2143 dəfə oxunub

Əsrarəngiz heykəllər adası - Pasxa

Pasxa adasındakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Pasxa adası və ya Rapa Nui. Dünyanın insan yaşayan ən izolə olunmuş adası, ən yaxın insan yaşayan adaya 2075 km, kontinental Çiliyə isə 3000 km-dən çox məsafə var.

19242963_1744084202270267_957972521608957268_o

Bu vulkanik tipli adanı məhşur edən əlbəttə ki Moai heykəlləridi. Eramızın 700-1100-cü illərində adada məskən salmış Polineziyalılar Rano Raraku adlı vulkanın əsasında bu heykəlləri oyub sonra adanın bütün istiqamətlərinə daşımışlar. Elm aləmində hələ də bu 20-40 tonluq heykəllərin adanın müxtəlif hissələrinə necə daşınması barədə mübahisələr bitmir. Şəkillərdən göründüyü kimi hələ də bəzi heykəllər bitməmiş halda dağın ətəyində qalıb(bəziləri dağın yamacında, bəziləri dağın özülündə).

19243288_1744070425604978_591978374548136124_o

Ahu Tongariki 15 Moai-nin birlikdə yerləşdirildiyi yerdi, hər səhər günəşin çıxması zamanı burada təkrarolunmaz mənzərə yaranır. Ahu Akivi-də 7 Moai var, və adada bu okeana baxan yeganə Moai-lərdi. Adanın sahil boyu hər yerində tək Moai-lərə də rast gəlinir, ümumilikdə adada 700-dən çox moai var. Lakin adada görüləcək tək heykəllər deyil.

Palmalarla əhatələnən Anakena çimərliyi Sakit okeanın şəffaf suyu və ideal ağ qumu ilə baunti demişkən cənnət həzzi yaşadır)) Bu çimərlik həm də adaya ilk məskən salan insanların ilk gəldiyi yerdir, çünki kanoe tipli qayıqları ancaq qum üzərinə daşımaq mümkündür.

19250441_1744088302269857_8281447994999463204_o

Adada ən hündür nöqtə olan Rano Kau vulkanından isə adaya və sakit okeana və vulkan kraterinə gözəl mənzərə açılır. Ada mətbəxinin şah yeməyi məncə tuna steykidi, çox dadlıdı. Adada ictimai nəqliyyat olmadığına görə velosiped, skuter, kvadrocikl və ya maşın kirayə olunmalıdır. Adanın özünə isə yalnız iki yolla gəlmək mümkündür, gündəlik Çilinin paytaxtı Santiagodan və həftədə iki dəfə Taiti-dən həyata keçirilən uçuşlar vasitəsilə. Xərclərdən - Santiagodan gediş-gəliş 400-500 usd, adanın ümümi bir qoruq olmasına görə 80 usd giriş bileti, gündəlik otel xərcləri adambaşı 30-50 usd-dən başlayaraq. Visa da sözsüz Çili vizası.

PS. Bütün bu məsələdə məni məyus edən odur ki, Moai-lər Dünyanın yeni 7 möcüzəsi siyahısına düşə bilməyib. Bu da seçimin səsvermə yolu ilə aparılmasına görədi, 8-ci yeri tutan Pasxa adası Rio de Janeyroda yerləşən İsa məsihin heykəlinə uduzub. Hələki heç bir tarixi əhəmiyyəti olmayan 20-ci əsrin ortalarında ucaldılmış bu heykəlin (Rio de Janeyrodakı) bu siyahıda olması fikrimcə haqsızlıqdı.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Murad Novruzov

DİGƏR BLOQLAR

Türkiyənin ən möcüzəli və mənzərəli məkanı - Ölü dəniz

Fəthiyədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Ölü dəniz- Fethiye/Muğla- Bu gün sizə qonşu Türkiyənin ən möcüzəli və mənzərəli yerlərindən biri olan Ölü dəniz sahillərindən yazmaq istəyirəm. Heç şübhəniz olmasın ki, ölü dəniz sahilləri(Fethiye/Muğla) bölgəsi Türkiyənin ən gözəl dəniz sahilidir. Burada olan möhtəşəm mənzərə ölmədən öncə mütləq görülməsi lazım olan yerlərdən biridir. Bir gün avtomobillə Türkiyəyə yolunuz düşərsə və Antalyaya qədər getsəniz mütləq özünüzə əziyyət verib Antalyadan 2 saatlıq məsafədə yerləşən Ölü dəniz sahillərinə gedin, buna heç vaxt peşiman olmayacaqsınız və təbii ki, geri qayıtmaq istəməyəcəksiz. Ölü dənizə Antalya havalimanından avtomobillə 2-3 saata(200 km), İStanbuldan avtobusla 10-11 saata (814km), Dalaman havalimanından 30 dəqiqəyə gələ bilərsiniz. Ölüdəniz açıq mavi suları, sarı qumları, ətrafındakı gözəl meşələr və dağları ilə insanı heyran qoyur. Amma bu mənzərə dəniz qırağında durub izləmək üçün deyil təbii olaraq. Deməli 2000 metr hündürlükdən bütün turistlərin istifadə etdiyi tam təhlükəsiz olan yamac paraşutları vasitəsilə ölü dənizin üzərində yarım saat müddətində uçduqdan sonra insanın görüb görəcəyi ən gözəl mənzərənin şahidi olacaqsız. Əvvəlcə deyim ki, yüksəklik qorxunuz yoxdursa paraşut istifadə etməyə heç çəkinməyin. Onsuz təlimçi ilə birlikdə uçursunuz. Tam təhlükəsizdir. Rahat 2 nəfərlik oturacaq var. Sizə qalan tək 2000 metrdən cənnəti izləyərək ağzıaçıq şəkildə bu unudulmaz anları kameraya çəkmək olur. Kameraya yaxşı düşmək istəyirsinizsə mənzərəni gördükdən sonra ağzınızı qapamağı unutmayın)))). Maşınla dağın üzərinə qalxmaq və paraşutu istifadə etmək qiyməti təxminən 200 lirədir. Ama yaxşı bazarlıqla bu qiyməti 100-150 lirəyə endimək olur.Bundan başqa katerlə 12 ada turuna qatilmağı unutmayın. 20 lirədən-1000 lirəyədək kater turu edənlər var. Təxminən 150 lirə ödəyib all inclusive paketli katerlərdən istifadə edə bilərsiniz. Dəniz çox duzludur. Üzdükdən sonra ancaq su içmək istəyəcəksiniz. Və daima gunəş kremi istifadə edin yoxsa bir müddət sonra aynada özunüzü tanimarsınız. İndi isə oranın möhtəşəm şəkillərini yükləyib şərhi sizə buraxıram. Səyahət yolunuz hər zaman açıq olsun….(əlavə məlumat və yeni səyahətlər barədə paylaşımları instagramda gezgin_hayat hesabından izləyə bilərsiniz. https://www.instagram.com/gezgin_hayat/) (Mən 2011-də getdiyim zaman video çəkməmişdim amma paraşut həyəcanı necə olur görmək istəsəniz bu linkdən izləyə bilərsiniz. https://www.youtube.com/watch?v=cLYNIwqTV-M ) Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Рашид Азе

7508 dəfə oxunub

Siciliya adasına gəzəyən turu

Macarıstanda sərhədin müvəqqəti açılmasını fürsət bilib Wizziar-in Budapeşt-Kataniya reysi ilə Siciliyaya yollandıq.Qeyd edim ki, hava limanından Covid-19 əleyhinə təhlükəsizlik tədbirləri görülsə də, insanların çox hissəsi sıra və maska mədəniyyətinə riayət etsə də, təyyarədə hər 3 oturacağın dolu olması fikrimcə, əvvəlcədən görülmüş tədbirləri heç edirdi.Bizim səyahət Palermodan başlayırdı. Kataniya aeroportundan (çıxışdan sol tərəfdə) SAİS avtobusları ilə birbaşa Palermo Mərkəzi Stadionuna adambaşı 13 yevrodan bilet aldıq. Kataniyadan gələn qatarlar da var, amma aeroportdan taksi və yaxud icarəyə maşın götürüb getmirsizsə ən yaxşısı avrobusdur. 3 saat yarımdan sonra Palermo Mərkəzi stansiyasına çatdıq. Palermo şəhəri memari baxımdan Ərəb və Norman əsintilərini özündə birləşdirir. Ümumilikdə tarixi şəhərləri gəzməyi sevənlər bu şəhəri də sevəcək. Unutmadan onu deyim ki, Siciliya şəhərlərindən təmizlik, səliqə baxımından yüksək gözləntiləriniz olmasın.- Garibaldi meydanı, "Via Liberta", "Via Roma" və "Via Vittorio Emanuela" küçəsi şəhərin əsas mərkəz yerləridir. Şəhər mərkəzindəki marinada "Nautoscopio" açıq hava restoranı günbatımı üçün əla seçim ola bilər. Biz əsasən dəniz, qum və günəş üçün səyahət etdiyimizdən ilk işimiz mərkəzdən 10-12 km uzaqlıqdakı Mondello çimərliyinə yollanmaq oldu. Siciliyada ictimai nəqliyyat elə də dəqiq deyil, amma gedəcəyiniz yerlərə çatdırır. Via Romadan 101/102 + 806 avtobusları ilə ora çata bilərsiniz. İnternetdə Mondello beach yazdıqda ingilis dilində “lido” lar üçün rezervasiya bölməsi tapmadığımdan çimərlikdə çətinliklə "lejanka" və çətir tapdıq. Deməli bu çimərliklərdən 4 cür istifadə edə bilərsiniz: 1. Qaldığınız otelin xüsusi çimərlikləri ola bilər. 2. Təmiz, səliqəli “lido” lara daxil olaraq 2 "lejanka" və 1 çətirə 25 yevro pul ödəyərək3. Özünüzün çətiri və yerə salınacaq həsiri varsa, 2 nəfərə 10 yevro verərək4. Və ən son pul verməyərək çox dar, hər kəsin çox sıx olduğu qum üzərində çimərlik qaydasına uyğun məskunlaşmaqla. Hər halda hər 4 şəraitdə də eyni dənizə girəcəksiniz)))- Mondello yaxınlığında bir çox restoran var, Tripadvisorda yemək zövqünüzə uyğun baxsanız daha yaxşı olar. Biz rastgələ "Chicken out" deyilən bir məkanda əyləşdik, solmon balıqlı salat və dəniz məhsulları ilə olan pasta yedik, porsiyalar kifayət qədər böyük və dadlı idi. Meyvə, tərəvəz marketindən təzə əncir aldıq. Budapeştdə yaşayanlar burdakı ənciri bilir????- Axşam gəzintisi üçün şəhəri başdan ayağa 2-3 saat içində gəzə bilərsiniz. Massimo teatrına baş çəkməyi unutmayın. Palermoda yediyimiz və bəyəndiyimiz yeməklər: Pane con panelle, Aranchini, Pani ca Meusa, Cannoli, Brioche Gelato. Via Vittoria Emanuele küçəsindəki balaca restoranlarda tapa bilərsiniz. Digər gün, "Cefalu town"- a baş çəkdik. Qatar stansiyasından bir tərəfli 6.20 yevroya, 1 saatlıq məsafədə yerləşən bu qəsəbə İtalyanların sevimli yeridir. Biz getdiyimiz vaxt 10 km-lik çimərlikdə 2 nəfər azərbaycanlı, 3 fransız, 2 macardan başqa xarici yox idi. Burdakı çimərlikdə qiymətlər Mondellodan bir qədər baha idi, lidolarda 1 "lejanka"+1 çətir = 25 yevro, iki "lejanka"+1 çətir= 35 yevro idi. Digər seçim isə özünüzün həsiri və çətiri ilə gəlmək idi, amma yenə də rahat istirahət eləmək mümkün deyil. Lejankalar bir-birindən aralı, təmiz və səliqəli idi. Qəsəbə çox kiçik amma mənzərəsi möhtəşəmdir. 10 günlük Siciliya tətilinin ən dadlı "Cannoliso"nu burda yedim. Zövqünüzə uyğun restoran da tapa bilərsiniz, qəsəbənin ən qəşəng restoranı Molo di Cefalu idi. Turist az olsa da, qəsəbədə çoxlu italyan var idi. Aggrigento, Catania ve Taormina haqqında təssüratlarımı başqa postda bölüşəcəm. #Sicily #İtaliyatətilləriƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Xaver Alekberli

2153 dəfə oxunub

5 günlük Dubay səyahətim - Dubay Bələdçisi

Dostlar, salam. 5 günlük Dubay səyahətindən yeni qayıtmışam, istəyirəm ki təəssüratlarımı bölüşüm.1) İlk olaraq, mart ayı Dubay səyahəti üçün əla vaxtdı! Gündüz 34-36 dərəcə isti (oralar üçün çox normaldı məncə), gecələr isə əla, gəzməli hava. Ümumiyyətlə, çalışıb payız, yaz aylarında getmək məsləhətdi. Yayda ordakı havanı təsəvvür edə bilmirəm.2) Dubayda hər şey çox-çox bahadı. Olduğum heç bir yerdə bu qədər bahalıq görməmişəm. Orta büdcə ilə gedirsizsə (orta dediyim də 1000-1500 filan) xərclərinizə diqqət edin mütləq. Getdiyim elə ilk gün taksi + yemək sifarişinə 100+ manat xərclədikdən sonra başa düşdüm ki, burada restoranda nahar etmək mənə qismət olmayacaq3) Otel seçimində metroya yaxın olmasına fikir verin. Əks halda pullarınızı elə taksiyə tökəcəksiniz. Yeraltı metro ümumiyyətlə yoxdu, hamısı yerüstüdü. İstifadəsi də rahatdı. Havalandırması yaxşıdı, stansiyalar təmizdi. Amma... bir əmma var. Hər yerdə metronun gecə 12-dək işləməsi yazılsa da, 12nin yarısı artıq metroya buraxmırlar (Bakıdan fərqli olaraq). Ona görə də gecə metro ilə qayıdacaqsızsa, çalışın axşam 11-ə qədər stansiyaya ozunuzu çatdırın, yoxsa içəri buraxmayacaqlar (cümə günləri gecə 1dək işləyir bu arada).4) Qız-qıza səyahət edəcəksinizsə yerli əhalinin "yeyici" baxışlarına hazır olun. Amma bir şey yaxşıdı ki metroda qadın və uşaqlar üçün ayrıca kabinler var, orada rahat ola biləcəksiniz (ümumi vaqonlardan fərqli olaraq). Ümumilikdə isə şəhərdə həddindən artıq hindistanlı var, hətta müəyyən səmtlərdə özünüzü əsl Mumbayda hiss edəcəksiniz. 5) Demək olar ki hər yerdə kartla ödəniş keçərlidi, ona görə də çox nağd pul götürməyinizə ehtiyac yoxdu. Gediş-gəliş biletini Abu-Dabidən alanlar üçün isə ayrıca deyim ki, Dubaydan Abu-Dabi hava limanına gedəndə də avtobus biletini kartla ödəyə bilərsiz. YouTube videolarında orda ancaq nağd ödəniş olduğunu görmüşdüm amma elə deyilmiş. Ona görə də o vurhavurda pulunuzu dəyişməyin.6) Xidmət sektoru xoşuma gəldi ümumən, qaldığım otel 3 ulduzlu idi amma indiyədək qaldığım ən ən ən gözəl otel olduğunu rahatlıqla deyə bilərəm. İşçilər də kifayət qədər mədəni idi və hər şeydə köməklik göstərirdilər. 7) Gedəndə Abu-Dabi aeroportunda sim karta 50 manat pul xərclədim (10 gb üçün), halbuki cəmi 2 günə bitdi anormal şəkildə. Ondan sonra e-sim aldım və rahat istifadə etdim. Ona görə də məndən məsləhət aeroportdan sim kart almaqdansa e-sim daha çox sərfəli olacaq sizin üçün. Atlantis Aquaventure Waterpark'a mütləq gedin! Bilirəm, Dubayda ediləcəklər siyahısı aşağı-yuxarı hamıda eyni olur: Bürc el Xəlifə'ni görmək, fontana baxmaq, nə bilim Dubay Mall-da gəzmək, ucuz iPhone, ətir zad. Bəllidi. Amma əsl əyləncəni dadmaq istəyirsizsə gedin Atlantisə. Adambaşı 170 manat pulunuz çıxacaq amma səhərdən axşama qədər dünyanın ən böyük aquaparkında doyunca əylənəcəksiz. Safariyə zada verəcəyiniz pula ora gedin. 9) Safariylə ya mənimki tutmadı, ya da həqiqətən çox overrated activitydi. Üstündə mənə pul da versələr bir də getmərəm. Bilmirem təşkilatçılıqdan da çox şey asılıdı ya yox amma küləkli havada qum yeyə-yeyə səhrada activity etmək heç o deyil. Dəvəyə minmək hə, maraqlı təcrübədi amma sun boarding, nə bilim dune bashing filan. Qəti. Getməzdən qabaq yaxşı fikirləşin.10) Çimərliyə isə Kite Beach'ə getdim. Public olsa da kifayət qədər təmiz və səliqəli çimərlik idi. Xoşuma gəldi şəxsən.Paylaşan Akbar Akbarov

224 dəfə oxunub

Tarixi qalalar şəhəri - Sintra

Bu il Avropa turumun 2 həftəsini sərf etdiyim Portuqaliyanın hər qarış torpağında bizi həyəcanlandıracaq yeni yerlərlə qarşılaşdırdıq. Lisbonda keçirdiyimiz 3 gündən sonra yaxınlıqda yerləşən Sintraya getmək qərarına gəldik.Uzun illər əvvəl tarix kitablarında gördüyüm məşhur quyunun Sintrada olduğunu öyrəndikdə oraya getməyə daha da can atdıq. Lisbondan Sintraya hər yarım saatda bir qatar gedir, Gediş-dönüş səhv etmirəmsə 6 avro idi. 15 avro ödədikdə isə 1 günlük Lisbon-Sintra-Roca burnu-Cascais-Lisbon qatarlarını və həmin şəhərlərdə olan ictimai nəqliyyatı pulsuz istifadə edə bilərsiz. Sintraya çatıb qatardan düşdükdə möhtəşəm təbiət və tərtəmiz hava ilə qarşılaşdıq. Mən 1 gün Sintrada qalıb 3 əsas yerə: Pena Sarayı, Los Mouros qalası və Quntia da Regaleriaya getdim. Əgər Sintrada qalmayacaqsızsa orada olan avtobuslardan istifadə edib bütün bu ünvanlara tezliklə çata bilərsiz, avtobus xəritəsini şəkillərdə əlavə edəcəm.- Pena sarayı - Sintranın ən uca təpəsində qurulmuş rəngarəng və möhtəşəm bir qaladır. Qatar stansiyasından 434 nömrəli avtobusa minib buraya gələ bilərsiz. Bileti elə qatar stansiyasından alın çünki Sarayın qabağında növbə çox olur. Bilet qiyməti saray+park 14 avrodur. Tək park hissəsi 7 avrodur. Saraya çatanda insan özünü Disneylandda hiss edir. Sonuncu avtobusdan düşdükdən sonra meşənin içi ilə təxminən 15 dəqiqə yuxarı qalxmaq lazımdır. Qalanınn girişinnə çatdıqda uzun növbə görəcəksiz. Bu növbəni gözləməyə ehtiyac yoxdur, çünki növbə binanın içinə girənlər üçündür. İçəridə isə maraqlı heç nə yoxdur. Əsas maraqlı hissə elə qalanın içərisidir ki, oraya getmək üçün növbə gözləməyə ehtiyac yoxdur. Pena Sarayını gəzib qaladan çıxdıqdan sonra mütləq park ərazisini tam gəzin. Çünki burada möhtəşəm meşələr, göllər, şəlalələr vardır. İnsan saatlarla oturub gözləmək istəyir.- Moor qalası - Pena sarayı ilə üzbəüz təpədəki qədim qaladır. Ərəblərin qarşısını almaq üçün tikilib. Qalaya çıxdıqda möhtəşəm mənzərələrlə qarşılaşacaqsız. Əsl şəkil çəkiləsi yerlərdən biridir. Arxa fonda Pena sarayı çox gözəl görünür.- Quinta de Regaleria - Giriş qiyməti 5 avrodur, girişdə xəritə verirlər onu götürüb orada qeyd olunan bütün yerlərə mütləq gedin. Uzun illər əvvəl Yeni dünya tarixində gördüyüm və bir gün mütləq görmək istədiyim məhşur quyudan tutmuş, yeraltı mağaralar və labirintlər, hovuz və fontanlar və möhtəşəm təbiət. Ən az 3-4 saat buraya ayırmaq lazımdır. Gəzib qurtardıqdan sonra qatar stansiyasına mütləq piyada gedin və qəsəbənin gözəlliyindən zövq alın.Mənim üçün Sintra bu günədək gəzdiyim yerlər arasında rahat ilk 5-likdə özünə yer tapır.Sintra qatar stansiyasının yanında 403 nömrəli avtobusa minib qərbdə ən ucqar nöqtə olan Roka burnuna 40 dəqiqəyə çata bilərsiz.Rokadan sonra Cascais qəsəbəsinə də mütləq gedin. Çimərlikləri və qəsəbənin özü çox gözəldir. Cascaisdən birbaşa Lisbona qatar gedir. Ən sonda elə burdan qayıda bilərsiz.Yol açıq, yola çıx)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

1733 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!