1660 dəfə oxunub

5 aylıq uşaqla Karib Səyahəti

5 aylıq uşaqla Karib Səyahəti necə olar?
????
5 ay əvvələ kimi belə bir post yazacağım ağlıma gəlməzdi.
????
Bu Yeni ilə siz də məni bağışdıyun, evdəkilərnən Karibə getməyə qərar verdik. 5 aylıq uşaqla 16.5 saat Dubay – Mayami və 14 saat geriyə olan əsas uçuşlarımız idi. Ümumi cəmdə 40 saata yaxın uçuşlarda olduq.
✈️
Səyahət Ölkələri: ABŞ (Mayami), Puerto Riko, British Virgin və Dominikan Respublikası oldu.
????????????????????????????????
Viza: Tək ABŞ vizası bütün ölkələr üçün kifayətdir. Mən və yoldaşımda son 3 ildə aktiv B1/B2 vizamız olduğu üçün onlayn problemsiz uzadırdıq amma ortaya bir vizasız uşaq çıxdı. Hansıki, son 3 ildə nəinki vizası, heç özü də olmamışdı. Bu hal üçün adını reklam xarakterli olduğu çəkmədiyim viza şirkəti konsulluğa mənim adımdan yaxşı bir məktub yazdı və sağolsun konsulluq əməkdaşları, uşaq üçün də yer açdılar və vizaları aldıq.
Biletlər: Dubay-Mayami-Dubay biletini Emirates ilə gözlədiyimdən 2 qat ucuz qiymətə 634 Dollara aldıq. Normalda bu bilet 1200 dollar ətrafı olur. Bileti uşaqlı aldıq deyə, Emirates ilk sıranı pulsuz verdi. Uşaq üçünsə, xüsusi yataq quraşdırır. Uşaq elə bil First Classda gedir. Emirates ürəhdir!
Karib adaları arasındakı uçuşları isə loukosterlərlə etdik və hər uçuş təxmini adambaşı 100 dollara başa gəldi.
Otellər: Dominikan xaric hamısı baha başa gəldi. Mayami və Puerto Rikoda Yeni İl günlərinə düşdüyü üçün çox baha oldu. Günlük 250 Dollar+. British Virginin isə normal vəziyyəti də elə bahadır, ona görə guya ki, daha ucuz olan Airbnb ilə kotec tutduq. Ora da bir Nivanın pulunu qoyduq. Aralarında ən budget-friendly olan Dominikan Respublikası oldu. Santo Domingoda tam mərkəzdə 2 queen bedli geniş bir otağa günlük təxmini 95 Dollar ödədik. Punta Kanada isə limitsiz içki və yemək daxil olan super cool bir otelə (Bavaro Hotel Group) ailəlikcə kotec üçün 250 dollar ətrafında bir məbləğ ödədik.
Ölkələri analizi:
Mayami – düşünürəm ki, hamının “must see” listində olmağa layiq şəhərdir. Əsas görməli yerləri Miami Beach (GTA Vice City oynayanlar yaxşı xatırlayar o küçələri), Design District və tamamilə Kubanı xatırladan Calle Ocho – Little Havanadır.
????
Puerto Riko – Mənə Kubanın tam təmirli versiyası kimi təsir bağışladı. Maraqlıdır, gözəldir amma ucuz deyil. Büdcəni nəzərə alın. Özlərini ABŞ-ın 52-ci ştatı sayırlar və US passportları var.
????
British Virgin – Bura gizli cənnətdir. Gələn azdır və əksəriyyət yaxtalarla və kruizlərlə gəlir. Həm təhlükəsizlik, həm qiymətlər yüksək səviyyədədir.
????
Dominikan Respublikası – mən çox sevdim. Müstəqil ölkədir, ucuzluqdur. Santo Domingo tarixi, Punta Kana istirahət, çimərlik mərkəzidir. Santo Domingo Kolumbun ailəsi ilə birgə Amerikalarda ilk məskən saldığı yerlər olub və oğlu uzun müddət burada yaşayıb. Bütün Amerikaların ilk pabı (1505-ci ildə salınıb) məhz bu şəhərdədir. Punta Kana isə “all inclusive” gözəl otelləri ilə ad qazanıb.
????
Hər ikisinə getməyə dəyər. Oteldə Santo Domingodan Punta Kanaya transfer qiyməti 180 dollar dedilər. Açdım, UBER sifariş etdim, 100 dollara çatdırdı bizi. Nəzərə alın.
Uşaqla səyahətin çətinlikləri?
????
1. “Təyyarədə səs-küy salıb, hamını narahat edər” deyib, uşaqlarını bu yaşlarda səyahətlərə aparmayan yüzlərlə valideyn var. Ala, kef edin!
????
Sizə uşağınız dəyərlidir, yoxsa təyyarədə olan həyatda bir daha rastlaşmayacağınız insanlar?! Sizə deyim ki, xaricilər bu mövzuda çox etikdirlər və uşağın ağlamasına sifət etmirlər.
2. Uşağın yeməyi? 6 qab smes aparmışdıq 15 günlük səyahət üçün) Hamısını məhv etdi)
????
Mən şəxsən uşaqla səyahətdən zövq aldım və davamlı edəcəm!
P.S 5 aylıq oğlum Pamirin səyahətlərini Instagramda izləyə bilərsiniz. @pamir.aghayev

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Baba Aghayev

DİGƏR BLOQLAR

Polşanın xizək mərkəzi - Zakopane

Zakopanedəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu dəfə Krakova gələndə videolardan görüb nağıllar aləminə bənzətdiyim Zakopane şəhərinə mütləq baş çəkməyi özümə söz vermişdim. Dünyanın demək olar hər qitəsindən, Braziliyalıdan tutmuş Şri-lankaya qədər 10 nəfərlik bir mehriban komandayla yola çıxdıq.Zakopane Krakovdan avtobusla 2-3 saatlıq məsafədə yerləşir. Hər gün transport var, Krakow Glowny stansiyasına gedib kassaya yaxınlaşıb bilet almaq kifayətdir, biletin qiyməti 18 zloty-dur. Biz şəhər mərkəzinə yaxın üzü dağlara gözəl mənzərəsi olan bir villa kirayələmişdik. Bir günlük bu evdən zövq almanın dəyəri ümumi 123 dollara başa gəldi (qrupda isə hər kəs 46 zloty ödədi). Villanın linkini paylaşıram (https://www.booking.com/hotel/pl/willa-u-teresy.tr.html). Təbii olaraq bu şəhərə gəlib xizək sürmədən də olmazdı  Deməli, Zakopane stansiyasından yuxarıda, şəhərə gedən avtobuslar dayanacağına yaxın turist informasiya mərkəzi var. Sən demə, elə oradan ləvazimatları kirayə edir, behini verir, ölçülərini götürürlər, sənin üçün hər şeyi bir gün qabaqcadan hazır edirlər, profesional instruktor da verir və hələ gəlib evdən götürüb səni dağa da aparırlar, sonra şəhər mərkəzinə də gətirib qoyurlar  Və bütün bunların qiyməti bizim Şahdağ rezortu ilə müqayisə edilməyəcək qədər ucuzdu. Həm xizək geyimi, həm ləvazimatları, instruktor və ski pass ilə birlikdə cəmi 200-cə zloty xərcim çıxdı  Necə öyrədirlər? Olduqca dəqiq, praktika ilə, hər kəsə individual yanaşaraq. Mehriban, zarafatcıl və səmimi instruktorumuz Jane sayəsində isə nəhayət bu xizək məsələsini də öyrəndim. Gələk görüləsi gözəl mənzərələrə.Bizə çox yardımcıl, xizəkləri verən turist informasiya mərkəzində dedilər ki, Gubalowka dağına qalxıb oradan sunset, yəni gözəl gün batışı mənzərəsini seyr edə bilərsiniz. Gubalowka dağına qalxmaq üçün şəhər mərkəzində funklyora 22 zloty-a gediş-gəliş bilet alırsınız və möhtəşəm, rənglərə bürünən səmanı seyr etmək fürsətiniz olur. Sadəcə funklyorla dağa qalxdıqdan sonra 20-cə dəqiqəlik biraz yol qət etməyiniz lazım gələcək. Səhəri gün isə Kasprowy Wierch dağına gedib bir tərəfi meşə, digər tərəfi qarlı dağlar olan zirvəyə qalxdıq. Burada kofenizi alıb, yellənən oturacaqlarda oturub relax edə, ruhunuzu dincəldə bilərsiniz. Restoranda kofe üçün 6 zloty, piroq üçün isə 8 zloty pul ödədim. Sonra yadıma bir dönərin 8 manata olduğu Zirvə rezortunun restoranları yadıma düşdü. Bura qalxmaq üçün 40 dəqiqəlik hiking etdik ki, kanat üçün 65 zloty gediş-gəliş məsələsində qənaət edək. Bizim artıq səhər gün skipassımız yox idi. Burada tək baha olan şey kanatların qiymətidir. Amma həmin gün üçün ski pass-ınız varsa, pul ödəmənizə ehtiyac olmur. Sonra şəhərə enib gecə gəzintisinə çıxdıq. Şəhər yolları boyunca bəzəkli yeriyən atlar, işıqlar və arxitektura sayəsində özünü nağılda hiss edə bilirsən. Axşam yeməyini isə “Owczarnia” adlanan bir restoranda yeməyi qərara aldıq. Maraqlı mühiti, canlı milli Polyak musiqi, dadlı ət yeməkləri, möhtəşəm heyəti olan bu restoranda 10 nəfərlik 380 zloty-ə ət seti sifariş etdik və hələ artıq da qaldı  Ümumilikdə şəhər necə deyərlər, huzur dolu, insanları mehriban, yardımsevər və gəzib-görməyə mütləq dəyər bir şəhərdir. Xizək və snoubord həvəskarları üçün xüsusilə highly recommended! Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Maryam Nuruzade 

1344 dəfə oxunub

Amalfi sahilləri - Positano bələdçisi

Ona İtaliyanın ən romantik qəsəbəsi də deyirlər. Bəli, söhbət Amalfi sahillərində yerləşən Positanodan gedir. Positanoya həm Romadan, həm də Napolidən getmək mümkündür. Mən Napolidən getməyi seçdim. Amma bu səhvi mən etdim, siz etməyin. Avropanın göbəyində bu qədər çirkab görəcəyimi ağlıma belə gətirə bilməzdim. Mərkəzi küçələrində belə dolub-daşan zibil yeşikləri, üfunət qoxusu - Napolidən mənə qalan xatirələr oldu. Əbəs yerə İtaliyanın ən çirkli və ən təhlükəli şəhəri adını almayıb ki?!. Və ilk dəfə bir şəhəri daha çox gəzməkdən imtina edib, otel otağında oturub qatarımın vaxtını gözləməyi seçdim.Bu şəhəri çox yerdən-yerə vurdum. Bir az da yaxşı sözlər deyim. Yəqin ki, pizzanın vətəninin Napoli olduğunu bilirsiniz. Bizdən fərqli olaraq, burada pizzalar daha çox sadəliyi ilə, daha dəqiq desəm, üstündə heç nə olmaması ilə seçilir. Hardasan ay bizim toyuqlu, qiyməli, sosikalı, kolbasalı, zeytunlu, bibərli, göbələkli pizzamız deyə-deyə üstü bomboş olan, Bakıda üzünə baxmadığımız Marqarita pizzasını yeməli olduq. Pizzanın vətəni olan Napolidə nə az, nə çox, düz 800 pizzacı var. Onlardan ən məşhuru isə 149 yaşlı L’antica Pizzeria da Michele-dir. Bu qədər qədim və məşhur bir pizzacı olasan və cəmi iki növdə pizza təqdim edəsən: o da ki, Marqarita çeşidləri. Amma di gəl gör ki, pizzeriyanın önündə bir növbə olur ki, 90-cı illərin Bakısının çörək növbəsi onun yanında heç nədir. Culiya Robertsin “Eat, Pray, Love” filmi ilə məşhurluğuna məşhurluq qatan bu pizzeriyadan sonra buralara gəlib çıxma səbəbim olan Positanoya yollanıram.Rəng, qoxu, huzur...Cəmi 4 min əhalisi olan, amma il ərzində 5 milyon turist qəbul edən Positano... Belə yerdə deyiblər, “bir balaca boyu var, dam dolusu toyu var”. Özü də nə dam dolusu?! Hər addımında bir başqa gözəllik... Bilmirsən hansı tərəfə baxasan. Bir tərəfdə masmavi dəniz, bir tərəfdə sıldırım qayalıqlar, bir tərəfdə rəngli evlər...“Positanonu 3 sözlə təsvir et”, - desələr, ilk ağlıma gələnlər bunlar olar: rəng, qoxu, huzur. Qəsəbənin rəngli dünyalı insanları evlərini də rəngbərəng boyamağı seçiblər. Bir rəssam fırçasından çıxmış kimi rəngbərəng, özünəməxsus evlər düşünün. Buna bir də limon ağaclarının və begonvillərin qoxusunu əlavə edin. Ortaya çıxan nəticə isə huzurdur.Positano əvvəllər kiçik bir balıqcı kəndi imiş. 1953-cü ildə tanınmış yazıçı Con Steynbakın bir moda jurnalına yazdığı məqalə ilə kəşf edilir və bugünkü məşhurluğuna çatır. Buna da qələmin, sözün gücü deyirik.Positano paytaxtı Napoli olan Campania bölgəsinin qəsəbələrindən biridir. Amalfi sahillərində yerləşən bir qəsəbə. Positano adını eşitməsəniz belə, Amalfi sahillərini eşitməməyiniz mümkün deyil. UNESCO Dünya Mirası siyahısına düşəcək qədər məşhur sahillərdir. Şairlərə, yazarlara, sənətkarlara ilham qaynağı olacaq qədər gözəl Amalfi sahilləri “National Geographic” tərəfindən də ən gözəl yolu olan yerlərdən biri seçilib.Sorrentodan Solernoya körfəz boyunca 50 kilometrlik məsafədə uzanan, iri qayalıqların yamaclarına naxış kimi səpələnən bir-birindən rəngli qəsəbələrin toplusudur Amalfi sahilləri... Cənnətdən bir parça da deyə bilərik bu yerlərə. Amalfi adı mifologiyadan gəlir. Yunan mifologiyasından tanıdığımız Heraklesin aşiq olduğu su pərisinin adı imiş Amalfi. Sevdiyi gənc yaşda öldükdə Herakles onu dünyanın ən gözəl yerində dəfn edəcəyinə söz verir. Həmin yer olaraq Amalfi sahillərini seçir və buraları sevdiyinin şərəfinə adlandırır.Positano, Praiano, Conca Dei Marini, Amalfi, Atrani, Ravello, Minori, Maiori və Vietri Sul Mare qəsəbələrindən ibarətdir Amalfi sahilləri. Bunların ən gözəli isə, heç şübhəsiz ki, Positanodur. İtaliyanın ən romantik qəsəbəsi olan Positano...Belə gözəlliyin də gözəl qiymətləri olacaq, təbii ki. Dəniz sahilinə endikcə restoranlar da, otellər də od tutub yanır. Yuxarı hissələrində, mərkəzdən və sahildən kənar yerlərində qiymətlər daha münasibdir. Çimərlikləri də çox məşhurdur Positanonun. Amma elə bilməyin ki, burada hər şey pulludur. Belə ki, çimərlikləri tam pulsuzdur. Təbii ki, əgər şezlonq və çətir götürməyəcəksinizsə. Şezlonq və çətirləri isə sahildəki kafe və restoranlar işlətiyi üçün onların müqabilində pul ödəmi olursan. İyul, avqust ayları ən qonaq-qaralı vaxtlarıdır Positanonun. İynə atsanız, yerə düşməyəcək qədər qonaq-qaralı...Dik yamaclarda bir-birinin üstündə tikilən rəngbərəng evləri, çəhrayı-bənövşəyi begonvilli, limon qoxulu, ilan kimi qıvrıla-qıvrıla sahilə enən dar küçələri ilə dünyanın ən sevimli qəsəbələrindəndir Positano. Əzəmətli qübbəsi ilə seçilən “Majolica” kilisəsinin qəsəbəyə qatdığı gözəlliyi fotoaparatımızın obyektivinə köçürərkən, Xristofor Kolumb küçəsində yeriyərkən, La Zagarada qəhvəmizi içərkən, Positano mənzərəsinin ən gözəl göründüyü yer olan Le Sirenuse otelinin terrasında ən gözəl şəkillərimizi çəkməyə çalışarkən zamanın necə keçdiyini bilmirik... Heç oyanmaq istəmədiyi bir yuxunun içində hiss edir burada insan özünü...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: ‎‎‎Rena Karimova

3517 dəfə oxunub

Niyə vizadan imtina alırıq?!

Viza müraciətləri ilə bağlı dəfələrlə müxtəlif statuslar bölüşülüb burada. Niyə biz imtina alırıq sualları ilə. Son 3 ildə bugünədək 1000-ə yaxın viza müraciətinin içində olmuşam. Ümumi olaraq çıxardığım nəticələri sizinlə bölüşmək istərdim. Heçkimlə mərcləşmək üçün deyil bu post. :) Dediyim kimi 100-lərlə viza müraciəti əsasında çıxardığım nəticələrdir: Bir konsulun sənədlərə baxıb, nəticə çıxardığı onlarla nüans var. Bunları 3 qrupda birləşdirmək olar: I. Ölkəyə Bağlılıq Sizi ölkəyə bağlayan məqamlar hansılardır və nəyə görə qayıdıb gələcəksiniz. Ailəniz, iş yerinizdəki vəzifəniz, həmin şirkətin neçə illik işçisi olmanız, şirkətinizin nüfuzu, maaşınız, adınıza olan mülklər və s. II. Səyahət Tarixçəsi Nə qədər gəzmisiniz? ABŞ, Kanadaya gedirsinizsə, yaxın Avropaya baş çəkmisinizmi heç olmasa? Yoxsa mən necə inanım ki, siz qaçmırsınız? III. Maliyyə Statusu Bank hesabınız, bank hesabınızla maaşınızın birbirinə uyğunluğu (çoxları buna fikir vermir) və s. Bunlardan əlavə nəzər yetirilməli digər məqamlar:        1. Hansı ölkə vizasına müraciət etməkdən asılı olmayaraq, həmin ölkədə hansı şəhərə gedəcəyinizi, həmin şəhərə NİYƏ gedəcəyinizi, həmin şəhərdə HARALARI gəzəcəyinizi təyin edin. Gəzəcəyiniz yerlərin 1-2sinin adını əzbər öyrənin.       2. Mehmanxananız təxmini olaraq hara yaxındır, öyrənin. “Niyə bu mehmanxananı seçmişiniz?” sualına səmimi cavabınız olsun. Çünki büdcəmizə uyğundur. Çünki Eyfelə yaxındır. Çünki bu otellər şəbəkəsinə loyalam. Çünki pəncərələri okeana baxır. Çünki yanında Shopping Mall var. Hava limanının yaxınlığındadır və s.       3. Sənədləri sizin üçün kimin hazırlamasından asılı olmayaraq baxın, bütün sənədlərinizin nədən ibarət olması ilə bağlı məlumatlı olun. Çünki əksər hallarda o sənədləri səfirliyə siz təqdim edəcəksiniz və səfirlik əməkdaşlarının sualları yarandığı təqdirdə siz məlumatlı olmalısınız.     4. Ölkənin iqtisadi vəziyyəti pisləşdikcə emiqrasiya artır. Bu vəziyyətdə özünüzü “hamı mənə borcludur” kimi aparmayın. Səfirliklərdəki işin, viza qərarının insan hüquqlarına heçbir aidiyyatı yoxdur. Yəni səfirlik işçiləri sizə vizanı verməkdə borclu deyillər. Real dünyaya qayıdın.       5. Sizdən hansı sənədlər istənilirsə, heç olmasa onları tam hazırlayın. Sənədin çox olması problem deyil, uzaqbaşı nəyisə özünüzə qaytaracaqlar. Az olması isə problemdir.       6. Hər an telefon zənginə hazır olun. Səfirlik işçiləri həm sizə, həm iş yerinizə zəng edib, dəqiqləşdirmə apara bilərlər.       7. UK-də Ərizə Formasında Maliyyə rəqəmlərinə ciddi fikir verin. Sualları siz nə gəldi doldurasınız deyə, qoymayıblar.       8. Öz səfər məqsədinizi ya Application Formlarda, ya da əlavə məktubla tam izah edin. Səfər məqsədinizi dəqiqliklə göstərin.      9. Şengendə bir neçə ölkəyə səyahət edəcəksinizsə, təkcə Bakı – Roma (məsələn) – Bakı deyil, həm də Roma – Paris, Paris – Madrid, Madrid-Roma biletlərinizi də qoyun.      10. Bəzi səfirliklər qoyduğunuz bron bileti sonradan alıb gətirmənizi tələb edə bilər ki, vizanı versin. Məsələn Yunanıstan səfirliyi. Sonradan çox xərcə düşməyəsiniz deyə, mümkün qədər reallıqda alacağınız biletin bronunu qoyun.      11. Qərbi Avropa Ölkələri (İsveçrə və Lixteynşteyndən (ona da İsveçrə baxır) başqa) booking.com qəbul edir. Şərqi Avropanın isə əksəriyyəti imzalı, peçatlı otel vauçeri tələb edir. Bəziləri hətta mütləq ödənişin olunmasını, bəziləri isə tam ödənişin olunmasını tələb edir.      12. US viza müsahibəsinə yola verdi hazırlaşmaq, 160 dolları havaya atmaqdır. Bütün dünyanın arzusunda olduğu ölkədir, niyə də belə ciddi intervyu etməsinlər?! Qınamağa heç haqqımız da yoxdur. Ondansa reallığı qəbul edib, suallara dürüst, dolğun cavab verin. Ən yaxşı taktika dürüstlükdür.      13. Çoxları yazır ki, səfirlik işçiləri bizimlə kobud davranır. Onları o vəziyyətə biz özümüz salmışıq. Necə? Səfirliyin veb səhifəsindən yazılan cavabları oxumadan təkrar-təkrar eyni sualları verməklə. 5 sənəd istənildiyi halda, 3 sənəd gətirib, özümüzü 5 sənəd gətirmişik kimi aparmaqla. 35 Avro verib, elə bil kartof alırıqmış kimi, vizamızı tələb etməklə. Bu insanlar hərgün eyni suala 100 dəfə cavab verir, eyni hallarla təkrar təkrar rastlaşırlar. Birazca anlayış göstərib, yaxşı mənada onları yola verək.      14. Şengen zonası, Avropa Birliyi və Avrozona fərqli anlayışlardır. Birincisi coğrafi birlikdir və öz aralarında sərhəddi götürmüş 26 ölkəni nəzərdə tutur. İkincisi iqtisadi və siyasi birlikdir. Üçüncüsü isə maliyyə/valyuta birliyidir. Tək girişli Şengen vizası aldıqda 26 ölkə üzrə (Avstriya, Macarıstan, Almaniya, İspaniya, İslandiya, İtaliya, Latviya, Lüksemburq, Malta, Yunanıstan, Hollandiya, Belçika, Danimarka, Norveç, İsveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Fransa, Finlandiya, Çexiya, İsveçrə, Lixteynşteyn, Litva və Estoniya) sərhədsiz hərəkət etmək imkanı qazanırsınız. Lakin son zamanlar müəyyən hallarda ölkələrarası qeyri-formal məntəqələrdə nəqliyyatı saxlayıb, Şengenin hansı ölkədən alındığını və s sorğulayırlar. Qaydalara əsasən siz bir neçə Şengen ölkəsində qala bilərsiniz. Lakin vizanı ən çox qalacağınız ölkədən almanız lazımdır. Yuxarıdakı Şengen ölkələri içərisində Monako, San Marino, Vatikan olmasa da, bu ölkələr də tək girişli Şengen ilə səyahət etmənizə icazə verilən ölkələrdir. Rumıniya, Xorvatiya və Bolqarıstan Avropa Birliyi üzvləridir lakin Şengen üzvləri deyil. Amma Multiple Entry Şengen vizanızla bu ölkələrə də gedə bilərsiniz. Lakin diqqət edin ki, Multiple Entry Şengen vizanızın ilk səyahəti Şengenə olmalı, sonradan bu ölkələrə keçməlisiniz. Serbiya üçün tələblər tez-tez dəyişsə də, bura üçün də Double və ya Multiple Entry Şengen keçərlidir.      15. ABŞ Vizası ilə ABŞ-dan əlavə bir neçə Mərkəzi Amerika ölkəsinə səyahət edə bilərsiniz. Ölkələr bunlardır: Meksika, Honduras, Salvador, Nikaraqua, Kosta Rika, Panama, Dominikan Respublikası, Puerto Riko.      16. Bu sual da tez-tez verilir: Əgər London üzərindən US, Kanada, Avstraliya, Yeni Zellandiyaya uçursunuzsa və Londonda overnight qalmalısınızsa, şəhərə UK vizasız çıxa bilərsiniz. Şərtlər bundan ibarətdir ki, Londondan outbound uçuşunuz növbəti günün gecə 12sini keçməməli, həmin 4 ölkədən birinə uçuş biletiniz və vizanız olmalıdır.      17. Viza ala bilmirsiniz? Mən yerinizdə olsam, qapıda viza tətbiq edən və ya vizasız ölkələrə gedərəm. Nepal, Vyetnam, İndoneziya, Malayziya, İordaniya, Qətər, Livan, Kolumbiya, Ekvador, Montenegro, Bosniya, Makedoniya, Ukrayna, Türkiyə və daha necə gözəl ölkələr var. Gedin gəzin, səyahət tarixçəsi yığıb sonradan vizalı ölkələrə müraciət edin. Şanslarınız da yüksələcək. Kimlərinsə keysləri bu yazdıqlarımla yenə üst-üstə düşməyə bilər. Amma burada 1-2 deyil, 1000-ə yaxın viza keysinin verdiyi nəticələri qeyd etmişəm. 3 ildə bütün öyrəndiklərimizi yazsam, 100-ə yaxın punkt olardı. Ən çox soruşulanları qeyd etdim. Hərkəsə uğurlar.   Paylaşdı: Baba Ağayev

4832 dəfə oxunub

Almaniya ilə bizim fərqimiz…

Yeni iş imkanlarına qovuşmaq… Avropanın sərhdəsiz tərəflərindən istifadə edib yeni yerlər kəşf etmək… Övladlar üçün çəkişməsiz amma dayanıqlı həyatın bünövrəsini qoymaq…Fərqli-fərqli səbəblərə görə hər il Almaniyaya üz tutan həmvətənlərimizin sayı getdikcə artır. Bəziləri bu ˝passiv˝niyyətlə ömürlərinin sonuna qədər vətəndə qalır, digərləri isə risk edərək onəmli Köçü reallaşdırır.Almaniyada üç ilə yaxın yaşayan birisi kimi sizə Azərbaycanla Avropanın bu tayı arasındakı fərqi, qismən də olsa, anlatmaq istəyirəm. Buraya üz tutanlarda düzgün ilk təəssürat formalaşsın deyə, şəxsi təcrübəmə söykənərək, sizinlə kiçik də olsa ˝hal-qəziyyəni˝bölüşmək istəyirəm.Qərar verdim, gedirəm….Almaniya dünyanın ən dayanıqlı iqtisadiyyatına sahib olan ölkələrindəndir. Bu o deməkdir ki, buranı xəyal edən milyonlarla insan var və hamı burada firavan həyat qurmaq üçün dəridən qabıqdan çıxmağa hazırdır. Polşalı da, Venesuellalı da, Çinli də, hətta Panamalı da…Siz müxtəlif yollarla bura gələ bilərsiniz. Əgər Azərbaycanda İT sekotru üzrə təcrübə sahibi olmusunuzsa, proqramlaşdırma və ya data analytics, data engineering və s. üzrə püxtələşmisinizsə, onda narahat olmağa dəyməz. Sizi, belə desək, özləri tapacaqlar. Bu zaman köç bir o qədər də ağrılı olmayacaq. Həkimlərin də bir mənada üstünlüyü var. Son zamanlar pandemiyaya görə Almaniyada hər 20 min sakinə bir ixtisaslı həkim tələbatı irəli sürülüb ki, bu da imkanları artırır. Almaniyada iş bazarı və imkanları barəsində gələcək yazılarımda sizinlə ətraflı bölüşəcəm.  Bu bir intro idi.Xülasə, əgər siz nə həkim, nə İT mütəxəssisi, nə də digər strateji ixtisas sahibi deyilsinizsə, o zaman bura ya ali təhsil almağa, ya məcburi köçkün kimi, yaxud da qısa müddətli iş axtarışı vizası üzrə gələcəksiniz.Hər bir halda, sizə bunları tövsiyyə edərdim:Alman dili ən önəmli üstünlüklərdən biridir. Bu dili gəlməmişdən əvvəl ən az B2 səviyyəsinə qədər öyrənməkdə fayda varÖzünüzlə sizi ən az 1 il təmin edə biləcək vəsaitlə gəlin.Köç etməmişdən əvvəl hansı şəhərə getmək istədiyinizi dəqiqləşdirin. İmkan olsa bura bir səfər edin. Ümumi qayda belədir: Şəhər böyük olduqca iş imkanları da böyüyür, lakin rəqabət də artır. O deməkdir ki, burada kirayə ev, övladlara məktəb və ya baxça tapmaq imkanı çox aşağı olur. Həyat xərcləri də buna uyğun artır.Almaniya sənə ele belə yer deyil e, orda qayda qanun varBu hər birimizin beynində olan bir stereotipdir. Nə deyim, bir çox hallarda bu stereotip özünü doğruldur. Yox, sizi yanıltmayacam. Almaniya həqiqətən də hüquq dövlətidir. Əgər doğru sizin tərəfinizdədirsə, heç kim pulla satın alına bilməz, heç kim sizin əleyhinizə gedə bilməz. Amma bir məsələyə öyrəşmək şəxsən mənə çətin olmuşdu. İnsanların demək olar hər şeyə laqeyidliyi… Məsuliyyət məhfumunun tamam başqa prizmadan anlaşılması…Sizi inandırım ki, Azərbaycan ilə müqaisədə bu ağ və qaranın müqaisəsi kimidir.Sizə bir misal deyim, o zaman anlayacaqsınız. Almaniyanın nəqliyyat sistemi çox mükəmməl işləyir. Rəqəmsəllaşma templəri isə, çox aşağıdır. Yəni burda vağzallarda bəzən gedib kassada bilet almalı, məlumat soruşmalı olursan. Günorta saatlarında üç kassadan bəzən biri işləyir, növbədə rahat 20 nəfər olur. Və bu növbənin ortasında kassir 10 dəqiqəlik rahat kofe fasiləsinə gedir… Növbə isə böyüyür. Bu kassirin haqqıdır, pauzadan istifadə etməyi heç kim qadağan edə bilməz. Amma bizim üçün bu laqeyidlikdir.Almaniyada sizin özünüzü öyrəşdriməli olacağınız əsas məsələ, hər sosialist ölkəyə xas olduğu kimi, işlərin çox ləng getməsidir. Bura çox bürokratikdir!Burada həyat köçən insanlar üçün ən az bir ildən sonra gözəl olmağa başlayır. Ona qədər, bu bürokratiyaya öyrəşməli olacaqsınız. Məndə artıq buna qarşı immunitet hissi var. Həyat gözəldir :))Bəlkə də yazıma bir az minor notlarla başladım, amma doğrusu Almaniya çox gözəl ölkədir. Təbiəti, bolluğu, rəngarəngliyi onu yaşamaq üçün bənzərsiz edir. Lakin gəldikdən sonra əzmkarlıq göstərməli və özünüzü inteqrasiyaya məcbur etməlisiniz. Əks halda hər gün vətən üçün daha çox darıxacaq, əsas amalınızdan – firavan həyat qurmaqdan çəkinəcəksiniz.Münasibət başqa şeydir…Deyirlər Alman ilə Amerikalının müqayisəsi ananasla avokadonun müqaisəsi kimidir. Amerikalı avokado kimidir, gülərüz, mehriban, adam həmən ona etimad bəsləyir. Amma bir müddətdən sonra yumşaq avokadonun ortasındakı bərk çərdəyə yaman dəyirsən. Yəni münasibət üçün baryer yoxdur, lakin birdən elə badalağ gəlir ki, heç gözləmirsən. Alman isə əsl kokos kimidir, qabığı çox bərkdir, içində isə zərif südü var – əvvəl səninlə aralarında münasibət baryeri olur, lakin sonra səni tanıdısa hər zaman dürüst və yaxşı münasibətdə olacaq. Mən bunu öz təcrübəmdə sınamışam.Almanlar gəlmələrdən yorulublar, lakin demək olmaz ki, hamıya qarşı müxalifdirlər. Qərbi Almaniyadan şərqə getdikcə insan özgəliyi daha çox hiss edir. Ancaq sizi yaxından tanıyandan sonra bir çoxları fikirlərini dəyişir. Sözüm odur ki, bura gələndə ya özünüzü özgə hiss edəcəksiniz, ya da inteqrasiyaya hə deyərək cəmiyyətə daxil olacaqsınız.Hüquqlar daha orada da qorunmasın, harda qorunsun?!Azərbaycanlının zəngin olmaq məhfumu ilə Almanın zəngin olmaq məhfumları çox fərqlənir. Bizim üçün hər şey pulla ölçülür. Elə bilirik ki, hər şeyi ala bilirik. Alman isə puldan daha çox emosinal və mənəvi azadlığını zənginlik rəmzi sayır. Ona görə də Berlin, Frankfurt və Hamburg kimi böyük şəhərlərdə çoxlu sayda evsiz-eşiksiz, kücədə yatan insanlara rast gəlmək olar. Doğrusu mənim üçün ən böyük psixoloji hədd həmin evsiz ilə (hansı ki dövlətdən aylıq pul alır) və mənim (35% qədər dövlətə öz məvacibindən vergi verən şəxs) eyni hüquqa malik olmasıdır. Yəni əgər həmin evsiz, öz “kiçik ehtiyaclarını ödəmək” üçün binanın divarına və ya ağaca camaat içində üz tutarsa, sən ona heç nə deyə bilməzsən. Yoxsa sən hüquq pozursan və Almaniya kimi hüquqa söykənən dövlətdə bunun cavabını verməlisən.Görəsən necə olacaq…Mən Almaniyaya gələndən sonra özümə bir faktı aşkarladım. Əgər əzmkar olsan hər şeyə nail olarsan. Yalnız nadir hallarda insanlar burada “hazıra nazirI” həyatı sürə bilərlər. Bu cəmiyyət insanın öz potensial və bacarığını tam istifadə etməyə məcbur edir. Yəni Faydalı İş Əmsalı hər zaman yüksək olmaldır. Əgər planlı surətdə məqsədə doğru getsəniz o zaman Alman həyatı sizin üçün çox gözəl olacaq. Bura davamlı məhsuldar qüvvə qıtlığı ilə üz-üzə qalan Kanada və ya Avstraliya kimi deyil, burda rəqabət və əzmkarlıq var. Bəzi həmvətənlərimiz bu məsələnin ciddiliyini anlamırlar, bu səbəbdən də Almaniyada çox qala bilmirlər, ya da öz kürəklərini dövlətə dayayaraq məcburi köçkün kimi yaşamağa verirlər. Bu da bir çıxış yoludur. Amma belə fikriniz varsa, Azərbaycanda qalmağınız daha məsləhətdir. Rus demişkən – Хуже не будет.Önümüzdəki yazılarda sizə Almaniya həyatı barədə daha çox məlumat verməyə çalışacam.Xudahafiz!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tural Nəbizadə

2698 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!