1195 dəfə oxunub

Dəbdəbənin ünvanı - Dubay bələdçisi

Dubaydakı bütün otel, apartment və hostelləri bu linkdən book (bron) edə bilərsiniz.

Dubay səyahət qeydləri
Mart ayı üçün Bakı-Abu Dabi arasında olan wizzair biletlərinin sərfəli olduğunu görüb Dubay turu etmək qərarına gəldim. Yanvarın sonunda aldığım bilet qiymətləri baqajsız gediş-dönuş 80 avro, baqajla 160 avro idi. Hazırda növbəti aylara da bu qiymətlərə, endirim vaxtlarında isə daha ucuz bilet tapa bilərsiz. Ümid edirəm bu post mənim kimi ilk dəfə Dubay səfəri edənlərə kömək olar.
Deməli Abu-Dabi hava limanında gömrükdən keçib çıxışa gəldikdən sonra məlumat hissəsinə yaxınlaşıb Abu Dabi-Dubai İbn Battuta Mall arasında hər saat başı hərəkət edən express avtobusa 35 dirhəm ödəməklə bilet ala bilərsiz. (1 manat 2.16 dirhəmdir) Avtobuslar hava limanının çıxış qapısında dayanır və rahatdır. (Geri dönüşü də eyni avtobusla edə bilərsiz, 24 saat işləyir) Taksilər bahadır amma adam sayı çoxdursa taksi də sərf edər. Dubayda uber normal taksilərə görə xeyli bahadır. Normal küçədə dayanan bütün taksilərdə taksimetr var, açılış qiyməti 5 dirhəm, minimum ödəniş 12 dirhəm olacaq, qısa məsafələr üçün rahatdır.

- Harada qalmalı
Getməzdən əvvəl xeyli axtardım və sonda Dubai Marina bölgəsində qalmaq qərarına gəldim. Bundan sonra 100 dəfə getsəm də Marinadan başqa bir bölgədə qalmaram, məsləhətdir. Dubai Marina suni kanal vasitəsilə 2 hissəyə ayrılıb, sahil və yaxta hissəsi. Yaxta hissəsi ətrafında kafe, restoranlar, Marina Mall, Pier 7 restonlar qrupu və digər maraqlı yerlər var. Xüsusən hava qaraldıqdan sonra gəzib zövq ala bilərsiz. Beach of JBR hissəsində isə gününüzü sarı qumlu dəniz kənarında keçirə bilərsiz. Marina bölgəsində ərəblər azdır, adətən xaricilər burada yaşayır. Otel olaraq “Millenium Place Marina”nı seçdim, qiyməti sərfəli idi, normal otaq seçməyimə baxmayaraq pulsuz olaraq balkonlu marina mənzərəli otağa update etdilər, yeməkləri əla idi, məsləhət görürəm. Şəhərdə restoranlarda yemək qiymətləri xeyli bahadır, hazır olun.
- Hara getməli 
İlk növbədə telefonunuza “Get your guide” proqramını yükləyib gəziləcək yerlərə rahatlıqla bilet ala bilərsiz.Otellərdə təklif edilən tur qiymətləri xeyli bahadır, boşuna pul xərcləməyin. Metro, avtobus üçün 6 dirhəmə “nol card” alıb istifadə edə bilərlər. Həmçinin telefona nol card applikasiyasını yükləyib balansını da telefondan artıra bilərsiz. Metroda məsələn Marina DMCC stansiyasından Burj Khalifaya qədər 5 dirhəmdir. Eyni yola metronun gold class hissəsinin qiyməti isə 10 dirhəm idi. Çalışın elə biletinizi gold class hissəsinə alın. Silver class hissəsində demək olar ki, hind və pakistanlılar olur və dəhşət səs-küy edirlər, oturmağa yer də tapılmır. Gold hissədə isə turistlər, sakitlik və oturmağa yer + yerüstü çəkilmiş bu metro xətti ilə gözəl Dubay mənzərəsini izləyə bilərsiz.

- Nələr etməli:
1-Dubai Miracle Garden- Dünyanın ən böyük təbii gül bağı olan bu yerdə gəzməkdən doymaq olmur. Çiçəklərə bürünmüş “Airbus A380” isə parka daha çox maraq qatır. Giriş 35 manat, “Emirates mall”un qarşısından 105 saylı avtobusa minib birbaşa parka gedib qayıda bilərsiz. Avtobus qiyməti 5 dirhəm.
2-Aya Universe Dubai- Dubai Wafi mallda yerləşən 12 tematik parkdan ibarət bu möhtəşəm yerə mütləq gedin, unutmayacağınız xatirə olacaq. Fərqli tematik parklar ilk dəqiqələrdən sizi tamamilə fərqli, həyəcanlı, işıq, səs və ən son texnologiyalar kainatına aparacaq. Bura haqqında çox şey yazmaq olar, ən yaxşısı gedib gözlərinizlə görüb o, hissi özünüzün yaşamasıdır. Giriş qiyməti 45 manat.
3-Burj Khalifa və Dubay Fontan-Dünyanın ən hündür binası. Möhtəşəmdir. Yaxındakı fontan şoularının arxa fonunda daha da gözəl görünür. Binanın 124 və 125-ci mərtəbələrinə giriş bileti təxminən 90 manat, Fontanın şousu zamanı botla səyahət 30 manatdır. Arxa fonda Burj Khalifa mənzərəsi ilə şəkil çəkdirmək istəyirsizsə çalışın insanların az olduğu həftə içi günorta saatlarına qədər buraya gedin. Fontan şouları isə səhv etmirəmsə saat 18-dən sonra başlayır. Həftəsonu axşam saatlarında buraya getmək isə peşimanlıqdır, insanlar az qala bir-birini əzir.
4-Dubay Muzeyi (Al Fahidi Fort)- 1787-ci ildə inşa edilən və Dubayın ən qədim yeri hesab edilən bu qalaya gəldikdə Dubay muzeyini də gəzə bilərsiz. Maraqlı yerlərdən biridir, gedib gəzməyiniz məsləhət görülür. Marinadan bura gəlmək üçün qırmızı xəttlər DMCC-stansiyasından Burjuman stansiyasına gələ, oradan isə taksi ilə qısa məsafə və ya piyada gedə bilərsiz.
5-The view at the palm- Palm towerdə olan və 240 metr hündürlükdə yerləşən bu yerə getməklə dünyanın möcüzələrindən sayılan möhtəşəm Palm Jumeriaha baxa və gözəl şəkillər çəkə bilərsiz. Qiyməti 35 manat.
6-Souk Madinat Jumeriah- İçərisində İstanbulun kapalı çarşısı kimi bazarı olan bir yerdir. 7 ulduzlu Burj Al Arab mənzərəsi ilə şəklinizin olmasını istəyirsizsə gedə biləcəyiniz yerlərdən biridir.
7-Dubai Safari- Səhrada safari, kvadrosikl, dəvə minmək və Al Khayma kampının daxil olduğu 4-7 saat aralığında davam edən turu yuxarıda göstərdiyim proqramdan 60 manata ala bilərsiz. Gəlib birbaşa oteldən götürürlər və otelə qaytarırlar.
8-Global village- Dünyanın 80-90 ölkəsinin mədəniyyətlərini birləşdirən bu yeri heç bəyənməsək də, fərqli ölkələrin maqnit və ya hədiyyəlik əşyalarını almaq üçün baş çəkə bilərsiz. Getməsəz də bir şey itirmərsiz.
9-Dubai mall-Dünyanın ən böyük tiracət mərkəzlərindən biridir. Mağazalarda qiymətlər bizdəki qiymətlərdən xeyli bahadır. Mallda olan elektrotexnika qiymətləri də bizdən bahadır. Mallda gediləsi maraqlı yerlərdən biri Dubai Aquariumdur və əlavə pinqvin paketindən asılı olaraq qiyməti 70-100 manat arasında dəyişir.
10-Mall of Emirates & ski dubai-Emirates mall Marina bölgəsinə yaxın olduğu və içərisində olan Carefour hipermarketinə görə tez-tez gedirdim. Bu mallda olan ski dubai-ə gedib qışı yaşaya və xizək sürə bilərsiz. Mart ayında Bakının soyuğundan qaçıb yenidən qışı yaşamaq maraqlı olmadığından mənə maraqlı olmadı J
11-Aquaventure Waterpark- Palm Jumeriahda yerləşən dünyanın ən böyük su parklarından biri olan bu aquaparka giriş bahadır amma ömründə 1 dəfə gediləcək yerlərdən biridir. Giriş adambaşı 100 $-a yaxındır və bu qiymətə locker daxil deyil. Locker üçün də əlavə 75 dirhəm istəyirlər. Atlantis otelində qalanlar üçün parka giriş pulsuzdur.
12-Xline dubai Marina zipline- Dünyada şəhər içi ən uzun ziplayndır. Marinada göydələnlərin arasından keçən bu ziplaynı istifadə etməyi çox istəyərdim amma qiymətini gördükdən sonra səssizcə geri qayıtdım. Qiyməti 300 manat

Bunlardan başqa Dubai Creek, qızıl bazarı, ədviyyat bazarı, dubai frame, dubai future museum və digər maraqlı yerlərə gedə bilərsiz. Ucuz elektrotexnika tapmaq üçün Baniyas metro stansiyasından düşüb mağaları gəzə bilərsiz. Hər yer saxta mallar qaynayır, mənə etibarlı gəlmədiyi üçün heç nə almadım. Dubaya çox gedənlər yəqin ki, ucuz və etibarlı elektrotexnika alınacaq yerləri bilirlər deyə posta əlavə edə bilərlər. Mənə Dubay əvvəllər heç vaxt maraqlı gəlməsə də deyə bilərəm ki, əgər getməmisizsə wizzairin yaratdığı bu fürsətdən istifadə edib mütləq Dubaya baş çəkin, peşiman olmayacaqsız.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı:  Gəzgin Həyat

DİGƏR BLOQLAR

Rəngarəng Şri-Lanka bələdçisi

Kolombodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Şri-Lankayla bağlı çox suallar gəldiyi üçün post paylaşmaq qərarına gəldim.Qeyd edim ki, turla getməmişdim. Vizaya özüm müraciət etdim, 52$ ödədim və təsdiq həmin günü gəldi.Təsdiqin gəldiyi maildə arrival card üçün keçid olur və onu etmək və həmin arrival card-ı Şri-Lankaya endikdə immiqrasiyaya göstərmək lazımdır. Əvvəldən online etməsəniz,  hava limanında edə bilərsiniz və vaxt itirəcəksiniz.Maldivdən Şri-Lankaya getmək çox rahatdır, təxminən bir saat çəkdi, müxtəlif hava yollarından münasib qiymətə biletlər tapa bilərsiniz. Mən Emirates seçdim. İlk günü Kolomboda qalıb istirahət etdim.İş yoldaşım məni qarşıladı və Kolombonu biraz gəzdim, Sözün düzü Kolombodakı insanlarda nəsə qəribəlik var idi və o şəhəri tək gəzə bilməzdim. Uzun müddət adada yaşadığıma görə sahil deyil dağlıq şəhərlərdə qalmağa üstünlük verdim.2-ci gün Dəmiryol stansiyasına getdim. Qeyd edim ki, 3 klass var. I  klass biletini ay yarım əvvəldən almağa çalışdım, amma biletlər satılmışdı. II klass bileti isə dəmiryol stansiyasından ala bilərsiniz, Qatar rahatdı, qiyməti səhv etmirəmsə 300 Şri-Lanka rupisi idi.Əgər Nine arch korpusunden keçəcəksinizsə səhər 5:30 qatarıyla çıxmalısınız ki, havanın açıq olduğu vaxtda körpüyə çatasınız. Mən Ellaya qədər gedəcəyim üçün mənimçün fərq etmirdi və səhər 9:45 qatarı ilə çıxdım. Qatar cəngəlliklərlə, tunellərlə hərəkət edirdi və darıxmaq mümkün deyildi. Bəzən mağara kimi tunellərdən keçirdi. Divarlardan kiçik şəlalələr axırdı. Və belə axşam 8də Ellaya çatdım.Sürücüyə qatarla gələcəyimi və məni Ellada gözlməsini demişdim. Məni orada qarşıladı, gəzintiyə növbəti gündən başladıq.İlk Nine arch korpusu, sonra isə zip line-a getdim,Yelləncək 5$ ,zip line təxminən 30$ idi ,10$ da gopro ilə çəkiliş əgər istəsəniz. Həmin yerdə yaxşı restoranlar, day pass alıb gedə biləcəyiniz hovuz,həm də başqa əyləncə növləri var, amma hündürlükdən qorxan biri kimi mənə Zipline kifayət etmişdi .Elladan Nuwara Eliyaya getdik. Yolda məbədlərdə saxladıq. Qeyd edim ki, məbədlərə güdəcəksinizsə uzun geyinməyiniz məsləhətdi. Yoxsa məbədlərə giriş qadağandır:Nuwara eliya havası digər bütün şəhərlərdən fərqlidi.Nuwarada ilk öncə qədim poçt məntəqəsinə, ordan da çay plantasiyalarına getdim. Çay plantasiyalarında gözəl qarşılayır,  məlumat verilir. Çay yığa, fabriki gəzə bilərsiniz. Sonda isə sizi çaya qonaq edəcəklər. Əgər başqa çaylar dadmaq istəsəniz ödənişlidir və çox ucuzdur. Çay plantasiyasının özündə çay dükanı var və qiymətlər münasibdir, Ordan aldığım çaylar hamısı bəyənildi. Getdiyim çay fabrikinin adı Blue Field Tea Factory.Nuwara şəlalərinə getsəniz şəlaləni tam görmək üçün pilləkənlərlə sona kimi getmək lazımdır.Kandy Ambuluwawa qülləsinə çıxıb şəhəri yuxarıdan izləyə bilərsiniz. Ora çıxıb-düşənə kimi bildiyim bütün duaları oxudum.Kandydə Oak Ray Regency otelində yerləşən ipək dükanına gedib təmiz ipəkdən geyimlər ala bilərsiniz. Parçaların ipəkdən əl ilə necə hazırlanmasına baxa, milli paltarlar geyinib şəkil çəkdirmək olur və ipəkdən nə istəsəniz ala bilərsiniz . Digər mərtəbəsində çox böyük hədiyyə dükanı yerləşir ki, oradan da Şri-lankaya aid nə istəsəniz tapa bilərsiniz.Pinnawala Pinnawalaya Sirf filləri görmeə üçün getdim. Filləri çaya gəldikdə görmək mümkün idi. Sürücü çöl fillərinin bir az təhlükəli ola biləcəyini dedi və biz Millennium Elephant Foundationa getdik. Burada sizə bələdçi verilir. Fili yemləyə bilərsiniz (yoldan meyvələr almışdıq),fili sürə, çayda çimdirə hətta fil də sizi çimdirə bilər. Bunlar hamısı 20$.Və son günü uçuşdan əvvəl Kolombo turu etdik .Qaldığım otellər Rockwell Colombo Ravana range EllaKandy CabanaQueens ridge Kandy Otel seçimində harada yerləşdiyinə baxmadım. Çünki sürücü hər yeri tanıyırdı.Ən sevdiyim restoranlar: Ella Chili restaranı Kandy oak ray regency otelinin restoranı.Yazım biraz uzun ola bilər, amma qısa desəm Şri-Lankaya getməyə dəyər. Mən vaxtım az olduğu üçün qısa müddətlik egtmişdim. Əslində ən az 10 gün qalmaq istəyərdim və bir də getsəm yenə də sürücüsüz gezməzdim.Şri-Lankaya gedib yemək tapa bilməyənləri də anlamadım .Yeməkləri çox dadlı və hər yerdə demək olar ki, beynəlxalq metbəx var. Və ən əsası meymunlara çox yaxın durmayın, balkonlariın qapısını da açıq qoymayın.  Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Fidan Mamedova

1019 dəfə oxunub

Nağılla gerçək arasında: Şri-Lanka

ŞRİ LANKA Bu Novruz bayramında biz Şri Lankaya səfər etmişdik və bu səfərlə bağlı məlumatları sizinlə paylaşmaq istərdim. Ümid edirəm ki, səfər etmək istəyənlərə yardımçı olar. İlk öncə qeyd edim ki, Şri Lanka səfərindən öncə ağlımda müəyyən stereotiplər var idi, gəlin ilk öncə onlarla başlayaq.❓ŞRİ LANKA KASIB ÖLKƏDİR❓Ən sadə müqayisəni öz ölkəmizlə edə bilərik; Şri Lankanın ÜDM həcmi Azərbaycandan 2 dəfə çoxdur (~90 mlrd. $), adambaşına düşən ÜDM isə Azərbaycan göstəricisi ilə, demək olar ki, eynidir (~$4.000). Nəzərə alsaq ki, əhali sayına görə Şri Lanka Azərbaycandan 2 dəfə böyükdür (~20 mln.), əslində, bu o qədər də pis göstərici deyildir. Daha ədalətli olmaq üçün onu demək lazımdır ki, adada orta sinif azlıq təşkil edir, siz daha çox daha aşağı sinif insanları görəcəksiniz. Müqayisəli dünyada biz necə qərb ölkələri üçün kasıb görsəniriksə, Şri Lanka əhalisi də bizim insanlar üçün kasıb görsənə bilər.❓ŞRİ LANKA GERİDƏ QALMIŞ ÖLKƏDİR ❓Keçmiş Britaniya imperiyasının müstəmləkəsi olaraq Şri Lanka 1948-1972-ci illərdə Seylon Dominionu, 1972-ci ildən isə Şri Lanka Respublikası kimi tanınmağa başlamışdır. Təxminən 150 il Britaniya imperiyasının bir hissəsi olması adada dərin iz buraxmışdır. Məsələn, Şri Lankada ingilis dili əsas etniklərarası dildir, ona görə də çoxluq ingilis dilində danışır. Britaniya müstəmləkiçiliyinin ən müsbət cəhətləri ən yaxşı mənada burada özünü göstərir. Siz geridə qalmış və inkişaf etməmiş keçmiş Britaniya müstəmləkəsi tanıyırsınızmı?Baxmayaraq ki, Şri Lankada 25 illik vətəndaş müharibəsi cəmi 10 il əvvəl bitib, turist olaraq siz onun fəsadlarını görə bilməyəcəksiniz. Hər halda ən çox ziyarət olunan qərb, mərkəzi və cənub regionlarda bu tamamilə hiss olunmur.Həmçinin qeyd etmək lazımdır ki, Şri Lanka mənim indiyə qədər getdiyim ən təhlükəsiz ölkədir.❓ŞRİ LANKADA XƏSTƏLİKLƏR GENİŞ YAYILIB, KRAN SUYU İÇMƏK TƏHLÜKƏLİDİR, ÖLKƏ ÇOX ÇİRKLİDİR ❓Maraqlıdır ki, bir çox bloqlarda biz buna tez-tez rast gəlirdik və bizə müəyyən qədər təəccüblü gəlirdi ki, niyə içməli su ilə bağlı məlumatlar belə geniş yazılıb. Halbuki bir azərbaycanlı kimi biz özümüz krandan su içməyə ürək etmirik, ona görə buna görə heç narahat olmaya bilərsiniz. Suyu ancaq butulkada alacaqsınız və onun necə doldurulması ilə bağlı sizdə şübhə olmayacaq, çünki, demək olar ki, bütün butulkaların qapağı xüsusi plastiklə örtülü olur.Şri Lanka təmizliyini görə bizi geridə qoyur. Nə şəhərdə, nə də şəhərətrafı yerlərdə ictimai tualetə girsəniz, nə qoxu hiss edəcəksiniz, nə də çirkli tualet görəcəksiniz. Bütün tualetlər isə duşla təmin olunub. Maraqlısı odur ki, siz küçələrdə də bizim öyrəşdiyimiz zibillikləri və siqaret tullantıları görə bilməyəcəksiniz. Ümumiyyətlə, siqaret ayrıca mövzudur, onunla bağlı yazacam, 9 günlük səfər zamanı mən yalnız barmaqla sayılası qədər siqaret çəkən yerli adam gördüm.Şri Lankaya səfər üçün məcburi vaksinasiya yoxdur, xəstəliyi isə sadə gigiyenik qaydalara əməl etmədikdə hər yerdə tapmaq olar. Yenə də çox narahat olursunuzsa, özünüzlə 1-2 dənə “sanitizer” alıb apara bilərsiniz. Həmçinin orada böyük supermarketlərdə rahatlıqla tapmaq olar.❓ŞRİ LANKA OKEANDA KİÇİK ADADIR ❓Əslində, mən də elə düşünürdüm, ancaq Şri Lanka ərazisinə görə Azərbaycandan cəmi 20% kiçikdir. Yeganə fərq isə ondadır ki, ada Hindistandan bir az aralıqda, cənubda və su damcısı formasında olaraq yerləşib. Şri Lanka əhalisinə görə Azərbaycandan 2 dəfə böyükdür, paytaxt Kolomboda isə 6 mln. insan yaşayır.❓ŞRİ LANKADA ASFALT YOL YOXDUR, NƏQLİYYAT QƏNAƏTBƏXŞ DEYİL ❓Qeyd etmək lazımdır ki, yol infrastrukturu Şri Lankada yüksək inkişaf etmişdir. Burada həm adi yollar, həm də pullu avtobanlar var. Pullu yollar 250-300 LKR (Şri Lanka rupisi) arası dəyişir, bu təxminən 2.5-3 AZN-dir. Yeganə mənfi cəhət ondan ibarətdir ki, şəhərlərarası yollar asfaltlı olmasına baxmayaraq, çox dar və 1 zolaqlıdır. Ona görə də 180-200 km məsafəni maşınla 4-5 saata getməli olacaqsınız. Bəzi şəhərlər arasında qatarlar fəaliyyət göstərir, həmişə I və II class alın, bizim pullar adambaşı 2-10 manat arası dəyişir. Həmçinin, nəzərə alın ki, keçmiş Britaniya müstəmləkəsi kimi burada da nəqliyyat istiqaməti fərqlidir. Sadə dildə desək, yolu keçəndə birinci sağa, sonra sola baxmaq lazımdır ????❓ŞRİ LANKA BUDDİST ÖLKƏSİDİR ❓Bunda həqiqət var, çünki çoxluq həqiqətən də buddistdir, amma Şri Lankda 4 böyük icma var: buddistlər, müsəlmanlar, hinduistlər, xristianlar. Maraqlı fakt ondandır ki, siz kimin hansı dinə aid olduğunu bilməyəcəksiniz. Maksimum taksidə hər hansısa bir əlamətə görə insanın hansı dinə sitayiş etdiyini görə bilərsiniz (kiçik Budda heykəli, Krişna posteri, Xaç və s.) və bu sizin üçün tamamilə lazımsız məlumat olacaq. İnsanlar çox tolerant olaraq birlikdə rahat yaşayırlar. Yeganə diqqət etməli bir şey odur ki, heç bir Budda heykəli qarşısında durub şəkil çəkdirmək olmaz (ona qarşı arxanızı çevirə bilməzsiniz), bu yerli insanlara və Buddaya qarşı hörmətsizlikdir.???? ŞRİ LANKAYA SƏFƏRDƏN ÖNCƏ- Vizanı rahat ya online sifariş edə bilərsiniz ($35) və ya hava limanında ala bilərsiniz ($40).- Bütün hotelləri booking.com vasitəsilə rahat rezervasiya edə bilərsiniz. Bizim 2 nəfərlik 9 gün üçün toplam hotel xərcimiz $520 olmuşdur. Halbuki onun da ən bahalısı məhz 2 gün Kolombo-da qaldığımız 5 ulduzlu Marino Beach hoteli olmuşdur. Digər şəhərlərdə qaldığımız bütün hotelləri də məsləhət görürəm: Sigiriyada “Palmyra Nature Resort” (meşədə kotec), Nuwara Eliyada “The Tea Garden” (çay plantasiyasında böyük villada 2 nəfərlik geniş otaq), Hikkaduwada “Neela’s Guest house” (okean sahilində butik hotel), Kandy-də SW Eco Lodge (şəhər mərkəzində Urban stilində hotel).- Əgər siqaret çəkənsinizsə, mütləq öz ehtiyacınızı nəzərə alıb özünüzlə siqaret aparın. Çünki ən keyfiyyətsiz, ağır və tövsiyə edilməyən siqaret qutusu orada 6 AZN-ə satılır. Ən keyfiyyətli “Gold Leaf” və “Dunhill” (British American Tobacco istehsalı) qutusu isə 14 AZN-dir. Yeganə sevindirici hal odur ki, bizdə olduğu kimi onlarda da siqareti dənə ilə satmaq adəti var.- Kredit kartınızda 200-250 dollar pul saxlayın (nə üçün lazım olduğunu yazacam), qalanları isə USD və ya EUR olaraq özünüzlə cash aparın. Mübadilə ilə bağlı narahat olmaya bilərsiniz, valyuta kursu, demək olar ki, bütün adada eynidir (hətta rahatlıqla hava limanında dəyişə bilərsiniz). Ümumiyyətlə, ölkədə valyuta qəbul olunur, ona görə restoran-kafe və ya hotellərdə rahat USD və EUR ödəyə bilərsiniz. Amma yerli pulla ödəniş daha sərfəli olacaq. Daha rahat hesablama üçün: 100 LKR (Şri Lanka rupisi) = 1 AZN (daha dəqiq, 0.97 AZN), 1000 LKR = 6 USD (daha dəqiq, $5.7 USD).- Şri Lanka ada olduğu üçün xaricdən flora və fauna üçün təhlükə yaradacaq hər bir şey ilə bağlı kifayət qədər sərt siyasətləri var. Ona görə də özünüzlə meyvə, ərzaq, bitki və ya toxum aparmayın. Hava limanında onları sizdən alacaqlar.- Əgər çay plantasiyalarına gedəcəksinizsə, özünüzlə mütləq isti bi şey götürün. Nuwara Eliya və Ella şəhərləri günorta mülayim isti, gecələr isə soyuq olur. Kolombo (sahil), Sigiriya və Kandy (mərkəz), Hikkaduwa, Mirissa, Galle (sahil) çox isti (>30 °C) və rütubətli (~90%) olur. Özünüzlə papaq, günəş eynəyi və gündən qoruma üçün kremlər götürməyiniz məsləhətdir. Həmçinin yaxşı olardı ki, şəxsi gigiyena məhsullarını özünüzlə aparasınız (travel pack – Head & Shoulders, Pantene, Always, Discreet, Blendamed və s.).- Şri Lankanın qərb, mərkəz və cənub regionlarına gedəcəksinizsə, musson yağışları sezonuna düşməmək üçün ən ideal sezon Dekabr – Mart ayları arasıdır, May – Sentyabr aylarında güclü musson yağışlarına düşəcəksiniz. Yox əgər şərq və şimal regionlara getməyi planlayırsınızsa, o zaman ən ideal sezon əksinə May – Sentyabr aylarıdır.- Hər ehtimala qarşı Travel Insurance almağı unutmayın. Onu 1 saata cəmi 15 manata ala bilərsiniz.???? ŞRİ LANKA HAVA LİMANINDAN- Təyyarədə sizə xüsusi miqrasiya sənədi verəcəklər (ABŞ-a səfər edənlər bilər), orada ilk qaldığınız hotelin ünvanını və passport detallarını qeyd edəcəksiniz. Passport Control-da bir problem olmayacaq və demək olar ki, heç bir sual vermədən sizi ölkəyə buraxacaqlar.- Mütləq yerli mobil operatorundan nömrə alın, internet paketlə birlikdə (11GB = $12) nömrə sizə pulsuz veriləcək. Biz Mobiteldən almışdıq, ona görə də həmişə 3G internetlə online olurduq, mən 3G-ni heç söndürmürdüm, gecələr bəzən kinoya baxmağımıza baxmayaraq, 9 gündən sonra məndə hələ də balansda pul qalmışdı. İnternet sürətlidir.- Nömrə aldıqdan sonra Pickme application-nı yükləyin. Bu yerli taksi tətbiqidir, baxmayaraq ki, ölkədə həm də Uber var, yerli olmasına baxmayaraq PickMe daha funksionaldır, Taxify (Bolt) və Uberdən daha geniş imkanları var. Məsələn, əvvəlcədən (bir neçə gün əvvəl dəqiq tarix və saata taksi sifariş edə bilərsiniz). Baxmayaraq ki, PickMe ancaq böyük şəhərlərdə işləyir (digər şəhərlərdə də bəxtiniz gətirsə, tətbiqlə taksi tapa bilərsiniz), onun ən başlıca xüsusiyyəti ondan ibarətdir ki, sizə A və B ünvanları arasında məsafəyə görə 90% dəqiqliyi ilə qiyməti göstərir. Tətbiqlə taksi tapmasanız, küçədəki taksi ilə hansı qiymətlə danışıq aparmağı biləcəksiniz. Qısa məsafələrdə Tuk-Tuk və ya Nano car götürməyiniz məsləhətdir, şəhərlərarası rahatlıq üçün minimum Mini götürün. Avtomobilin növünə görə qiymət dəyişəcək. Hava limanından şəhər mərkəzinə Nano ilə xərciniz 1300-1400 LKR (13-14 AZN) və avtobana görə əlavə 250 LKR (2.5 AZN) tutacaq. Qeyd etmək lazımdır ki, uzun məsafələrdə Mini götürəndə kifayət qədər xərciniz çıxa bilər, amma digər tərəfdən bu daha rahatdır. Bəzi qiymətlər; Colombo – Sigiriya (90 AZN), Sigiriya – Kandy (50 AZN), Kandy – Nuwara Eliya (mütləq qatar götürün = 2.5 AZN), Nuwara Eliya – Hikkaduwa (120 AZN), Hikkaduwa – Colombo (qatar daha uyğundur = 2 AZN). Şəhəriçi taksi xərciniz 1-5 AZN arası dəyişəcək.????COLOMBO• Tipik paytaxt şəhəri və meqapolisdir. Şri Lankanın bütün şəhərləri arasında ən az bəyəndiyimiz şəhər oldu. Ancaq yenə də sizə maraqlı ola biləcək köhnə Britaniya dövründən qalmış abidələri ziyarət edə bilərsiniz.• İsti və rütubətlidir.• Burada insanlar daha merkantildir. Ona görə də parkda kimsə sizə yaxınlaşıb, ağacları göstərsə, güllər barəsində danışsa və ya nədəsə yardımçı olsa, dini abidənin yanında sizə onun tarixi barəsində danışmağa başlasa, və ya sizə nəsə göstərmək istəsə, əmin ola bilərsiniz ki, sizdən sonda 500-1000 LKR istəyəcək. Ona görə qabaqcadan özünüzü hazırlayın: “Are you going to ask money for that?”, “Shall I pay anything to you?”.• Bəzi restoranlarda menyuda qeyd edilməsə də, sonda sonda ümumi qiymətlərdən başqa cəm üzərinə 15% ƏDV və 10% service fee əlavə edilə bilər. Ona görə bunu əvvəlcədən dəqiqləşdirin. Ümumiyyətlə isə, restoranlarda qiymət çox münasibdir, ancaq spirtli içkilər bizdən daha bahadır. Yerli istehsal Lion Lager pivəsi belə 400 LKR-dən ucuz verilmir restoranda. Bu arada içmək məsləhətdir (Carlsberg istehsalı), məsləhətli pivədir ????• Mütləq T-Lounge by Dilmah kafesinə gedin. Orada hər növ və formada çay və desert tapa bilərsiniz.• Shopping üçün ucuz mallar almaq istəyirsinizsə, Train Station yanındakı bazara gedin və həmişə qiymət öldürün. Əgər yaxşı danışıq aparmaq qabiliyyətiniz varsa, 15 manata satılan bir şeyi 8 manata ala bilərsiniz (halbuki yerli bunu rahat 5 manata alır :D).• Şri Lankanın super yerli paltar brendi var – Odel. Onun mağazasını siz City Centre mall-da tapa bilərsiniz. Qiymətləri bizim Zara, Pull & Bear və Bershka kimidir, amma keyfiyyətinə görə onlardan daha üstündür.????SİGİRİYA• Səfər etdiyimiz ən isti region idi.• Mütləq Pidurangala və ya Lion Rock-da çıxın. Amma istiliyi nəzərə alsaq, bunu ən geci səhər saat 6:30-da açılışda qalxın. Nəzərə alın ki, turist olduğunuz üçün siz adambaşına 50 LKR deyil, 5000 LKR ödəməli olacaqsınız. ???? Ümumiyyətlə, bütün ödənişli muzeylərdə turist kimi 5-10 qat daha bahalı olan bileti almalı olacaqsınız.• Burada mütləq safariyə çıxın, azadlıqda yaşayan xoşbəxt filləri görmək məsləhətdir. Safari üçün ən yaxşı vaxt axşam 4-dən sonra və ya günorta 12-2 arasıdır. Bu vaxtı fillər su içmək və özlərini yumaq üçün gölə yığışırlar. Safari avtomobili sizə bir tur üçün 4500 LKR-ə, Milli Parka giriş isə bir avtomobilə görə 8000 LKR olacaq.• Fillərə minməyin, ölçülərinə baxmayaraq bu gözəl heyvanlar ağrıdan əziyyət çəkirlər, onları əhliləşdirmək üçün onlara əzab verir və zəncirlə döyürlər, ona görə də onları safari zamanı kənardan izləmək daha yaxşıdır.????KANDY• Şri Lankanın ən fərqli şəhərlərindən biri, burada çoxlu sayda park, abidə, şəhər mərkəzində isə göl var. Burada məşhur Budda müqəddəs evi var, sübhdə (7 am) və ya axşam (6:30 pm) dini mərasimlərdə getmək daha məsləhətlidir.• Gecə istirahət üçün mərkəzdə yerləşən Sky Lounge-a getmək olar.• Təəssüf ki, biz Kandy-də yalnız gecələyib və oradan qatarla Nuwara Eliya-ya getmək üçün gəlmişdik, ona görə də bu şəhər haqqında geniş məlumat verə bilməyəcəm.????NUWARA ELIYA• Şri Lankanın ən soyuq şəhərlərindən biri, gecə temperatur 12-13 °C qədər düşə bilər.• Mütləq çay plantasiyalarını ziyarət edin, ekskursiya istəyirsinizsə, Pedro, Damro (keçmiş Mackwood) və ya Blue Field tea factory-ni ziyarət edə bilərsiniz. Biz Blue Field zavodunu seçdik və çox razı qaldıq. Burada siz həmçinin birbaşa plantasiya çayı ala bilərsiniz, bu çay eksport edilmir və Lipton, Dilmah, Ahmad tea kimi brendlərə satılır, onlar öz əlavələri və dəyişikliklərini edərək bazara çıxarırlar. Ona görə də 100-200qr çayın burada niyə 15-20 AZN olmasına təəccüblənməyin.• Təəssüf ki, çay plantasiyalarında işləyən insanlar bizə reklamlarda göstərildiyi kimi o qədər də xoşbəxt deyil, gündəlik 20kq hədəflə səhər saat 7-dən 5-ə qədər çalışmaqla insanların aylıq maaşı cəmi 150.000 LKR-dir (150 AZN). Ona görə də onlarla şəkil çəkdirmək istəsəniz, mütləq icazə alın və şəkil çəkdirəndən sonra onlara 200-500 LKR hədiyyə edin. Belə onları sevindirə bilərsiniz.• Mütləq Ramboda Falls şəlaləsini ziyarət edin.• Ümumiyyətlə, Nuwara Eliya Kiçik İngiltərə sayılır, belə ki, həm iqliminə görə, həm də burada çoxlu sayda plantator evləri və qədimi binalarına görə. Mütləq Grand Hotel-gedin və orada Magnolia restoranında şam edin və hoteli gəzin. Grand Hotel-də super bar var, orada da gedə bilərsiniz. Magnolia-da gecə bufeti də olur, amma adambaşı 3500 LKR ödəməyə dəyməz. A la carte menu daha münasibdir.• Burada həmçinin The Hill Gentlemen Club var, ora da gedə bilərsiniz, amma nəzərə alın ki, burada adambaşı 200 LKR giriş pulu verəcəksiniz, sonda isə toplam məbləğin üzərindən 25% ƏDV və service fee ödəməli olacaqsınız. Bizim Şri Lankada ən bahalı şam yeməyimiz məhz bu restoranda olmuşdu (5900 LKR = 59 AZN). Həmçinin, burada ciddi dress-code və face control var. Rəsmi geyimdə gəlsəniz, sizin Gentlemen Room-a alacaqlar, əgər pencək və qalstuk olmasa, təəssüf ki, Casual Room-a getməli olacaqsınız. Şortla sizi içəri almayacaqlar.• Bu şəhər bütün Şri Lankada çay plantasiyalarından başqa həm də çiyələk fermaları ilə məşhurdur. Mütləq Adma Agro Strawberry Shop-a gedin.????HİKKADUWA• Hind okeanı sahili. İsti, günəşli, təmiz, hamı üçün açıq.• Mütləq yaxınlıqda yerləşən Mirissa beach və Galle şəhərinə səfər edin.• Galle-də siz hollandların hələ əsrlər əvvəl tikdikləri və indiyə kimi dəyişməyən şəhərini və mayakı görə bilərsiniz.• Həmçinin Unawatuna (Dalawella beach)-da məşhur palma ağacı var. İnsanlar adı ağacdan belə pul edirlər – swing-dən tullanıb xatirə fotosu üçün 500 LKR verməli olacaqsınız. ????• Sahildə kef edin ????????Total Spending for 2 persons for 9 days:- Air ticket: $1000 (Dubai transit)- Hotels: $520- Entertainment, transport & food: $700- Shopping: $300Bütün bu yazdıqlarımı öncədən bilən, planlayan, təşkil edən və büdcələyən həyat yoldaşıma kudos! ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aliyar Huseynov

5467 dəfə oxunub

Mərakeş bələdçisi

Mərakeşə getməzdən öncə tərəddüdlərim vardı. Oxuduqlarım və eşitdiklərim bu ölkənin o qədər də güvənli olmadığını deyirdi. Hələ ki yalnız səyahət edən bir xanımsınızsa, daha da “təhlükəli” imiş. 10 gün boyunca ölkəni qarış-qarış gəzdim və bu ölkənin təhlükəsizliyi ilə bağlı bütün söylənənlərin cəfəngiyyat olduğunu gördüm.9 min küçəsi olan, xəritələrin işləmədiyi yerMərakeşlilərin bəziləri qonaqpərvər, yardımsevər olsalar da, turisti ancaq gəlir mənbəyi kimi görənlər daha çoxdur. Xüsusən də, Fəs şəhərində gərək ya yolu yaxşı tanıyasan, ya da öncədən bələdçi tutasan. Çünki çaşıb birindən yol soruşsan, səni düzgün istiqamətləndirməyib, səhv yolda olduğuna inandırıb, müəyyən məbləğ qarşılığında bələdçilik təklif edirlər. Odur ki, ayıq-sayıq olmaqda fayda var. Nə bələdçiyə, nə də yol soruşmağa ehtiyacım yoxdur deyib özünə güvənənlərə isə bir xəbərim var: Fəs şəhəri o şəhərlərdəndir ki, telefondakı müxtəlif xəritə proqramlarının belə “əzbərini pozur”. Bir də ki, proqram neynəsin, bir qədim şəhər bölgəsi düşünün ki, xırda-xırda 9 min küçədən ibarətdir. Tam labirintdir. Damdar küçələri var. Fəsin qədim şəhər hissəsi dünyanın nəqliyyata qapalı olan ən böyük ərazisidir.Dünyada ilk universitet Fəsdə açılıb?!�Mərakeşin ən gözəl qapılarını, ən gözəl naxışlarını Fəsdə gördüm. Fəs ölkənin 3-cü böyük şəhəri və Rabatdan öncəki paytaxtıdır. Bu ölkədə, deyəsən, paytaxt olmayan şəhər qalmayıb. Ölkənin ən mühafizəkar, dini inancları daha güclü olan, adət-ənənələrə daha bağlı şəhəri də Fəsdir.Bu şəhərə gəlməzdən öncə dünyanın ən qədim universitetinin burada olduğunu bilmirdim. Ta 859-cu ildə açılan həm Universitet, həm də məscid olan Karaviyyin bu gün də fəaliyyətini davam etdirir. Məscidə yalnız müsəlmaların daxil olmasına icazə var.Bütün yollar bazarlara aparır...Mərakeşin bütün şəhərlərində bütün yollar bazarlara çıxarır. Hər şəhərin qədim hissəsi, Mədinə adlanan bölgəsi olur ki, həmin yerlərdə bazarlar qurulur. Bu bazarlarda nələr yoxdur, nələr. Ağıla gələ biləcək, hətta ağıla gələ bilməyəcək hər şeyi bu bazarlarda tapmaq olar. Amma Mərakeş ilk növbədə dərinin, arqan yağının və xaş-xaşın yurdudur. Rəngbərəng, növbənöv dəri məmulatları olmadan Mərakeş bazarlarını təsəvvür etmək mümkün deyil. Keyfiyyətli dərilər hazırlasalar da, məhsulların modellərinin müasir görünüşü yoxdur. Əsas dəri mərkəzi isə Fəs şəhəridir (məşhur Chouara). Burada böyük dabbaqxanalar var ki, dərini Orta əsrlərdən qalma üsullarla işləyirlər, boya qazanlarına atırlar, günün altında qurudurlar. Hətta pul müqabilində turistlərə də şərait yaradırlar ki, gəlib dərinin hazırlanma prosesini öz gözləri ilə görsünlər. Amma burada qoxular o qədər dözülməz olur ki, əlində nanə qoxulamayan turist görməzsiniz. 5 dəqiqə nanəsiz nəfəs ala bilmədiyimiz bir yerdə dəri emalçıları səhərdən-axşama kimi çalışırlar.Argan yağı da bazarlarda ən çox gördüklərimdən oldu. Özü də tək yağı yox, sabunu, kremi... Hətta bu yağı yeməklərə belə əlavə edirlər.Xaş-xaş isə ən çox Mavi şəhər kimi tanınan Chefchaouendə yayılıb. Hətta o dərəcədə yayılıb ki, axşam vaxtı küçədə gəzəndə bizə də açıq-aşkar “mal” təklif edirdilər.Dəvə karvanları ilə orta əsrlərə səyahətSəhra turuna qatıldıqda bərbər kəndlərini də gəzmək mümkün olur. Amma bələdçisiz bu kəndlərə girməyə icazə vermirlər. Bərbər kəndlərində qadınlar çiyinlərinə ağ şal və ya tül bağlayırlar. Əgər tül yalnız sağdan bağlanıbsa, deməli, evlidir, soldan bağlanıbsa, boşanıb. Hər iki çiynindən şal bağlanıbsa, əri ölüb. Heç bir şal bağlanmayıbsa, deməli, subaydır.Səhra turu almısınızsa (60-80 euro, 2-3 günlük), dəvə karvanları gün batımına doğru səhraya yol alır. Ucsuz-bucaqsız Sahara səhrasında günəşi batırıb, ayın çıxmağını izləyərək karvanlarla gedirsən. Sanki düşürsən əsrlər öncəsinə, tərəqqinin, inkişafın olmadığı dövrlərə. Gecə də bərbərlər ocaq qalayıb, ətrafında dövrə vurub öz milli musiqiləri ilə qonaqlarının könlünü xoş edirlər. Gecəni çadırlarda gecələyirsən. Səhəri ağzında qumla, üst-başın qum içərisində açsan da, ucsuz-bucaqsız səhrada gecələməyin zövqü bir başqadır. Və günəş doğmağa başlayarkən yenidən dəvə karvanları ilə qayıdırsan geriyə, şəhərə... Sanki “zaman maşını” ilə Orta əsrlərdən düşürsən günümüzə...Əsas içkisi! “Mərakeş viskisi”Mərakeş yeməkləri ilə də məşhurdur. Əsas yeməkləri tajin və kuskusdur, bu yeməkləri yemədən dönmüsünüzsə, demək heç Mərakeşdə olmamısınız. Kuskusa bir növ plov da demək olar. Tajin isə adını bişirildiyi qabdan götürüb. Saxsı qablarda bişirilən ət yeməyidir. Toyuq və ya mal əti müxtəlif tərəvəzlərlə bişirilir. Ən çox sevdiyim limonlu və zeytunlu toyuq tajini oldu. Mərakeşin çayı da bir başqa aləmdir. Nanəli şirin çay. Adına da zarafatla “Mərakeş viskisi” deyirlər. Bir əmması var ki, stəkanları balaca olur, üstəlik çayı stəkanın ortasından süzürlər. Dibində 1-2 qurtumluq ola, ya olmaya. Hanı bizim böyük çay stəkanlarımız və “dodaq yeri” də qoymadığəmız çay süzmə adətimiz?!Bir də Mərakeşdə təzə sıxılmış portağal şirəsi sudan ucuz və dadlıdır. Adət etmədiyimiz maraqlı və dadlı meyvələri də var.Mərakeşdə hər şey 3 qat bahadır?Gələk Mərakeşdə qiymətlərə, bizə nisbətən bahaçılıq olsa da, Avropa ilə müqayisədə qat-qat ucuzluqdur. Ən əsası da odur ki, heç yerdə ilk deyilən qiymətlə razılaşmaq lazım deyil. Ən azı 3 qat baha deyirlər və yaxşı qiymət salmaq bacarığı bu ölkədə çox köməyə gəlir.Taksi sürücülərinin turistlərə yalandan “sayğac işləmir” deyib qiymət oxumaları da bir başqa problemdir. Amma bir çox şəhərlərində ictimai nəqliyyatdan da rahatlıqla istifadə edə bilərsiniz.Şəhərlərarası isə qatar və avtobus sistemləri gözəl qurulub. Səfər boyunca bilet qiymətləri 7-35 manat arasında dəyişən 7 şəhərində oldum. Hətta çox gözəl sürət qatarları var Mərakeşin. Amma burada da bir əmma var ki, biletləri online şəkildə almaq mümkün olmur. Biletləri təkcə vağzallardan, yerindəcə almaq olar. Online biletləri isə yalnız Mərakeş banklarına məxsus olan kartlarla almaq mümkündür.Fransız dilini “tum kimi çırtlayan” ərəblərMərakeşlilər ərəb dilindən sonra ən çox fransız və ispan dillərində danışırlar. Hətta heç bir təhsili olmayan insanlar belə bu dillərdə təmiz danışırlar ki, lap qibtə elədim.“Toy qazanları”nın asıldığı, ilan oynadanlar meydanı Jemaa əl-FnaMərakeş şəhəri bu ölkənin “döyünən ürəyidir”. Mərakeşin döyünən ürəyi isə Jemaa əl-Fna meydanıdır. Gecələri yatmayan, səhərə qədər musiqi sədasının kəsilmədiyi haylı-küylü bir meydan. İlan oynadanlar, xına çəkənlər, sehrbazlar, çalıb-oxuyanlar, kimlər və nələr yoxdur ki bu meydanda. Vay o günə ki, çaşıb meydandakı satıcılardan nəyinsə qiymətini soruşasan. Almamış qurtuluşunuz yoxdur. Bizim “çadır toylarımızın” ab-havasını da məhz bu meydanda yaşaya bilərsiniz. Uzun-uzun stollar qurulub, “toy qazanları” asılıb. Mərakeş mətbəxinin təamlarını, xüsusən də ən dadlı tajin və kuskusu məhz bu meydanda, özü də digər kafe restoranlara nisbətən ucuz qiymətə yemək olur. Hələ bir musiqiləri də var ki, elə bil bizim qara zurna sədalarıdır. Mərakeşin ruhunu duya biləcəyiniz başlanğıc nöqtəsi də, elə ən əsas yer də bu meydandır. Bu meydanda olmamısansa, deməli, Mərakeşdə olmamısan. Elə meydanın yanındaca bazarları başlayır, xalça bazarı, ədviyyat bazarı, başmaq bazarı, bir sözlə, yox yoxdur. Bu məşhur meydanın bir tərəfi isə faytonların “parkingi”dir. Mən deyim 50, siz deyin 100. Xülasə bir xeyli fayton və bu faytonlara qoşulmuş biçarə atlar... Bu qədər faytonu bir arada başqa heç bir yerdə görməmişdim. İndi yəqin ki, atların qoxusunu təsəvvür etdiniz. Mərakeşi rəngarəngliyənə görə çox sevsəm də, səhər-axşam yolum atların “parking”indən keçdiyinə görə, o kəskin qoxunu hər dəfə təkrar-təkrar ciyərlərimə çəkdikcə özümü söyürdüm. Şəhərdə ən sevdiyim yer isə Majorel bağçaları oldu. Jacques Majorel adlı fransız bir rəssamın qurub yaratdığı bir bağ. Majorelin vəfatından sonra isə dünyaca məşhur Yves Saint Laurent-a satılan bir bağ…Mars deyil, Mərakeş dağlarıdır!Qırmızı dağları ilk dəfə burada gördüm. İnsan bir anlıq özünü yerdə yox, Marsda təsəvvür edir. Hara baxırsansa, qırmızı dağlar... Təsadüfi deyil ki, buralarda saysız-hesabsız filmlər də çəkilib. Özü də elə-belə yox, çox məşhur filmlərə pavilyon olub bu torpaqlar. Ait-Ben-Haddou belə qırmızı qəsəbədir. Həm də “İndiana Cons”, “Əlibaba və 40 quldur”, “Games of Trones” kimi filmlərin çəkildiyi bir qəsəbədir. Yol boyu isə Atlas dağlarından çıxarılan minerallar satılır. Ouarzazate adlanan bu qırmızı dağlar şəhəri həm də “Klon” serialın çəkildiyi yerlərdən biridir. Serialdan digər səhnələr isə Fəs və Mərakeş şəhərlərində çəkilib.Avropadan seçilməyən Mərakeş şəhəri�Aralıq dənizi və Atlantik okeanı sahillərində yerləşən Mərakeşin İspaniya və Portuqaliya ilə yalnız su sərhədi ilə ayrılması, uzun illər Fransa müstəmləkəsi olması ölkənin rəngarəngliyinə təsirsiz ötüşməyib. Daha çox Avropa ab-havasını xatırladan şəhərləri də var Mərakeşin. Onlardan Tanjir və Essaouiradır. 1-ci böyük liman şəhəri, ikincisi isə kiçik balıqçı şəhəridir. Bir vaxtlar hərbi baza olan Essaouira indi balıqçılıq şəhəridir. Qala divarları, səssiz-sakit ab-havası ilə, ağ-mavi binaları ilə ölkənin rəngli, özünəməxsus şəhərlərindəndir.Tanjir isə Mərakeşin ən inkişaf etmiş, ən modern şəhəridir deyərdim. Hətta burada özümü Mərakeşdə yox, hansısa bir Avropa şəhərində hiss etdim. Hələ şəhər mərkəzində sahil boyu çimərliyi, bir tərəfi böyük bulvarı, hündürmərtəbəli, müasir və gözoxşayan binaları ilə tamam fərqli ab-havası var Tanjirin. Liman şəhəri olduğunun haqqını verir.Müəzzinlər minarəyə atla çıxacaqmış...Müstəqillik əldə etdikdən sonra Rabatı paytaxt seçən Mərakeşlilər bu müstəqilliyi onlara qazandıran krallarının nəşini da burada qoruyub-saxlayır, hətta gələnlərə göstərirlər.V Məhəmməd öz mavzoleyində uyuyur və hər gün dünyanın müxtəlif yerlərindən gələn turistlər onun mavzoleyini ziyarət edirlər. Rabatda ən diqqətimi çəkən yerlərdən biri də V Məhəmməd mavzoleyinin qarşısındakı Həsən qülləsi oldu. Bəxti nakam olan Həsən qülləsi. 12-ci əsrdə tikintisinə başlanan bu abidənin o dövr üçün ən böyük məscid olması planlaşdırılırmış. Amma deyir, sən saydığını say... Ölümlər, müharibələr bu məqsədi, bu istəyi yarımçıq qoyur. Və bu gün yarımçıq qalan 200 sütun turistlərin ziyarət yerinə çevrilib. 44 metrlik minarəsi isə dövrünə görə çox hündür olacaqmış. Hətta müəzzinlərin azan oxumaq üçün minarəyə piyada deyil, atla çıxmaları nəzərdə tutulubmuş.10 mindən çox insanın eyni anda namaz qıldığı məscid �Rabatdakı Həsən məscidinin bəxti yarım qalsa da, Kasablankadakı məscid tikilib, özü də elə tikilib ki, dünyanın ən böyük, ən əzəmətli məscidlərindən birinə çevrilib. Bir məscid düşünün ki, orada eyni anda 10 mindən çox insan ibadətlə məşğul ola bilsin. Özü də elə bir məscid ki, divarlarını oken dalğaları yusun. Düz sahildəcə yerləşən məscidin əzəməti gün batımında da bir başqa gözəl olur. Özünü bu böyüklük qarşısında qarışqa kimi hiss edirsən. İndiyədək olduğum ən böyük məscid idi Həsən məscidi. Minarəsinin hündürlüyü isə, nə az, nə çox, düz 210 metrdir.Dünyada maviyi ən çox sevən şəhər�Və son olaraq Mavi şəhərdən danışım. Bu şəhərə mavi adı boş yerə verilməyib. Elə bir şəhərdir ki, qapı-pəncərələri, pilləkənləri, divarları, hətta yeri belə maviyə boyanıb.Cəmi 40 min əhalisi olan Chefchaouen il boyu qonaq-qaralıdır.Mərakeş üçün ən uyğun zaman yaz və payız aylarıdır. Yay aylarında hədsiz isti olur.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rena Karimova

3630 dəfə oxunub

Dünyaya ən çox nağıl danışan ölkə - Danimarka bələdçisi

Kopenhagendəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Niyə nağıl?) Çünki İsveçlərin Astrid Lindqreni varsa, danimarkalıların da Hans Christian Andersen-i var. Uşaqlıqdan mənə sevgini, mərhəməti, insanlığı nağılları ilə öyrədən yazıçının vətənini görmək möhtəşəm hissdir. Soyuq və gözəl Kopenhagendə və yaxın kiçik şəhərciyi Roskildedə gəzən zaman Andersenin haradan ilham aldığını da anlamış oldum. İsveçdə Lagom, Danimarkada Hygge.Dünyanın ən xoşbəxt insanlarının yaşadığı bir ölkə daha. Onların fikrincə, bu xoşbəxtliyin sirri bir sözdə gizlənir: HYGGE. Əslində, nə qədər izah edilsə də, xoşbəxtlik ancaq hiss edilə bilər. Məsələn: sevdiyiniz insanla divanda qucaqlaşmağın verdiyi rahatlığı, dostlarınızla gözəl yemək yeməyin sevincini, günəşli bir gündə pəncərədən süzülən işığın yaydığı sevinci necə təsvir edərdiniz? Danimarkalılar belə anları hygge sözü ilə təsvir edirlər. Tək bir qarşılığı olmayan və başqa dillərə tam tərcüməsi mümkün olmayan hygge'ni izah etmək üçün rahatlıq, hüzur, səmimiyyət, birlik kimi bir çox fərqli söz təklif edilə bilər, lakin bunların heç biri tək başına kafi olmayacaq.Amma bunu daha yaxşı anlamağımız üçün Meik Wiking “Hygge” adında bir kitab da yazıb(Əli və Ninoda var). Jante Qanunu və Sosial Ədalət.Danimarka cəmiyyətinin unikal cəhətlərindən biri də Jante Qanunudur. Burada sosial ədalətə can ataraq, cəmiyyətin və fərdin maraqlarının tarazlanması vacibdir. Bu, cəmiyyətdə harmoniya üçün zəmin yaradır və Danimarka mədəniyyətinin ayrılmaz hissəsinə çevrilmiş ədalət prinsiplərini formalaşdırır.Jante Qanununu isə Norveç-Danimarka yazıçısı Aksel Sandemozun 1933-cü ildə çap olunan “A Fugitive Crosses His Tracks” adlı kitabında ilk dəfə maddələr halında izahını tapır.Danimarkanın yaradıcılıq və təxəyyül simvolu olan LEGO-nun meydana çıxması ilə dünya mədəniyyətinə verdiyi töhfəni də unutmayıb şəhərlərini incələməyə keçim. Kopenhagen.-Qışda gəldiyim üçün ən soyuq şəhərlərdən də olsa, yenə də rəngarəngdir. Avropanın müxtəlif şəhərlərində gördüyüm o rəngli evlərin əsli hər zaman burda idi sanki- Nyhavn küçəsində.-100 ildən artıqdır ki, ölkənin simvolu “Su pərisi” heykəli sayılır.Andersenin eyni adlı nağılın tamaşasını izləyənKarl Yakobsen obraza aşiq olur. Həm nağıl, həm də balet o qədər valeh edir ki onu, su pərisinin heykəlini yaratmağı heykəltaraş Edvard Eriksena tapşırır. Heykəl üçün modellik etməyə də heykəltaraşın yoldaşı razı olur.-Ən məhşur qalaları Kronborg va Rosenborg qalalarıdır ki, sonuncuda Danimarkanın 500 ildən çox hakimiyyətdə olan dat krallarına aid məlumatlar və portretlər var. -Şəhərin içində “Christiania” adında Free town olduğunu bilirdiz? Mənə Vilniusdaki “Ujupis” Respublikasını xatırlatdı biraz. Amma Ujupis biraz “sadəlövh” qaldı bunun yanında.Deməli Kristianiya müstəqil fəaliyyət göstərən rəngarəng bir cəmiyyətdir. Şəhərin öz qanunları, öz bayrağı və öz həyat tərzi var.Christiania sadəcə bir şəhər deyil hətta; hippi stilində yaşayan üzvlərinin özünəməxsus yaşam tərzi var. 70-ci illərin əvvəllərində yaradılmış bu alternativ icma,1000 üzvü/əhalisi olan muxtar, uyğunlaşa bilən icmaya çevrilib. Bu üzvlərin hamısı ədalət, bərabərlik, vergilərin olmaması və Danimarka hökumətindən tamamilə asılı olmayan öz qanunlarına malik olan müəyyən prinsiplər toplusu ilə yaşamaq istəyir.Şəhər daxilindəki bu “azad şəhər/ölkə” (bir növ Vatikan kimi) canlı, əyləncəli və mübahisəli ərazidir və torpaqla bağlı iddiasını təmin etmək və azad kimi tanınmaq üçün yerli hökumətlə biraz “danışıq” aparır.Ölkənin qanunlarından savayı, şəhərin öz qanunları da mövcuddur. Məsələn: sıfır zorakılıq, yerli transport sadəcə velosipeddir, qaçmaq olmaz (qaçırsınızsa, qaçdığınız bir şey var deməkdir, amma bu şəhərin qanunlarına ziddir) və ən vacibi şəkil çəkmək bəzi yerlərdə qadağandır (amma mən çəkdim).Polislə yaşanan ən böyük problemlər də bəzi qadağan olunmuş preparatların satışına görədir, elə eyni səbəbdən də, şəhərin bəzi “güşələrində” şəkil çəkmək qadağandır.-Tivoli parki dünyaya ən məhşur olan əyləncə parklarından biridir. Hətta bəzi mənbələrə görə V. Disney buranı ziyarət edəndən sonra, ilhamlanaraq ABŞ-a qayıdıb və eynisini yaratmaq qərarına gəlib. Roskilde. Roskilde Kopenhagendən sadəcə yarım saat məsafədə yerləşən bir şəhərdir. Tipik Danimarka şəhəridir, daha çox yerli insan görə biləcəyiniz şəhərlərdəndir. 1443-cü ilə kimi Danimarkanın paytaxtı olub. Roskilde-nin əsas görməli yerləri, Vikinq Gəmi Muzeyi və Katedralıdır. Düşünürəm ki, gəzintiyə sonuncu ilə başlamağa dəyər. Çox insan katedralı bütün Danimarkanın ən əzəmətli və gözəl məbədi adlandırır, YUNESKO isə Roskilde Katedralini (Domkirke) “bəşəriyyətin mirası” nişanı ilə öz himayəsi altına götürüb. Katedral o qədər restavrasiya olunub və yeni əlavələrə məruz qalıb ki, bugün, son 800 il ərzində Danimarka memarlığının canlı tarixi kimi göstərilə bilər.Katedralın içindəki Kral məqbərəsində 37 Danimarka kralı və kraliçasının qəbirləri var. Bir zamanlar nüfuzlu bir çox tarixi şəxsiyyətin qalıqlarına baxmaq bəlkə də xoşagəlməz səslənir, lakin ziyarət etməyə dəyər. Vikinq pərəstişkarları Roskilde fjordunun dibindən qaldırılmış beş həqiqi gəmini görə biləcəyi heyrətamiz Vikinq Gəmi Muzeyindən çox zövq alacaqlar. Muzey iki zaldan ibarətdir - qayıqların yerləşdiyi Vikinq Gəmi Zalı və hələ də arxeoloji qazıntıların aparıldığı Museumsø. Mənə deyilənə görə, İngilis dilində pulsuz bələdçili turlar iyul və avqust aylarında hər gün saat 12:00 və 15:00-da, may, iyun və sentyabr aylarında isə həftə sonları günorta saatlarında həyata keçirilir. Təəssüf ki, yanvar ayında ziyarət edən mən, heç birindən yararlana bilmədim.Ən maraqlısı da odur ki, bu gün Vikinq Gəmi Muzeyi sayəsində həmin gəmilərin dəqiq nüsxələri yaxınlıqdakı gəmiqayırma zavodunda tikilir. Eyni zamanda, gəmi üçün istifadə olunan materiallarnan yanaşı, orta əsr alətlərindən istifadə edilir ki, tikinti texnologiyası da dəqiqliklə təkrarlanır. İşin nəticəsi o qədər uğurludur ki, inşa edilən beş gəmi müxtəlif istiqamətlərə, o cümlədən İrlandiyaya turistik səfərlər üçün istifadə olunur.Qiymətlər: Mənə birmənalı şəkildə İsveçdən daha baha görsəndi. Qidalanma: Belə ki, şəhər mərkəzindəki bir restoranda bir salat 45-50 AZN, pizza demək olar ki eyni qiymət, ana yeməklərin hər biri 70-75 AZN, desert isə 30-35 AZN başa gələcək. Yəni ortalama bir restoranda bir günorta və ya axşam yeməyi isə 200-250 AZN-ə başa gələcək (təbii şirələr, çay və bəhşiş də daxil). Otellər:Bunu hər zaman demək çətindir çünki seçəcəyiniz kateqoriyadan asılıdır, amma düşünürəm ki mərkəzdə normal otelin qiyməti elə 200 AZN gecəsinə başlayır. Təbii ki, hostel və evlər daha ucuzdur.Muzeylər: Ən ucuzları 18-20 AZNdən başlayır və 35-40 AZN nə kimi müxtəlif qiymətlərə var.Roskilde Katedral - 18 AZNViking Ship Museum - 31/40 AZN (mövsümdən asılı olaraq)Rosenburg Sarayı - 35 AZN (yayda biraz baha)Əgər qrupa qoşulub bələdçini dinləmək istəsəz əlavə 8 AZN.Transport: Taksi 10 km yola 62-75 AZNAvtobus bir gediş 8 AZNƏn yaxın şəhərlərdən sayılan Roskilde şəhərinə qatar bileti - 18 AZNNəticə olaraq, Danimarka sadəcə bir ölkə deyil, “hygge”, Jante qanunu və Andersen irsinin unikal atmosfer yaratdığı gözəl bir dünyadır. Bu ölkəyə səyahət etmək Danimarkanı həqiqətən unikal və gözəl edən rahatlığı, harmoniyanı, və gözəlliyi dadmaqdır.Daha çox kontent üçün instagram səhifəmi də izləyə bilərsiz.https://www.instagram.com/uls_valleyƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Gurbanova

1491 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!