

Italiya Bələdçisi

Salamlar dəyərli qrup üzvləri,Bu postda Sizə İtaliya istiqamətində növbəti rəsmi səfərimizdə seçdiyimiz otel, Frascatidə yerləşən “Villa Tuscolana”nın tarixi və möhtəşəmliyindən danışmaq istəyirəm. Əgər sakit, passiv istirahət etmək, sözün əsl mənasında dincəlmək, təmiz hava, gözəl mənzərədən zövq almaq, aileniz, dostlarınız və kolleqalarınızla gözəl vaxt keçirmək, eyni zamanda rahat işləmək və tədbirlərinizi təşkil etmək istəyirsinizsə, o zaman Villa Tuscolana gözəl seçimdir.Tuscolanaya Qatarla Roma Terminidən Frascatiyə ( 3 stansiya, 2,1€) gəlib oradan piyada 20-25 dəq getmək olar ( ve ya Frascatidən taxi ilə). Bu tarixi Villa Tuskolo dağının yamaclarında yerləşir. Bu, Tuskolandakı on villadan biridir və Frascati şəhərinə baxan təpədə dominant mövqe tutur. 1578-ci ildə Markus Tullius Cicero'nun qədim Roma iqamətgahının xarabalıqları üzərində yerli adı "La Rufinella" Alessandro Rufininin vəsiyyətinə əsasən inşa edilmişdir. Əsrlər boyu danılmaz əzəməti sayəsində Villa Tuskolana Roma aristokratiyasının ən mühüm ailələrinin bir çoxuna mənsub idi. Napoleonun qardaşı Şahzadə Luçano Bonapart, Burbon kraliçası Mariya Kristina və Kral II Viktor Emanuel kimi Avropanın hər yerindən gələn məşhur şəxsiyyətlər illər ərzində möhtəşəm otaqları canlandırıblar.1872-ci ildə villanın ətrafında aparılan arxeoloji qazıntılar zamanı burada tarixi izlər tapıldı və tədricən Parisdəki muzeylərə hədiyyə edildi. Sonrakı sahibi Elisabetta Aldobrandi Lancellotti, daha sonra həyati layihəsini həyata keçirdi: Villa Tuskolanı digər iki villası, Villa Aldobrandi və Villa Lancellotti ilə yeraltı tunellər vasitəsilə birləşdirdi.1834-cü ildə villada qonaq olan italyan şairi Cüzeppe Gioachino Belli bu ab-havadan elə heyran olmuşdu ki, ona bir sonet həsr etmişdir: “La Rufinella”. İkinci Dünya Müharibəsi zamanı Villa Tuscolana düşmən bombardmanı nəticəsində zədələnmiş, lakin dərhal sonra o, Salesian Ordeni tərəfindən bərpa edildi və bu gün heyran ola biləcəyimiz inanılmaz bir otelə çevrildi. Otelin qiymətləri gündəlik 70-100 € civarındadır. Xidmət və yeməkləri çox möhtəşəmdir. Bookingdən və ya Villanın resmi saytından bron edə bilərsiz.Paylaşan: Sevinj Osmanli

47 dəfə oxunub

Mavi qübbəli kilsələr adası - Santorini

Santorinidəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Daha öncə Santorini barədə yazılan posta və postlara qüvvət olaraq, ora getmək istəyənlər üçün istərdim ada barədə daha geniş məlumatlar verim.Santoriniyə Naxos adasından gəldik, biraz yorğunçuluq olduğu üçün əvvəlcədən adanı gəzəcəyimiz marşrutu belə planlaşdırmamışdım. Yalnız adaya çatmağımıza yarım saat falan qalmış, fikirləşdim ki, girib internetdə baxım görüm nə məlumatlar tapıram.İlk qabağıma çıxan blogdan aşağıdakı xəritəni tapdım, hansında ki, əsas qaymaq yerləri göstərilib. Yerlərin şəkillərini və məlumatlarını tapıb baxdım və adanın bir ucundan digər ucuna qədər ardıcıl gedilə biləcək məkanları seçdim.Adada cəmi 10-11 saat vaxtımız olacağına görə, düşündüm ki, ən salamatı icarəyə maşın götürməkdir (sürə bilmək və vəsiqənin olmağı yaxşı şeydi ????). Başladım Santorinidə olan bütün kirayə maşın ofislərinə bir-bir zəng etməyə. “Late booking” olduğuna görə, üstəlik də 1 gecəlik heç kəs maşın vermək istəmirdi. Ən sonda ümidlərim ölənə yaxın, ofisin birindən “hə” cavabı aldım. Nissan Micro/avtomat qutu, 1 sutkalıq kirayə 70 avroya götürdüm.Adaya çatdıq və gecələyəndən sonra, səhər saat 7-dən etibarən düşdük adanın canına. Təyin etdiyim marşrut üzrə gəzməyə başladıq. Arada yeməyə yer lazım olduqca, Tripadvisor istifadə edirdim. Açığını desəm, məncə maşın götürməsəydim, adadan bu qədər həzz və xoş təəssürat almazdım bəlkə də. Yəni götürməyimə dəydi.Firada “Skaros Rock”a qalxdıq. Çox bomba məznərə açılır ordan və qayanın ən təpəsinə qalxmaq ayrı bir adrenalin verir. Videoda həmin mənzərəni görə bilərsiniz. (aşıq musiqisini sevməyənlər səssiz baxsınlar ???? - https://www.facebook.com/cuvarov/videos/pcb.832509447144273/2375217885870159/?type=3&theater&ifg=1) Skarosun özündə köhnə qala tikilisinin qalıqları hələ də qalmaqdadır.Daha sonra nahara Oiada yerləşən “Lioyerma pool adlanan” adlanan pulsuz hovuza getdik. 1 dənə dondurma alaraq saatlarla vaxt keçirə biləcəyiniz yerdir.Ordan Amoudi Bay restoranlarından birinə getdik. Həmin kiçik körfəzdə 4 dənə yanaşı restoran var, hansılar ki, dəniz məhsullu yeməkləri dəhşətli dərəcədə dadlıdır və adam əlindən tərpənmək olmur. Yeri çox gözəl, servisi də çox yaxşı idi. Lobsterin yanında verdikləri xüsusi sousda vermişel isə dəhşət... onu mütləq dadın ???? 76 avro xərcimiz çıxdı salat, yemək və içki qarışıq hamsına.Ammoudidən sonra isə adanın aşağı küncündəki maraqlı çimərliklərə getdik.Yeri gəlmişkən, adanın yuxarı nöqtəsindən aşağı nöqtəsinə qədər təxmini 20-25 dəqiqəyə çatırdıq. Yollarda bir dənə də olsun işıqfor, polis və s. yox idi. Sürət nişanları olsa da, sürəti hamı özü seçirdi ???? Bir mənfi cəhət, yolların gecə ümumiyyətlə işıqlandırılmaması idi.Əlavə olaraq qeyd edim ki, nağd pul bizə demək olar ki, lazım olmadı. Hər yerdə pos terminal var. Sadəcə ictimai nəqliyyatda məncə nağd pula ehtiyac olur.Ümumilikdə ada çox xoşumuza gəldi. Santorinini tam yaşamaq üçün 2 gün bəs edər, amma məncə kirayə maşınla.#Santorini #GreeceDaha geniş məlumat, əlavə muzeylər və ideyalarla keçiddən tanış ola bilərsiniz: https://santorinidave.com/best-things-to-do-santoriniƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elvin Cuvarov

1498 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!