1399 dəfə oxunub

Şəhər bələdçisi - Malta

Həmişə ada həyatı mənə maraqlı olub. Bu ayın əvvəlində Maltaya gedə bilməyim üçün fürsət yarandı və mən də düşünmədən bu fürsətdən yararlanmağa qərar verdim. Üstəlik beynəlxalq bir proqram idi və bir neçə ölkədən qruplar olacaqdı deyə maraqlı bir “səkkiz günlük” olacaqdı. Öncə viza üçün müraciət etdik, təbii ki, İtaliya səfirliyinə.

Dəvətnaməmiz olduğu üçün viza barəsində problemimiz olmadı. Uçuşumuzu da həll edib, yollandıq Maltaya. Onsuz da böyük olmayan bu ada, kifayət qədər yüksəklikdə təyyarədən baxanda demək olar ki, tamamilə görünür. Hava limanına enər-enməz, dənizin qoxusu insanın burnuna vurur. Bizim ilk məntəqəmiz Qawra şəhəri idi və hava limanından birbaşa avtobus gedirdi. Dayanacaqları tam dəqiq vaxt ilə işləsə də avtobuslar elə də sıx qrafiklə işləmir. Eyni nömrəli avtobusların intervalı bəzən bir saatdan artıq olur, amma yaxşı bir tərəfi də var ki, demək olar bütün ada boyunca yaşayış yerlərində pulsuz wifi şəbəkəsi tapa bilərsiniz. Bu da başınızı qatmaq üçün gözəl üsuldur. Avtobuslar üçün gediş haqqı 2 avrodur. Amma biletlər vaxtla verilir. Yəni bir gediş üçün 2 Avro verib bilet aldınızsa, 2 saat ərzində neçə dəfə avtobus dəyişsəniz də, ilk aldığınız bileti göstərməyiniz kifayətdir. Mən özüm bir biletdən 3 fərqli avtobusda yararlana bildim.

35345560_1870625602957624_2516857196302565376_n

Onu da qeyd edim ki, bura ayaq basan andan Maltanın uzun zaman Britaniyanın müstəmləkəsi olmasını hiss etməmək mümkün deyil, iki rəsmi dilindən biri İngilis dili olan bu balaca ölkənin əhalisinin 90 faizi ingiliscə sərbəst danışır, elektrik “razetkaları” Britaniyadakı kimi üç dişlidir, hərəkət istiqaməti yolun sol tərəfindəndir, əgər yolunuz buraya düşsə və niyyətiniz kirayə avtomobil götürüb, gəzmək olacaqsa bunu nəzərə alın.
Əhalisi az olduğundan və eləcə də kiçik ərazi olduğu üçün, o qədər də mürəkkəb bir ölkə xəritəsi yoxdur. Ona görə də mobil app-larla istədiyiniz yeri rahatlıqla tapıb, gedə bilərsiniz. Hava limanından otelə qədər 40 dəqiqəlik bir yolumuz var idi. Otelə yerləşəndən sonra axşam saatları olsa da, çıxıb “yüngülvari kəşfiyyat” eləmək istədik.

Əgər bir gün bu adaya getsəniz, unutmayın ki, dükanlar axşam saat 22:00-da bağlanır və Avropadır deyə burda belə şey olmaz demədən maqazinlərdən alacağınız bir çox şeyi sövdələşib, qiymətini endirə bilərsiniz. Qiymətlərə gəlincə, bahalıdır təbii ki, amma içki və ayaqüstü fast-food xaric. Yerli çaxırlar və pivələr 2-5 Avro arasında dəyişir, dadlıdır, sınayın mütləq. Amma tütün və digər gündəlik tələbat malları bahadır. Gedəsi olsanız, xüsusilə siqaret çəkənlər, mütləq özünüzlə bərabər ehtiyacınız qədər siqaret götürün.

2

Şəhər restoranlarında da qiymət bahadır, əsasən dəniz yeməkləri daha çox təklif olunur, öz milli yeməkləri bir az İtaliya mətbəxinə bənzəyir. Mən dəniz yeməklərini elə də çox sevmədiyim üçün başqa yeməklərə üstünlük verirdim, doğrusunu desəm öz yeməklərimiz üçün darıxdım. Amma Maltada sevdiyim şeylərdən biri də o oldu ki, dəniz kənarlarında, çimərliklərdə şişirdilmiş qiymət yoxdur. Yəni bizdən fərqli olaraq, adanın hər yerində qiymət baha da olsa, demək olar ki, eynidir. Qawra kiçik şəhərdir, hündür binaları yoxdur. Kiçik olsa da, gözəl və “lakonik” şəhərdir, o mənada ki, bir şəhər üçün ehtiyacınız olan hər şey var burada, yəni bu şəhərdə bezmək çətindir. Təmiz çimərlikləri, sakit insanları, dünyanın hər tərəfindən gələn əcnəbiləri ilə maraqlı bir şəhərdir.

İkinci səyahətimizi Maltanın paytaxtı, qədim Valletta şəhərinə etdik. Özünəməxsus arxitekturası, sarı daşlarla tikilmiş baxımlı binaları, hər küçəsindən tarix qoxan bu şəhərə ayaq basdığınız andan aşiq olacaqsınız. Şəhər başdan ayağa öz tarixini və kimliyini qoruyur-addımbaşı tarixi şəxsiyyətlərin heykəlləri, muzeylər, abidələr və sıx-sıx kilsələrlə qarşılaşdıq. Sahil boyunca uzanan Valletta digər şəhər olan Qawraya nəzərən daha böyükdür və bir az da paytaxt abu-havası səbəbi ilə istər-istəməz moderndir və daha çox gəzməli-görməli yerləri var. Barraka Gardens tarixi parkı Valletta şəhərinin ən yüksək qismində yerləşir, bir zamanlar şövalyelərin təlim mərkəzi kimi inşa olunan bu tikilinin altında toplar adanı müdafiyə etmək və önəmli qonaqları qarşılayarkən istifadə olunub və bu gun də önəmli günlər zamanı toplardan atəş açılır. Təsadüfdən biz orda olan zaman 7 iyun tarixi Malta üçün 1919-cu il dirçəliş günü idi və topdan atəş açılmasının canlı şahidi olduq. Ümumiyyətlə bu gözəl şəhər üçün bir neçə saat kifayət etmir, ən azı bir gün ayırmamaq insafsızlıq olar. Həm alış-veriş üçün, həm tarixə səyahət üçün Valletta gözəl seçimdir.
Malta özü bir neçə xırda və böyük adalardan ibarətdir. Bu adaların hər birinə getməyə zamanınız olmasa da Gozoya mütləq baş çəkin. Adalar arasında körpüyə rast gəlmədim. Adadan adaya avtomobillər və insanlar ferry-gəmi bərə vasitəsilə keçid edirlər. Ferrylər komfortludur, içində bir neçə restoran və yolboyu başınızı qatacaq yerlər və vasitələr var. Gəmi ilə yol boyu Aralıq dənizinin gözəlliyini, adaları seyr edə bilərsiniz və onsuz da çox qısa olan bu dəniz yolçuluğu sizi qətiyyən yormaz.

35272122_1870625882957596_4488498440753381376_n

Nəhayət Gozoya çatdıq. Səyahət etmədən öncə Gozo haqqında minimal təsəvvürə malik idim. Amma canlı görəndən sonra hiss etdim ki, Gozo yazılanlardan daha gözəldir. Həm şəhər olaraq, həm də təbiət olaraq. Maltada ümumiyyətlə dağ və çay yoxdur, təpələr və dayaz vadilərə rast gələ bilərsiniz ki, bu təpələr də ən çox Gozo adasındadır. Gördüyüm ən gözəl çimərliklər və qumsallara Gozoda rastladım. Yolunuz Maltaya düşərsə Gozoya getmədən ölkəni tərk etməyin. Gozo şəhəri paytaxt Vallettaya nisbətən bir az daha tarixə kökənlidir. Şəhər mərkəzində və mərkəzə yaxın yerlərdə yeni binalara nadir hallarda rastlana bilərsiniz, dar küçələri, daş döşəmələri ilə mənə bir az İçəri Şəhəri xatırlatdı. Gozo şəhərində bir neçə kilsə var. Amma “The Catedral of the Assumption of the Blessed Virgin Mary” adlanan kilsənin gözəlliyi və böyüklüyü ən azı bu uzunluqda adı yadda saxlayacaq qədər unudulmazdır. XVII əsrdə inşa olunan bu Roma Katolik kilsəsi yüksək bir təpədə yerləşir. Kilsədən baxanda bütün kənar qəsəbələr, adalar sahillər görünür. Kilsənin ərazisi çox böyükdür və tikili olaraq da böyük bir qəsri xatırladır. Kilsə ərazisində addımladıqca sanki addım-addım tarixin, illərin, əsrlərin içinə yaxınlaşırsan.

Ümumilikdə Malta səyahəti yaddaqalan və gözəl keçdi. Mənim fikrimcə iki cür gəzəyən var. Birinci növ ancaq şəhər, muzey, mədəniyyət və tarix sevir. İkinci növ gəzəyənlər isə təbiət, iqlim, fauna və flora sevir. Malta isə bu iki növ gəzəyənin hər birini sevir ???? . Ölkə haqqında sizə maraqlı olan suallarınız varsa, buyura bilərsiniz. Oxuduğunuz üçün təşəkkürlər, ümid edirəm sizi yormadım. )))

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Şirxan Ayxan Adgözəl

 

 

DİGƏR BLOQLAR

Ziddiyyətlər ölkəsi – Liberiya bələdçisi (Part II)

Salam hər kəsə.İki dəfə qrupda Liberya haqqında paylaşım etmişdim və onlarla oxuyucu daha da ətraflı yazı istəmişdilər.Bu dəfə ümumi deyil, iki yer haqqında məlumat paylaşmaq istəyirəm.Onlardan birincisi Ducor oteldir.1960-cı ildə Monroviyanın ( Liberyanın paytaxtı) ən yüksək mövqeyində tikilmiş Dukor otel dövrünün ən lüks oteli olub və şəhərin ən hündür tikilisi ünvanını alıb. İllərlə fəaliyyət göstərib. O dövr elə də bəsit olmayan bir qurğu- liftə malik möhtəşəm tikili əgər istifadəyə yararlı olsaydı hal-hazırda da analoqsuz bina olardı...Xalq arasında Qəddafinin oteli olaraq tanınır.90-cı illərdə ölkədə baş verən daxili müharibə binanı istifadəsiz hala gətirib. Yenə yerlilər arasında Qəddafinin restobrasiya edəcəyi danışılsa da, onun ölümü bu planı həyata keçirməyə imkan verməyib.Artıq dağılmaq üzrə olan bina məhdud turistlərin girişinə icazə verilən bir məkan olub.İnanın çox fərqli aurası var.Heç indi elə proyektlə bina inşa edə bilmirlər.Ki, o binanı da britaniyalı mütəxəssislər, Rumıniya və İsrail proyektinə əsasən tikiblər.Çəkiliş üçün icazə verilmirdi. Ona görə ancaq şəhərin görüntüsünü çəkdiyim foto, içəridən də bir foto paylaşdım. Bir də hal-hazırda belə ölkədə liftin barmaq sayı qədər olduğunu düşünsək tikilini Afrika üzərindən analiz edirəm... İkinci məkan şəhərin ən reytinqli səmti olan Sinkorun ara məhəllələrindən biridir.Mərkəzdə belə bir qəsəbənin varlığı bizə artıq təəcüblü gəlmir.Düşünə bilərsiniz ki, Azərbaycanda da bənzər yerlər var. ( inanın o qədər olanı yoxdur) Ancaq müqayisə üçün deyim ki, Monroviyanın ən azı 60-70 faiz yerləri belədir... ( "Teneke" evlərin sayı isə 70%-dən də çoxdur)Niyə məhz o qəsəbəni çəkmişəm? Körpü tikmək üçün bizdən maddi yardım istəmişdilər. Yox deməmişik. Körpü tikən məhəllə sakinlərinin yemək və tikinti vəsaitlərini qarşıladıq. Özləri təmənnasız işləyirlər. Əvvəlcə dövlətə müraciət ediblər, ancaq qarşılıq almayıblar...Biz də inşaatın başladığı gün izləmək üçün getdik.Bitdiyi halını da profilimdə paylaşaram yəqin.Baxıb, halımıza şükür etməyimiz üçün paylaşmadım, sizə də belə bir şey yazmayacam...Mənə maraqlı gələn onların yaşantılarına rəğmən əksər vaxt yüksək əhval-ruhiyyədə olmalarıdır.Musiqiləri pozitivdir.Geyimləri rəngarəngdir.Bu gün dekor üçün qara parça almağa bizim "Sədərək ticarət mərkəzi" kimi bir bazara getmişdik.(əslində Sədərəyə bir az haqsızlıq oldu, konalizasiya sularının küçədən axdığı bir səmt ilə müqayisə) O qədər parça mağazasının arasında bir ya iki mağazada qara parça vardı...Liberiya həyatının hər iki üzünü instagramda tez- tez paylaşıram.Profilimi hər kəsə açıq etmişəm. (Linki rəydə paylaşaram) Arzu edənlər izləyə bilər. Sona qədər oxuduğunuz üçün təşəkkür edirəm.PS: Fotoları yükləyəndə qarşıma musiqi alətləri "sasa"nın fotoları çıxdı. Videoları təəsüf ki, silmişdim paylaşa bilmədim. İçi oyulub, qurudulmuş boranıdan hazırlanır...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gulnare Memmedova

1939 dəfə oxunub

Almaniya - Obersee

Avstriya sərhədindəki mənzərəli yer haqda dünənki yazı ilə verilən bir çox sualları nəzərə alaraq, daha ətraflı bir məlumat təqdim etməyi gərara aldım.Videoda gördüyünüz mənzərəli yer Obersee adlanır. Alp dağlarında olan bir çox göllər kimi burada da su inanılmaz dərəcədə təmiz olduğuna görə gölün dibi görsənir. Üstəlik göl valehedici rənglərə bürünür sanki.Obersee gölü Almaniyada olsa da, Avstriyanın Zaltsburq şəhərindən təxminən 15, Münhendən isə 150 km aralı yerləşir. Məhz ona görə Avstriyada yaşayan və ya həmin ölkəyə turist kimi gələn insanlar üçün Obersee-yə səfər etmək qat qat rahat olar. Əgər siz ora Münhendən və ya mənim kimi Nürnberqdən getmək istəsəniz, o zaman gərək maşınla gedəsiz. Əks təqdirdə Münhendən ora çatmaq üçün 3, Nürnberqdən isə 6 saat qatarla yol getməli olacaqsız. Alternativ olaraq yaxınlıqda yerləşən hotel və ya pansionatda gecələmək olar.Bura gəlmək üçün ilk növbədə Königsee gölünə çatmalısız. Naviqator nədənsə tam başqa ərazidə yerləşən eyniadlı gölü göstərir. Ona görə diqqətli olun və Bavariyadakı Königsee-ni seçin.Königsee-yə çatandan sonra gərək mütləq “kater”-ə (yani tutumu təxminən 30-40 nəfər olan qayıq) minəsiz. Çünki Obersee gölünə başqa, yani necə deyərlər alternativ yol yoxdu. Gediş dönüş biletin qiyməti 18.50 eurodur. Gediş dönüş cəm şəkildə 1 saat 50 dəqiqə davam edir. Yani 55 dəqiqə gediş və 55 dəqiqə dönüş. Obersee istiqamətində 25 dəqiqə qayıqla hərəkət etdikdən sonra ilk dayanacaq Bartolomeu olacaq. Burada Almaniyanın 2-ci ən yüksək dağını rahat görmək olar (qeyd videoların birində əks olunur). Həmçinin buradakı restoranda yerli forel dadmaq olar. Qiymət təxminən 12 eurodan başlayır. Növbəti dayanacaq Salet - sonuncudur. Oberseeni görmək üçün gərək burada düşəsiz və təxminən 15 dəqiqə piyada gəzdikdən sonra nəhayət arzuolunan yerə çatacaqsınız.Öncədən deyim ki Königsee-yə nə gədər tez gəlsəniz o gədər yaxşıdır. Məsələn səhər saat 9-10-dan gec gəlsəniz, gəzintiyə elə də çox vaxtınız qalmayacaq. Belə ki, 2 saat ancaq qayıqla gəzintiyə sərf olunur, saat 18-00-dan sonra artıq qayıqlar işini bitirir və insanlar dağlışır.Burada həmçinin dağın başına qalxan kanat var. Gediş dönüş təxminən 14 eurodur. Ona da kifayət gədər vaxt lazımdı. Amma həm pul, həm də vaxt baxımından bunu etməyə dəyər, çünki ordan gölə möhtəşəm mənzərə açılır.Düzdü bundan da möhtəşəm mənzərələri görmək mümkündür, amma bunun üçün gərək 12 km məsafəni dağlı ərazidə piyada qət edəsiz. Buna adətən 5 saat vaxt tələb olunur. Nəticədə Archenkanzel adlı bir yerə çatırsız. Şəkillərin birində bu nöqtədən açılan mənzərə əks olunur.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Emin Guliyev

2435 dəfə oxunub

Avropanın Qüdsü - Sarayevo

Sarajevo, Bosnia və Hersoqovina (Mənim 3-cü ana vətənim) Gürcüstandan sonra demək olar ki, ən çox sevdiyim ölkə Bosniyadır.  İki dinin bir-birinə gözəl şəkildə qarışmış olduğu bir ölkə görmək istəyirsinizsə, mütləq bura gəlin. Bosniyaya gələn zaman nə etməlisiz? Hava limanından taksi adətən 30 KM-ə mərkəzə gətirir, amma qırmızı taksiləri sifariş verəndə cəmi 15 Markdır. )"Old Town"-ı tam şəkildə gəzdiyinizdən əmin olun. Bahalı restoranlara getmək burda maraqlı deyil. Küçədə olan kiçik kafelərdə oturub Bosnia kofesi içməyin ləzzəti başqadır. Bosnia kofesini necə içməlisiz? 1) Qaşığı cəzvənin içinə salaraq tam hal alana qədər qarışdırın sonra balaca stəkana süzün. Stəkanın yanında olan qəndin bir hissəsini kofeyə batıraraq dişləyin və daha sonra kofeni için! Başqa formada içsəz, Bosniyalıların kofe mədəniyyətini təhqir etmiş olacaqsız  Sarajevonu gəzdikdən sonra qatarla Mostara gedin. Vağzal mərkəzdən 10 dəqiqə kənardadı. Ümumiyyətlə, bu şəhərdə transporta ehtiyac yoxdu. Hər yerə ayaqla gedə bilərsiz.Gediş-gəliş bileti qatar üçün 20 Marka yaxındır. Qatar səhər saat 7-də çıxır, 10-da Mostara çatır. Geri dönüş də saat 5-dədir. )Mostarı kəşf etmək üçün 3 saat bəsdi) Ona görə də, orda olan müharibə muzeyinə gedin, körpünün ətrafını gəzin.Mostarı bitirdikdən sonra taksi ilə Buna-Balagaj-ı mütləq siyahınıza salın. Ordakı Dərviş evinə girib mağaraya daha yaxından baxmaq şansınız olacaq)Blagaj-da mütləq balıq yeyin! Orada yeyəcəyiniz balığı heç yerdə tapmayacaqsız.Ümumilikdə, Sarajevoda tramvayın qiyməti 1.50 Markdır. Tramvaya daxil olanda sürücüyə pulu verərək bilet alacaqsız, sonra o kartı ordakı aparata salmalısız. Əgər, nəzarətçilər sizin biletsiz olduğunuzu görsələr, 50 Mark cərimələyəcəklər.Çim-çim etmək istəsəz, gərək bir az pul xərcləyəsiz))) NEUM-a gedərək Adriatik dənizində üzə bilərsiz. Amma ora getmək+qalmaq və s . baha başa oturur deyə, Sarajevoda swimming pool-a getmək daha ucuz gəlir. 7 Mark!!!Prinsipcə, soyuq suyu sevirsinizsə, Mostarda olan ərəfə çayda da çimə bilərsiz)Cable-Car -a mütləq gedin! Sarajevonu yuxarıdan izləmək başqa maraqlıdır. Bir nəfər üçün gediş-gəliş 20 Markdır. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Natiqqizi‎

2326 dəfə oxunub

Su Altı Cənnəti - Gili Adaları

Gili-Trawangandakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Gili Adaları- İndonezyada Maldivlər - Bali adasına gedib də Gili adalarına getməmək Londona gedib Big-Beni görməməklə eyni olar. Gili 3 adadan ibarətdir: Gili-Air, Gili-Meno və Gili-Trawangan. Bunlardan Gili-Meno balayı adası sayılır. Gili-Trawangan isəadalardan ən böyüyü və ən maraqlısıdır. Belə baxanda adaların hər üçü maraqlıdır.Adalara gediş sadədir. Girirsiniz instagrama- “Balidaily” hesabını açırsız və orada Balidən Gili adalarına gedən sürət katerlərindən hər hansı birini seçib adaya sürət katerləri ilə gedib-qayıda bilərsiniz. Sizi aparacaq kater firması pulsuz olaraq qaldığınız otelə taksi göndərir və katerin olduğu yerə aparır. Adaya gedib-gəlmə günlərini əvvəlcədən seçirsiniz.( Katerlə gediş-dönüş qiyməti təxminən 40 azn). Adada qiymətlər və otellər Balidən daha ucuz olduğundan tətilinizin 2-3 gününü buraya ayırıb həm sakitlik, həm də əsl rahatlığı burada tapa bilərsiniz. Məsələn okean kənarı şəxsi hovuzu olan villanı günü 40-50 manata tuta bilərsiniz. Gili adalarında İstanbuldakı Böyükada olduğu kimi avtomobil sürmək qadağandır və yoxdur. Adada velosiped və ya mini motoları günü təxminən 10 manat ödəməklə kiralaya bilərsiniz və ya atlardan istifadə edə bilərsiniz. Adalar arası sürət kateri ilə məsafə təxminən 10 dəqiqəlikdir. Yuxarıda göstərdiyim kater firması da əvvəlcə Gili Air, sonra Gili-Meno, ən sonunda isə Gili Travangana sərnişinləri aparır. İstədiyiniz adada düşüb həmin adada qala bilərsiniz. Qaldığınız adadan sıxıldığınız zaman isə 3-5 manat ödəyib digər adaya katerlə keçə bilərsiniz. Atdığım xəritədə adaların hər birində olan məşhur yerlər göstərilmişdir. Endirib yaxınlaşdırıb baxa bilərsiniz.Gili adalarının məşhurluğunun səbəbi sakit dəniz və mavi tərtəmiz okean suyunun olması, dalış üçün ideal yerlər olmasıdır. Adalarda olan çoxsaylı dalış klublarından hər hansı birinə təxminən 15-20 manat ödəyib 6-7 saat ərzində şnorkellə və ya tüplü dalışlara qatıla bilərsiniz. Heç birini bacarmasanız da olar, özləri təxminən yarım saat hovuzda dərs keçirlər və öyrənirsiniz. Mən internetdə araşdırıb “Dive Central Gili” klubu barədə müsbət rəylər yazıldığını görüb dalış üçün həmin klubdan istifadə etdim.“Turtle paradise” adlı yerdə siz yüzlərlə dəniz tısbağası görəcəksiniz. Ölçüləri bəzən 1 metr həcmində belə olur. Adrenalin sevənlər adadan biraz uzaqda olan “Shark point” adlanan hissəyə də gedə bilərlər. Köpək balıqları heç qorxulu deyilmiş))).Gili Air mərcanlar, batmış gəmilər, sualtı heykəllər, Gili Meno nəhəng dəniz tısbağaları, Gili Travangan ətrafındakı dalışlar zamanı isə fərqli balıq növləri görə, okeanın altında tərtəmiz mavi suda həmin balıqlarla selfie çəkə bilərsiniz))). Telefonu su altında istifadə etmək üçün xüsusi plastik qutular var, qiyməti təxminən 5-10 manat arasındadır. Dəniz kənarlarında hər yerdə satılır. Balidən fərqli olaraq ada sakinlərinin 90 faizi müsəlman olduqlarından yemək barədə sıxıntınız olmayacaqdır. Axşam saatların bütün turistlər və yerli sakinlər dəniz sahillərində olur. Bütün gecəni canlı musiqi və sair əyləncələr keçirilir. Okean sahili, sarı qumlar, canlı musiqi, mükəmməl hava, mavi dəniz və Bintang. Günəşin çıxmasını gözləyib bu möhtəşəm mənzərənin şahidi ola bilərsiniz və həqiqətən də o, an həyatda ən unudulmaz anlardan birinə çevrilir. Beləliklə Baloyə getdiyiniz halda Maldiv gözəlliyi, sakitlik və rahatlıq, çox ucuz qiymətlərə istirahət tapmaq istədiyiniz halda Gili adalarına mütləq gedib ən az 2 gününüzü orada keçirin. Katerə qayıtdığınız zaman əmin olun ki, ayaqlarınız arxaya qayıtmaq istəyəcək. Sonda buraya qədər oxuyan bütün qrup üzvlərinə bir gün dünya səyahətinin qismət olmasını arzulayıram. Növbəti yazılarda görüşənədək.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Рашид Азе

1626 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!