3716 dəfə oxunub

İsveçrənin ən kosmopolit şəhəri - Zürix

Zürixdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Bir gün metroda SNCFin (Fransada dəmiryolu şirkəti) “29 euroya İsveçrə” reklamını görüb təcili Paris-Zürich biletimi aldım. 60 euroya Zürichə getmək çox ucuz göründü gözümə. Amma təbii ki, bu İsveçrəyə gedib çıxana qədərki düşüncələrdir. Çünki İsveçrə deyildiyi qədər bahalı deyil, daha da bahalıdır. Yeri gəldi bir lahmacuna 10CHF (təqribən... erhhm 18AZN) ödədim, yeri gəldi 30CHF olan pizzalara baxıb oha dedim. Çox gəzdim, çox şey öyrəndim, yağışa düşdüm, İsveçrəlilərin təbiətinə valeh oldum .

Səyahətə Paris Gare de Lyon-dan başladım. Təqribən üç saat sonra peyzajın dəyişməsilə İsveçrəyə çatdığımızı anladım. Yol üstü Baselə göz vurub Zürichə çatdıq. Qatarla səyahətin ən gözəl cəhətlərindən biri birbaşa şəhər mərkəzinə çatmaqdır. Zürich HB vağzalında eurolarımı rəngbərəng İsveçrə frankına dəyişib turizm ofisindən ZürichCARD aldım, şəhər xəritəsini götürüb düşdüm şəhərin canına. Səyahət haqqında isə ilk hissəsini müşahidələr, ikinci hissəsini isə gəzintiyə ayırdığım bir yazı yazdım.

Zürich müşahidələrim

Money, money, money

İsveçrəlilər varlıdırlar, sirr deyil. Amma bu qədər varlı olduqlarını açığı mən də bilmirdim. Pul vahidləri frankdır. 1CHF təqribən 0,86 euro, yəni 1,75AZN edir. İki devalvasiya görmüş birinə bir sillə, bir qapazdır bu məzənnə. Mən 1CHF=1euro deyə düşünüb xərcləmələrimi ona görə elədim, daha doğrusu xərcləmə etməməyə çalışdım. Amma əskinazları rəngbərəng belə çox şirin şəkərdir, kazıklandığını sənə unutdurmağa çalışıblar, o qədər baha olmasa adam birini xatirə saxlamaq istəyir vallah. Qəpikləri isə ayrı aləmdir. 50 qəpikləri ½ Fr deyə qəribə bir sikkədir, onu xatirə saxladım.

Dil

Dörd rəsmi dili olan İsveçrənin Zürich kantonunda yalnız Alman dilində danışırlar, bir də ingilis. Amma hamı ingiliscə bilmir. (Migrosdakı qıza 15 dəqiqə ərzində 3 dildə toyuq salatı istədiyimi izah etdim, başa düşmədi, az qala yumurtlayacaqdım orda ki, başa düşsün). Dönərləri ilə dünyamızı şənləndirən türk qardaşlara da çox rast gələcəksiniz.

Dəqiqlik

İsveçrə dəqiqliyi dedikləri şeyin həqiqətən də mövcud olduğunu gördüm. Əvvəla hamının qolunda saat var, hər yerdə saat var. Saat muzeyi belə var. Dünyadakı ən yaxşı saatsaz olduqları üçün mü dəqiqdirlər, yoxsa dəqiq olduqları üçün mü saatsazdırlar? Yumurtadanmı toyuq çıxır, toyuqdanmı yumurta çıxır? Cavabını bilmədim, amma saniyəsinə qədər dəqiqdirlər. Bakıdakı nəqliyyatın çox intellektual idarəsini və Parisdə SNCF-in gecikmələrini görmüş biri olaraq tramvayların saniyəsi saniyəsinə dəqiqliklə gəldiyini görmək heyrətləndirici idi. Amma gəl gör ki, bu dəqiqlikləri bəzən çox bezdirici olur: axşam Migrosun bağlanmasından 10 dəqiqə əvvəl özümü marketə atıb alışveriş edirdim, xanım başımın üstündən çəkilmirdi ki, bağlayırıq.

Transport

Ən yaxşı nəqliyyat vasitəsi ayaqlardır. Zürich ümumilikdə İsveçrənin ən böyük şəhəri olsa da, görülməli yerlər şəhər mərkəzindədir. Mərkəzdən uzaq ancaq Uetliberg mütləq görülməlidir. Amma vaxt itirməmək və cazibəsinə qarşı durmamaq üçün şəhərin simvolu sayılan ağ-mavi tramvaylara minmək lazımdır hərdən.26172688_1587661457986938_4585654076566396452_o

Mən kontrolla rastlaşmadım, amma cərimələnib səyahətinizi burnunuzdan gətirmək istəmirsinizsə, risk etməyib ZürichCARD alın. 24 saatı 27CHF olan ( 72 saatlıq növü də var) bu kartı Zürich HB-da yerləşən turizm ofisindən əldə edə bilərsiniz. Kart şəhərin transport sistemindən pulsuz istifadə, muzeylərə pulsuz giriş və bir çox güzəşt imkanı verir. Gecə avtobusu və gəmi turu üçün əlavə 5CHF verib supplementary ticket almaq lazım olur. Məsləhətim odur ki, piyada gəziləcək yerləri bir gün üçün planlaşdırıb, Uetliberg və muzeyləri digər 24 saat ərzində görəsiniz (saatı yaxşı hesablayın )

Qidalanma

Zürichi tək kəlmə ilə ifadə etmək olar: baha. Normal bir restoranda pizzanın 30CHF (təqribən 52AZN!) olduğunu nəzərə alsaq, restoranlarda oturub aristokratcasına yemək yemədiyimi anlamaq üçün münəccim olmağa ehtiyac yoxdur. Mən bir addım daha irəli gedib Parisdən özümlə iki sendviç belə götürmüşdüm ki, birini yolda yeyərəm, digərini Zürichdə. Qaldığınız hosteldə/hoteldə özünüzlə sendviç hazırlamaq imkanınız varsa, sendviç götürün. Yoxdursa, Migrosa bir baş çəkin, ucuz restoran kimi filialları var, qiymətləri daha münasibdir. Mənim seçdiyim variant isə Kebab oldu ♥. Dünyanın hansı şəhərinə getsəniz orda bir kebab, içəridə isə bir türk qardaş görəcəksiniz. Mənə daha əvvəl “lahmacuna 18 AZN verəcəksən” desələr, “başın xarab olub” deyib gülərdim, ta ki Zürichə gələnə qədər. Ən ucuz yemək variantının 10 franklıq lahmacun/dönər olduğu bir şəhər düşünün. Buna görə də Zürichdə gedilə biləcək kafe/restoran tövsiyyəm yoxdur, üzrlü sayın.

Yeməyin bu qədər baha olduğu bu şəhərdə, çox şükür, su pulsuzdur və tam təmizdir. Bakıda marketlərdə astronomik qiymətlərə satılan Alp suyunu burda tam pulsuz içə bilərsiniz. Ona görə də İsveçrədə marketdən su almağı ağlınızdan belə keçirməyin, bir butulka götürüb doldurun, təmiz, saf Alp suyu ;)Həyatımda ən ləzzətli suyu Rieterparkda içdiyimi iddia edirəm.

Alışveriş

Etməyin. Eləməyin. Hər şey bahadır. Markalar desəniz, eyni markanın daha ucuzu Bakıda var. İsveçrənin simvolu olan saat almaq üçün isə böyrəyinizi satmalısınız. İsveçrə bıçağı və ya maqnit ala bilərsiniz (maqnit belə 10CHF idi, əl-insaf)

Küçələrə su səpmişəm

Planımı əvvəldən qurduğum üçün ZürichCARDı növbəti gün üçün saxlayıb ayaqlara qüvvət verirəm. Vağzaldan Bahnhofplatza çıxıram, ordan da Bahnhofstrasse ilə irəliləyirəm.26026128_1587646127988471_7668324393667688704_o

Zürichdə bu iki rəngi çox görəcəksiniz: ağ və mavi. Kantonun rəsmi rəngləridir və tramvaydan gölün rənginə qədər hər şey ağ və mavidir. Uraniastrasse və Bahnhofquai ilə irəliləyərək qarşı sahildəki binalara baxıram, ilk dəqiqələrin verdiyi o möhtəşəm vauuu hissi ilə gəzirəm hələ ki. Çayın o biri sahilinə keçib Niederdorfstrasseni kəşf edirəm. Bütün küçələri ayrı bir gözəl olan Zürichin strasse və gasse-lərində gəzib nəyahət Lindenhofa gəlib çıxıram. Lindenhof Zürichin gözəlliyini seyr edə biləcəyiniz ən mükəmməl məkandır. Sözlə ifadə olunmayacaq dərəcədə gözəldi.

St Peter Kirche ətrafındakı küçələrlə Münsterhof meydanına çıxıram. Zürichdəki ən məşhur kilsələrdən biri olan Fraumünsterin yanındakı bu meydanda Parisin simvolik skamyalarını görüb biraz təəccübləndim doğrusu, amma çox şirin bir hiss oldu. Qarşı sahildə Zürichin məşhur tikililərindən olan Helmhaus görünür.26173053_1587653864654364_3660825164860685889_o

Plan şəhər mərkəzindən bir az uzaq olan hostelə piyada getmək, bu vaxt ərzində isə Zürichin gözəlliyindən zövq almaqdır. Stadthausquai ilə irəliləyib tramvayların kəsişdiyi, gəmilərin gəlib-getdiyi Bürkliplatza gəlib çıxıram. Sonra Zürich gölünün sahilindəki yaşıllıqlara atıram özümü. Burda çox böyük iki dərs öyrənirəm: 1. hava proqnozu proqramlarına inanma; 2. yayda səyahət edirsənsə, mütləq çimərlik paltarı götür. Niyə deyə soruşsanız, hava proqnozuna görə yağışlı günlərin məni gözlədiyini düşündüyüm Zürichdə günəş parıldayır, şəhər əhli yaşıllıqda uzanıb özünü günə verir, gölə girib üzürlər. Belə çox kədərli bir hal alıb ayaqlarımı suya salmaqla kifayətləndim. Suyu bu qədər şəffaf olan Zürich See-də üzə bilməməyimin heyfini başqa bir gəzintidə çıxacağıma qət etdim. Yalan olmasın, 2 saata qədər sahildə oturmuş olaram. İnsanlar mutlu, insanlar gülüyor, insanlar yüzüyor. Hava qaralana yaxın tərpənmək vaxtıdır deyib hostelə tərəf yollandım.26171027_1587664644653286_5830787114791836354_o

Ucuz və sərfəli olsun deyə Zürich Youth Hosteldə bir çarpayı book eləmişəm. Hostel də dağ başında, inin cinin top oynadığı bir yerdədir. Normalda Parisdə olsam biraz narahat olacağım, Bakıda axşamın bu saatlarında yaxınından keçməyəcəyim tənha, yarıqaranlıq, it hürməz, karvan keçməz küçələrdir, amma bilirsən ki, İsveçrədir, ürəyin rahatlaşır. Səbəbini bilmədən insan özünü arxayın hiss edir. Cinayət hallarının nadir olduğu, insanların rifahının tavanlarda olduğu bu ölkədə ən tənha küçələr belə adama dostyana görünür.

Hosteldə iki gecə üçün 100CHF (bəli, bu qiymətə hostel) ödədiyim otağa çıxıb yerləşirəm. Hostelin yeri çox əntiqədir, çarpayım pəncərə yanındadır və pəncərədən meşələr, dağlar görünür. Quşların səsi gəlir, çox möcüzəli atmosfer var. Birinci günü tamamlayıram.

Növbəti gün səhər 6da oyanıb, səhər yeməyi yeyib düşürəm yollara. Bir az yağışlı, tər-təmiz havadır. Çox səyahət etmiş olmasam da, indiyə qədər etdiyim səyahətlərdən bir şey öyrənmişəm: hər şəhərin öz qoxusu var. Parisin qoxusu kofe və krep, Brüsselin qoxusu waffledırsa, Zürichin qoxusu yaşıl ağacların, yağış düşən torpağın, təbiətin qoxusudur. Yazanda belə sanki şəhərin qoxusunu hiss edirəm.

Günün ilk hədəfi Rieterpark-dır. Parkda bir mən, bir də itini gəzməyə çıxarmış xanım var. Tam sükut.

Günortaya qədər küçələri fırlanıb Grossmünster-ə gəlirəm. Katolik kilsələrindən fərqli olaraq içərisinin şişirdələcək qədər xüsusi bir gözəlliyi yoxdur, amma damına çıxıb şəhərə baxmaq mütləqdir ;)

Hər bir küçəsini xüsusi qayğı ilə gəzərək Opernhausa doğru irəliləyirəm.

Cəmi 10 dəqiqə sonra Bahnhofstrasseyə çatıb error verirəm. Muzeyin adresinə baxıram, küçəyə baxıram, yoxdu anam, muzey yoxdu. Kiçik bir errordan sonra saat butiklərinin alt mərtəbəsində gizlədilmiş bu muzeyə girirəm. Muzey də belə ingilislərin “posh” dediyi tərzdədir. Girişdə əlinizə bir iPad verirlər ki, eksponatlar haqqında məlumat əldə edin. İsveçrəlilərin saat takıntılarını burada daha yaxşı anlamaq olur. Hərnöv saat var. Mexanizmi görünməz olan saatlar isə ayrı bir möcüzədir. Muzeyə ZürichCARD vasitəsilə pulsuz girmək mümkündür.

26170979_1587673241319093_3649823668351167175_o

ZürichCARDın bir digər nemətindən faydalanmaq üçün üz tuturam Bürkliplatza. 5CHF əlavə ödəyib gəmiyə bilet alıram və bir saat ərzində Zürich gölündə gəzirəm. O vaxt da Game of Thrones-a yenicə baxıb bitirmişdim, gəminin burnuna çıxıb özümü bir anlıq *SPOILER* Westerosa taxt-tac almağa gedən Daenerys kimi hiss etdim.

Gəmi səyahətindən sonra özümə bir yaxşılıq edim deyib başqa bir muzeyə yollanıram. Kunsthausda bir saata yaxın incəsənətin ən gözəl nümunələrinə ağzı açıq tamaşa edib yeni isveçrəli rəssamlar kəşf edirəm. Sonrasında isə yağışa düşüb balığa dönürəm. Çətirimin olmasına baxmayaraq daxili orqanlarıma qədər islanıb özümü bir türk restoranına atıram.

Növbəti gün üçün 3 istiqamət var: Uetliberg, Botanika Bağı və Nationalmuseum.

Uetlibergə S10 qatarı ilə gedilir. Təqribən 40-50 dəqiqəlik yoldan sonra dağa qalxmağa başlayıram. Sözlərlə ifadə edilməyəcək bu dağ səyahətinin sonu Uetlibergdəki mini Eyfelə çıxmaqla nəticələnir. Heidi yadınızdadır? Yaxud Milkanın mor ineği? Bax həmin o təbiət, o gözəllik, dağlar. Uzaqda Luzern, İnterlaken, dağlar, kiçik kəndlər... Nağıllar.

26171682_1587676984652052_2032526322887178077_o

Vaxt gəlir İsveçrə təbiəti ilə sağollaşmağa. Gedirəm təbiətin daha mini forması olan Botanika Bağına. Uetlibergdə gördüklərimdən sonra sönük qalır təbii ki.

Son hədəf: Nationalmuseum. Zürich HB-ın yanında olması səbəbindən ən sona saxladığım bu muzey indiyə qədər gördüyüm ən interaktiv muzey ünvanına layiqdir. Adətən muzeylərdə “eksponatlara toxunmayın” yazısı ilə qarşılaşırıqsa, Zürichdə əksinə “eksponatlara toxunun” yazısı ilə qarşılaşdım. Məşhuuuur İsveçrə bankları haqqında kolleksiya, İsveçrənin tarixi, ideologiyası, şokoladları haqqında çooox geniş məlumatın olduğu bu muzeyi görmədən İsveçrə ziyarəti tamamlanmış sayılmır.

Vaxt gəlir geri dönməyə. TGV Lyria ilə nağıllar ölkəsinə əlvida yox, hələlik deyib ən qısa müddətdə yenidən görüşmək ümidi ilə yola düşürəm. Hələlik, Zürich!

DİGƏR BLOQLAR

"Pizzanın vətəni" Neapol

Neapoldakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bakının qardaş şəhəri olan Neapol. (Həqiqətən qardaş şəhərdilər ) Amma başdan xəbərdarlıq edim, yazı genişdir :)Şəhər mənə görə Avropa şəhərindən çox, Latın Amerikası şəhərlərini xatırlatdı. Həm tikilişinə, həm də qayda-qanun hərləməyəm adamlarına görə :DHər nəysə, məsələyə şəhərə necə çatmaq olar ondan başlayım. Özüm Romadan səyahət elədiyim üçün avtobusla getdim. 2.5 saatlıq yoldur, bilet qiymətləri gedəcəyiniz saata və şirkətə görə 9-14 avro dəyişir. (goeuro.com) Neapolda avtovağzal Garibaldi metro stansiyanın yaxınlığında yerləşir. Bu yeri yaxşı yadda saxlayın, yenə lazım olacaq :) Metro ilə gedirsiniz Toledo stansiyasına. Metronun arxitekturasını görməyə dəyər, həmçinin, şəhərin mərkəzi küçələrinə çıxışdır o stansiya. Bilet bir gediş üçün 1.10 avro, bir günlük bilet (sadəcə metro üçün) 3.50 avro, bütün nəqliyyat vasitələri üçün isə 4.5 avro. Orda sizə 1 avrodan bilet satmaq istəyənlər olacaq, arxanıza baxmadan uzaqlaşın  Ümumən, Neapolda kim kömək təklif eləsə, "aa, nə yaxşı insandır" deməyin, çoxu fırıldaqçıdır  İçlərində yaxşıları da olur amma. Məsələn, 1 günlük kart almaq istəyirdim, amma aparat 5 avrodan böyük pulları qəbul eləmədiyi üçün ala bilmirdim. Ən xırda pulum 10 avro idi. Yanımda dayanan bir qızdan xahiş elədimki, 2 dənə 5 avrosu varsa 10 avro ilə dəyişək. Dedi yoxdu, amma al bu 5 avronu biletini al. Təbii ki almadım, sonra bilet məntəqəsindən aldım bileti :)"Bir addım atmazdan öncə iki dəfə düşün. "Bu qaydanı Neapolda unudun. Bir addım atmazdan öncə 10 dəfə düşünün, çünki ətrafdakı oğrular sizin çantanızı, və ya telefonunuzu oğurlamaq üçün əvvəldən sizin hara addım atacağınızı düşünüb ona görə plan qururlar  Tədbirli (və ya şanslı) olduğum üçün başıma heçnə gəlmədən geri qayıtdım, amma couchsurfinglə eyni adamın evində qaldığım yunan oğlan şəhərə çatan kimi telefonunu oğurlatmışdı, özüdə əlində işlətdiyi halda :) Scouter ilə ruhunu belə incitmədən yanından ötüb telefonunu əlindən alıblar. Çalışın bel çantanızı qabaq tərəfdən asın, arxa cibinizə heçnə qoymayın, yolun sağı ilə hərəkət edəndə telefonu sağ, solu ilə gedəndə sol əlinizdə tutun."Tanrının əlinə sahib Maradona". Futbola baxanlar bilər, Maradona Napoli klubunun canlı əfsanəsidir. Şəhərdə ona qarşı elə böyük sevgi var ki, hər yerdə şəklini, formasını tapmaq olar. Hətta, məni qonaq edən oğlanın dediyinə görə, Maradonanın adını daşıyan kilsə belə var."Pizzanın vətəni" Neapol... Əgər ora gedib pizza yeməyəcəksinizsə, heç boşuna getməyin. Kiçik bir məsləhət: "Di Matteo" adlı yerə gedin pizza üçün, ən məşhur yerlərdəndir. Ünvanı: via dei Tribunali 94. Şəkildəki pizza üçün servis haqqı daxil 7 avro ödədim. "Aa, qırağı boş xəmirdir ki!" deməyin, çünki ofisiant pizzanı gətirəndə "Romadan bura bunun üçün mü gəldim?" dedim öz-özümə, amma o xəmirin içi yumuşaq donuz əti və buffalo mozzarella doludur. Bu arada adını niyə elə qoyublar bilmirəm, amma adı "World Cup" pizzadır. Digər məşhur təamları sfogliatte adlı şirniyyatdır. Mən limon sevmədiyim üçün bəyənməmişdim dadını, bəlkə siz bəyənirsiniz :) Qiyməti 2-3 avro arasıdır. Digər bir mütləq eləməli olduğunuz şey isə Neapol kofesi içməkdir :) Qiymət 1 avro.Gəzməyə piazza Plebiscito adlı yerdən başlaya bilərsiniz, Toledo metrosu tərəfdədir. Ordan düşün üzüaşağı dəniz qırağına, 7 qaladan birini gəzin. Mən Castle Nuevo adlı yerə getdim, giriş 6 avro idi, pula heyfim gəldi. Hər hansı bir özəlliyi yox idi. Digər qalalar pulsuzdur mən bilən. Şəhərin təpəsindı yerləşən Santelmo-dan başqa. Səhv eləmirəmsə, 2.5 avro idi qalanın başına çıxmaq. Onda bütün Neapol olacaq ayaqlarınızın altında :) Şəhərin əsas yeri məncə spaccanapolidir. Mən hava qaralanda getdiyim üçün yaxşı şəkil çəkə bilmədim, google edin baxın necədir :) Şəhərdə qarşınıza çıxan istənilən kilsəyə girə bilərsiniz, amma ən əsası San Lorenzo kilsəsinə mütləq girməlisiniz.Görünür çox yazdım, keçim Amalfiyə  Neapoldan Amalfiyə getmək üçün yuxarıda lazım olacaq dediyim Garibaldidən gedə bilərsiniz. Ordan çıxıb "Napoli Centrale" adlı stansiyaya keçin və "Circumvesuviana" adlı xətlə gedin Sorrentoya. Qatar bileti 3.90 avro, 1.5 saatlıq yoldur. Sorrentoda vağzaldan çıxan kimi yolun qarşısında avtobuslar görəcəksiniz onsuz. Positanoya gedən bilet alın, 3 avrodur amma 1-2 kəlmə italyanca danışıb 2 avroya almaq olur :) Avtobusda mütləq sağ tərəfdə oturun ki, o möhtəşəm (!) mənzərəni görə biləsiniz. Positanoda düşüb sahilə tərəf gedin və mütləq Amalfi çimərliyində dənizin dadını çıxarın. Mən özüm gedə bilməsəm də, Ravello şəhərinə də gedin, Positanodan 25 km uzaqlıqdadır. Positano turistik yer olduğu üçün hər şey bahadır. Məsləhətim hər yerdə 6-7 avroya yeyə biləcəyiniz pastaya orda 15-18 avro verməkdənsə, sahilə düşən yerdə market görəcəksiniz, orda özünüzə "sandwich" düzəltdirin, 4-5 avrodur. Digər bir variant özünüzlə yemək-içmək aparın PS: şəkilləri də əlavə edirəmPSS: özüm də bu məlumatların hamısını Neapolda təhsil almış Gunel xanımdan alıb ona uyğun hərəkət eləmişəm, bir daha təşəkkür :)PSSS: Şəhərə nəyə görə də olmasa, gözəl Napolitan qızlarına görə getməyə dəyər PSSSS: Özüm yazanda yoruldum, sona qədər oxumağa səbriniz çatıbsa, halal olsun sizə Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elvin Alıyev

1894 dəfə oxunub

Yunanıstanın Santorini Adasına olan Səfərim

Salam, dostlar! Sizə 5 gecə / 6 günlük, dünyanın ən gözəl adalarından biri olan Yunanıstanın Santorini adasına olan səfərimdən danışmaq istəyirəm. Ola bilsin, kiminəsə faydalı olar. Necə getmək olar?Ən sərfəli marşrutlardan biri Bakı – Budapeşt – Santorini istiqamətində WizzAir hava yollarıdır. QiymətlərSantorinidə qiymətlər digər Yunan adalarına nisbətən baha olsa da, Avropa ölkələri ilə müqayisədə münasibdir. Görməli yerlərƏn məşhur məkanlar Fira və Oiadır. Amma adanı başdan-başa gəzməklə çoxlu gizli gözəlliklər kəşf etmək mümkündür.Fira və Oia-nı gəzdikdən sonra ATV, motosiklet və ya avtomobil kirayə edərək adanın hər tərəfini rahatlıqla dolaşa bilərsiniz. Bu vasitə ilə Qara çimərlik (Perissa), Qırmızı çimərlik, Prophet Elias məbədi və başqa fərqli çimərliklərə getmək çox asandır. Nəqliyyatİctimai nəqliyyat saatda bir dəfə işləyir, bilet qiymətləri məsafədən asılı olaraq 2–2.5 avro arasındadır. Bütün əsas marşrutlar Firadan başlayır. Kirayə qiymətləri:ATV (2 nəfərlik) – gündəlik 30–60 avroMoped – gündəlik 20–30 avro (sürücülük vəsiqəsi tələb olunur) Otel və qalmaqƏhali çox istiqanlıdır və ingilis dilini yaxşı bilir. Otellər münasib qiymətə, çox vaxt hovuz və müxtəlif fəaliyyətlərlə (bilyard, oyunlar, kino) təchiz olunub.Perissa tərəfdə 25–50 avro aralığında yaxşı şəraitli otel və villalar tapmaq olar. Fira və Oia tərəfi bir qədər bahadır, amma yenə də münasib qiymətə qalmaq mümkündür. Gedib yerində danışmaqla yaxşı endirim almaq olar. Çimərliklər və əyləncəMykonos kimi gecə həyatı olmasa da, Santorinidə də xoş atmosferli klublar var. Girişlər 15 avrodan başlayır.Qara çimərlikdə ayaqyalın gəzməyin — qum çox istidir . Çimərliklər ümumiyyətlə pulsuzdur, amma restoranlarda yemək yesəniz, oturacaqlar da pulsuz olur. Digər fəaliyyətlərVulkan turlarıYaxın adalara ferry boat ilə səfərlərDadlı mətbəx — türk mətbəxinə çox bənzəyir, hətta dönəri türklərdən daha yaxşı hazırlayırlar deyə bilərəm Ümumiyyətlə, Santorini həm passiv istirahət, həm də aktiv səyahət üçün ideal yerdir. Səyahətə dəyər!Paylaşan: Zahid Memmedov

190 dəfə oxunub

Dünyanın Ən Varlı Kölə Ölkəsi.

Doha, Qətər. Dünyanın ən varlı kölə ölkəsi. Qətərə səyahət edən Azərbaycan vətəndaşlarından viza tələb olunmur və 30 gün qalmaq mümkündür. Girişdə sadəcə vaksin sertifikatı və “ölkəyə giriş forması” doldurmaq tələb olunur. PCR test lazım deyil. Havalimanı (Hamad International Airport) çox gözəldir və hər şey yüksək səviyyədədir.Danışıq dili. Dövlət dili ərəb dili olsa da hamı ingilis dilində danışır. Ərəb dilində ancaq yerlilər öz aralarında danışır. Pul vahidi riyaldır (QAR). Valyuta dəyişmək böyük problemdir. City Center mall-da güclə valyuta mübadiləsi mərkəzi tapdıq. Yarım saat növbədə gözlədikdən sonra məlum oldu ki, 100 dollardan aşağı məbləğlər dəyişdirilmir. Məcbur dəyişdik. Hotellərə söz ola bilməz. Həm çox komfortlu, həm də xidmət yüksək səviyyədə idi. Qiymətlər də münasibdir. İki fərqli hoteldə qaldıq. Holiday Villa Park Hotel, Chairman Doha. Xüsusilə Chairman hotel mükəmməl idi, 5* hotellərdən fərqlənmirdi. İki nəfərlik otaqda bir gecəlik qiymət 42$ idi. Yəni 1 nəfər üçün 21$. Yemək. Qətərin özünəməxsus yeməyi demək olar ki, yoxdur. Müxtəlif ərəb ölkələrinə məxsus yeməklər, İran, hind, uzaq şərq mətbəxi şəhərin hər yerində var. Ən məşhur yeməkləri aşağıdakılardır:1. Maklubə. Ət və ya toyuq ilə hazırlanan İordaniya yeməyi. Ölkədə ən məşhur yeməklərdən biridir. Müxtəlif ədviyyatlar, ət parçaları, həmçinin badımcan, kartof, tərəvəz və s. ilə qarışdırılmış düyü. 2. Dukka. Fələstin mənşəli qəlyanaltı. Zeytun yağı, zeytun, zahter və dukka (keşniş, küncüt, zirə, şüyüd toxumu, iri üyüdülmüş qara bibər və qovrulmuş badamın əzilərək qarışdırılması ilə əldə edilən ədviyyat növü) kimi dörd növün qarışığından hazırlanır. Çox dadlı olur. 3.Falafel. Görünüşünə görə kotletə bənzəyən, ət əvəzinə göyərti, noxud və ədviyyatlardan istifadə edilən Livan yeməyi, çox yüngül və asan həzm olunandır. Yanında qatıq ilə süfrəyə verilən bu isti qəlyanaltı ətsiz hazırlandığından vegetarianlar tərəfindən də sevilir. 4.Humus. Ərəblərin həm səhər, həm də axşam yeməyində istifadə etdikləri yeməkdir. Noxud, sarımsaq, zeytun yağı, zirə, qırmızı bibər kimi maddələrlə hazırlanan yüngül, dadlı yeməkdir. 5. Kuskus. Bərbəri mətbəxindən Yaxın Şərq ölkələrinə yayılan məşhur yemək Mərakeş yeməkləri arasında ən çox istehlak edilən növlərdən biridir. Dəvə əti ilə olanda çox dadlı olur. 6. Maftool. Dəvə, toyuq və keçi ətinin düyü ilə harmoniyasını əks etdirən yemək. Kartof, noxud, yerkökü və tomat istifadə edərək hazırlanmış sousla verilir. Qovrulmuş fıstıq və şam fıstığı Fələstin mətbəxindən olan bu dadlı yeməyə gözəl və fərqli bir dad qatır. Ən yaxşı hədiyyələr: Qətər xurması, maqnetlər, müxtəlif ədviyyatlar. Əvvəlcədən deyim ki, bir turist üçün bu ölkə vaxt, pul itkisindən başqa heç nəyə yaramır. Dohanı Dubaya bənzətməyə çalışsalar da nəticə fiaskodur. Burada Dubaydakı kimi gözəl çimərliklər, canlılıq və Dubai Marina, Jumeirah kimi maraqlı mərkəzlər yoxdur. Şəhər sanki böyük bir tikinti şirkətinə təslim olub. Hər yerdə toz-torpaq, cənubi asiyalı fəhlələr. Müasir quldarlıq rejmi açıq-aşkar müşahidə olunur. Hindistanın hansısa kəndindən qəpik-quruş üçün gəlib Dohada işləyənləri hər yerdə görmək insanı həyatdan küsdürür. Adətən Qatar Airways ilə uzaqlara uçanlar buradan transit zona kimi istifadə edirlər, aeroportda oturmaqdansa şəhərə çıxırlar. Yoxsa kimsə Dohya turist kimi gələn deyil.Əsas maraqlı yerlər: 1. Souq Wagif. Şəhərin əsas mərkəzi hissəsidir. Bahaçılıqdır. Qəlyan çəkənlərlə dolu küçə, hər yer kafe, restoran. Qətərdə ən aktiv yerlərdən biridir. Burada suvenirlər, mirvari, ədviyyat, yerli geyim və oyuncaq mağazaları var. Hind, Livan restoranları və qəlyanxanalar da turistlərin diqqətini çəkir. 2. Museum of Islamic Art, Doha. Dohada mütləq ziyarət etməli yerdir. Burada İspaniyadan Hindistana, Mərakeşdən İndoneziyaya, İraq, Suriya, Misir, İordaniya, Yəmən, İran və digər bir çox ölkədən toplanmış möhtəşəm sənət əsərlərini görə bilərsiniz. 3. National Museum of Qatar. Fransız memarlar tərəfindən səhra gülü şəklində tikilmiş memarlıq abidəsidir. Binada şəhərin əksər yerləri kimi hələ də tikinti gedir. İçəridə Qatarın olmayan tarixi haqda mənasız məlumatlar verilir. 4. Katara Cultural Village. Qətər əmirinin anası tərəfindən düşünülmüş və layihələndirilmiş mədəniyyət kompleksi. Səyahət qış aylarına təsdüf edirsə getməyə dəyər. Qətərin müasir siması ilə mədəni irsinin birləşməsi. Muzeylər, sənət qalereyaları, amfiteatr, dünyanın müxtəlif mətbəxlərindən ləziz yeməklər təqdim edən müxtəlif restoranlar, Katara çimərliyinin yerləşdiyi ərazi və şəhərin simvolu Pigeon Towers buradadır.. 5. The Pearl Qatar. Yeni tikilmiş göydələnləri və dəbdəbəli mağazaları olan yeni qəsəbədir. Mərkəzdən 20 dəqiqəlik məsafədə yerləşir. Tikintilər isə hələ də davam edir. 6. Corniche. Dohanın dəniz sahilini bir ucundan digərinə qədər izləyən sahil xətti. Yalnız qış aylarında gəzmək mümkündür. Yayda istidən addım atmaq mümkün deyil. The Corniche İslam İncəsənət muzeyindən başlayır və Sheraton hotelinə qədər davam edir. Bura yerlilər üçün qiymətli yerdir, amma bizim üçün xüsusi heç nə yoxdur. 7. State Grand Mosque, və ya İmam Məhəmməd ibn Əbdülvəhhab məscidi. Məscid sələfi ruhlu körfəz memarlığının müasir formasını əks etdirir. Binanın özü həqiqətən möhtəşəmdir, yerləşdiyi yer göydələnlərə açılan çox gözəl mənzərələri ilə mükəmməldir.Kameranızı məsciddən kənarda belə istifadə etməyə çalışdığınız zaman inəyini satıb işə girən polislərimizi xatırladan, cənub-şərqi asiyalı aqressiv mühafizəçilər üzə çıxır. Telefonla da çəkmək olmazmış. Bir sözlə yolunuz burdan keçmirsə xüsusi olaraq getməyə dəyməz.https://www.instagram.com/p/CdP7UC8AF9t/— Hamad International Airport'ta.Paylaşan: Elşən İsmayılov

225 dəfə oxunub

İsrail bələdçisi - Tel Əviv, Qüds

Tel-Əvivdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Söz verdiyim kimi sizə İsrail səfərim haqqında yazacam. Bu səfəri mart ayından planlamağa başlamışdım və biletləri də elə martda vizaya sənəd verməmişdən qabaq risk edib almışdım. Biletlərə Wizz Air-dən ümumilikdə 400 Manat sərf etdimBakı – Abu Dabi – Bakı/ 129.97 AvroAbu Dabi – Təl Əviv – Abu Dabi/ 85.35 AvroTəl- Əviv hostel 312 AZNAbu Dabidə hostel gedib qayıdanda iki günə 50 AZNİstifadə etdiyim kartlar:UCard(Restoran və Supermarketlərdə 5%)Leokart(Bilet və Hostellərdə 7% lik kateqoriya seçmişdim)Premium bank Visa Miles(Lounges-da)BirKart USD( Digər bütün ödənişlər)Note: Kartla ödəniş edəndə ekranda Dirhəm ya Dollar, Şekel və ya Dollar seçimi çıxanda həmişə yerli valyutanı seçin çünki belə olanda ödəniş Azərbaycan Mərkəzi Bankının məzənnəsinə görə hesablanacaq, olduğunuz ölkədəki konvertasiya və digər komission haqlar tutulmayacaq.Abu Dabidə 8 saatdan artıq qalacağım üçün Transit Visa for 48 hours apply edə bilərdim. Bu Vizanı səfərdən iki həftə qabaq Passport, Viza və Uçuş biletlərinin skanını yükləməklə bir saat ərzində asanlıqla almaq olur. Bu həmin vaxt Əmirliyə daxil olmaq üçün yeganə pulsuz viza idi. 8 iyuldan artıq Əmirlik üçün heç bir viza tələb olunmurAbu-Dabi haqqında qısa təsüratım: Mənə görə sırf bu şəhəri görüb-gəzmək üçün getməyə deyməz şəhərdə Şeyx Zəyid böyük məscidindən başqa görməli yerlər çox məhduddur və May ayı olduğu üçün artıq temperatur 40 dərəcəni keçmişdi və ən azından bu ayda getmək heç məsləhət deyil.Növbəti gün səhər artıq Təl-Əvivə endim. Nə az nə çox düz 5 saat sorğu-sualdan sonra border control məni ölkəyə buraxdı. Qaldığım yer booking-dən rəy və şərhlərə baxaraq reserv etmişdim. 180 Boutique Hostel düz şəhərin mərkəzində dəniz sahilində bir hosteldir. Hostel 8 nəfərlik Mix room idi və bəxtimdən orda qaldığım müddətdə otaqda 4 nəfərdən artıq adam olmadı. Hostel 6 gün 5 gecə 312 AZN ödədimİsraildə yerli yəhudilərlə yanaşı dünyanın müxtəlif yerlərindən gələn Yəhudilər də yaşayır, mənə görə əksəriyyəti çox istiqanlı və yardım-sevərdir.Təl-Əviv çox gözəl, təmiz, bahalı və inkişaf etmiş şəhərdir. Şəhər Miami Beach-i xatırladır. Şəhərdə ən çox sevdiyim cəhət bütün sahil boyu kəsintisiz gözəl pulsuz çimərliyin olmasıdır. Bundan başqa çimərliklərdə bisetkalar, kölgələmək üçün çətirlər və bəzi yerlərdə stullar tamamilə pulsuzdur.Şəhərdə hərəkət etmək çox asandır və baha deyil. Şəhərin əksər yerində velosiped və skuter sürmək üçün zollaqlar var. İctimai nəqliyyatda çox yaxşı təşkil olunub. Şəhərdə hərkət etmək üçün iki APP-dən istdifadə etdim Əgər uzunmüddətli qalacaqsanızsaRav-Kav almaq məsləhət görülür [https://play.google.com/store/apps/details?id=com.mosko.ravkav](https://play.google.com/store/apps/details?id=com.mosko.ravkav). Bununla həmçinin qatarla səyahətlərdə də ödəniş edə bilrəsiz bilərsiz.Şəhər içi əsasən Hop on App-dan istfadə etdim [https://play.google.com/store/apps/details?id=co.hopon.client](https://play.google.com/store/apps/details?id=co.hopon.client)İstifadəsi çox asandır: Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçib bank kartınızı əlavə edirsiz və ictimai nəqliyyatda QR kodu skan etməklə gediş haqqınızı ödəyirsiz.Həmiçin şəhərdə Intel-in yüzlərlə Self-Driving taksiləri var, qiyməti baha olsa da maraq üçün minməyə dəyər.Təl-Əvivdə bizim İçərişəhərə bənzəyən Jaffa adlı qala divarları olan qədim şəhər də var. Siz burda dünyaca məşhur Suspended Orange Tree(Asılmış Portağal Ağacı) və Ginesin Rekordlar kitabına düşən dünyanın ən böyük polad qaşığını görə bilərsiz.Bundan başqa şəhərdə saysız incəsənət və müasir texnalogiya muzeyləri varki bir an da olsun darıxmayacaqsız.Qiymətlərə gəlincə bildiyiniz kimi artıq neçə illərdi Təl-Əviv şəhəri dünyanın ən bahalı şəhərləri içərisində Top 3-lükdə olur. Bu doğurdan da belədir. Restoranları və gündəlik istehlak oluna yeməli nə varsa bahadır. Adicə bir şaurmanın qiyməti40-60 Şekeldir(20-30 Manat). Məni təcübləndirən digər bir şeyin Böyük supermarketlər də gündəlik istehlak olunan amma yeyilməyən məhsulların qiymətinin Bakı ilə demək olar eyni olmasıdır. Bakıda həyat səviyyəsinin Təl-Əvivlə müqayisədə dəfələrlə aşağı olmasına baxmayaraq gündəlik məhsul və xidmətlərə görə eyni xərcin çıxması Bakının da yaşamaq üçün çox bahalı şəhər olmasının göstəricisidir.Bir günümü isə tamamilə Yerusəlim/Qüdsə sərf etdim. Şəhərə qatarla 2.5 saata, avtobusla 1-1.5 saata çatmaq mümküdür. Səhər 10-da artıq şəhərdə idik və hosteldə tanış olduğum Belarusdan olan Yəhudi oğlanla tramvaya minərək şəhər mərkəzinə doğru getdik. Müqəddəs şəhəri yenicə kəşf etməyə başlamışdıq ki amerikanlar demiş “out of nowhere” 17 yaşında Ortodox Yəhudi bizə yaxınlaşdı və israr etdiki yoxe-yox mən sizə bütün şəhəri, görməli yerləri gəzdirəcəm. Çox sağolsun bizə bələdçilik etdi vaxt itirmədən bütün məşhur yerləri göstərdi. Ağlam Divarı, İsa peyğəmbərin çarmıxa asılmağa aparılarkan keçdiyi ərzailəri göstərdi. Şəhərin ərəblər yaşayan hissəsində yalnız müsəlmanların buraxıldığı əraziyə də keçdim. Girişdə duran avtomatlı əsgər məni buraxmırdı deyirdi: You’re too white, you can’t be a Muslim. Azərbaycandan olduğumu, xarici pasportumu göstərsəm də bir xeyri olmadı. Dedi: Kəlme şəadəti bilirsən? dedim hə, elə Əşədi ənna demişdim ki dedi you can pass. Həmin yerdə Məkkə və Mədinədən sonra İslamda müqəddəs sayılan üçüncü məscid və ziyarətgah The Dome of the Rock/Qaya Günbəzi(Qızıl günbəzli məscid) var. Doğurdan da vallehedici bir yerdir.Bələdçimiz bunula da kifayətlənmədi bizi Ortodox yəhudilərin şəhərdə kompakt yaşadığı yerə apardı. Bir anlıq özümü orta əsirlərdəki kimi hiss etməyə başladım. Həmin ərzaidəki yəhudilər aqressiv olmasa da bir hissəsi qatı dindardılar(Ultra-Orthodox Jews) və müsair həyat və texnologiyadan uzaq insanlardılar. Bələdçimiz dedi ki həmin adamların əksəriyyəti heç bir yerdə işləmir azı 4-5 uşaqları olur və dövlətdən aldığı yardımla dolanırlar.Beləcə İsrail macərası da belə bitdi. Yenidən səyahət etmək istəyərəmmi? - Hə. Nəyə görə? Ölü dənizi görmək və getdiyim yerləri yenidən kəşf etmək üçün.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elchin Namazaliyev

1009 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!