1163 dəfə oxunub

Krakov səyahəti – Oskar Şindlerin fabriki

Krakovdakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Keçən dəfə Varşava yazımda da yazdığım kimi, Varşavaya getdiyimi eşidən hamı niyə Krakova deyil də Varşavaya getdiyimi soruşduğundan artıq qərara gəlmişdim ki, Varşavadakı tədbir bitən kimi Krakova yola düşəcəm. Beləcə tədbir bitəndən sonra italyanistehsalı olan (burada italyanların o məşhur əl hərəkətini də etmək olar ???? ) Pendolino sürət qatarına minib, hardasa 2 saat 20 dəqiqədən sonra oldum Krakovda. Dəmir Yolu vağzalı Galeria Krakowska alış-veriş mərkəzinin  altında yerləşir, ya da alış-veriş mərkəzi vağzalın üstündə yerləşir. Bəri başdan deyim ki, Avropada alış-veriş nəzərdə tutursunuzsa, Polşa ən yaxşı seçimlərdən biridir. Ölkə ucuzluq olduğundan və hələlik avroya keçmədiyindən qiymətlər digər ölkələr ilə müqayisədə daha ucuzdur.

Qısa tarixi infodan sonra keçəcəm turistlər üçün məlumatları paylaşmağa. İlk ondan başlayım ki, Krakov Polşanın və ya əski dillə desək Lehistanın paytaxtı olub, sonradan paytaxt Varşavaya köçürülsə də, Varşavanın 2-ci dünya müharibəsində ağır yaralar almasıyla Krakov elmi, mədəni “paytaxt” statusunu qoruyub saxalayıb. Varşavadan fərqli olaraq 2-ci dünya müharibəsində şəhər demək olar ki, heç bir ciddi zərər görməyib amma müharibənin bütün dəhşətlərini nətər deyərlər “çiynində daşıyıb”. Məhz bu dəhşətlərin qalıqlarını görmək üçün hər il Krakova 7 milyona yaxın turist gəlir. Krakova Budapeşt və Praqaya bənzədiyinə görə bəzən Polşanın Budapeşti, daha çox isə Praqası deyirlər.

ktakow

İndi isə keçək əsas məsələlərdən birincisi olan Bakıdan Krakova necə getmək olar? sualına. Ən ucuz varyant WizzAirlə Budapeştə gəlib, buradan qatar və ya avtobusla Krakova getməkdir. Krakovdan gələrkən demək olar ki, yolun yarısı Slovakiya ərazisindən keçir və ilin istənilən fəslində buradan sadəcə avtobusla keçərkən belə böyük zovq alacağınıza əminəm.

Varşava haqqında yazıda Polşada nə yeyilib içilməlidir mövzusuna toxunmuşam, oradan baxa bilərsiniz amma bir yemək var ki, onu qeyd etməsəm olmaz. Bu yeməyin adı zapiekankadır. Baqetin üzərinə müxtəlif soslar, pendirlər, kolbasalar, vetçinalar, sosilər, tərəvəzlər düzülməklə hazırlanır. İstəyinizə görə pendirli, sosisli, tərəvəzli və ya qarışıq növünü seçə bilərsiniz. Görünüş olaraq bir növ pizzaya oxşayır amma dad olaraq müqayisə olunacaq kimi deyil. Pizzayla heç müqayisə olunası deyil. Deməli bu zapiekankanı yemək üçün Krakovun qədim yəhudi məhəlləsi var Kazimierz adında mütləq oradakı köhnə bazara getmək lazımdır. Ən dadlıları orada olur, istəyə görə yanına meyvə şirəsi, qazlı su və ya pivə də ala bilərsiniz.

krakow2

Harda gecələməli sualına gəldikdə isə, mən adətən bizim bloqun oxucularına hostellərdə qalmağı və ya couchsurfingdən istifadə etməyi məsləhət görürəm. Elə özüm də hosteldə qalmışdım. Qaldığım hostel mərkəzə 10-15 dəqiqə yerimə məsafəsində olan, Premium Hostel idi. 4 nəfərlik otaqda 1 yataq kirayələmişdim və 2 gecə üçün 12 avro vermişdim. Təmizliyi, yerləşməsi, şəraiti də ki, öz yerində. Yolunuz Krakova düşsə bu hosteldə qala bilərsiniz.

Hostelə gəlib yerləşəndən sonra, kiçik bir xəritə alıb düşdüm yola şəhər meydanına doğru. Krakovun şəhər meydanının əsası 13-cü əsrdə qoyulub daha dəqiq 1257-ci ildə. Meydan Rynek Glownyadlanır və Avropada Venesiya şəhər meydanından sonra ən böyük meydan hesab olunur. Meydanın uzunluğu və eni 200 metrdir və 4 tərəfi də qədimi və rəngarəng binalarla əhatə olunub. Meydanın mərkəzində Sukiennice adlı bazar yerləşir. Bazar dünyanın ən qədim alış-veriş mərkəzlərindən biridir. İstanbuldakı Kapalı Çarşının daha kiçik formasıdır sanki. Bazardan turistik əşyalar, suvenirlər və ən əsası Polşada çox məşhur olan kəhraba daşı almaq olar. Bazar turistik məkan olduğundan qiymətlər kifayət qədər bahadır, nəsə almaq istəsəniz mütləq bazarlıq edin, aşağı yeri nədir soruşun. Aşağı yeri yoxdu desə, öz varyantımızda heç yoxdu? deyə soruşun ????

Meydandakı digər görməli yer isə St Mary və ya Müqəddəs Məryəm bazilikasıdır. Bazilikanın vitrajları çox möhtəşəmdir və vitrajların hazırlanması 12 il çəkib. Kərpicdən tikilən bu bazilikanın hündürlüyü 81 metrdir və oradan şəhərə gözəl bir panoramik mənzərə açılır. Bazilikanın qüllələrindən birində hər saat başı çox qısa müddətlik şeypur çalınır. 13-cü əsrdə qüllədən darvazaların açılıb və bağlanmasını bildirmək üçün şeypur çalınırmış, 1241-ci ildə isə tatar bir oxçu şeypurçunu oxla vurub öldürür və indilərdə bu qısa müddət çalınıb kəsilən bu şeypur səsi də şeypurçunun oxçu tərəfindən vurulmasını simvolizə edir.

krakow3

Qədim hissədə görməli digər yer Florianski küçəsidir, küçənin sonunda bu günə qədər sağ-salamat gəlib çıxmış Florianski şəhər qapısı var. Qapını keçdikdən sonra isə şəhər divarlarından bir hissə olan Barbakan divarı qarşınıza çıxacaqdır.

Qədim hissəni gəzdikdən sonra yola düşdüm qədim yəhudi məhəlləsi olan Kazimierzə doğru. Kazimierz 2ci dünya müharibəsinə qədər yəhudilərin çox yaşadığı bir məhəllə olub. Sonradan isə burada yaşayan yəhudilər hamısı toplama kamplarına göndərilib. Kazimierzin özünəməxsus xüsusi abu-havası var. Gəzərkən özünü 20-ci əsrin ortalarında hiss edirsən. Bu hissədə demək olar ki, heç nə dəyişməyib hətta bəzi mağazaların reklam lövhələri belə 30-40 illik kimi görünür. Məşhur “Şindlerin siyahısı” filminin də bəzi hissələri burada çəkilib. Elə ara məhəllələrdə gəzərkən də filmdən bəzi səhnələrin fotolarını asıblar və fotolardan aydın görmək olur ki, filmin bu hissəsi burada çəkilib. Məhəllələri gəzəndən sonra Kazimierzin qədim bazarında bir Zapikanka yeyə bilərsiniz. Mən da Zapikankamı yeyib Kazimierzi tərk edirdim ki, burada 20-ci əsrin ortalarına aid olduğunu güman etdiyim film çəkilişi ilə qarşılaşdım. Aşağıdakı videodan da ətrafın dekorasiyasının və aktyorların geyimlərinin qədimliyini görə bilərsiniz.

Krakovda olduğum 2ci gün isə səhər-tezdən payi-piyadə yola düşdüm məşhur “Şindlerin siyahısı” filmində hadisələrin baş verdiyi Şindlerin fabrikinə. Fabrik şəhər mərkəzindən bir az qıraqda yerləşsə də, gözəl hava varsa piyada gedə bilərsiniz. Oskar Şindler haqqında məlumat vermək istəmirəm, məncə Stiven Spilberqin bu möhtəşəm filminə baxsanız daha maraqlı olar. Fabrik indi muzey kimi fəaliyyət göstərir və içəridə bir çox sənət əsərini, Oskar Şindlerin ofisini, yəhudi işçilərin qaldığı otaqların maketlərini, fabrikdə hazırlanan və böyük bir şüşə qutunun içində saxlanılan qazanları görə bilərsiniz. Bu eksponatlara baxdıqdan sonra otaqlardan birində o zamankı hadisələrdən sağ-salamat qurtulmuş yəhudilərin başlarına gələnlərdən danışdığı filmi izləməyə getdim. Muzeyə giriş qiymətini xatırlamıram amma internetdən çox güman tapa bilərsiniz. Bundan başqa bəzən muzeyə giriş üçün bir az gözləmək tələb olunur, çünki insanları içəri sayla buraxırlar. Say müəyyən bir həddə çatdıqda, digər ziyarətçilərin çıxmasını gözləmək lazımdır. Muzeyi gəzib o dövrün insanlıq başına gətirilən fəlakətlərinin təsiri ilə fikirləşdim ki, gərək Krakovda 2 gün daha artıq qalıb Auşvitz toplama kampına da gedəydim.

krakow4

Bəli Krakovda digər mütləq görülməli yer Auşvitz toplamakampıdır. Ora getmədiyimdən məlumat verə bilməyəcəm amma Krakova yolunuz düşsə məncə mütləq gedib bir baş çəkin. Beləcə Auşvitzə gedə bilməməyin təəssüfü ilə xəritədəki növbəti nöqtəyə doğru irəlilədim. Və gəlib çatdım Vavel qəsrinə.

Qəsr təpənin üzərində yerləşir və1330-70-ci illərdə tikilib. Həmən dövrlərdə Krakov Polşanın paytaxtı imiş. 1600-cü illərdə paytaxt indiki Varşavaya köçürülsə də demək olar ki, bütün kralların tac qoyma mərasimi məhz bu qəsrdə baş tutub. Bundan başqa bütün krallar da qəsrin ərazisindəki katedralda dəfn olunub. Qəsrin ərazisinə giriş ödənişsizdir sadəcə saray ərazisi, muzeylər və sərgi salonlarına giriş  üçün pul ödəməlisiz. Qalanın və ya qəsrin içərisində bir mağara var və mağaranın önündə isə Wawel əjdahası durur. Əjdaha bir neçə dəqiqə aralıqlarla ağzından qısa müddətli alov püskürür. Hər yarım saatdan bir isə daha uzun müddətli olur bu alov. Qəsrin ərazisini doya-doya gəzmək, Vistula çayının mənzərəsinin dadını çıxarmaq üçün bir neçə saat lazımdır, ona görə də getmədən öncə zaman məsələsini nəzərə alın.

Krakov, mərkəzindən çay keçən və bu çaydan çox pis istifadə edən şəhərlərdən biridir. Belə ki, çayın kənarı ilə gəzərkən demək olar ki, heç bir tarixi bina, memarlıq abidəsi yoxdur amma hava günəşlidirsə çayın kənarında, otların üzərində oturub mənzərəni seyr etmək olar.

Son olaraq Auşvitzdən sonra Krakovda getmədiyimə çox böyük təəssüf hissi keçirdiyim Veliçka (Wieliczka) duz mədəni haqqında da təəssüf ki, məlumat verə bilməyəcəm amma şəkillərdən gördüyüm qədərilə Krakova 2 gün ayırıb gəzə bilməməklə çox böyük səhv etmişəm. Çox güman sırf Auşvitz və Veliçka üçün yenidən gedəcəm Krakova. Nə zaman? Bax, onu bilmirəm amma məncə çox gözləmək lazım gəlməyəcək sevimli Krakovu görməkdən ötrü ????

Krakov haqqında bu qədər. İnanıram ki, yazının 2-ci hissəsi də olacaq nə vaxtsa ????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Babek Musa-Zadeh

DİGƏR BLOQLAR

Bali bələdçisi - nə qədər pul lazımdır?

Bali adasındakı bütün otel və hostellərə bu linkdən keçid alın.Bali adası-Yer kürəsindəki cənnətBali adası ilin 12 ayında da rəngarəng və gözəlliyi ilə seçilməsinə baxmayaraq İyun-Oktyabr aylarında özünəməxsusluğunun pik nöqtəsini yaşayır. Bu gün əminəm ki, bir çoxinsanın yanında Bali haqqında danışdıqda o insanın ürək döyüntüləri daha tez-tez atmağa başlayır. Həmin anda insan ürəyi durmadan Bali adasını istəməsinə baxmayaraq beyin ($dollar$) komandası verib ürəyi sakitləşdirir))). Bu səbəbdən bu gün Balinin möhtəşəmliyindən deyil 15 günlük səyahət üçün oraya çəkiləcək xərclərdən danışmaq istəyərdim. Əvvəlcə yaxşı xəbər odur ki, Bali adası, ümumiyyətlə İndonezya Azərbaycan Respublikası vətəndaşları üçün vizasızdır. Aeroportda UK vətəndaşlarının yerində Viza almaq üçün növbəyə durduğunu görüb növbəsiz və vizasız adaya daxil olmağın həzzi başqadır.Bali adasına getmək üçün çəkilən xərcin əsas hissəsini təbii ki, təyyarə bileti tutur. Bu gün Bakıdan Bali adasına aşağıdakı variantlarda uça bilərsiniz: 1) Baliyə low-cost təyyarələrlə uçmaq istəsəniz bunun üçün Bakı-Tehran-Kuala Lumpur-Bali istiqamətində gediş-dönüş biletləri ala bilərsiniz. Bu variantla Buta, Air Asia və Garuda İndonesia təyyarələrini istifadə edəcəksiniz. Bilet xərci 1 nəfər üçün gediş-dönüş gedəcəyiniz ayın günlərindən asılı olaraq 1000-1200 manat aralığında olacaq. 1 tərəfli aeroportlarda gözləmə müddəti daxil təxminən 30-40 saat ərzində Baliyə çata bilərsiniz. Təyyarələr low-cost olduğu üçün oturacaqlar narahatdır. 2)İkinci variant Bakı-İstanbul-Cakarta-Bali istiqamətində gediş-dönüşdür. Bu variantda Bakı-İstanbul-Cakartaya THY ilə, Cakarta-Bali arasında olan 1 saatlıq məsafəni isə Garuda İnternational ilə uçacaqsınız. Bilet qiymətləti ilin bütün sezonlarında 1300-1500 azn arasındadır, Səyahət müddəti aeroportlardakı gözləmə vaxtı ilə birlikdə 24 saatdır. 3)Üçüncü variant Bakı-Doha-Bali reysidir. Qatar airwaysin çox rahat olan təyyarələri ilə 13 saata Baliyə çatacaqsız. (Bakı-Doha 2,5 saat, Doha-Bali 8 saat, geri qalan müddət aeroportda). Bilet qiyməti 1700-2000 azn aralığındadır. Əlavə olaraq deyim ki, Sinqapuru da görmək istəyənlər Bakı-Doha-Sinqapur-Bali reysinə bilet ala bilər. Bilet qiyməti 2000 azn. Tranzit uçuş olduğu üçün vizasız Sinqapurda 96 saat qala bilərsiniz. İndi isə qayıdaq Baliyə. Bali adası yaşayış üçün kifayət qədər ucuz olan bir yerdir. Burada ictimai nəqliyyat olmadığı üçün əsas xərc taksilərə çıxır. Baliyə getmədən mütləq Uber yükləyin. Çünki orada Uber taksilərdən 2 dəfə daha ucuza başa gəlir. Əgər Uber istifadə edə bilməsəniz yalnızca göy rəngli BlueBird taksilərini istifadə edin. Bütün taksilərə əyləşəndən sonra taksimetri açdırın yoxsa düşəndə kefləri istəyən qiyməti oxuyacaqlar)). Bu arada 40 dollar ödəməklə sutkalıq şəxsi taksi tuta bilərsiniz. Bütün gün sizi istədiyiniz yerə aparacaq. Qrupla gedən insanlar üçün əlverişlidir. Moto və skutr idarə edə bilənlərin isə əsl bayramıdır. 15 günə heç 100 dollar xərciniz çıxmaz. Skutr sürməyi öyrənmək asandır, ancaq ilk dəfə üçün çətinlik çəkə bilərsiniz və qəza riski yüksəkdir.Növbəti məsləhətim taksiyə pul verib adanı gəzməkdənsə gəzəcəyiniz ərazidə otel tutub qalmaq daha sərfəlidir. Çünki Balidə otel və villalar xeyli ucuzdur. Məsləhət görə biləcəyim oteller Ubud bölgəsində-(Bakung Ubud Resort and Villa 4*-günlük iki nəfərlik-dbl otaq üçün 70 azn ödəyəcəksiniz, Bliss Ubud Abangan 4*- dbl room 105-azn, Sens Hotel and Spa-4*-dbl room-150 azn, The Peacock İnn 3*-65 azn-yeri əladır). Balinin ən bahalı yeri sayılan Nusa Dua bölgəsində okeana 5-10 dəqiqəlik məsafələrdə məsləhət görə biləcəyim otellər(Mercure Bali 4*-dbl room 100 manat, Swiss Belhotel Segara Resort 4*-dbl room 80 manat, Santika Siligitia Nusa Dua 4*-dbl-70 manat) P.s-Bunlardan xeyli ucuz və bahalı otellər də var, büdcəniz nəyə uyğunsa seçə bilərsiniz. Beləliklə son nəticəyə gəlsək əgər iki dost THY ilə Baliyə uçub yuxarıda göstərdiyim orta səviyyədə otellərdə qalıb, səyahət boyunca Uber istifadə etsə 15 gün üçün 1400x2(bilet)+1000(otel-db room)+300 azn(uber)+1000(yemək və gəzmək)- ortalama 2 nəfərə 5000 azn-adambaşı 2500 azn xərciniz çıxar. Bunu günə böldükdə adambaşı 166 manat gündəlik pul edir ki, Azərbaycanın hər hansı bölgəsində yalnızca otelə az qala günlük o qədər pul ödəmək lazımdır. Tək gedənlər isə 3000-3500 aralığında xərc çəkməklə möhtəşəm 15 gün keçirə bilər. Bu arada Bali balayı adasıdır deyənlərə çox da qulaq asmayın, bura nə Seyşeldir nə də ki Maldiv. Baliyə fərq etmir tək, dostla və ya ailəli getmək, hər insanda unudulmaz xatirələr qoyan bir adadır. İndi isə bu günlük bu qədər. Qiymər barədə əlavə sualı olan yaza bilər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Gəzgin Həyat

3091 dəfə oxunub

Veqasda olan Veqasda qalır!

Salam gəzəyənlər.Bu dəfə sizə az adı çəkilən bir neçə məkan haqqında paylaşım və təsüratlarımı bölüşəcəm.Kalifornia ştatının mərkəzi və cənubi şərq tərəfində yerləşən məkanlar və sərhəddində olan Nevada ştatının günahlar şəhəri Las Vegas və həndəvərindəki yerlər barədə yazacam.Vegas barədə daha əvvəldə paylaşım olub bu səhifədə, bu səbəbdən çox yazmağa gərək duymuram.Deməli səfər bir ay öncədən hazırlaşmışdım, hava durumu, gedəcəyim məkanlar xəritədə qeyd edib çıxdım yola.Öncə Calico Ghost city -ni ziyarət elədim. Ruhlar şəhəri adı olan balaca şəhər əvvəllər gümüş və digər dəyərli materiallar axtarışında olanların yeri olub. Burda indi kiçik restaranlar, süvenirlər satılan məkandır. Əsas hindular yaşayır, həftə sonları show göstərirlər, hətta bəzi cow boy geyimli insanları görmək olar, revolver-dən (həqiqi güllə olmayan) atışlar və hərəkətlər göstərirlər. Bir çox Cow boy (western) filmlər çəkilib (iki film Clint Eastwood-un baş rol aldığı filmlər burda çəkilib).Sonra turistlərin çox sevdiyi, dünya da ən yüksək temperatur qeyd edilən məkanı yol üstü ziyarət edə bilərsiniz. Burda temperatur 134 fahrenayt (56.6 selsi) qeydə alınıb. Bəli, bəli, səhv görmədiz! Afrikadadkı sahara deyil, məhs burda. Balaca heykəl və lövhə əks edilib, tavada yumurta bişib istidən ????Burdan avtomobil ilə bir saat (təxmini) getdikdə artıq Nevada ştatına daxil olursuz.Bu isə o deməkdir ki, hər yerdə Casino görə bilərsiz. Hətta Las Vegas aeroportunun içində, hər iki addımdan bir avtomatlar görə bilərsiz. Vegasda Casino kimi marixuana da bir çox ştatlardan fərqli olaraq leqaldır. Addım başı reklamkarını görə bilərsiz. Birdə şəhər yatmır, 24 saat işləyən Casino-lar, işıqlar və küçə artistləri şəhərin nəbzini hər zaman yüksək tutur ????Əsas məsələ, şəhərin təxminən 1 km radiusu bu cürdür, qalan yerləri demək olar maraqsızdır. Əgər Strotosfer binasını və 30-40 dəqiqə məsafəsə yerləşən və Vegası işıqla təmir edən Arizona sərhədində olan Hoover Dam (su ambarı - elektrik stanaiyası). Bir çox məşhur filmlər çəkilib, məsələn Tranaformer.Las Vegasdan təxminən 2 saat şimal və qərba getsəz Kalifornia ştatındakı Ölü Vadisi (Death Valley) gəlmiş olursuz.Bu məkanda hədsiz sayda görülməli yerlər var! Diqqət. Bir çox qoruqlardakı kimi (National park - bizdə analoqu qoruq doğru olar) nə mobil operatorların siqanlı, hətta GPS belə doğru çalışmır və bəzən 100 mile məsafədə heç bir service olmur. (Yanacaq doldurma məntəqəsi, restoran, kafe, bir sözlə heç bir şey). Özünüzlə fanar, qalın geyim, konserv qidalar, xəritə, zajiqalka götürmənizdə fayda var. Bilmək olmaz hansı surpriz sizi gözləyir ????Statistikaya görə hər il bir neçə turist burda ölür. Səbəblər fərqlidir. Susuzluq və s ən çoxda şəkil çəkdirəndə. Məşhur Uşaqlığın son gecəsi filmində Davudun dediyi kimi yıxılıb ölürlər.Bunun əsas səbəbi ya tilipaşlıq ya da yekabaşlıqdır ????Məkan fərqli landşafa malikdir, gün doğuşu və batımını izləmək başqa aləmdir!Ən gözəl isə gecə səmanı izləməkdir! Ümumiyyətlə bura gecə vaxtı qaranlıq olduğundan (ətrafda heç bir iaşə obyekti olmadığından) aydın şəkildə səmanı və göy cismlərini izləmək üçün ideal məkan sayılır. Hətta açıq gözlə siz mövsümdən aslı olaraq Süd Yolu qalaktikasından başqa Andromeda qalaktikasını, Mars, Saturn, Yupiteri və səhərə yaxın bəzi aylarda Merkuni seyr edə bilərsiz.Qoruqda bəzi vəhşi pişikləri də görmək mümkündür, düzdür onlar dağlarda olur, amma hike etmək istəyənlər bunu bilməlidirlər. Əsas tövsiyyə qida, su ehiyyatında olmaq, qalın paltar, adyal, fanar çantada əksik olmamalıdır ????Və əsas məsələ avtomonilin saz olmasını səfərə çıxmadan öncə double check etmək! Çünki bəzən məkandan və saatdan aslı olaraq qarşınıza ins-çins çıxmaya bilər, özü də əgər bu qızmar yay ayıdırsa işiniz müşkülə çevrilə bilər ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulfat Tanriverdi

779 dəfə oxunub

Şimalın "Praqası" - Brügge

Brüggedəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Yazını oxumadan öncə istərdim ki, aşağıda yerləşdridiyim İn Brüges filminin soundtrackını açıb yazını elə oxuyasınız.[youtube https://www.youtube.com/watch?v=tW9SWTazdIU]Brüggeyə səyahətim əslində qarışıq hisslərlə başlamışdı və bütün səyahətim boyu bu təzadlı hisslər bir-birini əvəz etdi. Əvvəlcə çox həyəcanla işdən çıxıb hava limanına yollandım, çünki Brüggeyə gedirdim – İn Bruges filmində görüb aşiq olduğum və səyahət etməyi çox arzuladığım Brüggeyə. Hava limanına çatıb yoxlamadan keçdim, bir az Duty Freedə vaxt keçirib üz tutdum təyyarəyə minəcəyim qapıya. WizzAir bir çox hallarda etdiyi kimi, bu dəfə də heç bir ödəniş etmədiyim halda priority boarding vermişdi, buradan onlara xüsusi təşəkkürlər :) deməli təyyarə ilk minənlərdən olacaqdım və qapıda gözləməyəcəkdim. Uçuş saatı yaxınlaşdıqca Brüggeni tez bir zamanda görmək həyəcanı da artırdı. Gəldik təyyarəyə çatdıq, elə yerlərimizi təzə rahatlayıb, kəmərlərimizi bağlamışdıq ki, stüardessalar ilk “qəmli” xəbəri anons etdilər. Deməli uçuşumuz Almaniya üzərindən olacaqdı və anons edildi ki, Almaniyanın hava sahəsində “probka” olduğundan 1 saat gecikəcək uçuşumuz. Bir saat gecikmək o demək idi ki, hava limanından Chareleroi şəhər mərkəzinə normal avtobus tapmayacaqdım. Deməli ya taksi ilə getməli idim ya da xüsusi avtobuslarla və bunlar da nəzərə alınmayan əlavə xərclər idi. Ürəyimdəcə elə AzTV Almaniyaya nə edirsə düz edir deyib :D uçuşumun vaxtınız gözlədim. Nəhayət 1 saat sonra yola düşdük Brussels-Charleroi hava limanına. Buradan Brüggeyə getmək üçün müxtəlif varyantlar var avtobusla Charleroi-Sud dəmir yolunə gedib oradan dəmir yolu ilə Brüggeyə getmək və ya xüsusi avtobusla və ya taksi ilə Brussel mərkəzi dəmir yoluna gedib oradan dəmir yolu ilə Brüggeyə getmək ki, mənim etdiyim variant bu olmuşdu. Amma ən ucuz və rahat varyant www.flibco.com saytından Brussels-Charleroi hava limanından Bürggeyə birbaşa avtobusla bilet almaqdır. Bir tərəf üçün qiymət 17 avrodur əgər internetdən alsanız, yox bileti hava limanından alsanız bir tərəf üçün qiymət 21 avro olacaqdır.Əlqərəz əvvəl taksiylə (bu arada taksilər adam başına 15 avro alır) Brüssel dəmir yoluna, oradan da qatarla Brüggeyə gəlib çıxdım. Təbii ki, bütün yol boyü Brüggeni görmək həyəcanı məni rahat buraxmadı. Gəldim dəmir yolu vağzalının binasını tərk edən kimi 2-ci xəyal qırıqlığı ilə qarşılaşdım. Dəmir yolu vağzalının binası və ətraf ərazilər muasir görünüşlü idi, heç də İn Brüges kinosundakı yerə bənzəmirdi. Dəmir yolu vağzalında olan adamlardan şəhərin tarixi mərkəzinə necə gedəcəyimi soruşub yola düşdüm piyada mərkəzə doğru (hardasa 15 dəqiqəlik yoldur vağzaldan mərkəzə). Elə yolun yarısını getmişdim ki, o məşhur saat qülləsinin kəlləsini gördüm dumanlar içində. O ilk həyəcandan daha sərt bir həyəcan sardı içimi. Qülləyə yaxınaşdıqca tarixi mərkəzdə olduğumu hiss edirdim. Artıq qədim hissədə idim. Və ətrafım kiçik, şirin və tarixi evlərlər əhatə olunmuşdu. Evlərin üstündə tikildikləri illər qeyd olunmuşdu və əksəriyyəti 1500-1600-cü  illərdə tikilmişdi (ağımdan nə köhnə binadır deyib sökəsən?! fikri keçmədi deyil vallah :D ) Brüggenin kanalları və evləriBeləcə soraqlaşa-soraqlaşa, ağzım yarım metr açıq, qədim tarixi binalardan zövq ala-ala gəldim bron etdiyim hostelimə. Brügge kiçik yer olduğundan onsuz da elə çox hostel seçiminiz yoxdur, mən də saat qülləsinə 4-5 dəqiqə piyada məsafəsində olan Charlie Rockets hostelində 6 nəfərlik otaqda özümə yer bron etmişdim. İyun ayı üçün bir nəfərlik yerin qiyməti, bir gecə üçün 21 avro idi. Hostelin giriş mərtəbəsində bar yerləşir, istədiyiniz zaman ora enib məşhur Belçika pivələrinin dadına baxa bilərsiniz. Bu arada mən gedən zaman barmenlərdən biri Əmrah adlı bir türk idi, sağ olsun elə çatan kimi bir flaman pivəsinə qonaq etdi məni :) pivəmi içib Əmrahla bir az söhbət edib qalxdım otağıma sabah tezdən durub free walking tura qatılmalı idim.Səhər saat 10a 20 dəqiqə qalmışdan bir çox turist kimi mən də saat meydanının qabağında free walking turun başlayacağını gözləməyə başladım. Yarım saatın tamamında qərar gəldik ki, bu tur niyəsə təxirə salınıb. Onda backpackımı da çiynimə atıb özümü verdim Brüggenin küçələrinə və növbəti saat 14:30-da olacaq tura qatılmağa qərar verdim. Brüggenin şokolada bənzər evləriİlk öncə deyim ki, Brügge mənim indiyənə kimi gördüyüm ən romantik, ən gözəl, tamamilə bir nağıllar aləmi effekti verən şəhərdir. Evlər o qədər gözəl və şirindir ki, adam istəyir üzərinə Belçika şokoladı töküb yesin :) Şəhər kanallarla əhatələndiyindən Bürggeyə Şimalın Venesiyası deyirlər. Venesiyada olmamışam amma mən bura gözəlliyinə görə Şimalın Praqası deyərdim.Qısaca Brüggedə ne yeyib, içməli? sualını cavablandırım sonra keçək gəzməli yerlər siyahısna. Brüggeyə gəlib də 3 şeyin dadına baxmadan geri dönmək olmaz: belçika pivəsi, belçika vaflisi və  kartof qızartması. Bunların 3-nün də dadına baxmasanız deməyin ki, Brüggedə olmusunuz :) Belçika vaflisiİndi gələk gəzməli-görməli yerlər siyahısına. Brügge kiçik və kiçik olduğu qədər də möhtəşəm memarlığa sahib olduğundan, şəhərin demək olar ki, bütün yerləri gəzilib görülməlidir. Bütün binalar ayrı ayrı gözdən keçirilməli, incələnməlidir. Amma bununla birlikdə bəzi yerlər var ki, bunlar Brügenin olmazsa olmazlarındandır, ingilisler demiş must seedir. City HallŞəhərin ən mərkəzi hissəsi Markt meydanıdır. Meydanın mərkəzində duranda 4 bir tərəfinizdə o gözəl flaman evlərini görəcəksiniz. Bir tərəfdə isə məşhur Belfry və ya saat qülləsini görə bilərsiniz. Qülləyə dırmaşıb oradan bütün Brüggeni seyr edə bilərsiniz, hətta çox uzaq məsafədə olmayan yel dəyirmanlarını belə. Meydanda üzü saat qülləsinə doğru durub sola tərəf yolla getsəniz, Burg meydanına çatacaqsınız. Meydanda ən sağda daş hissələri qaralmış amma qızılı hissələri par-par parıldayan “Müqəddəs qan” (Holy Blood Church) kilsəsini görə bilərsiniz. Mən deyərdim ki, Brüggedə görməli olduğunuz yeganə kilsə məhz budur. Rəvayətə görə içəridə şüşə qabda İsa peyğəmbərin qanı saxlanılır. Kilisədən solda daha bir maraqlı memarlıq nümunəsi City Hall bizim dildə desək icra hakmiyyətinin binası yerləşir. Icra hakimiyyətinin binasının altından yol var kanala doğru. Küçənin adı “Kor uzunqulaq” küçəsidir. Bu küçə ilə davam etsəniz körpünün sonunda sağda kiçik qayıq dayanacağı görəcəksiniz. Burada adam başı 8 avro ödəməklə Brügge kanallarında kanal turu edə bilərsiniz. Qayıq dayanacağından azca irəlidə isə Brüggedə ən çox fotosu çəkilən yeri gör bilərsiniz. O məşhur İn Bruges filmində Kolin Farrell məhz buradakı otelin pəncərəsindən tullanır qayığa. Belfry və ya saat qülləsiƏn çox fotosu çəkilən yerdən cənub-qərb istiqamətində olan ana yolla davam etsəniz qotik üslubda tikilmiş möhtəşəm Məryəm Ana Kilsəsinə (Our Lady Church) çatacaqsınız. Kilsə 13, 14, 15ci əsrlərdə tikilib hündürlüyü 122 metrdir və dünyada 2ci ən hündür kərpic tikili ünvanını qoruyur. Kilsənin içində məşhur italyan rəssam və heykəltaraşı Mikelanceloun “Madonna və uşaq” heykəlini də görmək olar.Kilsədən kanal boyu cənub istiqamətində gələsəniz Begijnhof monastrı ilə qarşılaşacaqsınız. Monastrın həyətı başdan-başa yaşıllığa bürünüb və bütün binalar ağ rəngə boyanıb. Bu 2 rəngin qarışması xüsusi bir gözəllik verir monastra. Monastrın içinə girsəniz içəridə ibadət edən çox yaşlı, beli bükülmüş rahibələri görə bilərsiniz. Rahibələri təsvir etmək üçün orada olan zaman bir türk qrupunu gəzdirən bələdçidən eşitdiyim sözləri yazım siz özünüz qərar verin: Kendilerini böyle adamışlar Allaha, ev yok, çoluk yok, cocuk yok, eş yok” yəqin təxmini təsəvvür etdiniz :D Monastr yalnız qadınlar üçündür axşam saat 7də qapıları bağlanır və o qapıların arxasında nələrin baş verdiyindən heç kimin xəbəri olmur. Begijnhof monastrıBələdçimizin dediyinə görə monastr ərazisi qorunan müqəddəs məkandır. Dediyinə görə kim cinayət edib monastrın ərazisinə daxil olsa, polis onu oradan aparıb həbs edə bilmir, mən də bələdçimizin yalançısıyam :) Monastrın çölündəki kanalın sahilində isə Brüggünin ən çox qu quşları toplaşdığı ərazi dayanır. Burada sayısız hesabsız qu quşu və ördək görə, istəsəniz selfie çəkdirə bilərsiniz :) Buradan kanal boyu davam etdikdə qarşınıza Minnewater gölü çıxacaqdır, gölün içində az sayda olsa da quşları üzür, ətrafı yaşıllıqlarla əhatələnib və çox gözəl mənzərəsi var. Adamın lap otluğa uzanıb kitab oxumağı gəlir. Minnewater gölüŞəhərin əsas görülməli yerləri bunlardır. Bundan başqa mərkəzdən azacıq kənarda olan Yel Dəyirmanlar ilə məşhur parkına da baş çəkməkdə fayda vardır, şəhər mərkəzindən hardasa 15-20 dəqiqəlik piyada yoldur. Yol sizə uzun gələ bilər ama Brüggenin o şirin, şokolada bənzəyən evlərinə baxa-baxa irəliləsəniz vaxtın necə keçdiyini heç hiss etməyəcəksiniz. Brüggeyə getsəniz sadəcə turist xəritələrində göstərilən turistik məkanlara baş çəkməklə kifayətlənmiyin. Şəhərdəki hər bir binanın, hər bir evin, hər bir küçənin özünə məxsus gözəlliyi, tarixi və hekayəsi var. Əsas 4-5 turistik mıkanları gördükdən sonra alın pivənizi, vaflinizi əlinizə, özünüzü verin Brüggenin küçələrinə. Getmişkən 1 tam gününüzü ayıraraq şəhəri doya-doya gəzmənizi tövsiyyə edirəm. Sevimli BrüggeSevimli Brüggem haqqında bu qədər. Yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə sağ tərəf yuxarıda olan “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sayyeah Blog

1182 dəfə oxunub

Fransa - İsveç səyahəti

Parisdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Biraz uzun olacağ amma mütləq oxuyun????Fransa????????& Sweden????????????İlk öncə ????Paris????Ümumilikdə məni bura gəlməyimə peşman eləməyən şəhər. Hər məkanında tarix yazılan şəhər. Əlbətdə hər kəs kimi məni də cəlb eləyən birinci mənzərəsi "Eiffel Tower"????idi. Amma tək Eyfel qülləsi ilə möhtəşəm deyil bu şəhər. Luvr muzeyində "Mona Liza" ????əsərini görmək, Nortre-Dame kilsəsində axşam göstərilən şou da ən azı Eyfel qülləsini görmək qədər gözəl idi. Bura gəlib mütləq gedilesi yerlərdən biri də Parisin ən yüksək yeri olan Montmartre binası ????.Buradan möhtəşəm panarama açılır şəhərə. Bu abidəyə yaxınlaşmadan öncə isə ətəyində yerləşən "Mən Səni Sevirəm" yazısının 310 dildə yazılmış Lövhəyə baxmalısız. Bizim kəlimə çox yuxarıda olmadığı üçün rahatlıqla şəkil çəkdirə bilersiz????.Təbii ki, "Zəfər Tağı"nı unutmaq olmaz hec vaxt. Deyilənə görə Dünyanın ən uzun küçəsi sayılan bu küçədə bir tərəfdəki Zəfər Tağı"dan digər tərəfdəki "Zəfər Tağı"na yorucu olsa da çətin deyil????. Gələk gəzintidə ən çox növbə gözlədiyimiz(1saat 40 dəq)???? "Versallies" sarayı. Bu sarayın digər saraylardan fərqi ondadır ki, yaradılışında hec bir dənə də olsun tualetin olmaması. Səbəb isə Kral ve ziyalı ailesi ürəkləri hara istəsə təbii ehtiyaclarını edə bilər və bunu xadimələr təmizləmədilər. Buna görə də illərlə saraydan iy əskik olmayıb. Zaman keçdikcə qoyulub tualet 4-5 ədəd əlbətdəki.  Amma turistlik baxımından yalnızca bu sarayı deməzdim. Sarayın arxasında "in the Garden" var. Məncə bu sarayın özündən də möhtəşəmdir . Gəzməklə 1 saat 30 dəqiqəyə nəzərdə tutulmuş bu Bağ bir sözlə "Möhtəşəmdir"????. Gecə əyləncələri və diskoteka clublar da öz yerində. ☺Qeyd edim ki mən layihə ilə getmisdim amma reklam xarakterli olmasın deyə adını yazmıram.☺Layihə bitdikdən sonra isə qrupdan 3 nəfərlə (2 qız 1 mən) razılaşıb "Orsay" muzeyinə getdik. Bir sözlə "AMAZING PARİS" ????İngilis dilində anlayışım olsa da danışmaqda çətinlik çəkirdim və buna görə də çox aktiv biri olsam da sakit gəzirdim, amma buna baxmayaraq təşkilatdan çox sevdiyim gözəl dostluqlar qazandım əlbəttə məni də sevən oldu  və o dostlarımı hec bir zaman unutmayacağam????.2) Keçək Sweden-Stockholm????Bu ölkədə isə təmtək gəzmişəm ????Gəzintiyə baslamadan öncə Ali Isgandarov ve Firuz Nasirov dedikləri yerlərin siyahısın tutmuşdum. Hər ikisinə təşəkkür edirəm????????İsveç ???? ümumilikdə məndə xoş təəssürat yaradan ölkə. Ölkənin 70%-i ağaclardan və 11 adanı birləşdirən ölkə. Milləti havası kimi soyuq olsa da, lazımı anda insana kömək eləməyi bacaran bir xalqdır . İsveçlilərin demək olar 100%-i ingiliscə bilir və hətta demək olar ingilislər kimi mükəmməl danışırlar. Bura Avropanın ən az siqaret çəkilən ölkəsidi.Normalda sağlamlıqlarına düşkün olduqları üçün maşın yerinə velosipeddən çox istifadə edirler. Amma bir o qədər də pivə düşkünüdülər. Qızlı oğlanlı hər kəs pivə içir, həm də yanında heçnə olmadan. Çox dəqiq xalqdır. Bunu avtobus, metro, tramvay, gəmi xətlərinin tam vaxtında gəlməsindən anlamaq olur.Qeyd edimki 1 həftəlik Sel Kart turist üçün mükəmməldir. Ümumilikdə 10 metro xətti saydım. Əlbəttə daha çoxdur amma rəng xətti olaraq 10 rəngdi. Hamısında information işləyən işçilər var turistlər üçün soruşub getməyə və adları da stansiyalarda qeyd olunub. Metro və avtobusları olduqca komfortludu.Avtobusları gecə də işləyir.Bəzi kommunal xərclər baha olsa da, ölkədə su pulsuzdur və su olduqca şirin içməli sudur. Hətta tualetə get ordan iç suyu. Ona görə ölkədə mağazadan su alan yoxdur demək olar ki.Gəziləsi yerlərdən ən başda gələn Təbii ki Wasa Gəmi Museyidi????1628-ci ildə Gustav Wasa tərəfindən tikdirilən Wasa gəmisi. O zamanların texnikasını nəzərdə tutsaq yaradılması hardasa mümkünsüz olan bu gəmi üzərində hər savaşçısı üçün məna daşıyan naxışlardan ibarətdir. Savaş üçün nəzərdə tutulan gəmi 1200 Ton ağırlıqında və 70 metr uzunluğunda Gəmilərin ən güclüsü olacaqdı. Amma kral gəminin daşıya biləcəyindən daha da çox top olmasını istədi və gəmidə tarazlıq pozulduğu üçün gəmi savaşa girmədən sahildən uzaqlaşdıqdan 15 dəqiqə sonra batır. Gəminin 98% hissəsi original vəziyyətdə sudan çıxarılır, muzeyə yerləşdirilir və günümüzədək originallığını qoruyur. Hal hazırda İsveçin ən çox ziyarət edilən Tarixi muzeyidir.????Daha sonra Gamla Stan????Gamla Stan . 13cü əsrdə qurulan bu yer ən köhnə şəhəri. Bizim Bakı Soveti kimi. Köhnə əsrlik çeşmələri ilə məşhur Gamla Stan. Turizimin mərkəzi. Skandinaviya dövləti ölkələr bölündükdən sonra Skandinaviyanın mərkəzi sayılır Gamla Stan????. Tam yanında isə Nobel Muzeyi var. Alfred Nobel qaqamız öləndən sonra vəsiyyət edib ki millətə xeyri faydası toxunan hər bir icada görə həmən adama onun adına mükafat verilsin və öldüyündən bu günə kimi müxtəlif sahələrdə (Kimya, Fizika və s) verilir. Çox uzun uzadı danışmayım artıq????Ölkədə Təbii ehtiyacların ödənməsi isə tam pulsuzdur və hər yerdə var, yanında velosiped sürənlərin təkəri doldurması üçün hava şlanqı da qoyulur. Burada istədiyiniz qədər türk var. Xüsusən də Konya Kulu-ları.Amma bağışla məni turistlik baxımından Fransaya çata bilməzsən İsveç ???? Mən Fransa ilə müqayisədə yaşamaq üçün İsveçi, gəzmək üçün Fransanı seçərəm ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Cavid Isgenderli 

740 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!