Əvvəlcə ondan başlayım ki, pandemiya bir çoxlarının əlin-ayağın bağlasa da mənim üçün fürsət oldu. Bu il heç vaxt gəzmədiyim qədər çox yer gəzdim, çox şey kəşf etdim.
Bütün bu gəzintiləri detallı yazmayacam, çünki Aprel ayından Noyabra qədər dayanmamışam, buna görə yazı çox uzun ola bilər. Ən əsaslarını və kəşf etdiklərimi qeyd edəcəm.
Sezona Qubanın gəzmədiyim dağ kəndləri ilə başlayıb, zirvələrlə bitirdim.
Bu dağ kəndlərindən Afurca (Quba) yaxınlığında füsünkar bir mənzərəsi olan bir evdən ibarət Dərənci kəndini (məhəllə) kəşf etməyim oldu.
İl ərzində müxtəlif istiqamətlərdən üç dəfə Qızılqaya (3721 m.), üç dəfə də Heydər (3751 m.) və Atatürk (3729 m.) zirvələrində olmuşam.
Bu zirvələrin davamı olaraq 17 ədəd dörd minlik zirvələrimizin 16-sına qalxdım, bunlardan 5-inə tək çıxmışam. Zirvələrlə yanaşı bu zirvələrin yaxınlığında yerləşən Tufangöl, Turfangöllər (Qoşa göllər), ölkəmizin ən yüksəkdə yerləşən Nuh göllərini, Vaxçaq gölünü, Babadağın göllərini və möhtəşəm Xalaxel gölünü, bir neçə dağ aşırımını və çay mənbələrini da görmüş oldum. Bu yerlər arasında ən maraqlılarından biri də Bazardüzündən (Qusardan) Çarundağa (Oğuza) gedərkən Rusiya Federasiyasının ən cənub nöqtəsindən keçməyimiz olub. Ayağım qısamüddətli də olsa Rusiya torpağına dəyib.
Ən maraqlı gəzintilərimdən biri karantinin sərt vaxtı, camaat Bakıda bişəndə, mən də Qubada mühasirədə idim, nə Bakıya gələ bilirdik, nə də başqa rayona gedə bilirdik, çünki başqa rayonlara yolumuz Bakıdan keçir. )) Amma fürsət bu fürsətdir deyib, tarixi bir yoldan piyada getməyə qərar verdim, sağolsun dostum Asim də məni tək qoymadı, birlikdə getdik. Bu yol Qubadan Qəbələyə, konkret olaraq Salavat aşırımından keçməklə Xınalıqdan Vəndam və Lazaya gedən dədə-baba at yoludur. Biz bu marşurutun Xınalıq-Vəndam olanını seçdik, çünki məqsədimiz tez bir zamanda Qəbələyə çatıb oradan Zaqatalaya getmək idi. Cünki orada bizi füsunkar Xalaxel gölü gözləyirdi.
Biz səhər 5-də Xınalıqdan çıxdıq, hava qaralanda Vəndama çatdıq. Camaatın atla bir günə, piyada iki günə getdiyi 30 km-lik dağ yolunu biz səhərdən axşama qədər bitirdik (ilk dəfə idi bu yolla gedirdik), hələ arada 4-5 dənə də şəlalə, kanyon kəşf etdik, çünki bir ara yoldan çıxmışdıq.
Vəndama çatdıq gecəni çadırımızda qaldıq, səhər mərkəzə getdik. Orada bizi qarşılayan dostlarımız Ülvi və Mehman qoymadılar gedək Zaqatalaya. Bir gün də bizi Laza və Qəmərvanda qonaq etdilər, gecəni Qəmərvanın qurtaracağında çadırda qaldıq. Səhər Şəkiyə gedən başqa bir dostumuz bizi Qəbələdən Şəkiyə apardı, oradan da yeni çıxmış taksi xidmətindən taksi çağırıb yollandıq saxurların kəndi Yeni Suvagilə, dostumuz Murad gilə.
Bu kənddə gün yarım dincəldikdən sonra üz tutduq Xalaxel gölünə tərəf. Biz gölə Cimcimax və ya Sabunçu kəndlərindən qalxmaq istəyirdik, amma maşın çayı keçə bilmədi, məcbur qalıb Yuxarı Çardaxlar kəndindən gölə getməli olduq. Bu yol uzun yol olsa da (təx. 30 km) gölə gedən ən mənzərəli yoldur. Yuxarı Çardaxlar kəndi qayalıqda yerləşən məşhur Pəri qalasının olduğu kənddir. Kənddən çaylaqla gedib meşə yoluna girdik, meşə yolunu bitirib alp çəmənliklərinə çıxanda mənzərəli bir təpənin üstündə "Əlibəy" metrologiya stansiyası qarşımıza çıxdı. Stansiyanın işçiləri üçün olan ev köhnədən qalsa da, şəraitsiz olsa da nağılvari görünürdü. Ətrafında ağ atların otlaması və bütün Zaqatala ərazisinə mənzərə açılması buranı daha da cazibədar edirdi. Burada biraz istirahət etdikdən sonra yolumuza davam etdik.
Yolda qarşımıza üç çoban binəsi çıxdı, hər kəs də bizi çaya, yeməyə dəvət edirdi. Yemək yeməsək də çaydan imtina etmirdik. İlk dəfə getdiyiniz üçün biz yolumuzu xəritə ilə müəyyənləşdirib gedirdik, amma çoban binələrində bizə qısa yolları da izah edirdilər, bəzilərində önümüzə düşüb 2 km-e yaxın yolu bizi kəsdirmədən aparıb digər yola çalışdırırdılar. Bəzi yolda gördüyümüz adamlar bizim gölə çatacağımıza inanmasa da, orada qala bilməyəcəyimizi desə də biz axşama yaxın gölə az qalmış dayandıq. Tanımadığınız ərazidə qaranlıqda yol getmək məsləhət deyildi. Ona görə də yaxınlıqdakı quzuluğa getdik. Bura aşağıdakı sürünün quzularının ayrıca saxlandığı yerdir. İki cavan oğlan bizi qarşıladı, qəşəng çay içdik, yemək yeyib yatdıq. Səhərisi durub gölə doğru qalxdıq, iki saatdan az müddətə gölə çatdıq. Göl də nə göl, dağların başında Böyük (3458 m.) və Kiçik (3216 m.) Samalit zirvələrinin arasında yerləşən masmavi bir inci.
Təxminən 3060 (/70) metr yüksəklikdə yerləşən Xalaxel gölü Azərbaycanın üç min metrdən yüksəkdə yerləşən ən böyük dağ gölüdür. Gölün çevrəsinin uzunluğu 1,3 km-dir. Gəldik gölün kənarına, çadırımızı qurduq, çayımızı içib, yeməyimiz yeyib qalxdıq Böyük Samalit zirvəsinə. Bu zirvə Baş Suayrıcı silsilədə, Azərbaycan və Dağıstan sərhədində yerləşir. Zirvədən Xalaxel gölünə çox gözəl mənzərə açılır. Buradan Dağıstan tərəfə baxanda daha 4 ədəd nisbətən kiçik göllərin olduğunu gördük.