1625 dəfə oxunub

Luvr muzeyi haqqında hər şey (II hissə)

 
Parisdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.
 
Deməli, yoldaşlar, vaxtdır. Muzeyin kolleksiya və strukturu haqqında danışmağa başlaya bilərəm.

Muzey tematik kolleksiyalara bölünüb, çalışacam bu zallar haqqında məlumat verib mütləq görülməli əsərləri qeyd edim.
Yazılar arasında itməmək üçün xəritə: fr / en / ru
Qeyd: Fransada mərtəbələr 0-dan başlayır, yəni fransuzski 1-ci mərtəbə = bizim 2-ci mərtəbə. 0-cı mərtəbəyə rez-de-chaussée (RDC) deyilir.
 

Antiquités du Proche-Orient – Yaxın şərq əntiqləri

Richelieu qanadı, mərtəbə 0

Qədim Mesopotamiyadan başlayaraq İran, İraq, Suriya tarixinə aid arxeoloji tapıntılar, heykəllər, yazı texnikaları daha nələr nələr. Mənim, şəxsən, ən çox sevdiyim kolleksiyalardan biridir. Tarixin ən qədim yazı nümunələrindən olan Şumer yazılarını görə biləcəyiniz silindrlər həmin dövrün hadisələri haqqında müəyyən təsəvvür oyadır. Şumer-Akkad hökmdarlarının heykəllərinin bəzədiyi zallar, Laqaş şahzadəsi Gudeanın müxtəlif versiyalarda heykəlləri görülməyə dəyər.
Kolleksiyanın digər bir özəlliyi də bəzi zalların tarixi məkanları təkrarlama inisiatividir. Belə zallardan biri Xorsabad zalıdır: mifik Lammasuların sərgiləndiyi və insanı bir anlıq qədim dünyaya aparan bu zalın xüsusi bir aurası var. Digər belə zal I Daranın Sarayıdır: divarlarda oxçular, Əhəmənilərin simvolu olan şirlər (A coat of gold, a coat of red / A lion still has claws...)
Mütləq görülməsi lazım olan eksponat isə sözsüz ki, Hammurapi Qanunlarıdır. Qədim Dünya Tarixi kitablarından oxuduğum tarixin ilk yazılı qanun külliyatını yaxından görmək möhtəşəm bir hiss idi. Sütunun yanında qanunların tərcüməsi verilib, oxuyub bir az şoka düşə bilərsiniz ;)
Kolleksiyanın sonuncu zalında isə Luvr Muzeyindəki ən qədim eksponat – 9 min il əvvələ aid olan, Ain Ghazalda tapılmış insan fiqurunu görmək olar.

Antiquités égyptiennes – Misir əntiqləri

Sully qanadı, mərtəbə O və 1

Kolleksiya iki mərtəbədə yerləşir : 0-cı mərtəbədə sivilizasiyanın təqdimatı (gündəlik əşyalar, adət-ənənə, tanrılar, heroqliflər, rituallar və s.), 1-ci mərtəbədə isə Misir tarixinin xronoloji təqdimatı yer alır. Bütün kolleksiyanı görmək istəyənlərə məsləhət : 0-cı mərtəbədən başlayıb, zalları sırasına görə gəzin.
Girişdə sizi Tanisin Böyük Sfinksi qarşılayır. Davamında ikinci zala keçirsiniz və qədim dövrlərin Nil sahillərinə gedib çıxırsınız : qədim alətlər, gəmi fiqurları və s. Sonra keçirsiniz qədim Misir yazı texnikasına həsr olunmuş bölməyə. Misir heroqlif sistemi, dil strukturu, işarələr haqqında kifayət qədər ətraflı məlumat əldə edə biləcəyiniz bu zalda həmçinin heroqliflərin necə daş lövhələr və papiruslar üzərinə həkk olunduğunu da öyrənə bilərsiniz. Növbəti istiqamət olaraq “Chapelle du mastaba d'Akhethétep” görülməlidir; Axetetepin məzarının bir hissənin rekonstruksiyası olan bu piramidvari məkanda özünüzü həqiqətən Qədim Misirdə hiss edəcəksiniz. Növbəti zallarda ev əşyaları, saxsı qablar, dövrün mebelləri sərgilənib.
Kolleksiyanın ən əzəmətli zallarından olan Məbədə gələrkən Sfinks Xiyabanında onlarla sfinks tərəfindən qarşılanırsınız. Məbəddən sonra sizi məzarlar, mumiyalar, sarkofaqlar gözləyir. Bu zallardan sonra isə Misir Allahlarının hüzuruna çıxırsınız.
Birinci mərtəbəyə qalxarkən divarda Misir tarixinin önəmli hadisələrin xronoloji ardıcıllığı ilə qarşılaşırsınız. Sonra isə kolleksiyanın ikinci hissəsi olan Misir tarixi bölməsinə keçirsiniz və çənənizi yerində saxlamağa çalışırsınız, çünki bu zallar həqiqətən möhtəşəmdir.
Burada mütləq görülməli eksponatlar sırasına Le Scribe accroupi də əlavə etmək lazımdır.

Antiquités grecques, romaines, italiques et étrusques – Yunan, Roma, İtalik və Etrüsk əntiqləri

Denon və Sully qanadları, mərtəbə -1, 0 və 1

Denon qanadına -1-ci mərtəbədən daxil olanda sola dönərək tarixin ən qədim sivilizasiyalarından biri olan yunan mədəniyyətinin ən uzaq dövrlərinə gəlib çıxırsınız. Gündəlik əşyalar, xırdaca heykəllər, vazalar, divar yazıları b.e.ə. 6500-500-cü illərə aiddir.
0-cı mərtəbədə sıra ilə Yunan, Roma, Etrüsk əntiqləri sizi gözləyir. Mona Lizadan sonra Luvrun bəlkə də ən məşhur eksponatı sayılan Venus de Milo da məhz bu kolleksiyalar silsiləsində yerini alır. Denon qanadından Sully qanadına keçiddə böyük turist qrupu görən kimi Veneranın yaxında olduğunu başa düşəcəksiniz. Həmin zalda yunan Allahlarının hər cür formada heykəllərini görmək olar.
Bir mərtəbə də yuxarı qalxsanız 1-ci mərtəbədə üzərində qədim dövrün müxtəlif hadisələri əks olunan etrüsk vazaların sərgiləndiyi uzuuuuun bir zala çıxacaqsınız. Muzeyin bu hissəsi daha interaktivdir – bəzi eksponatlar xüsusi seçilib və elektron lövhələrdə həmin eksponatın üzərindəki detallar izah edilib. Bir belə eksponata baxmaqla bu sənət növü haqda kifayət qədər məlumat almaq olur.

Arts du Proche-Orient et de l’Égypte – Yaxın Şərq və Misir incəsənəti

Denon qanadı, mərtəbə -2 və -1

Luvrdakı ən sevdiyim kolleksiya olan İslam incəsənəti (aşağıda) kolleksiyasının yanındadır. İslam incəsənəti kolleksiyasının -1-ci mərtəbəsindəki balkonvari məkandan durub -2-dəki mozaikalara baxmaq lazımdır, sonra da düşüb yaxından incələmək. Mozaikaların bəziləri Türkiyə ərazisində tapılıb.
Kolleksiyanın davamında isə hansı zalda olduğunu dəqiq xatırlamadığım “məzarlıq” var. Burada sarkofaqlar, tabut incəsənəti ilə yaxından tanış olmaq olar :D Zallardan biri isə koptik Misirə aid kilsənin rekonstruksiyasıdır.

Arts de l’Islam – İslam incəsənəti

Denon qanadı, mərtəbə -2 və -1

Şübhəsiz, Luvrda ən çox sevdiyim kolleksiyadır. Bilmirəm, bəlkə də, Azərbaycanlı olmağım və bu coğrafiyanın incəsənətinə olan marağımla bağlıdır. Kolleksiyaya giriş Yunan Əntiqləri kolleksiyasındandır. Kolleksiya iki mərtəbəyə bölünüb: yuxarı mərtəbədə qab-qaşıq, yazı nümunələri, müxtəlif əşyalar yerləşir. İslamın yaranmasından başlayaraq Ərəb Xilafətinin genişlənməsini əks etdirən interaktiv məlumat lövhəsi var.
Əsas gözəlliklər aşağı mərtəbədədir. Burda virtual guide olaraq məsləhət görürəm ki, pilləkəndən düşəndə əvvəla arxaya gedib miniatürlər və kitablara baxın. Sözlərlə ifadə edilə bilməyəcək dərəcədə maraqlıdır. İnteraktiv lövhə var: ingilis, fransız, ispan dillərindən birini seçməklə kitabların hazırlanma tarixçəsinə, miniatürlərlə necə bəzədildiyinə baxa bilərsiniz. Sonra keçirsiniz üzəri müxtəlif naxışlarla bəzədilmiş mis, dəmir qablar, şamdanlar və s. olan zala. Bu zalda Yunus ibn əl-Hüseyn əl-Əstürlabi tərəfindən İslam Dünyasında hazırlanmış ilk selestial qlobusu (Globe Céleste) görəcəksiniz.
Növbədə İslam aləminə xas müxtəlif dekorlarla bəzədilmiş qapılar, boşqablar, miniatür sənəti ilə bağlı hansı kitabı açsanız görəcəyiniz dekorativ kirəmitlər var.
Bir divar boyu düzülmüş Türkiyədən gətirilmiş miniatür motivlər kolleksiyanın ən görülməli işlərindəndir. (maraqlı fakt: divardakı fayanslardan bəziləri ermənilər tərəfindən hazırlanıb)
Səfəvi dövrünə aid güzgüdən tutmuş bıçağa, divar motivlərindən tutmuş dekorativ qapılara qədər bir çox eksponat görəcəyiniz bu hissədə xüsusi diqqət verilməli eksponat İsfahandan gətirilmiş Bağ Səhnəsidir.
Kolleksiyanın kulminasiya nöqtəsi xalçalardır. Yavaş-yavaş xalçalara baxırsınız və burda sizi fərəhləndirəcək o eksponatı görürsünüz – Azərbaycan xalçası. Diqqət: son gedişimdə xalça eksponat mübadiləsinin qurbanı olmuşdu :/
 

Sculptures – Heykəllər

Richelieu qanadı, mərtəbə -1 və 0

Heykəltəraşlıq nümunələri bir neçə zalda tematik olaraq bölünüb. -1-də iki “həyət” var, bu həyətlərdə Avropa və Fransa heykəllərinə baxıb, onlarla eyni pozada durub şəkil çəkdirə bilərsiniz (bəzi heykəllərin həqiqətən gülməli pozaları var).
Heykəllərin bir qismi “qəbristanlıq” mövzusu üzərində qurulub: qəbir daşları, qəbirlər, white walker.
Bir digər bölmədə isə Akademiyaya təqdim edilmək üçün hazırlanan heykəllər sərgilənir. Mötərizə açıb Luvrun tarixi haqqında çox qısa bir məlumat verəcəm. Luvr Kral Sarayı olaraq istifadə olunarkən bütün otaqlar yalnız kralın yatması, yeyib-içməsi və hər küncdə bir məşuqəsini gizlətməsi üçün istifadə edilmirdi. Zalların bir qismi Charles X Muzeyinə çevrilmişdi – buraya Misir əntiqləri yığılmışdı. Sarayın digər bir hissəsi isə incəsənətə həsr edilmişdi. 1648-1793-cü illər arasında Luvrda Académie Royale de Peinture et de Sculpture (Rəssamlıq və Heykəltəraşlıq üzrə Kraliyyət Akademiyası) fəaliyyət göstərirdi. Akademiyaya daxil olmaq üçün gənc (bəzən də yaşlı) istedadlar iş hazırlayırdılar və həmin işlərin bir qismi ilə siz məhz Luvrda tanış ola bilərsiniz. Jean-Baptiste Pigalle-ın hazırladığı Volterin qalmaqallı çılpaq heykəli (Voltaire nu) də bu zalda yerləşir.
İtalyan heykəlləri zalında isə Michelangelonun əsərlərini görə bilərsiniz.
Gabrielle d’Estrées et une de ses sœurs

Peintures – Rəsmlər

Richelieu, Sully və Denon qanadları, mərtəbə 1 və 2

Luvr deyəndə turistlərin 99%i Mona Liza deyə exo verir. O boyda muzeydə sanki Mona Lizadan başqa bir eksponat yoxmuş kimi. Xülasə, Luvrun Starı, xanım-xatın Jakonda sizləri Muzeyin Denon qanadının 1-ci mərtəbəsində xüsusi bir təbəssümlə gözləyir. Mona Lizadan əvvəl kolleksiyaya nələr daxildir ondan danışaq.
Luvrun Rəsm kolleksiyası bir neçə hissədən ibarətdir ki, bu hissələr də coğrafi mənşəyə görə bölünüb.
Fransa rəsmləri
Avropa incəsənətinin beşiyidir Fransa (İtaliya ilə birlikdə :p). Delacroixnın nəhəng tablolarına baxıb personajlar arasında itmək istəyirsinizsə, və ya İngresin bizə arxasını çevirib çim-çim edən xanımlarına salam demək istəyirsinizsə, ya da Corot-nun peyzajlarına baxıb feyziyab olacam deyirsinizsə, mütləq bu kolleksiyanı görməlisiniz.
Burda yenə bir mötərizə açıram. Luvrun Saray dönəmində Akademiyada hər il Salon təşkil edilirdi. Salonda həmin ilin seçilmiş tabloları nümayiş olunurdu. Salonda əsərinin nümayiş olunması rəssam üçün çox böyük prestij sayılırdı. Prestij dərəcəsinə görə tabloların kateqoriyaları var idi (ən prestijlilər daha çox təxəyyül tələb edən işlər, ən az prestijli isə nəyinsə tam kopyası):
  1. tarixi rəsmlər
  2. portret
  3. insan rəsmləri (gündəlik həyatdan fraqmentlər və s.)
  4. peyzaj
  5. natürmort
Kolleksiyadakı əksər işlər Salona qəbul olunmuş tablolardır. Hər tablonun qarşısında 30 saniyə keçirsəniz, hər halda 1 həftəyə sırf Rəsm kolleksiyasını bitirə bilərsiniz. Amma mütləq görülməli əsərlər sırasında Delacroixnın “La Liberté guidant le peuple” və İngresin “La Beigneuse Valpançon” xüsusi qeydedilməlidir. “Gabrielle d’Estrées et une de ses sœurs” tablosu da burdadır ;)
Şimali Avropa rəsmləri
Əvvəlcə pis xəbəri vermək istəyirəm: kolleksiyanın böyük bir hissəsi bağlıdır. Yaxşı xəbər: görüləcək vacib əsərlər sərgilənməyə davam edir.
Almaniya, Danimarka, Hollandiya rəssamlarının əsərlərini görəcəyiniz bu zalda bir çox üstadın izinə rastlayacaqsınız. Rembrandtın tünd palitrası, Rubensin qırmızısı, Antoine van Dyckein portretləri, Vermeerin Astronomu sizi alıb aparır başqa dünyalara. Kolleksiyadakı ən sevimli əsərlərim Rembrandtın avtoportretləridir.
Portretlərlə zəngin kolleksiya gəzməyin bir digər maraqlı məqamı isə hərdən bir tanışınızın oxşarını görməkdir: mən bir dostumun əkizini tapdım Şimali Avropa rəsmləri arasında.
İtaliya rəsmləri

Maître de Dreux Budé, Le baiser de Judas et l'arrestation du Christ
İtaliya = incəsənət. Denon qanadının 1-ci mərtəbəsində İtaliyanın bir az qədim dövrlərinə gedib çıxırsınız, əsasən kilsə və din temalı tablolar və müxtəlif rəsmlər görürsünüz. Sonra tarixdə addımlayaraq Botticelli, Caravaggio, Raphael, Tizianoya yaxınlaşırsınız. Məşhur xanımın zalının qarşısındakı uzuuuun zalda sağlı sollu tarixin ən dəyərli italyan rəsmlərini görürsünüz. Əlbəttə, Liza xanımın yaratdığı qara dəliyə düşməsəniz. Turistlərin böyük əksəriyyəti Leonardo da Vincinin Luvrda bir yox, bir neçə əsəri olduğundan belə xəbərsizdirlər.
Gələk Starımıza. Luvrdakı ən möhtəşəm əsər olduğunu deyə bilməyəcəm, amma ziyarətinizdən sonra “O qədər deyirlər ki, əslində bapbalaca bişeydi, özü də uzaq, heç görünmür” deməyiniz üçün mütləq görülməlidir. Cazibədar gülüşünü böyük bir ehtimalla sezə bilməyəcəksiniz, çünki Luvrdakı digər əsərlərdən fərqli olaraq Mona Liza ilə sizi təqribən 2 metr uzaqlaşdıran taxta hasar, xanımın sağ və solunda qorumalar, üzərində ikiqat şüşə var. Bütün bunlar azmış kimi telefon və kameraları ilə az qala gözünüzü deşən turistlər sizin o bir neçə dəqiqəlik həzzinizi burnunuzdan gətirirlər.
İspaniya rəsmləri
İki dəfə kolleksiyaya daxil olub ikisində də tam detallı gəzə bilməmişəm: ilk dəfə dəhşət yorğun olduğum üçün, ikinci dəfə isə Afrika incəsənəti kolleksiyasına tələsdiyim üçün. El Greco, Zurbaran, Ribera, Murillo, Goya kimi rəssamların əsərləri sərgilənir.
Böyük Britaniya və ABŞ rəsmləri
Not impressed. Gainsborough, Raeburn, Turner kimi rəssamların işləri var.
Məsləhət: əgər bütün rəsm kolleksiyasını görmək istəyirsinizsə (və ancaq rəsm kolleksiyasını görmək üçün getmisinizsə), Richelieu qanadında 2-ci mərtəbədən Şimali Avropa rəsmlərindən başlayın, sonra Sully qanadında Fransa rəsmlərini görüb aşağı düşün. 1-ci mərtəbədə İtaliya rəsmləri ilə başlayıb daha sonra İspaniya, Böyük Britaniya və ABŞ rəsmlərini görüb kolleksiyanı bitirin. Beləliklə həm daha az vaxt itirmiş olacaqsınız, həm də muzeyi iki dəfə fırlanıb yorulmayacaqsınız

Arts décoratifs – Dekorativ incəsənət

Richelieu, Sully və Denon qanadları, mərtəbə 1

Luvr muzeydir, amma onun Saray keçmişi var. Bu o deməkdir ki, Luvrda saymaqla bitirə bilməyəcəyiniz qədər Saray əşyaları var. İncəsənət əşyaları adı altında toplanan saysız hesabsız eksponatlar kolleksiyanı o qədər rəngarəng edir ki, ən az bir zalı mütləq görülməlidir. Deməli, kolleksiyaya nə daxildir: taxt, xalçalar, mebellər, zinət əşyaları, saysız taclar, saatlar, boşqablar, daha çox xalça, portretlər, şamdanlar, qılınclar, silahlar... Kolleksiyada bir İmperatorun özü çatmır!
Əgər Luvra getmisinizsə, mütləq görməli olduğunuz zallardan biri, sözsüz ki, Denon qanadında yerləşən Apollon Qalereyasıdır (Galerie d’Apollon). Bu zalda taclar, zinət əşyaları, ananızın evdə servanta düzdüyü qab-qaşığın brilyant, qızıl işləməli nümunələri, hər şey var. Eksponatlardan əlavə zalın özünün divarları, tavanı, qapıları, pəncərələri hər bir yeri ayrıca görülməyə dəyər. Elə Jaconde-a aparan yolun üstündədir, xanıma salam verməmiş, buranı ziyarət edin ;)
Luvru 2 iyul 2018-ə qədər ziyarət edirsinizsə, Dekorativ incəsənət kolleksiyasında sizi daha bir sürpriz gözləyir. Fransa Milli Kitabxanası ən dəyərli kitablarını bu kolleksiyada sərgiləyir. Dəyərli dedikdə kitabın içindəki məlumatlar yox, üz qabığındakı cəvahirat, qızıl, müxtəlif mini heykəllər nəzərdə tutulur. Bəlkə də həyatımda gördüyüm ən bahalı kitablar ola bilər.
Game of Thrones fanatısınızsa, qulaqcıqlarınızı taxırsınız, soundtrack albomunu çalırsınız (xüsusən Bastard və Spoils of War part 1 & 2) və özünüzü atırsınız 24-cü zala. Luvrun silah salonuna xoş gəldiniz! Qılınclar, qalxanlar, zirehlər və... DRACARYS!

Arts graphiques – Qrafik incəsənət

Sully qanadı, mərtəbə -1

Luvrun ən göz qabağında olub da bilinməyən kolleksiyası. İçəridə Delacroix, Poussin, Rubens kimi məşhur rəssamların ağ-qara təsvirləri, etüdləri, şəxsi blaknotları, qravürlər, estamplar var. Eksponatlar işığa və rütubətə həssas olduqlarından davamlı olaraq sərgilənmir, kolleksiyanın sərgisi periodik olaraq dəyişilir.

Arts d’Afrique, d’Asie, d’Océanie et des Amériques – Afrika, Asiya, Okeaniya və Amerika incəsənəti

Denon qanadı, mərtəbə 0

Bir muzeyə getməklə iki muzey görmək mümkündürmü? Bəli, Luvrda mümkündür! Muzeyin ən gizli, bəlkə də heç bir turistin xəbəri olmayan, ən uzaq bucağında yerləşən bu kolleksiyasında Quai Branly Muzeyinin seçmə eksponatları sərgilənir. Olduqca maraqlı əşyalar var. Pasxa Adalarından gətirilən moaiTrrou Körrou görülməyə dəyər eksponatlar arasındadır. Bir sözlə, vaxtınız boldursa, daha ekzotik bir şeylər görmək istəyirsinizsə, gəlirsiniz adı yarım metr olan bu kolleksiyaya. Kolleksiya dünyanın o biri başında yerləşir və birbaşa giriş ancaq qruplar üçün mümkündür; qrupsuz gedirsinizsə, gərək 2-ci mərtəbəyə çıxıb İtalyan, İspan, İngilis və Amerikan Rəsmləri kolleksiyalarını axıra qədər gedib pilləkənlə aşağı düşəsiniz. Uzaq və yorucudur, amma əsl ekzotikadır.

Le Pavillon de l’Horloge (découvrir le Louvre) – Saat pavilyonu (Luvru kəşf)

Sully qanadı, -1, 1 və 2

Tarix qoxulu Luvr! Luvr ilk dəfə tikilərkən sadəcə Sully qanadının kiçik bir hissəsi boyda bir qala olub. Sonradan hər Kral qalaya dəyişikliklər edib və yüz illər ərzində bu kiçik qala böyük Saraya çevrilib. Lakin Saray bu gün tam deyil :) Belə ki, 1871-ci ilə qədər Luvrun sağ və sol qanadları arasında Tuileries Sarayı yerləşirdi. 23 may 1871-ci ildə Jules Bergeret-in əmri ilə 12 nəfər Tuileries Sarayını atəşə verib, üç gün davam edən böyük yanğında bürünclər əriyib, mərmərlər toza çevrilib. 27 mayda isə artıq Tuileries Sarayının ancaq sütunları və bəzi hissələri qalıb. 1883-cü ildə Sarayın bu hissəsi dağıdılır. 2003-cü ildən bu yana isə Tuileries Sarayının yenidən tikilməsi təklif olunur: əvvəla, sarayın yenidən tikilməsi Luvrda yer azlığı ucbatından sərgilənə bilməyən eksponatların sərgilənməsinə səbəb olacaq; ikincisi, Tuileries Sarayından 1870-ci ildə daşınan əşyalar öz yerinə qaytarılıb sərgilənə biləcək; üçüncüsü isə Parisin məşhur Tarixi Oxu bərpa olacaq.
Luvr haqqında digər bir maraqlı fakt isə Luvrdakı bəzi əsərlərin hələ də itkin düşməsidir. İkinci Dünya Müharibəsində Alman işğalı zamanı əsərlərin oğurlanmasından qorxan Muzey rəhbərliyi Muzeydəki eksponatları güvənli saxlanma yerlərinə (müxtəlif şato və muzeylər, İsveçrə bankları, bəzi şəxsi mülklər) evakuasiya ediblər. 1940-cı ildə Paris Nazi Almaniyası tərəfindən işğal olunur və Nazilər Luvr Muzeyinə gəlirlər, burda isə onları boş divarlar gözləyir. Müharibədən sonra əsərlərin bir hissəsi Luvra qaytarılıb, bir hissəsi digər muzeylərə paylanılıb (mələn İmpressionizm kolleksiyası sonradan Orsay Muzeyinə göndərilib), bir hissəsi isə tapılmayıb, itkin düşüb.
Xülasə, möhtəşəm Luvr haqqında daha çox məlumat almaq üçün üz tutursunuz Pavillon de l’Horloge-a. Bu sayədə Sarayın necə Muzeyə çevrilməsi və bu kimi maraqlı məlumatları əldə etmiş olursunuz.

La Petite Galerie – Kiçik Qalereya

Richelieu qanadı, mərtəbə -1

Hər il Luvrda daimi kolleksiyadan əlavə müvəqqəti sərgilər təşkil olunur. 2018 iyula qədər “Le Théâtre du Pouvoir” sərgisinə baxa bilərsiniz. Sərgiyə daxil olan eksponatların bəziləri elə öz kolleksiyalarındadır (yəni öz “otaqlarında”), altda xüsusi tabloda həmin sərgiyə aid olduğu qeyd edilir.
Gəldik oxuması bir azca uzun olan qısa virtual Luvr ziyarətimizin sonuna. Kolleksiyalar haqqında məlumatlardan sonra bir neçə alternativ ziyarət üsulu təklif edirəm.
  • Əgər hər şeydən əvvəl tarixlə maraqlanırsınızsa → Əntiqlər, İslam incəsənəti, Dekorativ incəsənət (silah zalı)
  • Əgər rəsm sizin həyatınızdırsa → Rəsmlər, Qrafik incəsənət, İslam incəsənəti (miniatür)
  • Əgər kətan/kağız üzərində incəsənətlə qane olmayıb 3D ART axtarırsınızsa → Heykəllər
  • Əgər muzeyə yox, Saraya gəlmisinizsə → Dekorativ incəsənət (xüsusən Napoleonun otaqları)
  • Əgər ekzotika axtarırsınızsa → Afrika, Asiya, Okeaniya və Amerika incəsənəti
  • Əgər cer-cehiz yığmaq üçün ilhama ehtiyacınız varsa → Dekorativ incəsənət
Luvr hədsiz böyük muzeydir və gəzib qurtarmaq, gəzməkdən doymaq mümkün deyil. Müvəqqəti kolleksiyanın daim yenilənməsi, yeni eksponatların alınması, eksponat mübadiləsi nəticəsində həmişə Luvrda görüləcək yeni nə isə olur. Tipik bir turistin təqribən 2 saatını Luvra ayırdığını düşünsək, kolleksiyaları tam gəzməyə vaxt çatdırmaz. Ona görə də görülməsi ən vacib, görmədən qayıtmağın günah olduğu bir neçə eksponatı qeyd edirəm:
  • Bağ Səhnəsi (İslam incəsənəti)
  • Azərbaycan xalçası (İslam incəsənəti)
  • Hammurapi qanunları (Yaxın Şərq Əntiqləri)
  • I Daranın Sarayı (Yaxın Şərq Əntiqləri)
  • Venus de Milo (Yunan əntiqləri)
  • “Mona Lisa” Leonardo da Vinci (İtalyan Rəsmləri)
  • “La Liberté guidant le peuple” Eugène Delacroix (Fransa rəsmləri)
  • “La Beigneuse Valpançon” Ingres (Fransa rəsmləri)
  • “Gabrielle d’Estrées et une de ses sœurs” (Fransa rəsmləri)
  • Rembrandt (Şimali Avropa rəsmləri)
  • Galerie d’Apollon (Dekorativ incəsənət)
Luvrda hansı eksponatı görməyinizdən, hansı zalda və kolleksiyada olmağınızdan asılı olmayaraq yeni bir şeylər öyrənəcəksiniz. A musée vous ;)

DİGƏR BLOQLAR

Pulsuz səyyahlar üçün müftə bələdçi xidmətləri

Yəqin çoxlarınız səyahətə çıxarkən çalışırsınız ki, getdiyiniz şəhərin, kəndin, qəsəbənin tarixi ilə yaxından tanış olasınız, turistik və qeyri-turistik amma görülməli yerlərinə baş çəkəsiniz, abidələrin tarixi və ya əfsanələriylə yaxından tanış olasınız. Bunun isə bir neçə yolur var. Pulsuzundan tut, sadəcə ianəylə olanlara və ya kifayət qədər bahalılarına kimi. Amma hər zaman olduğu kimi bu yazıda da ancaq pulsuz və ya ucuz bələdçi xidmətləri haqqında məlumat verməyə çalışacam. Siz də cibinizə görə olanı seçərsiniz artıq.Başlayaq bizim kimi qara camaat üçün nəzərdə tutulan pulsuzlarından ???? :Pulsuz bələdçilərin başında adətən səyahət bloqları gəlir. Gedəcəyiniz şəhərdə haranı görməli, harada selfi çəkdirməli, nəyi harada yeməli və içməli suallarına məhz səyahət bloqlarında rast gələ bilərsiniz. Bu tip bloqlar adətən 2 yerə bölünür. Xarici səyahət bloqlarından məqalələri tərcümə edib paylaşanlar, və öz başına gələnlərdən yazanlar, lap elə bizim bu sayyeah blog kimi ???? Təbii ki, başqa bir şəhərə, ölkəyə, mədəniyyətə bir azərbaycanlının gözündən baxıb qiymətləndirmək daha maraqlıdır, nəyinki bir firəngin ???? Ona görə də çalışın başına gələnləri yazanların bloqlarını oxuyasınız, nə də olmasa başına gələn başmaqçı olar deyib atalarımız. Başqa dilləri bilirsinizsə internetdə ingilis, rus və türk dillərində yüzlərlə səyahət bloqu var. Googleda axtarış edib səyahətdən öncə nəzər yetirə bilərsiniz.Digər bir “pulsuz” üsul isə Tripadvisordur brouzeri açıb tripadvisor.com yazırsınız, saytın axtarış yerində isə gedəcəyiniz şəhərin adını və beləcə o şəhərdə olan bütün turistik və qeyri-turistik yerlərin siyahısı çıxır. İlk 2 səhifədə əsasən turistik məkanlar olur, sonrakı səhifələrdə isə turistlər tərəfindən az kəşf olunmış məkanların siyahısı çıxır. Amma 2-ci səhifədən sonrakı siyahılarda bəzən həqiqətən də çox maraqlı yerlərlə tanış olma imkanı olur, yaxşı olar ki, təkcə 1 və 2-ci səhifələrlə kifayətlənməyəsiz, sonrakı səhifələrə də bir baş çəkəsiniz. Bundan başqa hər bir məkan və ya turist attraksionu haqqında daha öncədən oranı səyahət etmiş adamların şərhlərini oxuya bilərsiniz. Bu da sizə səyahətinizdə daha çox zaman qazandırar, səyahətinizdən öncə hansısa yerə gedib-getməmə haqqında qərar vermiş olarsınız.İndi deyə bilərsiniz ki, lap biz bu gəzməli yerlərin siyahısını sayyeah blogdan ya tripadvisordan oxuduq o yerləri necə gedib tapacağıq?! Çox rahat bir üsulu var, turist xəritəsi. Bəs bu turist xəritəsini haradan tapmalı?! Xəritəni əsasən şəhərin əsas dəmir yolu və avtobus vağzallarındakı turizm informasiya mərkəzlərindən əldə edə bilərsiniz, əgər vağzallardan almağı unutmusunuzda bütün şəhərlərdə şəhər mərkəzində də turizm informasiya mərkəzləri olur, mərkəzin işçilərinə yaxınlaşaraq xəritə istəyə və xəritədə əsas yerləri sizin üçün işarələməyini xahiş edə bilərsiz. 90% gəzdiyim şəhərlərdə xəritələr pulsuz olub. Sonuncu dəfə məsələn Brusseldə turizm info mərkəzindən xəritə alarkən 1 avro ödəməli oldum, krısadılar ki, krısa ???? . Əgər şəhər mərkəzinə gəlib info mərkəzi tapa bilməsəniz, bir çox suvenir mağazalarında da xəritələr olur. Suvenir mağazalarındakı xəritələrin mənfi cəhəti odur ki, ödənişli olur adətən 3-5 avro ətrafında və əsas yerləri heç kim sizə xəritədə işarələmir. Bundan başqa qalacağınız otel və ya hostelin qeydiyyat yerlərindən – resepşnlardan da xəritə istəyə bilərsiniz.Əgər deyirsinizsə ki, ok mən səyahət bloqlarını da oxuyacam, tripadvisora da baxacam amma istəyirəm ki məni bələdçi gəzdirsin özü də pulsuz, bax bu da mümkündür ???? Bunun yolu Couchsurfingdən istifadə etməkdir. Couchsurfingin axtarış yerində gedəcəyiniz şəhəri seçib axtarışa verirsiniz, yeni çıxan səhifədə isə filterlərdən “Wants to meet up” seçirsiniz. Bu seçimdə getdiyiniz şəhərdə gələn turistlərlə görüşüb sadəcə söhbət etmək, bir şeylər içmək və ya şəhəri gəzdirmək istəyənlərin siyahısı çıxacaqdır. Sonradan profillərə daxil olaraq, kimin yalnız içmək, kimin sadəcə söhbətləşib dünya görüşünü artırmaq, kimin isə sizə gələn turistlərə bələdçilik etmək istədiyini görə bilərsiniz. Və beləcə seçdiyini “şəhər sakininə” mesaj yazıb ondan sizi şəhərin turistik yerlərini gəzdirməsini xahiş edə bilərsiniz. Əvəzində isə “bələdçinizə” getdiyiniz ölkədən kiçik bir suvenir, xatirə hədiyyəsi apara və ya gəzintidən sonra sərin bir içkiyə qonaq edə bilərsiniz. İnanın ki, Couchsurfing “bələdçiniz” bundan çox məmnun qalacaqdır.Sonuncu bildiyim üsul isə Avropa ölkələrində geniş yayılmış “free walking tours” adlanan turlardır. “Free walking tours” sözünün mənası pulsuz gəzinti turlarıdır. Free walking turları necə baş tutur?! Gün ərzində şəhər mərkəzində öncədən təyin olunmuş zamanda və yerdə bələdçilər və turistlər yığışırlar, sonradan bələdçilər səsgüclədiricilərlə məlumat verə-verə şəhərin turistik yerlərini gəzdirib, turistləri məkanların tarixi və ya hekayələri ilə tanış edirlər. Adının “free walking tours” yəni pulsuz gəzinti turlar olmasının səbəbi odur ki, bu turlara qatılmaq üçün pul ödəmək lazım deyil və ya yumşaq desək məcburi deyil, turlar ianə ilə işləyir. Əgər turun sonunda bələdçinin işi, peşəkarlığı və verdiyi məlumatlar xoşunuza gələrsə bələdçiyə bəxşiş berə vilərsiniz, məsləhətdir ki, məhz bəxşiş verəsiniz də, görəcəksiniz sonra demək olar hamı gücü çatdığı qədər bəxşiş verir. Bu bəxşiş adətən 5-10 avro ətrafında olur. Free walking turları ilə bağlı ən tanınan veb sayt Sandemanın neweuropetours.euveb saytıdır. Buradan getdiyiniz şəhərdə free walking turlarının olub olmamasını yoxlaya bilərsiniz. Əgər yoxdursa ayrıca googleda şəhərin adı və free walking tours yazaraq axtarış edə bilərsiniz. Məsələn Sandeman Brüggedə free walking turları təklif etmədiyinə görə mən də Legends of Brugesin xidmətlərindən istifadə etmişdimVə son olaraq unutmayın ki, pulsuz pendir heç də hər zaman tələdə olmur, həyatda zövq ala biləcəyimiz pulsuz imkanların sayı həddindən artıq çoxdur.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

1369 dəfə oxunub

Səyahətin kabusu - itmiş baqaj

Əziz səyyahlar. Səyahət sezonunun başlanması ilə əlaqədar olaraq belə bir yazının çoxlarına faydalı olacağını sanıram. Hər kəs səyahətini planlaşdırarkən onun ideal keçməsini və səyahətin ancaq pozitiv tərəflərini düşünür. Aylar öncədən planlaşdırdığımız səyahətin ən gözəl xatirlərlə yadda qalması hər kəsin arzusudur. Bütün səyahəti ən gözəl şəkildə yaşayırsan və sonda içərisi yaxınlarına aldığın hədiyyələrlə və xoş xatirələrinlə dolu baqajın itir! Bax bu zaman əsl kabus başlanır və...Bütün bunların yaşanmaması və qabaqlayıcı tədbirlərlə zərəri minimuma endirmək öz əlimizdədir. Çalışmışam ki, bildiyim bütün təcrübəmi ətraflı şəkildə izah edim ki, xatirələrimiz ziyan olmasın. Göstərilən problemlər, bir çox sərnişinlər tərəfindən vaxtaşırı rastlanan problemlərdir və tez-tez təcrübədə yaşandığı üçün tədbirli olmaqda fayda var. Hər kəsə öncədən bol-bol səyahətlər arzulayıram. Gənclərimizin daha çox yerlər gəzərək, gördükləri müsbət təcrübələri ölkəmizdə tətbiq etmələrini ümid edərək əsas məsələyə qayıdaq.1) Səyahətə başlamamışdan öncə ilk iş uçuş marşrutunu planlaşdırarkən, əgər bir və yaxud bir neçə transfer məntəqədən istifadə edəcəksinizsə əsas diqqət etməli məqamlardan biri “Connection time” yəni, transfer məntəqəyə enmə vaxtı ilə qalxma vaxtının 2 saatdan çox olmasına diqqət etmək lazımdır. Təcrübə göstərir ki, böyük aeroportlarda 2saatdan az vaxtda baqajların bir təyyarədən boşaldılması və bir sıra işləmdən keçərək digər borta yüklənməsi qeyri-mümkün ola bilər. Bu hadisə ən çox fərqli terminallardan uçuş yerinə yetirilən zaman daha da çox rastlana bilər. Məhz bu səbəbdən də bilet alarkən baqajınızın sizinlə birgə təyinat məntəqəsinə çatmasını istəyirsinizsə, bu hallara diqqət etmək lazımdır. Əgər uçduğunuz aviaşirkət o istiqamətdə hərgün uçuş yerinə yetirmirsə bu halı xüsusilə diqqətdə saxlamaq lazımdır, çünki baqajınız gəlməzsə onu həmin aviakompaniyanın növbəti uçuşu ilə göndərəcəklərini bilməlisiniz. Adətən aviakompaniyalar riski minimuma endirmək üçün öz baqajlarını başqa kompaniyalarla deyil öz reysləri ilə göndərməkdə maraqlı olurlar. Bileti alarkən uçduğunuz şirkətin növbəti reysinin nəvaxt olacağını dəqiqləşdirməkdə fayda var. Məsələn, Wizzair aviakompaniyasıyla London-Budapest-Bakı istiqamətində uçuş yerinə yetirisinizsə baqajınızın gəlməməsi halında nəzərə almaq lazımdır ki, sizin baqajınız əksər hallarda bu kompaniyanın 3gün sonrakı növbəti reysilə göndərilə bilər.2) Baqajınızın təyinat məntəqəsinə sizinlə birgə çatmaması (itmə) hallarında, gəliş zalını tərk etmədən Lost&Found ofisinə gedərək bildirməlisiniz. Zalı tərk etdikdən sonra olunan müraciətlər aviakompaniyalar tərəfindən qəbul edilməyə bilər. Bütün iddialar zalı tərk etmədən bildirilməli və sənədləşdirilməlidir. Sizə PİR adlanan sənəd tərtib olunacaq, çalışın baqajınızın xarici görünüşü (brendi, rəngi, üzərindəki nişanələri) və içərisindəki əşyalarınız haqqında ətraflı (brendi,rəngi, əlamətləri) məlumat verəsiniz. Yaxşı olar ki, səyahətdən öncə baqajınızı yığarkən belə detallara fikir verəsiniz və ehtiyyat üçün şəklini çəkəsiniz. Bu sizə uçuş sonrası yorğunluq və stres halında yaddan çıxan detalları xatırlamağa köməklik edəcəkdir. Baqajın xarici görüntüsünün şəklini çəkmək də sizin sənədinizi rəsmiləşdirən şəxsə yardımçı olacaqdır.3) Qeydiyyata verdiyiniz baqajın üzərinə vurulan birkanın bir sıra səbəblərdən (qulpun qopması, birkanın düzgün vurulmaması) düşməsi və baqajınızın tanınmaması hallarının qarşısını öncədən gördüyünüz tədbirlərlə alarsanız, baqajın itmə şansını minimuma endirmiş olarsınız ki, bunun da bir sıra effektiv yolları vardır. Baqaj aldıqda üzərində, (adətən arxa hissəsində) kontakt yazılan yarlık olan baqajlara üstünlük verməyiniz və həmin hissəyə ad, soyad, telefon nomrəsi (beynəlxalq kodla) və email adresinizi oxunaqlı səkildə yazmağınız bu işlə məşğul olan işçilərin sizi tezliklə tapmasına və baqajınızı əldə etməyinizə yardımçı olacaq.Əgər baqajınızda belə bir hissə yoxdursa, narahat olmağına dəyməz, bunu özünüz də bir çox aviakompaniyanın (məs THY) yarlıkını əldə etməklə aradan qaldıra bilərsiniz ( bunu həmçinin özünüzlə salona apardığınız əl baqajına da tətbiq edə bilərsiniz). Sadəcə bir şeyə diqqət edin ki, qeydiyyatçı agent normal birkanı siz yarlıkı vurduğunuz qulpa yox digərinə vursun ki, bir qulp zədələndikdə digərinin baqajda qalma şansı olsun. Daha çox ehtiyatlı sərnişinlər bütün hallardan sığortalanmaq üçün əlavə böyük bir A4 vərəqinə iri hərflərlə uzaqdan diqqəti cəlb edəcək şəkildə ad, soyad, reysinin nömrəsini və gedəcəyi marşrutu, kontaktlarını yazırlar və baqajın üzərinə qopmayacaq şəkildə skoçla bərkidirlər (eytiyat üçün bir kopyasını da baqajın ön cibinə qoymaq olar). Nəzərə almaq lazımdır ki, istifadə etdiyiniz transfer məntəqələrin baqaj saxlama otaqları təsəvvür etməyəcəyimiz şəkildə böyük ola bilər və sizin də birkasız baqajınız onların arasında sıradan bir baqaj kimi it-bat ola bilər. Onu bu işlə məşğul olan işçinin nəzərini cəlb edəcək şəklə gətirmək sizin fantaziyanızdan asılıdır. Ümumiyyətlə yeni baqaj aldıqda xarici görünüşü uzaqdan diqqət cəlb edə biləcək nişanələr olan baqajları seçmək faydalıdır. Məsələn üzərində fərqli şəkillər, adlar, şəhər simvolları olan baqajlar bu iş üçün əvəzolunmazdır.4) Baqajınızı plastiklə bağlatmağınız sizi bir sıra yaşana biləcək problemdən sığortalaya bilər. Bu prosedur çox aeroportda, xüsusən də avropada tətbiq olunmadığı üçün bunu əvvəlcədən alınmış selofanla özünüz evdə edə bilərsiniz. Bu xüsusən yağışlı havalarda baqajınızın islanmasının, təyyarənin yük bölməsindəki başqa baqajın partlayaraq, içərisindəki mayenin digər baqajları çirkləndirməsinin, baqajınız normadan artıq yüklənmişsə onun partlamasının və baqajınızın içərisinə müdaxilənin qarşısını almış olar. Ancaq bu halda baqajınızı yığarkən bir şeyə diqqətli olmanız, baqajınıza aviakompaniyanın qadağan etdiyi və ya tövsiyyə etmədiyi əşyaları qoymamağınız vacibdir. Çünki sonradan baqajınız yoxlamadan keçərkən açıla bilər və bu halda ödədiyiniz məbləği boşuna vermiş olacaqsınız. Baqajın içərisinə sizin üçün çox önəmli olan əşyaları (xüsusən də pulla alınmayacaq mənəvi dəyəri olan) və sənədləri qoymamağa çalışın ki, itgi hallarında buna görə daha çox peşmançılıq yaşamayasınız. Əgər sizin bir baqaj haqqınız varsa ancaq iki kiçik baqaj aparmaq məcburiyyətindəsinizsə, o zaman icazə verilən çəkini və ölçüləri keçməmək şərti ilə iki baqajı biryerdə plastik paketlə bağlatmaq effektiv üsulladan sayılır.5) Qeydiyyatçı baqajınıza birkanı vurmamışdan öncə onu nəzərdən keçirməyiniz, üzərindəki detalları (soyad, reys, marşrut) yoxlamağınız sizi, çox rastlanan baqajınıza səhv birkanın vurulması hallarından sığortalamış olacaqdır. Bəzi hallarda qrup şəklində qeydiyyata gələrkən bu hallar yaşana bilər. Başqasının birkasının sizin baqajınıza vurulması, sizin baqajın tamamən fərqli istiqamətdə hərəkətinə səbəb olacaqdır(bundan əlavə bəzi səbəblərdən uçuşa buraxılmadığı hallarda başqasının birkası sizin baqaja vurulmuşsa, bu zaman o uçuşdan kənarlaşdırıldıqda avtomatik olaraq onun adına olan sizin baqajınız da kənarlaşdırılacaqdır). Bundan əlavə qeydiyyatçıdan birkanın sizdə qalan hissəsini aldığınıza əmin olun, çünki bu sənəd baqajınızın itməsi halında sizdən tələb olunacaqdır. Həmin “əl birkasının” səklini çəkməyiniz onun itirilməsi halında sizin işinizi asanlaşdıracaqdır. Baqajın elektron tərəzidəki dəqiq çəkisi (qramla), itmə hallarında baqajı tapmaq üçün həlledici detallardandır və sizdən soruşula bilər, çünki birkanın üzərində yuvarlaq kg-la rəqəm yazılır. Əlavə olaraq, birkanın üzərində yalnız barkod və birka nömrənizdən ibarət kiçik “minitag-lar” olur ki, bunları da baqajınızın ən az 2 fərqli tərəfinə vurulmasına diqqət edin. Bu barkodlar lazer şüası tərəfindən oxunaraq, baqajın lentdə düzgün istiqamətə getməsini təmin edir və əsasən də birkanın düşməsi halında baqajınızın tapılması üçün çox önəmli rol oynayır.6) Səyahət zamanı pasportunuzun, bank kartlarınızın itirilməsi sizə böyük problemlər yarada biləcəyi üçün bu halları da, əvvəlcədən gördüyünüz tədbirlərlə aradan qaldıra bilərsiniz. Bunun üçün sənədlərinizin görünən hissəsinə, üzərinə nömrəniz qeyd olumuş kağız parçasını yapışdırmağınız kifayətdir. Ancaq bir şeyə diqqət etmək lazımdır ki bu, bank kartının maqnit lentinin üzərinə düşməsin. Bir çox aviakompaniya salonda itən əşyalara məsuliyyət daşımadığı üçün təyyarədən düşərkən sənədlərinizi və əşyalarınızı yenidən kontrol etməyiniz sizə faydalı olacaqdır. Nəzərə almaq lazımdır ki, sizin təyyarəniz terminaldan uzaq dayanacağa enə bilər və əşyalarınızın sizə geri gətirilməsi (əgər tapilarsa) sizi pasport kontrolunda və digər proseslərdə ləngidə bilər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elcin Meherremli 

1635 dəfə oxunub

Mil kartları. Hansı yaxşıdır?

Son zamanlar Azərbaycan bankları arasında sanki mil kartlarının rəqabəti yaşanır. Demək olar ki, bütün kartlar ingiliscə “miles” olaraq adlandırılır. İndiyə kimi Premium Bankın (eks SW Bank) AZAL ilə müştərək “AZAL Miles” kartı var idisə, indi PAŞA Bankın Türk Hava Yolları ilə birlikdə “Miles&Smiles” kartı, Unibankın “Unimiles”, Kapital Bankın “Birkart Miles” və Beynəlxalq Bankın “IBAMiles” kartı da bu sektorda bazara təqdim olunub. Hər bir kartın isə öz fərqli xüsusiyyəti var. Gəlin, lap əvvəldən başlayım.PAŞA BANK MILES&SMILESPAŞA Bank-ın Türk Hava Yolları ilə birgə təqdim etdiyi mil kartı Miles&Smiles-dır. Miles&miles Türk Hava Yollarının loyallıq proqramıdır və kifayət qədər inkişaf edib. Kart premium seqment üçün nəzərdə tutulub. Burda da AZAL Miles-da olduğu kimi millər kartdan edilən ödənişlər əsasında hesablanır və THY Miles&Smiles hesabına əlavə olunur. Qiymət cədvəli aşağıdadır.Yuxarıda göstərilən qiymət birdəfəlik ödənişlə təqdim olunan qiymətdir. Təzəlikcə isə PAŞA Bank Platinum kartı üç illik, ildə 40 AZN, Black kartı isə üç illik, ildə 90 AZN ödəməklə səyahət həvəskarlarına təqdim etdi. Daha bir yenilik də ondan ibarətdir ki, indi həm ölkədaxili, həm ölkəxarici, həm də onlayn ödənişlərdə vahid tarif tətbiq olunur. Elite kartda 1 AZN = 1 mil, Black-da 2 AZN = 1 mil, Platinum-da isə 3 AZN=1 mil. Bu yenilik həm hesablamanı sadələşdirir, həm də ödəniş yerindən asılı olmayaraq daha çox mil qazandırır.Kartın növündən asılı olaraq biznes zallara pulsuz və güzəştli giriş, pulsuz səyahət sığortası, avans millər və s. üstünlüklər verilir.Kartdan asılı olaraq aylıq 500-2000 AZN məbləğini dünya üzrə bütün ATM-lərdə nağdlaşdırmaq pulsuzdur. Bu limiti keçdikdə ölkə üzrə bütün ATM-lərdə nağdlaşdırma 1%-dir. Bu digər kartlarla müqayisədə ciddi üstünlükdür.Həm Türk Hava Yolları ilə etdiyiniz uçuşlarda, həm də THY-nin də daxil olduğu Star Alliance birliyində (Lufthansa, Austrian, United və s.) olan bütün aviaşirkətlərlə uçuş zamanı M&S hesabına millər gəlir.Millərin hesaba yüklənməsi avtomatik icra olunur və Miles&Smiles hesabından bilet almaq thy.com saytında tamamilə elektron formada təqdim olunur.Miles&Smiles loyallıq proqramından artıq 7 ildir istifadə edirəm. Artıq bir neçə dəfə milləri xərcləyərək aviabilet almışam. Misal üçün, 2018-ci ildə 5600 mil və 77 avro xərcləməklə Tiranadan İstanbula biznes klasda uçmuşam. 2016-cı ildə isə 7500 mil və 123 TL ödəyərək iki nəfərlik Trabzon-Antaliya bileti almışam. Əlavə olaraq, qazanılmış millərə aviabilet deyil, https://shopandmiles.com/ saytından geyimdən tutmuş, elektronika məhsullarına kimi ala bilərsiniz. Miles&Smiles haqqında yazının sonundakı linkdən oxuya bilərsiniz.Qeyd etməliyəm ki, yuxarıda sadaladığım xüsusiyyətlərlə PAŞA Bankın mil kartları favoritlərim arasındadırlar.Ətraflı məlumat: www.miles.pashabank.az/az/mehsullarPREMIUM BANK AZAL MILESPremium Bank-ın (eks SW Bank) Classic/Standart, Gold, Platinium və Black Edition Miles kartları var. Aşağıdakı cədvəldə kartlar haqqında məlumat var.Premium Bank-ın proqramı AZAL Miles loyallıq proqramına bağlı olduğu üçün, qazanılmış millər AZAL Miles hesabınıza yüklənir. Yüklənmə intervalı hər 100 milə görədir. Yəni kartla 100 millik əməliyyat edəndən sonra millər hesaba yüklənir. Siz millərlə bilet almaq üçün Premium Bank-a yox, AZAL-a müraciət edəcəksiniz. Amma millərlə bileti tam yox, aviaşirkətin qoyduğu qiyməti əvəzləyə bilirsiniz, aeroport yığımı və vergi rüsumları ödəməlisiniz. Misal üçün, Bakı-Ankara-Bakı biletinin cəmi qiyməti 484 manatdırsa, onun 310 manatı AZAL-ın biletə qoyduğu qiymət, 174 AZN isə aeroport yığımı və vergi rüsumudur. Siz 1500 mil + 174 AZN ödəyərək Bakı-Ankara-Bakı biletini ala bilərdiniz. 1500 mili qazanmaq üçün Visa/Mastercard Gold kartınızla ən yaxşı halda (hamısı xarici ölkə əməliyyatları olsa) 10500 AZN-lik əməliyyat etməlisiniz. AZAL-da ən çox mil tələb olunan uçuş isə Bakı-Nyu York-Bakı reysidir. Bu reys üçün 7100 mil + 250 AZN (aeroport yığımı və vergi rüsumu) tələb olunur. Qazanılmış millər hesabda 3 il qalır.Premium Bank-ın mənə görə zəif tərəfi filialların və cash in aparatlarının az olmasıdır.AZAL Miles kartlarının əlavə üstünlükləri:Platinium Kart istifadəçiləri şengen zonasına pulsuz sığorta və Bakı aeroportunda “Salam Lounge” zalından bir dəfəlik pulsuz istifadə qazanır.Master Card Black Edition kartı istifadəçiləri isə, pulsuz “Priority Pass”, səyahət sığortası və Master Cardin xüsusi dəstək xidmətlərini əldə edir.AZAL ilə hər uçuş da mil qazandırır.Premium Bank ATM-lərində nağdlaşdırma: 0.7% Min. 1 USD, AZN, EUR, GBP“AZAL Miles” haqqında bu linkdən ətraflı öyrənə bilərsiniz: https://www.premiumbank.az/az/for-life/miles-kartlar/miles-kartlar-types/UNIBANK UNIMILESUnibankin unimiles kartinin 3 illik istifadə qiyməti 100 manatdir və kart alan kimi 1000 “salamlama” bonusu verilir. Azal miles kartindan fərqli olaraq burda prinsip bir az fərqlidir. Unibankin partnyor mağaza, dükan, kafe/restoran və s. Iaşə obyektlərində unimiles karti ilə ödəniş edəndə daha çox bonus qazanirsiniz, misal üçün partnyordan asili olaraq 100 manatliq ödənişə 1650 milə (bonusa) kimi qazana bilərsiniz, ortalama isə 250-500 mildir, amma qeyri partnyor ödənişlərində hər 100 azn ödəniş üçün 10-50 mil verilir. Beləliklə, 500 manatliq aviabileti almaq üçün hesabinizda 25000 mil olmalidir. Amma bu 25000 mili qazanmaq üçün nə qədər pul xərclənilməsi lazim olduğunu dəqiq hesablamaq mümkün deyil. Aviabileti kartinizdaki olan pulunuzla alirsiniz, sonra bank sizin pulu karta qaytarib mil hesabinizdan çixir. Əlavə üstünlük kimi kartin pul qaliğina illik 3%-dək əlavə olunur, aeroporta pulsuz taksi, səyahət siğortasi, pulsuz hesabdan çixariş və bankdan məktub xidmətləri təqdim olunur. Nağdlaşdirma, pul köçürmələri, komunal, mobil ödənişlər, stasionar telefonlar, internet/tv xidmət ödənişləri, birja – forex əməliyyatlari, kredit üçün kartdan ödəniş olanda millər hesablanmir. Unibank atm-lərində nağdlaşdirma faizsizdir. Unimiles haqqida ətrafli: https://www.unibank.az/az/cards/view/41KAPITAL BANK BIRKART MILESKartın üç illik qiyməti 80 manatdır, MasterCard verilir. Bu kartda mil qazanma prosesi təxmini AZAL Miles kimidir. Yəni ödənişlərə müvafiq millər verilir. Millər aşağıdakı qaydada hesablanır.Kartın əlavə üstünlüyü hər üç valyutada hesab təqdim olunması, hesab qalığına millərin hesablanmasıdır (illik 2%). “Birkart Miles” kartı ilə 500 manatlıq aviabilet almaq üçün hesabınızda 32500 mil olmalıdır. O milləri qazanmaq üçün ən yaxşı halda (hamısı xarici ölkə əməliyyatları olsa) 21666 AZN pul xərcləməlisiniz. Əvvəlcə aviabileti kartınızdakı vəsait hesabına alırsınız, sonra isə həmin məbləği müvafiq olaraq millərlə əvəz edirsiniz.Kapital Bank debit kartdan başqa “Birkart Miles” kredit kartını da təqdim edib. Burda illik xidmət haqqı 35 manatdır, üç illik verilir. Karta 10000 AZN-ə kimi limit, 40 günə kimi güzəşt müddəti verilir.Əlavə olaraq onu da qeyd edim ki, Birkart millərini Türk Hava Yollarının Miles&Smiles millərinə də çevirmək mümkündür. Belə olan halda 2 Birkart mili = 1 THY mili kimi hesablanır.Kapital Bankın ATM-lərində nağdlaşdırma: 1,5% (min 2,00 AZN/USD/EUR)Debet kart haqqında ətraflı: https://kapitalbank.az/cards/birkart-miles-debetKredit kartı: https://kapitalbank.az/cards/birkart-milesBEYNƏLXALQ BANK IBAMILESƏn yeni təqdim olunan mil karti isə beynəlxalq bank-in “ibamiles” kartidir. Təqdimati pandemiya dövrünə düşdüyü üçün çox səsküy salmadi, hətta yeni məhsulun “landing page”i də sanki “ürəksiz” hazirlanib. Kartin iki növü var: “iba miles” və “iba miles premium”. Digər kartlardan fərqli olaraq burda millər ilə həm aviabilet, həm də otel rezervasiyasi almaq olar. Ölkədaxili və ya ölkəxarici fərq etmir. Millərin xərclənmə qaydasi: 65 mil = 1 azn. Qiymət cədvəli aşağidadir:Beynəlxalq bankin atm-lərində 15000 azn-dək nağdlaşdirma pulsuzdur.Kartlar haqqinda ətrafli məlumat: https://www.ibar.az/az/individual/plastic-cards/miles-kartlar/iba-miles-mc-world/https://www.ibar.az/az/individual/plastic-cards/miles-kartlar/iba-miles-mc-black-edition/Uzun zamandir səyahət etməyimə baxmayaraq heç vaxt mil kartlarindan istifadə etməmişdim. Aprel ayinda turizm sərgisində azal-in stendində latoreya qalibi oldum və sw bankin gold kartini aldim. Abş və kanada səfərim öncəsi bu mənə yaxşi hədiyyə oldu, daha sonraki xarici səfərlərdəki ödənişlər və azal ilə üç uçuş hesabima yaxşi mil verdi, gələn yay 164 azn ödəyib pekinə gediş-gəliş bileti alacam. Ümumiyyətlə düşünürəm ki, mil karti mütləq hansisa aviaşirkətlə əlaqəli, aviaşirkətin sadiqlik (loyalty) proqraminin bir hissəsi olmalidir. Əks halda bu sadə bonus kartindan başqa bir şey deyil. Əlavə olaraq mil karti debet yox, kredit karti olmalidir ki, daha çox istifadə olunsun. Əks halda məhsulun uğur tapmasi çətindir.Ps. Türk hava yollarinin miles&smiles proqrami haqqinda burdan oxuyun.pss. Yazını bəyəndinizsə paylaşın ^)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Azər İsmayılov

10938 dəfə oxunub

Avropada alış-veriş - Gəzəyən məsləhəti

Əhvalımın saz vaxtında gəlin sizə bütün qadınların cənnəti, kişilərin qorxulu yuxusu olan şoppinq-dən danışım. Avropada şoppinqi siz məndən soruşun. Di başladıq. 6 ilə yaxın vaxtdır ki bizim hamımızın çox sevdiyi Zara mağazalar şəbəkəsinin vətəni olan İspaniyada yaşayıram. Zara, Massimo Dutty, Stradivarius və sair mağazaların daxil olduğu İnditex firması dünyanın ən varlı şirkətlərindən biridir və pandemiya dövründə ən yaxşı qazananlardan biri olub. Haşiyə olaraq deyim ki, məhz bu şirkətin sahibi İspaniyada döş xərçəngi müalicəsini pulsuz edən insandır. Zamanında çox kasıb anası bu xəstəlikdən öldüyü üçün bu şəxs İspaniyada döş xərçənginə yaxalanmış qadınların müayinə və müalicəsinə hər il milyonlarla avro pul ayırır. Deməli, Zara dediyimizin bir üst seqmenti Massimo Dutty, bir alt seqmenti isə Letfies adlı şəbəkədir. Digərləri isə törəmə şirkətlər olub ayrıca fəaliyyət göstərirlər. Bu barədə İnternetdə oxuya bilərsiz. İspaniyadakı Zara , MD və Letfies (zatən Letfies ancaq yerli bazar üçündür, digər Avropa ölkələrində görməmişəm) kolleksiyası Avropanın digər ölkələrindəki ilə eyni deyil. İspanlar bir az daha rəngarəng, açıq-saçıq və qaraçıvari geyimləri sevir deyə, onların zövqləri məsəlön daha qapalı geyinən Türkiyə və ya daha isti geyinən Almaniya ilə eyni deyil. Azərbaycanlılr üçün ispan Zarası elə də cəlbedici olmayacaq (bəzi baza geyimləri çıxmaq şərti ilə). İspan Zara-sı ildə 4 dəfə endirimlərə gedir ki, bunların ən ləzzətlisi qış (7 yanvar-1 mart) və yay (1 iyul-31 avqust) endirimləridir. Beyni yanır adamın. Ümumiyyətlə, dediyim iki dövrdə İspaniyada bütün (!) mağazalarda 50 faizdən başlayan endirimlər olur. Burada satış siyasəti bu sezonun məhsulunu gələn sezona saxlamamaqdır. Satılmayan mallar isə stoklara gedir, online satışa buraxılır, daha bahalı olanlar outletlərə, daha ucuzlar isə üçüncü dünya ölkələrinə, habelə bizə gəlir. İspaniyada şopping etmək ayrıca zövqdür, çünki digər Avropa ölkələrindən fərqli olaraq, burada satıcı sizi girinc etmir. Öz əlin, öz başın, istədiyin kimi gəz. Bu arada, Zara endirimləri digər mağazalardakı endirim dövrləri ilə eyni deyil. Mağazaların bir küncündə həmişə qiyməti ucuzlaşdırılmış mallar var. İnsanlar daha çox app vasitəsilə online alır, sonra həmin malları ən yaxın mağazaya sifariş edir, istəsə orda, istəsə evdə geyinib baxır, bəyənməsən rahatca gedib qaytarırsan. İspaniyada outletlər və Primark. Primark deyəndə yadıma Londonakı hadisə düşür. Avropaya ikinci səfərimdə Primarkla tanış oldum və yaşıl turist olaraq aşiq oldum. İlk gedişimdə alış-veriş dənizində boğulurdum ki, birdən qulağıma doğma səs gəldi: Tomaa, davay hər uşağa bir aqqaş alaq, yoxsa qohumlara hədiyyə çatdırmaq olar? Bura zor ucuzdur!Sizi kədərləndirim: Primark artıq elə də ucuz deyil. Bu yaxında getmişdim, mən oradan uşaqlara alt paltarı alıram. Üst geyimi indiyədək 2-3 dənə almışam və geyinmirəm deyə kiməsə vermişəm. Birincisi, çox pis qoxuyur. İstəsəz lap 5 qat tər zadından çəkin, xeyri yoxdur. Material çox ucuz və keyfiyyətsizdir. İkincisi, qiymətlər bahalaşıb, artıq o keyfiyyət üçün mənə baha gəlir, Letfies və ya C&A daha yaxşı variantlar təklif edir. Üçüncüsü, çeşid maraqsızdır. Outletlər isə konkret Madriddən danışsaq, şəhərin kənarındadır. 3 cür outlet var: brand malların (Versache, Burberry flan), orta segment: (Trucco, Massimo Dutty, Cortefiel), aşağı seqment: hər şey. Mən daha çox ortaya gedərdim, çünki mənə daha uyğun idi. Bahalı brandlər olana isə qış və yay endirimində gedirdim, onda da istədiyini tapmaq çətin, amma mümkündür. Endirim vaxtı ilk 10 gündə getmək məsləhətdir. Sonra seçilmiş mallar qalır, amma bu zaman da endirim faizi artır. İlk 40-50 faizdə maraqlı bazarlıq etmək olur, sonra isə, ya Allah, artıq bəxtinə baxır.Mən başqa Avropa ölkələrinin qı endirimində olmuşam (Latviya,Polşa, Danimarka), amma İspaniyadakı çeşid bolluğu yox idi. Milanda olmamışam heç outletdə, yalan deyərəm. İspaniya çox ucuzdur geyim barədə. Xüsusilə, yerli brendləri olarsa. Bir outletdə bütün gün keçirmək olar. Restoran və kafelər də var. Səvyəli))Madriddə maraqlı outletlər bunlardır: Factory Outlet Getafe, Factory outlet San-Sebastian, Outlet Las Rozas. Bu arada, İspaniyada məşhur və ən böyük alış-veriş mərkəzi olan El Corte İngles var ki, onun da stokları yuxarıda adını çəkdiyim outletlərdə var. Amma məhz orda çox axtarıb əla məhsullar tapa bilərsiz. Pomada ləkəsi olan, düyməsi qopan, amma realda qiyməti dəfələrlə baha geyimləri 2-3 dəfə ucuza almaq olur. Uğurlar!

2295 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!