1578 dəfə oxunub

Lissabon yaxınlığındakı qəsəbələr

Bu dəfə isə sizə Lissabon yaxınlığındakı qəsəbələr və görməli yerlərdən danışacağam ????
Avropanın ən uc nöqtəsindən baxarkən...
Keçən dəfəki yazılardan birində sizinlə Lissabon haqqında bölüşmüşdüm. (https://seyahetci.com/tarixle-muasirliyin-kesisdiyi-lissabon/).
O tarixlə müasirliyin kəsişdiyi, möcüzəli Lissabonun ətrafı özündən də gözəldir.
Lissabonu gəzməyə 2-3 gün ayırandan sonra biz növbəti gün maşın kirayələdik və ətrafdakı qəsəbələrə üz tutduq. İlk gün yolumuzu Coba Da Roca burnu və kiçik, şirin sahil qəsəbəsi Cascaisdən saldıq. Ericeira, Sintra və Mafra qəsəbələrini doyunca gəzə bilmək üçün bir gün sonraya saxladıq. Elə bu 3 qəsəbə barədə yazmağı da gələn dəfəyə saxlayıram.
ANS demiş, indi isə yaxın əyləşin, Cascais və Cabo Da Roca barədə daha ətraflı ☺️

Zənginlərin, mühacir yazar və sənətçilərin məkanı
Cascais qəsəbəbəsi Taxo (Tejo) çayının girişindən başlayıb, düz Oeiras şəhərinədək uzanır. Hazırda qəsəbənin 200 mindən artıq sakini var. 19-cu əsrin əvvəllərində Cascaisin əhalisi az olub. Bura kiçik, balıqçı qəsəbəsi kimi tanınırmış. Az keçməmiş ingilis tacirlər və avropalı aristokratların tətil məkanına çevrilib.
İkinci Dünya Müharibəsi ərəfəsində isə döyüşdən qaçanların - siyasətçilər, aristokrat, sənət adamları və yazarların sığınacağı olub. Öz adıma deyim ki, burada yaşayan hər gün yazıb, yaradar.

Zənginliyin gətirdiyi qumarxana və liman
Cascais yay aylarında Avropanın varlı ailələrinə ev sahibliyi edir. Onu da deyim ki, Avropanın ən böyük qumarxanası “Casino Estoril” də buradadır. Zənginliyin gətirdiyi daha bir məkan isə Marina de Cascais limanıdır. Bu liman 650 qayığa ev sahibliyi edir. Cascais yay aylarının həftə sonları avtomobili olan lissabonluları da qonaq edir.


Gözəl və ürəkaçan sahillər buranı ideal çimərliyə çevirir. “Balıqçı Çimərliyi” (Praia dos Pescadores) yayda adam qaynayır. Həftə sonları ümumiyyətlə, yer tapmaq çətin olur. Vaxtımız az, getməli yerlər çox olduğu üçün biz çimərlikdə vaxt keçirə bilmədik. Həm də getdiyimiz gün səhər tezdən yağış yağmışdı. Hava azcana soyuq idi.

“Cəhənnəm Ağzı” - The Boca do Inferno
Elə Cascaisin özündə də görməli yerlər çoxdur. Qəsəbə uzun-uzun, tənbəl-tənbəl gəzilməli yerdir: bura gəldinsə, gərək hər nöqtəsinin dadını çıxardasan. Məsələn, “Cəhənnəm Ağzı” deyilən yerin adına yox, mənzərəsinə baxın siz. Qəsəbənin ən gözəl yerlərindəndir. Atlantik Okeanına açılan dəhlizindən görünən mənzərəni yemə, içmə saatlarca seyr elə. Qayalara çırpılan dalğalar ağ köpüklər yaradır. Elə bil okeana vanna köpüyü tökmüsən. Yuxarıdan baxanda adama elə gəlir ki, okean qaynayır. Sağa-sola, aşağı-yuxarı hərəkətlər edir. Gözünü ayırmadan baxanda adam vahimələnir. Üzə bilsəm də, ayağım sürüşsə, yıxılsam boğulub, ölərəm deyə, düşünürdüm.
Bura həm də balıqçıların məkanıdır. Şəkil çəkdiyimizi görüb, bizə gün batımını buradan seyr etməmizi təklif etdilər. Təəssüf ki gözləməyə vaxtımız yox idi.


“Ev deyil, şato, şato, canım”
Qəsəbədə çox gözəl bir ev də var. O məşhur türk serialında deyildiyi kimi, əslində ev deyil, şatodur ????
Adı Casa de Santa Mariadır. 1902-ci ildə tikilib. Yerli sakinlərdən öyrəndik ki, bura keçmişdə varlı bir irlandiyalı tacirə məxsus olub. Həmin dövrlərdə Cascaisin ən göstərişli və lüks tikilisi sayılırmış.

Santa Marta Mayak Muzeyi - Farol Museu de Santa Marta
Evin, pardon, şatonun düz qarşısında Santa Marta adlı mayak (gəmilərə yol göstərmək üçün siqnal işığı olan hündür qüllə, dəniz fənəri) ucalır. Francisco Pereira da Silva adlı şəxs tərəfindən inşa etdirilib. 2007-ci ildən bu yana Santa Marta Mayak Muzeyi kimi işləyir. Vaxtınız olsa, içinə girib, gəzə, hətta mayaka qalxa, oradan Cascais mənzərəsini seyr edə bilərsiniz.
Portuqaliya okeansahili ölkə olduğundan burada mayak, dənizçilik muzeyləri, limanlar, gəmilər, balıq, balıq yeməkləri məşhurdur. Hər addım başı dənizçilik mədəniyyəti ilə qarşılaşırsan. Havada asılı qalan dəniz, yosun qoxusu da bunu unutmağa imkan vermir.
Bu arada, unutmadan deyim ki, Santa Marta Mayak Muzeyinə giriş təxminən 5 avro civarında idi.


Cascais Qalası - Cidadela de Cascais
Bundan başqa qəsəbədə Cascais Qalası da var. Düz mərkəzdə, limanın arxasındadır. Binanın üzündən tarix, qədimlik yağır. Yerləşdiyi ərazidə başqa hökumət binaları da var. Daş döşənmiş meydanın mərkəzindəki tarixi bələdiyyə binası kimi.

Avropanın ən uc nöqtəsində
Cascaisə səhər saat 8-də gəlmişdik. Günortadan sonra, təxminən 3-4 arası buradan Cabo Da Roca burnuna tərəf yola düşdük. Təxminən 30 dəqiqəlik yol idi.
Bura “ən xoşbəxt olduğum yer” də deyirəm. Xoşbəxtlik deyəndə nədənsə ağlıma bura gəlir. Kimi Avropanın, kimi dünyanın sonu adlandırır. Söhbət Avropanın Qərb tərəfdən ən uc nöqtəsi, sonu olan Cabo da Roca-dan gedir. Qısacası, Roca burnu.


Xoşbəxtliyi xatırladan və “sonsuzluğa” açılan pəncərə...
Ərazidə dəniz fənəri və balaca bir kafe var. Bir də suvenir satılan mağaza... Başqa da heç nə. Amma möhtəşəm abu-havası adamı sərxoş edir. Uçurum boyu ağac parçalarından çəkilən çəpər uzaqdan baxanda dəhlizə bənzəyir. Uçurum Atlantik Okeanına açılır. Uzaqdan gələn, dalğaların qayalara çırpılarkən çıxardığı səs səni ovsunlayır və tamamilə öz abu-havasına salır. Qonaqlar şəkil çəkdirir, mənzərənin dadını çıxarırlar. Havasından isə heç danışmayım, tərtəmiz, ləzzətli, çək ciyərlərinə...
Bir xeyli gəzib, şəkil çəkdirəndən sonra buradakı kafedə okean mənzərəsində qəşəng bir Porto şərabı içdik. Porto Portuqaliyanın şəhərlərindən biridir. Həm gözəlliyi, həm də şərabları ilə məşhurdur. Şərabları xüsusi şirin olur. Nəticədə, nə qədər içdiyinin fərqində olmursan, bir də ayılırsan ki, hazırsan ????
Nə isə, Roca burnuna mütləq getmək lazımdır. Mən hətta ora ikinci səyahət planlayıram. Oradan aldığım foto isə yazı masamın üzərində, ən görməli yerdədir. Nə vaxt keyfim olmur, baxıram, baxanda xoşbəxtliyi xatırlayıram ????
Bura sonsuzluğa açılan pəncərə kimi qalıb yadımda. Hər ağlıma gələndə, “hələ ümid var, tükənməyib” – deyib, təskinlik tapıram.

Bu yerlərə necə gedə bilərik?
Biz yaxın qəsəbələri gəzmək üçün 2 günlük maşın kirayələmişdik. Günü 60 avroya (Fiat Punto). Mühərriki kiçik olduğundan günlük benzin sərfiyyatı da aşağı idi. 2 günə benzinə 30 avro xərclədik. Pullu yollardan istifadəyə görə 2-3 avromuz çıxdı.
Cascaisə qatarla da getmək mümkündür. Eləcə də Roca burnuna avtobusla getmək olar. Mən isə deyərdim ki, istədiyiniz yerdə saxlayıb, şəkil çəkdirə-çəkdirə getmək, rahat gəzmək üçün avtomobil kirayələyin.
Bakıdan Lissabona isə “Aeroflot” (Rusiyanın hava şirkəti) və Türk Hava Yollarının (THY) reysləri ilə gedə bilərsiniz. Qiyməti gedəcəyiniz günlərə və bileti nə qədər öncədən almağınıza görə dəyişir. Gediş-gəliş üçün minimum 500 manatı gözdən çıxarmalısınız. Mən başqa cür etdim. Bakıdan “Wizzair”-lə (Macarıstanın hava şirkətidir) Budapeştə (Macarıstan), oradan İspaniyaya, daha sonra isə Portuqaliyaya getdim. Sonda da Portuqaliyadan yenə Budapeştə, oradan da Bakıya döndüm. Gediş-gəlişə təxminən 300 manat xərclədim.

Nə yeyək-içək?
Yeməyə gəlincə, Portuqaliya Avropanın balıq məkanıdır. Balıq və qırmızı ət məbəxlərinin olmazsa olmazıdır. Yanında müxtəlif növ paella (bulğura oxşayan düyüdən hazırlanmış, qırmızı, sarı və ya qara rəng çeşidləri olan plov növü), souslu tərəvəzlər və s. ilə servis edilir. Mən Portuqaliyada olduğum müddətdə yalnız dəniz məhsulları yedim. Sizə də məsləhət görürəm. Bir sözlə, dənizdən çıxan hər şeyi bişirir, çox gözəl də servis edirlər.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Guler Mehdizade

DİGƏR BLOQLAR

Günahlar şəhəri - Las Vegas

Las Vegasdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam, hörmətli Gəzəyən qrupunun üzvləri Sonuncu dəfə sizə Amerikanın ən gözəl və ailəvi yaşanılası yeri olan California ştatının San Diego şəhəri haqqında məlumat vermişdim, və çoxlarınızın mənim yazımı bəyəndiyiniz, yenidən təzə bir şəhər haqqında yazmağımı xahiş etdiyiniz üçün sizlərdən yenidən ekranlara yaxın və rahat əyləşmənizi xahiş edərdim Bu dəfə sizi Nevada əyalətinin və dünyanın ən məşhur əyləncə və kazinolar şəhəri sayılan Las Vegas haqqında məlumatlandırmaq istərdim...Gəzməyi sevdiyim üçün və Amerikanın 50 əyalətinin yarısına ayaq bastığım üçün, düşündüm ki San Diegodan sonra Las Vegas sizlər üçün maraqlı gələ bilər....Las Vegas mənim üçün ilk öncə nağıllar şəhəri, əyləncə tipli bir şəhər sayılır.. Buranı stresdən və depressiyadan uzaq olmaq üçün yollanmalı ən gözəl yer saymaq olar, əlbəttə ki qumar oynamayacaqsınızsa ????Las Vegasın 650 min sakini var, bu statistika mən oranı tərk edənə kimi olub :) Əsas iqtisadiyyatı kazinolardan gələn gəlirdən ibarətdi... Burada çoxlu sayda konsertlər, yay vaxtlarında açıq səmada binanın başında, baseynin içində olan bar/klub sizin əylənməyinizə və depressiyadan uzaqlaşmağınıza yardımçı olacaq ???? Ordan (açıq səmada klubdan) olan şəkilləri bura qoymayacam, people have mothers and sisters Las Vegasın əsas küçəsində bir dənə Azərbaycanlı soydaşımızı gördüm və çox sevindim, bir təsadüf idi, maşınının nömrəsindən bilinirdi ki bizimkidi... Las Vegasda qalandı....Las Vegasa yolunuz düşsə, maşına ehtiyac olmayacaq, çünki Las Vegasın bir əsas küçəsi var və bütün klublar, barlar, kazinolar, mağazalar o küçədə yerləşir.... Gəzib biraz kalori yandırmaq məncə heç də pis fikir deyil????Las Vegasın havası il boyu isti və yalnız Dekabr ayında havalar çox soyuyur, amma normalda hətta Dekabrda belə ora qar yağmır (qarın sağ əli Bakı Şəhər İcra Hakimiyyətinin başına).Şəxsən mən bələ düşünürəm ki, ümumiyyətlə Las Vegasa əylənməyə gedirsinizsə, maximum 3 gününüzü ora sərf edin, ondan sonra maraqsız olur :) Mən ordan maşın kiralayıb son günümdə, oradan Los Angeles-ə (City of angels) yola düşdüm Las Vegas-da mən və dostum Bellagio otelində 2 gecə, 3 gün complimentary stay (yəni hotel bizə pulsuz olaraq onların xidmətindən yararlanmaq və qiymətləndirməyi təklif edir) Və belə bir təklifi dala qaytarmaq, bağışlanmayan günahlar sinfinə aid olduğuna görə, dərhal biletlərimizi alib Vegasa yollanırıq... Və front desk-ə yaxınlaşaraq otaqlarımızın açarların əlimizə alıb qalxandan sonra, otağa daxil olan kimi pəncərədən olan görüntünü görüb ikimiz də orada da uşaq kimi sevinib və bayılırıqBelə bayılma hamıya qismət olsun, düşməndən başqa Qumara heçvaxt marağım olmadığı üçün, Las Vegas-ı piyada gəzməyə başladım dostumla... Las Vegas-da çoxlu sayda sizdə məni bağışlayın strip clublar olduğu üçün addımbaşı sizi ora gözəl xanımlar başınızı bişirib salmaq istəyəcəklər Gecə həyatı Las Vegas-da inanılmazdi... Bəli, Las Vegas gecə həyatına görə mənim fikrimcə bir nömrədi... What happens in Vegas stays in Vegas (Vegas-da nə baş verirsə, orada da qalır) deyimi ən məşhur deyimlərdəndi :) Mən dostumla qonşu olan Caesars Palace otelində yerləşən gecə klubuna getdim və klubun nə olduğunu orda hiss etdim... Əlbəttə ki gözəl və komplekssiz olan subay xanımlar sizinlə rəqs edəcəklər və bir yerdə içki içib söhbət edəcəklər (Vegas-da içilən içki günah sayılmır onu da biləsiniz )))))Las Vegas-da otellər 20$-dan başlayaraq 400$+ qalxa bilər... Yalnız 20-50$-lıq otelin aşağı səviyyəyə gəlməyinə işarə deyil... Mən qaldığım otaq 400-500$-lıq otaq idi (ümumi 3933 otaqdan ibarətdi) mənzərəsinə görə və sonuncu limited version olduğuna görə qiyməti o sırada idi, normalda 150$-a belə otaq tapmaq olar... Amerikanın ən ucuz otelləri Vegas-dadı.. Nəyə görə? Çünki Vegas-a gələn ,əlbət ki qumar oynamağa gəlir, yəni kazinoda pul xərcləməyə gəlirlər... Məsəl üçün siz Stratosfer və ya Circus otelində 20$ otaq tapdınız (xatırladım ki bu otellər 3 ulduzdu), siz 99% orda qumar oynayacaqsınız və 300-400$ pul uduzacaqsınız) Deməli artıq hotel sizdən 400$+20$ otaq pulu ve 60-80$ yemək yesəniz 500$ qoparda bildi bir günə  ???? Sonra deməyin ki xəbər etməmişdim Mən isə qumar oynamadığım üçün, hotel-ə ziyanverici simalardan sayılıram) Amma hotel buna da etiraz etmir, çünki yenə də mən onların restoranında yemək yeyəcəm və istəyərək pul xərcləyəcəm)))Bir də otellər o qədər böyükdülər ki ,içində az qala gps navigationdan istifadə edəsən exit-i tapmaq üçün :) Bəlkə yalan olmasın 8-9 dəfə içində azmışam, amma kazino personalı sizə həmişə yardımçı olacaq bu məsələlərdə....Las Vegas ən tez evlənmək məkanı sayılır... Hər gün 300+artıq gənc burda sözün əsl mənasında xoşbəxt olur.... Yəni bir günə siz həm qeydiyyatdan keçib həm də evlənə bilərsiniz, normalda qeydiyyatdan keçəndən sonra sizə 1-3 həftə sonraya vaxt təyin olunur və ondan sonra nigaha girə bilərsiniz Amerikada.... Xatırladım ki Las Vegas ən çox evlənmək üçün gəlinən məkan sayılır...Las Vegas ucuz yer sayılır deyə yaşamaq üçün və əlbəttə buna görə çoxlu insanlar Los Angeles-də bahalı həyata davam gətirə bilmədikləri üçün qonşu əyalət Las Vegas-a köçməyə məcbur qalırlar... Hoteldə işləyənlərin çoxsu ispan dillidi ona görə də ...Las Vegas-da əsas iş yeri hoteller sayılır Las Vegas-da küçədə içki içmək leqaldı, bütün Amerikada bu qadağa olunsa da (səhv etmirəmsə Floridada bir adasından başqa). Bir də Vegas-da içki çox bahadı, hətta bəzi aptek sayılan yerlərdə belə tekilla və müxtəlif içkilərin satışına rast gələ bilərsiniz... Los Angeles-də içki buradan ən azı 2 dəfə ucuzdu...(Los Angeles-də artıq günahdı içmək))))Dünyanın ən məşhur UFC döyüşləri də həmişə Las Vegas-da keçirilir, çünki burda otellərin təklif etdiklərini başqa şəhərlərdə olan otellər təşkil edə bilmir.Hamımızın tanıdığı Hangover (Мальчишник в Вегасе) filmi də bu şəhərdə çəkilib :) Baxmayanlara məsləhət görürəm baxmağı )Əgər bu yazımdan sonra hansısa bəy öz xanımı ilə Vegas-a getmək istəyirsə, mən deyərdim ki bu oğlanın son ilişkisi olacaq ) Vegas məncə subayların yeridi :) Sevginizi sınamaq istəyirsinizsə buyurun gedin :) Allah axırın yaxşı eləsin Vegasla və ya başqa əyalətdən suallarınız olsa buyura bilərsiz instagrama bostonian_love səhifəmə yaza bilərsiniz və ya follow edib orda da məni izləyə bilərsiniz... Xahiş edirəm Amerikaya necə gəlmək olar sualını mənə verməyin, özüm bilmirəm necə gəlmişəm:)))))) 8 il bundan əvvəl viza asan alınırdı, 30 saniyəyə :) Gələn qayıtmır deyə viza almaq hal-hazırda itin ağzından yağlı stake qopartmaq kimi bir şeydi :) Amma gəlmək istəyən yolun tapıb gələcək Hamıya həyatda olan bütün arzuların yerinə yetməsini ürəkdən diləyirəm, çalışın pul yığın və gəzin... Çünki gəzmək qalır insana..P.S Qrammatik səhvlərə görə müəllif məsuliyyət daşımır Gələn görüşlərə qədər sizdən ayrılıram Növbəti materialım çox güman ki Hawaii adasında yaşadığım və işlədiyim şirkət və ordakı həyat tərzi haqqında olacaq Diqqətinizə görə təşəkkürlərƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elman Hajiyev

1912 dəfə oxunub

Nağıl kimi bir dünya - İsveçrə bələdçisi

İsveçrədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Əgər küçədə axan suyun içməli olduğunu soruşanda suala görə yerli əhali sizdən küsürsə, mənzərəni qaçırmamaq üçün qatarda hansı səmtdə oturacağınızla bağlı tərəddüd edirsinizsə deməli İsveçrədəsiz. İsveçrəyə səfərimi Lugano- Sürix- İnterlaken- Grindelvald- Lautherbrunen- Spiez- Bern- Basel ardıcıllığı ilə formalaşdırmışdım. Müvəqqəti Roma ətrafında yaşadığım üçün girişi İtaliya ilə sərhəd olan Luganodan etdim. İsveçrə üçün ümumi və səfər edənlər üçün bilməsini tövsiyə etdiyim məlumatlar: İsveçrədə valyuta frankdır(avronun da keçərli olması şərti ilə), demək olar ki, yeganə şəhərlərarası (məntəqələrarası) nəqliyyat vasitəsi qatardır və getdiyiniz yerlərə öncələrdən bilet almağınız şiddətlə tövsiyə olunur. Əks halda 200 km üçün 70 frank(avro), 50 km üçün 45 frank(avro) ödəməyi gözə alın. Aİ ölkələrdindən birinə məxsus nömrəniz varsa burada böyük ehtimalla keçərli olmayacaq və nömrənizi rouminq etməli olacaqsınız. Su xərcinə özünüzlə su qabı daşımaqla qənaət edə bilərsiniz. Belə ki, bütün şəhərlərində (qəsəbə, kənd) içməli su mövcuddur və su arxlarının yanında içilməməli olması ilə bağlı xüsusi qeyd yoxdursa rahatlıqla içə bilərsiniz. Ümumi qiymətlər digər Avropa ölkələri ilə müqayisədə 2-2.5 dəfə daha bahadır. Şəhərlərin görməli yerlərini az enerji və optimal vaxt sərfiyyəti üçün ən uyğun ardıcıllıqla paylaşmağa çalışacam.LuganoLugano eyni adlı gölün kənarında yerləşən sakit, hüzurlu kiçik şəhərdir. Şəhər İtaliya ilə sərhəd olduğu üçün italyan dillidir. İtalyadan keçid edən kimi İsveçrəyə xas səliqə-səhman, disiplin hətta havadan belə hiss olunur. Görməli yerlərini ardıcıllıqla paylaşıram: Parci Ciani, Piaza della Riforma, Chiesa Santa Maria degli Angioli, Villa Heleneum, Sentiero dell’olivo, Lido San Domenico, Gandria və Monte Bre. Şəhəri yüksəkdən seyr edə bilmək üçün Monte Breyə funikulyor ilə qalxa bilərsiniz. Səhv etmirəmsə 26 frank idi. Əgər pul vermək istəmirsinizsə birinci funikulyor ilə pulsuz qalxa bilərsiniz və yolunuzu evlərin arasından yuxarı doğru ayaqla davam etdirərək Luganonu daha yüksəkdən izləyə bilərsiniz. 1 gün mənə kifayət etdi.Sürixİsveçrənin ən böyük şəhəri olan Sürixi mütləq ki bəyənəcəksiniz. Şəhər eyni adlı gölün şimalında yer tutur və Limmat çayı boyunca uzanır. Şəhərdəki orta və yüksək qiymətli otellər sizə gündəlik nəqliyyatdan istifadə üçün kart verəcəklər və bu tendensiyanı digər şəhər, qəsəbələrdə də görə bilərsiniz. Aşağı büdcəli otel və hostellərdə isə bu imkan yoxdur. Görməli yerlər : Swiss National Museum, Lidenhof, Fraumunster Church, Grossmunster, Bahnhofstrasse, FiFA Museum və Museum Rietberg. Futbol həvəskarı olan 7-dən 77-ə hər kəsə FİFA Muzeyinə baş çəkməyi şiddətlə tövsiyə edirəm. Səhv etmirəmsə giriş 26 frank idi və tələbələr üçün giriş haqqı 18 frank təşkil edir. 1 gün mənə kifayət etdi.İnterlakenThunersee və Brienzersee göllərinin ortasında yer alan kiçik kənd (qəsəbə) qatarlarında dediyi kimi “communication of destinations” olmaqla xəyalınızda olan kəndlərə gedən yolların birləşmə nöqtəsidir. Məhz bu səbəbdən də Lautherbrunen, Grindelvald, Zimmer və digər məntəqələrə getmək üçün dayanma nöqtəsi hesab olunur. 2-3 saat ərzində qəsəbəni gəzməklə ( Harder Kulm, Hohematte, Unterseen, St. Beatus Caves) yolunuza davam edə bilərsiniz.Grindelvaldİnterlakendən qatarla təxminən 20 km məsafədə olan, kərə yağı üstündəki şəkillərin çəkildiyi və Alp dağlarının ecazkarlığını uzaqdan seyr etməklə hüzur tapa biləcəyiniz bir məntəqədir. İnterlakendən gedən zaman “Grindelvald bahnhof” stansiyasına getməyiniz və gəzinti üçün start nöqtənizi ordan başlamanızı tövsiyə edirəm. Grindelvald özünüzü təbiətə həvalə etdyiniz məntəqə olduğundan nə qədər vaxt sərf etmək lazım olması şəxsin ruhi və mənəvi qidalanma istəyindən asılı olaraq dəyişir).LautherbrunenAlp dağlarının ətəyində olan və özündə paralel şəlalələri birləşdirməklə mənzərəsinə heyran qalacağınız qəsəbə. Qəsəbədən Mürrün dağ kəndinə də qalxmaq üçün istifadə olunur ki, Mürrenə mən səyahət etdiyim vaxtda xüsusi hazırlıq geyimi olmadan getmək arzuolunan deyildi. Lautherbrunendə sadəcə olaraq gəzmək və ətrafı seyr etmək sizi kifayət qədər sakitləşdirəcək. Gəzinti zamanı çayı keçərək qarşı tərəfdə yerləşən qəsəbənin ətəyinə qalxmağınızı və Lautherbruneni bir də bu formada izləməyinizi şiddətlə tövsiyə edirəm.Spiezİnterlakendən 18 km məsafədə yerləşən kiçik qəsəbədir və Bernə gedən yolda yolüstü baş çəkə biləcəyinizi və heyifslənməyəcəyinizi düşünürəm. Qəsəbənin sakitliyi, özünəxas sakitliyi sizdə mütləq xoş təəssürat formalaşdıracaq.Bernİsveçrənin paytaxtı olmaqla Aar çayının boynuna doladığı şəhər.Siz köhnə küçələrlə gəzə və bir sıra görməli yerlərlə (Kafigturm, The Parlament Building, Zytglogge, The Cathedral of Bern, Nydeggbrcuke) tanış ola bilərsiniz. Bu şəhərdə düşünürəm ki, azmaq mümkün deyil. Açığı Alpa dağlarının ətəyindən mərkəzi şəhərlərə enmək bəzən şəhər nə qədər gözəl olsa da ondan istənilən zövqü almaq imkanını uzaqlaşdırır. 1 gün mənə kifayət etdi.BazelReyn çayının keçdiyi İsveçrənin strateji şəhərlərindən biri. Bu şəhərin Avroaeroportu iki ölkə (Fransa və İsveçrə) tərəfindən ortaq istifadə edilən dünyada analoqu olmayan yeganə aeroportdur. Görməli yerləri bol olmasa da ( Tinquely Brunen, Spalentor, Basel Minster, Pfalz, Mittlere Burcke) Tinquely Brunen-dən şəhərin gəzintisinə başlamaqla qala divarından üzü aşağı antik atmosfer bəxş edən küçələrlə enə bilərsiniz.Ümid edirəm məlumatlarla gəzəyənləri yormadım və faydalı ola bildim. Bura qədər oxuduğunuz üçün təşəkkürlər Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tural Hasanli

484 dəfə oxunub

İnqilab və rəqsin ölkəsi - Kuba

Bir ölkəyə azadlıq gətirməklə iş bitmir.Kuba bir çoxumuz üçün uşaqlığımızın simvoludur. Niyə? Çünki uşaqlığımızın keçdiyi kommunizm, nostalgiya, onda hər şey yaxşı idi xəyalları. Biz də məhz bunu bir daha görmək üçün Kubaya getdik.Getdik və... Şoka düşdük. İlk şok aeroportdan başladı. Sərhəd xidməti rahat yoxlayır, amma təyyarədə 3 növdə deklarasiya doldurursan. Sadə vətəndaş pasportu ilə bir də tarjeta de turista almalısan, bir növ vizadır. Bizə onu zorla Bogota aeroportunda minik zamanı satdılar, halbuki bizim pasportlarla lazım deyildi.Aeroportda pul dəyişməli idik. Sən demə Kubaya dollar aparmaq sərfəli deyil, ümumiyyətlə bu ölkədə turist ikinci sort varlıqdır. Onu hərtərəfli soymayana söyüş qoyulub. Yerlilər adi peso, turistlər isə konvertasiya olunan peso, yəni CUC işlətməlidir. Yerli pesonu turistə satmırlar. 100 dollar hardasa 95 cuc-dur, ondan da 12 faiz vergi tuturlar. Əlinə alırsan 85 cuc kimi bir şey.Aeroportdan çıxıb taksiləri görəndə elə bil 1992-ci ilin Naxçıvanına gəldim. Bildiyimiz sovet maşınları elə sovet dövründən qalma və ya Çin istehsallı adını bilmədiyim avtolar. Birinə mindik. Qiymət tənzimləyici yoxdur, mərkəz daxil hara istəsən fix 25 CUC. Sürücümüz çox söhbətcil idi, dedi ki, burada ölkəyə avtomobil gətirmək işinə ancaq dövlət baxır, istədiyi qiyməti qoyur, yəni babat monopoliyadır. Ümumiyyətlə Kubada hər şey dövlət monopoliyasındadır, ona görə də kim necə bilir qazanır. Sonra dedi ki, Kubada yaxşı yaşayan ancaq məmurlar, manıslar və idmançılardır. Bizim ölkəni o dəqiqə tanıdı. Boksa görə.Otelimiz 4 ulduzlu idi, amma ona 4 ulduzlu deməyə 28 şahid lazımdır. Baxımsız, son dəfə tikiləndən sonra remont olunan, iyrənc, köhnə, sınıq salxaq. Həmən qaçdıq ordan və gəldik şəhərə.Şəhərdə bir restoran var. Orda Heminquey yeyirmiş. Ən məşhur yer oradır. Mərkəz pis deyil, amma hər yerdə kasıb insanlar, bahalı restoranlar, qəribə kontrast. Bir kuba ailəsinin evini tutduq. Bizi ora təsadüfən o anda əlində müştəri olan bir bərbər apardı. Müştəri elə yarımqırxıq başla qaldı, çünki bizi aparan oğlan ev sahibləri ilə yarım saat da hansısa oyuna baxdı tv-də...Gəldik bir ailənin evinə. Əslində əla oldu. Əsl Kuba həyatı da gördük. Ev sahibləri səhərdən axşamadək alt paltarında tv izləyən yaşlı kişi və onun hər şeyi (özü də daxil olmaqla) idarə edən arvadı bizi mehribancasına qarşıladılar. Bizə verəcəkləri otağı izah edərkən qadın iki daşın arasında telefonunda bütün sülaləsinin şəkillərini mənə göstərdi. Dedi ki, oğlu Barselonada yaşayır. Bir sevgilisi varmış norveçli, indi ayrılıblar, qız əclafın biri imiş. Qızı da ərdədir, Çiliyə köçüb.Bu arada, deyim ki, Havanada hələ də demək olar ki, heç bir evdə su xətti yoxdur. Suyu hər axşam xüsusi maşınlarla gətirib evlərin ümumi anbarına vururlar.Əşyalarımızı yerləşdirib yaxındakı restorana getdik. Restoran çox fərqlidir. Mağazalarda görməyəcəyiniz məhsullar təqdim olunur. Deyirlər ki, onları fərqli yerlərdən və baha qiymətə alırlar. Qeyd edim ki, kubalılar mal və xüsusən qoyun ətini çox sevirlər. Ortalama qoyun ətimdən olan və çox populyar "ropa de vieja" yəni, bizim dildə desək köhnə paltar adlı ət yeməyi çox məşhurdur. Didiklənmiş və öz suyunda bişmiş qoyun əti, yanında düyü və yaşıl mərcimək və ya qara lobya. Qiyməti 8-9 cucdir. Yəni hardasa 10 dollar. Məlumat üçün deyim ki, orta kubalının əməkhaqqı 40 dollar civarındadır. Ümumiyyətlə, yeməkləri çox dadlıdır. Kolumbiyada mən heç sevmədim yeməkləri, amma Kubada superdir. Xidmət personalı çox mehribandır və demək olar ki, mərkəzdəki hər bir babat restoranda canlı musiqi var. Kofe isə ayrı aləmdir. Pivə adidir. Yaxşı və maraqlı kokteylləri var.Şəhər kasıb olsa da milçək və ağcaqanad demək olar ki yoxdur. Axşamlar sərin olur, dənizlə bağlıdır bu yəqin.Kubalılar çox səsli-küylüdürlər. Yüksək səslə musiqi qoyub evlərinin qapısına çıxır, orda oturub söhbət edir, rəqs edirlər. Hətta bir maraqlı hadisə danışım. Bir axşam aşağı mərtəbədəki evdə yenə yüksək səslə musiqi səslənirdi. Biz də yuxarıda, eyvanda oturmuşduq. Birdən üzbəüz binadakı eyvana hirslə, əlində tv pultu ilə bir qoca çıxdı. Elə ağzını açdı ki aşağıdakıları söysün, bu dəmdə musiqi sədaları altında rəqs edən balaca qızı gördü. Kişi bir anda yumşaldı, pultu qoyub ona əl çalmağa və alqışlamağa başladı.Kubalılar başları dik gəzir. Bilirsiz niyə? Çünki ölkədə internet yox kimi bir şeydir. İnternet üçün kart almalısan, evdə dial-up ilə qoşulursan. 30 saatı 10 dollardır. Elə bu səbəbdən hamı real yaşayır, uşaqlar yarımlüt küçələrdə oynayır, qadınlar söhbət edir, kişilər də onlar kimi.Kolumbiyadan fərqli olaraq kubalılar qırsaqqız deyillər. Sənə kömək edərlər, əvəzində balaca bir bəxşiş istəyirlər. Yəni sən yaxınlaşmasan, sənə yapışan yoxdur.İnsanlarından söz düşmüşkən, qızları da, oğlanları da çox yaraşıqlıdırlar. Peru və ya çilililər kimi dıbır və formasız deyillər. Əksinə, avropoid irqi ilə qarışanları çoxdur deyəsən, sarışın mulatlar çoxdur. Bax o seriallarda baxıb ispan qızı hesab etdikləriniz elə məhz kubalı, venesuelalı və argentinalılardır. Qızları elə formalıdır ki, hətta mən belə ağzıaçıq baxırdım. Bir problemləri var, o da azca qarınları var. Amma bu onlarda gözəllik sayılır. Hətta gömrük, polis kimi işlərdə çalışan qızlar çox qısa yubkaların altından bizim şit hesab etdiyimiz tor corablar geyinir və bu normaldır.Nə edək, gəlsin Kuba səyahətinin son hissəsi. Sonra bir də həvəsim olsa sizə Kolumbiyadan bir dənə də yol xatirəsi yazaram.Kuba demişkən, necə ola bilər ki, Fidel Kastro və Çe Gevaradan danışmayaq?Kubada bu iki şəxsi kult dərəcəsinə çatdırıblar. Amma əslində kubalılar onları dilənçi kökünə salıb dünyadan təcrid edən bu iki qəhrəmanı elə də sevmirlər. Hamı yavaşca, aşkarca şikayət edir. Necə etməsinlər?Mən jurnalistəm, ispanca da bilirəm. İmkan olan hər yerdə yerlilərlə söhbət etməyi, müşahidəni sevirəm. Sizə bir məqam danışım, daha aydın anlayacaqsız. Şəhərin mərkəzində, hətta bus tour-un da xəritəsinə düşən bir ticarət mərkəzinə də getdik. Dedik həm baxaq, həm də içindəki marketə girib su alaq. Market deyirəm ee sizə. Yaşı 35-dən yuxarı olanlar, 1988-1997-ci illərin kənd mağazalarını xatırlayırsız? Bəs assortimenti? İki cüt bir tək seçimi? Elə həmin vəziyyətdir. Piştaxtalar boşaraq, 1-2 adda və keyfiyyəti şübhə doğuran mallar, bədbin alıcılar, satıcılar... Biz kassaya əlimizdə su ilə yaxınlaşanda bizdən əvvəlki xanım aldıqlarını kassaya vurdururdu. İçində hardasa 60 pesoluq (2 dollar təxminən) bir ketçup vardı. Kassir onu vuranda elə ifadə ilə baxdı ki, sanki qadın 4 dənə Cartier saat, 6 Tiffany üzük almışdı. Kubalılar belə şeylər almır.Ölkənin əsas gəlirlərindən biri tütün istehsalıdır. Kuba sigarları dünyada məşhurdur və ucuz da sayılmaz. Amma mərkəzdə yerləşən fabrikə sanki bir həftə əvvəl bomba düşüb. İşçilər hazır məhsulu oğurlayıb ara küçələrdə satır. Açıq yox, məhlədə dururlar, yaxınlaşırsan istənilən adama və deyirsən ki tabak almaq istəyirsən. Səni dar, kasıblıq və çirkab yağan bloka salıb pilləkəkənlərlə harasa aparırlar. Bu arada, Kuba tam təhlükəsizdir, ürəklə gedə bilərsiz. Sonra sizə mağazalarda dənəsi 10 dollar olan siqarları yarı qiymətinə satırlar. Üstünə də aksiz, keyfiyyət nişanı vururlar. Vəssalam. Qiymət danışa bilərsiz.Havana yarımuçuq binalardan ibarətdir. İndiki hakimiyyət 1952-də inqilab edib və ondan sonra da ancaq cibinə işləyib. Bunu sizə açıq deyirəm. Hamıya qəhrəman kimi sırınan Çe Gevara isə ən adi quldur və başkəsən olub. Bunu da orda adi insanlar deyirdi. Haqqında da oxuya bilərsiz. Bu gün dünyanın hər yerində, xüsusən Mayamidə bütöv köçmüş nəsillər var. Və bu axın davam edir.Havana turizm üçün ağlayır. Möhtəşəm dəniz çimərlikləri, təbiəti, insanları, mədəniyyəti, musiqisi... Amma bir yandan da hökumətin axmaq sanksiyaları. Turistə suyu 1 dollara sat, yerliyə 10 pesoya. Amma yenə də şəhər turistlə doludur. Bir meksikalı turist bizə danışırdı ki, Kubaya rahat nəfəs almağa gəlir. Çünki burada kriminal yoxdur, qorxmursan.Nəticə. Kubaya gedirsizsə hər cür ehtiyatınızı görün. Bütün biletlərinizi çap edib əlinizə alın, interneti unudun, dadlı yemək və möhtəşəm canlı ifaya hazır olun. Kuba kokteylləri için. Kubalılar çox qürurludur, onlara təşəkkür etməyi bilin. Onlar da sizə edəcək. Kubaya gedib hələ də suya qarışdörılan toz meyvə suyu ilə keçirilən ad günləri də görəcəksiz. Mütləq keçi dərisindən əl ilə hazırlanmış çanta və ayaqqabı alın. Bunlar çox ucuzdur. Qiymət danışın, bu realdır.Kubaya bir də gedərəmmi? Yox, çünki mən komfort və rahatlıq sevən insanam. Otel, yemək barədə kaprizlərim var. Və sırf acgözlük səbəbindən dağılmış şəhəri yox, çiçəklənən ölkə görmək istərdim. Kubada bu sistem daha 2-3 il sürər yəqin, gedib indiki sistemi görməyə vaxtınız azdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Vento Favoravel

2069 dəfə oxunub

Şimali İrlandiya bələdçisi

Belfastdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Belfast havalimanından (George Best ???????? ???????? ) çıxan çıxan kimi şəhərə gedənləri gözləyən ikimərtəbəli qırmızı avtobuslar var. Mən də çıxdım ikinci mərtəbədə ən qabaqda oturub, başladım ölkənin gözəl yam-yaşıl təbiətini seyretməyə.Belfast əhalisi indiyə qədər gördüyüm ən xoşbəxt, gülərüz, mehriban, yardımsevər insanlar idi. Şəhər tər-təmiz, yaşıl, tarixi abidələrlə zəngindir. Axşam olan kimi mərkəzi küçələrdə addımbaşı onlarla adam toplaşıb Ginnes (guinness beer) içə-içə canlı irland musiqiləri oxuyub rəqs edirlər.Belfast digər Böyük Britaniya şəhərlərindən daha varlı, daha təmiz, daha az miqranta sahibdir. Əhalinin əksəriyyəti yerli irlandlar və ingilislərdir. İrland dilini bilən adam tapa bilməzsiniz. Hamı ingilis dilində danışır. Şəhər elə də böyük deyil, hər yerə piyada getmək olur.Titanik gəmisi Belfastda inşa edilib. Gəminin tikildiyi yerdə kiçik gəmi turları olur (qiyməti 10 £). Gəzməli yerləri Belfast City Hall, Belfast Castle, Botanic Gardens, Ulster Museum, Carricfergus Castle, Cavehill, St.Anne’s Cathedral, və ən maraqlısı isə Belfastın zooparkı.Şəhər Game of Thrones serialı ilə daha da məşhurlaşıb. Belfast yaxınlığındakı çəkiliş yerlərinə gündəlik 25-60 £ arası turlar var.Şimali İrlandiyanın ikinci böyük şəhəri isə Londonderridir. Aeroportu bizim Zabrat aeroportundan da kiçikdir. Havalimanından çıxıb qaçdım çölə, avtobus, qatar yoxdur. Hamını qohum-əqrəbası gəlib maşınla aparır. Mən də bir ağsaqqal kişidən soruşdum ki, şəhərə necə gedə bilərəm, dedi ki, ancaq taksi ilə, o da 20 pounda ( 42 manat) gedər, ancaq 10 dəqiqə gözləsən indi arvadım məni götürməyə gələcək. Gözləyib başladıq söhbət eləməyə. Azərbaycanı tanıdı. Burda Azəri-Çıraq-Günəşlidə dostları işləyirmiş. Yoldaşı da gəldi, söhbəti maşında davam etdik. Məni düz şəhərin mərkəzinə gətirdilər. Hər yeri də başa saldılar.Derridə əsl ingilis havasını gördüm. Yaxşıca islandım. Ancaq yağış yağsa da səhər tezdən şəhərdə Foyl çayının (River Foyle) üstündəki Peace Bridge körpüsündə yüzlərlə adam qaçışır. Elə ona görə də şəhərdə kök adama rast gəlmək olmur.Buradan Belfasta gedən qatarlardakı atmosfer bizim rayon mərkəzlərindən kəndlərə gedən avtobusları xatırladır. Qatardakıların əksəriyyəti rayon və kənd əhalisi idi. Deyəsən kəndli elə hər yerdə kəndlidir. Qatarda şəhərdəkilər kimi ağ adamlar yox, dəriləri günün altında işləməkdən yanmış, qara-qırmızı rəngli adamlar var idi.Yaşlı adam içəri girən kimi cavanlar ayağa qalxıb yer verir, hamı biri-biri ilə salamlaşır, siyasətdən danışırlar.Dublindən Londonderriyə gedən yolda da o qədər gözəl kəndlər, qəsəbələr var ki, nağıl ya da cizgi filmindən fərqi yoxdur.Şəhəri ələk-vələk etsəm də maqnet tapa bilmədim. Şəhər kiçik olsa da gəzməli yerləri o qədər çoxdur ki, sözlə demək olmur. Çayın sahilində İrlandların Amerika qitəsinə səyahət etdikləri tarixi anları əks etdirən maraqlı heykəllər var. Bir də Derri son illərə qədər İRA-nın (deyilənə görə terror təşkilatı olub) əsas mərkəzi olub və burda birçox qanlı hadisələr də olub.Əsas görməli yerləri aşağıdakılardır.1. St. Columb’s Park2. The Clock Tower3. St Columba's Church, Long Tower4. Foyle Valley Railway Museum5. Riverwatch Aquarium and Visitor Centre6. Derry City Cemetery7. Victoria Road8. Peace Bridge9. Old TownƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…  Paylaşdı: Elshan Ismayilov

1673 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!