1780 dəfə oxunub

Bir gəzəyənin Türkiyə günlüyü - İzmir

İzmirdəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

İzmir Türkiyənin turizm baxımından ən çox variantlı yerlərindən biridi. Qətiyyən darıxmaq mümkün deyil bu vilayətdə. Pis tərəfi odu ki, 3-5 günə, 1-2 həftəyə gəzilə biləcək yer deyil. Çünki hər yeri ayrı gözəldi...
Daha əvvəl Çeşmə-Alaçatı tərəfi haqqında yazmışdım. İndi bir az fərqli istiqamətə gedək.
Dünya gözəli Efes və “qiyamətin pis keçdiyi” Şirince. İzmirdə 1-2 gününüz varsa, yolunuzu bu gözəl yerlərdən sala bilərsiz

- Efes və Şirince Selçuk qəsəbəsinə bağlıdı. Efes Selçuk qəsəbə mərkəzinə 1 km, Şirince 7 km məsafədədi. Əvvəlcə Efesi gəzib, sonra Şirinceyə keçə bilərsiz.

izi3

- İzmirdən Selçuka maşınla 1 saat 20 dəqiqədi. Her 40 dəqiqədə bir də İzmir qarajından Selçuka avtobus gedir. Selçukdan Şirince dolmuşları ilə davam edə bilərsiz.

- Ən gözəl vaxtı may ayıdı - hava isinməmiş, hər yer yaşıla bürünmüşkən gedin.

- Efes Antik Kent hər gün saat 08:00-18:00 arası açıqdı. Giriş 40 tl. Müzekart keçir. Çox isti havada gəzmək işgəncə ola bilər.

- Şirince kiçik yer olsa da, bu “dünyanın sonu” məsələsindən sonra çox məşhurlaşıb. Həftə sonu xüsusilə çox dolu olur. Həftə içi gedin - daha sakit olur.

- Turist axını çox olunca pansiyon sayı da çoxalıb təbii ki. Çox məşhur və bahalı pansiyonlar da var, uyğun qiymətliləri də. Seçmək sizə qalıb. 2 nəfər üçün 150 lireyə də, 300 lirəyə də, 600 lireye də pansiyon var. Ucuz pansiyon üçün əvvəlcədən axtarmadan kəndə də gedə bilərsiz - hər yerdə lövhə görəcəksiz.

izi2

- Şirincenin ən məşhur şeyi şərablarıdı - az qala hər addımda şərab dadmanızı təklif eləyəcəklər. Şərab sevənlərin cənnətidi. Müxtəlif meyvələrin şərablarını satırlar - qiymətləri baha deyil.

- Bir də hər addımda “karadut şərbəti” deyə israr edəcəklər, əgər qara tut mövsümü deyilsə, inanmayın həqiqi olduğuna. Qara tut mövsümüdürsə, problem yoxdu:)

- Ən məşhur kafesi Üzün Kafedi. Xudmani, qəşəng bağçası var, şərabınızı və ya limonatanızı içib vaxt keçirə bilərsiz.

- Ən yaxşı səhər yeməyi Gülgün Ablanın yerindədi. Dimitros da pis deyil. Selçuk yolu üzərində Bizim Ev Hanımeli restoranın ev yeməkləri də ləzzətlidi. Zeytin Kafe və Sedir Mantı Evi də gedilə biləcək yerlərdəndi.

- Şirincə küçələri gündüzlər hədiyyəlik əşya satanlarla dolu olur - istədiyiniz hədiyyəlikləri ala bilərsiz.

- Kəndin içində gəzmək istəyirsizsə, sabah saatlarını seçin. Kimsə olmadığı vaxt küçələrin, dalanların gözəlliyi ortaya çıxır.

- Şirinceye 20 dəqiqəlik piyada məsafəsində “Aziz Nesin Matematik Köyü” var, mütləq gedin, çox maraqlı yerdi.

 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Könül Şamilkızı Nesibova

DİGƏR BLOQLAR

Gürcüstan-Polşa səyahəti

Salam, Gəzəyənlər Bu ayın əvvəlinə təsadüf edən Gürcüstan-Polşa səyahətim haqqında:Adəti üzrə biletləri və qalacağım yerləri səyahətimdən 3 ay öncə planlayıb almışdım. Bu dəfə səfəri Kutaisidən planlaşdırırdım. Həmin istiqamətdə də Wizzairin uçuş qiymətlərini izləyirdim. Wizz klub istifadəçilərinə 20% endirim olduğu gün Kutaisi-Wroclaw (31 Mart) uçuşuna biletimi aldım. Onuda qeyd edim ki, Kutaisidən bu şəhərə ilk uçuş idi.Səfirlikdə viza müracəti üçün görüş təyin etdim. Polşa səfirliyi tək booking.com vasitəsiylə rezervi qəbul etmədiyindən rezervasiyadan sonra hostellə əlaqə saxlayıb qalacağım günlər haqqında imzalı və möhürlü sənəd tələb edib aldım. Səfirliyə Viza müraciətimdən 1 həftə sonra vizamı aldım. Əvvəlkinə nisbətdə çox çox rahat Uçuşumdan 1 gün öncə Tbilisiyə yola düşdüm. 5 saatlıq Tbilisi gəzintisindən sonra Didube metro stansiyasında yerləşən avtovağzaldan Kutaisiyə yola düşdüm. İlk dəfə idi Gürcüstanda olurdum; Təbiətinə heyran oldum. Tbilisi-Kutaisi yolunun uzun və yorucu olduğunu eşitmişdim və belədə gözləyirdim. Əksinə oldu; Səliqəli və rahat yol, yaşıllıq, dağ, meşə və s.1 gecə Kutaisidə 20 lariyə (14 azn) tutduğum evdə qaldım. Çox rahat, təmiz, səliqəli ev idi. Ev sahibləri də Bakıdan gəldiyimi biləndə öz yaxın qohumları gəlmiş kimi davrandılar.Səyahətin ikinci günü ev sahibləriylə səhər yeməyi yedikdən sonra Kutaisi aeroportuna yola düşdüm. Rahat olması üçün taksidən istifadə etdim.(20 lari-14 azn) Kutaisi avtovağzalından 2-3 lariyə aeroporta avtobuslarda gedir. Mərkəzdən aeroporta təxmini 20-25 dəqiqəlik məsafədir.Bakı-Tiflis(12 azn)Tiflis - Kutaisi(10lari-7 azn)Kutaisi-Wroclaw (Wizzair 9 eur)Wroclaw-Warsaw (Flixbus 3 eur)Warsaw-Krakow (Flixbus 15.8 eur gediş-gəliş)Warsaw-Budapest (Wizzair 9 eur)Budapest-Bakı (Wizzair 29 eur)Planet Hostel (Warsaw) 4 gecə/səhər yeməyi daxil - 44eurVarşava- Bu şəhərdə ən çox xoşuma gələn ictimai nəqliyyat sistemi- tramvay oldu. İstədiyin yerə tez və rahat çatmaq olur. Həm də tramvay şəhərə başqa bir gözəllik verir. Səyahətim Paskaya təsadüf etdiyindən bir çox yerlər; muzeylər, alış veriş mərkəzləri, mağazalar bağlı idi. Təkcə kilsələrdən başqa.. Polyaklar dinlərinə çox bağlı xalqdırlar. İlk dəfə idi kilsədə Paska nın keçirilməsinə şahid olurdum.Varşavada Elm və Mədəniyyət sarayı, Qədim şəhər meydanı (Old Town), Chopin ev muzeyi, Lazienki park, Açıq havada yerləşən Polşa Hərb muzeyi və s. görülməyə dəyər yerlərdəndir. 2 -3 gün kifayət edər bu şəhəri gəzməyə..Vroclav - Balaca heykəllər şəhəriQədim şəhər meydanı(Old town), Tumski körpüsü, University Church, Wroclaw Milli Muzeyi görüləsi yerlərdəndir. 8-9 saat bəs edər bu şəhərin əsas yerlərini görməyə..Krakov - Polşaya səyahət edəcəksinizsə əgər bu şəhəri mütləq görün deyəcəm. Paytaxt Varşavadan avtobusla gəlsəniz 5 saatlıq məsafədə yerləşir Krakov.. Vağzaldan şəhərin mərkəzinə 15-20 dəq piyada gəzərək gəlmək mümkündür. Digər 2 şəhərə nisbətdə burada çoxlu sayda turist var idi. Florianski şəhər qapısı, Barbakan divarı burada 1-2 şəkil(selfie) edib gəzintinizə başlaya bilərsiniz  " Florianski " küçəsi boyunca davam etsəz qarşınıza ilk "Müqəddəs Məryəm Bazilikası" (St. Mary's Basilica) çıxacaq. İçəri giriş pulsuzdu və görülməyə dəyər. Mərkəzi meydanda turistləri gəzdirmək üçün bir-birinin ardınca düzülmüş faytonları da görə bilərsiniz. Həmin gün Mərkəzi Meydanda çoxlu sayda yarımarkalar qurulmuşdu. Milli mətbəxin təamlarını, şirniyyatlarını dadmaq üçün çoxlu sayda turistlər növbəyə durmuşdular. Mərkəzi meydanda yerləşən 13.cü əsrdə tikilmiş Bələdiyyə binasının (Town Hall Tower) dar, ensiz pilləkənlərlə yuxarı çıxıb şəhəri panoramik seyr edə bilərsiniz. Cəmi 12 saat oldum bu şəhərdə; vaxt azlığından Auşvitz toplama kampına və Duz mədəninə gedə bilmədim. Başqa səfərə inşaallah Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rəvan İlhamoğlu‎ 

1936 dəfə oxunub

Yaponiya Səyahətimdən notlar

Salamlar.May ayında Yaponiyaya 2 həftəlik səyahətim oldu. Bu barədə bir neçə notu paylaşmak istəyirəm. Biraz uzun ola bilər. Öncədən üzürlü sayın. Bəlkə kim üçünsə faydalı oldu. Bilet: FinnAir Havayolları Tallin-Helsinki-Osaka 12.5 saat/ Tokyo-Helsinki-Tallin 12.5 saat (~800 eur)Viza: Tallindəki Yaponiya səfirliyindən aldım. Proses çox sadə idi. Təxminən 4 günə hazır oldu. Azərbaycan vətəndaşları üçün ödəniş yoxdur.2 həftəlik JR pass(Qatar bileti) təxminən 320eur (jrpass.com) Bir neçə şəhəri gəzəcəksinizdə xeyli sərf edir.Sakura Mobile Unlimited data sim card - https://www.sakuramobile.jpGəzdiyim şəhərlər, yerlər: Osaka, Nara, Hiroşima-Miyajima adası, Kyoto, Hakone-Gotemba, TokyoAra-sıra videolar çəkib paylaşırdım burda da bəlkə görənlər olmuşdur.· İlk günü Osakada keçirdim. Gəzdiyim yerlər: Shinsekai, Tsutenkaku tower, Dotonbori Street· Ikinci gün günübirlik qatarla Nara şəhərinə getdim. Nara parkında marallarla vaxt keçirmək. Moçi dadmaq və məbədləri gəzmək.· Üçüncü gün günübirlik Shinkansen sürət qatarı ilə (jrpass keçərlidir) Hiroşimaya getdim. Barış parkını gəzdim. Ordan da Miyajima adasına keçdim. Adaya da JR ferry var. Jr pass keçərlidir.· Dördüncü gün Osakada keçirdim. Osaka qalasına getdim. Məbədləri gəzdim. Tenjinbashi marketdə oldum.Bu 4 gün üçün qalacaq yeri Osakada bir hosteldə tutmuşdim. Gecəlik 15eur· Beşinci gün Osakadan Kyotoya qatarla keçdim. Kyotoda 4 gün keçirdim. Bunun ilk 3 gününü ryokanda qaldım. 3 gecə 100eur. Son günü isə Airbnb (25eur)Bu arada Kyoto ən sevdiyim şəhər oldu Yaponiyada. Kyotoda gəzdiyim yerlər: Imperial Palace, Yasaka Temple, Sanneizaka, Kinkakuji Məbədi, Araşiyama Bambu Meşəsi, Meymunlar parkı, Yodobashi Electronics, Fushimi Inari Taisha, Samurai & Ninja Muzeyi, Kiyamizu-dera məbədi və bir neçə daha maraqlı yerlər. Say-say bitmir.· Səkkizinci gün shinkansen ilə Tokyoya keçdim. Tokyoda Asakusa bölgəsində bir otel tutmuşdum 5 gecə 6 gün. Gecəsi 35eur. Otel xeyli yaxşı idi. Genius üzvlükdən dolayı səhər yeməyi də pulsuz oldu.· Doqquzuncu gün üçün bir tur ilə Hakone-Fuji dağı səfəri almışdım amma hava pis olduğu üçün onu cancel edib növbəti günlərdə özüm getməyə qərar verdim.Tokyoda gəzdiyim yerlər: SkyTree Tower, Senso-ji temple, Shinjiku, Shibuya, Akihabara və s.· Günübirlik isə Hakone bölgəsinə getdim. Hakonepass almışdım. (https://www.klook.com )Oradakı bütün nəqliyyatlarda keçərli olur və belə daha çox sərf edir. Hakonedən isə avtobus ilə Gotemba bölgəsinə gedib Fuji dağını izlədim. Gotemba Premium Outletdən çox qəşəng görsənir.Kiməsə nəysə maraqlı olsa buyura bilər köməklik etməyə çalışaram, paylaşaram.Youtubeda bəzi videoları artıq paylaşmışam. İzləyə bilərsiniz. Youtubeda da yeni olduğum üçün qüsurlar çoxdur. İndidən deyim  Videoların davamı da gələcək. https://youtu.be/j3k5Auz2frkig: https://www.instagram.com/roshen_/Bir neçə də şəkil paylaşım Təşəkkürlər. Paylaşan : Rövšän GuliyevTarix: 16.08.2023

214 dəfə oxunub

Dünyanın ən xoşbəxt ölkəsi - Kosta Rika

San Xosedəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu yaxınlarda Mərkəzi Amerikadakı Kosta-Rikanın ölkəmizdə səfirliyinin açılması münasibəti ilə internetdə «ay daaa, bizə çatanda Kosta-Rika zad olar…» kimi söhbətlər var-gəl eləməyə başladı. Düzdü, bu cür söhbətləri edənlər, əsasən, Afrikanın cəmi bir Afrika ölkəsindən ibarət olduğunu düşünənlərdir, amma ümumiyyətlə düşünməyənlərin də bu cür küyə getməmələri üçün icazə verin Kosta-Rikanı bir balaca xırdalıyım sizin üçün.Bir xeylaq uzaqdır bizdən. Biz, məsələn, 4 nəfər idik, hərəmiz bir ölkədən və ayrı-ayrılıqda Kosta-Rikaya gəlib orda toqquşmağı planlaşdırırdıq. Bəlli oldu ki, heç birimiz eyni marşrutla gəlib çıxmamışıq. İndi artıq səfirlik, viza filan məsələsi həll olundu, şükürlər olsun. Mən səfərə çıxanda isə bu, mümkün deyildi. Mümkün olan isə Kosta-Rikaya həm də ABŞ, Kanada və Şengen vizası ilə də getməyin mümkünlüyü idi. ABŞ vizası ilə Bakıdan ABŞ-a (Nyu-York), oradan San-Salvadora (Salvador), oradan da San-Xoseyə (Kosta-Rikanın paytaxtı) gəlib çıxdım.Səyahətimizə icarəyə götürdüyümüz avtomobildə öncədən cızdığımız marşrutla start verdik. GPRS-in canı sağ olsun! Paytaxt San-Xosedə, adətən, turistlər çox ayaq saxlamır. Elə bizim də ayağımız bizi burda saxlamadı. Pulumuzu yerli valyutaya (1 AZN =327.649 CRC) dəyişib üz tutduq şimala, ordan da qərb sahili boyunca cənuba.Kosta-Rikanı dünyanın "Ən xoşbəxt ölkəsi" adlandırırlar. Səbibini dəqiq bilməsəm də, zahirən elə xoşbəxt görünürdülər.Bu xudmani ölkədə 50-dən çox qoruq var ki, bu da ölkə ərazisinin 30%-ni təşkil edir. Yer üzündəki bitkilərinə 70%-nə Kosta-Rikada rast gəlmək olar. Ərazisindəki 120 vulkandan 70-i fəaliyyətdə olandır.Özlüyündə ölkəni bəyənməmək mümkün deyil. Kontrastları nəyə desən dəyər: gah qızmar günəş, gah yağış və hətta şaxta, gah cəngəllik, gah okean sahili kurort şəhərləri...İnsanları da çox qonaqpərvərdi.Ölkə boyunca çoxsaylı hotellərdə qaldıq (3 və 4 ulduzlu). Qiymətləri də adambaşına 5 USD-dən 45-dək. Hər birində də normal xidmət, wifi, səhər yeməyi...???? Yaxşı mənada təəccübləndirən məqamlar:???? Əhalinin kütləvi halda siqaretə "YOX" deməsi. Bilirdik ki, siqaret çəkmə həvəsindən uzaqdırlar, amma bu qədər də yox! Yerli əhali arasında 2 həftə ərzində bir nəfər də siqaret çəkən görmədim. Amma kiçik kənddə, 40 dərəcə istidə marafon yarışında iştirak edənləri gördüm: böyüklü, kiçikli - hamı qaçırdı.???? Fəaliyyətdə olan Arenal vulkanı (hündürlüyü 1657 m). İlk dəfə 1968-ci ildə şuluqluq edib əməllicə püskürübmüş, nəticədə də Arenal şəhərini yox eləyib.???? Poas vulkanı. O, özünü, Arenaldan fərqli olaraq, daha abırlı aparır. Sonuncu dəfə 1953-ci ildə püskürüb. Vulkanın içində kiçik geyzer var, diqqətlə baxanda lavanın "nəfəs almağını" da görmək olar.???? Cəngəlliklər. Lap kinolarda gördüyümüz kimi. "Eramızdan sonra" filminin əsas hissəsi elə Arenal yaxınlığında çəkilib. Elə Stiven Spilberqin "Yura dövrünün parkı" da.???? Cəngəllik üzərindəki asma körpülər. Onların üzərindən keçərkən qədim ağactipli qıjılardan əlavə həm də rəngarəng kolibri quşlarına, meymunlara, hətta ərincəklərə də rast gəlmək olar. Meşənin özü çox sirrli ab-hava bağışlayır insana, lap Harri Potterdəki kimi, amma bir balaca tropik qurtumla.Yeri gəlmişkən, getməzdən əvvəl elə bilirdim bu ərincəklərə orada tinbaşı rast gələcəm. Amma, əsasən, hündür ağaclarda yaşayan ərincəkləri çox nadir hallarda görmək olur. Səfərin sonuna yaxın bəxtimiz gətirdi və onlardan birini gördük, o da azıb yol qırağına düşmüşdü. Qaldırıb ağaca qoyduq. İndiyənəcən savabından qurtara bilmirik :) )???? Cəngəlliyin tən ortasında təbii qaynar bulaqlar.????Təəccüblü olsa da Kosta-Rikada yerli əhali arasında tez-tez bizimkilərə oxşar adamlara rast gəlirdim. Məsələn, yolüstü kafedə ofisiant işləyən bu qaqaş kimi. Hərdən çaşıb qalırdım ki, bu niyə ispanca danışır?Bir sözlə, gedib görüləsi yerdir. Görməyənlərə qismət! :)P.S.: Turistlər, elə yerli əhali üçün də tam bir təhlükəsiz ölkədir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ali Akbar

1508 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!