1229 dəfə oxunub

Kiyev səfəri

Kiyevdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Salam. İstədim 6 günlük Kiyev səfərim haqqında bəzi təəssuratlarımı paylaşım. Orda heç olmayanlar üçün bəlkə faydalı ola bilər. Uzun alınsa öncədən əhvinizə sığınıram.  :) Norveçə viza imtinası aldıqdan sonra bir az məyus oldum amma sonra fikirləşdim ki, bayram günlərini boşuna verməyim. Bayrama 9 gün qalmış bilet sifariş etdim. Onu deyim ki, Buta-da 10 gün öncədən artıq bayram tarixlərinə yer yox idi. Skyscanner-lə scan elədim gördüm ki, Kiyevə Heydər Əliyev hava limanından ən ucuz bilet (gediş-gəliş) 735 AZN-dir. Tbilisi beynəlxalq hava limanından isə 354 AZN. Azal sağ olsun. Qərara gəldim burdan Qırmızı Körpüyə kimi gedim (12 AZN), ordan da balaca minibuslar olur, bir neçə sərnişin yığıb birbaşa hava limanına aparır. Elə oldu ki, 2 nəfər olduq, hərəmiz 25 lari verdik və sərhəddən birbaşa hava limanına getdik (15 AZN).

Kiyevdə 2 aeroport var, bildiyiniz kimi. Biri Borispol (əsası- ancaq şəhərdən uzaq) və Juliana (şəhərə bir qədər yaxın). Hava limanına daxil olarkən ilk olaraq "yeriyən exchang"-lər səni qarşılayır və dəfələrlə ucuz qiymətə valyuta dəyişməyi təklif edirlər. Qətiyyən etməyin.  Məlumat mərkəzindən rəsmi exchange-lərin yerini öyrənib, orda bir qədər valyuta dəyişə bilərsiz. Şəhərə getmək üçün taksi götürə bilərsiz. Amma onlar 2-3 qat baha qiymətlər deyəcək. Hava limanından çıxan kimi Skybus deyilən avtobuslar var. 100 (6 AZN) griven verirsən səni aparır dəmiryol vağzalına. Sizə deyim ki, Kiyevdə gediş haqqı bizdən 2 dəfə çoxdur (metro və avtobus) 8 griven (50 qəpik). Təbii ki, benzinə görədir. 54523468_10205777952804687_1258773254244401152_n

Dəmir yol vağzalının yanında Vogzalnı adlı metro stansiyası var. Ordan mərkəzə gedə bilərsiz. Ukraynada hələ də yaşıl rəngli jetonlar qalıb. Təbii ki, kartlar da var. Yəni turist kimi jeton almaq daha əlverişlidir məncə.

Biraz şəhər haqqında. Şəhəri Dnepr çayı iki yerə bölür. Sağ və sol sahil. Sağ sahil mərkəz və daha çox iş mərkəzidir. Sol sahil daha çox yaşayış kompleksləridir. Şəhərdə çoxlu Soborlar (dini məbədlər) var. Vladimir, Uspenski, Sofiya soborları əsaslarıdır. Əsas görüləsi yerlər də məhz onlardı. (Tarixilik nöqtəyi nəzərdən.) Kiyevə getmisinizsə mütləq Kiyev Lavrasına dəyin. Əgər təbii ki, sizə maraqlıdırsa. Dnepr çayının sahili də gözəldi. Müxtəlif tədbirlər keçirilir. Şəhərdə bu günlərdə müxtəlif sərgilər keçirilirdi. Köhnə arxitektur tikililər çoxdur. Əsas küçəsi, yəni oranın targovusu- Kreshatikdir. Müxtəlif klublar da var hardaki tematik party-lər keçirilir. Facebook-da öncədən event-ləri axtarıb tapmaq olar.

Qalmaq məsələsinə gəldikdə həm otellər çoxdur, həm də hostellər. Amma mən mərkəzdə mənzilə üstünlük verdim. OLX saytından bir elan tapdım. Mənzilin sahibi təklif etdi ki, Airbnb üzərindən danışaq. Eyni mənzili airbnb-də bron etdim. Həm də orda feedback-ləri oxumaq imkanı yarandı. Əslində elə airbnb-dan bron etmək məqsədə uyğundur. Mərkəzi məhəllədə -Lesi Ukrainka bulvarı adlanan yerdə günü 650 qrivenə (40  AZN, 6 gün 40*6=240 AZN) bütün şəraiti ilə mənzil bron etdim. Mətbəxi xoşuma gəldi.

Puzataya xata deyilən self service restoranlar şəbəkəsi var. Orda məsələn bir çox Ukrayna təamlarının dadına baxmaq olar. Qiymətlər normaldır yemək barəsində. Taksi xidmətləri çoxdur və ona görə də rəqabət mühitində qiymətlər yaxşıdır. Əsasları Uber və UKlon (şəhər içi sərfəlidir). Bunlar application əsaslı taksi xidmətləridir. Başqaları da var (qısa nömrəli). Sadəcə Uber gərək Ukrayna nömrəsinə bağlı ola. Mən Vodafon aldım. Bütün sərfəli tarifləri ilə mənə 13 grivenə (8 AZN) başa gəldi. Roaming də edə bilərsiz öncədən amma mən də çox pis işləyirdi xüsusəndə internet. 55444940_10205777950564631_2566841892549427200_n

İnsanları (təbii ki, hər kəs ayrıca bir fərddir) ümumilikdə xoş (friendly) təəssurat bağışlayır. Nəsə soruşanda deyirlər, kömək edirlər. Xidmət sahəsinin işçiləri də nəzakətlidirlər.

Qimətlər haqqında yazdıqlarımdan savayı onu deyə bilərəm ki, ixrac olunan məhsullar ucuz deyil hətta bəzi məqamlarda bizdən bahadır. Məsələn Collins dükanında sadə futbolka 25 AZN-dir. Halbuki bizdə 15 AZN almaq olar. Xidmət sahələri və yerli məhsullar əksinə ucuzdur bizdən. İnsanlar sosial iqtisadi vəziyyətdən narazıdırlar. Və ayın 31-də olacaq seçkilərə hazırlaşırlar.

Sonda bir-iki cümlə də məşhur Ukrayna xanımları haqqında deyim. Onu müşahidə etdim ki, mərkəzdə gözə dəyən xanımlar, xüsusən də gənc xanımlar bizdəki kimi "vahid gözəllik şablonları"na tərəf gedirlər. Ona görə də ümumi mənzərə inqubator effektini xatırladır. Bir qədər kənar şəhərlərdə vəziyyət başqadır. Ümumilikdə fərq sadəcə davranışlar sistemindədir bu da ki, normaldır, hər cəmiyyətin özünə məxsusluğu var. Sonda olduğum yerlərdən bir neçə şəkil yükləyəcəm.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Shaig Samadov

DİGƏR BLOQLAR

Yunanıstanın Santorini Adasına olan Səfərim

Salam, dostlar! Sizə 5 gecə / 6 günlük, dünyanın ən gözəl adalarından biri olan Yunanıstanın Santorini adasına olan səfərimdən danışmaq istəyirəm. Ola bilsin, kiminəsə faydalı olar. Necə getmək olar?Ən sərfəli marşrutlardan biri Bakı – Budapeşt – Santorini istiqamətində WizzAir hava yollarıdır. QiymətlərSantorinidə qiymətlər digər Yunan adalarına nisbətən baha olsa da, Avropa ölkələri ilə müqayisədə münasibdir. Görməli yerlərƏn məşhur məkanlar Fira və Oiadır. Amma adanı başdan-başa gəzməklə çoxlu gizli gözəlliklər kəşf etmək mümkündür.Fira və Oia-nı gəzdikdən sonra ATV, motosiklet və ya avtomobil kirayə edərək adanın hər tərəfini rahatlıqla dolaşa bilərsiniz. Bu vasitə ilə Qara çimərlik (Perissa), Qırmızı çimərlik, Prophet Elias məbədi və başqa fərqli çimərliklərə getmək çox asandır. Nəqliyyatİctimai nəqliyyat saatda bir dəfə işləyir, bilet qiymətləri məsafədən asılı olaraq 2–2.5 avro arasındadır. Bütün əsas marşrutlar Firadan başlayır. Kirayə qiymətləri:ATV (2 nəfərlik) – gündəlik 30–60 avroMoped – gündəlik 20–30 avro (sürücülük vəsiqəsi tələb olunur) Otel və qalmaqƏhali çox istiqanlıdır və ingilis dilini yaxşı bilir. Otellər münasib qiymətə, çox vaxt hovuz və müxtəlif fəaliyyətlərlə (bilyard, oyunlar, kino) təchiz olunub.Perissa tərəfdə 25–50 avro aralığında yaxşı şəraitli otel və villalar tapmaq olar. Fira və Oia tərəfi bir qədər bahadır, amma yenə də münasib qiymətə qalmaq mümkündür. Gedib yerində danışmaqla yaxşı endirim almaq olar. Çimərliklər və əyləncəMykonos kimi gecə həyatı olmasa da, Santorinidə də xoş atmosferli klublar var. Girişlər 15 avrodan başlayır.Qara çimərlikdə ayaqyalın gəzməyin — qum çox istidir . Çimərliklər ümumiyyətlə pulsuzdur, amma restoranlarda yemək yesəniz, oturacaqlar da pulsuz olur. Digər fəaliyyətlərVulkan turlarıYaxın adalara ferry boat ilə səfərlərDadlı mətbəx — türk mətbəxinə çox bənzəyir, hətta dönəri türklərdən daha yaxşı hazırlayırlar deyə bilərəm Ümumiyyətlə, Santorini həm passiv istirahət, həm də aktiv səyahət üçün ideal yerdir. Səyahətə dəyər!Paylaşan: Zahid Memmedov

174 dəfə oxunub

Şotlandiya - Edinburq bələdçisi

Edinburqdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.????????????????????????????????????????????????????????????????????????????????????Edinburq Şotlandiyanın ikinci böyük şəhəridir. 1437-ci ildən bəri ölkənin paytaxtıdır.Əvvəlcə başlayaq Edinburqa ən ucuz və ən rahat necə getmək olar. Əlbəttə ki, Bakı-Budapeşt daha sonra isə birbaşa reyslərlə Edinburqa.İkinci yol Butaairways ilə Bakı-Sofiya daha sonra isə birbaşa reyslərlə Edinburqa.Üçüncü yol Butaairways ilə Bakı-Kiyev daha sonra isə London və ya Mançesterə gedib oralardan davam etməkdir.Edinburqa yaxınlaşdıqca təyyarə o qədər aşağıdan uçurdu ki, sanki dronla çəkilmiş filmə baxırdım. Əzəmətli Forth Road Bridge körpüsü dumanların arasından görünür. Sonra da Şimal dənizi və yamyaşıl şəhər.Edinburq havalimanından çıxanda tər-təmiz Şotlandiya havası o dəqiqə hiss olunur. Şəhərə bir neçə pounda həm qatar həm də avtobuslar gedir. Şəhərdə əksər binalar qara və böyük daşlarla tikilib. Ağaclar da başqa yerdəkilərdən xeyli böyükdür.Bura gəlməmişdən bilirdim ki, dünyada ən çox qırmızısaçlı insanlar Şotlandiyadadır. Həqiqətən də xeyli qırmızıbaş və üzü çilli insanlar var. Şəhərin demək olar ki, hər yerində (parklarda, küçələrdə) pulsuz wifi var.Qalmaq üçün düz şəhərin mərkəzində West End Hostel-i seçdim, bir gecəsi təxminən 20 manat. Ancaq adı hostel olsa da bir çox oteldən dəfələrlə yaxşı idi.Şəhərin hər tərəfi Braveheart və Harri Potteri xatırladır. Xüsusilə “oldtown”da yerləşən böyük tarixi binaların arasında gəzmək (biraz da olsa tarixə marağınız varsa) adamı orta əsrlərə aparır.Edinburqun zooparkında siz başqa yerlərdə çətin görə biləcəyiniz panda, pinqvin, koala, lemur, gibbon, tapir, malay ayısı, qarışqayeyən və daha adını bilmədiyim onlarla heyvanı görə bilərsiniz. Yəni əgər Edinburqa uşaqla gəlmisinizsə mütləq zooparka getməlisiniz.Edinburq qalası şəhərin hər tərəfindən görünəcək şəkildə yüksəklikdə tikilib. Qala həm də dünyanın ən böyük qalalarından biridir. İldə təxminən 2 milyon insan bu qalanı ziyarət edir. Qaladan çıxış birbaşa qədim Edinburqa açılır.  Ətrafda isə suvenir, maqnit satan dükanlar və milli paltarda şotland musiqisi səsləndirən insanlar. Old town-dakı binalar digər avropa şəhərlərindəkilərdən tam fərqlidir, hər biri maraqlıdır.Qaladan biraz aşağıda məşhur Scottish national Gallery muzeyində (giriş pulsuzdur) dünyanın ən bahalı rəsm əsərləri sərgilənir.Bir az da aşağıda isə sözlə ifadə olunmayacaq qədər gözəl park (Princes Street Gardens) yerləşir. Park Edinburq qalası yerləşən təpənin aşağısındadır.Şəhərin yuxarı hissəsində (mənə görə yuxarı idi) “Greyfriars kirkyard” adlı qorxulu qəbiristanlıq var. Mən bura çatanda artıq hava qaralırdı. Bir neçə turist qrupu vardı, hamısı həm qorxurdu, həm də gülürdülər. Sonradan öyrəndim ki, burda 1000 il əvvəl rəhmətə gedənlərin qəbirləri var, həm də dünyaca məşhur yerdir.Şəhərin mərkəzi isə Royal Mile küçəsidir. Burada ancaq bahalı dükanlar və restoranlar var. Ancaq baha da olsa şotlandların milli yeməyi olan haggisin (sardelka kimi bir şeydir) dadına baxmaq olar.Mərkəzdə Böyük Britaniyanın ucuzluq rəmzləri olan Primark (paltar) və Poundlandda istədiyiniz qədər ucuz paltar yemək və hədiyyələr ala bilərsiniz. Qiymətlər çox münasibdir. Misal üçün reddbull 1pound, sandviçlər (hər cür) 1pound, uşaqlar üçün paltarlar 1-10 pound (keyfiyyətlərinə söz ola bilməz). Mən endirimdə olan 3 köynəyi (uşaq üçün) 1 pounda aldım.Şəhərin kənarında 205 metr yüksəkliyi olan Arthur’s seat adlı vulkan var. Hami bura şəhərə açılan mənzərəni izləmək üçün gəlir.Edinburqdan danışanda reytinqlərdə ilk 30-a daxil olan məşhur Edinburq Universitetini də yada salmaq lazımdır. Universitet 1583-cü ildən fəaliyyət göstərir. Universitetin çox uğurlu məzunları olmuşdur. Graham Bell, Çarlz Darvin bunlardan bəziləridir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Elshan Ismayilov               

2416 dəfə oxunub

İran bələdçisi

Bir neçə insanın istəyini və çox azərbaycanlının məlumatsızlığını nəzərə alaraq İrana səyahətimdən olan təcrübəmi istərdim sizlərlə bölüşəm. Ümidvaram yazdıqlarım kimlərəsə yararlı olar. Amerikanın İran haqda yaratdığı propoqanda təəssüf ki, bir çox millətdə mənfi fikirlər yaradıb. Eyni zamanda bir çox azərbaycanlı elə bilir ki, İrana getmək ‘zibilliyə’ getməkdən fərqlənmir. Çalışacam bu fikirlərin səhv olduğunu sübut edim. Başlamazdan əvvəl onu deyim ki, siyasət tərəfi mənim də ürəyimi bulandırır, xüsusi ilə də mollaların hakimiyyətə gəldiyi dövr. Qəşm adasında fikir mübadilə etdiyim Təbrizli xanımın sözü ilə desək İranı xarabaya çevirən hakimiyyət. Amma fərqli təcrübə yaşamaq istəyən bir turist 10-15 günlük bu abu-havaya dözüb ölkənin gözəl tərəflərindən zövq ala bilər. Onu da deyim ki, farslar o qədər də ‘geridə qalmış’ deyillər. Bir fars rəfiqəmin dediyinə görə Tehranda ‘gizli’ elə diskotekalar təşkil edirlər ki, heç Las Vegasda həmin atmosfer yoxdur. Çox uzatmayım, keçim mətləbə. İranı nəyə görə gəzmək lazımdır??? İran qədim tarixi, zəngin mədəniyyəti, oriental üslub memarlığı, səhraları, möhtəşəm adaları, qonaqpərvərliyi, fərqli iqlimi ilə səyahətçilərini təəccübləndirir. İranın Şimalında (Cənuni Azərbaycan) mənim diqqətimi cəlb edən xüsusi şəhərlər yoxdur. İranı kəşf etmək üçün cənuba yollanmaq lazımdır. Bu mənim şəxsi fikrimdir.Bu səbəbdən yalnız Təbrizdə bir gün gecələyib, bütün vaxtımızı yaxınlıqda yerləşən Kəndovan kəndində keçirtdik. Türkiyənin Kappadokiyası da adlandırırlar. İsfahan şəhəri xüsusi oriental üslubu ilə insanı çox heyrətləndirirdi. Bülvarlar, orta əsrlərə aid körpülər, saraylar, məscidlər əsas görülməli yerlərdəndir. Getsəniz UNESCO’ya daxil olan Nəqşi Cahan Meydanına ziyarət edin. Şiraz. İranda ən sevdiyim şəhər. Məncə paytaxt olmağa daha çox layiqdir. Həm coğrafi, həm də tarixi səbəblərə görə, siyasətinə qarışmıram Şəhərin mərkəzi orta əsrlərin şərq mədəniyyətini xatırladır. Burada istənilən məscidə daxil olursan ağzın açıq qalır. Rəngli güzgülərlə daxilini o qədər gözəl bəzəyiblər ki, insan baxmaqdan doymur. Nəsir-Ül-Mülk məscidi indiyə qədər gördüyüm ən gözəli idi. Pəncərələri Şəki xan sarayındakı kimi rəngbərəng şüşələrlə bəzədilib. Sübh tezdən günəşin işiqlari həmin rəngləri yerdə əks etdirir. Qeyd: məscidə giriş ödənişlidir, qiymət yerli və xarici vətəndaşlara görə dəyişir. Bundan başqa, şəhərdə Vəkil Bazara gedib digər memarlıq növləri ilə də tanış ola bilərsiniz. Vaxtınızı bu şəhərə çox ayırın, çünki, bura İranın özəyi, Qədim Fars İmperiyasının ürəyi, dünyanın ilk sivilizasiyalarından birinin beşiyidir. 70 km şimala getməklə Əhəmənilər İmperiyasının paytaxtına, Persepolis (yunanca Perse - Fars, Polis - Şəhər deməkdir) səyahət edəcəksiniz. 2500 il bundan əvvələ qayıtmaqla Fars İmperiyasının nə qədər əzəmətli olduğunun şahidi olacaqsınız. Makedoniyalı İsgəndər tərəfindən darmadağın edilmiş I Dara, I Kserks, I Artakserks kimi məşhur imperatorların saraylarının qalıqlarını, Zərdüştlüyə həsr olunmuş məbəd və digər tarixi abidələri öz gözlərinizlə görəcəksiniz. Həmin hisslər əvəz olunmazdır. Yaxınlıqda digər tarixi görməli yerlər isə Nəqşi-Rüstəm, Nəqşi-Rəcəb və Pasarqaddır. Sasani hökmdarlarının müharibələrdə qazandığı qələbələr, Roma imperiyasının elçilərləri ilə I Şapurun görüşü və s. kimi məşhur yazılı əsərlər tarixi qayaların üstündə həkk olunub. Pasarqadda isə II Kirin məzarı olduğu iddia edilir. Tarixi hiss etmək üçün bura da gəlməyə dəyər. Bu tarixi ərazilərə aid abidələrin bir neçəsi hazırda Berlində Pergamon muzeyində saxlanılır. Adlarını sadaladığım əraziləri görməmiş İrandan qayıtmaq, mənim kriteriyalarıma görə İranı kəşf etmək hesab edilmir. Ona görə də, əgər getmək istəsəniz taksi tutun. Bir-birindən məsafədədir və avtobus işləmir. Fars dostunuz varsa kömək istəyin taksi ilə danışmağa. Turist görəndə qiymət oxuyurlar. Mən google translate ilə danışıb azərbaycanlı olduğumu vurğulamışdım. Bütün günü gəzintiyə 40 AZN-ə yaxın xərcim çıxmışdı. Növbəti səyahətimiz Bəndar-Abbasa idi. Yanvarın ilk günləri idi. Biz çatanda temperatur 30 C idi, halbuki, bir həftə əvvəl Təbrizdə qar görmüşdük. Düzü burda görməli heç nə yoxdur. Şəhərə çatan kimi otelə yerləşib, dincəldikdən sonra adalara getdik. Qəşm adasında ‘Chahkooh’ kanyonu valeh edicidir. Bir az İordaniyanı xatırlatdı mənə. Amma deyilənə görə yağış yağandan sonra daha gözəl olur. Digər görülməli və indiyə qədər belə bir yer görmədiyim ada isə Hormuz idi. Sahilləri qıp-qırmızı, səhraları rəngarəng qumla doludur. Hələ mərkəzində Göy-Qurşağı vadisini demirəm, hər rəngdən torpaq var. Bəzi ərazilərdə torpaq o qədər qırmızıdır ki, hətta ondan qidalanan ağacların rəngi belə qızarıb. Fars körfəzinin o tayında yerləşən Omanın ərazisi də görünürdü Qayıdışda planda Yəzd, Kerman və buradakı qeyri adi səhraları gəzmək də var idi. Təəssüf ki, biz İranda olduğumuz müddətdə vəziyyət gərginləşmişdi. Təhlükəni nəzərə alıb Tehrana daha sonra da Bakıya yollandıq. Tehran heç xoşuma gəlmədi. Çirkli, səs-küylü, tıxaclı və qarma-qarışıq bir şəhər idi. Azadi meydanı və Milad Qülləsinə qalxıb restoranda fars yeməklərinin dadına baxa bilərsiniz. Hər şeyi yazmaq mümkün deyik, gedin özünüz gəzin Vacib qeydlər:-İranda beynəlxalq kartlar qəbul edilmir, nağd pul ilə gedin. Pulu öyrənməyə çalışın, sıfırlar adamı çox çaşdırır. - Bütün səyahətimizi avtobusla başa vurduq. Qatara əvvəlcədən bilet almaq lazımdır, yoxsa yerlər tutulur. İki cür avtobus fəalliyyət göstərir. Sadə və lüks. Çalışın lüks götürün, çox baha deyil, rahatdır, hətta yeməyə nəsə verirlər.- İran nömrəsi alıb internet yükləyin, səyahətinizə kömək olacaq. İranda bir çox film, porno, Facebook, youtube’a qarşı senzura var. VPN yükləyin getməzdən əvvəl. - Sizi turist kimi görüb tələlərinə düşməyin. Qiymət öldürün və azərbaycanlı olduğunuzu bildirin. İşə yarayır. - Qiymətlər çox ucuzdu. Şirazda şəhərin mərkəzində restoranda iki nəfərlik yeməyə (yüksək servislə) 15 AZN xərcimiz çıxmışdı. Farsların dediyinə görə İranda Novruz ərəfəsində otel tapmaq çətindi. Biz gedəndə rahatlıqla tapdıq və qiymətlər son dərəcə münasib idi. Hətta 20-25 AZN-ə (iki nəfərlik) belə otellər var. - Yol yoldaşınızın kim olmasına diqqət edin. Ölkədə qanun şəriət qaydaları və İslam rejiminə əsaslanır. Oteldə yanınızdakı xanımın naməhrəm olduğunu biləndə qalmağa yer vermirlər. Hətta deyilənə görə, polis yolda saxlayır. Heç bir təcrübəm yoxdur bu barədə, amma rəsmi olaraq cütlük hesab edilmirsizsə diqqətli olun. - Qadınlar üçün bütün ictimai ərazilərdə baş bağlamaq vacibdir. Kişilər, şortikinizi uyğun səfərlərə saxlayın. İran üçün yaxşı seçim deyil. - Azərbaycan dili ünsiyyətinizə daha çox kömək olacaq, nəinki ingilis dili, hətta cənubda belə.- Bacardığınız qədər həzz alın bu səyahətdən, çünki İtaliya, Yunanıstan, Misir kimi dünyanın ən vacib tarixi ərazilərindən birini kəşf edəcəksiniz. Şəkillər 2020 yanvar xatirələrindən.Oxuduğunuz üçün təşəkkür edirəm! ~ Hörmətlə,Rəcəb Səfərov

1993 dəfə oxunub

Yerlisindən Amsterdam bələdçisi - İsa Yusibovun gözüylə

Amsterdamdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu dəfə Amsterdamda "uçmağın" başqa versiyası barədə qısaca yazmaq istəyərdim Şəhərin ən tanınmış yerlərindən biri Amsterdam Toren adlanır və Hollandiyanın ən hündür panoraması olan Lookout (hardasa 100 metr). Əvvəllər 20 mərtəbəli bu bina Shell-in ofisi olub, indi isə turistik yer kimi fəaliyyət göstərir. Binanın aşağı mərtəbələrində hotel, ofislər və s. var. Maraqlı yerlər 19cu mərtəbədən başlayır. 19-da Moon adlı restoran var, elə quraşdırılıb ki, masalar 360 dərəcə fırlanır, oturduğunuz yerdən gördüyünüz şəhər dəyişmiş olur. Məsləhət: o restoranda sevgilinizlə nahar eləmək istəsəz birinci menuda qiymətlərə baxın sonra asta-asta ordan uzaqlaşın :)))20-ci mərtəbədə şüşə pəncərə ilə əhatəli kafe var. Aldığınız biletlə orda 2 içki pulsuzdu, qiymətləri ümumilikdə yaxşıdı. Normalda bilet 12,50-di. Amma çox adam Premium ticket alır 20 euroya və bu biletə 2 içki, suvenir və binada çəkdirdiyiniz şəkil daxildir. Bu bileti alsaz kassa, növbə gözləmədən qalxa bilərsiz.21-ci mərtəbədə Amsterdam Lookout var və burda şəhəri ən hündür yerdən izləmək olur. Hava yaxşı olanda Utrecht falan da görünür lap uzaqdan.Və ən əsas, 22-ci mərtəbədəki yelləncəkdir. Axşam saat 9a kimi açıqdır bura, yəni bəzən qaranlıqda da şəhəri izləmək olur. Acrophobia-sı olanlara məsləhət deyil bu arada:) Qeyd edim ki, bu swing üçün əlavə 5 euro ödəniş istənilir. Bizim qızların/oğlanların boyunun balaca olmasını nəzərə alaraq onu da deyim ki, 1.10 m-dən balaca olanlar ora buraxılmır, indi özünüz baxın da :DEnjoy your stay in Amsterdam!Gəzənfərd 3. Amsterdam: Pərvin Cəbiyeva və İsa Yusibov[youtube https://www.youtube.com/watch?v=H-NZEP4lknU&w=560&h=315]MUZEYLƏRBu qrupda və inboxda Amsterdamdakı muzeylərlə bağlı tamaşaçıların çoxsaylı xahişini nəzərə alaraq muzeyləri ziyarət etməyin ən sərfəli yolunu deyim.Ümumilikdə bura gələn turistlər ya Red Light-a görə gəlir, ya da ki incəsənətə görə. Turizmin ən ciddi gəlir mənbələrinin bəlkə də birincisi elə muzeylərdi. Məsələn Van Gogh muzeyinə giriş 18 eurodu. Adam o qədər çox olur ki, artıq Amsterdamdakı turistik yerlərin bir çoxuna bilet bir-iki ay öncədən tükənmiş olur.Şəhərdə turistlərlə bağlı bir neçə discount card-lar var, onlar haqqında imkan olsa müsbət və mənfi tərəflərini ayrıca postda yazacam gələcəkdə. Qısa müddətdə ən çox muzey gəzmək istəyənlər üçün verəcəyim ən önəmli məsləhət "Museumkaart" sifariş etməkdir. Normalda burda uzunmüddətli yaşayanlar, Holland vətəndaşları və s. üçün bu kart 1 illik etibarlıdı, amma turistlər üçün bu 1 aydı. Aldığınız bu kartla siz 1 ay ərzində təkcə Amsterdamın yox, Hollandiyanın 300-dən çox muzeyini pulsuz gəzə bilərsiz. Eyni zamanda bu kartla məsələn Rijksmueum-a, Van Gogh muzeyinə bir ay ərinzdə istədiyiniz qədər gedə bilərsiz. Amsterdam eyni zamanda İkinci Dünya müharibəsində önəmli rol oynadığı üçün mövzu ilə bağlı burda maraqlı yerlər də var.Kartın qiyməti 60 eurodu, 3-4 euro da servis xidməti əlavə edilir. Kartı online alanda istəsəniz mənim ev adresimə göndərtdirə bilərsiz, 2-3 günə gəlir. Görüşəndə gətirib verərəm özünüzə.Bir də unutmadan bir muzeyi də nəzərinizə çatdırım. Haaqa şəhərində hamımızın əsərlərini ən azı bir dəfə gördüyü Escher-in muzeyi var, ora getməyinizi şiddətlə tövsiyyə edirəm. Paylaşdığım şəkillər onun əsərlərindəndi. Amma Museumkaart orda işləmir, giriş 9.50 eurodu.Digər turistik kartlardan fərqli olaraq bu kart Amsterdamda nəqliyyat üçün, və ya başqa məqsədlər üçün discount ya free entrance vermir.NƏQLİYYATBura gələn turistlərin çaş-baş qalıb lazımsız yerə əlavə pul xərclədiyi sahələrdən biri də ictimai nəqliyyatdı. İctimai nəqliyyatın qiymətləri tez-tez dəyişir (bahalaşır) deyə internetdəki məlumatlar elə də səhih deyil. Məsələn son on ildə burda 1 saatlıq kartlar 1 eurodan çox bahalaşıb. Hal hazırda saatlıq kartlar 2.90-a satılır.İlk öncə Amsterdamda nəqliyyatdan necə ucuz istifadə etməyi yazım. Əvvəla, burdakı nəqliyyat artıq chip sisteminə keçib deyə minəndə və düşəndə (qatar, tramvay, metro, avtobus) check-in və check-out etmək lazımdı. Normalda kartda hesabınızda pul olmalıdır ki nəqliyyatdan istifadə edə biləsiz. Avropanın başqa ölkələrində olduğu kimi burda biletsiz getmək kimi bir lüks yoxdur ona görə də.Qısa müddətli qalanlar üçün ən optimal variant Amsterdam Travel Ticketdir. Bu bileti siz 1-2-3 (qiymətləri 16-21-26 euro) günlük ala bilərsiz. Bu biletlə Amsterdam daxilində 3 gün ərzində gəzə bilərsiz (qırmızı avtobuslar xaric, onlar başqa şirkətindi). Eyni zamanda bu biletlə disko-disko partylərdən sonra gecə avtobuslarına da minə bilirsiz (gecə avtobusunun qiyməti 4.50 eurodu normalda, məni çox zibilə salıb :D )Amsterdam Travel Ticket bütün başqa biletlərdən daha sərfəlidi. Amsterdam Schiphol hava limanından Amsterdamın istənilən vağzalına dəfələrlə gedib gələ-bilərsiz bu 1-2-3 gün ərzində məsələn. Amma yenə də check-in check-out etməyi unutmayın! (zatən qapıları aça bilmək üçün bunu etməlisiz)Amsterdamda tramvaylar gecə 1-in yarsına qədər işləyir. Avtobuslar 24 saat, amma onlar da 1-in yarısından sonra dəyişib olur nachtbus (night bus) və nömrələri də dəyişir. Buna diqqət edin. Səhər saat 6-7də yenə normal iş rejiminə keçilir.Əgər Amsterdamın ətrafında olan turistik bölgələrə (Zaanse Schans, Edam, Volendam kimi) getmək istəsəz ən sərfəlisi Amsterdam & Region Travel Ticket-di. Bu bilet eyni zamanda bu regiondaki avtobuslarda da etibarlıdı. Amsterdam Travel Ticket-dən fərqli olaraq. Qiyməti 18.50-26.00-33.50 (1-2-3 günlük)Və bir gün boyu bütün Hollandiyanı unlimited gəzmək istəsəniz dagkaart (günlük kart) ala bilərsiz, 55 euro qiyməti var. Bu biletlə Hollandiyadakı bütün ictimai nəqliyyatdan istədiyinz marşrut üzrə istifadə edə bilərsiz.Bura gələnlər çox qalmır deyə bizim burda işlətdiymiz personal ov-chipkaartlar barədə yazmağa ehtiyac yoxdu. Zatən sərfəli də deyil sizə.Yuxarıda qeyd etdiyim biletləri Amsterdam Hava limanında (kitab mağazasında, vağzalın özündə və s), bəzi vağzallarda və online (discoverholland.com) vasitəsilə ala bilərsiniz.GECƏLƏMƏ - OTEL/HOSTELBu dəfəki mövzumuz Amsterdama təşrif buyuranların yaralı yeri olan hotel/hostel məsələsidi.Amsterdamdakı bütün otel və hostellərlə burdan tanış ola bilərsiz.İlk öncə onu deyim ki, Avropanın bir çox şəhərindəki kimi nə bilim bir gecəsi 10-15 euroluq hostel axtarsaz onu Amsterdamda tapa bilməyəcəksiz. Ümumiyyətlə burdakı hostellərin elə adı hosteldi, qiymətləri hotel qiymətidi hardasa. Fərq odur ki, 8-10 nəfər turist bir yerdə qalırsız. 90% hallı olur deyə normal şəkildə yatmaq olur amma) Sözümün canı odur ki, Amsterdama gəlmək planınız varsa ucuz qalmaq yeri üçün ən azı 5-10 il öncədən otaq booking etməniz məsləhətdi.Müxtəlif araşdırmaların nəticələrinə görə Amsterdamda hotel qiymətləri Avropanın ən bahalıları sırasında birinci yerdədi, sezonuna görə Parislə dəyişir. Eyni zamanda Amsterdam Avropada yeganə şəhərdi ki, AirBnb qiymətləri hotel qiymətlərindən daha bahadı. Ona görə başqa bir məsləhətim odur ki, ümumiyyətlə AirBnb-ləri yoxlamayın bura gələndə. Couchsurfing heç yazmıram çünki inanmıram orda da boş yer ola. Atalar demiş, "armudun yaxşısını meşədə ayı qapır"Şəhərdə nisbətən ucuz yerlər StayOkay hostel şəbəkəsinindi. Eyni zamanda Wow, Orfeo, Princess Hostel, Youth hostel, Cosmos Hostel, New West INn, Citiez və s. kimi ucuz yerlər olur. Boş yer tapılsa təbii ki. Əgər Amsterdama gəlirsizsə "Gedib orda yer taparam" fikrindən uzaq olun. Tapa bilməyəcəksiz. Qalmaq yerini həll etmədən Amsterdama gəlməyiniz heç məsləhət deyil.Son illərdə şəhərin müxtəlif bölgələrində ancaq xanımlar üçün hostel konseptləri də artıb, onlar da nisbətən ucuz olur. Onu da çox vaxt lesbianlar istifadə edir. Gecənin bir vaxtı zərif cinsin iki nümayəndəsinin sonsuz məhəbbət duyğuları ilə silkələnən çarpayının üst mərtəbəsində oyanmaq sizin üçün problem deyilsə onu seçə bilərsiz məsələn :)))Eyni zamanda bəzən Amsterdamdakı kanallarda olan gəmi-evləri də sahibləri hotel kimi günlük icarəyə verir, ucuz olan vaxtları olur.Son vaxtlar Amsterdamda uzunmüddətli qalan Amerikan "turistlər"lə də tanış olmuşam. Bir ay üçün mətbəxi ictimai olmaqla hotel otaqları olur, 700-800 euroya (hotel Jansen məsələn). Amma bu daha çox young professionals, expatlar falan üçündü, sadə turistlər üçün yox. 6 aya kimi qalmaq imkanı olur orda.Başqa mümkün variant da Amsterdamın özündə yox, ətraf şəhərlərdə hotel tutmaqdı çünki oralar Amsterdamdan ucuz olur. Məsələn Haarlem, Leiden, lap elə Haaqanın özü. İctimai nəqliyyat burda mükəmməl olduğu üçün gedib gəlmək problem olmur.Və sonda: şəkildə gördüyünüz 5 ulduzlu hoteli ərəb sahibi satışa çıxarıb. Deyirəm bu qrupda hərəmiz bir az atışsaq bəlkə onu alıb işlədə bilərik, bura gələnlər də yer problemi yaşamaz :DKanallarQrupdakı Amsterdam fanatları üçün növbəti paylaşımı edim: bu dəfəki mövzumuz şəhərimizin məhşur kanallarıdı.Amsterdamı kanallarına görə əsasən "Şimalın Venesiyası" adlandırırlar. Amma Amsterdamda kanalların sayı, məsafəsi Venesiyadan çoxdu: quruluş etibarilə Amsterdamın kanallarının uzunluğu təxminən 90 km edir. Şəhərin şimal bölgəsində isə əlavə olaraq adalar mövcuddu.Ümumilikdə Amsterdam suyun üstündə tikilib. Xüsusilə kanala baxan qədim evlərin bünövrəsində dayaqlar taxtadandı. Buranıı gəlib gəzənlərin diqqətindən yayınmayıb yəqin: belə evərin çoxunun sağa-sola əyri olması məhz bu səbəbdəndi.Kanal turu Amsterdam turizm biznesinin ən gəlirli sahələrindən biridi. Şəhərdə bu turları təşkil edən bir çox şirkət var. Hərəsinin öz qiyməti, fərqli qayıqları olur. Məsələn Pizza Cruise-lə kanal turu etsəniz 1.5 saat davam edən tur vaxtı sizin gəmidə pizza verilir. Şəhəri yaxından tanımaq istəsəz kanal turunu məsəhət görürəm. 2 ildir bura təhsil üçün gələn əcnəbi tələbələrin introduction həftəsində coach kimi grupları gəmi ilə gəzdirməkdən bezmişəm.Ona görə də bu qrupdan kim gəlsə turu təklif edib özüm qoşulmuram :DTuristlər üçün gəzməli yer olmaqdan əlavə, təəssüf ki kanallar həm də turistlərin qənimi sayılır. Belə ki, hansısa turistin itmək xəbəri yayılan kimi polis və dalğıclar hər şeydən öncə ilk kanalları yoxlayır. Və 99% itən turistlərin cəsədi bu kanallardan çıxır. Çox vaxt turistlər içkili, və Amsterdam olduğunu nəzərə alsaq hallı olduqları üçün kanallardan tualet kimi istifadə etmək istədikdə və ya kanala yaxın yerdə gəzdikdə müvazinətlərini itirib yıxılırlar. Alkoqollu bədən suda daha çox temperatur itirir deyə daha tez donurlar və hərəkət edə bilmirlər, beləcə batırlar. Ona görə də bu məsələdə diqqətli olmağınız arzuolunandı.Kanallar eyni zamanda velosipedlə doludur. Amsterdam bələdiyyəsi hər il 1-2 dəfə böyük təmizliklə məşğul olur və kanallardan 10.000-dən çox velosiped çıxır hər dəfə :) (şəkildə var)Və Amsterdam kanallarının daha bir (g)özəlliyi: şaxta olanda kanallar donur və xizək sürmək xəstəliyi genlərində olan Hollandlar kanalların üstü ilə sürüşürlər. Amma burda olduğum 15 il ərzində kanalların cəmi 2 qış tam donduğunun şahidi olmuşam.Enjoy the canals! :) Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: İsa Yusibov

1569 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!