Sicilianın ikinci ən böyük şəhəri - Kataniya bələdçisi
Sicilyanın ən böyük ikinci şəhəri, möhtəşəm çimərlikləri olan, dəfələrlə məhv olsa da yenidən qurulan, başı bəlalardan heş qurtulmayan Kataniyaya xoş gəldiniz.
Şəhərin simvolu: Ümumiyyətlə Kataniya haqqında nəyəsə baxanda qarşınıza çıxan ilk şey Katedral meydanındakı fil fəvvarəsi olacaq…Fil deyib keçməyin bu heykəlin Kataniyalılar üçün çox ciddi önəmi var. Filin adı “Liotru”dur və Kataniyanın qoruyucusu hesab olunur və elə nə hikmətdirsə bu başı zülümlərdən açılmayan, vulkanlardan, zəlzələlərdən majal tapmıyan Kataniya 1737-ci ildə bu heykəl bura qoyulandan sonra təbii fəlakətlərdən demək olar ki, canını qurtarıb…
Vulkan Şəhəri: Kataniya Etna dağının ətəyində yerləşir və bu aktiv vulkanın yaxınlığında yerləşən yeganə böyük şəhərdir. Etna Kataniyanı dəfələrlə tamamilə məhv etsə də “heç bir yerdə yaşaya bilməz Kataniya adamları “ deyib yenidən burada şəhər inşa ediblər. Ümumiyyətlə Etna Kataniyalılar üçün müqəddəsdir. Nə qədər bəla gətirsə də yenə də “bir dərdim var min dərmana dəyişməm” deyib Etnanı sevməyə davam edirlər. Etnaya gündəlik turlarla gedə bilərsiniz. Gördünüz ki, vulkan püskürür qorxub qaçmayın. Dərhal lavalarının içinə atlayın. Deyilənə görə vulkan lavası insan dərisinə xeyirdir…
Möhtəşəm pizzalar: İtaliyanın neçə şəhərində pizza yesəm də burdakı qədər dadlı pizza bəlkə biraz Napolidə görmüşdüm. Özəlliklə arxa küçələrində çox ucuza (5-6 avro) çox dadlı pizzalar tapmağınız mümkündür.
Narıncı şəhər: Şəhər portağal ağaclarının bolluğu ilə məşhurdur. Küçələrdə gəzərkən bir çox yerdə rast gələcəyiniz portağal ağacları Kataniyadakı geniş bağların sadəcə “cıqqılı” hissəsidir.
İsti qumlar: Kataniya çimərlikləri qara vulkanik qumları ilə məşhurdur. Bu qumlar günəşdə çox isindiyindən ayağınız “cızza” olmasın deyə çimərlik ayaqqabısı götürsəniz çox işinizə yarayar.
Barokko İrsi: Şəhərdə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş möhtəşəm barokko memarlığında binaları var. Ümumiyyətlə şəhər başdan başa barokko tərzində inşa olunub. Düşünə bilərsiniz ki, Palermoda ərəbindən normanına, yunanından italyanına 100 dənə memarlıq üslubu var bu yetimlərdə niyə təkcə barokkodu? Çünki, Etna gözünə döndüyümün beyni çönəndə hamısın məhv eliyibdi. Bu da yetməzmiş kimi baş vermiş zəlzələlər də olan qalanı yoxa çıxarıb…
Dəniz məhsulları ilə zəngindir: Kataniya mətbəxi təzə dəniz məhsulları və balıqları ilə məşhurdur. Balıq bazarları şəhərin rəngarəng və canlı yerləridir.
Qatarla səyahət: Kataniyadan dəniz kənarı boyunca səyahət edərək Sicilyanın 3-cü böyük şəhəri olan Messinaya da gedə bilərsiniz. Səyahət boyunca dənizə doğru çox gözəl bir mənzərə yaranır.
Siciliya Günəşi: Yay aylarında Sicilyadasınıza, hələki Kataniyadasınızsa o zaman işiniz işdir. Çünki, Kataniya yay aylarında çox amma çox isti olur.
Norman qalası: Kataniya tarixi Norman qalası ilə məşhurdur. Düzdür bu qala “cıqqılıcana” Kataniyadan kənarda qalır amma “Aci castello” adlanan bu əraziyə gedib çox qəşəng mənzərələr görə bilərsiniz. Bu qala şəhərin mərkəzinə baxan bir təpədə yerləşir.
Teatr və İncəsənət: Kataniyada çoxlu teatr və incəsənət tədbirləri var. Mədəniyyət həvəskarları üçün əla yerdir.