2098 dəfə oxunub

Dünyadakı passportların rəngləri və seçilmə səbəbləri

Passportların rəngini incələyəndə, dünyada 4 rəngdə passport olduğunu görmək olar. Hər bir ölkənin, müvafiq rəngi seçməkdə də, adətən öz səbəbləri olur. Bu yazıda bu seçimin nəyə əsaslandığını sizinlə bölüşmək istəyirik. Hava limanında olan uzun növbələr sizi darıxdırarsa sadəcə bu məqaləni xatırlamağa çalışın.

Qırmızı, passportlar üçün ən çox istifadə olunan rəngdir. Qırmızı passportu adətən indiki və keçmiş komunist ölkələri seçir. Sloveniya, Çin, Serbiya, Rusiya, Latviya, Rumıniya, Polşa və Gürcüstan vətəndaşları qırmızı passport daşıyıcısıdırlar. Xorvatiyadan başqa bütün Avropa Birliyi ölkələri vətəndaşları da qırmızının müxtəlif çalarlarında olan passportlar istifadə edirlər. Türkiyə, Makedoniya və Albaniya kimi Avrop Birliyinə qoşulmaq istəyən ölkələr isə bir neçə il qabaq passportların rəngini qırmızıya dəyişiblər. Latın Amerikasından isə Boliviya, Kolumbiya, Ekvador və Peru vətəndaşları qırmızı passportlarla səyahət edirlər.

red

Qırmızıdan sonar ən çox işlənən passport rəngi isə göydür. Passportlarda olan göy üzlük yeni dünyanı simvolizə edir. 15 karib hövzəsi ölkəsinin vətəndaşlarının passportları məhz göy rəngdədir. Cənubi Amerika blokunda olan ölkələrdən, Mercosur ticari birliyində olanlar da vətəndaşlarına göy passportlar tədqim edirlər. Bu siyahıda Braziliya, Argentina və Paraqvay var. Venesuela isə burada istisnadır. Ölkə ticari birliyin üzvü olsa da vətəndaşları qırmızı passport daşıyırlar. Birləşmiş Ştatlarda isə passportlar ancaq 1976-cı ildə göy rəngə dəyişilib.

goy-passport

Müsəlman ölkələrinin əksəriyyətində vətəndaşlar, məhz Azərbaycanda olduğu kimi yaşıl passportlar daşıyırlar. Mərakeş, Səudiyyə Ərəbistanı və Pakistan burada istisnadır. Buradakı Yaşıl Məhəmməd peyğəmbərin ən sevdiyi rəng hesab olunur. Bundan başqa yaşıl həm də həyatı və yaşamı simvolizə edir. Burkina Faso, Nigeriya, Niger,Fil dişi sahilləri və Seneqal kimi qərbi Afrika ölkələri vətəndaşları da məhz yaşıl passport daşıyıcısıdırlar. Bu ölkələrin vətəndaşlarına yaşıl passport verməsinin səbəbi onların, QADİB-ə (Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi) üzv olmalarıdır.

yasil-passport

Çox az ölkələrin passportlarının rəngi qaradır. Afrikada Botsvana, Zambiya, Burundi, Gabon, Anqola, Çad, Kongo, Malavi və s. ölkələrdə qara rəngli passportlar istifadədədir. Yeni Zellandiyanın milli rəngi qara olduğundan, orada da vətəndaşlar qara rəngli passportlar gəzdirirlər.

qara-passport

Aşağıdakı xəritədə hansı ölkədə, hansı rəng passport istifadə olunduğunu görə bilərsiniz.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

 

Paylaşdı: Babek Musa-Zadeh

 

DİGƏR BLOQLAR

Yürüyüş - Santiaqo Yolu

Salut! Yaxınlarda etdiyim 715 km-lik solo hiking-lə bağlı təcrübəmi sizlərlə bölüşmək istədim  Hiking məşhur El Camino de Santiago adlanır. Başlanğıc nöqtə Fransa ilə İspaniyanın sərhədindən başlayır və onun sonunadək davam edir. Qızlar da heç çəkinməsin, deyərdim ki, solo səyahət edən qızlar üçün ən təhlükəsiz yoldur! O qədər təhlükəsiz ki, sübh saat 5-6da belə mənim tək telefonumun fənəri ilə yola düşdüyüm, meşənin içindən keçdiyim vaxtlar da olub. Qaranlıq qorxum olduğuna görə, onu bu yolla aşmaq istəyim güclü idi, duxumu güclü saxladım ( ) və bacardım.Belə baxanda, ümumilikdə yolda tək olmursunuz, yol boyu dünyanın hər yerindən gələn səyahətçilərlə tanış olmaq, dostlaşmaq imkanınız olur. İstədiyiniz zaman da özünüz üçün tək yolunuza davam edə bilərsiniz. Yolda heçkimin beynini aparan, yoran da olmur. Çünki bura əsasən hamıdan, hər şeydən dincəlmək istəyən adamlar, öz düşüncələrində gəzmək istəyən adamlar axışıb gəlir. Hikinq bütün il boyu davam edir, lakin hər mərhələdə dağa-təpəyə aparan yollar, oradan enişlər də olduğuna görə, qışda bu yollar bir az təhlükəli olur. Bir ay davam edən yolda çantanı daşımaq da var təbii ki. O səbəbdən ağır olmasın deyə mən avqust ayını tərcih etdim. Ümumilikdə, işdi gedəsi olsanız, çalışın backpack-iniz bədən çəkinizin ancaq 10%-ni təşkil etsin, artıq olmasın. Çünki gəzdikcə, günlər keçdikcə belinizdəki yük sizə daha ağır gəlməyə başlayır. Belə olanda yolda qarşıma çıxanlardan bəziləri əşyalarını, pal-paltarlarının müəyyən hissəsini poçtla evə göndərir, bəziləri isə albergue-lərdə (hostel tipli gecələmək üçün yerlər) donative olaraq bağışlayırdılar.Fiziki gücünüz və iradəniz də möhkəm olmalıdır. Mən həm də bunu yoxlamaqdan ötrü ən uzun yolu seçdim - 799 km Camino Frances yolu adlanır. Lakin 3 dəfə avtobusdan istifadə etməli oldum. Çünki ayaqlarım dad edirdi və addım ata bilmirdim. Bu isə hiking təcrübəsizliyimdən və bir az fiziki hazırlığımın zəif olduğundan irəli gəldi. Belə olan halda da iradənin güclü olması deyərdim ki, böyük rol oynayır. Gün ərzində ən az getdiyim məsafə 17 km (bir dəfə), ən çox getdiyim məsafə isə 37 km (2 dəfə) olub. Özünüzə görə günlük neçə km qət edə biləcəyinizi özünüz müəyyən edə bilirsiniz, yolunuzun üstündə qalmağa kəndlər və şəhərciklər var. Albergue-lərdə isə bir gecəlik qiymət 5-13 avro arası dəyişir. Bəzilərinə səhər yeməyi də daxil olur, bəzilərində isə mətbəx olur. Mağazadan alış-veriş edib özünüz yemək bişirə bilərsiniz. Ümumilikdə sərf edilən məbləği təxmini olaraq günə 20-30 avrodan hesablayıb bu səyahəti planlaşdıra bilərsiniz. Mən ötən ilin noyabr ayından bunu planlamağa başladım Xəritəsiz də ötüşmək olur. Yol boyu xəritədən istiqaməti tapmaq üçün yox, ancaq neçə km gedəcəyimi müəyyən etmək üçün istifadə etmişəm. Xəritəyə ehtiyac olmur, sizi lap başdan sonacan sarı ox işarələri və balıqqulağılar (Camino-nun simvollarından biri) müşaiyət edir.Uzun yol olduğuna görə, bütün məlumatları və təcrübəmi sığışdıra da bilmirəm əslində  bir bloq yazısı yazmağı fikrimdə tutmuşam. Adminlər buraya link yerləşdirməyə icazə verirlərsə, yazı çıxdıqdan sonra linkini qrupa ata bilərəm.Fotolarda isə yol boyu yaşanılan gözəl anlardır. Bunlar ancaq telefonla çəkilənlərdir.  Suallarınız olarsa, buyurun Gəzin, keyf eliyin Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gulnar Salim

1280 dəfə oxunub

Minimum xərclə səyahəti necə təşkil etməli?! 2-ci hissə

Keçən yazılarımdan birində daha doğrusu “Minimum xərclə səyahəti necə təşkil etməli?!” adlı yazımın birinci hissəsində səyahət xərclərini necə minimum endirmək olar sualına cavab verməyə çalışmışdım. İlk yazı səyahət xərclərində ən çox yer tutan nəqliyyat xərclərini necə azaltmaq, xərcləri minimum endirmək haqqında idi. Bu dəfə gecələmə obyektləri (otel/hostel/mənzil/ev və s.) xərclərini necə minimum endirmək, səyahəti necə ucuza başa gətirməyin yolları haqqında yazını sizlərlə paylaşım. İlk öncə deyim ki, otel qiymətləri hostel və mənzil qiymətlərindən nisbətən baha olduğundan bu yazıda otellər haqqında danışmayacağıq.[caption id="attachment_590" align="aligncenter" width="551"] Budapeştdəki hostellərdən birinin lobbisi[/caption]Başlayaq… Xaricə səfər edərkən gecələmək üçün ağıla gələn ilk yer otel olur. İndiki zamanda otelə pulumuz çatmadığı üçün onun alternativi olan hostellər ən ideal seçim ola bilər. Əgər Hostel filminə baxmısınızsa, filmdə olanları unudun. Hostellər tam rahat və təhlükəsizdir, şəxsən mənim tərəfimdən bir neçə dəfə sınanılıb ???? Hostellər az xərclə, soyal mühitli qonaqlama imkanları verən gecələmə yerləridir. Otaq tiplərinə görə müxtəlif formada xidmətləri hostellərdə kirayələyə bilərsiniz. İstəsəniz 1-2 nəfərlik otaq və ya 4 nəfərdən 10 nəfərədək olan otaqda (shared room) yataq kirayələyə bilərsiniz. Həm 1-2 nəfərlik kiçik otaqlar, həm də 4-10 (və daha çox) nəfərlik böyük otaqlar daxili və ümumi hamam otağı ilə təmin olunur. Yəni mümkündür ki, siz otaq kirayələmisiniz amma hamam otağı ümumidir, otaqdan kənarda, həm də mümkündür ki, hər otağın öz hamamı olsun. Bundan başqa hostel otaqları 2 nəfərdən çox adam üçün nəzərdə tutulubsa bir çox hallarda hər bir qonaq üçün şəxsi əşyalarınızı qoruya biləcəyiniz kiçik qıfıllı seyflər olur. Bundan başqa hostellərdə bir çox hallarda qab-qacaqla təmin olunmuş mətbəx də sizin xidmətinizə verilir. Bu mətbəxdə qidalanma xərclərinizi minimuma endirmək üçün istədiyiniz ərzağı alıb özünüz üçün nahar və ya qəlyanaltı hazırlaya bilərsiniz. Bəzi hostellərdə səhər yeməyi qiymətə daxil olur, hosteli kiralamadan öncə bunu yoxlamaqda fayda var ????[caption id="attachment_591" align="aligncenter" width="551"] Hostel otağı[/caption]Hostellərdə yerləşdiyi ölkədən asılı olmayaraq, oğlanlar və qızlar üçün ayrı otaqlar olur (amma bu heç də bütün hostellərdə belə deyil). Yəni tutalım 8 nəfərlik otaqda yataq kirayələmək istəyirsiniz və qarşı cinsdən kiminsə həmən otaqda gecələmisini istəmirsinizsə rahat-rahat single-sex (yəni tək bəylər/tək xanım üçün) otaqları seçə bilərsiniz. Mixed otaqlarda isə hər iki cinsin nümayəndələri eyni otaqda qalırlar. Çoxadamlı otaqlarda otaq kirayələmisinizsə bu o demək deyil ki, bütün yerlər dolu olacaqdır. Məsələn mən Tiflisdə 6 nəfərlik otaqda daha 2 dostumla yer kirayələmişdim və bizdən başqa heç kim yox idi otaqda hətta mən deyərdim ki, hosteldə. Eyni hadisəylə Vyana və Krakovda da qarşılaşmışam. Vyanada 6 nəfərlik, Krakovda isə 4 nəfərlik otaqda sadəcə 2 nəfər gecələmişik. Bu hallar adətən şəhərin tam mərkəzində olmayan, mərkəzdən 1-1.5 km piyada məsafəsində olan və ya tətilin qeyri-pik vaxtlarında mümkündür. Əgər şəhərdə hansısa bir idman,  ya musiqi tədbiri və ya festival varsa çox güman shared roomlar dolu olacaqdır. Shared roomlarda qalmağın üstünlüyü odur ki, hostelin digər qonaqları, ən çox isə “otaqyoldaşların” ilə sosyallaşırsan, bəzən şəhəri birlikdə gəzib kəşf etmək təklifi alırsan ya da sən edirsən. Turistlər müxtəlif ölkələrdən gəldiyindən və hərənin müxtəlif səyahət hekayəsi olduğundan maraqlı söhbətlərin iştirakçısı ola bilərsiniz.[caption id="attachment_592" align="aligncenter" width="552"] Maraqlı dizayn edilmiş hostel otağı[/caption]Hostellər ucuz qonaqlama obyektləri olsa da bu ölkədən ölkəyə dəyişir. Ölkədə nə qədər qiymətlər bahalıdırsa hostellər də bu qiymətlərə uyğun daha yuxarı qiymətə olur. Məsələn Kiyevdə 2 nəfərlik hostel otağının qiyməti gecəsi 11 avro olduğu halda, Danimarkanın paytaxtı Kopenhagendə 8-10 nəfərlik otaqda bir yatağın gecəsi 32-35 avro ətrafındadır. Yəni səfər planlamamışdan öncə çalışın bu detalları nəzərə alın ki, gedib qərib ölkədə “nağayrım, neyniyim” deməyəsiniz ???? İndi isə gəldik, bu hostellərin qiymətini haradan tapmalı məsələsinə. Hostellərin qiymətinə baxmaq üçün ən yaxşı çox işlənən saytlar hostelworld.com və booking.com-dur. Hosteli seçirsiniz, tarixləri daxil edirsiniz və otaq tiplərinə görə sistem qiymətləri sizə göstərir. Kiçik bir tövsiyyə verim, booking.comda hostel sifariş edərkən çalışın reytinqi +7.0 olan hostelləri seçin və sizdən öncə orada qalmış turistlərin qeydlərindən heç olmasa 5-6-na nəzər salın ki, hostel haqqında daha ətraflı məlumatınız olsun.[caption id="attachment_593" align="aligncenter" width="550"] Praqadakı Mad House hosteli[/caption]Hosteldən fərqli konseptə malik digər ucuz üsul isə Airbnbdir. Airbnb hosteldən fərqli olaraq ev abu-havası ilə təmin edir. Daha doğrusu elə kirayə verilən evlərin axtarış sistemidir. Brno səfərimdə məhz elə Airbnbdən otaq kirayələmişdim. Airbnbdə də təklif edilən xidmətlər çox müxtəlifdir. İstəsəniz yalnızca mənzil, istəsəniz mənzildə otaq, istəsəniz də hostel abu-havasını evdə yaşayıb, otaqda yataq (çox nadir hallarda olur bu) kirayələyə bilərsiniz. Airbnbdə də bütün online icarə saytları kimi turistlərin qaldığı ev sahibləri və ev haqqında rəylərini yazdığı bölmə var. Bu rəylərdən evin mərkəzə nə qədər yaxın olması, səs-küylü ərazidə yerləşib yerləşməməsi və ya ev sahibinin təmizliyi haqqında məlumat əldə edə bilərsiniz. Yaxşı olar ki, otaq ya mənzili siftariş etməmişdən öncə bu rəylərə göz gəzdirəsiniz. Burada kirayəyə verilən mənzillər olduğundan otel ya hosteldə olan standart xidmətlərin mənzildə olmaması mümkündür (məsələn, çox nadir hallarda olsa da wifi kimi).[caption id="attachment_594" align="aligncenter" width="550"] Airbnbdə kirayə verilən otaqlardan biri[/caption]Airbnbdə kirayə edilən ev ya mənzilin üstün cəhəti ümumi hamamın olmaması və ya sadəcə hamamın siz və evda olan 1-2 nəfər tərəfindən istifadə olunması, bütün avadanlıqlarla təchiz olunmuş mətbəxin olması və yerli əhaliylə mədəniyyət alış-verişidir. Əgər sadəcə otaq kirayələmisinizsə, digər otaqda qalan ev sahibi ilə ünsiyyət saxlaya, maraqlı söhbətlər edə və ya şəhərin çox da turistik olmayan amma mütləq görülməli yerləri haqqında məlumat ala bilərsiniz.Indi uzaqdan da olsa “bəs pulsuz qalmağa yerlər yoxdur?” sualını eşidirəm ???? deyirlər pulsuz pendir siçan tələsində olur amma bizim bloqumuzda tələlər yoxdur. Çox güman nə vaxtsa Courchsurfing haqqında eşitmisiniz, eşitməmisinizsə bir az da daha yaxına əyləşin.[caption id="attachment_595" align="aligncenter" width="550"] İsveçrə, Berndə Couchsurferlər fondu yeyərkən ????[/caption]Deməli Couchsurfing 4 nəfər tərəfindən qurulan pulsuz qonaqlama saytıdır. 2004cü ildə yaradılmasına baxmayaraq 2014-cü ildə həftədə 400 000 adam həftədə azı bir dəfə Courchsurfing hesabını yoxlayıb. 2015ci ildə istifadəçilərinin sayı 10 milyonu keçib. Saytın 3 funksiyası var; səyahət etdiyiniz ölkədə ev sahiblərinin evində qonaq qalmaq, yaşadığınız şəhərə gələn qonaqları öz evinizdə qonaqlamaq və şəhərlərdə keçirilən müxtəlif əyləncə tədbirlərində iştirak. Mən hardasa 4-5 dəfə Budapeştdəki evimdə Couchsurfingdən qonaq qəbul etmişəm, 2 dəfə isə özüm İsveç və Danimarkada qonaq qalmışam.Məsələn hansısa ölkəyə gedirsiniz, o zaman saytın axtarış bölməsində getdiyiniz şəhərin adını yazırsınız, sonra sağ tərəfdə çıxan seçimlərdən evində qonaq olmaq istədiyiniz adamın xüsusiyyətlərini seçirsiniz: kişi/qadın, haqqında yazılmış rəyi olsun və ya olmasın, son dəfə nə vaxt saytda olub və s. Sonraq qarşınıza çıxan profilləri bir-bir gözdən keçirərək evində qalmaq istədiyiniz adamı seçirsiniz.Saytda qeydiyyatdan keçərkən hər kəs özü haqqında olan bölmələri doldurur, beləcə evində qonaq qalmaq istədiyiniz şəxsin və ya evinizdə qonaq edəcəyiniz şəxsin bütün detallarını ətraflı yoxlaya bilərsiniz. Qonaq qalarkən çox təvsiyyə olunan odur ki, profil sahibinə çoxlu MÜSBƏT rəylər yazılmış olsun. Çoxlu deyərkən, nəzərdə tutduğum ən azı 3 və ya 4 müsbət rəydir. Profil sahibini tam əhatəli araşdırın, sonucda tanıyıb, bilmədiyiniz adamın evində qonaq qalacaqsınız.[caption id="attachment_596" align="aligncenter" width="551"] Maraqlı Couchsurfing məkanlarından biri[/caption]Digər bir araşdırmalı olduğunuz məsələ isə ev sahibin sizi hansı formada qonaqlayacağıdır. Ev sahibinin imkanları daxilində bu ayrıca otaq, ayrıca yataq/divan və ya yataq kisəsi (sleeping bag) ola bilər. Ona görə də məsləhətdir ki, öncədən ev sahibinin profilini əməllicə ələk vələk edəsiniz ???? Sonradan ürəyinizə yatan ev sahib(lər)inə sizi filan tarixlərdə qonaq edib edə bilməyəcəyi haqqında sorğu göndərirsiniz, o sizi qəbul etdikdən sonra qalmaq yeriniz hazırdır.Couchsurfingin digər bir funksiyası isə yerli əhali ilə görüşməkdir. Məsələn tutaq ki, getmisiniz Berlinə və hara gedəcəyinizi, nələri görəcəyinizi bilmirsiniz. O zaman Couchsurfingdə axtarış edib yalnızca görüşmək istəyənləri seçirsiniz və həmin adamlara sorğu göndərirsiniz tarixləri müəyyənləşdirib şəhərdə bir yerdə görüşürsünüz və həmin adam sizə şəhəri gəzdirir.[caption id="attachment_597" align="aligncenter" width="551"] Couchsurferin sleeping bagi ????[/caption]Təbii ki, hamımız azərbaycanlıyıq, elə mənim də ağlıma gələn ilk sual bu oldu: “Sizi evində pulsuz qonaqlayan adamın xeyri nədir bu işdə?” ???? Bu işdə heç bir maddi maraq yoxdur, güdülən yeganə maraq mənəvi xeyirdir. İnsanlar başqa ölkədən, başqa mədəniyyətdən gələn adamları öz evlərində qonaqlayaraq onların ölkəsi, mədəniyyəti və ya mətbəxi haqqında məlumat əldə edirlər. Sırf bu işdən zövq alırlar desəm yanılmaram yəqin. Sonda Couchsurfingdən istifadə edəcəksinizsə evində qalacağınız adama qaldığınız ölkədən kiçik bir hədiyyə aparmağınız sizi daha xoşagəlimli edər. Bahalı olması vacib deyil bu 2-3 manatlıq hansısa bir şokolad və ya şirniyyat da ola bilər. Və təbii ki, qaldığınız evin sahibinə yemək bişirməkdə və ya qabları yumaqda ən azı özünüzdən sonra işlətdiklərinizi təmizləməkdə yardım etmək artıq sizin “öhdəliyinizə” çevrilir.Bununla da bu yazımın da sonuna gəldik. Ümid edirəm ki, faydalı ola bildim. Vaxtınızı sərf edib, oxuduğunuz üçün təşəkkürlər!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh 

1155 dəfə oxunub

Uzanan Lvov-Bakı yolu

Lvovdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Təyyarə biletimin batması, Ermənistana gedən yol və bir anlıq sükut...Lvovdan Kiyevə qatarla, oradan isə təyarrə ilə Bakıya uçmalı idim. Hava limanında qeydiyyatdan keçərkən məlum oldu ki, mənim biletimi Buta Airways ləğv edib. Jualianı hava limanında yerləşən Butanın nümayəndəliyindən mənə verilən məlumata görə, geri dönüş biletimin ləğv olunması hansısa beynəlxalq konvensiyaya uyğun olub. Bu konvensiyaya əsasən gediş biletindən istifadə olunmursa, geri dönüş bileti də ləğv olunur. Mən istisna etmirəm ki, belə bir qanun var. Lakin mən (aviasiya sahəsində çalışmayan) bu qanun haqqında haradan məlumatlı ola bilərdim ki?! Özü də aldığım biletdə də bu haqda heçnə yazılmayıb. Biletimin ləğv olunması ilə bağlı Butadan heç bir email və sms almamışam. Baxmayaraq ki, online bilet alarkən mən email və mobil nömrəmi orada qeyd etmişdim. Üstəlik bu problem yarananda onların rəsmi whatsapplarına yazdım, lakin onlardan cavab gəlmədi. Burası belə.Məcburiyyətdən Kiyevdən Tbilisiyə bilet almalı oldum. Lakin Tbilisi reysi 40 km məsafədə yerləşən Borispol hava limanında və uçmalı olduğum Bakı reysi ilə eyni vaxta idi. Yəni vaxtım çox az idi. Taksi sifaiş verib Borispol hava limanına özümü çatdırdım.Tbilisiyə çatanda 17:00 olardı. Bayramlar səbəbi ilə Qırmızı Körpüdə yaranaçaq tıxacı nəzərə alaraq qərar verdim ki, Sadıqlı Sərhəd Keçid Məntəqəsinə (gələcəkdə Sadıqlı) gedim. Sadıqlı isə saat 19:00-dək işləyir. Yəni cəmi 2 saat vaxtım var idi. Tbilisi Hava limanından taksi ilə Azərbaycan sərhədinə gedən maşınların toplaşdığı Ortaçala adlanan yerə getdim. Ora çatanda saat 17:30 olardı. Maşınların birinə yaxınlaşanda sürücü özü məndən soruşdu ki, “krasnıy most”? Dedim yox, Sadıqlı. Qiyməti razılaşdıqdan sonra oturdum maşına. Sürüçü yaşlı, nurani bir day-dayı idi. Yorğun olduğumdan maşında yuxuya getdim. Bir müddət sonra gözümü açanda gördüm ki, yol nəsə mənə tanış gəlmir. Gürcüstanda çox olduğumdan oranın yollarını yaxşı tanıyıram. Sürücüdən soruşdum ki, bura haradır? Bir az müzakirədən sonra məlum oldu ki, biz Sadıqlıya yox, Sadaxloya gedirik. Sadaxlo isə Gürcüstanın Ermənistanla olan sərhəd kəndidir. Dayı məni Azərbaycan sərhədinə deyil, Ermənistan sərhədinə doğru aparırmış. O Sadıqlı ilə Sadaxlonu səhv salmışdı. Bu kəndlər isə tam ayrı istiqamətlərdədi. Gəldiyimiz yolu geriyə qayıtmalı idik. Artıq saat 18:10 olardı. Sadıqlının bağlanılmasına cəmi 50 dəqiqə qalırdı. Hava qaralırdı və anidən maşının işıq sistemi (faralar) tamamilə sıradan çıxdı. Qaranlıq yolda işıqlarısız getməyin nə demək olduğunu anlayırsınız. Sadıqlının bağlanaçağından qorxaraq dayını tələsdiridim ki, maşını tez sürsün. Yolda bütün çuxurları bir-bir sayaraq 18:55-də gəlib çıxdıq Sadıqlıya.Düşünürdüm ki, sərhədi keçən sonra Qırmızı Körpüdə olduğu kimi burada da müştəri üstündə öz aralarında mübahisə edən maşın və avtobus sürücülərini görəcəyəm. Yəni təklif bol olacaq, mən isə ən uyğununu seçəcəyəm. Sərhəd Məntəqəsini keçdikdən sonra bir anlıq duruxdum. Heç bir ins-cins yox idi. Nə bir avtobus, nə də bir taksi, nə də 2-3 kənd sakinində başqa heç kim. Bir anlıq sükut. Hardasa 2-3 dəqiqə ərizində dayanıb boş yola baxdım. Bəlkə kimsə gələr və ya kəçər. Heç kim gəlmədi. Orada öyərdim ki, Sadıqlıdan Bakıya maşın səhər çıxacaq. Kənddən bir maşın taparaq özümü Ağstafa rayon mərkəzinə çartdırdım. Orada Bakıya gedən ilk avtobusa oturdum. Yolda isə yenə yatdım. Oyanada gördüm ki, hava qatı dumanlıdı, sürücü qəza işıqlarını yandıraraq 110-luq yolda 50-60-la gedir. Elə bil Bakıya aparan yol bitmək istəmirdi. Nəhayət 29 saatdan sonra qarlı dağlarar aşaraq, çox ellər dolaşaraq Lvovdan Bakıya çata bildim. Ayaqlarım sapoqların içində şişmiş, özüm yorqun və 400 manat zərərə uğramış... Lakin bunlar hamısı təfərrüatdır. Əsas odur ki, hər şey yaxşı yekunlaşdı. Hətta deyərdim ki, yaşadığım bu stresin də öz ləzzəti var idi.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Turan Ali

920 dəfə oxunub

Amalfi sahilləri - Positano bələdçisi

Ona İtaliyanın ən romantik qəsəbəsi də deyirlər. Bəli, söhbət Amalfi sahillərində yerləşən Positanodan gedir. Positanoya həm Romadan, həm də Napolidən getmək mümkündür. Mən Napolidən getməyi seçdim. Amma bu səhvi mən etdim, siz etməyin. Avropanın göbəyində bu qədər çirkab görəcəyimi ağlıma belə gətirə bilməzdim. Mərkəzi küçələrində belə dolub-daşan zibil yeşikləri, üfunət qoxusu - Napolidən mənə qalan xatirələr oldu. Əbəs yerə İtaliyanın ən çirkli və ən təhlükəli şəhəri adını almayıb ki?!. Və ilk dəfə bir şəhəri daha çox gəzməkdən imtina edib, otel otağında oturub qatarımın vaxtını gözləməyi seçdim.Bu şəhəri çox yerdən-yerə vurdum. Bir az da yaxşı sözlər deyim. Yəqin ki, pizzanın vətəninin Napoli olduğunu bilirsiniz. Bizdən fərqli olaraq, burada pizzalar daha çox sadəliyi ilə, daha dəqiq desəm, üstündə heç nə olmaması ilə seçilir. Hardasan ay bizim toyuqlu, qiyməli, sosikalı, kolbasalı, zeytunlu, bibərli, göbələkli pizzamız deyə-deyə üstü bomboş olan, Bakıda üzünə baxmadığımız Marqarita pizzasını yeməli olduq. Pizzanın vətəni olan Napolidə nə az, nə çox, düz 800 pizzacı var. Onlardan ən məşhuru isə 149 yaşlı L’antica Pizzeria da Michele-dir. Bu qədər qədim və məşhur bir pizzacı olasan və cəmi iki növdə pizza təqdim edəsən: o da ki, Marqarita çeşidləri. Amma di gəl gör ki, pizzeriyanın önündə bir növbə olur ki, 90-cı illərin Bakısının çörək növbəsi onun yanında heç nədir. Culiya Robertsin “Eat, Pray, Love” filmi ilə məşhurluğuna məşhurluq qatan bu pizzeriyadan sonra buralara gəlib çıxma səbəbim olan Positanoya yollanıram.Rəng, qoxu, huzur...Cəmi 4 min əhalisi olan, amma il ərzində 5 milyon turist qəbul edən Positano... Belə yerdə deyiblər, “bir balaca boyu var, dam dolusu toyu var”. Özü də nə dam dolusu?! Hər addımında bir başqa gözəllik... Bilmirsən hansı tərəfə baxasan. Bir tərəfdə masmavi dəniz, bir tərəfdə sıldırım qayalıqlar, bir tərəfdə rəngli evlər...“Positanonu 3 sözlə təsvir et”, - desələr, ilk ağlıma gələnlər bunlar olar: rəng, qoxu, huzur. Qəsəbənin rəngli dünyalı insanları evlərini də rəngbərəng boyamağı seçiblər. Bir rəssam fırçasından çıxmış kimi rəngbərəng, özünəməxsus evlər düşünün. Buna bir də limon ağaclarının və begonvillərin qoxusunu əlavə edin. Ortaya çıxan nəticə isə huzurdur.Positano əvvəllər kiçik bir balıqcı kəndi imiş. 1953-cü ildə tanınmış yazıçı Con Steynbakın bir moda jurnalına yazdığı məqalə ilə kəşf edilir və bugünkü məşhurluğuna çatır. Buna da qələmin, sözün gücü deyirik.Positano paytaxtı Napoli olan Campania bölgəsinin qəsəbələrindən biridir. Amalfi sahillərində yerləşən bir qəsəbə. Positano adını eşitməsəniz belə, Amalfi sahillərini eşitməməyiniz mümkün deyil. UNESCO Dünya Mirası siyahısına düşəcək qədər məşhur sahillərdir. Şairlərə, yazarlara, sənətkarlara ilham qaynağı olacaq qədər gözəl Amalfi sahilləri “National Geographic” tərəfindən də ən gözəl yolu olan yerlərdən biri seçilib.Sorrentodan Solernoya körfəz boyunca 50 kilometrlik məsafədə uzanan, iri qayalıqların yamaclarına naxış kimi səpələnən bir-birindən rəngli qəsəbələrin toplusudur Amalfi sahilləri... Cənnətdən bir parça da deyə bilərik bu yerlərə. Amalfi adı mifologiyadan gəlir. Yunan mifologiyasından tanıdığımız Heraklesin aşiq olduğu su pərisinin adı imiş Amalfi. Sevdiyi gənc yaşda öldükdə Herakles onu dünyanın ən gözəl yerində dəfn edəcəyinə söz verir. Həmin yer olaraq Amalfi sahillərini seçir və buraları sevdiyinin şərəfinə adlandırır.Positano, Praiano, Conca Dei Marini, Amalfi, Atrani, Ravello, Minori, Maiori və Vietri Sul Mare qəsəbələrindən ibarətdir Amalfi sahilləri. Bunların ən gözəli isə, heç şübhəsiz ki, Positanodur. İtaliyanın ən romantik qəsəbəsi olan Positano...Belə gözəlliyin də gözəl qiymətləri olacaq, təbii ki. Dəniz sahilinə endikcə restoranlar da, otellər də od tutub yanır. Yuxarı hissələrində, mərkəzdən və sahildən kənar yerlərində qiymətlər daha münasibdir. Çimərlikləri də çox məşhurdur Positanonun. Amma elə bilməyin ki, burada hər şey pulludur. Belə ki, çimərlikləri tam pulsuzdur. Təbii ki, əgər şezlonq və çətir götürməyəcəksinizsə. Şezlonq və çətirləri isə sahildəki kafe və restoranlar işlətiyi üçün onların müqabilində pul ödəmi olursan. İyul, avqust ayları ən qonaq-qaralı vaxtlarıdır Positanonun. İynə atsanız, yerə düşməyəcək qədər qonaq-qaralı...Dik yamaclarda bir-birinin üstündə tikilən rəngbərəng evləri, çəhrayı-bənövşəyi begonvilli, limon qoxulu, ilan kimi qıvrıla-qıvrıla sahilə enən dar küçələri ilə dünyanın ən sevimli qəsəbələrindəndir Positano. Əzəmətli qübbəsi ilə seçilən “Majolica” kilisəsinin qəsəbəyə qatdığı gözəlliyi fotoaparatımızın obyektivinə köçürərkən, Xristofor Kolumb küçəsində yeriyərkən, La Zagarada qəhvəmizi içərkən, Positano mənzərəsinin ən gözəl göründüyü yer olan Le Sirenuse otelinin terrasında ən gözəl şəkillərimizi çəkməyə çalışarkən zamanın necə keçdiyini bilmirik... Heç oyanmaq istəmədiyi bir yuxunun içində hiss edir burada insan özünü...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: ‎‎‎Rena Karimova

3418 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!