1155 dəfə oxunub

Norveç bələdçisi - Lofoten adaları

Norveçin kart viziti hesab olunan, ən az bir dəfə də olsun internetdə şəkillərinə rast gəldiyiniz, dünyanın ən şimal nöqtələrindən birində yerləşən, yay aylarında günəşi batmayan, qış aylarında günəşi çıxmayan, soyuq havası və amma havasının tam tərsi insanları olan, möhtəşəm təbiətə sahib Lofoten adalarına xoş gəldiniz.

Lofoten adaları müxtəlif adalardan, adaların da tərkibində müxtəlif balıqçı qəsəbələrindən ibarət uzunluğu Azərbaycanın uzunluğundan biraz qısa olan bir yerdir...

Ən məhşur qəsəbələri Svolvaer, Reine, A, Henningsvær, Sorvagen, Moskenes və sairədir.

İnternetdə tez-tez gördüyünüz dənizin içərisində qırmızı evlər Lofotenin bir çox qəsəbələrində mövcuddur amma ən məhşurları məhz Reine qəsəbəsində yerləşir.

Təbii ki, Lofoten adalarının tək özəlliyi qırmızı, şirin evləri deyil...Buradakı təbiət həqiqətən də çox gözəldir.

Amma qışı keçdim, elə yayda da  soyuq olur.

Hər tərəfi göl, hər tərəfi dəniz, hər tərəfi şəlalə, hər tərəfi dağ olan adalar qrupu düşünün...

Necə getmək olar?

Başqa ölkələrdən birbaşa reys yoxdur. Mütləqdir ki, "çerez" Oslo gedəsiniz. Öncəliklə Oslodan gedirsiniz Evenes-Narvik hava limanına. Bura Lofoten adalarının şimal-şərqində yerləşir.

Buradan gün ərzində 2 dəfə Lofotenin paytaxtı sayılan Svolvaerə marşrut (300 nömrə) fəaliyyət göstərir. Saat 11-də və 16:00-da. Lofoten adalarında ictimai nəqliyyat nə qədər çətin görünsə də çox sadədir əslində. Gün ərzində cəmi 2 reys fəaliyyət göstərir. Bu avtobusların getdiyi ən son nöqtə Å qəsəbəsidir. Narvikdən Å qəsəbəsinə qədər getmək üçünsə 3 avtobus dəyişdirmək lazımdır. Qarışıq görünə bilər amma əslində çox sadədir. Beləki, hava limanından birbaşa getmək istəyirsiniz Å qəsəbəsinə. Bunun üçün sizin avtobus öncə gəlir Svolvaerə, Svolvaerdə başqa bir avtobus gözləyir ki, hava limanından gələn avtobus gəlsin və Leknes istiqamətində gedən sərnişinlər bu avtobusa minsin. Yenə Leknesdə də başqa avtobus (eyni nömrə, eyni marşrut) gözləyir ki, Leknes avtobusu gəlsin və Å istiqamətində gedən sərnişinlər bu avtobusla yollarına davam etsinlər (çox çətin bir tənlik kimi görünsə də bir dəfə öyrəşəndə çox rahat gəlməyə başlayır)

Lofoten adalarında işiniz bitdikdən sonra isə gəmi ilə Moskenes limanından (Lofoten adalarının uc hissəsində yerləşir) gəmi ilə Bodoya keçə bilərsiniz.

Bodø Norveçin şimal paytaxtı hesab olunduğundan burada nəqliyyat məsələləri daha çox rahatlaşır.

Buradan qatarla Trondheimə, daha sonra yenə qatarla Osloya qayıda bilərsiniz.

Və ya Bodødan birbaşa Osloya təyyarə ilə gedə bilərsiniz.

Hotel məsələləri biraz qəlizdir. Norveçin baha olduğunu yəqin ki, bilirsiniz. Lofotendə isə hotel qiymətləri daha da bahalaşır. Adi hostellər belə 100 manatdan başlayır. Tapdığınız hotellər isə bəzən çox tərs istiqamətlərdə qala bilirlər. Yəni gedəcəyiniz yerlərə bir xeyli uzaq məsafədə yerləşirlər. Bu da onsuz da ictimai nəqliyyatın gündə 2 reys fəaliyyət göstərdiyi bir yerdə ciddi problemə çevrilir.

Marşrutlar bəzən sizin olduğunuz qəsəbəyə gələnə qədər dolmuş olur və belə olan halda siz növbəti reysi gözləmək məcburiyyətində qalacaqsınız. Buna görə də marşrutlara inzibati mərkəzlərdən minməkdə fayda var (məsələn: Svolvaer, Leknes)

Tövsiyyəm: əgər yay aylarında səyahət etmək istəyirsinizsə, çadırla səyahət edin. Müxtəlif kamp əraziləri mövcuddur və həm bu kamplarda qala bilərsiniz, həm də istəsəniz təklikdə başqa ərazilərdə çadırınızı qurub tam təhlükəsiz şəkildə gecəni keçirə bilərsiniz. Lofoten adalarının ən uc hissəsinə qədər gəzə gəzə gəlib daha sonra isə Moskenesdən gəmi ilə Bodoya keçin. Bododan isə ya qatarla, ya da təyyarə ilə (vaxtınızdan asılı olaraq) Oslo istiqamətinə hərəkət edin. Oslodan sonra isə özünüz bilən məsləhətdir.