540 dəfə oxunub

Laqom ölkəsi - İsveç bələdçisi

Stokholmdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Yazılarım bəyənilibmiş demə, mənə də ilham gəldi, dedim Lagom ölkəsindən biraz yazım sizin üçün.
Lagom nədir?
İsveçlərin Laqom fəlsəfəsi sadəcə qulağa fərqli gələn bir sözdən ibarət deyil. Bu, sadəliyi, harmoniyanı və məmnunluğu birləşdirən həyat tərzidir, daha dəqiq desək həyatın tarazlığıdır.
Lagom qısa fika anlarından tutmuş, funksional və rahat, hər detalı düşünülmüş şəkildə dizayn edilmiş evlərə qədər, gündəlik həyatın sevinclə dolu olduğu İsveç həyat tərzini əks etdirən bir anlamdır.
İsveçlərin laqoma olan sevgisi fərdi seçimlərdən çox kənara çıxır. Belə ki, bu anlayış davamlılıq, bərabərlik və sağlam iş-həyat tarazlığı kimi sosial dəyərlərə nüfuz edir. Bu, hər kəsdə "kifayət qədər", “nə az, nə çox” olmasının olduğuna inanan bir mədəniyyətdir.
Məsələn İsveçdə gəzərkən bahalı maşın görməyiniz nadirdir, amma bir çox isveçli geniş və rahat evlərdə yaşamağı üstün tutur. Lagom!
Şirkət rəhbəri? Əsla yolda tanıya bilməzsiz. Eyni şirkətin rəhbəri və əməkdaşı eyni avtobusdan istifadə edə, eyni mağazadan geyinə, eyni restoranda yemək yeyə bilər. Lagom!
6-ci sinifə kimi isveçli uşaqların məktəbdə qiymət almadıqlarını bilirdiz? Uşaq yaşlarından fərqliliyi, üstün və ya aşağı olduğunu hiss etməsin deyə. Lagom!
Və bu misalları sonsuza kimi gətirmək olar..
İndi isə keçim öz gözlərimlə gördüklərimə:
Mən Stokholm, Göteburq və Malmö şəhərlərinə getdim. Yaxşı otellər seçməyimə baxmayaraq, otaqlar, fikrimcə daha kiçik, yığcam və dəbdəbəsiz idi. Ümumiyyətlə İsveç dəbdəbəsi sadə və şık deməkdir. Bariz nümunə olaraq məhşur isveç markalarını misal gətirmək olar, məsələn hamımızın yaxşı tanıdığı H&M və ya İkea.
Şəhərlər:
Stokholm. Skandinaviyanın ən böyük şəhəridir. İlk baxışdan soyuq, boz görünsə də, qaldıqca mülayimləşən bir ab-havası var sanki.
Fikrimcə mütləq ziyarət etməli olduğunuz yerlərin siyahısı:
Stokholma gəldikdə ilk gedəcəyiniz yer yəgin ki Köhnə şəhər (Gamla Stan) olmalıdır.
Bu da, fikrimcə, köhnə şəhərdə görməli olduğunuz yerlər (sıralamanı da yazdığım kimi etsəz, dairə şəklində gəzmiş olacaqsız ki, vaxta qənaət edəcəksiz)
1. Gamla Stan Metrostansiyasından çıxırsız;
2. Stockholm’s Narrowest street (ən dar küçəsi);
3. Alman Kilsəsi (fikrimcə ən gözəl kilsələrindən biri);
4. Nobel Prize Muzeum (bilet 24 AZN). Bu meydanda ağ kərpiclərlə işarələnən qırmızı evi görün, burada edam olunmuş 96 isveçlinin xatirəsinə həsr olunub, və su gələn çarxa baxın (orta əsrlərdə quyu olub).
5. Nikola Kilsəsi (istəyə görə, görə bilərsiz);
6. İron Boy (Liss Ericksonun Aya baxan oğlan heykəli, çox balaca, şəkər monumentidir);
7. Müqəddəs Georgi və Əjdaha monumenti (istəyə görə);
8. The Art Gallery (istəyə görə);
9. The Royal Palace (balaca muzeydi, İsveç krallarına həsr olunub);
10. Bura gəlmişkən Royal Chapel-i mütləq görün.
11. 3-cü Qustavın xalqının cəsarəti üçün ucaltdığı obeliski görün.
12. Qaraulun dəyişməsini izləyir. (Düşünürəm ki bu Stokholma gələn hər turistin planına daxil olunmalıdır, qışqa həftədə 3 dəfə, yay aylarında hər gün bu dəyişimi seremoniya kimi edirlər. Bəzi özəl günlərdə/bayramlarda hətta daha fərqli səviyyədə keçir). Hər gün saat 12:00 da başlayır, bazar günləri 13:00 (yenə də gəldiyiniz gün saatları yenidən yoxlayın).
13. Gamla standan Riksplan tərəfdən çıxsaz ..
14. Parlament Evini də görə bilərsiz. Parlamentin yerləşdiyi kiçik adadan çıxan kimi ..
15. “Evsiz tülkü” monumentinə də göz atın ..
16. Həvəsiniz olsa şəhər Ratushasını da görə bilərsiz (bir balaca aralıqdadır);
17. Oradan da yeni şəhərə, ən məhşur və tursitik küçələrindən olan Drottninggatan-a keçə və axşamı gəzə, suvenir ala, gəşəng restoranlarda otura bilərsiz.
18. Şəhər kitabxanasını biraz ayrı yazıram, çünki bir balaca uzaqdır, amma düşünürəm ki, mütləq ziyarət olunmalıdır. Gördüyüm ən gözəl kitabxanalardandır və bir neçə dildə, böyük seçim ilə kitablar təqdim edirlər.
19. Vasa muzeyi (sadəcə muzey deyil, həm də 17ci əsrdə batmış real gəmidir. Muzeydə təqdim olunan eksponatların 98% əsl gəmidən çıxardılan əşyalardır.
20. Skansen açıq hava altında muzey (bütün İsveçi bir gün içində görmək istəyirsinizsə bura gəlin).
21. Telefonplan (bu binada olan pəncərələrin rəngini telefona yükləyəcəyiniz tədbiq vasitəsi ilə dəyişə bilərsiz).
22. Stokholmun metrosu haqqında eşitmişdiz? Bəli, dünyanın ən gözəl metrostansiyaları burada yerləşir. Niyə belə gözəldir bəs? Məsələ bundan ibarətdir ki, ölkədə/və şəhərdə çox sayda soyuq günlər olur, insanlar da metrodan tez-tez istifadə edirlər, və buqədər metrodan istifadə edən insanlar, soyuq havadan boz metrolara enib daha da keyfdən düşməsinlər deyə, bu məsələyə kreativ yanaşmaq istəyiblər. Və beləcə dünyaya məhşurlaşan Stokholmun metrostansiyalarını tikilməyə başlayıblar. Bəzilərində özünüzü həqiqətən muzeydə hiss edirsiz.
Mənim favoritlərim:
- T-CENTRALEN (3 xəttin kəsişdiyi stansiya) hara da getsəz buradan keçəcəksiz yəgin ki.
Göy xətt üzrə ən gözəl stansiyalar:
- KUNGSTRÄDGÅRDEN (50-60i illərdə sökülən binalardan qalan əsərləri stansiyanın içərisinə yerləşdiriblər,əsl muzeydir sanki)
- RADHUSET! (Məhkəmə binasının olduğu stansiya)
- FRIDHEMSPLAN (dəniz)
- VÄSTRA SKOGEN
- SOLNA CENTRUM! (Qırmızı stansiya)
- HALLONBERGEN
- RISSNE! (dünya xəritəsi)
- TENSTA (həmrəyliyə həsr olunub)
Qırmızı xətt üzrə:
- ALBY
- STADION (rəngli, göy qurşağı)
- TEKNISKA HÖGSKOLAN
- UNIVERSITETET (universitetin stansiyası, divarlarında müxtəlif formulalar, xəritəlır çəkilib. Ən gəşəng eskalator da buradadır)
- MORBY CENTRUM
Yaşıl xətt üzrə:
- THORILDSPLAN (supermario oyunun içindəsiz sanki)
1-12;19;20;21 haqqında görsəl reels paylaşmışam instaqram səhifəmdə. Metro haqqında da hələ paylaşacam
Maraqlıdırsa izləyə bilərsiz.
Malmö:
Ərazisi sadəcə 76km2 olan Malmoda 15 park var, bu da Malmonu İsveçin park şəhəri edir.
İsveçi Danimarkaya, Skandinaviyanı Orta Avropaya Birləşdirən şəhərdən Avropanın ən uzun Eresun körpüsü başlayır.
Yəgin ki isveçlərdən çox datlar yaşayır bu şəhərdə. Çünki Kopenhagendə mənzil kirayəsi daha bahadır.
Eresun Körpüsündən keçid ödənişli (36avro) olsa da, bəzi datlar hər gün bu yolu gedib gəlməyi üstün tutur. Kopenhagendə işləyir, Malmoda yaşayır.
Şəhərin ən məhşur binası Turning Torso, ən dadlı yeməyi isə falafel hesab olunur.
Şəhərdən günlük gəzinti olaraq Kopenhagenə (Danimarkaya) və ya İsveçin Lund şəhərinə (tələbə şəhərciyi) tur edə bilərsiz.
Göteburq:
Çox təəssüf edirəm ki, Skandinaviyanın ən böyük 5ci şəhərini (4 paytaxtdan sonra gələn ilk şəhər), port şəhər, ən dadlı balıqların olduğu şəhər (çünki İsveçin iki dənizə çıxışı var- Baltik və Şimal dənizi. Və Şimal dənizi Baltik dənizdən daha təmiz hesab olunur, bu səbəbdən də Şimal dənizinə baxan Göteburqda daha dadlı balıqlar olur), ən əsası Volvo muzeyinin olduğu şəhəri Flixbus-ın avtobusumu ləğv etdiyi üçün normal görə bilmədim. Axşam çatdım, və səhər artıq yola çıxdım Malmo şəhərində.
Buraya gəlsəz, gəmi-oteldə qalmağı və təcrübə etməyi məsləhət görürəm. Gecə küləyin səsini, dənizin dalğalanmasını belə hiss edirsiz və həqiqətən dənizdə olduğunuzu düşünürsüz. Unikal bir təcrübədir, sınayın məncə.
Bura kimi oxudunuzsa, təbrik edirəm sizi!
Ən can alıcı hissəsinə gəlib çatdınız- giymətlərə.
Bəli dostlar, bahalı ölkədir (biz manatnan qazanıb isveç kronu ilə xərcləyiriksə, daha da bahadır).
Otel:
Düşünürəm ki, yaxşı otellərin qiyməti (səhər yeməyi də daxil) gecəsi və bir adama 100$ başlayır. Təbii ki, daha ucuzunu da tapa bilərsiz, ev, hostel də bir seçimdir.
Yemək:
Nə və harada yeyəcəyinizdən asılıdır. Amma şəhər mərkəzində ən münasib yerdə yeyə biləcəyiniz restoranda min 50 AZN 1 nəfər üçün nəzərdə tutmalısınız (ortalama isə bu 100-150 man 1 nəfər üçündür). Stokholmda pizzanı dilimlədikləri üçün hesaba əlavə 4 avro yazdıqlarını heç vaxt unutmayacam məsələn (xidmət haqqı da məcburi şəkildə 10%dan başlayaraq ödənilməlidir)
Bir laxmacun 25-30 AZN (restoran deyil, qatar vağzalında bir dönərxana tipli yerdə). Mən laxmacun sevmirəm və yemirəm, amma o laxmacunun içində bəlkə də qızıl parçası var idi deyə düşünürəm.
Muzeylər:
1. Skansen - 265 SEK - 45 AZN
2. Vasa - Muzeyə giriş biletinin qiyməti gəldiyiniz aydan asılıdır.
Belə ki:
Oktyabr-Dekabr aylarında 170 SEK (29 AZN)
Yanvar-Aprel 190 SEK (32 AZN)
May-Sentyabr 220 SEK (37 AZN)
3. Royal Palace - 170 SEK (29 AZN) və s.
Demək olar ki, bütün muzeylərin girişi bu qiymət aralıqlarındadır.
Nəqliyyat:
Günlük biletin alınması sərf edir əgər oteliniz tam mərkəzdə deyilsə. Günlük bilet 165 SEK- 28 AZN + 20 SEK kart- təxminən 4 AZN. Kart sizdə qalır, və növbəti 5 il ərzində yenidən doldurub, istifadə edə bilirsiz. Bu bilet bütün ictimai nəqliyyat üçün keçərlidir (avtobus,metro, hətta gəmi üçün) və limitsiz istifadə oluna bilər.
Taksi burada bahadır. Mən istifadə etmədim. (Hava limanından otelə 50-55 avro/95-100 AZN)
Qışda hava 9:30 açılır və 3:30 da artıq qaralır. Ona görə də qışda gəlirsizsə biraz daha uzun qalmalısız çox yeri gün üzü ilə görə bilməyiniz üçün.
Mən qışda gəldim, çünki şimal ölkələrinin qışda bir başqa gözəl olduğunu düşünürəm, və fikrimcə yanılmadım. Amma mütləq şəkildə yaxşı ayaqqabı, geyim gətirin. Buranın soyuğu zarafat deyil.
Lakin yay/yazda bir daha ölkənin şimalına getmək istəyərəm.
Suallarınız, əlavələriniz varsa, buyurun.
Bu arada, İndi Danimarkadan hekayələr,maraqlı məlumatlar paylaşıram, izləmək üçün:
2024–də hamıya bol səyahət arzu edirəm!

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

PaylaşdıUlkar Gurbanova


DİGƏR BLOQLAR

Əsrarəngiz Bali

Balidəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu səyahətə biz xüsusi hazırlaşmışdıq çünki ikimizin də Uzaq Şərqə ilk səyahəti idi. Çoxlu blog yazıları və İndoneziya (Bali) haqqında məqalələr oxumuşduq  Gəzəcəyimiz yerlərin uzun bir siyahısını hazırlayıb getdik Baliyə.Bali İndoneziyada yerləşən minlərlə adadan biridir. Biz 7 gün qaldıq. Əgər getməyi planlayırsınızsa siz də ən az 7 gün düşünün. Çünki ada o qədər zəngin və rəngarəngdi ki, o qədər uzaq məsafəni heyfslənərək qayıtmaq yaxşı olmaz Adada necə ki yerli əhalidən çox turist var, eləcə də maşından çox motosiklet görəcəksiz. Yollar çox ensiz olduğundan millimetr məsafəylə ötüşür maşınlar və ya motosikletlər bir-birinin yanından. Əgər motor istifadə etməyi bacarırsınızsa onu kirayə götürün, yox maşın düşünürsünüzsə yaxşı olar ki günlük sürücü (təxminən 10 saat sizi istədiyiniz yerə aparır) danışasınız. Sükan sağdadır və hərəkət soltərəfli olduğundan çaşdırıcı ola bilər. Sürücünün etibarlı olması da əsas məsələdir çünki bel çantası belə olsa hər yerə daşımaq istidə yorucu olur. Bizim sürücü Gusti o gəzintinin ən gözəl, şirin, unutmayacağımız parçası oldu Harda və necə qalmaq məsələsinə gəldikdə isə o sizin necə bir yer istəməyinizlə bağlıdı. Tamamən təbiətlə iç-içə mi, yoxsa bir az Avropa şəhərlərini andıran hərəkətli yerlər mi (Kuta, Hard Rock cafenin-inanılmaz zövq aldıq- yerləşdiyi bölgə. 1 günlük gedib gəzmək olar amma tətili orda keçirmək Baliye haqsızlıq olar  ) və ya okean və ya dənizə yaxın yer (daha çox sörfçülerin tərcih elədiyi yerdi. Ora da 2 gün ayırdıq, okeanın altına endik, paraşut və dəniz sahili) olması mı. Biz Ubudda qaldıq. Ubud mərkəzdə olan bir yerdi və gedəcəyimiz yerlərə daha rahat gedə bilərdik. Və dediyim o təbiətlə iç-içə olan yerdi. Bali ümumiyyətlə elə bir yerdir ki hər addımda yabanı təbiət sizi heyrətləndirir. Luks, göstərişli, insan əli ilə düzəlmiş məkanlara çox rast gəlməyəcəksiz. Eyni zamanda böyük otelde qalmağın da mənası yoxdu Balidə. Palma ağaclarının əhatəsində olan, özəl hovuzlu villa tipli qonaqlama yerləri əsl Bali abu-havasındadır.Meymun meşəsi, Düyü tarlaları (UNESCO'nun qoruması altındadır) və yüzlərlə ibadət yerləri. Bu ibadət yerlərinin (daxil olarkən hamı qursaqdan aşağı bağlanmalıdır) bəziləri min illərdir var. Bali adasının sakinlərinin əksəriyyəti hindu dininə sitayiş edir və dinlərinə çox sadiqdirlər. Hər bir evin girişində 2 qorxulu üzlü heykəl var. Bunlar qardiyanlardır və evi şər qüvvələrdən qoruyurlar. Bu arada, hansı evin varlı, kasıb olması da bu gardiyan heykəllərdən bilinir. Varlılar vulkan daşlarından düzəltdirir heykəllərini. Gündə bir neçə dəfə kiçik qablarda yeməklər qoyurlar hər küncə ki digər canlılarda da qidalansın və beləliklə tanrılarına təşəkkür edilər indoneziyalılar.Bizə ən çox təsir edən mənzərələrdən biri də Kimtamani ərazisində yerləşən Batur vulkanı oldu. Baliyə gedərkən təyyarə o vulkanın üstündən keçir. Olduqca vahiməli görüntüsü var))Və əsla etmədən dönməməli olduğunuz şey Bali masajıdı əlbəttə) "yenidən doğuldum" dedizdirir adama.Orda qaldığımız müddətdə azərbaycanlıyla heç rastlaşmadıq. Daha çox rusları gördük (orda balayına Baliye gəlmək çox meşhurmuş), 3-4 çift türkiyəli ilə rastlaşdıq. Turistlərin əksəriyyətini avstraliyalılar (daha çox sörf üçün gəlirlər) , amerikalılar və çinlilər təşkil edir. Bali yazmaqla bitməz) Faydalı olacağını düşünürəm postun. Hər kəsə mənalı, unudulmaz tətillər arzulayıram Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nigar Talibzade

968 dəfə oxunub

10 günlük səyahət və 6 şəhər

Salam millət! :)Bu postda dünən başa çatmış 10 günlük Tbilisi-Kutaisi-Barcelona-Paris-Amsterdam-Riga-(Moskva) səyahətimiz haqqında ətraflı yazacağam, bəlkə belə bir səyahət etmək istəyənlərə faydalı olar.Deməli birinci destination Tbilisi oldu. Həmişəki kimi qatarla. Axırıncı dəfə 2014-də olmuşdum Tbilisidə, o vaxtdan xeyli dəyişib, turistlər artıb. Əsil turizm cənnətinə çevrilib. Xüsusilə gecə gəzmək üçün şəhərin mərkəzi çox əladı. Qiymətlər də pis deyil. Alexander Chavchavadze küçəsində Polonia hotel deyilən balaca bir oteldə qaldıq gecəni. Otel sahibi qonaqpərvər adam idi amma otelin özü o qədər də xoşuma gəlmədi, biraz çox darısqal idi və internet işləmirdi. Ümumilikdə Tbilisini piyada gəzməyə 1 gün kifayət edir, amma ayaqlarınızın babat ağrıması hesabına  Demək olar hər şey Old town adlanan yerdədi, bircə Sameba kilsəsi biraz aralıdadı amma ora da piyada getmək olar və getməyə dəyər, çox qəşəng abidədi.Kutaisiyə Tbilisidən maşınla 2 saat yarıma çatdıq, amma gecikirdik deyə taksiyə artıq pul verdik o da bütün yolu 120 ilə sıxdı. Adam özünü Taxi filmindəki Danielin maşınında hiss edirdi. Wizzair ilə Kutaisidən uçduq Barcelonaya. Barcelonada Fabrizzio's Terrace adlı hosteldə qaldıq, balaca və çox ela hosteldi. Şəraiti, təmizliyi, yeməkləri falan. Qiyməti də münasibdi. Hər xırda şeyə baxmaq istəmirsinizsə Barcelonanı 1 günə gəzmək olur. Gəzmək üçün ən maraqlı yerlər Gothic Quarter deyilən hissədi. Əsil Barcelona buradadı. Bir gün qaldıqdan sonra Vueling ilə Parisə uçduq. Parisdə qaldığımız otel - 2 ulduzlu Hotel D'Anvers çox əla otel idi. Səhər yeməyi, internet, otaqların şəraiti və staff. O qiymətə məncə bundan daha yaxşı otel tapmaq olmaz. Anvers küçəsi də sakit və ucuz küçədi, mərkəzə yaxındı və Sacre Coeur kilsəsinin düz yanıdı.Paris haqqında onu deyim ki, Paris sindromu boş söhbətdi, yoxdu elə bir şey. Paris çox gözəl şəhərdi. Fransızlar da çox mehriban və mədəni insanlardılar. Migrantlardan başqa hamısı ingiliscə bilir və nəsə soruşanda məmnuniyyətlə kömək edirlər. Parisdə nə varsa hamısını görmək lazımdı imkan daxilində - Luvr, Eiffel, Les Invalides, Sacre Coeur, Notre Dame ve.s hamısını görməyə dəyər. Eiffelin gündüzü və gecəsi çox fərqlidi və hərəsi ayrı bir gözəl görünür. Yemək almağa ən yaxşı yer Carefour mağazalarıdı, qiymətlər ucuzdu, məsələn başqa yerdə 1 avroluq su burada 20 centdi. Metro sistemi çox rahatdı, hər yerə metro ilə getmək olar. Artıq aeroporta gedəndə otel işçisi bizə aeroporta qatar yolunu başa saldı ki, taksiyə boşuna 40 avro verməyək. Qatar stansiyasında da security əməkdaşı bizə pulsuz 2 qatar bileti verdi. Fransızlardan və Fransadan o qədər xoşum gəldi ki, fransız dilini öyrənməyə qərar verdim. 3 gün qaldıqdan sonra Parisdən Flixbus ilə Amsterdama gəldik. Yol 6.5 saat çəkir, və avtobus çox rahatdı. Amsterdamda Hans Brinker adlı hosteldə qalırdıq. Çox səs küylü və böyük hosteldi, Fabrizzio Terrace kimi səliqəli deyil. Elə də xoşuma gəlmədi. Amma yeri çox yaxşı idi, bir də yaxşı barı var idi pivə zad almağa. Amsterdamda da əksər yerləri piyada gəzmək. Ya da tramvaya minə bilərsiniz. Ən maraqlı şey elə kanalların üzərində yerləşən küçələrdi. Amma Amsterdam Paris qədər maraqlıdı desəm yalan olar. Düzdü, daha sakit şəhərdi və ərəblər yoxdu. Xoşuma gəlməyən bir şey o oldu ki - hər kafenin qabağından keçəndə marixuana iyi adamın ürəyini bulandırır. Onsuz da marixuananın legallaşmasına qarşı idim, bu fikrim biraz da qətiləşdi Amsterdamda qiymətlər Parisdən bir qədər yüksəkdi.Ən maraqlı muzey Van Gogh muzeyidi amma indidən deyim The Starry Night night əsəri orada deyil, Nyu Yorkdadi. 3 gün qaldıqdan sonra AirBaltic ilə Rigaya uçduq oradan da yenə AirBaltic ilə Bakıya gələcəkdik, amma birinci uçuş gecikdi deyə ikinciyə çatmadıq. Şirkət bizə Riga - Moskva ve Moskva - Bakı bileti verdi, növbəti günə. Bir gecə Riga aeroportunda yatmalı olduq. AirBaltic-ə yazıb təzminat da tələb etmişəm.Barcelona, Paris ve Amsterdam içərsində sözsüz Paris birinci yerə layiqdi. Fotoda gördüyünüz Sacre Coeur kilsəsi də bütün səyahət boyu ən xoşuma gələn obyekt oldu.Belə, biraz uzun oldu amma eybi yox, sualı olan komment olaraq yaza bilər :)17 Avqust 2018Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:Nail Mustafazada

1250 dəfə oxunub

İndoneziya - Bali bələdçisi

Balidəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bali adası İndoneziyada yerləşən adalardan biridi. Vizasız rejimdi, istədiyiniz vaxt səfərinizi planlaya bilərsiniz. Yeganə xərc götürən məsələ təyyarə biletidi. Sezon vaxtı baha olur. Mən əvvəlcədən Türk hava yollarından almağıma baxmayaraq, İyul ayında Qatar biletlərdə birdən endirim etdi. Ona görə də yerli tur şirkətləri maraqlı və uyğun paketlər təqdim edirdi. Amma noyabr ayına idi. Noyabr ayı yağışların çox olduğu ay hesab olunur. Ümumiyyətlə isə Balidə sezon may ayından oktyabrın sonuna kimi hesab olunur. Öz səfərim vaxtı getdiyim yerləri, marşrutları qeyd etməyə çalışmışam. İnternetdə yetəri qədər məlumat var idi, özümə uyğun turları, marşrutu əvvəlcədən seçdiyimə görə bir az rahat oldu. https://gidnabali.ru/ - Bu saytda bütün turların marşrutu var. Onlardan istifadə edib turlara gedə bilərsiniz. Ancaq orada göstərilən qiymət çox bahadı. Daha ucuzunu dəniz kənarında, şəhərin müxtəlif hissələrində tapmaq olar.Balidə Safari Park turuna getməklə həm gözəl təbiəti görə bilərsiniz, həm də Agung teatrında yerli ənənələri əks etdirən tamaşa izləyə bilərsiniz. Teatrın girişində Hinduizmin əsas tanrılarından olan Ganesha-nın böyük heykəli qoyulub. Hündürlüyü 9 metrdir. Ganesha ağıl, müdriklik tanrısıdı, Balines mədəniyyətinin bir parçasıdı. Bundan başqa Bali Safari parkda digər şoular var. Onları da izləmək olar. Həmçinin əyləncə üçün digər yerlər var.Balidə əsas gəziləsi yerlər qədim məbədlər sayılır. Məbədləri gəzərkən yol üstündə maraqlı marşrut da var. Tanah Lot, Ulun Danu məbədi, Bratan gölü, meyvə bazarı, çiyələk sahələri. Həm məbədləri görmək, həm də yerli meyvələri almaq imkanınız var. Çiyələk sahəsində səhər vaxtı olsanız, özünüz üçün toplaya bilərsiniz. Tanah Lot məbədinin özünü görmək üçün mütləqUbud əsas marşrut sayılır. Bu istiqamətdə getsəniz Tirta Empul məbədini, kofe sahələrini, düyü terraslarını görmək imkanınız olacaq.Həmçinin vuıkanik mənşəli olan Batur gölünü də görə bilərsiniz. Xüsusi qeyd, dumanlı vaxtı ora getməyin, heç nə görə bilməyəcəksiniz. Bundan əlavə Hiking sevənlər üçün Agung vulkanına turlar olur. Mən olan vaxtı bağlı idi, vulkanın aktivləşməsinə görə. Bundan əlavə taxta, gümüş, parçadan əl işləri hazırlayan ustaları görə bilərsiniz. Xüsusilə parça toxuma yerində həmin toxunan parçaları, onlardan hazırlanan paltarların satışı həyata keçirilir.Bütün İndoneziyanı gəzmək imkanı olmayan şəxslər üçün Taman Nusa parkı çox gözəl yerdi. Bütün ölkəni bir parka toplaya biliblər, bütün adalarda yerləşən kəndləri adbaad və müvafiq evlərin maketini qurublar. İndoneziyanın qədim dövründən müasir dövrünə kimi. Ümumilikdə 15 ha ərazini əhatə edir. Giriş bileti adama 350.000 rupidi (42manat).Bali adasının şərq tərəfi çox maraqlıdı. Həm tarixi baxımdan, həm də təbiəti baxımdan. Burada Qoa Lavah məbədi yerləşir, bundan əlavə yol üstündə 2 su sarayında ola bilərsiniz - Taman Ucung və Titra Ganga su sarayında. Vaxtınızı planlaya bilsəniz White sand beach çimərliyində ola bilərsiniz. Əksər çimərliklər Hind okeanı sahilində yerləşir. Şərqdə olan bu çimərlik isə Sakit okeanın sahilində. Bununla siz hər iki okeanı görmək şansınız olur.Çimərliklər - Padang-padang, Suluban və Cimbaran çimərlikləri var. Cimbaran əsasən axşam yeməyi üçündü, dəniz sahilində yaxşı restoranlar var. Digər iki çimərlikdə üzmək imkanınız var, xüsusilə Padang-padangda. Hər ikisində ağ qumlu sahili var. Surfing imkanı daha çox Sulubandadı. Hind okeanın sahilində yerləşir. Çimərliklərə giriş pulludur, amma baha deyil - 10-15min rupi (1.2 - 1.8 manat).Yarım günlük tur götürüb yuxarıda qeyd olunan çimərlikdə üzüb, axşam möhtəşəm gün batışını izləmək üçün Uluvatu məbədinə gedə bilərsiniz. Burada hər gün axşam Keçak/Alov rəqsi təşkil olunur. Xüsusi dini mərasim sayılır. Günün qürubu fonunda rəqs edilir, dini hekayə anlatılır. Giriş bileti 100 min rupidi (12manat)Əlavə ekstrim həvəskarları Rafting, Snorkeling kimi turlara qatıla bilər. Həmçinin dəniz turları da var.Qeyd: Bütün məbədlərə giriş biletlərini turist özü alır, amma elə də baha deyil. 20-50min rupi (2.5-6 manat) arasında dəyişir.Qeyd2: 2 nəfər üçün təyyarə biletinə 1900$ ödəniş etmişdim. 330$ booking-dən 15 günlük otel xərci. Digər xərclər isə istəyə görə turlar, yemək xərcləməsi.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nicat Quluzadə ‎

1712 dəfə oxunub

Yer kürəsi üzərindəki əcaib planet - İslandiya

"Buzların və alovların ölkəsi" - İslandiyanın devizi, bu ölkənin təbiətinin malik olduğu kontrastı və həmin kontrastın yaratdığı möcüzələri bir cümlədə ifadə edir.Üzəri buzlaqlarla örtülü vulkan krateri - alovun üstünü örtən buz; qayaların arasından, dağların yamacından axan bol sulu, bəzən dəniz mavisi rəngində, bəzən güclü və palçıqlı, bəzən sakit və həzinli axan şəlalələr; yerin dərinliklərində qaynayıb 40 metr yüksəkliyə fışqıran qeyzerlər; teknonik plataların ayrılma xəttlərini öz gözlərinizlə görə biləcəyiniz parklar, çaylar; min illər boyunca ağır buz kütlələrinin altında sıxılmış mas-mavi aysberqlərin üzdüyü göllər; lavaların yaratdığı yüz hektarlarla ərazi və həmin ərazidə yenicə əmələ gəlmiş mamır təbəqəsi; qütb parıltısı kimi insanı heyrətə gətirən təbiət hadisəsinə heyranlıqla tamaşa etmə imkanı verən gecə səması; saatlarla yorulmadan, zövq ala-ala maşın sürə biləcəyiniz yollar; Atlantik okeanının vəhşi dalğalarının yaratdığı uğultu; nağılvari mağaralar içindəki qap-qaynar hovuzlar - bütün bunların hamısını bir həftəyə yaşamaq istəyirsinizsə, İslandiyanı növbəti səyahət planlarınıza daxil edin.Gələk hər kəsi maraqlandıra biləcək suallara:1. Bilet neçəyədir ?Digər avropa ölkələrinə nisbətən İslandiyaya biletlər daha bahadır. Almaniyadan gediş-dönüş hardasa 250-300 avro ətrafındadır.2. Hansı viza lazımdır?İslandiya Avropa Birliyində olmasa da, Schengen vizasını qəbul edir. Dəqiq məlumatı internətdən ala bilərsiniz.3. Hotel qiymətləri necə?Hotellər, hətta hostellər belə həddindən artıq bahadır. Ona görə də ən optimal variant özünüzlə çadır götürüb camping etməkdir.4. Necə səyahət etmək olar? İctimai nəqliyyat necədir?Paytaxt Reykjavikdən başqa digər yerlərdə nəqliyyat çox pisdi. Gəzməli yerlər isə məhz əsasən paytaxtdan kənarda, Ring Road (dairəvi yol) dedikləri ölkə sahili boyunca dövr ədən yolun ətrafındadı. Yolun uzunluğu hardasa 1400km-dir.Üstəlik, ölkə əhalisi 400 min nəfərdən də azdır. Ərazisi isə Azərbaycandan da böyükdür. Ona görə də ən yaxşı seçim, maşın kiralayıb onunla səyahət etməkdir. Çalışın mütləq SUV və 4x4 maşın götürün, çünki əsas yollardan biraz qırağa çıxsaz bərbad halda olan torpaq yollarla maşın sürməli olacaqsınız. Maşını hardasa günü 120-150 avroya kiralamaq mümkündür. Hətta istəsəniz RV də kiralaya bilərsiniz. Mən bir də getsəm, yəqin RV kiralayaram.5. Qiymətlər necədi?İslandiya həddindən artıq bahalı ölkədi. Yeməyi özünüz bişirməsəz, gün ərzində rahat adam başına 70 avrodan çox yeməyə xərcləyə bilərsiniz. Ən ucuz pizza 23 avroyadı. Özünüz bişirsəniz, günü 15-20 avroya yola vermək olar.Əlavə olaraq deyim ki, bütün ləvazimatlarınızı özünüzlə gətirin. İsti paltar, isti və su keçirməz hiking ayaqqabıları, çadır, sleeping bag, bişirmək üçün camping equipmenti (amazondan, ebaydən 30-40 avroya full set ala bilərsiniz) özünüzlə gətirin. Internetdən 20-30 avroya ala biləcəyiniz camping equipmenti sizə burada 80 avroya kiraya verəcəklər.İsti paltar məsələsinə xüsusən diqqət edin. Yayda Google-un verdiyi hava məlumatı sizi aldada bilər. Gecələr həddindən artıq soyuq keçə bilir. İsti paltarınız olmasa bir günə xəstələnə bilərsiniz. Qışda isə, professional səyyah deyilsinizsə İslandiyaya gəlməyiniz heç məsləhət deyil. Həddinən artıq sərt təbiəti var. Yollar buz bağlayır, tufan və qasırğalar maşınınızı sıradan çıxarda bilər.6. Camping qaydaları:İslandiyada camping üçün xüsusi yerlər var (camping grounds). Qanunən istənilən boş ərazidə camping etməyə icazə verilsə də (maşını offroad sürməmək şərti ilə, hansı ki qətiyyən qadağandı), turistlərdən camping groundlarda qalmaları xahiş olunur (ya da yumuşaq şəkildə tələb olunur). Bu camping groundlarda qalmaq haqqı gecəsi adam başına 15-20 avro arası dəyişir.7. Bir həftə vaxtım yoxdursa necə?Əgər vaxtınız çox azdırsa, Ring Road-a alternativ olan, 1-2 günə gəzə biləcəyiniz Golden Circle yolunu seçə bilərsiniz.Ən sonunda, bu möcüzələr ölkəsi İslandiyaya birlikdə səyahət etdiyimiz dostum Alakbar-ə də bişirdiyi ləzzətli yeməklərə görə də təşəkkür edirəm  (www.instagram.com/alekperos/)p.s. Çəkdiyim şəkilləri https://500px.com/ahmed_rnt səhifəsindən izləyə bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ahmed Ahmedov 

1731 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!