1847 dəfə oxunub

Dünyaya ən çox nağıl danışan ölkə - Danimarka bələdçisi

Kopenhagendəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Niyə nağıl?) Çünki İsveçlərin Astrid Lindqreni varsa, danimarkalıların da Hans Christian Andersen-i var.
Uşaqlıqdan mənə sevgini, mərhəməti, insanlığı nağılları ilə öyrədən yazıçının vətənini görmək möhtəşəm hissdir. Soyuq və gözəl Kopenhagendə və yaxın kiçik şəhərciyi Roskildedə gəzən zaman Andersenin haradan ilham aldığını da anlamış oldum.
İsveçdə Lagom, Danimarkada Hygge.
Dünyanın ən xoşbəxt insanlarının yaşadığı bir ölkə daha. Onların fikrincə, bu xoşbəxtliyin sirri bir sözdə gizlənir: HYGGE. Əslində, nə qədər izah edilsə də, xoşbəxtlik ancaq hiss edilə bilər. Məsələn: sevdiyiniz insanla divanda qucaqlaşmağın verdiyi rahatlığı, dostlarınızla gözəl yemək yeməyin sevincini, günəşli bir gündə pəncərədən süzülən işığın yaydığı sevinci necə təsvir edərdiniz?
Danimarkalılar belə anları hygge sözü ilə təsvir edirlər. Tək bir qarşılığı olmayan və başqa dillərə tam tərcüməsi mümkün olmayan hygge'ni izah etmək üçün rahatlıq, hüzur, səmimiyyət, birlik kimi bir çox fərqli söz təklif edilə bilər, lakin bunların heç biri tək başına kafi olmayacaq.
Amma bunu daha yaxşı anlamağımız üçün Meik Wiking “Hygge” adında bir kitab da yazıb(Əli və Ninoda var).
Jante Qanunu və Sosial Ədalət.
Danimarka cəmiyyətinin unikal cəhətlərindən biri də Jante Qanunudur. Burada sosial ədalətə can ataraq, cəmiyyətin və fərdin maraqlarının tarazlanması vacibdir. Bu, cəmiyyətdə harmoniya üçün zəmin yaradır və Danimarka mədəniyyətinin ayrılmaz hissəsinə çevrilmiş ədalət prinsiplərini formalaşdırır.
Jante Qanununu isə Norveç-Danimarka yazıçısı Aksel Sandemozun 1933-cü ildə çap olunan “A Fugitive Crosses His Tracks” adlı kitabında ilk dəfə maddələr halında izahını tapır.
Danimarkanın yaradıcılıq və təxəyyül simvolu olan LEGO-nun meydana çıxması ilə dünya mədəniyyətinə verdiyi töhfəni də unutmayıb şəhərlərini incələməyə keçim.
Kopenhagen.
-Qışda gəldiyim üçün ən soyuq şəhərlərdən də olsa, yenə də rəngarəngdir. Avropanın müxtəlif şəhərlərində gördüyüm o rəngli evlərin əsli hər zaman burda idi sanki- Nyhavn küçəsində.
-100 ildən artıqdır ki, ölkənin simvolu “Su pərisi” heykəli sayılır.
Andersenin eyni adlı nağılın tamaşasını izləyən
Karl Yakobsen obraza aşiq olur.
Həm nağıl, həm də balet o qədər valeh edir ki onu, su pərisinin heykəlini yaratmağı heykəltaraş Edvard Eriksena tapşırır. Heykəl üçün modellik etməyə də heykəltaraşın yoldaşı razı olur.
-Ən məhşur qalaları Kronborg va Rosenborg qalalarıdır ki, sonuncuda Danimarkanın 500 ildən çox hakimiyyətdə olan dat krallarına aid məlumatlar və portretlər var.
-Şəhərin içində “Christiania” adında Free town olduğunu bilirdiz? Mənə Vilniusdaki “Ujupis” Respublikasını xatırlatdı biraz. Amma Ujupis biraz “sadəlövh” qaldı bunun yanında.
Deməli Kristianiya müstəqil fəaliyyət göstərən rəngarəng bir cəmiyyətdir. Şəhərin öz qanunları, öz bayrağı və öz həyat tərzi var.
Christiania sadəcə bir şəhər deyil hətta; hippi stilində yaşayan üzvlərinin özünəməxsus yaşam tərzi var. 70-ci illərin əvvəllərində yaradılmış bu alternativ icma,1000 üzvü/əhalisi olan muxtar, uyğunlaşa bilən icmaya çevrilib. Bu üzvlərin hamısı ədalət, bərabərlik, vergilərin olmaması və Danimarka hökumətindən tamamilə asılı olmayan öz qanunlarına malik olan müəyyən prinsiplər toplusu ilə yaşamaq istəyir.
Şəhər daxilindəki bu “azad şəhər/ölkə” (bir növ Vatikan kimi) canlı, əyləncəli və mübahisəli ərazidir və torpaqla bağlı iddiasını təmin etmək və azad kimi tanınmaq üçün yerli hökumətlə biraz “danışıq” aparır.
Ölkənin qanunlarından savayı, şəhərin öz qanunları da mövcuddur.
Məsələn: sıfır zorakılıq, yerli transport sadəcə velosipeddir, qaçmaq olmaz (qaçırsınızsa, qaçdığınız bir şey var deməkdir, amma bu şəhərin qanunlarına ziddir) və ən vacibi şəkil çəkmək bəzi yerlərdə qadağandır (amma mən çəkdim).
Polislə yaşanan ən böyük problemlər də bəzi qadağan olunmuş preparatların satışına görədir, elə eyni səbəbdən də, şəhərin bəzi “güşələrində” şəkil çəkmək qadağandır.
-Tivoli parki dünyaya ən məhşur olan əyləncə parklarından biridir. Hətta bəzi mənbələrə görə V. Disney buranı ziyarət edəndən sonra, ilhamlanaraq ABŞ-a qayıdıb və eynisini yaratmaq qərarına gəlib.
Roskilde.
Roskilde Kopenhagendən sadəcə yarım saat məsafədə yerləşən bir şəhərdir. Tipik Danimarka şəhəridir, daha çox yerli insan görə biləcəyiniz şəhərlərdəndir.
1443-cü ilə kimi Danimarkanın paytaxtı olub.
Roskilde-nin əsas görməli yerləri, Vikinq Gəmi Muzeyi və Katedralıdır. Düşünürəm ki, gəzintiyə sonuncu ilə başlamağa dəyər.
Çox insan katedralı bütün Danimarkanın ən əzəmətli və gözəl məbədi adlandırır, YUNESKO isə Roskilde Katedralini (Domkirke) “bəşəriyyətin mirası” nişanı ilə öz himayəsi altına götürüb. Katedral o qədər restavrasiya olunub və yeni əlavələrə məruz qalıb ki, bugün, son 800 il ərzində Danimarka memarlığının canlı tarixi kimi göstərilə bilər.
Katedralın içindəki Kral məqbərəsində 37 Danimarka kralı və kraliçasının qəbirləri var. Bir zamanlar nüfuzlu bir çox tarixi şəxsiyyətin qalıqlarına baxmaq bəlkə də xoşagəlməz səslənir, lakin ziyarət etməyə dəyər.
Vikinq pərəstişkarları Roskilde fjordunun dibindən qaldırılmış beş həqiqi gəmini görə biləcəyi heyrətamiz Vikinq Gəmi Muzeyindən çox zövq alacaqlar.
Muzey iki zaldan ibarətdir - qayıqların yerləşdiyi Vikinq Gəmi Zalı və hələ də arxeoloji qazıntıların aparıldığı Museumsø. Mənə deyilənə görə, İngilis dilində pulsuz bələdçili turlar iyul və avqust aylarında hər gün saat 12:00 və 15:00-da, may, iyun və sentyabr aylarında isə həftə sonları günorta saatlarında həyata keçirilir. Təəssüf ki, yanvar ayında ziyarət edən mən, heç birindən yararlana bilmədim.
Ən maraqlısı da odur ki, bu gün Vikinq Gəmi Muzeyi sayəsində həmin gəmilərin dəqiq nüsxələri yaxınlıqdakı gəmiqayırma zavodunda tikilir. Eyni zamanda, gəmi üçün istifadə olunan materiallarnan yanaşı, orta əsr alətlərindən istifadə edilir ki, tikinti texnologiyası da dəqiqliklə təkrarlanır. İşin nəticəsi o qədər uğurludur ki, inşa edilən beş gəmi müxtəlif istiqamətlərə, o cümlədən İrlandiyaya turistik səfərlər üçün istifadə olunur.
Qiymətlər:
Mənə birmənalı şəkildə İsveçdən daha baha görsəndi.
Qidalanma:
Belə ki, şəhər mərkəzindəki bir restoranda bir salat 45-50 AZN, pizza demək olar ki eyni qiymət, ana yeməklərin hər biri 70-75 AZN, desert isə 30-35 AZN başa gələcək. Yəni ortalama bir restoranda bir günorta və ya axşam yeməyi isə 200-250 AZN-ə başa gələcək (təbii şirələr, çay və bəhşiş də daxil).
Otellər:
Bunu hər zaman demək çətindir çünki seçəcəyiniz kateqoriyadan asılıdır, amma düşünürəm ki mərkəzdə normal otelin qiyməti elə 200 AZN gecəsinə başlayır. Təbii ki, hostel və evlər daha ucuzdur.
Muzeylər:
Ən ucuzları 18-20 AZNdən başlayır və 35-40 AZN nə kimi müxtəlif qiymətlərə var.
Roskilde Katedral - 18 AZN
Viking Ship Museum - 31/40 AZN (mövsümdən asılı olaraq)
Rosenburg Sarayı - 35 AZN (yayda biraz baha)
Əgər qrupa qoşulub bələdçini dinləmək istəsəz əlavə 8 AZN.
Transport:
Taksi 10 km yola 62-75 AZN
Avtobus bir gediş 8 AZN
Ən yaxın şəhərlərdən sayılan Roskilde şəhərinə qatar bileti - 18 AZN
Nəticə olaraq, Danimarka sadəcə bir ölkə deyil, “hygge”, Jante qanunu və Andersen irsinin unikal atmosfer yaratdığı gözəl bir dünyadır. Bu ölkəyə səyahət etmək Danimarkanı həqiqətən unikal və gözəl edən rahatlığı, harmoniyanı, və gözəlliyi dadmaqdır.
Daha çox kontent üçün instagram səhifəmi də izləyə bilərsiz.
https://www.instagram.com/uls_valley
Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

PaylaşdıUlkar Gurbanova

DİGƏR BLOQLAR

Əsrarəngiz Bali

Balidəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu səyahətə biz xüsusi hazırlaşmışdıq çünki ikimizin də Uzaq Şərqə ilk səyahəti idi. Çoxlu blog yazıları və İndoneziya (Bali) haqqında məqalələr oxumuşduq  Gəzəcəyimiz yerlərin uzun bir siyahısını hazırlayıb getdik Baliyə.Bali İndoneziyada yerləşən minlərlə adadan biridir. Biz 7 gün qaldıq. Əgər getməyi planlayırsınızsa siz də ən az 7 gün düşünün. Çünki ada o qədər zəngin və rəngarəngdi ki, o qədər uzaq məsafəni heyfslənərək qayıtmaq yaxşı olmaz Adada necə ki yerli əhalidən çox turist var, eləcə də maşından çox motosiklet görəcəksiz. Yollar çox ensiz olduğundan millimetr məsafəylə ötüşür maşınlar və ya motosikletlər bir-birinin yanından. Əgər motor istifadə etməyi bacarırsınızsa onu kirayə götürün, yox maşın düşünürsünüzsə yaxşı olar ki günlük sürücü (təxminən 10 saat sizi istədiyiniz yerə aparır) danışasınız. Sükan sağdadır və hərəkət soltərəfli olduğundan çaşdırıcı ola bilər. Sürücünün etibarlı olması da əsas məsələdir çünki bel çantası belə olsa hər yerə daşımaq istidə yorucu olur. Bizim sürücü Gusti o gəzintinin ən gözəl, şirin, unutmayacağımız parçası oldu Harda və necə qalmaq məsələsinə gəldikdə isə o sizin necə bir yer istəməyinizlə bağlıdı. Tamamən təbiətlə iç-içə mi, yoxsa bir az Avropa şəhərlərini andıran hərəkətli yerlər mi (Kuta, Hard Rock cafenin-inanılmaz zövq aldıq- yerləşdiyi bölgə. 1 günlük gedib gəzmək olar amma tətili orda keçirmək Baliye haqsızlıq olar  ) və ya okean və ya dənizə yaxın yer (daha çox sörfçülerin tərcih elədiyi yerdi. Ora da 2 gün ayırdıq, okeanın altına endik, paraşut və dəniz sahili) olması mı. Biz Ubudda qaldıq. Ubud mərkəzdə olan bir yerdi və gedəcəyimiz yerlərə daha rahat gedə bilərdik. Və dediyim o təbiətlə iç-içə olan yerdi. Bali ümumiyyətlə elə bir yerdir ki hər addımda yabanı təbiət sizi heyrətləndirir. Luks, göstərişli, insan əli ilə düzəlmiş məkanlara çox rast gəlməyəcəksiz. Eyni zamanda böyük otelde qalmağın da mənası yoxdu Balidə. Palma ağaclarının əhatəsində olan, özəl hovuzlu villa tipli qonaqlama yerləri əsl Bali abu-havasındadır.Meymun meşəsi, Düyü tarlaları (UNESCO'nun qoruması altındadır) və yüzlərlə ibadət yerləri. Bu ibadət yerlərinin (daxil olarkən hamı qursaqdan aşağı bağlanmalıdır) bəziləri min illərdir var. Bali adasının sakinlərinin əksəriyyəti hindu dininə sitayiş edir və dinlərinə çox sadiqdirlər. Hər bir evin girişində 2 qorxulu üzlü heykəl var. Bunlar qardiyanlardır və evi şər qüvvələrdən qoruyurlar. Bu arada, hansı evin varlı, kasıb olması da bu gardiyan heykəllərdən bilinir. Varlılar vulkan daşlarından düzəltdirir heykəllərini. Gündə bir neçə dəfə kiçik qablarda yeməklər qoyurlar hər küncə ki digər canlılarda da qidalansın və beləliklə tanrılarına təşəkkür edilər indoneziyalılar.Bizə ən çox təsir edən mənzərələrdən biri də Kimtamani ərazisində yerləşən Batur vulkanı oldu. Baliyə gedərkən təyyarə o vulkanın üstündən keçir. Olduqca vahiməli görüntüsü var))Və əsla etmədən dönməməli olduğunuz şey Bali masajıdı əlbəttə) "yenidən doğuldum" dedizdirir adama.Orda qaldığımız müddətdə azərbaycanlıyla heç rastlaşmadıq. Daha çox rusları gördük (orda balayına Baliye gəlmək çox meşhurmuş), 3-4 çift türkiyəli ilə rastlaşdıq. Turistlərin əksəriyyətini avstraliyalılar (daha çox sörf üçün gəlirlər) , amerikalılar və çinlilər təşkil edir. Bali yazmaqla bitməz) Faydalı olacağını düşünürəm postun. Hər kəsə mənalı, unudulmaz tətillər arzulayıram Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nigar Talibzade

1357 dəfə oxunub

Vyetnam Cənnət Mağarası - Vyetnam bələdçisi

Vyetnamın Cənnət Mağarası (Thiên Đường Mağarası) ölkənin ən möhtəşəm və məşhur mağaralarından biridir. Bu mağara Phong Nha-Kẻ Bàng Milli Parkında, Quảng Bình əyalətində yerləşir. 2005-ci ildə britaniyalı speleoloqlar (mağara tədqiqatçıları) tərəfindən kəşf edilmiş və sonradan dünyanın ən uzun quru mağaralarından biri olduğu müəyyən olunmuşdur.Cənnət Mağarasının Xüsusiyyətləri:Uzunluğu: Təxminən 31 km uzunluğundadır və Vyetnamdakı ən uzun quru mağaralardan biridir.Hündürlüyü: İçərisində bəzi yerlərdə 100 metrə qədər yüksəklik və 150 metr en var.Möhtəşəm stalaktit və stalagmitlər: Mağaranın içi müxtəlif formalı və rəngli mineral birləşmələrlə zəngindir. Bu formalar elə gözəldir ki, mağara "Cənnət" adını qazanmışdır.Turistlər üçün açıq hissə: Ziyarətçilər 1 km-lik taxta yol üzərində gəzərək bu möhtəşəm mənzərəni izləyə bilirlər. Daha dərin hissələri isə yalnız peşəkar tədqiqatçılar üçün açıqdır.Necə Getmək Olar?Cənnət Mağarası Dong Hoi şəhərindən təxminən 70 km uzaqlıqda yerləşir.Ən yaxın hava limanı Dong Hoi Hava Limanıdır.Mağaraya giriş üçün bilet alıb, ya ayaqla, ya da elektrik maşınları ilə qısa bir yol keçmək lazımdır.Niyə Getməlisiniz?Dünyanın ən gözəl mağaralarından biridir.Təbiətin nadir möcüzələrini kəşf etmək imkanı yaradır.Phong Nha-Kẻ Bàng Milli Parkını da gəzmək üçün gözəl fürsətdir.Paylaşan Iftixar Rasulov

334 dəfə oxunub

İspaniyadan Azərbaycana 12 gün - İspaniya

#madridtoshaganBir gün qərar verdik ki, Madriddən Bakıya avtotur edək. Və yollarda da minimum pul xərcləyək. Bu məqsədlə hazırlıq gördük, çadır, içərisinə yorğan və odeyallar, termos, balaca manqal, birdəfəlik boşqab, qaşıqlar, balaca qazança aldıq. Və iyunun 30-da səhər yola düzəldik. İspaniya yol sistemi həyatımda gördüyüm (mən isə az görməmişəm) ən mükəmməl sistemlərdən biridir. İstər quruluşu, istər infrastrukturu, istər sırf sürücünün rahatlığına hesablanmış xidmət sahələri. Həm pullu, həm pulsuz. Bu barədə az sonra.Əvvəlcə qeyd edim ki, İspaniyada yolların 90 faizi pulsuzdur. Yəni əsas magistralların. Pullu yollara alternativlər isə o qədər mükəmməldir ki, mən təəccüb edirəm. Saatda 120 km ilə sürmək olar. Ondan yuxarı qadağandır. Yollarda hər 3-4 km-dən bir ya pullu (kafelər, yeməkxanalar, balaca barlar), ya da sırf dincəlməyə hesablanmış və pulsuz olan P nöqtələri var. Onlarda da stol və stul, su, tualet və bəzilərində duş kabinələri var. İdeal təmizlik də öz yerində. Yollarda çox nadir hallarda polis görərsiniz. Əgər ciddi hadisə olmayıbsa heç siz tərəfə baxan da olmayacaq. Ümumilikdə isə İspaniya qanunlarına görə, cəzaya səbəb olacaq hallar bunlardır: uşaqların avtokreslosuz və əmniyyət kəməri bağlamadan getməsi, arxada 3 nəfərdən artıq sərnişinin olması və içkili avtomobil idarə etmək. Qalan bütün məsələlər üçün isə kamera və radarlar var. Vəssalam. Yolboyu polis məntəqələri isə heç yoxdur. Mən bu 5 ildə bircə dəfə yol polisi ilə hansısa kontaktda olmuşam. Onda da yolda dəhşətli yağış yağırdı, onların Guardia Civil deyilən xüsusi qüvvələrinin avtomobilləri gəlib sürücülərə yolu getməkdə kömək etdilər. Hesab edin ki, qarşıda bir polis maşını gedir, arxasınca da bir nə qədər yol maşını. Bu xüsusi qayğı həqiqətən insana güvən verir.Yol kafeləri ayrı aləmdir. Məhz İspaniyada siz yol kafelərində əsl həyatı görürsünüz. Böyük dincəlmə obyektlərindən fərqli olaraq (yanacaqdoldurma, kafe və market) balaca kafelər tam başqadır. Düşünün, bir Pedronun kafesidir,orada həmişə Pedro və oğulları daimi və mənim kimi ixtiyari müştərilərə kofe və qəlyənaltılar təklif edir. Tələsmədən, xüsusi başına fırlanmadan, amma sanki səni illərlə tanıyırmış kimi. Oturub kofeni qurtumladıqca Pedronun daimi müştərilərlə söhbətini dinləyirsən, onlar isə sanki hər şeyi bilir. Özünü bir anlıq ispan hesab edirsən, o mübahisələrə qoşulmaq istəyirsən. İspanlar isə mübahisə etməyi sevir. Həm də bunu ucadan, həvəslə və eyni anda danışaraq edirlər.İspaniya əsasən quru ölkədir. Yəni, Almaniyadakı yaşıllığı burada ancaq şimalda görəcəksiniz. Amma o steplərdə belə yaradılmış şərait insanı valeh edir. Bilirsiniz nədən qaynaqlanır? İspanların həddən artıq rahat olmalarından, özlərinə və ətrafdakılara göstərdikləri səbr və hörmətdən.İspaniyada bəlkə ispan olmayacaqsınız. Amma yaşayıb onların qaydalarına uyduqca onlarda biri olacaqsınız. Sizi sevəcəklər, nə olur olsun təbəssümlə qarşılayacaqlar. Bu ölkənin hər şəhərində fərqli İspaniya görəcəksiniz. Ən sevimli andaluslar, mehriban madridlilər, özündənrazı katalanlar, ispanları sevməyən basklar... Amma ortaq bir cəhətləri var, onlar özlərini sevir və hörmət edirlər. Qarşıdakından da bunu gördükcə eyni münasibəti göstərirlər.İspaniya nağıldır. O heç adi Avropa deyil. O səni hər dəfə başqa dünyaya aparan nağıldır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Vento Favoravel

1113 dəfə oxunub

Fəthiyədə "öz əlin, öz başın"

Fəthiyədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Hər vaxtınız xeyir. 12-19 iyul Fəthiyə səfəri haqqında faydalı hesab etdiyim məqamları bölüşmək istəyirəm. Getməmişdən əvvəl qrupdakı məlumatlar kömək oldu deyə bizdə paylaşmaq istədik. Ümid edirəm faydalı olacaq. Yazı uzun olacaq biraz həvəsi olanlar oxuyar Əvvəlcə qeyd edim ki, hər şeyi özümüz etdik biletlər, ev, şəhərlər arası , bir sözlə "öz əlimiz öz başımız" oldu.Açığı İlk xarici səfərimiz olduğu üçün biraz qərarsız idim ama tur paketlərin qiymətini gördükdən sonra fikrim dəqiqləşdi. Biraz təcrübəniz varsa Özünüz planlaşdırıb çox rahat 40-50% daha ucuza gətirə bilərsiniz səyahətinizi. Gedərkən 2000tl nağd pul götürdük. Kifayət elədi artığda qaldı. Qalan pulu kartda saxladıq, manat olaraq. Demək olar ki, bizim kartlar ( Unibank, Kapital Bank ) hər yerdə keçərlidi. Bütün Nəqliyyatlarda temassız ödəniş keçir bir izbandan (İzmir) başqa ona kart almaq lazımdı. Bakı-İzmir-Bakı. İki nəfər + 40kg bagaj + bilet sığorta ümumi 934 manat. Hər ehtimala qarşı 14$ artıq ödəyib sığorta etdik. Biletləri aprel ayından almışdıq. Bir başa Bakı-Dalaman reysi ilə arasında 400+ manat qiymət fərqi var idi. Biz 2 gündə İzmirdə qalacağımız üçün bizim üçün Bakı İzmir daha sərfəli oldu.İzmir havalimanından İzmir otogara 204 nömrəli marşrut + Bələdiyyənin Havaş avtobusları gedir.Biz Havaşla getdik adam başı 57 tl idi. İzmir dən Fəthiyəyə 5 saatlıq yoldu ortalama qiymət 450-500 TL'dir. Daha ucuz şirkətlər də vardı ama xidmət aşağı idi. Qiymət baha olsa da həm avtobus çox rahat idi həmdə xidmət çox yüksək idi - tv, wifi, filmlər, musiqi, 1 - 1.5 saatdan bir servis edilirdi. Çay, kofe sərin içkilər atıştırmalıklar, bir sözlə 5 saatlıq yolda yorulmursuz.Biletləri oBilet dən aldıq. Biz Airbnb dən ev kirayə tutduq. Ev bizim üçün oteldən daha rahat gəlirdi. Elədə oldu. Ev Həm mərkəzə həm sahilə yaxın adresdə yerləşirdi. Razı qaldıq. Maraqlanan olsa link ataram rəyə. Ümumi 5 gün üçün 490 manat ödədik. Fəthiyəyə getmişkən aktivite turlarına qatılmadan dönmək? nəbilim vallah Biz 3 tura qatıldıq:Tekne turu - nahar daxil adam başına 750tl - 10'dan 6'ya kimi. Ölüdenizin əksər koylarını dolaşır. Üzmək və gəzmək üçün 30-60 dəqiqə vaxtınız olur. Tüplü Dalış - nahar daxil adam başına 1100 + 400tlçəkiliş (istəyə görə). biz tekne turunu ölüdenizdə getdik deyə dalışı Fəthiyədə etdik. Tekne turunu ölüdenizdə etsəz daha məsləhətdiTurlara özünüzlə su və atıştırmalık götürün. Adi suyu tekne də 8 dəfə bahasına verirlər, vijdansızlarYamaç paraşütü - adam başına 3000 tl, çəkiliş daxil. Babadağdan 2200 m-dən aşağı atılırsan amma külək səni 3000 m qədər qaldırır bütün ölüdeniz gözəlliyi ilə "ayaqlarının altında". Paraşüt mənim üçün "ölmədən etməli olduqlarım" siyahısında idi və buna deyərdi. MəsləhətdiYamaç Paraşütünü səhər saatlarına salın, həm hava sərin olur, Pilotlar yorğun olmur, sıxlığ az olur. Turları 2 ay əvvəldən Deep Blue Travel TR dan almışdıq. Razı qaldıq. Erkən rezervasya ilə bir qədər də ucuz etmək olar. Turların hər birinə bir gün ayıra bilərsiniz. Zatən o saatlarda istidən başqa bir şey etmək mümkün olmur . Fəthiyənin şəhər daxili nəqliyyatı - çox yaxşıdı. Düzdü biraz qarışığdı amma baş açmaq olur. Əsas Lazım olan hər tərəfə çatdırır sizi Bir nəfər 12tlÖlüdenizə 5 dəqiqə aralıqla dolmuşlar qalxır. 1 adam 52 tlFəthiyə Otogardan Muğlanın bütün ilçelerinə dolmuşlar gedir. İmkan daxilində gəzmək üçün maşın icarə götürmək daha məsləhətdi həm istiyə görə həmdə vaxt itirməmək üçün. Taksidə seçim ola bilər ama çox baha başa gələcək. Taksilərdə "indi-bindi" 40 tl'di. Gediş Qiymətini siz düşününGecə Fəthiyəni piyada mütləq gəzin çox gözəl, sakit, təmiz şəhərdi. Üzmək üçün ən gözəl sahil Ölüdeniz Lagoon oldu bizə görə. Bir çətir 2 şezlong 400 tlsaat 6 dan sonra sahildə istənilən plaja pulsuz keçə bilərsiniz. + ücretsiz plajlarda var gəl ki istidən ilk gördüyün plaja qaçırsan Fəthiyədə Hava çooox isti keçir, ən azından Tovuzdan gedən biriləri üçün Bakını deyə bilmərəm . Minimum 40+ isti olur. Ona görə başqa koylara getmədik, tarixi yerlər, digər plajlar var gəzmək üçün amma isti imkan vermir. İki nəfər üçün Xalq sığortadan səyahət sığortası aldıq - 6.5 manat. 5000 manata qədər. Burdan sonrası 2 günlük İzmir dönüşü. Eyni marşrutla İzmirə qayıtdık. Burda da 2 günlük ev kirayələdik. 2 gecə üçün 120 manatRazı qaldıq. Ev sahibi çox mehriban insan idi. Bildiyiniz İzmirdə bələdçi oldu bizə sağ olsun. Açığı Fəthiyənin aktiviteleri olmasa tətili İzmirdə də keçirmək olar. Şəhəri çox bəyəndik. Gecələr bütün şəhər xalqı demək olar ki, sahildə olur, piknik, idman, əyləncə, kim nə istəyir. Çox gözəl görsənir. İzmirin şəhər daxili nəqliyyat çox rəngarəngdi. Avtobus, Tramvay, vapur, metro, izban şəhərin hər tərəfinə marşurut işləyir. Getmişkən hamısına baş çəkin. Ümid edirəm faydalı olacaq. Kimin əlavə nə sualı olsa yazsın Gəzin dolaşın, bizə qalan yaşadıqlarımız olur. Çalışın yadda qalanlar xoş xatirələr olsun. Hər kəsə uğurlar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sənan İmamverdiyev

1353 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!