Auschwitz - Ölüm düşərgəsi bələdçisi
Polşanın cənubunda yerləşən və milyonlarla insanın Nasist Almaniyası tərəfindən qaz otaqlarında boğulduğu, güllələndiyi, aclıqdan öldüyü, asıldığı, inanılmaz işgəncələrə məruz qaldığı yer - Auschwitz digər adı ilə ÖLÜM DÜŞƏRGƏSİ Üçüncü Reyx (Nasist Almaniyası) tərəfindən ikinci dünya müharibəsinin gedişində qurulmuş ən böyük toplama düşərgəsidir. Burada bütün Avropadan 1.1 milyon insan öldürülmüşdür (1 milyonu yəhudi olmaqla). Almanlar SSRİ-nin üzərinə hücum edərkən ordunun arxasından gələn SS zabitləri (həmin dövrün Daxili İşlər Nazirliyi deyə bilərik) şəhərlərdəki yəhudiləri yığaraq bu kamplara gətirirdi və təxminən 900 mindən insan kampa girən kimi ya birbaşa qaz otaqlarına göndərilir, ya da güllələnərək öldürülürdü. Auschwitz-in 3 düşərgəsi var və bunlar bir-birlərindən təxminən 4-5 km aralıda yerləşirlər. Düşərgələr Polşanın cənubunda Oświęcim qəsəbəsində yerləşir. Buraya getmək üçün ya Krakovdan ya da Katowicedən Oświęcim qatarlarına minə bilərsiniz. Qatar stansiyası ilə düşərgə arasındakı məsafə təxminən 2 kilometrdir. Bir düşərgədən digərinə getmək üçün özlərinin pulsuz avtobuslarından istifadə edə bilərsiniz. Auschwitz 3 hissədən daha doğrusu 3 düşərgədən ibarətdir. 1-ci düşərgə Almanların qərargahının olduğu, təxminən 70 mindən Polşalı yəhudinin və sovet əsirinin öldürüldüyü hissədir. Bundan əlavə hər 3 düşərgənin də idarəsi buradan həyata keçirilirdi. Düşərgənin girişində alman dilində bəşər tarixinin ən böyük yalanı yazılıb "arbeit macht frei" (işləmək səni müstəqilləşdirər) 3 düşərgə arasında ən sağlam vəziyyətdə qalmış düşərgə buradır. Çünki, sovetlərin gəldiyini eşidən almanlar bütün düşərgələri dağıtmışdı amma buranı dağıtmağa imkan tapa bilməmişdilər. Düşərgənin içərisində yerləşən qaz otağından tutmuş, ölüm divarına (əsirlərin güllələndiyi divar) qədər hər hissə insana çox qəribə hisslər yaşadır. Burada hər millət üçün fərqli binalar mövcud olub və o binalar hazırda muzey olaraq fəaliyyət göstərir. Düşərgədəki muzeylər Almanların etdiyi soyqırımı və bu soyqırım qurbanlarının çəkdiyi əziyyətləri ziyarətçiləri təqdim edir. Muzeylərdə minlərlə soyqırım qurbanına aid ayaqqabı, eynək görə bilərsiniz. Almanların dağıtmağa vaxtlarının çatmadığı qaz otağının aurası isə sözlə izah edilə biləcək səviyyədə deyil. Bu otağa həmin dövrdən bəri toxunulmayıb və otağın girişində sadəcə bu sözlər yazılıb "SS-in minlərlə insanı öldürdüyü binadasınız. Lütfən, burada səssiz olun: onların əzablarını xatırlayın və xatirələrinə hörmət göstərin". 2-ci düşərgə (Birkenau) ən böyük faciələrin yaşandığı düşərgədir. Şindlerin siyahısı filminə baxanlar bu hissəni çox daha gözəl xatırlayar. Çünki, filmin son səhnəsi məhz buradakı dəmir yolunun üzərində çəkilmişdi. Düşərgənin içərisinə birbaşa dəmir yolu xətti gəlir (hazırda istifadə olunmur) və müharibə dövründə qatarlara yığılan yəhudilər birbaşa düşərgənin içərisinə gətirilir, buradan sağlam olanlar seçilib ağır işlər görməyə yollanır, qeyri-sağlamlar, qadınlar, yaşlılar, uşaqlar isə birbaşa qaz otaqlarına göndərilirdilər. Həmin sağlam olanlar da ağır işlərdən və işgəncələrdən sonra "qeyri-sağlam" statusu alıb digərləri ilə eyni taleyi paylaşırdılar. Burada 6 qaz otağı və 4 meyid yandırma təsisi mövcud olub. Qaz otaqlarında öldürülən və ya güllələnən insanlar meyid yandırma təsislərinə aparılıb yandırılırdılar. Lakin, bu düşərgədən qaçan 2 yəhudi bütün düşərgənin sxemlərini müttəfiqlərə ötürməyə bacarmışdı və bundan xəbər tutan almanlar, sovet əsgərlərinin də gəldiyini də görərək düşərgəni dağıtmışdılar. Daha doğrusu düşərgədəki qaz otaqlarını və meyid yandırma təsislərini. Əsirləri düşərgəyə gətirən dəmir yolu xətti və 1 vaqon hələ də sağlam vəziyyətdədir. 3-cü düşərgəyə həm vaxt baxımından həm də görüləcək çox şey olmadığından getməmişəm. Amma məlumat üçün deyim ki, 3-cü düşərgə Siemens və onun kimi böyük şirkətlərin işlərini görmək üçün əsirlərin işlədildiyi bir düşərgə idi və o düşərgədə də "gücdən düşmüş" əsirlər 2-ci düşərgəyə gətirilib yandırılırdı. Auschwitzdəki mənzərələr həqiqətən də inanılmazdır, buranı gördükdə insanın insana belə şeyləri necə edə biləcəyinə belə inana bilmirsən. Bir insanın hansı dərəcədə sadist ola biləcəyinin ən böyük örnəklərindəndir Auschwitz. Buradakı insanların fabrik şəklində öldürülüb, yandırılmasına başlıca payı olan insan nə Hitler, nə Gobbels nə də başqa alman generalları idi. Buradakı insanları yaxından görən, onlara bunların edilməsini zabitlərə əmr edən, durmadan daha çox yəhudi öldürməyin yollarını axtaran şəxs SS-in rəhbəri Heinrich Himmler idi. Bütün bu düşərgələrin də fəaliyyəti birbaşa ona bağlı idi. Sovetlərin Stalingrad və Moskvadakı qələbələrindən sonra qəzəblənən Himmler, oradakı öldürülən əsgərlərin də günahını yəhudilərdə görürdü. Düşünürdü ki, bu müharibə yəhudilərə görə başladı, elə isə onlar bunun cəzasını çəkməlidir və bu düşüncə ilə 1943-cü ildən sonra yəhudilərin öldürülməsi daha da şiddətləndi. Hətta alman zabitlər öz yazılı məruzələrində fəxrlə "bu gün 90 min yəhudi" yandırdıq deyə bilirdilər. Düşərgələrə getməzdən öncə mütləq rezervasiya etməlisiniz. Əgər bələdçi ilə rezervasiya istəyirsinizsə təxminən 30 manat ödəməlisiniz. Ödəniş etmək istəmirsiniz və özünüz gəzmək istəyirsinizsə bunun üçün 17:00-dan sonra olan pulsuz rezervasiyaları əldə etməlisiniz. Öncədən rezervasiya üçün visit.auschwitz.org/rezerwacja/termin.html?idg=1 saytından istifadə edə bilərsiniz. Düşərgəyə qatarla getmisinizsə çalışın 20-dan öncə işlərinizi yekunlaşdırın. Çünki, 20:30-da sonuncu qatar yola çıxır Katowiceyə. Krakow qatarı isə 19:30-a qədər işləyir. Ən yaxşı variant isə 20:30-da Katowice qatarına çatmaqdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sadig Aghali