963 dəfə oxunub

Moda və sənət mərkəzi - Milan

Milandakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.

İtalyanın moda və sənət mərkəzi sayılan Milana ilk səyahətimdə oranı sevməsəm də ikinci səfərimdə müsbət xatirələrlə qayıtdım. Xüsusən alış-veriş sevənlər üçün Milan əsl cənnətdir. Normalda kənardan ürək ağrısı ilə qiymətlərinə baxılan markalar Milanda ildə 2 dəfə keçirilən shopping festival zamanı bəzən 90%-dək çatan möhtəşəm endirimlər zamanı əlçatan olur. Milanda rəsmi alış-veriş festivalı ildə 2 dəfə, qış və yay aylarında olur və 6-8 həftə aralığında davam edir. Qış festivalı yanvarın əvvəlindən fevralın ortasına, yay festivalı isə iyulun əvvəlindən avqustun ortasına qədər davam edir və bu müddət ərzində üzərində “saldi” yazısı gördüyünüz yerlərdə çox gözəl endirimlər edilir. Milanın əsas hava limanı Malpensa şəhərə 35-40 dəqiqəlik məsafədə, əsasən low cost təyyarələrin uçduğu Milan Bergamo (Orio al Serio) hava limanı isə şəhərdən qatarla və avtobusla təxminən 1 saat aralıda yerləşən Bergamo şəhərindədir. Bir dənə təxminən 20-25 dəqiqəlik məsafədə Linate hava limanı var, adətən ora uçuşlar az olur. Milanda olarkən əşyalarınızdan ehtiyatlı olun, xüsusən arxa cibinizə kaşeloku qoyub gəzməyin.

P.S: Milanda gecə həyatı hərəkətlidir və səhərin ilk işıqlarına qədər əylənmək mümkündür.

Bu arada təxminən 1 il əvvəl gəzdiyim şəhərlər haqqında postlar yazmağa başladım və bu post səhv etmirəmsə artıq 50-cidir. Postlarda mənfi saydığınız xüsusiyyətlər varsa rəylərdə göstərin ki, gələcəkdə aradan qaldırım.

 

1) Ucuz necə getməli - Kutaisidən Milan Bergamo hava limanına Wizz Air birbaşa uçuşlar edir və qiymətləri çox sərfəlidir. 2019-cu ilin noyabr ayından etibarən isə birbaşa Tiflisdən-Milan Bergamo hava limanına Ryanair uçuşlara başlayır və bilet qiymətləri çox sərfəlidir. Tiflisə avtomobil və qatarla getmək sizə yorucu gəlirsə xatırladım ki, Buta air səhv etmirəmsə hər gün Tiflisə uçur və əvvəlcədən alsa bilet qiyməti 60-70 manat olacaq (baqajsız). Bergamodan Milana qatarla və avtobusla 4-5 avroya gedib 1 saata çatmaq olur. Bergamoda otellər ucuz olduğundan bəzən turistlər orada qalıb gündəlik Milana gedib qayıdırlar. Həm Bergamo, həm də Malpensadan taksilər şəhərə çox baha aparır, Məsləhət görmürəm. Milanda ictimai nəqliyyat çox rahatdır, şəhərin hər tərəfinə metro və avtobusla rahat gedib çatmaq olur, google vasitəsilə getmək istədiyiniz yerə hansı ictimai nəqliyyat vasitələrinin getdiyini rahatca öyrənə bilərsiniz. İnternet üçün Bakcellin 30 manata 2 gb+ free whatsapp tarifini istifadə edə bilərsiniz, sürət əladır.

-Nələri görməli və nə etməli-

1) Duomo katedralı və Galleria Vittorio Emanuele II - Milan deyəndə ağıla gələn bu 2 yerdə vaxtın necə keçdiyini unudacaqsınız. Duomonun tikintisi təxminən 500 ilə yaxın davam edibdir. Giriş saatları-09-18:15 arasındadır və katedralın üzərinə çıxan liftlə birlikdə olan bilet qiyməti 14 avrodur. Binanın üzərinə çıxmaq istəməsəniz səhv etmirəmsə liftsiz bilet 7 avrodur. Şortiklə giriş qadağandır))). Galleria Vittorio Emanuele II isə Duomonun sol tərəfində yerləşir və dünyanın ən qədim alış-veriş mərkəzlərindən biri sayılır.

2) Museo Novecento - Duomo meydanı yaxınlığında yerləşən bu muzeyə mütləq baş çəkin. Sənət sevərlər üçün çox gözəl muzeydir. İçəridə Picasso, Matisse, Modiglianinin gözəl əsərləri vardır. Giriş qiyməti 6 avrodur. Yuxarı mərtəbəsində çox gözəl Duomo meydanı mənzərəsi vardır. Axşam saat 7-dək açıqdır.

3) Santa Maria delle Grazie - Da Vinci möhtəşəm “Son axşam yeməyi - The last supper” əsərini Santa Maria delle Grazie kilsəsinin divarlarında yaradıbdır. Paris üçün “Mona Liza” nə deməkdirsə Milan üçün qarşılığı - The last supperdir. Şəkil İsanın çarxıma asılmadan əvvəl tərəfdarları ilə son axşam yeməyi barədədir. Təəssüf ki, rəsmi saytdan bilet tapmaq çətindir. Görməyi çox istəyib girə bilmədiyim yerlərdən biri oldu. Ucuz bilet üçün bir neçə ay əvvəl rəsmi saytdan bileti almaq lazımdır. Bilet tapa bilməyənlər turlarla 30-50 avro ödəyib içəri girmək mümkündür.

4) Piazza Mercanti - Duomo meydanından təxminən 6-7 dəqiqədə yerləşən bu meydana gəlib küçələrini gəzərkən özünüzü orta əsrlərdə hiss edə bilərsiniz. Tarixi binalar çox gözəl qorunub saxlanıbdır.

5) La Scala - Dünyanın ən məhşur opera salonlarından biri sayılan La Scala düzü məndə biraz xəyal qırıqlığı yaratdı. Oranı axtaranda 2 dəfə binanın qabağından keçsək də La Scala olduğunu bilmədik. İçəri hissəsi gözəldir amma fərqli bir yer gözləyirdim.

6) Pinacoteca di Brera və Biblioteca di Brera - Sənət sevərlər üçün möhtəşəm yerlərdən biridir. G.Bellininin “Pieta”, Rafaelin “The marriage of the virgin”, Francesconun “Kiss” Mantegnanın, Caravaggionun və daha bir çoxlarının möhtəşəm əsərlərini eyni anda görə bilərsiniz. Giriş qiyməti 10 avro.

7) Sforzesco qəsri - Avropanın ən böyük qəsrlərindən biri sayılır. Girişi pulsuzdur amma bəzi hissələrinə giriş pulludur. Qəsrdə böyük və gözəl Sempione parkı yerləşir. Məhşur Arco della Pace burada yerləşir.

8) Brera bölgəsi - Milanın ən gözəl yerlərindən biridir. Sərfəli otel tapsaz mütləq bu bölgədən tutun. Milanın məhşur yerlərinə buradan piyada gedə bilərsiniz. Sırayla çox gözəl kafelər, restoranlar vardır. Brera botanik bağı da görüləsi yerlərdən biridir. Həmçinin Navigli bölgəsini də mütləq gəzin.

9) Galleria d’Arte Moderna - Bonapartın bir vaxtlar yaşadığı bu saray hazırda muzey kimi işləyir. Giriş 5 avrodur.

10) San Siro (Guizeppe Meazza) stadionu - Xüsusən futbol sevərlərin mütləq getmək istəyəcəyi yerlərdən biridir. Muzey və stadion turunun qiyməti 22 avrodan başlayır.

-Sənət və modanın paytaxtı olan bu gözəl şəhərdə göstərdiklərimdən əlavə onlarla muzeylər və gəzməli yerlər vardır. Yemək qiymətləri normaldır. Restoranlarda ortalama bir böyük pizza 10-15 avro, su qiymətləri 1,5-3 avro, cola 3-5 avro arasındadır. Otel qiymətləri kifayət qədər yüksəkdir, hostel qiymətləri isə pis deyil. Sənətə marağınız yoxdursa, alışveriş etməyəcəksinizsə Milana 1 gün ayırmaq yetərlidir, yox bunlara maraqlısınızsa 3-5 gün rahat ayıra bilərsiniz. Başqa suallarınız varsa rəylərdə yaza bilərsiniz.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

 

Paylaşdı: Gəzgin Həyat

DİGƏR BLOQLAR

Ölü şəhər - Pripyat və Çernobıl bələdçisi

Çernobıl atom elektrik stansiyasında partlayış 1986 cı ilin Aprel ayının 26sı olub. AES əslində Çernobıl şəhərinin adını daşısa da, bu şəhərdən biraz aralıdadı. AES-ə ən yaxın şəhər isə Pripyatdır. Stansiya Pripyat şəhərində yerləşir. Şəkillərdə atılmış tərk edilmiş şəhər də məhz Pripyatdır.Əslində gəzinti üçün və ziyarət ediləcək bir yer kimi çox şübhə ilə yanaşırdım. Bu turu həyata keçirməyə məni dostum Rashad məcbur etdi, və qərara gəldik ki bu ərazini də səyahət siyahımıza salaq.Sentyabr ayının əvvəlində Ukrayna səfəri zamanı Kiyevdə olan tur şirkətlərinin birində online tur sifariş etdik. Tur adama 70-80 USD ətrafında oldu. Tur butun günü əhatə etdi. Turun detayları barədə birazdan məlumat verəcəm. Kiçik bir mikroavtobus bizi Kiyevdən üzü Çernobıl istiqamətinə apardı. Aramızda 2 Azərbaycanlı biz, 2 Alman, 2 Hollandiyalı, 2 Ukrainalı və bir necə başqa millətdən olan vətəndaşlar var idi.Tur rəhbəri daima yanımızda idi! Şüalanma zonasında əslinə qalsa elə bir təəccublü bir görünüş yox idi, əsas o idi ki bütün bunları şəkillərdə deyil artıq, öz gözlərinizlə görürsünüz. Səssizlik! Bəzi yerlərdə çarpıcıdı dərəcədə idi səssizlik. Sovet İttifaqı binalarının sənaye xarabalıqları vahimələndirirdi. Və vahimələndiyin an "oraya getmək olmaz" sözləri bir az narahatçılıq yaradırdı. Yaşıllıq inanılmaz dərəcədə çoxalıb. Ora ancaq ilin yaşıllıq olan dövründə getmək məsləhətdir. Tur gidi əslində qışda da maraqlı olduğunu bildirir, qar örtüyü ve s. Amma mən yayı üstün tuturam.Təsəvvür edin bizi futbol stadionuna apardılar. Və yolda meşələrin hündürlüyü 18-20 metr olan ağacların arasında saxladılar. Gid soruşur ki sizcə stadion hardadır? Biz isə ətrafda heç nə görmürük. Əslində isə stadionun düz üstündə idik. Stadionun ərazisi təmamilə meşə ilə örtülü idi.İl ərzində 47 773 turist qəbul edir Çernobıl.Çernobıl nüvə stansiyası dünya miqyasında tanınır. Stansiyanın dördüncü reaktorunda qəza nəticəsində baş verən hadisələr milyonlarla insanın həyatını dəyişdirib.RADİASİYA SƏVİYYƏSİ:Azmüddətli turlar üçün bu ərazidəki radiasiya təhlükəsizdir. Normal ərazilərdə (məs. Kiyevdə) radiasiya fonu 10-20 mikrorentgen/saat təşkil edir. 1 mkr 1 rentgenin millionda bir hissəsidir. 10-20 rentgen təsirsiz ötüşmür. 150 rentgen şüalanma xəstəliyi yaradır, 400 rentgen ölüm üçün kifayətdir.26 aprel 1986 cı ildə Pripyat şəhərində radiasiya 1 rentgen idi. 4-cü blok ətrafında bu 50-100 rentgenə çatırdı, amma reaktorun dağıntılarında şüalanma 10 000 rentgen idi.Pripyat və Çernobil ətrafında aparılan ölçülər 16-600 mikrorentgen arasında dəyişir.Müqayisə üçün xəstəxanalarda MRT olunan zaman 50 mikrorentgen/saat radiasiya alırıq.Tur təxminən aşağıdakı kimi idi:• 7:30-7:50 Kiyevdə qeydiyyatdan keçdik və 8:00 yola düşdük• Nəzarət BuraxlışMəntəqəsi (NBM) Dityatki - 30 km radiusda sərhədə çatdıq.• Çernobıl adı yazılan abidədə dayandıq.• Çernobıl şəhərinin içindən keçdik.• "Dünyanı xilas edənlər" Monumentində dayandıq. Bu abidəni ləğv etmə işlərində çalışan işçilər özləri hazırlayıb.• 1986-cı ildə Çernobıl qəzasına ləğv etmə işlərində iştirak edən avadanlıq və robotların modelləri ilə tanış olduq (радиоуправляемый самосвал Коматцу, робот-луноход СТР-1, робот МОБОТ-Ч, робот-разведчик MF-2, робот Белоярец, манипулятор Foresteri, машина дезактивации АРС-14, БТР-70, БРДМ-РХБ)• Çernobıl şəhərinin 3 nömrəli yanğın stansiyası (PPCH No. 17) - Çernobıl AES söndürmək üçün qəza gecəsinə gələn üçüncü briqada bu stansiyadan idi.• Pripyat çayı üzərindəki körpü üzərində müşahidə nöqtəsi - stansiyanın görünüşü və Çernobıl arxa hissəsi görünürdü• Nəzarət Buraxlış Məntəqəsi (NBM) Lelev - Hərəkət Zonasının 10 km sərhədi. Pasport və radiasiya nəzarətinin keçdik və reaktorlara yaxınlaşmağa başladıq• 19 saylı yeməkxanada nahar - Menyu AES personalı üçün terapevtik və profilaktik bəslənmə standartlarına uyğun idi• Pripyat şəhərinin yaxınlığında dayandıq - Qırmızı meşənin qalıqları bizə göstərildi.• Nəzarət Buraxlış Məntəqəsi (NBM) Pripyat - sənəd yoxlanışı, tərk edilmiş Pripyat şəhərinə giriş• Xalqların Dostluq Monumenti - Sovet İttifaqı dövründə sovet xalqı üçün olan abidədə şəkil çəkdirdik• Pripyat Xəstəxanası (MSCh-126) - 1986-cı ilin aprelində AES-in 4-cü enerji blokunda baş verən qəzada gecə saatlarında partlamanın ilk qurbanları gətirilən xəstəxana idi• Priyat çayının sahili və Pripyat kafesi• Şəhər Partiya icra komitəsi• Polesye Hotel, Dövlət Komissiyasının toplantılarının keçirildiyi yer• Universam – sovet dövrünün özünə xidmət supermarketi• Energetik – Şəhərin Mədəniyyət mərkəzi. Pripyat şəhərində konfrans salonu, kinoteatr, üzmə hovuzu, kitabxana, kinostudiya və radio studiyası da var idi.• Pripyat şəhərinin Əyləncə parkı - 1986-cı il mayın 1-də açılışı olmalı idi• Məktəb və 5-9 mərtəbəli fərdi yaşayış binalarını gəzdik.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ramin Jafarov

1512 dəfə oxunub

İran səyahəti - Təbriz, Ərdəbil, Kəndovan, Astara

Mən sizə İran səyahətimlə bağlı təəssüratlarımı bölüşmək istəyirəm ????????İlk öncə İrana Bakıdan iki-üç yol ilə getmək olar. Birinci yol Bakıdan maşınlar 10 manata Biləsuvar sərhədinə aparırlar, sərhədi keçdikdən sonra Ərdəbilə 20-25 min tümənə, Təbrizə 100 min tümənə gedə bilərsiniz. Digər yol Avtovağzaldandır avtobuslar Bakıdan Təbriz terminalına 30 manata aparırlar. Üçüncü yol isə qatarladır qatarlar axşam saat 23.15-də çıxır səhər saat 8-də Astaraya çatır. Astara stansiyasından gömrüyə 1-2 manata taksilər gedir. Astarada səyahət siğortası almalısınız Biləsuvardan fərqli olaraq qiyməti 3 manatdır. Astara sərhəddi çox pisdir təxminən 5 saata keçdik əgər Astara sərhədi ilə keçməyə hazırlaşırsınızsa bütün psixolojik travmalar keçirtməyə hazır olun ən az 2-3 ayaq altda əzilir, 5-6 adamın ürəyi gedir, arvadlar saçyolduya çıxır. Biləsuvar sərhədi isə çox rahatdır gələrkən cəmi 20 dəqiqəyə keçdim.İran Astarası - İran Astarasında bizim Astaradan fərqli olaraq əsasən Azərbaycanlılar məskunlaşıb. İran'da səyahət etdiyim 3 şəhərdən (digərləri Ərdəbil və Təbriz) ən kiçik şəhər olsa da ən müasiri olaraq yadımda qaldı. Burada maşın sürənlərin yarısı qadın idi, motosiklet sürənlərin arasında qadınlar var idi. Mağazaların bir çoxunun sahibi qadın idi. Qadınlar iş həyatında hətta bizdən daha fəal idilər. Burada Təbrizdən və Ərdəbildən fərqli olaraq "Çadra" geyinən qadınlara rast gələ bilməzsiniz. Şəhərdə gəziləcək yer yoxdur. 10 km uzaqlıqda Luton gölünə gedə bilərsiniz və ya 30-35 km uzaqlıqda olan Heyran kəndinə burada kanat var mən getmədim gələn səyahətimdə planlayıram. Gömrüyü keçən kimi zatən qarşınıza pul dəyişmək istəyən "baba, baba" deyib üstünüzə hücum çəkəcək dayılar çıxacaq. Mən 9700-ə dəyişdirmişdim manatı indi təxminən 7000-7500-ə dəyişilir bildiyim qədəri ilə. Əgər bazarlıq etmək istəyirsinizsə Astara Rus bazarına gedin, xeyli ucuzluqdur. Burada çoxlu otellər görəcəksiniz gün 4-5 manata babat guesthouse tapıb gecələmək olar.Ərdəbil - Astaradan təxminən 1 saat uzaqlıqdadır. Taksilər 15-20 min (indiki məzənnə ilə 2,5 - 3 manat ) tümənə aparırlar. Ərdəbildə qonaqlamaq üçün bir çox Misafirxana mövcuddur zatən hamısını bizim ölkədən alverə gələn adamlar doldurub. Ərdəbildə gəziləcək yerlər arasında Şeyx Səfi məqbərəsini və Şorabil gölü ətrafındakı parkı tövsiyə edirəm. Şəhərdən 10 km uzaqda Səreyn adlı yer var gedə bilərsiniz, istisu vannaları var. Bazarlıq üçüm qədim Qeysəriyyə bazarına gedin. Burada ən təəccübləndiyim dilənçilərin məndən tümən yox manat istəməsi idi ????. Zatən Azərbaycandan gəldiyinizi 100 metr kənardan bilirlər. Bütün ölkəmizin adı "Bakı" - dır orada. Fərqi yoxdur Lənkərandan, Gəncədən və ya başqa bölgədənsiz onlar üçün siz Bakılısız. Ərdəbili gəzib dolanmaq üçün 1 gün kifayətdir.Təbriz - Ərdəbildən daha böyükdür, Bakıdan daha qədimdir. Burada məni evində qonaq etdiyi üçün Hamid Fakhr - ə təşəkkür edirəm. Özü və ailəsi möhtəşəm qonaqpərvər insandır. Təbrizdə nəyə ehtiyacınız olsa zəng edib soruşa bilərsiz, hər zaman sizə kömək edəcəkdir .Təbrizə 3 gün bəs edər, Eynalı dağında funikulyora minin, Bağlar Bağı adlanan qəşəng park var amma bağlıdır hal hazırda. El gölünə gedin, Azərbaycan muzeyini, Göy məscidi, Xəqani parkını, Şairlə məqbərəsini, Üstü örtülü bazarı, Ərk qalasını, Təbiəti küçəsini, Saat qülləsini və.s gəzə bilərsiniz. Təbriz metrosuna minin yeni açılıb iki ildir, metro vaqonları çox təzədir. Təbrizi qısqandım bu mövzuda. Qalmaq yeri olaraq Firdovsi xiyabanını seçin. Burada çoxlu misafirxanalar var.Kəndovan - İranın mini "Kapadokiya" sıdır. Üsküdədir. Təbrizdən 60 km uzaqdır. Buradan şallar, əldə toxuma çantalar ala bilərsiz. Kənddə kiçik kənd təsərrüfatı məhsullarını satan bazar var. Ziyarət edin.İrana gedənlərə əsas məsləhətlər1) Taksidən istifadə edin qorxmayın hamısı qazla işləyir deyə çox ucuzdur. Ən çox taksiyə pulu Təbrizdə verdim Təbrizin in girişindən 20 dəqiqəlik yolu məni cəmisi 2 manata apardı. Hələ bu qiymətlə Təbrizlilər mənə qiymət mövzusunda atdığını dedi ))))2) Şəhərin lüks restoranlarına gedin, özünüzü əsl varlı kimi hiss edəcəksiniz. Bir masa yemək yesəniz belə maksimum ödəyəcəyiniz məbləğ 5 manat olacaq.3) Xanımlar təkbaşına avtostop etməkdən çəkinin taksidən başqa kişilərin maşınına əyləşməyin. Ərdəbildə başımı sumkama soxub bir şeylər axtarırdım. Dostumun maşınında idim, "gəşt-i əxlaq" (əxlaq polisi) yanımızdan keçərək başını çıxar dedi oğlan olduğumu görüb getdi. Ərdəbilli dostum əgər qız olsa idin və evli olmasa idik indi bu polis bölməsinə aparacaq idi dedi. Nə qədər doğrudur bilmirəm amma öz təcrübəmi sizinlə bölüşmək istədim4) Çadralı qadınları görməyə öyrəşin, mən şəxsən ilk öncə 2-3 saat saat qorxu hissi keçirdim sonra öyrəşdim. 30-35 dərəcə istinin altında çadra geyinmək böyük cəsarət tələb edir. Əsasən yaşlı nəslin nümayəndələri çadra geyinirlər. Gənc xanımlar isə sadəcə kəlağayı taxırlar.Ümumilikdə özünüzü bu şəhərlərdə xarici hiss etməyəcəksiz. Əksəriyyəti Azərbaycanlıdır və bizim dildə danışır. "Qadan alım", "Başına dolanım" cümləyə başlayırlar. Çox qonaqpərvər insanlardırlar Ümid edirəm uzun olsa da, sıxıcı olmadı. Diqqətiniz üçün təşəkkür edirəm  ???????? ❤️Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: İlkin Hüseyn-Zadə

2444 dəfə oxunub

Latın Amerikasının rəngarəng ölkəsi - Ekvador bələdçisi

Ekvadordakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Salam, gəzəyənlər!Uzun müddət sonra səyahət macəralarımla sizinləyəm.Sizə bu 29 ildə etdiyim ən çılğın və ən zövqverici səyahətimdən bəhs etmək istəyirəm. 4 ilə yaxındır Avropa yaşayır və demək olar ki, Avropanın hər ölkə və şəhərinə səyahət etmişəm. Lakin bir gecə saat 03:26-da yuxudan oyanıb Ekvadora bilet alaraq əsl səyahətçi həzzini almağa qərar verdim. Biletimi KLM Royal-dan aldım, təyyarə luks amma çox baha başa gəldi. (Hər qəpiyinə dəyərdi, 21 saatlıq uçuş necə keçdi bilmədim- Krakov-Amsterdam-Quito)Mənim Polşa residence kartım var, amma Ekvador Azərbaycanlılara onsuz da vizasıdır.Gələk, səyahətimin ilk hissəsinə. Bildiyiniz kimi, Ekvador tək bir xanımın təkbaşına getməsi üçün elə də “safe” ölkə deyil. Ən azından hamı mənə belə deyirdi. Şəhərə ayaq atdığım andan xüsusi bələdçi və turlar ayarlamışdım özümə. Mən artıq ölkəyə düşəndə şəxsi maşınım, nömrəm, hotellərim və turlarım çoxdan hazır idi. Ona görə heç bir problem yaşamadım.Bir aya yaxın qaldığım bu tətildə paytaxt Quito olmaqla, bir neçə başqa şəhərdə də oldum. Gəzdiyim yerlərin siyahısı:- Cotopaxi Vulcan- Quilotoa Lake- Amazon rainforest- Mindo Cloud Forest- Otawalo Market- Cuenca - Paytaxt Quitonun hər künc bucağı (muzey, küçə, kilsə, ayin, festival, expatlarla görüş və daha nələr nələr)- Milyon restoran və mağazalar Bu səyahətimdə həqiqətən özümü ilk dəfə gerçək səyyah adlandıra bildim. Məsələ budur ki, ispan dilini bilmədən çox rahat peoblemlərimi həll edə bildim. Pul vahidi Amerikan dolları idi, lakin ölkədə hər şey çox ucuz idi.Əhali çox səmimi və mehriban idi.Heç nəyim oğurlanmadı, heç kim mənə artıq-əskik hərəkət etmədi.Təbiəti möhtəşəm idi.Meyvə və mətbəxləri həddən artıq dadlı idi.Ölkədə ən uzun mən idim deyə bilərəm Əgər postum maraqlı olarsa, ikinci hissəni də paylaşaram. Daha çox paytaxt və muzeylərlə bağlı. Ekvadordan qayıtdıqdan sonra özümə dedim ki, sən demə bu günə qədər heç səyahət etməmişmişəm. Ekvador? Ekvador da yerdi ki? Dediyinizi duyar kimiyəm. Çünki, mən bura getməyə qərar verəndə çox anormal şəkildə bu tərz təəccüblərlə qarşılaşırdım.Getmədən əvvəl internetdə ölkə haqqında hər şeyi maraqlanmışdım, Azərbaycan və Ekvadorun müqayisəsini belə etdirmişdim. Sosial durum, yaşam statistikası, işsizlik və s hamısı Azərbaycanla aşağı yuxarı eyni göstəricilərdə idi. İstəyən olsa, saytı yerləşdirərəm, istədiyi ölkə ilə müqayisəyə baxa bilər. Daha sonra bu qrupda axtarış etdim, ümumiyyətlə qrupdan Ekvadora gedən var mı deyə. 2019cu ildə Səbinə adlı xanım, 2021-ci ildə də Anar adlı bəy səyahət edibmiş. Lakin o məlumatlar da mənə istəyim informasiyaları vermirdi. Başladım Ekvador expat qruplarını araşdırmağa… (ən gözəl üsuldu)Yollandım, çox həyəcanla Ekvadorun paytaxtı gözəl Kitoya… Qeyd edim ki, mütləq yanınıza cash dollar götürün, ölkə dediyim kimi bizə bənzəyir, kartla ödənişə pis baxılır və bəzi yerlərdə heç kart keçmir.Kitoda gəziləcək yerlər: - Iglesia de La Compañía- El parque La Floresta for street food- La Mariscal neighborhood for nightlife- The Ciudad Mitad del Mundo/Middle of the World - Virgen Monument and the Panecillo hill- The Basilica - The TeleferiQo and Volcano Pichincha- Plaza Grande and Palacio de Carondelet- La Mariscal or GringolandiaQeyd edim ki, dünyanın mərkəzi “Middle of the World City” burada yerləşir. Elə təkcə buranı ziyarət şərəfi Ekvadora getməyə səbəbdir. Burada 11-dən çox balaca adadan ibarət olan Galapaqos adaları yerləşir ki, dünyaya dəyər. (Mən növbəti dəfə gedəcəm, vaxtım çatmadı). Rəsmi dil ispan olsa da, indigenous dili də işlədilir. Əhali ingiliscə danışmır. Yerli əhali qarışıqdır, əhalinin çoxu indigenouslardır. Boyca balaca, və kasıb xalqdır. Fərqli insan görəndə maraqla baxırlar, şəkil çəkdirmək və hətta qucaqlayıb öpmək istəyirlər (bəli, hamısı başıma gəldi).Hər kəsə bir məsləhətim var ki, heç zaman gedib-görmədən ölkə haqqında rəy bildirən insanlara məhəl qoymayın. Heç vaxt öz səyahətlərimi paylaşmıram, amma insanların qulaqdan dolma mifini dağıtmaq üçün Ekvador haqqında paylaşma qərarı aldım. Çoxu Avropa olmaqla 32 ölkə, 78+ şəhər sığdıracaq qədər bir ömür yaşamışam, Azərbaycanda həftəsonlarl boş zamanımı doldurmaq üçün tur bələdçisi olaraq bütün ölkəmizin bütün şəhərlərini də qarış-qarış gəzmişəm orada yaşayanda. Avropa üçün də deyilirdi ki, Avropada bütün şəhərlər eynidir, amma bildirməliyəm ki, Paris heç vaxt mənə bir Kopenhagen ola bilməz, hətta Avropa ola bilməz.Nəysə, zövqlər müxtəlifdir, amma gəzmək üçün istisnasız dünyanın hər künc-bucağı gözəldir. Xoş səyahətlər, gəzəyənlər!Növbəti paylaşımım uzun səyahət zamanı təyyarə haqqında olacaq!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Jalə Səmədova

393 dəfə oxunub

Su Altı Cənnəti - Gili Adaları

Gili-Trawangandakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Gili Adaları- İndonezyada Maldivlər - Bali adasına gedib də Gili adalarına getməmək Londona gedib Big-Beni görməməklə eyni olar. Gili 3 adadan ibarətdir: Gili-Air, Gili-Meno və Gili-Trawangan. Bunlardan Gili-Meno balayı adası sayılır. Gili-Trawangan isəadalardan ən böyüyü və ən maraqlısıdır. Belə baxanda adaların hər üçü maraqlıdır.Adalara gediş sadədir. Girirsiniz instagrama- “Balidaily” hesabını açırsız və orada Balidən Gili adalarına gedən sürət katerlərindən hər hansı birini seçib adaya sürət katerləri ilə gedib-qayıda bilərsiniz. Sizi aparacaq kater firması pulsuz olaraq qaldığınız otelə taksi göndərir və katerin olduğu yerə aparır. Adaya gedib-gəlmə günlərini əvvəlcədən seçirsiniz.( Katerlə gediş-dönüş qiyməti təxminən 40 azn). Adada qiymətlər və otellər Balidən daha ucuz olduğundan tətilinizin 2-3 gününü buraya ayırıb həm sakitlik, həm də əsl rahatlığı burada tapa bilərsiniz. Məsələn okean kənarı şəxsi hovuzu olan villanı günü 40-50 manata tuta bilərsiniz. Gili adalarında İstanbuldakı Böyükada olduğu kimi avtomobil sürmək qadağandır və yoxdur. Adada velosiped və ya mini motoları günü təxminən 10 manat ödəməklə kiralaya bilərsiniz və ya atlardan istifadə edə bilərsiniz. Adalar arası sürət kateri ilə məsafə təxminən 10 dəqiqəlikdir. Yuxarıda göstərdiyim kater firması da əvvəlcə Gili Air, sonra Gili-Meno, ən sonunda isə Gili Travangana sərnişinləri aparır. İstədiyiniz adada düşüb həmin adada qala bilərsiniz. Qaldığınız adadan sıxıldığınız zaman isə 3-5 manat ödəyib digər adaya katerlə keçə bilərsiniz. Atdığım xəritədə adaların hər birində olan məşhur yerlər göstərilmişdir. Endirib yaxınlaşdırıb baxa bilərsiniz.Gili adalarının məşhurluğunun səbəbi sakit dəniz və mavi tərtəmiz okean suyunun olması, dalış üçün ideal yerlər olmasıdır. Adalarda olan çoxsaylı dalış klublarından hər hansı birinə təxminən 15-20 manat ödəyib 6-7 saat ərzində şnorkellə və ya tüplü dalışlara qatıla bilərsiniz. Heç birini bacarmasanız da olar, özləri təxminən yarım saat hovuzda dərs keçirlər və öyrənirsiniz. Mən internetdə araşdırıb “Dive Central Gili” klubu barədə müsbət rəylər yazıldığını görüb dalış üçün həmin klubdan istifadə etdim.“Turtle paradise” adlı yerdə siz yüzlərlə dəniz tısbağası görəcəksiniz. Ölçüləri bəzən 1 metr həcmində belə olur. Adrenalin sevənlər adadan biraz uzaqda olan “Shark point” adlanan hissəyə də gedə bilərlər. Köpək balıqları heç qorxulu deyilmiş))).Gili Air mərcanlar, batmış gəmilər, sualtı heykəllər, Gili Meno nəhəng dəniz tısbağaları, Gili Travangan ətrafındakı dalışlar zamanı isə fərqli balıq növləri görə, okeanın altında tərtəmiz mavi suda həmin balıqlarla selfie çəkə bilərsiniz))). Telefonu su altında istifadə etmək üçün xüsusi plastik qutular var, qiyməti təxminən 5-10 manat arasındadır. Dəniz kənarlarında hər yerdə satılır. Balidən fərqli olaraq ada sakinlərinin 90 faizi müsəlman olduqlarından yemək barədə sıxıntınız olmayacaqdır. Axşam saatların bütün turistlər və yerli sakinlər dəniz sahillərində olur. Bütün gecəni canlı musiqi və sair əyləncələr keçirilir. Okean sahili, sarı qumlar, canlı musiqi, mükəmməl hava, mavi dəniz və Bintang. Günəşin çıxmasını gözləyib bu möhtəşəm mənzərənin şahidi ola bilərsiniz və həqiqətən də o, an həyatda ən unudulmaz anlardan birinə çevrilir. Beləliklə Baloyə getdiyiniz halda Maldiv gözəlliyi, sakitlik və rahatlıq, çox ucuz qiymətlərə istirahət tapmaq istədiyiniz halda Gili adalarına mütləq gedib ən az 2 gününüzü orada keçirin. Katerə qayıtdığınız zaman əmin olun ki, ayaqlarınız arxaya qayıtmaq istəyəcək. Sonda buraya qədər oxuyan bütün qrup üzvlərinə bir gün dünya səyahətinin qismət olmasını arzulayıram. Növbəti yazılarda görüşənədək.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Рашид Азе

990 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!