840 dəfə oxunub

Londonda alternativ nəqliyyat

Londondakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Londona gələn səyahətçilərin əksəriyyəti qiymət bahalığından şikayət eləyirlər. Əsasən bu şikayətlər ictimai nəqliyyat qiymətləri ilə bağli olur (Mən də razıyam, ictimai nəqliyyat çox bahadır, hələ Bakıda 20 qəpiyə istənilən yerə getməyə öyrəşən adam üçün ümumiyyətlə çətindir qəbul eləmək)
Ictimai nəqliyyat qiymətlərini aşağı sala bilməyəcəyimizə görə alternativ nəqliyyat fikirləşmək lazımdır. Nəzərə alanda ki Londonda demək olar ki bütün görməli yerlər bir-birinə yaxin yerləşir, ən ideal nəqliyyat növü velosipeddir.
Londonda çox əla təşkil olunmuş ictimai velosiped sistemi var. Santander bankı tərəfindən həyata keçirilən bu layihə bir xeyli adamın həyatını yüngülləşdirir. Velosipedlər bütün lazımi təhlükəsizlik ləvazimatlari ilə təmin olunub (Qabaq ishıq, arxa ishıq, ishıqqaytarıcılar və s.)

Velosipedlərin qiyməti isə 24 saat üçün cəmi 2 funtdur. Yarım saatlıq isə pulsuzdur. İcarəyə götürmək üçün bank kartı lazımdır, pulu ödəyəndən sonra aparat sizə kod yazilan çek verir, kodu qıfıla yazıb yaşıl ishıq yananda velosipedi götürürsünüz. Şəhərin hər yerində bu velosiped dayanacaqlarından olduğuna görə geri qaytaranda da problem yaşamırsınız.

London velosipedçilərin təhlükəsiz formada hərəkəti üçün əlverişli olan tək-tük şəhərlərdəndir. Yol qaydalarına əməl etdiyiniz və dönmə siqnallarından istifadə etdiyiniz müddətcə heç kim gəlib belinizə dırmaşmayacaq. Avtobus və taxilər üçün olan xüsusi zolaqlar isə həm də velosipedlər üçündür. Hər zaman istifadə eləyə bilərsiniz.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ismayil Nur

DİGƏR BLOQLAR

Yeni başlayanlar üçün gəzəyən məsləhəti

Hərkəsə salam, Səyahətə yeni başlayanlar və zövqlə gəzərək xatirələr yaradacaq səyahətlərə üstünlük verənlər üçün #tövsiyyəVacib bir məsələyə toxunmaq istəyirəm.Lakin bu adamına görə dəyişir. Mən özümə borc bilirəm ki, bir səyahətpərəst və ya gəzib - kəşf etmək aşiqi olan biri kimi bəzi vacib nüansları səyahətə yeni başlayanların və ya səyahətdən zövq almağı həqiqətən istəyən insanlarla paylaşım.- Baxın, əvvəla səfirlik, viza və s. bürokratik məsələlərdən çəkinməyin. Sizin şəxsi həyatınıza qarışacaq və ya sizi imtahandan kəsəcək bir qurum və ya orqan deyil, heç kim sizə hər hansı bir mənfi obraz tətbiq etmir. Sənədləriniz qaydasında olacaq və maddi vəziyyətiniz imkan verəcək, ona uyğunda nəticə olacaq. Bu barədə daha geniş yazı yazmışam 2 il əvcəl (pin olunub). Yəni kimlərinsə sizin gözünüzdə viza prosedurunu şişirtməyə yol verməyin!- Əgər həqiqətən gəzmək istəyirsizsə, "1001 gecə 1000 ölkə" anlayışından uzaqlaşın. Həqiqətən gəzib, zövq almaq istəyirsizsə, əvvəla götür-qoy edin ki, sizin gedəcəyiniz yerdən gözləntiləriniz nələrdir. Əgər ilk dəfə üçün gedirsizsə belə, yenə də araşdırıb özünüzü tapmalısız orada. İnternet üzərindən araşıdırın baxın nələr var, nəyə gedirəm mən bu ölkəyə, mənə nələr bəxş edəcək. Yalandan ad olsun deyə gəzənlər gözümün düşmənidir.- Çalışın bir ölkəni əhatə edəcək bir plan qurun, demirəm şimaldan cənuba fəth edin, lakin ən azından həmin ölkənin minimum 2-3 şəhərinə baş çəkin ki, vizyonunuz genişlənsin, fərq yaransın ki, o ölkəni bir şəhərinə qiymətləndirməyəsiz. Ən azından bir şəlalə, göl və ya təbiətcil yerlərinə baş çəkin. Paytaxt gəzməklə ölkəni səciyyələndirə bilməzsiniz. Bunu unutmayın. Paytaxtdan daha gözəl, mədəni və elit şəhərlər var. Muzey sevməyə bilərsiz amma incəsənət fenomenləri bir cəmiyyəti təmsil edir. Teatr və konsert də çox önəmlidir, bunlar hamısı simvolizə edir olduğunuz yeri.- Çalışın hansısa bir şəhərdə piyada çox gəzin. Onda şəhərin ruhunu mənimsəyirsiz, mərkəzdə, insanların izdiham olduğu yerdə təxminən 1 saat oturub, insanları seyr edin, bu sizə olduğunuz mühitlə olan çox fərqi göstərmiş olacaq. Hər fərqli təcrübə sizə yenilik qazandıracaq, üfüqüzünü genişləndirəcək.- Çalışın plan qurarkən, ya yaxın ölkələri (qonşu) seçin, ki, gediş - gəliş rahat olsun, gününüz yolda keçməsin, maksimum zövq ala biləsiz. Keçən dəfə mənə sual ünvanlanıb, adam ilk dəfə ölkə xaricinə çıxacaq və bunu hansısa tur agentlik hazırlayıb. Həqiqətən təcrübə çox önəmlidir. 1-2 ölkəni 2 gündə gəzməklə konsultant olunmur. Deməli reysə fikir verin. Budapest - Barcelona - Paris - Milan - Praqa - Budapest. Bu nə reysdir ? Özüdə hərəsində 2 gün. Paris kimi dəbdəbəli incəsənət şəhərinə 2 gün ? Biyabırçılıqdır vallah. Düzdü muzey gəzmək zövq məsələsidir amma Paris üçün yenə azdır. Hələ Barcelonanı demirəm. Özünüz başa düşdünüz.Sözümün canı odur ki, rasional düşünün səyahət barədə, kimlərinsə deyil, öz istəklərinizə əsasən zövqlərinizi yaşayın.Qısa bir yaşanılmışlıq:Finlandiyanın paytaxtı Helsinki şəhərində mərkəzdən biraz aralıda bir hosteldə qalırdım. Deməli, hardasa 60 yaşlarinda 2 nəfər kişi idi. Hər səhər duranda onları ümumi zalda görürdüm, günorta gəlirdim orda idilər, axşam gəlirdim orda idilər. Bir neçə gün belə davam elədilər. Qəribə gəldi ki, hostelin bəlkə sahibidirlər. Yaxınlaşıb soruşanda belə cavab verdilər:- Biz Helsinkidən kənarda qalırıq, sosial həyatımız çox zəifdir. Hostelə gəlib müxtəlif insanlar görürük, onlarla söhbət edirik və beləcə dinamik hiss edirik özümüzü. Yəni ki, çalışın arada tək səyahət edin və başqa millətlərlə sosiallaşın, onların düşüncələrinə diqqət yetirin, bəlkə biz hardasa səhv edirik və bu bizə kömək ola bilər. Tək səyahət tamam fərqli zövqdür, MÜTLƏQ dadın.Foto: Ankara Esenboğa hava limanı Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Royal Aliyev

1116 dəfə oxunub

"Buta Airways" və "AZAL" Koronavirusla əlaqəli ləğv olunan biletlər haqqında suallara aydınlıq gətirdi.

COVID-19 koronavirus infeksiyası pandemiyası ilə əlaqədar, demək olar ki, bütün ölkələrdə sərhədlər bağlanmış və uçuşlar dayandırılmışdır. Dünyanın bütün aviaşirkətləri mürəkkəb vəziyyətlə üzləşərək, aviabiletlərin dəyişdirilməsi və qaytarılması qaydalarında düzəlişlər etmək məcburiyyətində qalmışdır. “Azərbaycan Hava Yolları”nın üzv olduğu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA), öz növbəsində, aviaşirkətlərə müvafiq tövsiyələr vermişdir.Məlum olduğu kimi, COVID-19 ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Qərargahın qərarına əsasən 20 aprel tarixinədək Azərbaycanda bütün daxili və beynəlxalq hava əlaqələri dayandırılmışdır. Bununla yanaşı, “Azərbaycan Hava Yolları” QSC 2020-ci ilin 1 iyun tarixinədək beynəlxalq reyslərə satışı dayandırmışdır. Hadisələrin gedişatından asılı olaraq bu tarix uzadıla və ya qısaldıla bilər.Reysləri ləğv edilən sərnişinlərin bir qisminə pul vəsaitlərinin qaytarılması artıq həyata keçirilmişdir. Lakin, IATA-nın sonrakı tövsiyələrinə əsasən, “Azərbaycan Hava Yolları” ləğv edilmiş reysə biletin əvəzinə səyahət tarixinin dəyişdirilməsini və ya aviabiletin dəyərinə bərabər olan vauçer təqdim olunmasını təklif etməyə başlamışdır. Bu vauçeri ləğv edilmiş reysə biletin alındığı tarixdən 12 ay ərzində istifadə etmək mümkündür. Yaranmış vəziyyəti nəzərə alaraq aviaşirkət bəzi sərnişinlər üçün bu tarixi fərdi qaydada yenidən nəzərdən keçirməyə hazırdır.Vauçer, çarter reysləri istisna olmaqla, “AZAL” və “Buta Airways” aviaşirkətlərinin reyslərinə aviabiletin alınması zamanı etibarlıdır. Yeni aviabiletin dəyəri vauçerin məbləğindən yüksək olduğu təqdirdə, sərnişinin fərqi ödəməsi kifayətdir. Vauçerlər sərnişinin adına verilir və üçüncü şəxslərə ötürülə bilməz. Bundan əlavə, aviabiletlər “AZAL” QSC-nin marşrutlar şəbəkəsinin istənilən istiqamətinə dəyişdirilə bilər. Bu, həm viza rejiminin qüvvədə olduğu istiqamətlər, həm də vizasız rejimin tətbiq edildiyi istiqamətlər ola bilər.“Azərbaycan Hava Yolları” anlayır ki, öncədən vəsaitlərin tam həcmdə qaytarılacağı elan edilmişdi və sərnişinlər aviadaşıyıcıdan müvafiq məlumat almışlar. Lakin sonrakı bütün tədbirlər və düzəlişlər IATA-nın qlobal təlimatlarına və tövsiyələrinə uyğun olaraq həyata keçirilmişdir.Eyni zamanda qeyd etmək lazımdır ki, əgər sərnişin aviaşirkətin ləğv etmədiyi reysinə aldığı aviabiletin qaytarılması ilə əlaqədar müraciət edirsə, həmin aviabiletin tarifinə əsasən nəzərdə tutulduğu təqdirdə pul vəsaitinin qaytarılması rəsmiləşdirilə bilər. Məsələn, “Buta Airways” aviaşirkətinin yay mövsümündəki reyslərinə (hazırda qüvvədədir) “Standart” və ya “Super” tarifi ilə aviabilet əldə edən sərnişinlər aviabiletin dəyərinin 50%-i məbləğində pul vəsaitini geri ala biləcəklər.Aviabiletlərin qaytarılması və ya dəyişdirilməsi ilə bağlı bütün prosedurlar onların alındığı yerdə həyata keçirilir. Aviabilet rəsmi internet saytında alındığı halda aviaşirkətin çağırış mərkəzinə yazılı müraciət etmək lazımdır. Beynəlxalq hava limanlarında AZAL kassaları 2 aprel tarixinədək işləyirdi, lakin Operativ Qərargahın qərarına əsasən kassalar 20 aprel tarixinədək bağlanmışdır. Qeyd etməliyik ki, bir sıra turizm agentlikləri müştərilərə telefon vasitəsilə xidmət göstərməyə davam edirlər.“AZAL” və “Buta Airways” aviaşirkətlərinin çağırış mərkəzləri ilə aşağıdakı elektron poçt ünvanları vasitəsilə əlaqə saxlamaq mümkündür:callcenter@azal.az | callcenter@butaairways.azBundan əlavə, aviaşirkətlərin saytında onlayn forma vasitəsilə də müraciət etmək olar:https://help.azal.az/hc/az/requests/newhttps://help.butaairways.az/hc/az/requests/new    

4480 dəfə oxunub

Minimum xərclə səyahəti necə təşkil etməli?! 1-ci hissə

Tez-tez səyahət edənlərə ən çox verilən suallardan biri də, “bu qədər səyahət xərclərini necə qarşılayırsan sualıdır?”. Həqiqətən də tez-tez səyahət etmək kifayət qədər xərcli işdir, xüsusilə də digər ölkələrə səyahət edirsənsə. Amma hər dəfə səyahət etdikcə, digər turistlərlə qarşılaşdıqca “Səyahəti necə daha ucuza gətirmək olar?” sualıyla bağlı yeni-yeni məlumatlar, taktikalar öyrənirsən.Düşündüm ki, hara səyahət edib, nə etməli, nə yeməli bloqlarından öncə o yerlərə necə ucuz tur təşkil etməli sualına aid bir blogpost yazım. Bəri başdan deyim ki, “işini atıb, maşınını satıb 500 dollarla dünyanı necə səyahət etməli” tipində bir yazı gözləmiyin ???? Bu yazımda səyahət zamanı, hansı taktikalardan, üsullardan istifadə edərək səyahətimi ucuza gətirdiyimi sizlərlə bölüşəcəm, yəni bir növ özüm tərcübədən keçirdiyim üsulları.Turizm təhsili aldığımdan taaa universitet illərimdən yadımdadır ki, səyahət xərclərində ən böyük yeri nəqliyyat xərcləri tutur. Lap dəqiqləşdirmək üçün bir az da araşdırdım. Deməli səyahət zamanı çəkdiyiniz bütün xərclərin 45%-i nəqliyyat xərclərinə gedir. İndi isə başlayaq səyahət marşrutunu necə ucuza gətirməli sualına yavaş-yavaş cavab verməyə.Səyahətlərin çoxu uzaq məsafələrə olduğu üçün, ən çox istifadə olunan nəqliyyat növlərindən biri təyyarədir. Təyyarə ilə ən ucuz uçuşları tapmaq və havayolu şirkətlərinin təqdim etdiyi qiymətləri müqayisə etmək üçün mənim ən çox istifadə etdiyim saytlar Skyscanner və eDreamsdir. Bu saytlar ən ucuz uçuşları tapmaqda ən yaxın yardımçımdır. Amma bu tip saytların bir əmması var ki, belə saytlar bəzən lowcoster hava yollarının uçuşlarını göstərmirlər. Nədir və ya kimdir lowcosterlər? Lowcosterlər dünyada çox geniş yayılmış, bir tərəfli gediş üçün bir neçə avrodan başlayaraq (demək olar ki, su qiymətinə) uçuşlar təklif edən hava yolları şirkətləridir.Su qiymətinə uçuş deyəndə Avropada ağıla ilk gələn şirkətlər EasyJet, RyanAir və mart ayından Bakıdan Budapeştə uçuşlar təşkil edəcək WizzAirdir. İndiki halda isə WizzAirin xidmət göstərdiyi bizə ən “yaxın” hava limanı Kutaisi hava limanıdır ki, buradan Budapeştə, Vilnüsə və Polşanın 2 şəhərinə (Varşava və Katoviçe) uçuş tapa bilərsiniz. Şirkətlərin saytlarına daxil olaraq hansı istiqamətlərə, hansı tarixlərdə və hansı qiymətə uçduqlarını yoxlaya bilərsiniz. Məsələn RyanAir tez-tez müxtəlif istiqamətlərə kampaniyalar edir. Bu yaxınlarda Riqa – Berlin uçuşu cəmi 2€ idi. Təxminən havalimanında aldığınız bir şüşə suyun qiymətinə.Bəs bu havayollarının belə ucuz olmasının səbəbi nədir? İlk öncə uçuşlar zamanı sizi heç bir qida xidməti ilə təmin etmirlər, hətta suyla belə. Əvəzində isə ürəyiniz istəsə uçuş zamanı kataloqdakı məhsullardan seçib, ödəniş edərək alış-veriş edə bilərsiniz. 2-3 saat bir şey yəmədən, susuz qalsaq bir şey olmaz, yəni dözmək olar J Digər məsələ, uçuşdan oncə mütləq onlayn çekin etməlisiniz və biletinizi çap etməlisiniz və ya şirkətlərin xüsusi proqramlarından (app) istifadə edərək, proqramdakı biletinizi havalimanında təqdim etməlisiniz. Onlayn çekin etməsəniz, məsələn WizzAirdə hava limanında 10€ ödəniş etməlisiniz.Digər havayollarında təyyarədən düşən kimi xidməti avtobusa minirsiniz və avtobus sizi hava limanının binasına gətirir, lowcosterlərdə isə təxminən 150-200 metr piyada getməlisiniz təyyarəyə qədər, bəli bəli idman sağlamlığın rəhnidir.Həəə gəldik əsas məsələyə. Bu tip hava yollarında hər zaman baqaj limiti vardır. Məsələn WizzAirdən bilet almısınızsa özünüzlə 42x32x25 sm ölçüsündə kiçik bir bel çantasını pulsuz təyyarənin kabinəsinə keçirə bilərsiniz. Yox əgər mən getdiyim yerdə şoppinq edəcəm, yükümü daşımağa 1 karvan dəvə lazımdır deyirsinizsə, onda əlavə ödəniş etməklə böyük bir çamadanı istədiyiniz yerə daşıya bilərsiniz. Əlavə məlumatı bu linkdən ala bilərsiniz.Yox əgər siz EasyJetdən bilet almısınızsa, baqaj məsələsində EasyJet bir az daha insaflıdır. Pulsuz özünüzlə 56x45x25 sm ölçülü bir çanta və ya çamadanı pulsuz daşıya bilərsiniz. Digər məlumatları bu linkdən əldə edə bilərsiniz. Qeyd edim ki, baqaj qaydaları çox sərtdir bu hava yolları şirkətlərinin. Dedikləri ölçüdən 1 sm böyük olsa belə əlavə ödəniş tələb edə bilərlər sizdən, ona görə evinizi tərk etmədən yüz ölçüb, bir biçin çamadanınızı.Əgər getdiyiniz istiqamətə bu 3 hava yollarından bilet tapa bilməsəniz və ya mən Wizz, Ryan kimi дешевый havayolları ilə uçmaq istəmirəm desəniz digər alternativlər də yox deyil. GermanWings, EuroWings, Transavia və s. şirkətlər var ki, lowcost və normal qiymətli hava yollarının qiymətləri arasında bir uçuş təklif edirlər. Dünyadakı bütün lowcost hava yollarının siyahısı ilə isə buradan tanış ola bilərsiniz.Indi isə gəldik lowcost havayolları ilə bağlı ən çox dedi-qodusu edilən amma tamamilə yalan olan mövzuya. Lowcosterlərlə bağlı dolaşan ən yalan məlumat onların təyyarələrinin köhnə olmasıdır. Ümumiyyətlə lowcosterlər təyyarələrini dayanmadan uçuşlara göndərdiyindən hər zaman təyyarələrinin saz və yeni olmasına fikir verir. Məsələn www.planespotters.net saytına görə WizzAirin təyyarələrinin orta yaşı 4 ildir, ən yeni təyyarənin 1 ay, ən qocamanının isə 8.7 yaşı var. RyanAirin isə toplamda 417 təyyarəsi var və onların orta yaşı 6.7 ildir. EasyJetin 375 təyyarəsinin orta yaşı 6.4 ildir. Bizim “normal” qiymətli olaraq qəbul etdiyimiz havayollarının təyyarələrinə baxaq. Türk Hava yollarının 398 təyyarəsinin 6.6, Lufthansanın 583 təyyarəsinin 11.4 yaşı var. Yəni lowcosterlərlə uçmaq heç də deyildiyi kimi, təhlükəli deyil.Yox əgər getdiyiniz istiqamət elə də uzaqda deyilsə (məsələn mənim Brno səyahətim kimi) müxtəlif ölkələrin dəmir yolları sistemlərindən, Eurolinesın çooox rahat avtobuslarındanistifadə edə bilərsiniz. Eurlonesin getdiyi istiqamətlər, vaxtlar və qiymətləri saytlarından yoxlaya bilərsiniz.Yerüstü nəqliyyatla və qatar, avtobusdan ucuz səyahət etmək qərarına gəlsəniz BlaBlaCar avtomobil paylaşım saytı yardım əliniz sizə uzadacaq. Nədir BlaBlaCar? BlaBlaCar eyni istiqamətə gedən insanları özündə biləşdirən, hələlik dünyanın 18 ölkəsində istifadəyə verilmiş avtomobil paylaşımı saytıdır. Məsələn kimsə Kiyevdən Polşanın Krakov şəhərinə avtomobillə səyahət edirsə, BlaBlaCar saytına girib elan verir ki, 15 dekabr saat 9da Kiyevdən çıxacam, 3 ədəd boş yer varim, istəyən qoşula bilər. Yəni bir növ 20 Yanvar metrosunda olan “Cəllabada 1 son nəfər”in daha mədəni və “qanuni” forması. Məqsəd avtomobil sahibinin xərclərini sərnişinlər arasında bölüşməkdir. Avtomobil sahibi nə zaman məkanı tərk edəcəyini, getdiyi məkana nə zaman varıb gələcəyini, neçə nəfər üçün boş yeri olduğunu, avtomobildə siqaret çəkməyə icazə olub olmadığını, səyahət ərzində neçə dəfə və neçə dəqiqə fasilə verəcəyini, avtomobilinin rahatlılıq dərəcəsini, ev heyvanlarına icazə verib-vermədiyini və bu kimi detalları və son olaraq da nə qədər ödəniş edəcəyinizi qeyd edir. Avtomobil sahibinin ilk təcrübəsi deyilsə, əvvəlki sərnişinlərin sürücü haqqında fikirlərini də oxuyub daha sonra bu sürücü ilə gedib-getməyəcəyinizə qərar verə bilərsiniz. Bəxtiniz gətirsə sürücünüz və ya yolyoldaşlarınız maraqlı insanlar olsa, sizi unudulmaz bir səyahət, bəzən yeni dostluqlar gözləyir yox əgər olmazsa bu halda ən azı mənzil başına daha ucuz gedib çatacaqsınız. Blogpostumuzun sonuna gəldik, ümid edirəm ki, maraqlı və yayarlı oldu. Növbəti yazım romantiklərin sevimli məkanı, sevgi şəhəri Parisdən olacaq.Sonda 43 milyon insanın baxdığı bu möhtəşəm reklamı sizlərlə bölüşmək istədim. Yeni bloqpostlara qədər…[youtube https://www.youtube.com/watch?v=zIEIvi2MuEk]Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

2116 dəfə oxunub

Niyə təyyarələr əsasən ağ rəngdədir?

Təyyarələrin ağ rəngdə olmasının 5 səbəbi:Belə bir test edək. Portağılın rəngi nə rəngdir? Narıncı. Bəs Təyyarənin? Çoxunuz ağ rəng deyəcək. Bilirəm bəziləri də deyəcək ki, ağ rəngdən də başqa rəngdə olur. Məs S7-nin əsas hissəsi yaşıl və WizzAir- in isə bənövşəyi rəngdədir. Bəs niyə görə bu qədər hava yolları ağ rəngə üstünlük verir. Gəlin səbəblərinə baxaq:1)İnsanların ağ rəngə yay aylarında üstünlük verməsinin səbəbi günəş işığını özündən əks etdirməsidir. Təyyarə istehsalçıları da bu prinsipi əsas tutaraq təyyarəni sərin saxlamaq üçün bu rəngə üstünlük verirlər. Bundan əlavə ağ rəng günəş şüaları radiasiyasını minimuma endirir. Təyyarələrin bütün hissəsi metaldan ibarət deyildir. Bəzi hissələri plastik, karbon-fiber və fiber-glass-dan istifadə olunur. Günəş şüalarına ən çox məruz qalan hissə də elə bu hissələrdir. Ona görə də qızğın günəşdən ən çox qorunması lazım olan yerlər. təyyarənin burun və kontrol hissələri daxil olmaqla ağ rəngdə olmalıdır.2)Henri Ford dövrünün məşhur biznesmenlərindən olub belə bir söz demişdir. İstənilən müştəri qara rəngdə olduğu müddətdə istədiyi rəngə boyanmış bir maşına sahib ola bilər. OK, bildim bir az qarışıq oldu. Qısaca demək istəyir ki, ən dəbli maşınlar qaradır. Bu sözü ilə maşın industriyasında inqilaba səbəb oldu və bugün ən çox sürülən maşınlar qara rəngdir. Amma bunu deməkdə əsas məqsəd qara rəngli maşınların istehsalının daha ucuz başa gəlməsidir. Təyyarələrdə isə ağ rəng daha ucuz başa gəlir. Əlavə rənglərdən istifadə ekstra 50,000$-dan 200,000$-a qədər xərcə başa gələ bilər.3)Digər rənglərdən istifadə təyyarənin ağırlığına 450 KG-dan əlavə çəki əlavə edir və təyyarə ağırlaşır. Daha çox ağırlıq daha çox yanacaq sərfiyyatı deməkdir.4)Əlavə rəngin gətirdiyi ağırlıq ,yanacaq sərfiyyatı və bahalı olması onu gələcəkdə satmaq üçün ciddi problem yaradır. Çünki siz daha ucuza daha az yanacaq sərfiyyatı istifadə edən eyni keyfiyyətdə məhsulu ala bilərsiniz. Niyə əlavə pul ödəyəsiniz ki. Əgər gələcəkdə bir müddətdən sonra satılmağı düşünülürsə bu məqamlar düşünülməlidir.5) Təyyarənin üzərində olan cızıq və ya xəsarət ağ rəngdə daha tez nəzərə çarpır. Hətta təyyarə qəza uğrayıb dənizə və ya okeana düşsə xilasedicilər yerini tez aşkar edib kömək edə bilirlər.Bu məlumatlarım sizə uçuş zamanı necə kömək edəcəyi barəsində bir fikrim yoxdur. Amma əminliklə deyə bilərəm ki, siz bu məlumatları bilən tək-tük sərnişinlərdən biri olacaqsınız????P.S. Şəkildəki dünyanın ən böyük sərnişin təyyarəsi Emirates-in "Airbus A380plus" modelidir. 2 mərtəbəli olub maksimum 853 nəfər sərnişin daşıya bilir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nurlan Jabrayilov

3452 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!