879 dəfə oxunub

Napolidən Salernoya uzanan Amalfi sahilləri

Napolidəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Əziz gəzəyənlər, bugünki səfərimiz dilinə öz sözlərimizi gətirməkdə çətinlik çəkən gözəl vətəndaşlarımızın şəkillərini görəndə “Uydaa, krasota, toje xoçu” dedikləri ecazkar Amalfi körfəzi və ətraf ərazilərdir. Bununla həm Sorrento yoxsa Salerno məsələsinə öz yanaşmamı bildirməyə, həm də “ora”ların yalnız Kapri, Positano və Amalfidən ibarət olmadığını dəqiqləşdirmiş olacağıq.

Səyahət ardıcıllığı Napoli- Kapri- Sorrento- Positano- Fiordi di Furore- Pianollo- Amalfi- Atrani- Ravello- Vietri sul Mare- Salerno formasındadır.

Napolinin Beverello Limanında 23-25 avro gəmiyə (katerə) ödəniş etməklə yollanırıq Kapriyə. Adaya çatan kimi adayla üzbəüz sol çiyniniz istiqamətində funikulyor sizi gözləyəcək. Funikulyordan 50 metr aralıda Tabacchi-də bilet ala və ya elə eyni qiymətə ətrafdakı “guide”lardan əldə edə bilirik. Funikulyordan düşdükdən sonra sosial şəbəkəyə şəkil qoymaq üçün gəzə-gəzə gəlirik Giardini di Augusto parkına (giriş 2-3 avro). Doyunca mənzərəni seyr etdikdən sonra piyada “pereval”ı ilə sərinləmək üçün düşürük Marina Piccola çimərliyinə. Çimərliyin dadını çıxarıb elə 100 addım yuxarıdan avtobusla AnaKapriyə yollanırıq, Anakapridən təkbaşına funikulyorlar ilə ( qış xizək funikulyorları kimi) Piscina della Canzoneyə qalxırıq və adanın bir də bu istiqamətdən panoramik dadını çıxarırıq. Funikulyor bir tərəfli 11 avro, ikitərəfli 14 avrodur, lakin qayıdanda bileti yoxlamırlar. Funikulyor ilə Anakaprinin mərkəzinə endikdən sonra miniavtobuslar ilə yollanırıq gecəni Sorrentoda gecələmək üçün Kaprinin mərkəzinə (limanına). Təəssüf ki, 1 günə fiziki olaraq yazdıqlarımdan artıq birşey etmək olmur (olar, nəyisə ixtisar etməklə).

Buradan 16-18 avro verib katerlərlə yola düşürük Sorrentoya. Niyə Sorrento? 1. Sorrento məsafəcə daha yaxın və ucuzdur. 2. Gecələmək üçün qiymətlər uyğundur. 3. Səhər Positanoya ən tez və ucuz yola düşmək üçün ideal məntəqədir. Növbəti günü səhər tezdən yuxudan effektiv ayılmaq üçün Sorrentodan yollanırıq 45cə dəqiqəlik məsafədə çimərliyin dadını çıxarmaq məqsədilə Bagni Regina Giovannaya (şiddətlə tövsiyə edirəm).

Sərinlədiyinizi hiss etdikdən sonra avtobusla mərkəzə, ordan da 2.20 avroya Positanoya yola düşürük. Positanoda ödənişli (35-40 avro) və ödənişsiz çimrəliklərdə də çimərliyin dadını çıxara bilərik, lakin daha yaxşı çimərlik günün sonunda bizi gözləyir.

Positanonun ara küçələrini gəzdikdən düşdüyünüz dayanacağa qayıdıb yaxın mağazadan 2.20 avroya bilet alıb Amalfi, Sorrento istiqamətli ixtiyarı avtobusa minib düşürük Fiorde di Furore dayanacağında. Burada bizi körpünün altında möhtəşəm, hüzur dolu çimərlik gözləyir.

Çimərlikdən isə gecələmək üçün çimərliyin yerləşdiyi ərazinin bir üst qəsəbəsi olan Pianilloya yola düşürük. Necə? Düşdüyümüz dayanacaqdan 2-3 dayanacaq gedib, düşürük, və qəsəbəyə qalxan digər avtobusla qəsəbəyə gedirik. Qəsəbədə şiddətli tövsiyə edə biləcəyim otel Antico Mulino (büdcəli və səhər yeməyi daxil), restoran isə “Langolo Dei Sapori”.