908 dəfə oxunub

Bir qalanın sirri - Carcassonne

Fransanın Languedoc-Roussillon bölgəsinə Barcelonadan icarəyə götürdüyümüz maşınla getmişdik. Elə yenicə Fransa torpağına qədəm basmışdıq ki, əsl fransız qonaqpərvərliyini öz üzərimizdə hiss etdik. Düz xətti azca bastaladığımıza görə şanlı fransız polisi bizi saxladı, nə qədər yalvardıq, kimlərin adını verdik xeyri olmadı. Alın təri ilə qazandığımız 90 Avromuz cibimizə ağırlıq edirmiş. Nə qədər kruasan ala bilərdik bu pula...

Pireney dağlarının ətəyində yerləşən Od çayı üzərində yüksələn Carcassonne qalasının gözəlliyi kütləvi kruasan itkisini tez unutdurdu. Axşam bura çatdıq və mehmanxanada çantalarımızı tullayıb yüyürdük qalaya. Qala divarları arxasında qədim şəhər yerləşir. Saysız hesabsız restoran və kafelərin qarşısında dayanan işçilər turistləri cəlb edirlər və hər biri də səni inandırmağa çalışır ki, əsil “cassoulet” məhz burada bişirilir. Ət və ağ lobyadan hazırlanan bu yerli təam gil qabda təqdim olunur və elə sobadan götürülüb qaynayan vəziyyətdə masanın üstünə qoyulur.Carcassonne qalası

Carcassone çox mürəkkəb tarixi olan qədimi bir qaladır. 725-ci ildə buranı müsəlmanlar ələ keçirir və şəhərin adının yaranmasının ən çox yayılmış əfsanəsi elə bu dövrlə bağlıdır. Qalanın Karl tərəfindən mühasirəsinin beşinci ili gedirdi. Demək olar ki, bütün qarnizon başda müsəlman hökmdarı Balaak olmaqla məhv edilmişdi. Elə bu vaxt Balaakın həyat yoldaşı Karkas xanım hiylə işlədir - şəhərdə yeganə sağ qalmış donuza taxıl yedizdirib onu qala divarından tullayır aşağı. Zərbədən partlayan donuzun qarnından yerə tökülən taxılı görən Karl fikirləşir ki, gör bunlarda nə qədər donuz var ki, onları diri diri tullayırlar və nə qədər yemək ehtiyyatları var ki, donuzlara taxıl yedizdirirlər. Bu vəziyyətdə o, mühasirənin mənasız olduğunu düşünərək ordusuna geri çəkilmək əmri verir. Qələbəni qeyd edən Karkas isə zəng çalmaq əmri verir. Səsi eşidən Karlın silahdaşıyanı hökmdarına müraciət edərək “Cənab, Karkas Sizi çağırır” deyir (Sir, Carcas te sonne). Bilmirəm Sizə nə qədər maraqlı gəldi, amma hər halda turistlər üçün hesablanan və şəhərin brendinə çevrilən bu əfsanənin baş qəhramanı Karkas xanımın heykəli elə girişdəcə Narbonn qapıları ilə üzbəüz dayanıb camaatı qarşılayır.
XI-ci əsrdə Languedocda mənəvi dünyanın yaradıcısı olan Xeyirxahlıq Allahını və maddiyyatın yaradıcısı olan şeytanı qəbul edən Katar təriqəti yaranmağa başlayır. Carcassone katar mərkəzlərinin birinə çevrilir. Bunu eşidən Roma papası dönüklərə qarşı səlib yürüşü elan edir. Bölgəni od içində boğan və yerlə yeksan edən bu yürüş Carcassone qalasına demək olar ki, toxunmur. Buna səbəb isə qala müdafiəçilərinin iki həftədən sonra su çatışmazlığı səbəbindən təslim olmaları olur. Şəhər sakinlərinə buranı sağ salamat tərk etmək imkanı yaradılır, yalnız bir şərtlə - onlar hər bir şeylərini şəhərdə buraxıb, özləri ilə isə yalnız günahlarını apara bilərdilər, yəni ki, bir şalvar və bir köynəklə. Langedocun tarixində qaranlıq dövr başlayır – müharibələr, inkvizisiya, kütləvi qırğınlar. Bəzi məlumatlara görə inkvizisiya elə məhz bu dövr burada yaranıb. Və onun ilk qurbanları katarlar olub.Carcassonne qalası gecə

Lakin, tam qələbəni qeyd etmək hələ tez idi. Qürurlu katarlar azadlıq mübarizələrini hələ çox davam etdirdilər. Onlar insanı insan tərəfindən istismar etmədən vicdanlı və sağlam həyatı təbliğ edirdilər. Döyüşlər uzun illər davam etdi, lakin güclər qeyri bərabər idi və yekunda katolik dininin tərəfdarları tam qalibiyyət qazandılar. İndiki Carcassonda o dövrdən qalan abidələrdən biri də qalib tərəfin qala içərisində tikdirdikləri Müqəddəs Nazari və Selsi katolik kilsəsidir.

Qalanın ərazisi gəzməklə bitmir, hər addımda elə bil ki, o dövrlərə qayıdırsan. Hər il iki milyon turist qəbul edən Carcassone son dövrlər Holliwoodun da maraq dairəsinə daxil olub. Burada “Robin Hood”, “Jeanne dArc”, “Harri Potter” və bir neçə Disney cizgi filmləri çəkilib. Hətta Disney özü bir neçə il Carcassonedə yaşayıb.

Carcassone qaladan başqa aşağı şəhərdən də ibarətdir. Şəhərin bu hissəsi bizdə o qədər maraq doğurmasa da, getməyə məcbur idik. Və səhər yeməyindən sonra şəhərə poçt axtarışına yollandıq. Avropada cərimə ödəmə təcrübəmin olmadığından proses mənə çox maraqlı gəldi. Demək poçtda cərimənin dəyəri qədər marka almalısan, onları zərfin üstünə yapışdırıb poçt qutusuna atmalısan. Poçt qutusunu tapmaqda isə bizə bir yerli qonaqpərvər fransız yardımçı oldu. Bizim ingiliscə, onun isə fransızca danışmasına baxmayaraq bir birimizi çox gözəl başa düşdük.

Bir sözlə, yolunuz nəinki Fransaya və ya İspaniyaya düşəndə, umumiyyətlə Avropaya növbəti səfər xəritəsinə mütləq bu balaca lakin qədim və qürurlu bir tarixi olan Carcassone şəhərini salın.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Matin Rahimli

DİGƏR BLOQLAR

TARİXİ SARAYLARI VƏ SEHİRLİ MÜHİTİ İLƏ İRAN

 İran səfəri haqqında çox uzun bir yazı.Bu yazı bir az uzun olacaq. Ona görə də indidən çay-kofe-qarpız nələrsə əlinizin altına qoyun. Əvvəlcədən yazımda olan səhvlərə görə üzr istəyirəm. Maraqlı gəlsə və həvəsiniz olsa bunu redaktə edib mənə göndərərsiniz, göndərərəm hansısa sayta.Deməli başlayaq. Hər şeyin əvvəlində nə gəlir? Əlbəttə ki, səbəb. “İrana gedirəm” dediyim anda insanlar çoxu təəccüblə, qarşısında “ağlını itimiş” bir insan gördüklərini hiss etdirirdilər və səbəbi soruşurdular. “Həkimə gedirsən?” - Yox, “Məşədə gedirsən?” - Yox. Bəs nə işin var orda? Səbəb isə çox sadə idi - uşaqlıqdan Təbrizə marağım olub və bu dəfə istəyimi reallaşdırmaq qərarına gəldim.Necə getdik? Adil və Zeynalla qərara gəldik ki, Tehrana təyyarə ilə gedək və oradan üzü yuxarı yavaş-yavaş davam edək. İlk dəfə idi ki, getdiyim yerə heç bir çanta, çemodan götürməmişdim. Düşündük ki, orada nə lazım olsa alarıq. Buta sağ olsun! Əl çantasına belə icazə vermir, ona görə də balaca A4 ölçüsündə bir çanta götürmüşdüm.Dostlarıma çox yansıtmasam belə içimdə bir həyəcan var idi, çünki deyirdilər ki, bəs Amerikada olmuş adamlar İran sərhədində problem yaşaya bilərlər . Xülasə, təyyarədən düşdük və passport yoxlanışa yaxınlaşdıq. Gömrük işçisi yuxulu-yuxulu bizə baxdı və passporta möhür vurmadan bizi yola saldı. Onu qeyd edim ki, qayıdanda belə gömrük işçisi passportumda möhürün olmadığını gördü və möhür vurmadı. Bizimkilərdən soruşanda dedilər ki, bəs bunu Avropaya gedəndə problem yaranmasın deyə edirlər.Dil: İlk gördüyümüz adamla ingiliscə danışmağa çalışdıq, o da biləndə ki, biz Azərbaycandan gəlmişik dedi ki, “ə bəs türkçə danışın da” (bundan sonra da “türkcə” və “türk” sözləri istifadə olunub. burada elə bizim dil və xalq nəzərdə tutulur).Biz də elə danışdıq. Çıxdıq bayıra və bir taksi tapdıq. Öz dili ilə desək Ərdəbil uşağı Əkbər bizi gecə Tehranında gəzdirdi və ölkə barədə ilk məlumatları verdi: ”Tehranda ən pis halda hər 3 nəfərdən birisi türkdür. Yeməkxanalar, bazarlar və s. xidmət obyektlərinə elə türklər baxır. Rahat türkçə danışa bilərsiniz”. Bax bu mənim üçün yeni məlumat oldu ona görə də kimə yaxınlaşırdıqsa ingilis dilində yox, elə türkcə danışırdıq. Tehrandan üzü yuxarı şimal tərəflərdə əsas türklər yaşayır. Təbrizdə isə demək olar ki, hamı bizimkilər idi. Türk dilini sadəcə türklər yox, elə farslar və kürdlər də bilirlər. Dilləri çox şirindir. Misal üçün “ay can” əvəzinə “caaaanım” deyirlər. İlk dəfələrdə başa düşməkdə bir az çətinlik çəkə bilərsiniz, lakin 2-3 günə tam başa düşəcəksiniz. Ona görə hər yerdə ilk olaraq türkcə söhbətə başlayırdıq, başa düşməyəndə ya ingiliscə, ya da avtomatik türkcə anlayan birini tapırdılar.Qaldığımız məkan: “Hi Tehran” adlı hostel idi. Bu hostel çox şirin bir məkan idi - əsas da İnterneti yerində və xudmani səhər yeməyi var idi. Təbrizdə isə Saeb (səhv xatırlamıramsa adı belə idi)adlı bir oteldə qaldıq. 2 yataq otağı + qonaq otağı, günlük təxmini 50 azn idi. Möhtəşəm!Pul vahidi: Çıxdıq şəhərə. İlk getdiyimiz yer sərraf idi - bizim dillə desək pul dəyişmə məntəqəsi. Ümumiyyətlə, İranda məni ən çox çaşdıran elə bu pul söhbəti olmuşdu. Niyə? Rəsmi adı rialdır, lakin hər kəs tümən adından istifadə edir. Məzənnə elədir ki 1 manat 71.000 rial (7.100 tümən) idi və elə ilk pul dəyişmədən sonra biz olduq millioner. Məsələ odur ki, hər dəfə bizə qiymət deyiləndə biz dəqiqləşdirirdik ki, söhbət tüməndən gedir ya rialdan. Axırdan axıra başa düşdük ki, söhbət tüməndən gedirmiş.Qiymətlər: Təbrizdə Eynəlidə (aşağıda oxuyacaqsınız) bir işçi ilə danışırdıq. Xanım dildən saz idi. Hardan gəldiyimizi biləndən sonra dedi ki “nə var e sizə? gəlirsiniz müftə gəzirsiniz burada” və nə yalan deyim - elə idi. Təsəvvür edin ki, gedirdik yemək yeməyə, 3 adama nəyi var yeyirdik və hesab 30 Azn-i heç vaxt keçmirdi. Ona görə çox yerə gedəndə heç qiyməti soruşmurduq. Taksi də çox ucuz idi - şəhərin bir başından o başına maksimum 3-4 Azn-ə gedirdik.Yol hərəkəti: Tehran deyəndə ilk ağlıma gələn oranın yol qaydaları idi. Yəni anormallığı. Bunu sözlə ifadə etmək çətindir, gərək görəsən. Sadəcə təsəvvür edin ki, orada heç kim (!) piyada zolağında saxlamır və piyadalar sadəcə maşınlar və motosikletlər arasında oynayaraq yolu keçirlər. Məsələ onunla çətinləşir ki, qanun qaydaya fikir verən yoxdur və kim necə gəldi sürür. Sözün əsl mənasında. Əlavə olaraq hara gəldi, necə gəldi sürən yüzlərlə motosiklet və moped var. Oranı görəndən sonra Bakı maşın sürmək üçün ən möhtəşəm yerdir. Təsəvvür edin!Təbrizdə hər şey daha yaxşı idi. Ən azından piyadaya yol verilirdi, lakin orda da qayda-qanunla insanların arası heç yaxşı deyildi. Təsəvvür edin ki, taksi sürücüsünün birisinə sual verdik ki, bəs siz də “dairədə” yol kimindir? Cavab - kim birinci girdi :)Yeməklər: səhər yeməyi təcrübəm çox güclü olmayıb deyə sizə sadəcə nahar və şam yeməyindən danışa bilərəm. Tehranda günorta Tehran bazarında yerləşən bir yeməkxanaya getdik. “Daldeh” yerdə yerləşməsinə baxmayaraq növbədə bəlkə 40 nəfər gözləyirdi. Çox maraqlı arxitekturası var idi. Porsiyalar isə çox böyük idi. İranda düyünü yağla verirlər (üstündə qoyurlar).O biri günTəbrizdə Zeytun restoranında oturduq (rəngli şüşəli şəklim var) Növbəti məkan isə bir kababxana idi (şəkli var). Lülə kababı verirdilər, 40 sm-lik hardasa. Lülənin yanında laym (İranda çox məhşurdur), reyhan (!) və soğanla bir yerdə. Çox dadlı idi, çox!Kəllə-paça, piti və sairə kimi yeməklərə vaxtımız çatmadı. Ümumən yeməklərdən razı qaldım. Çayı isə cəmi 1 yerdə dada bildim (Eynəlidə). Digər yerlərdə sallama çay verirdilər :(Meyvə şirələri tam ayrı bir mövzudur. Ən çox bəyəndiyim yemiş və çiyələk idi. Sözlərlə ifadə edilmir, əntiqə idi!Görməli yerlər:Bu mövzuda uzun-uzadı yazmaq olar, amma vaxtınıza qənaət edəcəm (əlavə məlumat üçün google edə bilərsiniz). Aşağıdakı yerləri 10 ballıq şkaladan qiymətləndirəcəm. Qeyd edim ki, mən çox da bina-incəsənət adamı deyiləm deyə qiymətləndirməmdə əlbəttə ki, önyarqı var.Tehran-Gülüstan sarayı - İransayağı Dolmabahçe. Topkapıya heç yaxın durmur. Bir dəfə görmək lazımdır. 5/10-Tehran Bazarı - çox gəzə bilmədim, amma maraqlı yerə oxşayır. 6/10-Azadi Tower - şəkil çəkdirmək üçün yaxşı yerdir. Avtovağzaldan da uzaq deyil. Son olaraq ora gedə bilərsiniz. 6/10-Miladi Tower - dünyanın ən hündür 6-cı teleqülləsidir. Bütün Tehran əlinin içindəki tək görsənir. Axşam gün batmamışdan əvvəl getmək şərtdir (biz bilmirdik). 7.5/10Təbriz-Təbriz Böyük Bazarı - dünyanın ən böyük qapalı bazarıdı. Alış -veriş üçün mükəmməl bir yerdir. Orada minimum 1 gün keçirmək lazımdır. 9/10- Azərbaycan Muzeyi - sadəcə adına görə içəri girdik. Ən maraqlı hissəsi bu günə kimi İran ərazisində olan dövlətlərin hökümdarlarının buraxdığı qəpik kolleksiyası idi. 6/10-Göy Məscid - çox təəssüf ki, pis gündədir və indi əsaslı təmir olunur. Lakin ora gedib 2 rükət məscidə salam namazı qılmaq lazımdır. Gözəl aurası var. 6/10-Kəndovan - Kapadokya tipli, qayalardan yarılmış evlərdən ibarət bir türk kəndidir. Bir dəfə gedib görmək olar. 6.5/10-Eynəli - Bəlkədə gördüyüm ən maraqlı yer idi. Qəbələdə olan kanat yoludur. Biz dağın başına piyada qalxdıq və ordan bütün Təbriz görünürdü. Yolun ortasında bir çadır var idi, orada nəhayət ki, normal bir çay içdik. Bu yerə də axşam gün batanda gedin. Biz yenə də bilmirdik. 8.5/10-Saat Meydanı - tam dəqiq bilmirəm, amma Saat meydanından üzü Böyük bazara tərəf gedən nəqliyyat üçün bağlı olan tərəfi İstanbul, digər tərəfi Gəncənin Sabir küçəsinə oxşayan bir yerdir. Çox söydüm oranı, cənublular demiş - 10/10Təbriz ya Tehran - şübhəsiz Təbriz. Bir az yöndəmsiz Tehrandan Təbrizə gələndə içimdə bir qorxu var idi. Bəzən olur ki, hansısa qızla tanış olursan online və bir gün qərar verirsən ki görüşək. Qorxursan ki qızı görəndən sonra başa düşəcəksən ki, şəkillərinə lazımından artıq filtr qoyub)) Bax mən də Təbrizi ilk görəndə o qorxunu keçirirdim, amma dəyməzdi. Təbriz öz alicənablığı ilə sadəliyi ilə məni valeh etdi.Şəhərlərarası avtobuslar: 2 gecəni avtobusda keçirən adam olaraq deyə bilərəm ki, bunların avtobusları əntiqə idi! Bizim avtobuslar kimi 4 yox, 3 sıradan ibarət idi və geriyə getmə bucağı daha yüksək olduğundan daha rahat uzanmaq olurdu. Tehrandan Təbrizə və Təbrizdən Bakıya oxşar avtobuslarla gəldik və çox razı qaldım.Abu-hava: Yuxarıda qeyd olunan tıxac xaosuna baxmayaraq 4 gün ərzində 1 dəfə də olsa mən bu ölkədə stress görmədim. İnsanlar bir-birinə qarşı çox hörmətlə davranır və çox nəzakətli idilər. Xüsusən bunu Təbrizdə hiss etmək olardı. Bizim sürücülərin yolun ortasında "xarakiri" edəcəyi məqamlarda bunlar heç siqnal belə vermirdi. Çox təəcüblü idi vallah!Sağollaşmalar: Ən çox yadda qalan məqamlardan birisi məhz bu idi. İranlılar bizim kimi “sağ ol”-la kifayətlənmir və çox kreativ sözlər istifadə edirlər. Yadımızda qalan bəziləri bunlar idi - “nökərinəm, yaşa! (ən çox bu istifadə olunurdu) , əllərin dərd görməsin, cibin milyon görsün” və s.İnsanlar: Məni ən çox təsirləndirən məhz onlar idi. Türk olsun, fars olsun hər biri suallımiz olanda kömək etməyə çalışırdı. Nə yalan deyim, 4 gün ərzində 1 dəfə də olsun kobudluq və ya sərt reaksiya görmədim.Türklər bizi görəndə lap çox sevinirdilər. Bizə sual verirdilər ki, bəs niyə gəlmisiniz bura. Cavabimiz o idi ki “sizi görməyə" , "Sizi tanımağa”. Bu insanlar elə bil bir az daha safdırlar (bilirəm, ümumiləşdirirəm). Biz hər zaman Anadolu türklərinə qardaş kimi baxmışıq, amma başa düşdüm ki, cənublular lap “canımızın içidir”. Onlar bizim televiziya kanallarına baxırlar. Qarabağ məsələsi ilə maraqlanırlar, bizim musiqimizdən agahdırlar. Təsəvvür edin, Eynəlidən Saat meydanına qayıdırıq, bir cavan oğlan bizi aparırdı. Dedi ki, bu dəqiqə sizə bir mahnı qoyacam və budur- Rəşid Behbudovdan bir şey gözlədiyim andan gur səslə Üzeyir Mehdizadə stilində bir mahnı qoydu. Demək ki, həm yaxşı, həm də pisdə bizi örnək götürürlər.Gördüyüm hər 5 nəfərdən biri deyirdi ki, bəs ya Şimalda qohumları var, ya da böyük babam ordan gəlib. Birinə dözmədim dedim ki, “ağa niyə gəlib bura bəs?”, o da gülərək dedi ki, “bəs nə bilim e səhvdir də edib”.Səhv demişkən. Siz də bu səhvi etməyin və imkan olanda gedin qardaşlarınızı görün. Uzaq deyillər. Arazın o tayındadılar. Düzdü, fərqlidirlər, rusdilli deyillər, çox da qlamur da deyillər, amma onlar da bizdən birisidir, biz də onlardan. Neçə gündür gəlmişəm və danışdığım mövzu elə budur. İranı çox söydüm (sevdim - cənub ləhcəsində). Gedin, siz də söyün :)P.S. Bu səfərdə mənə dözən, əsl qardaşlıq göstərən, tam bir YESMAN-lar olan Adil və Zeynala təşəkkürümü bildirirəm!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Toghrul Alakbar 

731 dəfə oxunub

Kuba bələdçisi: Vinales, Havana və Trinidad

Kubada 12 gün keçirdim. 1) Ən bəyəndiyim yeri Vinales oldu. Turistlərin ən az olduğu, turistik abu-havadan ən uzaq, Kubanın ən çox hiss edildiyi yer idi. Əvvəl kənd olub, sonra qəsəbəyə çevrilib, amma yaşayış şərtlərini nəzərə alsaq kənd adlandlrmaq olar. Kənd öz-özlüyündə elə "görməli yer" dir, vaxt keçirmək üçün xüsusi harasa getməyə ehtiyac yoxdur. Sahil çox uzaq olsa da ən gözəli idi Kubada. Atla gəzinti hər şeyə dəyər. Milli parkda mütləq atla gəzinti götürülməlidir məncə. Mənim atımın adı "Lemonada" idi. Şirin kartof. siqar plantasiyalarına getmək üçün ən ideal yerdir. Ən yaxşı siqarı ordan almaq mümkündür. Ən yaxşı "Casa de musica", yəni musiqi evi və salsanı öyrənmək üçün ən professional yerlilər Vinalesdədir.Vilanesdəki otellər üçün bu linkə baxın (check this link for hotels in Vilanes)Getdiyim digər iki şəhər: Havana və Trinidad da çox gözəl idi. Havanada sahil gözəldir, Trinidad sahil baxımından Havana və Vinalesə çatmır. Trinidadda gediləcək ən gözəl məkanlar şəlalələridir. Tura əvvəl qəhvə plantasiyasına getmək, sonra isə şəlaləyə dırmanmaq daxildir. Trinidad ən turistiki idi aralarında. Türkiyənin İzmir, Antalyasına bənzəyir, amma mərkəzdən 5 dəqiqə uzaqlaşmq kifayət edir ki, turistlərin olmadığı kasıb və maraqlı küçələr gözə dəysin. Ən ucuz və ən gözəl restoranı San Jose dir mərkəzdə. salsa oynamaq və izləmək üçün yenə ən gözəl məkan hər üç şəhərdə " Casa de musica" dır. Salsanın və ümumilikdə latino musiqinin hər növünü görə bilərsiniz. Jazz-salsa, rock-salsa və s. Havanada teatr binasının altında salsa məkanı var. Musiqiçilər və rəqqaslar çox professionaldır. Modern rəqs üçün maraqlı məkan Trinidad mağarasıdır. Kimdən soruşsanız deyər.Havanadakı otellər üçün bu linkə baxın (check this link for hotels in Havana)Kuba Mojitonun vətəni olsa da, Coco-Loco (Kokos içində kokteyl) nə qədər məşhur olsa da məncə ən dadlı kokteyl Pinocoladadır.Trinidaddakı otellər üçün bu linkə baxın (check this link for hotels in Trinidad)Verilə biləcək digər sualları indidən cavablandıraraq deyim ki, Kuba səyahətinə bilet xaric çox az pul xərclədim, çünki hər şeyi planlamışdım ən qənaətcil, amma gözəl şəkildə. Heç bir tur şirkəti ilə getməmişəm, biletləri Polşada yaşadığım üçün Varşavadan Amsterdam və dönüşdə Paris tranziti ilə almışam. Ən çox pulum şəhərlərarası və s. taksilərə çıxdı, lakin, kollektiv taksidə digər insanlarla yol hər şeyə dəyərdi. Ümumilikdə, 12 günə camaatımızın Antalya tərz yerlərdə xərclədikləri puldan daha azını xərclədiyinə inanıram, yəni qorxmağa dəyməz. 3 padruqa getmişdik, amma tək də getsəm təhlükəli olmazdı, yəni təhlükəli ölkə deyil. Və sonda ən önəmli amil-insanlar möhtəşəm idi. İnsanlarını bəyənmədiyim üçün getmək istəmədiyim ölkələr var. Hər halda Kubada nə qədər gözəl şey görsəm də, ən gözəli insanlar idi. Hər kəsə belə gözəl insanları tanımaq üçün Kubaya getməyi məsləhət görürəm, çünki Azərbaycanda biz uşaqkən mövcud olan abu-hava: wi-fi -ın olmadığı, hər kəsin küçələrdə oturub qonşularla söhbət etdiyi anlar orda hələ də yaşayır. Və yaxşı turist olun: əksəriyyəti təşkil edən alman və fransız turistlər kimi sakitcə oturub konsertə baxmaqdansa qalxın rəqs edin, salsa öyrənin, ispanca öyrənin və yerlilər sizi bizdə olduğu kimi az qala ağlayaraq yola salacaq :) Digər videolar və s. da paylaşacam, təşəkkürlər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Ülkər Mehdiyeva  

677 dəfə oxunub

Tiflis bələdçisi

Tiflisdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Tiflisdən bütün gəzəyənlərə salamlar.Ən sonuncu xarici ölkə səyahətimi 6 yaşımda Rusiyaya etmişdim. Getmək istədiyim yerlərdən biri də Gürcüstan idi.Bileti (Bakı-Tiflis-Tarbzon-Bakı)425 AZN başa gəldi. Baqaj 0 götürmüşdüm, bel çantamla buraxmadılar. Orada Baqaj almalı oldum.Tiflisdə ilk getdiyim yer Fabrika hostel oldu, bir gün qabaq bron etmişdim(12 nəfərlik otaq).33 lari+bir gecə. Mən Fabrika hostelini çox bəyəndim,əla idi hər şey, gigiyenik idi.Bircə qəribə tərəfi tualtdə su olmaması idi yuyunmaq üçün. Əl yumaq üçün bayırda idi. Qısası bütün hosteli barjomi butulkamla gəzmişəm. Çıxanda qoydum tualetə ki, birdən ehtiyacı olar müsəlman bacı-qardaşlarımızın:DHostelə yerləşdikdən sonra şəhəri gəzintiyə çıxdım, nəqliyyata ehtiyac yoxdur çünki şəhərdə görməli yerlər yaxındır. Funkliyora mindim(gediş+gəliş)20 lari. Funkliyorla çıxdıqdan sonra orada dağüstü park var, maraqlı atraksionlar var, amma uşaqlara daha maraqlı olar deyə düşünürəm.Sizə Kür çayının üzərindəki qayıq turundan danışım. Tiflisə sırf onun üçün belə getməyə dəyər. 30dəqiqədə (30 lari) körpünün hər iki tərəfini turladıq, şəlalə var idi qayalıqların arasından axan ora qədər də gedib çıxdıq. İndi başa düşdüm ki, Kürün ən gözəl hissəsi Gürcüstana düşüb, ya da yaxşı ticarətə çeviriblər bunu.Oradan piyada Trinity Cathedrala gəldim, möhtəşəm idi, əzəmətli idi.Girişdə geyim var, götürüb geyinirsən.Görməli yerlərdən biri də The Clock Tower idi. Maraqlı arxitekturası var, şəhərin mərkəzindədir.Mən kilsə gəzməyi çox sevdiyim üçün, Tiflisdəki bütün kilsələrə getdim.Körpünün üzərində bizdəki(bit bazarı)kimi bir yer var idi, hərçənd ingilis dilində soruşanda daha da baha deyirlər, yenə getməyə dəyər. Antik əşyalar, əl işi aksesuarlar,rəssamların sənət əsərləri sərgilənir (həmçinin parkdır). Oradan Gustav Klimtin əsəri olan boyunbağı aldım(10 lari).Qidalanma-restoran qiymətləri bakıdan çox az fərqlənir. Ətraflı map hesabımdan girib baxa bilərsiniz.Google Xəritədəki postuma baxınSəviyyə 5 Yerli Bələdçihttps://maps.app.goo.gl/zWm9yJq3g68rGa8R9Tiflisdə gəzərkən Cəlil Məmmədquluzadənin evini də gördük. Funkliyora gedən yolda içəri binalarda idi.Tiflisdə ən bəyəndiyim şeylərdən biri də şəhərin qraffitiləri idi. Divarların rəngarəngliyi göz oxşayırdı. Özümü daha azad ölkədə hiss edirdim.Taxi xidməti-iki dəfə mindim, qiymətlər münasibdir.Düşəndə taxi arxamca çağırıb qəpiyi verəndə şok oldum ki,bakıda heç təklif belə etmirlər.((Bircə Tiflisdə ürəyimdə qalan şey o oldu ki, techno klubu gedə bilmədim. Çünki hamısı sezona çıxmışdı.Burada iki gün qaldım, indi isə yolum Batumi şəhərinədir. Sən demə hər yerin 20 yanvar metrosu kimi yeri var. Avtobusla ucuz başa gələr deyə düşünürdüm ki, elə anında bir gürcü dayı Batumiiiii qışqırıb, vitasına doğru apardı(40 lari). İndi yoldayam beş saata çatacam. Qəşəng təbiət görüntüləri Batumi səfərimin detallarında görüşənə qədər, yoldaşlar. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ağgül Feyziyeva

404 dəfə oxunub

Ultra Music Festival

Splitdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Sizə bir audiofil və xüsusilə EDM musiqi fanatı gözü ilə Ultra Music Festival 2018 barədə yazmaq istəyirəm.Bilməyənlər üçün deyim ki, Ultra dünyanın ən məşhur elektron musiqi festivallarından biridir. David Guetta, Hardwell, Armin Van Buuren kimi ən məşhur DJ-lər 1 həftə boyunca yeri yerindən oynadırlar. Bu ilki festivalın 6-9 iyul tam cədvəlini birinci şəkildə qoymuşam. (Xüsusilə saatlara fikir verin)Çoxdandır UMF-ə getmək arzusunda idim. Amma heç vaxt biletlərin satış məqamına çatdıra bilmirdim özümü. Festival özü iyulda olur və ondan öncəki ilin sentyabr ayında biletlər satışa çıxır. Elə 1-2 həftə ərzində satılır. Keçən il, iyul aylarında qərar verdim ki, dəqiq 2018 festivalına gedəcəm. Özümü rəsmi saytlarında gözləmə listinə saldım. Sentyabrda şanlı mail gəldi ki, biletlər satışdadır. Aldım. Və elə o dəqiqə də, Airbnb ilə Xorvatiyanın Split şəhərində, düz elə festivalın keçiriləcəyi Poljud stadionuna yaxın ev tutdum.https://www.facebook.com/tural.us/videos/10216338791367612/O vaxt evi 107$-a tutmuşdum, 4 günlük. Sonra 4-5 ay ərzində müxtəlif vaxtlarda ev yiyəsinə göndərdiyim mesajlara cavab gəlmədi. Nəhayət fevralda başa düşdüm ki, gözləmək mənası yoxdur. Airbnb-yə yazdım. Cancel eləyib yenidən ev tutmağı məsləhət gördülər amma bu dəfə artlq 300$-a başa gəldi ev. Airbnb ilə danışıqlarım nəticəsində 200$ kredit verdilər, məndən çıxan 100$ oldu yenə)Vaxt keçdi, festival vaxtı gəlib çatdı. Pragadan Flixbusla yola düşdüm Splitə. Nə az, nə çox 16 saatlıq yol, Zagrebdə stop ilə.Yolun 1-ci hissəsini Colombialı dünyanı gəzən qız ilə dəhşət maraqlı söhbət, 2-ci hissəsində isə Castella-lı (Splitin yanında şəhər), bundan öncə UMF-də backstagedə köməkçi işləmiş qızla söhbətlə keçirdim. Ondan da bütün festivalın tips & tricks-ini öyrəndim.Ayın 5-i çatan günü giriş brasletimi aldım stadiondan ki rahat keçim səhəri gün. Və elə həmin gün 15 nəfərlə tanış oldum, hərəsi bir yerdən. Daha DXB-də işləyən ərəbdən tutmuş Argentinadan avropa səyahətinə çıxmış qaqaşacan.Festival 19:00-da başlayıb səhər saat 5-də bitirdi. Səhəri gün elə təxminən 8-də getdim ora.https://www.facebook.com/tural.us/videos/10216338926330986/Təsəvvür edin, stadion və ətrafı 4 fərqli stagedir. Hərəsində fərqli dj-lər, birinci şəkildə göstərildiyi kimi. Yəni bir party-də bezəndə, o birinə gedə bilərsən. 5-ci şəkil main stage - yəni stadionun içidir.Axırıncı video Armin Van Buuren və festivalın əsas fazasının bağlanışıdır. Mən axırıncı dəfə oxşar hissləri Hans Zimmer konsertində keçirmişdim. 3 saatlıq sessiyanın hər saniyəsi tükləri biz-biz edən, adamı tamamilə musiqinin kontrolu altında tutan, stadionu titrədən performansı ancaq Armin Van Buuren verə bilərdi. Bütün digər djaylərdə fikirləşirdim ki, bax bu hissədə bunu daha düzgün edə bilərdi, filan keçid daha yaxşı ola bilərdi. Armindəki professionallıq o qədər yüksəkdir ki, bütün yaşadığım audio-vizual təcrübə "işi belə görərlər" mesajı verdi, bir dənə də olsun səhv tapa bilmədim. Tək sözlə dəhşət performans. İndiyəcən kameranın linzalarını da titrədən çəkic kimi baselər başımdadır.https://www.facebook.com/tural.us/videos/10216338931851124/Festivaldan ümumi təəssürat - dəhşət. Enerjisi tükənmiş gedib, 100% dolu enerji ilə qayıtdım. Möhtəşəm vizual effektlər, adamın sümüklərini titrədən audio və səhərəcən marionetka kuklalar kimi musiqinin kontrolu altında rəqs bu festivala qoyulan pulun qəpiyinəcən dəyərli edir.Bundan başqa da, belə yerlərdən adama özünü eyni dalğada hiss etdiyin dostluqlar qalır. Pablo ilə festivalda tanış olduq, 32 yaşlı Argentinalı SEO professionalı. 3 günlük söhbətlərimizdə o qədər ortaq baxışlar çıxdı ki, 10 ilin dostu kimi ayrıldıq. Axırda da, məlum oldu ki, ikimizin də ad günü 9 iyundur. O məni latın Amerikasına, portugaliyalı yeni dostum məni sentyabrda Lissabonda keçiriləcək BPM music festivala dəvət etdi.Bir sözlə, gedin belə yerlərə. Hər saniyəsi yaddaşınıza həkk olunacaq, inanılmaz yeni tanışlıqlar və dostluqlar əldə edəcəksiniz.P.S, Latın Amerikası zor təklifdir, gərək biletləri araşdırım :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tural Ali‎     

537 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!