1377 dəfə oxunub

Berlin bələdçisi - fərqli bir baxışla

Berlindəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.

Şəhərlər də insanlar kimidir. Təqdimata ehtiyac var. Necə təqdim etdinsə elə də tanınıb, sevilir...
Hansısa şəhərə getməmişdən öncə burada girib postları çox eşələmişəm. Şərhləri diqqətlə oxuyub analiz etmişəm.
Əslində burada post paylaşan hər kəs öz məsuliyyətini bu tərəfdən anlamalıdır. Çünki sən yazdığınla azdan-çoxdan ictimai fikir formalaşdırırsan.
Ümumiyyətlə, burada yazılan şərhləri oxuyanda insanların getdiyi şəhərlərə çox vaxt niyə getdiyini anlaya bilmirəm. Buna görə kimisə qınamaq da olmaz. Çünki adamlar var Münhenə sadəcə pivə içməyə gedə bilər. Burada qəbahət yoxdur. Amma sonra şəhər barədə fikirlərini məncə elə özündə saxlasa yaxşıdı. Şəhəri gəzməmisənsə deməli sən onu kəşf etməmisən ..

71228742_2074073736027372_7846859358066442240_n.jpg
Berlinə getməmişdən öncə burada postları oxuyurdum. Şərhlərdə şəhər barədə məndə çox pis təəssuratlar yaratmışdılar.

Nə var axı Berlində? kimi fikirlər də yazan var idi.

Keçək əsas məsələyə. Berlin şəhərində 3 gün oldum və onun 1 gününü Berlinə 35 km məsafədə olan Potsdam şəhərinə həsr etdim.
Nə var Berlində? Berlinə niyə gedək?

Berlinə təkcə Almaniyanın paytaxtı deməklə kifayətlənmək olmaz. Berlin II Dünya müharibəsinə şahidlik etmiş və müharibədən "sağ çıxmış" bir şəhərdir, hansi ki, hal-hazırda Avropada ən mühüm nəqliyyat qovşaqlarından biri sayılır. Şəhərin arxitektur tikililərinin bir çoxu barokko üslubunda olduğu üçün bu sahəyə marağı olan insanları məcbur edir ki, hər binanın qabağında ayaq saxlayıb o möhtəşəmliyi bir müddətlik də olsa gözdən keçirsin.

71277752_2074100332691379_2781653062656196608_n
Bu vaxta qədər olduğum şəhərlərin içində nəqliyyat infrastrukturuna görə ən bəyəndiyim şəhər məhz Berlin oldu. Gedəcəyin yerə 3-4 fərqli nəqliyyat, hətta elektrosomakatla getmək olurdu. Bundan gözəl nə ola bilər axı? Konkret vaxt itkisi yaşamırsan.
Elə təkcə Tiargarteni gəzməyə adamın 4-5 saatı rahat gedir. Yaşıllıqdan, ətrafdakı quşların səsindən insanın endorfini kəllə-çarxa qalxır.

71238267_2074074392693973_3675811283124355072_n

71584588_2074074466027299_8476295727352381440_n
Berlinə həm də muzeylər şəhəri demək olar. Bir-birindən fərqli və maraqlı muzeylər elə "Muzeylər adası" adlanan zonada yerləşir.

Perqamon
Bode muzeyi
Qədim muzey
Qədim milli qalereya
Yeni milli qalereya
Berlin rəsm qalereyası
Dalem muzey mərkəzi
Yəhudi muzeyi
Alman tarix muzeyi
Rus-Alman muzeyi
Alman texniki muzeyi
Təbiətşünaslıq muzeyi
Kino muzeyi
Qənd muzeyi
Etnoqrafiya muzeyi
Çekpoyn-Çarli kimi bir-birindən maraqlı muzeylər məhz Berlində yerləşir.

71492259_2074074739360605_4715357711384969216_n.jpg

Berlinin tarixi tərəfindən danışsam gərək ömrümü bu postu yazmağa həsr edim. Ona görə ən gözəl və tarixi yerlərinin sadəcə adını yazmaqla şəkillərdə oraları sizə göstərəcəm.

İmperator Vilhelmin memorial kilsəsi
Potsdam meydanı
Reyxstaq
Brandeburq qapıları
Unter den Linden
Aleksandr meydanı
Berlin divarı
Kansler idarəsi
Qırmısı sovetlər evi
Holokost qurbanalarının xatirə abidəsi
Qələbə sütunu
Şarllotenbuqr qəsri
Berlin Dövlət konsert zalı
Qərbi Kaufhaus univermağı
Olimpiya stadionu
Şapandau qəsri

Bu postu uzada bilərəm ama bilirəm ki, uzun postları heç kim oxumur. Ona görə sözümün canının nə olduğunu demək istəyirəm. Gedəcəyin şəhəri araşdır, ora niyə gedəcəyini, o şəhərin nə kimi önəmlilik daşıdığını öyrən. Şəhər barədə fikirləri intellektual gənclərdən al, hansısa şəhərdə 15-20 dəq. olub özünə maqnit alıb, qayıdan adamdan yox. Şəkil çəkdirdiyin yerin tarixini bilməsən mahiyyət baxımından Heydər Əliyev Sarayı və ya Bode muzeyinin qabağında şəkil çəkdirsən fərq etməz. Hər ikisi gözəl və qeyri-adi tikilidi.

P.S. Heç görün mən Berlin divarı və ya Parlament binasından danışdım? Heç onları şəkillərdə də görməyəcəksiz????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Rajab Zade

DİGƏR BLOQLAR

Əsrarəngiz heykəllər adası - Pasxa

Pasxa adasındakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Pasxa adası və ya Rapa Nui. Dünyanın insan yaşayan ən izolə olunmuş adası, ən yaxın insan yaşayan adaya 2075 km, kontinental Çiliyə isə 3000 km-dən çox məsafə var.Bu vulkanik tipli adanı məhşur edən əlbəttə ki Moai heykəlləridi. Eramızın 700-1100-cü illərində adada məskən salmış Polineziyalılar Rano Raraku adlı vulkanın əsasında bu heykəlləri oyub sonra adanın bütün istiqamətlərinə daşımışlar. Elm aləmində hələ də bu 20-40 tonluq heykəllərin adanın müxtəlif hissələrinə necə daşınması barədə mübahisələr bitmir. Şəkillərdən göründüyü kimi hələ də bəzi heykəllər bitməmiş halda dağın ətəyində qalıb(bəziləri dağın yamacında, bəziləri dağın özülündə).Ahu Tongariki 15 Moai-nin birlikdə yerləşdirildiyi yerdi, hər səhər günəşin çıxması zamanı burada təkrarolunmaz mənzərə yaranır. Ahu Akivi-də 7 Moai var, və adada bu okeana baxan yeganə Moai-lərdi. Adanın sahil boyu hər yerində tək Moai-lərə də rast gəlinir, ümumilikdə adada 700-dən çox moai var. Lakin adada görüləcək tək heykəllər deyil.Palmalarla əhatələnən Anakena çimərliyi Sakit okeanın şəffaf suyu və ideal ağ qumu ilə baunti demişkən cənnət həzzi yaşadır)) Bu çimərlik həm də adaya ilk məskən salan insanların ilk gəldiyi yerdir, çünki kanoe tipli qayıqları ancaq qum üzərinə daşımaq mümkündür.Adada ən hündür nöqtə olan Rano Kau vulkanından isə adaya və sakit okeana və vulkan kraterinə gözəl mənzərə açılır. Ada mətbəxinin şah yeməyi məncə tuna steykidi, çox dadlıdı. Adada ictimai nəqliyyat olmadığına görə velosiped, skuter, kvadrocikl və ya maşın kirayə olunmalıdır. Adanın özünə isə yalnız iki yolla gəlmək mümkündür, gündəlik Çilinin paytaxtı Santiagodan və həftədə iki dəfə Taiti-dən həyata keçirilən uçuşlar vasitəsilə. Xərclərdən - Santiagodan gediş-gəliş 400-500 usd, adanın ümümi bir qoruq olmasına görə 80 usd giriş bileti, gündəlik otel xərcləri adambaşı 30-50 usd-dən başlayaraq. Visa da sözsüz Çili vizası.PS. Bütün bu məsələdə məni məyus edən odur ki, Moai-lər Dünyanın yeni 7 möcüzəsi siyahısına düşə bilməyib. Bu da seçimin səsvermə yolu ilə aparılmasına görədi, 8-ci yeri tutan Pasxa adası Rio de Janeyroda yerləşən İsa məsihin heykəlinə uduzub. Hələki heç bir tarixi əhəmiyyəti olmayan 20-ci əsrin ortalarında ucaldılmış bu heykəlin (Rio de Janeyrodakı) bu siyahıda olması fikrimcə haqsızlıqdı.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Murad Novruzov

1058 dəfə oxunub

Stokholm yeni il bələdçisi

Bilirəm indi deyəcəksiz axı Yeni ildə sənin orda nə işin var? Dostum Rufet Mirze ilə #NewYear2020 üçün üz tutduq vətənim Skandinaviyamın nəhəng coğrafiyası İsveçin paytaxtı Stokholm şəhərinə, amma ondan əvvəl Polşanın liman şəhəri Gdanskda 2 günlük "yolüstü" fasilə edək dedik #Gdansk həqiqətən möhtəşəm şəhərdir, deyərdim ki, Norveçin Oslosu ilə Belçikanın Gentinin sintezidir Şəhər çox zövqümü oxşadı, həddən ziyadə sevdim bu şəhəri. Təmiz, sakit, gpörkəmli, möhtəşəm arxitekturaya malik şirin bir şəhər. Yeni il Stokholmla müqayisədə daha canlı və şən idi orada.#Stokholm sindromu deyirdilər haaa bax onu yaşadım konkret Tipik bir Avropa şəhəri, qeyri adi heçnə olmasa da mənə doğmadır yenə də, çünki Skandinaviya torpağıdır Deməli şimal insanı Yeni ili əsasən evdə qeyd edir, ailəvi olaraq şam edərək. Biz də düşmüşük küçələrə əyləncə axtarırıq pahooo küçələr bomboş, bayquşvari bir abu-hava, harda bir musiqi səsi eşidirəm, bir fişəng partlayışı görürəm deyirəm pəh bayram belə olare, gör nə vəziyyətdi təsəvvür edin Deməli bu başına döndüklərim yeyif-işməhdən sonra 11-də yavaş-yavaş tərpənirlər atəşfəşanlıq izləməyə və 12-yə təxminən 2 saat qalmış Skansendə konsert başlayır. Biz də Skansendəki konsertə qatıldıq və bəyəndik, əlində şampan, çaxır və s. şərablar və badələrlə musiqi dinləyən kim, rəqs edən kim, bir sözlə endorfinin yüksək səviyyəsi nəticəsində xoşbəxtlik hökm sürürdü.Şəhərdə Yeni il bir o qədər canlı görünməsə də əslində çoxlu partilər falan olur - yaxtada və ya hər hansı restoran / kafedə2 şəhər / 2 ölkə / 5 gün 29-31.12.19 Gdansk, Polşa 31-02.01.20 Stockholm, İsveç WIZZAIR: Kutaisi - Gdansk ( 17 AZN ) WIZZAIR: Gdansk - Stockholm ( 17 AZN ) WIZZAIR: Stockholm - Katowice ( 17 AZN ) WIZZAIR: Krakow - Kutaisi ( 22 AZN )FLIXBUS: Katowice - Krakow ( 6 AZN )Aeroportlarda çatdırma: Gdansk hava limanı - şəhər mərkəzi: 210 nömrəli avtobus (ictimai nəqliyyat) 3.40 zloty = 1.50 AZN Stockholm Skavsta hava limanı - şəhər mərkəzi: Flygbussarna (1 saat 40 dəq yol) Heçnə cəmi-cümü 180 SEK = 32 AZN (yerində aldıqda) və 160 SEK = 28 AZN (online aldıqda) yəni bir sözlə 2 təyyarə bileti Katowice hava limanı - şəhər mərkəzi: AP1 və AP2 nömrəli avtobuslar 14 zloty = 6 AZN Şəhər mərkəzi - Krakow hava limanı (gecə) 902 nömrəli avtobus 3.40 zloty = 1.50 AZN Yerləşmə: Hostel: - Gdansk, Polşa Hostel4U, 38 AZN / 2 gecəŞəhər mərkəzində yerləşir, shuttle bus düz yanında saxlayır; kilsənin yanında və mətbəxini xüsusilə bəyəndim, geniş, rahat və mülayim atmosferi var)- Stokholm, İsveç Crafford Palace Hostel, 78 AZN / 2 gecəBu hostel shuttle busun saxladığı yerdən 1.3 km aralıda yerləşir piyada / skutur / velo ilə getmək mümkündür, hostelin yerləşdiyi zona çox səliqəli, sakitdir, ətrafında skuturlar çoxdur rahat istifadə edə bilərsiz, voi skuturu məsləhət görülmür)*Bu hostelin ən sevdiyim cəhəti isə hostelə girişdə ayaqqabılar çıxarılır və ayaqqabsız təmiz şəkildə daxil olunur hostelə, bir sözlə evinizdəki kimi Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Royal Planck 

1617 dəfə oxunub

Nağılla gerçək arasında: Şri-Lanka

ŞRİ LANKA Bu Novruz bayramında biz Şri Lankaya səfər etmişdik və bu səfərlə bağlı məlumatları sizinlə paylaşmaq istərdim. Ümid edirəm ki, səfər etmək istəyənlərə yardımçı olar. İlk öncə qeyd edim ki, Şri Lanka səfərindən öncə ağlımda müəyyən stereotiplər var idi, gəlin ilk öncə onlarla başlayaq.❓ŞRİ LANKA KASIB ÖLKƏDİR❓Ən sadə müqayisəni öz ölkəmizlə edə bilərik; Şri Lankanın ÜDM həcmi Azərbaycandan 2 dəfə çoxdur (~90 mlrd. $), adambaşına düşən ÜDM isə Azərbaycan göstəricisi ilə, demək olar ki, eynidir (~$4.000). Nəzərə alsaq ki, əhali sayına görə Şri Lanka Azərbaycandan 2 dəfə böyükdür (~20 mln.), əslində, bu o qədər də pis göstərici deyildir. Daha ədalətli olmaq üçün onu demək lazımdır ki, adada orta sinif azlıq təşkil edir, siz daha çox daha aşağı sinif insanları görəcəksiniz. Müqayisəli dünyada biz necə qərb ölkələri üçün kasıb görsəniriksə, Şri Lanka əhalisi də bizim insanlar üçün kasıb görsənə bilər.❓ŞRİ LANKA GERİDƏ QALMIŞ ÖLKƏDİR ❓Keçmiş Britaniya imperiyasının müstəmləkəsi olaraq Şri Lanka 1948-1972-ci illərdə Seylon Dominionu, 1972-ci ildən isə Şri Lanka Respublikası kimi tanınmağa başlamışdır. Təxminən 150 il Britaniya imperiyasının bir hissəsi olması adada dərin iz buraxmışdır. Məsələn, Şri Lankada ingilis dili əsas etniklərarası dildir, ona görə də çoxluq ingilis dilində danışır. Britaniya müstəmləkiçiliyinin ən müsbət cəhətləri ən yaxşı mənada burada özünü göstərir. Siz geridə qalmış və inkişaf etməmiş keçmiş Britaniya müstəmləkəsi tanıyırsınızmı?Baxmayaraq ki, Şri Lankada 25 illik vətəndaş müharibəsi cəmi 10 il əvvəl bitib, turist olaraq siz onun fəsadlarını görə bilməyəcəksiniz. Hər halda ən çox ziyarət olunan qərb, mərkəzi və cənub regionlarda bu tamamilə hiss olunmur.Həmçinin qeyd etmək lazımdır ki, Şri Lanka mənim indiyə qədər getdiyim ən təhlükəsiz ölkədir.❓ŞRİ LANKADA XƏSTƏLİKLƏR GENİŞ YAYILIB, KRAN SUYU İÇMƏK TƏHLÜKƏLİDİR, ÖLKƏ ÇOX ÇİRKLİDİR ❓Maraqlıdır ki, bir çox bloqlarda biz buna tez-tez rast gəlirdik və bizə müəyyən qədər təəccüblü gəlirdi ki, niyə içməli su ilə bağlı məlumatlar belə geniş yazılıb. Halbuki bir azərbaycanlı kimi biz özümüz krandan su içməyə ürək etmirik, ona görə buna görə heç narahat olmaya bilərsiniz. Suyu ancaq butulkada alacaqsınız və onun necə doldurulması ilə bağlı sizdə şübhə olmayacaq, çünki, demək olar ki, bütün butulkaların qapağı xüsusi plastiklə örtülü olur.Şri Lanka təmizliyini görə bizi geridə qoyur. Nə şəhərdə, nə də şəhərətrafı yerlərdə ictimai tualetə girsəniz, nə qoxu hiss edəcəksiniz, nə də çirkli tualet görəcəksiniz. Bütün tualetlər isə duşla təmin olunub. Maraqlısı odur ki, siz küçələrdə də bizim öyrəşdiyimiz zibillikləri və siqaret tullantıları görə bilməyəcəksiniz. Ümumiyyətlə, siqaret ayrıca mövzudur, onunla bağlı yazacam, 9 günlük səfər zamanı mən yalnız barmaqla sayılası qədər siqaret çəkən yerli adam gördüm.Şri Lankaya səfər üçün məcburi vaksinasiya yoxdur, xəstəliyi isə sadə gigiyenik qaydalara əməl etmədikdə hər yerdə tapmaq olar. Yenə də çox narahat olursunuzsa, özünüzlə 1-2 dənə “sanitizer” alıb apara bilərsiniz. Həmçinin orada böyük supermarketlərdə rahatlıqla tapmaq olar.❓ŞRİ LANKA OKEANDA KİÇİK ADADIR ❓Əslində, mən də elə düşünürdüm, ancaq Şri Lanka ərazisinə görə Azərbaycandan cəmi 20% kiçikdir. Yeganə fərq isə ondadır ki, ada Hindistandan bir az aralıqda, cənubda və su damcısı formasında olaraq yerləşib. Şri Lanka əhalisinə görə Azərbaycandan 2 dəfə böyükdür, paytaxt Kolomboda isə 6 mln. insan yaşayır.❓ŞRİ LANKADA ASFALT YOL YOXDUR, NƏQLİYYAT QƏNAƏTBƏXŞ DEYİL ❓Qeyd etmək lazımdır ki, yol infrastrukturu Şri Lankada yüksək inkişaf etmişdir. Burada həm adi yollar, həm də pullu avtobanlar var. Pullu yollar 250-300 LKR (Şri Lanka rupisi) arası dəyişir, bu təxminən 2.5-3 AZN-dir. Yeganə mənfi cəhət ondan ibarətdir ki, şəhərlərarası yollar asfaltlı olmasına baxmayaraq, çox dar və 1 zolaqlıdır. Ona görə də 180-200 km məsafəni maşınla 4-5 saata getməli olacaqsınız. Bəzi şəhərlər arasında qatarlar fəaliyyət göstərir, həmişə I və II class alın, bizim pullar adambaşı 2-10 manat arası dəyişir. Həmçinin, nəzərə alın ki, keçmiş Britaniya müstəmləkəsi kimi burada da nəqliyyat istiqaməti fərqlidir. Sadə dildə desək, yolu keçəndə birinci sağa, sonra sola baxmaq lazımdır ????❓ŞRİ LANKA BUDDİST ÖLKƏSİDİR ❓Bunda həqiqət var, çünki çoxluq həqiqətən də buddistdir, amma Şri Lankda 4 böyük icma var: buddistlər, müsəlmanlar, hinduistlər, xristianlar. Maraqlı fakt ondandır ki, siz kimin hansı dinə aid olduğunu bilməyəcəksiniz. Maksimum taksidə hər hansısa bir əlamətə görə insanın hansı dinə sitayiş etdiyini görə bilərsiniz (kiçik Budda heykəli, Krişna posteri, Xaç və s.) və bu sizin üçün tamamilə lazımsız məlumat olacaq. İnsanlar çox tolerant olaraq birlikdə rahat yaşayırlar. Yeganə diqqət etməli bir şey odur ki, heç bir Budda heykəli qarşısında durub şəkil çəkdirmək olmaz (ona qarşı arxanızı çevirə bilməzsiniz), bu yerli insanlara və Buddaya qarşı hörmətsizlikdir.???? ŞRİ LANKAYA SƏFƏRDƏN ÖNCƏ- Vizanı rahat ya online sifariş edə bilərsiniz ($35) və ya hava limanında ala bilərsiniz ($40).- Bütün hotelləri booking.com vasitəsilə rahat rezervasiya edə bilərsiniz. Bizim 2 nəfərlik 9 gün üçün toplam hotel xərcimiz $520 olmuşdur. Halbuki onun da ən bahalısı məhz 2 gün Kolombo-da qaldığımız 5 ulduzlu Marino Beach hoteli olmuşdur. Digər şəhərlərdə qaldığımız bütün hotelləri də məsləhət görürəm: Sigiriyada “Palmyra Nature Resort” (meşədə kotec), Nuwara Eliyada “The Tea Garden” (çay plantasiyasında böyük villada 2 nəfərlik geniş otaq), Hikkaduwada “Neela’s Guest house” (okean sahilində butik hotel), Kandy-də SW Eco Lodge (şəhər mərkəzində Urban stilində hotel).- Əgər siqaret çəkənsinizsə, mütləq öz ehtiyacınızı nəzərə alıb özünüzlə siqaret aparın. Çünki ən keyfiyyətsiz, ağır və tövsiyə edilməyən siqaret qutusu orada 6 AZN-ə satılır. Ən keyfiyyətli “Gold Leaf” və “Dunhill” (British American Tobacco istehsalı) qutusu isə 14 AZN-dir. Yeganə sevindirici hal odur ki, bizdə olduğu kimi onlarda da siqareti dənə ilə satmaq adəti var.- Kredit kartınızda 200-250 dollar pul saxlayın (nə üçün lazım olduğunu yazacam), qalanları isə USD və ya EUR olaraq özünüzlə cash aparın. Mübadilə ilə bağlı narahat olmaya bilərsiniz, valyuta kursu, demək olar ki, bütün adada eynidir (hətta rahatlıqla hava limanında dəyişə bilərsiniz). Ümumiyyətlə, ölkədə valyuta qəbul olunur, ona görə restoran-kafe və ya hotellərdə rahat USD və EUR ödəyə bilərsiniz. Amma yerli pulla ödəniş daha sərfəli olacaq. Daha rahat hesablama üçün: 100 LKR (Şri Lanka rupisi) = 1 AZN (daha dəqiq, 0.97 AZN), 1000 LKR = 6 USD (daha dəqiq, $5.7 USD).- Şri Lanka ada olduğu üçün xaricdən flora və fauna üçün təhlükə yaradacaq hər bir şey ilə bağlı kifayət qədər sərt siyasətləri var. Ona görə də özünüzlə meyvə, ərzaq, bitki və ya toxum aparmayın. Hava limanında onları sizdən alacaqlar.- Əgər çay plantasiyalarına gedəcəksinizsə, özünüzlə mütləq isti bi şey götürün. Nuwara Eliya və Ella şəhərləri günorta mülayim isti, gecələr isə soyuq olur. Kolombo (sahil), Sigiriya və Kandy (mərkəz), Hikkaduwa, Mirissa, Galle (sahil) çox isti (>30 °C) və rütubətli (~90%) olur. Özünüzlə papaq, günəş eynəyi və gündən qoruma üçün kremlər götürməyiniz məsləhətdir. Həmçinin yaxşı olardı ki, şəxsi gigiyena məhsullarını özünüzlə aparasınız (travel pack – Head & Shoulders, Pantene, Always, Discreet, Blendamed və s.).- Şri Lankanın qərb, mərkəz və cənub regionlarına gedəcəksinizsə, musson yağışları sezonuna düşməmək üçün ən ideal sezon Dekabr – Mart ayları arasıdır, May – Sentyabr aylarında güclü musson yağışlarına düşəcəksiniz. Yox əgər şərq və şimal regionlara getməyi planlayırsınızsa, o zaman ən ideal sezon əksinə May – Sentyabr aylarıdır.- Hər ehtimala qarşı Travel Insurance almağı unutmayın. Onu 1 saata cəmi 15 manata ala bilərsiniz.???? ŞRİ LANKA HAVA LİMANINDAN- Təyyarədə sizə xüsusi miqrasiya sənədi verəcəklər (ABŞ-a səfər edənlər bilər), orada ilk qaldığınız hotelin ünvanını və passport detallarını qeyd edəcəksiniz. Passport Control-da bir problem olmayacaq və demək olar ki, heç bir sual vermədən sizi ölkəyə buraxacaqlar.- Mütləq yerli mobil operatorundan nömrə alın, internet paketlə birlikdə (11GB = $12) nömrə sizə pulsuz veriləcək. Biz Mobiteldən almışdıq, ona görə də həmişə 3G internetlə online olurduq, mən 3G-ni heç söndürmürdüm, gecələr bəzən kinoya baxmağımıza baxmayaraq, 9 gündən sonra məndə hələ də balansda pul qalmışdı. İnternet sürətlidir.- Nömrə aldıqdan sonra Pickme application-nı yükləyin. Bu yerli taksi tətbiqidir, baxmayaraq ki, ölkədə həm də Uber var, yerli olmasına baxmayaraq PickMe daha funksionaldır, Taxify (Bolt) və Uberdən daha geniş imkanları var. Məsələn, əvvəlcədən (bir neçə gün əvvəl dəqiq tarix və saata taksi sifariş edə bilərsiniz). Baxmayaraq ki, PickMe ancaq böyük şəhərlərdə işləyir (digər şəhərlərdə də bəxtiniz gətirsə, tətbiqlə taksi tapa bilərsiniz), onun ən başlıca xüsusiyyəti ondan ibarətdir ki, sizə A və B ünvanları arasında məsafəyə görə 90% dəqiqliyi ilə qiyməti göstərir. Tətbiqlə taksi tapmasanız, küçədəki taksi ilə hansı qiymətlə danışıq aparmağı biləcəksiniz. Qısa məsafələrdə Tuk-Tuk və ya Nano car götürməyiniz məsləhətdir, şəhərlərarası rahatlıq üçün minimum Mini götürün. Avtomobilin növünə görə qiymət dəyişəcək. Hava limanından şəhər mərkəzinə Nano ilə xərciniz 1300-1400 LKR (13-14 AZN) və avtobana görə əlavə 250 LKR (2.5 AZN) tutacaq. Qeyd etmək lazımdır ki, uzun məsafələrdə Mini götürəndə kifayət qədər xərciniz çıxa bilər, amma digər tərəfdən bu daha rahatdır. Bəzi qiymətlər; Colombo – Sigiriya (90 AZN), Sigiriya – Kandy (50 AZN), Kandy – Nuwara Eliya (mütləq qatar götürün = 2.5 AZN), Nuwara Eliya – Hikkaduwa (120 AZN), Hikkaduwa – Colombo (qatar daha uyğundur = 2 AZN). Şəhəriçi taksi xərciniz 1-5 AZN arası dəyişəcək.????COLOMBO• Tipik paytaxt şəhəri və meqapolisdir. Şri Lankanın bütün şəhərləri arasında ən az bəyəndiyimiz şəhər oldu. Ancaq yenə də sizə maraqlı ola biləcək köhnə Britaniya dövründən qalmış abidələri ziyarət edə bilərsiniz.• İsti və rütubətlidir.• Burada insanlar daha merkantildir. Ona görə də parkda kimsə sizə yaxınlaşıb, ağacları göstərsə, güllər barəsində danışsa və ya nədəsə yardımçı olsa, dini abidənin yanında sizə onun tarixi barəsində danışmağa başlasa, və ya sizə nəsə göstərmək istəsə, əmin ola bilərsiniz ki, sizdən sonda 500-1000 LKR istəyəcək. Ona görə qabaqcadan özünüzü hazırlayın: “Are you going to ask money for that?”, “Shall I pay anything to you?”.• Bəzi restoranlarda menyuda qeyd edilməsə də, sonda sonda ümumi qiymətlərdən başqa cəm üzərinə 15% ƏDV və 10% service fee əlavə edilə bilər. Ona görə bunu əvvəlcədən dəqiqləşdirin. Ümumiyyətlə isə, restoranlarda qiymət çox münasibdir, ancaq spirtli içkilər bizdən daha bahadır. Yerli istehsal Lion Lager pivəsi belə 400 LKR-dən ucuz verilmir restoranda. Bu arada içmək məsləhətdir (Carlsberg istehsalı), məsləhətli pivədir ????• Mütləq T-Lounge by Dilmah kafesinə gedin. Orada hər növ və formada çay və desert tapa bilərsiniz.• Shopping üçün ucuz mallar almaq istəyirsinizsə, Train Station yanındakı bazara gedin və həmişə qiymət öldürün. Əgər yaxşı danışıq aparmaq qabiliyyətiniz varsa, 15 manata satılan bir şeyi 8 manata ala bilərsiniz (halbuki yerli bunu rahat 5 manata alır :D).• Şri Lankanın super yerli paltar brendi var – Odel. Onun mağazasını siz City Centre mall-da tapa bilərsiniz. Qiymətləri bizim Zara, Pull & Bear və Bershka kimidir, amma keyfiyyətinə görə onlardan daha üstündür.????SİGİRİYA• Səfər etdiyimiz ən isti region idi.• Mütləq Pidurangala və ya Lion Rock-da çıxın. Amma istiliyi nəzərə alsaq, bunu ən geci səhər saat 6:30-da açılışda qalxın. Nəzərə alın ki, turist olduğunuz üçün siz adambaşına 50 LKR deyil, 5000 LKR ödəməli olacaqsınız. ???? Ümumiyyətlə, bütün ödənişli muzeylərdə turist kimi 5-10 qat daha bahalı olan bileti almalı olacaqsınız.• Burada mütləq safariyə çıxın, azadlıqda yaşayan xoşbəxt filləri görmək məsləhətdir. Safari üçün ən yaxşı vaxt axşam 4-dən sonra və ya günorta 12-2 arasıdır. Bu vaxtı fillər su içmək və özlərini yumaq üçün gölə yığışırlar. Safari avtomobili sizə bir tur üçün 4500 LKR-ə, Milli Parka giriş isə bir avtomobilə görə 8000 LKR olacaq.• Fillərə minməyin, ölçülərinə baxmayaraq bu gözəl heyvanlar ağrıdan əziyyət çəkirlər, onları əhliləşdirmək üçün onlara əzab verir və zəncirlə döyürlər, ona görə də onları safari zamanı kənardan izləmək daha yaxşıdır.????KANDY• Şri Lankanın ən fərqli şəhərlərindən biri, burada çoxlu sayda park, abidə, şəhər mərkəzində isə göl var. Burada məşhur Budda müqəddəs evi var, sübhdə (7 am) və ya axşam (6:30 pm) dini mərasimlərdə getmək daha məsləhətlidir.• Gecə istirahət üçün mərkəzdə yerləşən Sky Lounge-a getmək olar.• Təəssüf ki, biz Kandy-də yalnız gecələyib və oradan qatarla Nuwara Eliya-ya getmək üçün gəlmişdik, ona görə də bu şəhər haqqında geniş məlumat verə bilməyəcəm.????NUWARA ELIYA• Şri Lankanın ən soyuq şəhərlərindən biri, gecə temperatur 12-13 °C qədər düşə bilər.• Mütləq çay plantasiyalarını ziyarət edin, ekskursiya istəyirsinizsə, Pedro, Damro (keçmiş Mackwood) və ya Blue Field tea factory-ni ziyarət edə bilərsiniz. Biz Blue Field zavodunu seçdik və çox razı qaldıq. Burada siz həmçinin birbaşa plantasiya çayı ala bilərsiniz, bu çay eksport edilmir və Lipton, Dilmah, Ahmad tea kimi brendlərə satılır, onlar öz əlavələri və dəyişikliklərini edərək bazara çıxarırlar. Ona görə də 100-200qr çayın burada niyə 15-20 AZN olmasına təəccüblənməyin.• Təəssüf ki, çay plantasiyalarında işləyən insanlar bizə reklamlarda göstərildiyi kimi o qədər də xoşbəxt deyil, gündəlik 20kq hədəflə səhər saat 7-dən 5-ə qədər çalışmaqla insanların aylıq maaşı cəmi 150.000 LKR-dir (150 AZN). Ona görə də onlarla şəkil çəkdirmək istəsəniz, mütləq icazə alın və şəkil çəkdirəndən sonra onlara 200-500 LKR hədiyyə edin. Belə onları sevindirə bilərsiniz.• Mütləq Ramboda Falls şəlaləsini ziyarət edin.• Ümumiyyətlə, Nuwara Eliya Kiçik İngiltərə sayılır, belə ki, həm iqliminə görə, həm də burada çoxlu sayda plantator evləri və qədimi binalarına görə. Mütləq Grand Hotel-gedin və orada Magnolia restoranında şam edin və hoteli gəzin. Grand Hotel-də super bar var, orada da gedə bilərsiniz. Magnolia-da gecə bufeti də olur, amma adambaşı 3500 LKR ödəməyə dəyməz. A la carte menu daha münasibdir.• Burada həmçinin The Hill Gentlemen Club var, ora da gedə bilərsiniz, amma nəzərə alın ki, burada adambaşı 200 LKR giriş pulu verəcəksiniz, sonda isə toplam məbləğin üzərindən 25% ƏDV və service fee ödəməli olacaqsınız. Bizim Şri Lankada ən bahalı şam yeməyimiz məhz bu restoranda olmuşdu (5900 LKR = 59 AZN). Həmçinin, burada ciddi dress-code və face control var. Rəsmi geyimdə gəlsəniz, sizin Gentlemen Room-a alacaqlar, əgər pencək və qalstuk olmasa, təəssüf ki, Casual Room-a getməli olacaqsınız. Şortla sizi içəri almayacaqlar.• Bu şəhər bütün Şri Lankada çay plantasiyalarından başqa həm də çiyələk fermaları ilə məşhurdur. Mütləq Adma Agro Strawberry Shop-a gedin.????HİKKADUWA• Hind okeanı sahili. İsti, günəşli, təmiz, hamı üçün açıq.• Mütləq yaxınlıqda yerləşən Mirissa beach və Galle şəhərinə səfər edin.• Galle-də siz hollandların hələ əsrlər əvvəl tikdikləri və indiyə kimi dəyişməyən şəhərini və mayakı görə bilərsiniz.• Həmçinin Unawatuna (Dalawella beach)-da məşhur palma ağacı var. İnsanlar adı ağacdan belə pul edirlər – swing-dən tullanıb xatirə fotosu üçün 500 LKR verməli olacaqsınız. ????• Sahildə kef edin ????????Total Spending for 2 persons for 9 days:- Air ticket: $1000 (Dubai transit)- Hotels: $520- Entertainment, transport & food: $700- Shopping: $300Bütün bu yazdıqlarımı öncədən bilən, planlayan, təşkil edən və büdcələyən həyat yoldaşıma kudos! ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aliyar Huseynov

1985 dəfə oxunub

Əsrarəngiz Bali

Balidəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu səyahətə biz xüsusi hazırlaşmışdıq çünki ikimizin də Uzaq Şərqə ilk səyahəti idi. Çoxlu blog yazıları və İndoneziya (Bali) haqqında məqalələr oxumuşduq  Gəzəcəyimiz yerlərin uzun bir siyahısını hazırlayıb getdik Baliyə.Bali İndoneziyada yerləşən minlərlə adadan biridir. Biz 7 gün qaldıq. Əgər getməyi planlayırsınızsa siz də ən az 7 gün düşünün. Çünki ada o qədər zəngin və rəngarəngdi ki, o qədər uzaq məsafəni heyfslənərək qayıtmaq yaxşı olmaz Adada necə ki yerli əhalidən çox turist var, eləcə də maşından çox motosiklet görəcəksiz. Yollar çox ensiz olduğundan millimetr məsafəylə ötüşür maşınlar və ya motosikletlər bir-birinin yanından. Əgər motor istifadə etməyi bacarırsınızsa onu kirayə götürün, yox maşın düşünürsünüzsə yaxşı olar ki günlük sürücü (təxminən 10 saat sizi istədiyiniz yerə aparır) danışasınız. Sükan sağdadır və hərəkət soltərəfli olduğundan çaşdırıcı ola bilər. Sürücünün etibarlı olması da əsas məsələdir çünki bel çantası belə olsa hər yerə daşımaq istidə yorucu olur. Bizim sürücü Gusti o gəzintinin ən gözəl, şirin, unutmayacağımız parçası oldu Harda və necə qalmaq məsələsinə gəldikdə isə o sizin necə bir yer istəməyinizlə bağlıdı. Tamamən təbiətlə iç-içə mi, yoxsa bir az Avropa şəhərlərini andıran hərəkətli yerlər mi (Kuta, Hard Rock cafenin-inanılmaz zövq aldıq- yerləşdiyi bölgə. 1 günlük gedib gəzmək olar amma tətili orda keçirmək Baliye haqsızlıq olar  ) və ya okean və ya dənizə yaxın yer (daha çox sörfçülerin tərcih elədiyi yerdi. Ora da 2 gün ayırdıq, okeanın altına endik, paraşut və dəniz sahili) olması mı. Biz Ubudda qaldıq. Ubud mərkəzdə olan bir yerdi və gedəcəyimiz yerlərə daha rahat gedə bilərdik. Və dediyim o təbiətlə iç-içə olan yerdi. Bali ümumiyyətlə elə bir yerdir ki hər addımda yabanı təbiət sizi heyrətləndirir. Luks, göstərişli, insan əli ilə düzəlmiş məkanlara çox rast gəlməyəcəksiz. Eyni zamanda böyük otelde qalmağın da mənası yoxdu Balidə. Palma ağaclarının əhatəsində olan, özəl hovuzlu villa tipli qonaqlama yerləri əsl Bali abu-havasındadır.Meymun meşəsi, Düyü tarlaları (UNESCO'nun qoruması altındadır) və yüzlərlə ibadət yerləri. Bu ibadət yerlərinin (daxil olarkən hamı qursaqdan aşağı bağlanmalıdır) bəziləri min illərdir var. Bali adasının sakinlərinin əksəriyyəti hindu dininə sitayiş edir və dinlərinə çox sadiqdirlər. Hər bir evin girişində 2 qorxulu üzlü heykəl var. Bunlar qardiyanlardır və evi şər qüvvələrdən qoruyurlar. Bu arada, hansı evin varlı, kasıb olması da bu gardiyan heykəllərdən bilinir. Varlılar vulkan daşlarından düzəltdirir heykəllərini. Gündə bir neçə dəfə kiçik qablarda yeməklər qoyurlar hər küncə ki digər canlılarda da qidalansın və beləliklə tanrılarına təşəkkür edilər indoneziyalılar.Bizə ən çox təsir edən mənzərələrdən biri də Kimtamani ərazisində yerləşən Batur vulkanı oldu. Baliyə gedərkən təyyarə o vulkanın üstündən keçir. Olduqca vahiməli görüntüsü var))Və əsla etmədən dönməməli olduğunuz şey Bali masajıdı əlbəttə) "yenidən doğuldum" dedizdirir adama.Orda qaldığımız müddətdə azərbaycanlıyla heç rastlaşmadıq. Daha çox rusları gördük (orda balayına Baliye gəlmək çox meşhurmuş), 3-4 çift türkiyəli ilə rastlaşdıq. Turistlərin əksəriyyətini avstraliyalılar (daha çox sörf üçün gəlirlər) , amerikalılar və çinlilər təşkil edir. Bali yazmaqla bitməz) Faydalı olacağını düşünürəm postun. Hər kəsə mənalı, unudulmaz tətillər arzulayıram Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nigar Talibzade

740 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!