2835 dəfə oxunub

Təbriz və Ərdəbil bələdçisi

Cənub Torpaqlarımıza səfər haqda..
Həvəsiniz olsa oxuyarsız????
Səhər 6-da Bakıdan çıxdıq 2 saat sonra Biləsuvar sərhəd keçid məntəqəsində idik (şəxsi maşınlarla). Sərhəddə Azərbaycan tərəfdən rahat İran tərəfdən isə sıra sistemi qurulmadığı növbəsiz sistemsiz (kim qabağa düşdü sistemi ilə) keçməli olduq. Ona görə bir az gözləməli olduq.

65848464_893994404293698_787035224935497728_n

Sərhəddi keçdikdən sonra taksi ilə Təbrizə yola düşdük (taksi adam başına 12 ₼ (Bakıdan bir başa avtobus 30₼, ona görə Biləsuvara gedib ordan taksi ilə getmək daha sərfəlidir)). Yolları yaxşı olmasa da pis də deyildi. 2 taksi ilə gedirdik (qardaş idilər), yolda çox adrenalin yaşadıq, riskli sürürdülər. Bir yerdə dərəyə gedirdik az qalsın, bir təhər yığışdırdı. Yolüstü Mişgen Şəhərində durduq, yemək üçün günorta yeməyini buraxıb təbii qaymaq və bal yedik, çox dadlıdır oraların qaymağı.

Xülasə, 15:00-da çatdıq Təbrizə. Otel 3 ulduzlu idi, adı Fərid otel. Şəhərin mərkəzində yerləşirdi. Günlük səhər yeməyi daxil, adam sayına görə dəyişməklə gecəsi 15-17 ₼ idi (günlük 5-10 ₼ olan hostellər də var).
Təbrizdə gedilməli yerlərə gəkdikdə isə, ən tanınan yerlər Eynalı dağı, Şah gölü, Təbriz bazarı, Şairlər məqbərəsi və bir neçə muzeydir (Azərbaycan muzeyi, Şəhər muzeyi və Şəhriyarın ev muzeyi).
Şəhər içi taksilər çox ucuzdu (1-1.6 ₼), ona görə şəhər içində ancaq taksilərdən istifadə etdik.

66324503_893994277627044_6132389077284028416_n
İlk olaraq Eynalı dağına getdik, şəhər bu dağın ətəyində yerləşir. Maşın gedə bilən yerdən sonra kanat başlayır, kanat həm uzun həm də yüksək idi, ordan Təbriz tamamilə görünür, gözəl mənzərəsi var. Dağın hündürlüyü 2378 m-dir. Kanatla qalxanda sıldırımlı yamaclarda dağa qalxan alpinistlərə də rast gəldik (Kanatın qiyməti 1₼ civarında).
Dağ gəzintisindən sonra, Şah gölünə getdik, çox qələbəlik idi, ətrafında gözəl restoranlar var idi, birində axşam yeməyi yedik, kababları çox dadlı idi, restoranda ancaq bardaş oturub yemək üçün taxtlar var idi. Yerdən oturub yemək də bir başqa oldu.
Təbrizin havası isti olsa da, quruluğu səbəbilə adamı tərlətmir demək olar. Ən əsası bədən yapışqan olmur, saç yağlanmır tez bir zamanda, duş ehtiyacı hiss etmir insan.
Səfərin ikinci günü Təbrizin 58 kilometrliyində yerləşən, tarixi və Mağara evləri ilə məşhur olan Kənduvan kəndinə getdik (Taksi təxminən 12₼-ə aparıb gətirir, gedib qayıtmaq və gözləmək və orda bələdçi vermək daxil). Oranın da çox sərin havası var idi. Mağara evləri ilə məşhur olan Kənduvan Şərqi Azərbaycan ostanında tarixi və tanınmış kənddir. Üskü bölgəsinin Səhənd kəndistanında yerləşir. Kəndin evləri qayalar içində tikilib. Yayda sərin, qışda isti olur, 5-6 mərtəbəyə qədər evlər var üst-üstə qayalar üzərində, Kənduvanda da qalmaq istəsəz o mağara evləri otel kimi istifadəyə verən sakinlər var, hər bir şəraiti var (hamamda duş şəraiti falan da), günlük bizim pulla 20-25 ₼. Kənduvanın bənzər kəndi yalnız Türkiyənin Kapadokiya bölgəsində var. Kənddə 168 ev və təxminən 600 sakin var. Əhalisi Türk mənşəli və dili Türk dilidir və əsas məşğuliyyəti turizm, əkinçilik, arıçılıq və bal istehsalı və maldarlıqdır. Balın qiyməti 7 ₼ ????

66267288_893994520960353_537102930428297216_n
Günorta Təbrizə çatıb, muzeylərə baş çəkdik, Şəhər Muzeyi, Azərbaycan Muzeyi (Muzeyin adı oralar Azərbaycan adlanır deyə elədir, şimalla bir əlaqəsi yoxdur) və Şairlər məqbərəsində olduq (giriş pulludur, 1₼ civarında). Sonra Təbriz bazarına baş çəkdik və axşam oldu.
3-cü gün səhər Ərdəbilə yola düşdük, yol boyu yaylalarda duranda çox külək və soyuq var idi, iyul ayında rəsmən üşüyürdük, Ərdəbil də soyuq idi. Ərdəbildə mərkəzi hissədə olduq, Şeyx Səfi məqbərsinə baş çəkdik, giriş baha idi ( 5₼ təxmini). Sonra mağazalara baş çəkdik, dəri çantalar çox ucuz olur bizimlə müqayisədə, çox bəyəndiyim bir çanta aldım, bizim pulla 30 ₼.
Sonra nahar edib (qiymətlər münasib idi) Ərdəbil bazarına baş çəkdik. Çox gözəl tarixi abidədir eyni zamanda, Ərdəbil bazarı. Alış veriş edib Biləsuvara yola düşdük.
Xülasə daha qənaətçil olmaqla Ortalama 100-150₼-lə 3-4 günlük cənubda tur atmaq olar.

66213445_893994447627027_6937727438495416320_n

Ümumi təəssüratlar:

Cənubluların bir çoxu bizə sevgi ilə yanaşdı, evinə dəvət edən də oldu. Hərdən maraqlı yanlış anlamalı dialoqlarımız da oldu, aşağıdakı kimi:
Can Təbrizimizdə taksidə dialoq:
Taksi şoferi: -Siz ordan rədd olduz da indi..
Biz: Nə???
Taksi şoferi: -Yəni ordan keçdiz dəə..
Biz: -Həə..
Taksi şoferi: -Biz sizi söyürük..
Biz: Nə???
Taksi şoferi: -Yəni sevirik dəə..
Biz: -Həə, biz də, biz də...????
Təəssüf doğuran əsas şey təhsilin farsca olma səbəbilə dillərinə çoxlu fars sözlərinin daxil olması və assimilyasiyaya məruz qalmalarıdır bu səbəblə..

Bahalı, xarici və yeni avtomobil çox az gözə dəyir, əsasən köhnə marka pejo markalı avtomobil istifadə edirlər. Ona görə orda olanda adam özünü 90-larda hiss edir. Benzin sudan 2 dəfə ucuzdu, 20 qəpik bizim pulla  Özləri də deyir benzin bizdə müftədir, ona görə çörək almağa da maşınla gedirik.

66041719_893994910960314_3532733651773030400_n

İranda olduğumuz 3 gündə, İslam respublikası olsa da əzan səsi eşitmədik (Verilmir demirəm). Nə Təbrizdə nə də Ərdəbildə (Günorta namazı vaxtı Ərdəbildə idik və şəhərin mərkəzində).
İnsanlar İslama görə yaşamağa məcbur edilsə də İslama görə yaşayan çox azdı. Qadınlar açıq geyinməsə də, hicablı da sayılmazlar.
Məsçid sayı da çox sayılmaz, çox az gözə dəyirdi.
Bir çox yerli ilə ünsiyyətdə belə məlum oldu ki, şah dövründə İslam daha səmimi və çox yaşanıb nəinki Molla rejimində. Və dedikləri bu oldu ki, İslamı siyasətə qatıb o qədər yalan danışdılar ki, insanları dindən imandan soyutdular.

Önəmli olan dövlətin adına deyil, İnsanların qəlbinə İslam yerləşdirməkdir..

Vəfadar Babayev
İyul 2019

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Vafadar Babayev

DİGƏR BLOQLAR

Norveç - Oslo bələdçisi

Oslodakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Bir müddətdir Norveçdən gəlmişəm əslində, ancaq təcrübəmi indi bölüşmək üçün vaxtım oldu. 4 müxtəlif şəhərdə oldum: Larvik, Drammen, Oslo, Bergen. Ən çox Oslo'da qaldığım üçün ordan məlumatlar paylaşmaq istərdim.Oslo Pass alsanız transportation cəhətdən heç bir problem yaşamayacaqsınız. 2 günlük qiymət yetişkin biri üçün 655 NOK'dur (68 Euro). Tələbəsinizsə, tələbə kartınızı göstərib demək olar ki, hər yerdə 20-25% endirimdən istifadə edə bilərsiniz. Bundan başqa Oslo Pass ilə bir çox muzeylərə giriş pulsuz olacaq sizin üçün.Norveç xüsusən Oslo çox bahalı şəhərdir bilindiyi kimi. Bunun üçün də qalmaq məsələsində Anker Apartment'i seçə bilərsiniz (günü 25 Euro). Ancaq çox az büdcəniz varsa Oslo'da Red Cross charity cəmiyyətinin təşkil etdiyi xüsüsi sığınacaqlar var. Günü 15 NOK'dur (1.50 Euro). Kişilər, qadınlar və cütlüklər üçün ayrıca sığınacaqlar var. Hər biri müxtəlif address'lərdədir. Axşam saat 22:00 açılıb, səhər 07:00 bağlanır. Bu sığınacaqlarda daha çox evsizlər gecələrini keçirir. Əşyalarınızı bura özünüzlə gətirməyiniz məsləhət deyil. Bagbnb istifadə edərək günü 5 Euro, əşyalarınızı store edə bilərsiniz. Red Cross cəmiyyətinin işçilərinə yaxınlaşıb onlardan City Survival Guide booklet götürün mütləq. Burda ucuz və ya pulsuz yemək və başqa şeylər üçün müəyyən ünvanlar əldə edəcəksiniz. Supermarket'lər içində isə ən ucuz və keyfiyyətlisi Coop'dur. Şəhərin bir çox yerlərində rast gələ bilərsiniz.Must see places' də isə Oslo'da bu yerləri deyərdim:1) Viking Ship Museum2) Frogner Park3) Vigeland Museum4) Fram Museum5) Norwegian Folk Museum6) Norwegian National Gallery (Edvard Munch məhşur Scream əsəri burda saxlanılır)7) Oslo Opera House8) Holmenkollen Ski Museum & Tower9) Aker Brygge (Eternal Peace Flame burdadır)10) Akershus Fortress11) Royal Palace12) Oslo City Hall13) Norway’s Resistance Museum14) Tjuvholmen Sculpture Park15) University Botanical Garden16) Vigeland Park17) Huk Naturist Beach (Nudist Beach ????????)18) Middelalderparken19) Grorudparken20) Vaterlandsparken21) Bjerkedalen parkÜmumiyyətlə Norveç'də xüsusilə Oslo'da çox parklar var. Burda sadəcə bəzilərini qeyd etdim. Google Maps'də asanlıqla tapa bilərsiniz. Çalışdım ki, yazını bacardığım qədər qısa və ətraflı tutum. Getmək istəyən hər bir kəsə xoş səyahətlər və uğurlar ✌️✌️????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Zahid Zahidli

1575 dəfə oxunub

Şimalın "Praqası" - Brügge

Brüggedəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Yazını oxumadan öncə istərdim ki, aşağıda yerləşdridiyim İn Brüges filminin soundtrackını açıb yazını elə oxuyasınız.[youtube https://www.youtube.com/watch?v=tW9SWTazdIU]Brüggeyə səyahətim əslində qarışıq hisslərlə başlamışdı və bütün səyahətim boyu bu təzadlı hisslər bir-birini əvəz etdi. Əvvəlcə çox həyəcanla işdən çıxıb hava limanına yollandım, çünki Brüggeyə gedirdim – İn Bruges filmində görüb aşiq olduğum və səyahət etməyi çox arzuladığım Brüggeyə. Hava limanına çatıb yoxlamadan keçdim, bir az Duty Freedə vaxt keçirib üz tutdum təyyarəyə minəcəyim qapıya. WizzAir bir çox hallarda etdiyi kimi, bu dəfə də heç bir ödəniş etmədiyim halda priority boarding vermişdi, buradan onlara xüsusi təşəkkürlər :) deməli təyyarə ilk minənlərdən olacaqdım və qapıda gözləməyəcəkdim. Uçuş saatı yaxınlaşdıqca Brüggeni tez bir zamanda görmək həyəcanı da artırdı. Gəldik təyyarəyə çatdıq, elə yerlərimizi təzə rahatlayıb, kəmərlərimizi bağlamışdıq ki, stüardessalar ilk “qəmli” xəbəri anons etdilər. Deməli uçuşumuz Almaniya üzərindən olacaqdı və anons edildi ki, Almaniyanın hava sahəsində “probka” olduğundan 1 saat gecikəcək uçuşumuz. Bir saat gecikmək o demək idi ki, hava limanından Chareleroi şəhər mərkəzinə normal avtobus tapmayacaqdım. Deməli ya taksi ilə getməli idim ya da xüsusi avtobuslarla və bunlar da nəzərə alınmayan əlavə xərclər idi. Ürəyimdəcə elə AzTV Almaniyaya nə edirsə düz edir deyib :D uçuşumun vaxtınız gözlədim. Nəhayət 1 saat sonra yola düşdük Brussels-Charleroi hava limanına. Buradan Brüggeyə getmək üçün müxtəlif varyantlar var avtobusla Charleroi-Sud dəmir yolunə gedib oradan dəmir yolu ilə Brüggeyə getmək və ya xüsusi avtobusla və ya taksi ilə Brussel mərkəzi dəmir yoluna gedib oradan dəmir yolu ilə Brüggeyə getmək ki, mənim etdiyim variant bu olmuşdu. Amma ən ucuz və rahat varyant www.flibco.com saytından Brussels-Charleroi hava limanından Bürggeyə birbaşa avtobusla bilet almaqdır. Bir tərəf üçün qiymət 17 avrodur əgər internetdən alsanız, yox bileti hava limanından alsanız bir tərəf üçün qiymət 21 avro olacaqdır.Əlqərəz əvvəl taksiylə (bu arada taksilər adam başına 15 avro alır) Brüssel dəmir yoluna, oradan da qatarla Brüggeyə gəlib çıxdım. Təbii ki, bütün yol boyü Brüggeni görmək həyəcanı məni rahat buraxmadı. Gəldim dəmir yolu vağzalının binasını tərk edən kimi 2-ci xəyal qırıqlığı ilə qarşılaşdım. Dəmir yolu vağzalının binası və ətraf ərazilər muasir görünüşlü idi, heç də İn Brüges kinosundakı yerə bənzəmirdi. Dəmir yolu vağzalında olan adamlardan şəhərin tarixi mərkəzinə necə gedəcəyimi soruşub yola düşdüm piyada mərkəzə doğru (hardasa 15 dəqiqəlik yoldur vağzaldan mərkəzə). Elə yolun yarısını getmişdim ki, o məşhur saat qülləsinin kəlləsini gördüm dumanlar içində. O ilk həyəcandan daha sərt bir həyəcan sardı içimi. Qülləyə yaxınaşdıqca tarixi mərkəzdə olduğumu hiss edirdim. Artıq qədim hissədə idim. Və ətrafım kiçik, şirin və tarixi evlərlər əhatə olunmuşdu. Evlərin üstündə tikildikləri illər qeyd olunmuşdu və əksəriyyəti 1500-1600-cü  illərdə tikilmişdi (ağımdan nə köhnə binadır deyib sökəsən?! fikri keçmədi deyil vallah :D ) Brüggenin kanalları və evləriBeləcə soraqlaşa-soraqlaşa, ağzım yarım metr açıq, qədim tarixi binalardan zövq ala-ala gəldim bron etdiyim hostelimə. Brügge kiçik yer olduğundan onsuz da elə çox hostel seçiminiz yoxdur, mən də saat qülləsinə 4-5 dəqiqə piyada məsafəsində olan Charlie Rockets hostelində 6 nəfərlik otaqda özümə yer bron etmişdim. İyun ayı üçün bir nəfərlik yerin qiyməti, bir gecə üçün 21 avro idi. Hostelin giriş mərtəbəsində bar yerləşir, istədiyiniz zaman ora enib məşhur Belçika pivələrinin dadına baxa bilərsiniz. Bu arada mən gedən zaman barmenlərdən biri Əmrah adlı bir türk idi, sağ olsun elə çatan kimi bir flaman pivəsinə qonaq etdi məni :) pivəmi içib Əmrahla bir az söhbət edib qalxdım otağıma sabah tezdən durub free walking tura qatılmalı idim.Səhər saat 10a 20 dəqiqə qalmışdan bir çox turist kimi mən də saat meydanının qabağında free walking turun başlayacağını gözləməyə başladım. Yarım saatın tamamında qərar gəldik ki, bu tur niyəsə təxirə salınıb. Onda backpackımı da çiynimə atıb özümü verdim Brüggenin küçələrinə və növbəti saat 14:30-da olacaq tura qatılmağa qərar verdim. Brüggenin şokolada bənzər evləriİlk öncə deyim ki, Brügge mənim indiyənə kimi gördüyüm ən romantik, ən gözəl, tamamilə bir nağıllar aləmi effekti verən şəhərdir. Evlər o qədər gözəl və şirindir ki, adam istəyir üzərinə Belçika şokoladı töküb yesin :) Şəhər kanallarla əhatələndiyindən Bürggeyə Şimalın Venesiyası deyirlər. Venesiyada olmamışam amma mən bura gözəlliyinə görə Şimalın Praqası deyərdim.Qısaca Brüggedə ne yeyib, içməli? sualını cavablandırım sonra keçək gəzməli yerlər siyahısna. Brüggeyə gəlib də 3 şeyin dadına baxmadan geri dönmək olmaz: belçika pivəsi, belçika vaflisi və  kartof qızartması. Bunların 3-nün də dadına baxmasanız deməyin ki, Brüggedə olmusunuz :) Belçika vaflisiİndi gələk gəzməli-görməli yerlər siyahısına. Brügge kiçik və kiçik olduğu qədər də möhtəşəm memarlığa sahib olduğundan, şəhərin demək olar ki, bütün yerləri gəzilib görülməlidir. Bütün binalar ayrı ayrı gözdən keçirilməli, incələnməlidir. Amma bununla birlikdə bəzi yerlər var ki, bunlar Brügenin olmazsa olmazlarındandır, ingilisler demiş must seedir. City HallŞəhərin ən mərkəzi hissəsi Markt meydanıdır. Meydanın mərkəzində duranda 4 bir tərəfinizdə o gözəl flaman evlərini görəcəksiniz. Bir tərəfdə isə məşhur Belfry və ya saat qülləsini görə bilərsiniz. Qülləyə dırmaşıb oradan bütün Brüggeni seyr edə bilərsiniz, hətta çox uzaq məsafədə olmayan yel dəyirmanlarını belə. Meydanda üzü saat qülləsinə doğru durub sola tərəf yolla getsəniz, Burg meydanına çatacaqsınız. Meydanda ən sağda daş hissələri qaralmış amma qızılı hissələri par-par parıldayan “Müqəddəs qan” (Holy Blood Church) kilsəsini görə bilərsiniz. Mən deyərdim ki, Brüggedə görməli olduğunuz yeganə kilsə məhz budur. Rəvayətə görə içəridə şüşə qabda İsa peyğəmbərin qanı saxlanılır. Kilisədən solda daha bir maraqlı memarlıq nümunəsi City Hall bizim dildə desək icra hakmiyyətinin binası yerləşir. Icra hakimiyyətinin binasının altından yol var kanala doğru. Küçənin adı “Kor uzunqulaq” küçəsidir. Bu küçə ilə davam etsəniz körpünün sonunda sağda kiçik qayıq dayanacağı görəcəksiniz. Burada adam başı 8 avro ödəməklə Brügge kanallarında kanal turu edə bilərsiniz. Qayıq dayanacağından azca irəlidə isə Brüggedə ən çox fotosu çəkilən yeri gör bilərsiniz. O məşhur İn Bruges filmində Kolin Farrell məhz buradakı otelin pəncərəsindən tullanır qayığa. Belfry və ya saat qülləsiƏn çox fotosu çəkilən yerdən cənub-qərb istiqamətində olan ana yolla davam etsəniz qotik üslubda tikilmiş möhtəşəm Məryəm Ana Kilsəsinə (Our Lady Church) çatacaqsınız. Kilsə 13, 14, 15ci əsrlərdə tikilib hündürlüyü 122 metrdir və dünyada 2ci ən hündür kərpic tikili ünvanını qoruyur. Kilsənin içində məşhur italyan rəssam və heykəltaraşı Mikelanceloun “Madonna və uşaq” heykəlini də görmək olar.Kilsədən kanal boyu cənub istiqamətində gələsəniz Begijnhof monastrı ilə qarşılaşacaqsınız. Monastrın həyətı başdan-başa yaşıllığa bürünüb və bütün binalar ağ rəngə boyanıb. Bu 2 rəngin qarışması xüsusi bir gözəllik verir monastra. Monastrın içinə girsəniz içəridə ibadət edən çox yaşlı, beli bükülmüş rahibələri görə bilərsiniz. Rahibələri təsvir etmək üçün orada olan zaman bir türk qrupunu gəzdirən bələdçidən eşitdiyim sözləri yazım siz özünüz qərar verin: Kendilerini böyle adamışlar Allaha, ev yok, çoluk yok, cocuk yok, eş yok” yəqin təxmini təsəvvür etdiniz :D Monastr yalnız qadınlar üçündür axşam saat 7də qapıları bağlanır və o qapıların arxasında nələrin baş verdiyindən heç kimin xəbəri olmur. Begijnhof monastrıBələdçimizin dediyinə görə monastr ərazisi qorunan müqəddəs məkandır. Dediyinə görə kim cinayət edib monastrın ərazisinə daxil olsa, polis onu oradan aparıb həbs edə bilmir, mən də bələdçimizin yalançısıyam :) Monastrın çölündəki kanalın sahilində isə Brüggünin ən çox qu quşları toplaşdığı ərazi dayanır. Burada sayısız hesabsız qu quşu və ördək görə, istəsəniz selfie çəkdirə bilərsiniz :) Buradan kanal boyu davam etdikdə qarşınıza Minnewater gölü çıxacaqdır, gölün içində az sayda olsa da quşları üzür, ətrafı yaşıllıqlarla əhatələnib və çox gözəl mənzərəsi var. Adamın lap otluğa uzanıb kitab oxumağı gəlir. Minnewater gölüŞəhərin əsas görülməli yerləri bunlardır. Bundan başqa mərkəzdən azacıq kənarda olan Yel Dəyirmanlar ilə məşhur parkına da baş çəkməkdə fayda vardır, şəhər mərkəzindən hardasa 15-20 dəqiqəlik piyada yoldur. Yol sizə uzun gələ bilər ama Brüggenin o şirin, şokolada bənzəyən evlərinə baxa-baxa irəliləsəniz vaxtın necə keçdiyini heç hiss etməyəcəksiniz. Brüggeyə getsəniz sadəcə turist xəritələrində göstərilən turistik məkanlara baş çəkməklə kifayətlənmiyin. Şəhərdəki hər bir binanın, hər bir evin, hər bir küçənin özünə məxsus gözəlliyi, tarixi və hekayəsi var. Əsas 4-5 turistik mıkanları gördükdən sonra alın pivənizi, vaflinizi əlinizə, özünüzü verin Brüggenin küçələrinə. Getmişkən 1 tam gününüzü ayıraraq şəhəri doya-doya gəzmənizi tövsiyyə edirəm. Sevimli BrüggeSevimli Brüggem haqqında bu qədər. Yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə sağ tərəf yuxarıda olan “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sayyeah Blog

1721 dəfə oxunub

Yeni il bələdçisi - Varşava, Krakov, Vroslav, Qdansk, Kopenhagen, Malmö

Salamlar, Sizlərlə bu yaxınlardakı səyahətimizi və xərcərimizi paylaşmaq istədim.8 gün - 6 şəhər -3 ölkə. 217 euro=413AZN29.12.2019 Baku-Kutaisi airport - 25AZN30.12.2019 WIZZAIR:Kutaisi-Warsaw - 18AZN31.12.2019 ICC Train:Warsaw-Wroclaw - 21AZN03.01.2020 ICC Train :Wroclaw-Gdansk - 23AZN04.01.2020 RYANAIR:Gdank-Copenhag - 17AZN04.01.2020 Oresunds:Copenhag-Malmo - 23AZN06.01.2020 FLIXBUS:Malmo-Copenhairp - 10AZN06.01.2020 WIZZAIR:Copenhag-Kutaisi - 48AZN06.01.2020 Kutaisi airport-Baku. - 25AZN Transport =210AZNYerləşmə: Evlər30.12.2019-31.12.2019 1gecə Warsaw 74AZN31.12.2019-03.01.2020 3gecə Wroclaw 265AZN03.01.2020-04.01.2020 1gecə Gdasnk 92AZN04.01.2020-06.01.2020 2gecə. Malmo 207AZN Evlər = 638AZN/3nəfər = 213AZNƏlavə xərclər:1) Bir illik MULTI viza a) Rüsum 66 AZN + b) Şəkil 3 AZN + c) Hesab arayışı 10 AZN + d) Sığorta. 10 AZN =89AZN2) Kutaisi Airportunda avtomobil üçün dayanacaq ödənişi7GEL X 8gün =56 GEL = 33AZN/3 nəfər =11AZNÜmümilikdə 210+213+89+11=523AZN-lik (əslində 152AZN Airbnb kuponu istifadə etmişəm 523-152= #371AZN ) səfərimiz #Varşava dan başladı. İlk günün yorğunluğu ilə buranı 5-6 saat gəzə bilsəkdə Varşavanı görmək üçün əsas səbəb bizim dildə tam olaraq nə deyildini bilmədiyim Türkiyə Türkcəsində" #StalinKazığı" deyilən PALAC KULTURY İ NAUKİ -dir. Deyilənə görə müharibədən sonra Stalin Polşa xalqı arasında Böyük bir bina yoxsa Metro tikilməsi haqqında sorğu keçirir, Polşalıların əksəriyyəti Metronu seçsədə Stalin sorğunun tam əksini bu binanı Polşa xalqının savaş hədiyyəsi olaraq tikdirir.1952-1955ci illərdə tikilən bu bina 231m hündürlükdə 3288 otaqlı, Polşanın ən hündür 8-ci binasıdır. Stalindən sonra Polşalılar onlara zalımlıq edən birinin hədiyyəsini yıxmaq istəsə də binanın çox möhkəm olması səbəbindən sökə bilməyiblər, sonradan dövlət binanı Mədəniyyət və Elm sarayına çevirib. 31 Dekabr səhəri Varşavadan #Wroslaw-a yola düşdük .Yeni ili Wroclawin Old City si,onların dilində Rynek-ində Azərbaycanlı dostlarımızla qeyd etdik, Keçən il yeni ili Salzburgda qeyd etsəkdə deyərdimki İlk dəfə bu bayramın necə möhtəşəm konsertlə keçirilə biləcəyini bildim Wroclaw deyərdimki Polşanın ən aktiv şəhərdir.Hər küncündə dəmirdən cırtdan heykəlləri olan bu şəhər tarixinin qorunub saxlanması səbəbindən möhtəşəmdir.Növbəti gün Wroclawda yaşayan dostumuz Emin Quliyev öz avtomobili ilə bizi #Krakow-ı gəzdirdi.Krakowda bir neçə saat olduq və deyərdim ki Wroclawa çox bənzəyir. Wroclawi bizə sevdirdiyi, Krakowı bizi tanıtdığı və bütün hər şey üçün dostumuz Emin Quliyevə təşəkkür edərəm.3 Yanvar qatar ilə #Gdansk a gəib çatdıq, gəzdiyimiz bu 4cü və ən gözəl Polşa şəhəri oldu, Baltik dənizinin sahilində yerləşən Gdanskı, mərkəzindən keçən Motlawa çayına və möhtəşəm tarixi binalarına, küçə musiqiçilərinə görə sonradan getdiyimiz Kopenhagenə bənzətdik.Növbəti gün #Kopenhagen dəydik. 12saat dayanmadan əvvəldən navigatorda işarələdiyim şəhərin demək olar bütün nöqtələrini gəzdik. Kopenhagen həqiqətən mütləq gediləsi şəhərdir. Bu gözəl şəhər gördüyüm avropa şəhərlərinin içində ən fərqli olan Valetta və Praqa ilə ilk üçlüyümə daxil oldu.#Öresundkörpüsü Kopenhaegi Malmoya bağlayan bu körpü təxmini 500km yolu 16km-ə endirir. Körpünü ilk olaraq iş yoldaşımın məsləhət bildiyi Bron/Broen serialda gördükdən sonra haqqında maraqlandım. 2000-ci ildə tikilən ,aşağı mərtəbəsi dəmir yolu, üst mərtəbəsi isə avtomobil yolu olan ikimərtəbəli bu körpü 16km uzunluğundadır.İsveç tərəfdən 8km körpü, ayaqları İsveçə baglı olduğu üçün İsveçə aid olan 4km uzunluqlu süni adanın üzərində tikilmiş hissəsi və Danimarka tərəfdən 4km su altı tüneldən ibarətdir.Kopengahen airportu Öresünd boğazına yaxın olduğu və həmçinin boğazdan gəmilər keçdiyi üçün mühəndislər çətinliklə üzləşiblər.Belə ki Körpu hündur olsa gəmilər keçə biləcək amma Təyyarərin airporta düşməsinə mane olacaq, hündülüyü az olsa isə gəmilər keçə bilməyəcəkdi, bu səbəbdən #Öresund İsveç tərəfsən 60m hündürlükdə körpü, Danimarka tərəfdən 11m sualtı tünel kimi tikilib. Sevimli serialımda hər dəfə gördüyüm bu körpünü, Soundtrack-ı Hollow Talk dinləyərək yarım saata Malmöya çatmağın marağı tam ayrı idi.Körpünü keçib axsamı #Malmo da qalıb , Sabahı gün isə Malmonu gəzdik, Malmo haqqında deyə biləcəyim tək şey #Pilldammsparken Malmo parkinin tam ortasından keçən yolda yağışlı havada gecə gəzmək Malmönu sevməyə kifayət edir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Vusal Ekberov

2193 dəfə oxunub

Almaniya, Rhine-Ruhr səyahəti. 4 gün – 4 şəhər

Almaniyaya keçən ilin aprel ayında səfər etmişdim. Dedim Almaniya tam dağılmamış bir baş çəkim görüm oraları da, sonra bəlkə qismət olmadı ???? Bir dostum Rhine-Ruhr bölgəsində olan kiçik şəhərlərdən birində yaşadığından kiçik bir məsləhətləşmədən sonra qərara gəlmişdik ki, bu bölgədə 4 gün keçirim və 3 böyük şəhəri qısa zamanda ziyarət edim. Bunlar Köln, Dortmund və modanın mərkəzi Düsseldorf şəhərləri idi. Və dostumun yaşadığı cəmi 100 000 əhalisi olan kiçik Witten şəhərini də nəzərə alanda gəzəcəyim şəhərlərin sayı 4 olacaqdı. 4 günə 4 şəhər – deməli hər şeyi öncədən dəqiqliklə planlamalı idim ki, hər bir şəhərin heç olmasa əsas görməli yerlərinə baş çəkib görə bilim.Ənənəvi olaraq WizzAirin “baş sponsorluğu” ilə Budapeşt hava limanından Dortmunda yola düşdüm. Dortmundan Wittenə 2 dəfə gedib qayıtmamaq və nəqliyyat xərclərinə qənaət etmək üçün qərara almışdım ki, hava limanından düşən kimi birbaşa gedim Dortmundu gəzim və axşama kimi Dortmund səyahətimi bitirim. Dortmund elə də turistik şəhər deyil, yəni gəzilib görüləcək yerləri çox deyil amma yenə də getmisinizsə bir neçə saatınızı ayırıb bu şəhərə baş çəkməyə dəyər.Dortmunda ilk öncə baş çəkməli olduğunuz məkan əlbəttə ki, Westfalenparkdır. Adında da göründüyü kimi bura parkdır. Parkda müxtəlif ağaclar, güllər, çiçəklər, müxtəlif su quşları və dələləri görmək olar. Bizim mərmərli parklarımızdan fərqli olaraq Westfalenparka giriş ödənişlidir, cəmi 1.5 avro (qiymət indi fərqli ola bilər) ödəyərək parkın gözəlliyindən həzz ala bilərsiniz. Qeyd edim ki, parkın rəngarəngliyi ödədiyiniz məbləği sizə unutdurur ???? Park həftənin I və II günləri qapalı olur, qalan digər günlərdə isə ictimaiyyətə açıqdır. Parkda həm uşaqlar həm də böyüklər üçün müxtəlif növ əyləncə növləri mövcuddur. Ərazi çox böyük olduğundan bütün hər yerini gəzmək üçün bir neçə saata ehtiyacınız var, yox əgər mənim o qədər vaxtım yoxdur tez zamanda gəzib sonra gedib 1-2 alman pivəsi içmək istəyirəm deyirsinizsə parkın ərazisində xüsusi olaraq “tənbəllər” üçün qatar var və bu qatara minərək bütün parkın ərazisini qısa zamanda görə bilərsiniz. Xülasə şəhərin hay küyündən, stressindən uzaqlaşmaq istəyirsinizsə bu məkan yardımınıza çatacaqdır, xüsusilə də ilin isti vaxtlarında.Dortmundakı digər görülməli yer isə parkın içərisində yerləşən Florian adlı televiziya qülləsidir. Qüllənin hündürlüyü 220 metrdir və buradan bütün Westfalenpark və Dortmund ayaqlarınızın altında görsənir. Bizim teleqüllədə olduğu kimi Florian qülləsində də restoran var və restoran 209 metr hündürlükdə yerləşir. Buradan bütün Ruhr ərazisinə əla bir panorama açılır. Qülləyə giriş qiyməti 2.5 avro idi, ola bilər ki, indi fərqli qiymətə olsun.Əgər futbol azarkeşisinizsə Dortmunda gəlib də əfsanəvi Dortmund Borusiyasının ev oyunlarını keçirdiyi stadiona baş çəkmədən getmək olmaz. Borusiya Dortmundun ev oyunlarını keçirdiyi Signal İduna Park stadionu Westfalenparkdan bir neçə yüz metr məsafədə yerləşir, rahat gəzə-gəzə stadiona gələ bilərsiniz. Mən orda olanda bazar günü olmasına baxmayaraq stadionda oyun yox idi, stadionun çöl tərəfindəki kiçik meydançada isə kiçik oyuncaq təyyarə və vertolyotların yarışı keçirilirdi. Havada lap şahin kimi süzən kiçik təyyarələr və vertolyotların şousu adamı valeh edirdi.Dortmundda digər görməli yer isə şəhər meydanıdır. Borusiya Dortmundun oyunları bir çox hallarda meydanda olan böyük monitorlardan canlı yayımlanır. Meydanın sağ tərəfində isə maraqlı memarlıq üslubunda tikilmiş İçəri şəhər Divarı dayanır. Meydan Dortmund Dəmir yol vağzalından 1 km məsafədə yerləşir, Dortmunddan keçirisnizsə və bir neçə dəqiqəlik vaxtınız varsa bu meydana baş çəkin məncə.Dortmundda görməli yerləri gəzib günortadan sonra ukraynalı dostum Alyona ilə görüşdük və gecəni keçirəcəyim Witten şəhərinə getdik. Witten Almaniyanın ilk özəl universiteti olan Herdecke universitetinin yerləşdiyi 100 000 əhalisi olan kiçik bir şəhərdir və şəhərdə olan səliqə səhman adamı heyran qoyur. Hər tərəfdə kiçik, rəngarəng evlər. Heç bir evin hasarı yoxdur, bütün evlərin həyəti rəngbərən gül-çiçəklə bəzədilib və demək olar ki, hər evin həyətində kiçik rəngli heykəllər var. Dəmir yolu vağzalından evə kimi hardasa 20 dəqiqə piyada getdik və mən bu şəhərə heyran oldum. Düşündüm ki, bəlkə də ömrümün sonuna kimi burada yaşaya bilərəm.Növbəti gün, Kölnə yola düşməkdən ötrü səhər saat 8də yola çıxdım. Kölnə getmək üçün avtobusa Herdecke universitetinin yanından minməli idi və dayanacağa yol talanın ortasından keçirdi. Səhər saat 8də talada ancaq yaban dovşanlarını görmək olardı, sayları həddindən artıq çox idi. Nəysə avtobusla Essen dəmir yol vağzalına getdim, oradan isə qatarla Kölnə.Köln 2000 illik tarixə malik qədim Alman şəhərlərindən biridir. Reyn çayının sahilində yerləşir. Şəhərin qədimi tikililəri, xüsusən də çay kənarında tikilmiş evlər Kölnü Amsterdama oxşadır. Şəhər kifayət qədər beynəlmiləl olduğundan xeyli sayda türklə qarşılaşa, hətta Kölndə olarkən özünüzü Türkiyədəki kimi hiss edə bilərsiniz. Köln dəmir yolu vağzalından çıxanda sizi iri və heyrətamiz Cologne Dom adlandırılan Köln katedralı qarşılayır. Qotik üslubda tikilmiş katedralı Kölnün simvoludur və bir növ Brnoda görüdüyüm katedrala bənzəyir. Katedralın cənub qülləsinə giriş 3 avrodur. Əgər ayaqlarınıza güvənirsinizsə 509 pillədən ibarət olan 98 metrlik qüllənin təpəsinə qalxa bilərsiniz. Pilləkənlər Qız Qalasında olduğu kimi dairəvi formadadır və yol çox ensizdir, arada durub dincəlmək imkanı yoxdur çunki, dayansanız arxadan insanlar gəldiyindən məcbur siz də tam sürətlə yuxarı çıxmalısınız. Ona görə də qülləyə çıxmamışdan öncə yüz ölçüb bir biçin ???? Amma qülləyə çıxdıqdan sonra Kölnə açılan mənzərə 98 metr pilləkənləri boşuna çıxamadığınızı deyir. Qüllənin təpəsindən Kölnə və Reyn çayına möhtəşəm mənzərə açılır.Kölndə muzeysevərlər üçün çoxlu sayda muzeylər var. Mən şokolad muzeyinə maraq saldığımdan almanlardan əl-qol hərəkətləri ilə şokolad muzeyinin yerini soruşub tapdım, elə muzeyə bir neçə yüz metr qalmış yenidən küçədə duran gənclərdən muzeyin yerini soruşanda məlum oldu ki, bu gün bazar ertəsi günüdür və bütün normal muzeylər kimi şokolad muzeyi də qapalıdır. Kor-peşman şəhər mərkəzinə qayıtdım amma muzeyin yaxınlığına kimi getməyimə dəydi. Kölnün muasir arxitektura münunəsi olan Crane Houses (Kran Evlər) kompleksini yaxından gördüm.Kölnün digər maraqlı turistik yeri isə Tarixi Qədim Şəhər olan hissəsidir. Qədim şəhərin bir hissəsi Reyn çayının sahillərində yerləşir. Sahil boyu damı şiş və rəssam fırçasıyla rənglənibmiş kimi görünən evlər Tarixi Qədim Şəhərin ən maraqlı hissələrində  biridir. Evlərin bir çoxusu hal-hazırda otel kimi fəaliyyət göstərir və çayla evlərin arasında yaşıllıq ərazi var. İlin isti vaxtlarından burada piknik edən almanları görə bilərsiniz. Rəngli binaların arxa tərəfində isə yenə rəngli binalar var bu dəfə isə çay əvəzinə böyük bir meydana çıxırsınız. Meydanın hər tərəfi kafe-restoranlarla əhatə olunub. Məşhur alman pivəsinin dadına baxmaq istəyirsinizsə burda olan restoranlardan birinə oturub bir kölş sifariş edə bilərsiniz. Almaniyanın hər bir şəhərinin, hər bir bölgəsinin özünəxas pivəsi var, Kölndə isə yerli pivə Kölş adlanır. Əslində kölş elə bildiyiniz pivədir amma kölnlü dostunuzun yanında kölşə pivə desəniz sizdən inciyə bilər ???? ona görə kölş deməkdə fayda vardır. Getdiyiniz kafe-publar “ein kolsch bitte” deyə bir kölş sifariş etsəniz ofisiantlarla xoş söhbətə başlamaq üçün yaxşı fürsət ola bilər sizin üçün.Kölnün Tarixi Qədim Şəhər məhəlləsində mütləq görülməli olan yer isə Great St. Martin kilsəsidir. Köln Katedralı kimi əzəmətli olmasa da, bu kilsə də kifayət qədər maraqlı üslubda tikilib və rəngli binaların arasından Ağca və yeddi cırtdan cizgi filmi səhnəsi kimi görsənir.Köln romantikləri də unutmayıb. Belə ki, şəhər mərkəzinə yaxın olan Hohenzollern körpüsü sevgililər üçün nəzərdə tutulub. Körpünün üzəri ilə gəzərkən, körpüdən asılmış minlərlə üzərinə X+Y yazılmış və ya ürək çəkilmiş, tarix həkk edilmiş qıfılları görə bilərsiniz. Hətta nəinki qıfılları seyr edə eləcə də sevgilinizlə getmisinizsə öz adınıza olan qıfılı da körpüdən asa bilərsiniz.Beləcə Köln turumuzu başa vurub axşam Düseldorfa yola düşdük. Amma siz siz olun Kölnlülərə Düseldorfa getdiyinizi deməyin. Çünki Rhine-Ruhr metropolitanının paytaxtının Köln yoxsa Düseldorf olması haqqında uzun illər mübahisə gedib və sonunda Düseldrof metropolitanın paytaxtı statusunu alıb, o gün bu gün, kölnlülərlə düseldorflular bir-birlərinə düşmən-rəqib kimi baxırlar. Kölnlülər düseldorflulara qız vermirlər, düseldorflular da kölnlülərə ərə getmirlər ????Axşam qatarla gəlib çıxdım Düseldorfa. Düseldorflular deyəsən Kölndən gəldiyimi eşitmişdilər, məni heç də xoş qarşılamadılar ???? Elə dəmir yol vağzalından çıxan kimi, hər tərəfin polislər tərəfindən bağlandığını gördüm. Vağzalın qabağındakı meydanda mitinq var idi. Mən də məcbur alternativ yollardan istifadə edib, qalacağım evə yola düşdüm.Alyonanın rəfiqəsi Marigildə qalacaqdım. Dayanacaqdan məni qarşıladılar evə getdik, çantamı filan yerləşdirəndən sonra qərara gəldim ki, Düseldorf Rhine-Ruhr bölgəsinin paytaxtı seçilibsə özü də Avropanın dəb mərkəzlərindən biridirsə, mən mütləq şəhəri gecə də görməliyəm. Xəritəylə hara necə getmək lazım olduğunu öyrəndikdən sonra yola çıxdım şəhər mərkəzinə doğru. Həftənin çərşənbə axşamı günü olmasına baxmayaraq şəhər kifayət qədər aktiv idi. Şəhər mərkəzində olan pubların, kafelərin hamısının önü əylənən insanlarla dolu idi. Bir neçə saat şəhər mərkəzini və Reyn çayının sahilini gəzəndən sonra qayıtdım qaldığım evə, çünki səhər Düsldorfu işıqlı vaxtda kəşf etməli idim. Maridən Düseldorfda street-artla zəngin bir məkanın olduğunu öyrənib səhər birbaşa yollandım ora.Street art bolluğundan əziyyət çəkən bu məkanın adı Kiefernstrasse icmasıdır. Elə Kiefernstrassedə yəni Kiefern küçəsində yerləşir. Məkan şəhər mərkəzindən bir az kənarda olduğundan bir az çətinliklə tapdım məkanı, çünki çox adam belə bir yerin mövcudluğundan xəbərdar deyildi. Nəyahət uzun axtarışlardan sonra gəlib məkanı tapdım. Bura Almaniyanın gəzdiyim bütün yerlərindən fərqli bir əhval ruhiyyəyə sahib idi. Binalar başdan-başa küçə sənəti nümunələri ilə bəzədilmişdi. Nümunələrin gözəlliyi məni o qədər heyran etmişdi ki, vaxtın necə keçdiyindən heç xəbərim də olmamışdı. Şəkilləri çox sözlə təsvir etmək istəmirəm bütün street art nümunələrinin şəkillərini blogda paylaşıram.Sehrli məkanı tərk edib yenidən gəldim Düseldorfun mərkəzinə. Mərkəzdə Burgplatzadlı meydandakı bina görülməli yerlərdən biridir. Çox maraqlı üslubda tikilib. Vaxtınız olarsa Düseldorfdakı tematik parkları gəzə, Reyn çayı bounca sahilə düzülmüş kafe-publarda pivə içə-içə Reyn çayını seyr edə bilərsiniz. Amma yaddan çıxartmayın ki, düseldorflular kölnlüləri sevmirlər ona görə də çaşıb kölş istəməyin ???? Təbii ki, dəb məkanına gəlib alış-veriş etmədən geri qayıtmaq olmazdı. Ona görə də hardasa bir saat mağazalara baş çəkib 1-2 t-shirt aldıqdan sonra üz tutdum Wittenə. Yolum uzun idi, həm də yorulduğumu hiss edirdim.Beləcə Rhine-Ruhr və ilk Almaniya turumu tamamlamış oldum. Gəzdiyim şəhərlər arasında əlbəttə ki, kiçik olsa da Witten xüsusi gözəlliyi, səliqə-səhmanı ilə diqqətimi cəlb etdi amma kiçik şəhər olduğundan düşünürəm ki, bu regionun ən görməli şəhəri məhz elə Köln idi. Kölnlülər Düseldorfu paytaxt seçənlərdən inciməsi normaldır ????Bununla da, daha bir yazımızın sonuna gəldik.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

3727 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!