1317 dəfə oxunub

Yeni başlayanlara gəzəyən məsləhəti

19Bu dəfəki postda da gəzməyə həvəsi olub, büdcəsi və ya məlumatı az olan, xarici dil biliyi zəif olan, bir sözlə yeni başlayan gəzəyənlər üçün faydalı ola biləcək fikirlərimi, köməkçi proqramları və s. paylaşıram. Əvvəla onu deyim ki, sonuncu səfərim zamanı 09-21 noyabr tarixində viza və digər xərclər (biletlər, yemək, qalmaq və s.) daxil 450 euro büdcə ilə Avropanın 4 ölkəsinin, 7 şəhərini (Vyana, Barselona, Valensiya, Pisa, Florensiya, Roma, Budapeşt) gəzdim. Qrupda bundan da az büdcə ilə səyahət edən yoldaşların postlarını tapa bilərdsiniz. Az büdcə ilə səyahət heç də parklarda yatmaq və ya ac qalmaq demək deyil, düzgün araşdırma və planlaşdırmanın nəticəsidir. Misal üçün onu deyim ki, son səfərimdən artıq çəki ilə qayıtmışam ???? Baxmayaraq ki, getdiyim şəhərlərdə aeroport – şəhər mərkəzi nəqliyyatlarından başqa heç bir şəhərdaxili nəqliyyatdan (metro, tramvat, avtobus və s.) istifadə etmədim. Şəhərin ruhunu hiss etmək üçün onu piyada gəzmək şərtdir)
Digər xərclər isə (şəhərdaxili turlar, ödənişli istarahət obyekləri, konsertlər və s.) subyektiv olaraq dəyişir.

Əvvəldə dediyim kimi, bu postda yeni başlayanlar üçün faydalı hesab etdiyim məlumatlar (mobil tətbiqlar, saytlar, əlavə avadanlıqlar) paylaşacam. Gəzdiyim şəhərlərin görməli yerləri barədə isə qrupda xeyli məlumat var ???? Əgər aşağıda qeyd etdiyim şərtlərə əməl etsəniz, göstərdiyim app ları yükləyib, məşq etsəniz rahat şəkildə səyahətinizi planlaşdırıb gedib gəzə bilərsiniz.
Ehtiyat tədbirlər.
Mütləq xarici pasportunuzun və vizanızın şəklini çəkib google drive a əlavə edin, ən asandı isə facebookda bir dostunuza göndərin. Əlavə surətini də çıxarıb çantanıza atın.
Mümkün qədər az paltar götürməyə çalışın, inanın, apardığınız paltarlardan heç istifadə etmədikləriniz çox olacaq. Özünüzlə mütləq çəkələk götürün.
Mütləq powerbank aparın. Mən istifadə etdiyim 20000 mAh la Xiaomi Power Bank 2C Bakıda saytında 45-50 manata tapa bilərsiniz. (http://prntscr.com/q62mbe)
Müəyyən miqdarda nəğd pul götürün, ancaq çalışın ki, ödənişlərinizi plastik kartla edəsiniz, yoxunuzdursa mütləq alın (Mən Unibankın albalı plus debet kartından istifadə edirəm). Bu zaman həm pul itirmək qorxusu az olur, həm də başınız qəpiklərə qarışmır. Ehtiyyat kimi kartın arxasındakı 3 rəqəmi əzbərləyib, silin. Yaxşı olar ki, app ı yazıb kartı itirdiyiniz təqdirdə deaktiv edəsiniz. Həmçinin, səfirliyə sənəd təqdim edəndə artıq kartınızın son aylardakı çıxarışını da göstərə bilirsiniz. ( http://prntscr.com/q63k3w )
Özünüzlə əlavə kiçik həcmli çanta götürün, hosteldə yerləşdikdən sonra su, powerbank, fotoaparat kimi əşyalarınızı içərisinə qoyub şəhəri gəzə bilərsiniz.

78558061_2941430539220547_7430126953442574336_o
Təyyarə bileti

Avropaya təyyarə ilə ucuz qiymətə bilet almaq üçün 3 variantınız var. 1) Bakı – Budapeşt - Bakı reysi həftədə 2 dəfə, 2) Tiflis-Milan reysi həftədə 4 dəfə, 3) Kutaisi – Avropanın Almaniya, Fransa, İtalya daxil olmaqla 19 ölkəsinə reyslər mövcuddur. Avropadaxili uçuşlarda isə bu və ya digər low costların xidmətindən yararlana bilərsiniz. Bu reysləri Macarısatanın WizzAir və İrlandiyanın Ryanair şirkətləri həyata keçirir. Kutaisiyə və Tiflisə necə getmək barədə qrupda xeyli məlumat var.

Otel, Hostel, qonaq evləri
Yeni başlayan gəzəyən kimi sizə məsləhət görərəm airbnb, couchsurfing kimi saytlardan uzaq olub fikrinizi booking.com da cəmləyəsiniz. Bu halda sizin qapıda qalmaq, qarışıq ünvan axtarmaq kimi problemləriniz olmayacaq. ( http://prntscr.com/q63f1t ) Hostel bron edərkən mətbəxdan istifadə imkanın olub olmadığına fikir verin. Reytinqsiz və ya reytinqi aşağı olan yerləri bron etməyin. Qeyd edim ki, hostellər otellərdən daha maraqlı olur, müxtəlif yerlərdən olan insanlarla maraqlı söhbətlər edə bilirsən. Hosteldə qalmaqdan çəkinən xanımlar üçün onu deyim ki, yalnız xanımların xidmətində olan otaqlar da mövcuddur. ( http://prntscr.com/q63g8g )

Yemək
Avropada restoran xidməti çox bahadır, lakin siz ərzağı marketdən alıb özünüz hazırlasanız sizə normal qiymətə başa gələr. Bir şey də var ki, getdiyin ölkənin milli yeməklərindən dadmasan olmur. Ona görə də
məsləhət görərəm 2 gün qalacağınız bir şəhərdə 1 və 2 dəfə milli yeməklər üzrə tanınmış bir restoranında nahar edin. Bunun üçün tripadvisor proqramı sizə kömək olacaq. Özünüz üçün buterbrod hazırlayıb çantanıza atın ki, şəhəri gəzəndə acsanız bir də hostelə qayıtmalı olmayasınız.

Şəhərlərarası nəqliyyat
Avropada şəhərlərarası nəqliyyat üçün bir neçə seçim var (qatar, avtobus, gəmi). Biletləri bir neçə gün əvvəl online şəkildə şirkətlərin app dan istifadə etməklə və ya web üzərindən ala bilərsniz (Flixbus, Regiojet və s.)

Şəhərdaxili nəqliyyat
Şəhərdaxili nəqliyyat üçün bir neçə gedişlik və ya 24, 48, 72 və s. saatlıq güzəştli və bir çox nəqliyyat növlərində keçərli olan biletlər mövcuddur. Mən yalnız piyada gəzdiyim üçün onların heç birindən istifadə etmirəm. Əldə etmək istəsəniz biletləri terminallardan ala bilərsiniz. Marşurut xəttlərini isə Google map ilə dəqiqləşdirə bilərsiniz. ( http://prntscr.com/q63qjq )

79136241_2941430015887266_6839336712770945024_o

Application və saytlarlar

Çalışıb mümkün qədər az, ancaq kifayət edəcək app lar qeyd edəcəm. Çalışın, yüklədiyiniz bütün app larda bir gmail ilə qeydiyatdan keçəsiniz.
1) Google search – bir gəzəyənin səyahət planlaşdırmasının yarısı mütləq axtarış aparmaqla keçməlidir, gedəcəyiniz yerlər, marşurutlar, hava proqnozları və s. bütün informasiyanı google da axtarıb tapa bilərsiniz.
2) Google maps və Maps.me Bu iki proqram sizə tanımadığınız şəhərlərdə istədiyiniz yerlərə getməkdə kömeklik edəcək. Hər iki xəritə offline şəkildə işləyə bilir. Yalnız telefonun gps ni açmaq kifayətdir. Otelinizin yerini, gedəcəyiniz məkanları əvvəlvədən xəritədə qeyd edin.
(http://prntscr.com/q636j9 )
3) Skyscanner.com – bu axtarış sistemi çoxlarına məlumdur. Bir daha qeyd etmək istəyirəm ki, bu sayt bilet satmır, bilet satan kompaniyaları müqaisə üçün bir yerdə cəmləşdirir. Seçim etdikdən sonra əsas sayta yönəldir. Yaxşı olar ki, bu saytı web üzərindən istifadə edəsiniz. App versiyası çox da xoşuma gəlmir. Dəqiq qiyməti əsas sayta keçid edəndən sonra alacaqsınız. ( http://prntscr.com/q62ua4 )
4) Omio – Bu app vasitəsilə siz Avropada şəhərlarası nəqliyyat vasitələrinin qiymətinə baxa və seçim edə bilərsiniz. Eynilə skyscanner kimi bu app da nəqliyyat xidmətlərini yerinə yetirən şirkətlərin xidmətləri haqqında məlumatları özündə cəmləşdirir. (http://prntscr.com/q62xm6)
5) Rome2rio – Ola bilər ki, hər hansı məkana çatmaq üçün bir necə nəqliyyat vasitəsi dəyişmək lazım olacaq. O halda bu app sizə kömək edəcək və qatar, metro, avtobus kimi nəqliyyat vasitələrindən istifadə etməklə bir neçə variant təklif edəcək. Bu funksiya Google mapda da var. ( http://prntscr.com/q63089)
6) Blablacar – Avropada şəhərlərarası transfer üçün geniş istifadə olunur. Əgər siz bir neçə gün əvvəldən avtobus bileti almamısınızsa və sabaha olan bilet qiymətləri büdcənizə uyğun deyilsə onda bu proqramdan istifadə edib, eyni yolu daha tez və nisbətən ucuz qiymətə gedə bilərsniz.
7) TripAdviser – Bu proqram vasitəsilə səyahətlə bağlı sizi maraqlandıran suallara cavab tapa bilərsiniz. Gəzməli yerlər, dadlı yeməklər verilən kafe və restoranlar, qarşılaşdığınız çətinliklər və digər sizi düşündürən suallarla bağlı digər gəzəyənlərin yazılarına baxıb, nəticə çıxara bilərsiniz. ( http://prntscr.com/q632fg )
8) Gəzəyənlər – hazırda 43 min istifadəcisi olan Gəzəyənlər qrupu özü böyük bir informasiya deposudur. Axtardığınız məlumatı axtarış yerinə yazmaqla daha yaxşı başa düşəcəyiniz həmvətənləriminiz mövzu ilə bağlı post və şərhlərindən görə bilərsiniz. ( http://prntscr.com/q62t4v )
9) Facebook – Getdiyiniz şəhərdə olan eventlərdən (canlı musiqi, konsert, tədbir, trainig və s.) xəbərdar olmaq üçün facebook un event bölməsindanistifadə edə bilərsiniz. (http://prntscr.com/q62s9y )
Postun əvvəlində çox məlumat yerləşdirmək istəsəm də, yazdıqca həcminin çox olduğunu görüb qısatmaq qərarına gəldim. Əgər istifadəçilər tərəfindən faydalı post kimi qarşılanarsa, göstərdiyim məlumatları və app ları daha geniş, istifadə qaydalarını izah edən post yazaram. Ancaq belə düşünürəm ki, bu məlumatlardan istiqamət götürüb özünüz araşdırma etsəniz daha çox və faydalı informasiya əldə etmiş olarsınız.
Edit: Sona qədər oxudunuzsa və nəsə bir sual yarandısa şərh yerinə yazıb soruşa bilərsiniz. Mən və ya başqa məlumatı olan yoldaşlar köməklik edərik :-) Uğurlar hamınıza...

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı:  Azer Hasanov

DİGƏR BLOQLAR

Niyə təyyarələr əsasən ağ rəngdədir?

Təyyarələrin ağ rəngdə olmasının 5 səbəbi:Belə bir test edək. Portağılın rəngi nə rəngdir? Narıncı. Bəs Təyyarənin? Çoxunuz ağ rəng deyəcək. Bilirəm bəziləri də deyəcək ki, ağ rəngdən də başqa rəngdə olur. Məs S7-nin əsas hissəsi yaşıl və WizzAir- in isə bənövşəyi rəngdədir. Bəs niyə görə bu qədər hava yolları ağ rəngə üstünlük verir. Gəlin səbəblərinə baxaq:1)İnsanların ağ rəngə yay aylarında üstünlük verməsinin səbəbi günəş işığını özündən əks etdirməsidir. Təyyarə istehsalçıları da bu prinsipi əsas tutaraq təyyarəni sərin saxlamaq üçün bu rəngə üstünlük verirlər. Bundan əlavə ağ rəng günəş şüaları radiasiyasını minimuma endirir. Təyyarələrin bütün hissəsi metaldan ibarət deyildir. Bəzi hissələri plastik, karbon-fiber və fiber-glass-dan istifadə olunur. Günəş şüalarına ən çox məruz qalan hissə də elə bu hissələrdir. Ona görə də qızğın günəşdən ən çox qorunması lazım olan yerlər. təyyarənin burun və kontrol hissələri daxil olmaqla ağ rəngdə olmalıdır.2)Henri Ford dövrünün məşhur biznesmenlərindən olub belə bir söz demişdir. İstənilən müştəri qara rəngdə olduğu müddətdə istədiyi rəngə boyanmış bir maşına sahib ola bilər. OK, bildim bir az qarışıq oldu. Qısaca demək istəyir ki, ən dəbli maşınlar qaradır. Bu sözü ilə maşın industriyasında inqilaba səbəb oldu və bugün ən çox sürülən maşınlar qara rəngdir. Amma bunu deməkdə əsas məqsəd qara rəngli maşınların istehsalının daha ucuz başa gəlməsidir. Təyyarələrdə isə ağ rəng daha ucuz başa gəlir. Əlavə rənglərdən istifadə ekstra 50,000$-dan 200,000$-a qədər xərcə başa gələ bilər.3)Digər rənglərdən istifadə təyyarənin ağırlığına 450 KG-dan əlavə çəki əlavə edir və təyyarə ağırlaşır. Daha çox ağırlıq daha çox yanacaq sərfiyyatı deməkdir.4)Əlavə rəngin gətirdiyi ağırlıq ,yanacaq sərfiyyatı və bahalı olması onu gələcəkdə satmaq üçün ciddi problem yaradır. Çünki siz daha ucuza daha az yanacaq sərfiyyatı istifadə edən eyni keyfiyyətdə məhsulu ala bilərsiniz. Niyə əlavə pul ödəyəsiniz ki. Əgər gələcəkdə bir müddətdən sonra satılmağı düşünülürsə bu məqamlar düşünülməlidir.5) Təyyarənin üzərində olan cızıq və ya xəsarət ağ rəngdə daha tez nəzərə çarpır. Hətta təyyarə qəza uğrayıb dənizə və ya okeana düşsə xilasedicilər yerini tez aşkar edib kömək edə bilirlər.Bu məlumatlarım sizə uçuş zamanı necə kömək edəcəyi barəsində bir fikrim yoxdur. Amma əminliklə deyə bilərəm ki, siz bu məlumatları bilən tək-tük sərnişinlərdən biri olacaqsınız????P.S. Şəkildəki dünyanın ən böyük sərnişin təyyarəsi Emirates-in "Airbus A380plus" modelidir. 2 mərtəbəli olub maksimum 853 nəfər sərnişin daşıya bilir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nurlan Jabrayilov

3452 dəfə oxunub

Mil kartları. Hansı yaxşıdır?

Son zamanlar Azərbaycan bankları arasında sanki mil kartlarının rəqabəti yaşanır. Demək olar ki, bütün kartlar ingiliscə “miles” olaraq adlandırılır. İndiyə kimi Premium Bankın (eks SW Bank) AZAL ilə müştərək “AZAL Miles” kartı var idisə, indi PAŞA Bankın Türk Hava Yolları ilə birlikdə “Miles&Smiles” kartı, Unibankın “Unimiles”, Kapital Bankın “Birkart Miles” və Beynəlxalq Bankın “IBAMiles” kartı da bu sektorda bazara təqdim olunub. Hər bir kartın isə öz fərqli xüsusiyyəti var. Gəlin, lap əvvəldən başlayım.PAŞA BANK MILES&SMILESPAŞA Bank-ın Türk Hava Yolları ilə birgə təqdim etdiyi mil kartı Miles&Smiles-dır. Miles&miles Türk Hava Yollarının loyallıq proqramıdır və kifayət qədər inkişaf edib. Kart premium seqment üçün nəzərdə tutulub. Burda da AZAL Miles-da olduğu kimi millər kartdan edilən ödənişlər əsasında hesablanır və THY Miles&Smiles hesabına əlavə olunur. Qiymət cədvəli aşağıdadır.Yuxarıda göstərilən qiymət birdəfəlik ödənişlə təqdim olunan qiymətdir. Təzəlikcə isə PAŞA Bank Platinum kartı üç illik, ildə 40 AZN, Black kartı isə üç illik, ildə 90 AZN ödəməklə səyahət həvəskarlarına təqdim etdi. Daha bir yenilik də ondan ibarətdir ki, indi həm ölkədaxili, həm ölkəxarici, həm də onlayn ödənişlərdə vahid tarif tətbiq olunur. Elite kartda 1 AZN = 1 mil, Black-da 2 AZN = 1 mil, Platinum-da isə 3 AZN=1 mil. Bu yenilik həm hesablamanı sadələşdirir, həm də ödəniş yerindən asılı olmayaraq daha çox mil qazandırır.Kartın növündən asılı olaraq biznes zallara pulsuz və güzəştli giriş, pulsuz səyahət sığortası, avans millər və s. üstünlüklər verilir.Kartdan asılı olaraq aylıq 500-2000 AZN məbləğini dünya üzrə bütün ATM-lərdə nağdlaşdırmaq pulsuzdur. Bu limiti keçdikdə ölkə üzrə bütün ATM-lərdə nağdlaşdırma 1%-dir. Bu digər kartlarla müqayisədə ciddi üstünlükdür.Həm Türk Hava Yolları ilə etdiyiniz uçuşlarda, həm də THY-nin də daxil olduğu Star Alliance birliyində (Lufthansa, Austrian, United və s.) olan bütün aviaşirkətlərlə uçuş zamanı M&S hesabına millər gəlir.Millərin hesaba yüklənməsi avtomatik icra olunur və Miles&Smiles hesabından bilet almaq thy.com saytında tamamilə elektron formada təqdim olunur.Miles&Smiles loyallıq proqramından artıq 7 ildir istifadə edirəm. Artıq bir neçə dəfə milləri xərcləyərək aviabilet almışam. Misal üçün, 2018-ci ildə 5600 mil və 77 avro xərcləməklə Tiranadan İstanbula biznes klasda uçmuşam. 2016-cı ildə isə 7500 mil və 123 TL ödəyərək iki nəfərlik Trabzon-Antaliya bileti almışam. Əlavə olaraq, qazanılmış millərə aviabilet deyil, https://shopandmiles.com/ saytından geyimdən tutmuş, elektronika məhsullarına kimi ala bilərsiniz. Miles&Smiles haqqında yazının sonundakı linkdən oxuya bilərsiniz.Qeyd etməliyəm ki, yuxarıda sadaladığım xüsusiyyətlərlə PAŞA Bankın mil kartları favoritlərim arasındadırlar.Ətraflı məlumat: www.miles.pashabank.az/az/mehsullarPREMIUM BANK AZAL MILESPremium Bank-ın (eks SW Bank) Classic/Standart, Gold, Platinium və Black Edition Miles kartları var. Aşağıdakı cədvəldə kartlar haqqında məlumat var.Premium Bank-ın proqramı AZAL Miles loyallıq proqramına bağlı olduğu üçün, qazanılmış millər AZAL Miles hesabınıza yüklənir. Yüklənmə intervalı hər 100 milə görədir. Yəni kartla 100 millik əməliyyat edəndən sonra millər hesaba yüklənir. Siz millərlə bilet almaq üçün Premium Bank-a yox, AZAL-a müraciət edəcəksiniz. Amma millərlə bileti tam yox, aviaşirkətin qoyduğu qiyməti əvəzləyə bilirsiniz, aeroport yığımı və vergi rüsumları ödəməlisiniz. Misal üçün, Bakı-Ankara-Bakı biletinin cəmi qiyməti 484 manatdırsa, onun 310 manatı AZAL-ın biletə qoyduğu qiymət, 174 AZN isə aeroport yığımı və vergi rüsumudur. Siz 1500 mil + 174 AZN ödəyərək Bakı-Ankara-Bakı biletini ala bilərdiniz. 1500 mili qazanmaq üçün Visa/Mastercard Gold kartınızla ən yaxşı halda (hamısı xarici ölkə əməliyyatları olsa) 10500 AZN-lik əməliyyat etməlisiniz. AZAL-da ən çox mil tələb olunan uçuş isə Bakı-Nyu York-Bakı reysidir. Bu reys üçün 7100 mil + 250 AZN (aeroport yığımı və vergi rüsumu) tələb olunur. Qazanılmış millər hesabda 3 il qalır.Premium Bank-ın mənə görə zəif tərəfi filialların və cash in aparatlarının az olmasıdır.AZAL Miles kartlarının əlavə üstünlükləri:Platinium Kart istifadəçiləri şengen zonasına pulsuz sığorta və Bakı aeroportunda “Salam Lounge” zalından bir dəfəlik pulsuz istifadə qazanır.Master Card Black Edition kartı istifadəçiləri isə, pulsuz “Priority Pass”, səyahət sığortası və Master Cardin xüsusi dəstək xidmətlərini əldə edir.AZAL ilə hər uçuş da mil qazandırır.Premium Bank ATM-lərində nağdlaşdırma: 0.7% Min. 1 USD, AZN, EUR, GBP“AZAL Miles” haqqında bu linkdən ətraflı öyrənə bilərsiniz: https://www.premiumbank.az/az/for-life/miles-kartlar/miles-kartlar-types/UNIBANK UNIMILESUnibankin unimiles kartinin 3 illik istifadə qiyməti 100 manatdir və kart alan kimi 1000 “salamlama” bonusu verilir. Azal miles kartindan fərqli olaraq burda prinsip bir az fərqlidir. Unibankin partnyor mağaza, dükan, kafe/restoran və s. Iaşə obyektlərində unimiles karti ilə ödəniş edəndə daha çox bonus qazanirsiniz, misal üçün partnyordan asili olaraq 100 manatliq ödənişə 1650 milə (bonusa) kimi qazana bilərsiniz, ortalama isə 250-500 mildir, amma qeyri partnyor ödənişlərində hər 100 azn ödəniş üçün 10-50 mil verilir. Beləliklə, 500 manatliq aviabileti almaq üçün hesabinizda 25000 mil olmalidir. Amma bu 25000 mili qazanmaq üçün nə qədər pul xərclənilməsi lazim olduğunu dəqiq hesablamaq mümkün deyil. Aviabileti kartinizdaki olan pulunuzla alirsiniz, sonra bank sizin pulu karta qaytarib mil hesabinizdan çixir. Əlavə üstünlük kimi kartin pul qaliğina illik 3%-dək əlavə olunur, aeroporta pulsuz taksi, səyahət siğortasi, pulsuz hesabdan çixariş və bankdan məktub xidmətləri təqdim olunur. Nağdlaşdirma, pul köçürmələri, komunal, mobil ödənişlər, stasionar telefonlar, internet/tv xidmət ödənişləri, birja – forex əməliyyatlari, kredit üçün kartdan ödəniş olanda millər hesablanmir. Unibank atm-lərində nağdlaşdirma faizsizdir. Unimiles haqqida ətrafli: https://www.unibank.az/az/cards/view/41KAPITAL BANK BIRKART MILESKartın üç illik qiyməti 80 manatdır, MasterCard verilir. Bu kartda mil qazanma prosesi təxmini AZAL Miles kimidir. Yəni ödənişlərə müvafiq millər verilir. Millər aşağıdakı qaydada hesablanır.Kartın əlavə üstünlüyü hər üç valyutada hesab təqdim olunması, hesab qalığına millərin hesablanmasıdır (illik 2%). “Birkart Miles” kartı ilə 500 manatlıq aviabilet almaq üçün hesabınızda 32500 mil olmalıdır. O milləri qazanmaq üçün ən yaxşı halda (hamısı xarici ölkə əməliyyatları olsa) 21666 AZN pul xərcləməlisiniz. Əvvəlcə aviabileti kartınızdakı vəsait hesabına alırsınız, sonra isə həmin məbləği müvafiq olaraq millərlə əvəz edirsiniz.Kapital Bank debit kartdan başqa “Birkart Miles” kredit kartını da təqdim edib. Burda illik xidmət haqqı 35 manatdır, üç illik verilir. Karta 10000 AZN-ə kimi limit, 40 günə kimi güzəşt müddəti verilir.Əlavə olaraq onu da qeyd edim ki, Birkart millərini Türk Hava Yollarının Miles&Smiles millərinə də çevirmək mümkündür. Belə olan halda 2 Birkart mili = 1 THY mili kimi hesablanır.Kapital Bankın ATM-lərində nağdlaşdırma: 1,5% (min 2,00 AZN/USD/EUR)Debet kart haqqında ətraflı: https://kapitalbank.az/cards/birkart-miles-debetKredit kartı: https://kapitalbank.az/cards/birkart-milesBEYNƏLXALQ BANK IBAMILESƏn yeni təqdim olunan mil karti isə beynəlxalq bank-in “ibamiles” kartidir. Təqdimati pandemiya dövrünə düşdüyü üçün çox səsküy salmadi, hətta yeni məhsulun “landing page”i də sanki “ürəksiz” hazirlanib. Kartin iki növü var: “iba miles” və “iba miles premium”. Digər kartlardan fərqli olaraq burda millər ilə həm aviabilet, həm də otel rezervasiyasi almaq olar. Ölkədaxili və ya ölkəxarici fərq etmir. Millərin xərclənmə qaydasi: 65 mil = 1 azn. Qiymət cədvəli aşağidadir:Beynəlxalq bankin atm-lərində 15000 azn-dək nağdlaşdirma pulsuzdur.Kartlar haqqinda ətrafli məlumat: https://www.ibar.az/az/individual/plastic-cards/miles-kartlar/iba-miles-mc-world/https://www.ibar.az/az/individual/plastic-cards/miles-kartlar/iba-miles-mc-black-edition/Uzun zamandir səyahət etməyimə baxmayaraq heç vaxt mil kartlarindan istifadə etməmişdim. Aprel ayinda turizm sərgisində azal-in stendində latoreya qalibi oldum və sw bankin gold kartini aldim. Abş və kanada səfərim öncəsi bu mənə yaxşi hədiyyə oldu, daha sonraki xarici səfərlərdəki ödənişlər və azal ilə üç uçuş hesabima yaxşi mil verdi, gələn yay 164 azn ödəyib pekinə gediş-gəliş bileti alacam. Ümumiyyətlə düşünürəm ki, mil karti mütləq hansisa aviaşirkətlə əlaqəli, aviaşirkətin sadiqlik (loyalty) proqraminin bir hissəsi olmalidir. Əks halda bu sadə bonus kartindan başqa bir şey deyil. Əlavə olaraq mil karti debet yox, kredit karti olmalidir ki, daha çox istifadə olunsun. Əks halda məhsulun uğur tapmasi çətindir.Ps. Türk hava yollarinin miles&smiles proqrami haqqinda burdan oxuyun.pss. Yazını bəyəndinizsə paylaşın ^)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Azər İsmayılov

10938 dəfə oxunub

Qırmızı damlı evlər şəhəri – Praqa + Kutna Hora

Praqadkı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Təxmini bir ay idi yeni yazı yazmırdım, iş-güc, dəsrlər imkan vermirdi. Nəhayət bu yazını yazmaq üçün vaxt tapdım. Yəqin ki, “Nağıllar aləminə” bənzər şəhər klişe ifadəsini deyəndə hamının ağlına bir şəhər gəlir – Praqa. Oranı səyahət edən, etməyən, şəkillərdən, videodan görən hər kəs üçün, Praqa – nağıllar aləmidir.Deyir söz vaxtına çəkər, elə keçən il bu vaxtlar idi Praqaya gedəndə, daha doğrusu may ayının 4-ü. Səhər saat 6-da Budapeştin Nepliget avtobus stansiyasından holland qrup yoldaşım ilə yola düşdük Praqaya. “Səni bildik, biz necə gedə bilərik ora?” sualını verdiyinizi eşidirəm ???? Bakıdan Praqaya ən az xərclə və rahat yollardan biri, WizzAirlə Budapeştə uçub buradan da qatar və ya avtobusla Praqaya getməkdir. Budapeştdən Praqaya qatar da, avtobus da hardasa 7 saata gedib-çatır. Həm qatar, həm də avtobuslar çox rahatdır. Qatarların için restoran kupesi var, istədiyiniz hər şeyi  ala bilərsiniz. Avtobus isə, Slovakiyanın paytaxtı Bratislavada və səhv etmirəmsə Çexiyanın Brno şəhərində 2 dəfə dayanır. Və yaxud da öncədən sendviçinizi, suyunuzu alıb çantanıza qoya bilərsiniz.Ya da Praqada harada qalmalı sualına gəldikdə? Praqanın mərkəzi və gəziləcək görüləcək yerlər bir-birinə yaxın olduğundan mərkəzə 10-15 dəqiqəlik piyada məsafəsində yerləşən ucuz hostellər tapa bilərsiniz. Və yaxudda AirBnbdən istədiyiniz xüsusiyyətlərə malik evlərdən birini seçə bilərsiniz. Biz mərkəzdən 10 dəqiqə piyada məsafəsində yerləşən Chili hosteldə qalmışdıq. 2 nəfərlik otaqda, 2 gecə üçün 52 avro ödəmişdik, 1 adam üçün bir gecəsi 13 avro. Hostel sosyallaşmaq imkanının bu dəfə də bizdən gizlətməmişdi, bu şəkildə gördüyünüz qəribə geyimli, 20-ci əsrin əvvəllərinə aid film aktrisalarına bəzəyən alman əsilli Avstraliya vətəndaşı Noradır, hosteldə tanış olmuşduq və Praqanı demək olar bir yerdə kəşf etmişdik.Praqada nə yeməli? Sualının cavabını açığı özüm də dəqiq bilirəm, çünki mərkəzi yerlərdə, turistik məkanlar olduğundan dünya mətbəxindən yeməklər daha çox olur, çex yeməkləri isə donuz əti çox istifadə olunduğundan həddən artıq yağlı olur. Nə içməli? sualına gəldikdə, yəqin ki, şübhəsiz ilk ağla gələn məşhur çex pivəsi olur. Pilsner Urquell ən məşhur və yaxşı çex pivələrindən hesab olunur. Bundan başqa hər bir restoranın özünün hazırladığı xüsusi pivələr var ki, onların da dadına baxmaq olar. Məsələn, biz 6 rəngdə müxtəlif dadda olan əlişi pivələrin dadına baxdıq. Praqa dedikdə yada düşən 2-ci içki isə təbii ki, Absinthedir. Bu Praqaya gəlmişəm, azı yarım litr Absinthe içəcəm deməmişdən qabaq bir daha fikirləşin məncə, alkoqol miqdarı, çox olduğundan (45-75 dərəcə arası dəyişir), çalışın özünüzdən muğayat olasınız :). Gəldik ən çətin sual olan “Praqada haraları gəzmək sualına?”. Ona görə çətin ki, Praqada hər bir bina, hər bir heykəl, hətta küçədəki hər bir daş tarix qoxur. Gəzəndə bilmirsən Praqanın ətrini duymaq üçün aşağı baxasan ya yuxarı?! Yenə də gəzib gördüyüm, baş çəkdiyim yerlərdən çalışacam sizlərə də məsləhət olan əsas yerləri bu yazıda göstərim. Di sayyah səyahətdə gərək ????İlk dayancağımız, daha doğrusu turumuzun başladığı nöqtə Municipal House (Bələdiyyə və ya hökümət evi) oldu. Burada 1918-ci ildə o vaxtkı Çexoslavakiya Resbuplikası elan olunub. Küçə ilə irəlilədikçə sağda Powder Tower görsənir. 1475-ci ildə tikilən bu qara rəngli qotik bina şəhəri giriş qapılarından biri olub. Bu yolla irəliləyib gələcəksiniz, Qədim şəhər meydanına. Bütün şəhərlərdə olduğu kimi Praqada da ən turistik məkan məhz Old Town Square və ya Qədim şəhər meydanıdır.Şəhər meydanının 4 bir tərəfi gözməli, arxitektur binalarla əhatələnib.  Yaz-yay aylarında meydanda tez-tez canlı musiqi konsertləri təşkil olunur, bəxtiniz gətirərsə, sizə də rast gələ bilər. Meydanda durarkən 2 hündür qülləsi olan tamamilə Disney qəsrlərinə oxşayan Tyn və ya Məryəm Ana kilsəsini görəcəksiniz. Kilsə çox hündür olduğundan demək olar şəhərin hər yerindən görsənir, əgər yolunuzu azsanız ki, bu yaxşı şeydir yeni şəhəri kəşf etmək üçün ???? kompas kimi Tyn kilsəsindən istifadə edə bilərsiniz. Kilsəni görmək üçün ən yaxşı vaxt günortadan sonra hava tam qaralmamışdır, el dili ilə desək qaş qaralanda. Hava qaralmağa başlamış, kilsənin işıqları yandırılır və budur qarşınızsa əsrarəngiz bir mənzərə. Qədim şəhər meydanında mütləq baş çəkilməli olan yer isə Astronomik saatdır. Dünyada işlək vəziyyətdə olan yeganə astronomik saatdır bu. Saat hər saatın tamamında zəng çalır və divardan çıxan müxtəlif fiqurlar oynaya-oynaya yenidən divardakı digər qapıdan içəri daxil olurlar. Saatın tamamına 15 dəqiqə qalmışdan artıq turistlər məkanın qabağına yığışırlar.Astronomik saatı gördükdən sonra, meydandakı House at the Minute binasına baş çəkmək olar. Bina başdan ayağa qədim Yunan əsatirlərindən olan hekayələrin qrafitiləri ilə bəzənib. Burdan sonra isə yolumuzu salırıq Praqanın göz-bəbəyi, simvolu olan Çarlz körpüsünə. Körpü Vltava çayı üzərindən keçir və üzərində 30a yaxın heykəl var. Heykəllər xristianlıqdakı müqəddəsləri təmsil edir. Bəzi heykəllərin üzərində qızılı yerlər görəcəksiniz. Diqqətlə baxsanız qızılı yerin kənarlarının qapqara olduğuna şahid olacaqsınız. Bu yerlər dəydikcə sürtünərək qızılı rəngə boyanıb. Bu yerlərə toxunan zaman arzuladığın arzuya çatacağına inanılır, hər ehtimala yoxlamaq olar yəqin ki ????Körpüdə müxtəlif küçə musiqiçiləri ifalar edir, rəssamlar şəkil çəkir və suvenir satanlar maqnitlərini satırlar. Körpünü keçəndən sonra sağda Franz Kafkanın Muzeyi yerləşir. Praqada bir neçə Franz Kafka Muzeyi adında muzey olsa da əsl olanı məhz budur. Çarlz körpüsündən sağa dönəndə. Yox əgər körpüdən 1-2 küçə sola irəliləsəniz əfsanəvi the Beatles qrupunun üzvü John Lennonun adını daşıyan divara rast gələcəksiniz. John Lennon divarı başdan ayağa  qrafitilərlə bəzədilib və demək olar ki, hər gün köhnə qrafitilərin üzərinə yeniləri çəkilir. Hərdən çex gənclər bu divarın önündə durub John Lennonun mahnılarını oxuyaraq küçə musiqiçiliyi edirlər. Bəxtiniz gətirsə bax bu videodakı kimi, siz də John Lennondan bir şey dinləyə bilərsiniz.Təpənin üzərindəki parka çıxan pilləkənlardən birində Komunizm qurbanlarının ruhuna ithaf olunmuş heykəlləri görə bilərsiniz. Təpənin üzərinə çatdıqda isə Parisdəki Eyfel qülləsinin oxşarı olan Petrin qülləsini görə bilərsiniz. Qüllədən 10 dəqiqəlik piyada məsafəsində Praqa Qəsri yerləşir. Qəsr qədim qəsrlər arasında ən böyüyüdür. Qəsrdə Prezident sarayı yerləşdiyindən, qəsr yerindən 1sm belə tərpənməyən və gözlərini qırmayan, Koroğluya bənzər bələdçilər tərəfindən qorunur. Hər saatın tamamında bələdçilərin təntənəli yer dəyişimi olur, turistlər tərəfindən kifayət qədər maraqla qarşılanan hadisələrdən biri də məhz bu növbə dəyişimidir. Qəsrin yaxınlığında digər maraqlı arxitektur bina Müqəddəs Vitus Katedralı yerləşir.Katedraldan keçib, Rampart bağlarına baş çəkə bilərsiniz. Yolüstü Wallenstein saray bağlarına da baş çəkmək məsləhətdir. Saray bağında müxtəlif quşlara, xüsusilə də tovuzquşlarına rast gəlmək olar. Oradan isə Letna park və yaBeer Garden deyilən yerə gedə bilərsiniz. Bura Praqanın ən hündür yerlərindən hesab olunur və şəhərə gözəl mənzərə açılır. Eyni zamanda burada acmısınızsa buradakı kiçik kafelərdə kəmərin altını bərkidə bilərsiniz.Bundan başqa rəqs edən binalar (Dancing buildings) kimi tanınan binaları görmək istəsəniz, Vltava çayının Old Town olan hissəsində çayın sahili ilə irəliləməlisiniz. Demək olar bütün şərqi Avropa ölkələrində olduğu kimi, Praqada da yəhudi məhəlləsi var. Məhəllədə maraq çəkəcək şeylər, Sinaqoq və qədim qəbirstanlıqdır. Sinaqoq və qəbirstanlıq nə qədər ciddi, kədərli yerlər olsalar da hər ikisinə girişin pullu olması adama bir o qədər gülməli gəlir.Praqa turumuzun 2-ci günü, Praqadan 1 saatlıq məsafədə yerləşən Kutna Hora qəsəbəsinə getməyi qərarlaşdırdıq. Mərkəzi dəmir yolu vağzalından biletlərimizi alıb, köhnə qatarlara minib yola düşürük. Kutna Horanı məşhur edən orada yerləşən Sedlec Ossuary kilsəsidir. Kilsəyə kənardan baxanda adi normal kilsədir, amma içəri girdiyinizdə hər şey dəyişir. Kilsənin içərisi 40 000 insan sümüyündən dekor edilib. Kilsənin yerləşdiyi Sedlec monastrının həyətinə 13cü əsrdə baş rahiblərdən biri Qüdsdən torpaq gətirərək səpir. O zamandan sonra kilsə müqəddəs ərazi hesab olunur, bütün mərkəzi Avropanın camaatı burada dəfn olunmaq istəyir. 14cü əsrdə vəba xəstəliyindən, 15ci əsrdə isə müharibə nəticəsində bir xeyli adam həlak olur və ölələrin çoxusu burada basdırılır. Məzarlığın ərazisi xeyli böyüdüyündən, ərazini kiçiltmək üçün qəbirlərin bir xeylisi qazılır və sümüklər çıxardılaraq piramida kimi kilsənin içərisinə yığılır. 19cü əsrdə şahzadə Schwarzenberg monastırı alır və saxsı ustası Rinkə buranı dekor etməyi tapşırır. Usta da əlindən gələnin ən yaxşısını edib, belə bir möhtəşəm iş çıxardır ortalığa. Kilsənin içində insan sümüklərindən Schwarzenberglərin gerbi, bakal, çilçıraq və s. düzəldilib.Kilsəni qeyri-adi hisslərlə tərk edib axşam tərəfi yenidən qayıdırıq Praqaya. Qayıdırıq ki, səhərisi gün yenidən özümüzü ataq tarix qoxan küçələrə və özümüzü verək çex pivəsinə.Son olaraq Praqada gəzməli yerlər barəsində verəcəyim son məsləhət isə Praqanın bütün küçələridir. Özünüzü hosteldən, evdən atın Praqanın küçələrinə, dar, enli, küçələri, dalanlar gəzin, binaların üzərinə baxın. Hər yerdə yeni bir arxitektura nümunəsi, yeni bir tarix görəcəksiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

3015 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!