"Bir üst dərəcə" - Danimarka bələdçisi
Kopenhagendəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Səfərimə "səbəbkarlar" Hans Kristian Andersen marağım, Kopenhagen Universiteti (Eskimologiya Departamenti), dan dilinə olan həvəsim, Danimarkadakı velosiped nəqliyyatın nizamı və s. digər turistik faktorlar idi. Yer götürməkdə gec olduğu üçün Almaniyadan viza alıb giriş etdim Danimarkaya. 1) Hamburg hava limanına səhər saatlarında çatdım və qatarla qalacağım Winsen Luhe şəhərinə doğru getdim. Şəhər Hamburqun 25 km cənub şərqində yerləşir və müharibə dövründə sağlam qala bilmiş şəhərlərdən biri idi. Bu kiçik şəhərdə Luhe çayının sahilində Vinsen qəsri, Müqəddəs Məryəm kilsəsi və s. turistik nöqtələr yerləşir. Bir neçə gün Yeni il bazarlarına baxmaq üçün Hamburqa qatarla gedib gəldim. Hamburq haqqında yazmaq düşünürəm ki, o qədər geniş mövzudur ki, sadəcə xatirimdə qalanları deyim. Şəhərdə demək olar ki, yağış səngimək bilmirdi, mən də açıqcası hazırlıqsız idim və bütün paltarlarım su olurdu və xəstələndim. Buraya dekabr ayında gəlməyi planlayanlar mütləq ya çox yaxşı sukeçirməyən palto ya da yaxşı bir çətirlə gəlsinlər. Şəhərdə yeni abu-havası yüksək səviyyədə idi, demək olar ki, hər küçədə böyük Yeni il bazarları qurmuşdular. Ucuzluq idi mi? Əvvəlcə bahaçılıqdı düşünmüşdüm, ta ki, Danimarkaya gedənə kimi. 2) 4 gün qaldıqdan sonra Hamburq mərkəzi avtobus vağzalından Odenseyə yola düşdüm. Burda da maraqlı bir hadisə baş verdi. 03:00da olan səfərim 02:30 eyni istiqamətdə gedən (Kopenhagen avtobusu) avtobus sürücüsünün təkidi ilə yarım saat tez başladı. Heç QR kod da oxutdurmadı və dedi ki, düşürdərəm səni, Odensedə. Çatdığım gün Milad günü idi və təəssüf ki, hər yer bağlı idi. Ac-suzuz otelə qalxdım və əşyalarımı qoyandan sonra heç olmasa açıq bir market ya kofeşop axtarmağa getdim ki, biraz qidalanım. "Espresso House" adında ilk kofeşopa girdim və bir latte, kruassana 100 krona (təxminən 25 manat) yaxın pul verəndə hiss etdim ki, səfərin sonuna deyəsən aclıq elan edəcəm. Hər yer bağlı olduğu üçün Hans Kristian Andersenin doğulduğu ev muzeyinə gedə bilmədim, əvəzində Odense Zooparkına getdim və qiymətini yazmaq istəmirəm. Amma, həqiqətən çox əla təəssürat aldım. Odense balaca şəhərdir və çox yaxşı nizamlanıb hər şey. Bir qram xaos nəzərə çarpmadı, hamı nə edəcəyini, hansı saatda etməli olduğunu bilir kimi bir növ mənə Tbilisidən gəlmiş şəxs olaraq utopik təsir bağışladı. Hava saat 3də qaralırdı və təkcə bu məndə biraz depressiv hal yaradırdı. İstənilən halda gəzməyə dəyər yerdi. 3) 2 gün qaldıqdan sonra Odense Parkering Sýd tramvay stansiyasından yenə avtobusla Kopenhagenə yollandım. Kopenhagen paytaxtdır və elə şəhərin girişindən hiss etdim ki, artıq hər yer açıqdır. Mərkəzi avtobus stansiyasından gəldim Kongens Nytorv metro stansiyasına və piyada getdim qalacağım hostelə. Biraz dincəldikdən sonra alış-veriş küçəsi olan Strøget'ə getdim, daha sonra Nyhavn ərazisindən keçərək, "Kiçik su pərisi" heykəlinə doğru yollandım. Kopenhagen paytaxt olduğu üçün daha da bahalı idi. Şəhərdə diqqətimi çəkən xüsusiyyət hamının olduqca fit olmağı idi. Gəzərkən ətrafımdan qaçaraq keçən şəxslər, eləcə, 2 uşağı baqaj hissəsində oturtduran analar, yaşı olmasa 80dən yuxarı insanların pedal çevirməyi və s. məndə bizim necə oturaq həyat tərzi keçirtdiyimiz hissini gücləndirdi. Kopenhagen əla şəhərdir və turistik olaraq soyuq və yağışdan qorxmayan şəxslər üçün hər zaman idealdır. Səfər ərzində nələrə diqqət etmək lazım idi (səhvlərim) : 1) Səfər müddətində heç vaxt mobil internetim olmadı ( ancaq kofeşoplarda ya hardasa təsadüf tutanda girirdim) . Bu bir çox problemlər yaradırdı. Bilet almaq istəyəndə tramvaya QR'ı skan edib almalıydın, nəğd variant üçün yer tapa bilməmişdim. 2) Çətir və ya ponço alın. Ponço paltonun üstündən keçirilən bildiyiniz belə klyonka kimi bir materialda geyimdir. Bu çox kömək olur paltar nəmlənməməyi üçün. 3) Mən səfər müddətində nəğd pul daha çox götürmüşdüm, siz əksini götürün həmişə. Çünki, demək olar ki, hər yerdə kart keçir. 4) Passort kontrolda tam sərbəst olun, onsuz turistiz və qəribə cavablar verməyə ehtiyac yoxdur. 5) Getməmişdən qabaq şəhərdaxili nəqliyyatı öyrənin mütləq. Bizdə elədi ki, maksimum gecikdin 10 manat verib taksi çağırassan hava limanına və yaxud avtovağzala. Burda isə taksi lüks seçimdir və 20 km yola ən az 70-80 euro ödəməli olacaqsız. 6) Qış vaxtı gedirsizsə, havanın tez qaralmağını nəzərə alıb, gəzməyə çalışın, 7-dən 3-ə qədər ancaq hava işıqlı olurdu, Danimarkada. Yadıma düşənlər bunlar idi, kimin başqa nə sualı olsa, həvəslə cavablandıra bilərəm. İstənilən kiçik nüansla bağlı xatirəm var. Təşəkkürlər oxuduğunuz üçün.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Farid Mammadalizada