1307 dəfə oxunub

Əsrarəngiz Bali

Balidəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Bu səyahətə biz xüsusi hazırlaşmışdıq çünki ikimizin də Uzaq Şərqə ilk səyahəti idi. Çoxlu blog yazıları və İndoneziya (Bali) haqqında məqalələr oxumuşduq  Gəzəcəyimiz yerlərin uzun bir siyahısını hazırlayıb getdik Baliyə.

Bali İndoneziyada yerləşən minlərlə adadan biridir. Biz 7 gün qaldıq. Əgər getməyi planlayırsınızsa siz də ən az 7 gün düşünün. Çünki ada o qədər zəngin və rəngarəngdi ki, o qədər uzaq məsafəni heyfslənərək qayıtmaq yaxşı olmaz 

33580892_1622255621177608_1866520266318807040_n

Adada necə ki yerli əhalidən çox turist var, eləcə də maşından çox motosiklet görəcəksiz. Yollar çox ensiz olduğundan millimetr məsafəylə ötüşür maşınlar və ya motosikletlər bir-birinin yanından. Əgər motor istifadə etməyi bacarırsınızsa onu kirayə götürün, yox maşın düşünürsünüzsə yaxşı olar ki günlük sürücü (təxminən 10 saat sizi istədiyiniz yerə aparır) danışasınız. Sükan sağdadır və hərəkət soltərəfli olduğundan çaşdırıcı ola bilər. Sürücünün etibarlı olması da əsas məsələdir çünki bel çantası belə olsa hər yerə daşımaq istidə yorucu olur. Bizim sürücü Gusti o gəzintinin ən gözəl, şirin, unutmayacağımız parçası oldu 

Harda və necə qalmaq məsələsinə gəldikdə isə o sizin necə bir yer istəməyinizlə bağlıdı. Tamamən təbiətlə iç-içə mi, yoxsa bir az Avropa şəhərlərini andıran hərəkətli yerlər mi (Kuta, Hard Rock cafenin-inanılmaz zövq aldıq- yerləşdiyi bölgə. 1 günlük gedib gəzmək olar amma tətili orda keçirmək Baliye haqsızlıq olar  ) və ya okean və ya dənizə yaxın yer (daha çox sörfçülerin tərcih elədiyi yerdi. Ora da 2 gün ayırdıq, okeanın altına endik, paraşut və dəniz sahili) olması mı. Biz Ubudda qaldıq. Ubud mərkəzdə olan bir yerdi və gedəcəyimiz yerlərə daha rahat gedə bilərdik. Və dediyim o təbiətlə iç-içə olan yerdi. Bali ümumiyyətlə elə bir yerdir ki hər addımda yabanı təbiət sizi heyrətləndirir. Luks, göstərişli, insan əli ilə düzəlmiş məkanlara çox rast gəlməyəcəksiz. Eyni zamanda böyük otelde qalmağın da mənası yoxdu Balidə. Palma ağaclarının əhatəsində olan, özəl hovuzlu villa tipli qonaqlama yerləri əsl Bali abu-havasındadır.

33430135_1622255744510929_2927628486967296000_n

Meymun meşəsi, Düyü tarlaları (UNESCO'nun qoruması altındadır) və yüzlərlə ibadət yerləri. Bu ibadət yerlərinin (daxil olarkən hamı qursaqdan aşağı bağlanmalıdır) bəziləri min illərdir var. Bali adasının sakinlərinin əksəriyyəti hindu dininə sitayiş edir və dinlərinə çox sadiqdirlər. Hər bir evin girişində 2 qorxulu üzlü heykəl var. Bunlar qardiyanlardır və evi şər qüvvələrdən qoruyurlar. Bu arada, hansı evin varlı, kasıb olması da bu gardiyan heykəllərdən bilinir. Varlılar vulkan daşlarından düzəltdirir heykəllərini. Gündə bir neçə dəfə kiçik qablarda yeməklər qoyurlar hər küncə ki digər canlılarda da qidalansın və beləliklə tanrılarına təşəkkür edilər indoneziyalılar.

33764262_1622255951177575_6714267535694364672_n

Bizə ən çox təsir edən mənzərələrdən biri də Kimtamani ərazisində yerləşən Batur vulkanı oldu. Baliyə gedərkən təyyarə o vulkanın üstündən keçir. Olduqca vahiməli görüntüsü var))

Və əsla etmədən dönməməli olduğunuz şey Bali masajıdı əlbəttə) "yenidən doğuldum" dedizdirir adama.

Orda qaldığımız müddətdə azərbaycanlıyla heç rastlaşmadıq. Daha çox rusları gördük (orda balayına Baliye gəlmək çox meşhurmuş), 3-4 çift türkiyəli ilə rastlaşdıq. Turistlərin əksəriyyətini avstraliyalılar (daha çox sörf üçün gəlirlər) , amerikalılar və çinlilər təşkil edir. Bali yazmaqla bitməz) Faydalı olacağını düşünürəm postun. Hər kəsə mənalı, unudulmaz tətillər arzulayıram 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Nigar Talibzade

DİGƏR BLOQLAR

Amsterdamın məşhur kanalları

Qrupdakı Amsterdam fanatları üçün növbəti paylaşımı edim: bu dəfəki mövzumuz şəhərimizin məhşur kanallarıdı.Amsterdamı kanallarına görə əsasən "Şimalın Venesiyası" adlandırırlar. Amma Amsterdamda kanalların sayı, məsafəsi Venesiyadan çoxdu: quruluş etibarilə Amsterdamın kanallarının uzunluğu təxminən 90 km edir. Şəhərin şimal bölgəsində isə əlavə olaraq adalar mövcuddu.Ümumilikdə Amsterdam suyun üstündə tikilib. Xüsusilə kanala baxan qədim evlərin bünövrəsində dayaqlar taxtadandı. Buranıı gəlib gəzənlərin diqqətindən yayınmayıb yəqin: belə evlərin çoxunun sağa-sola əyri olması məhz bu səbəbdəndi.Kanal turu Amsterdam turizm biznesinin ən gəlirli sahələrindən biridi. Şəhərdə bu turları təşkil edən bir çox şirkət var. Hərəsinin öz qiyməti, fərqli qayıqları olur. Məsələn Pizza Cruise-lə kanal turu etsəniz 1.5 saat davam edən tur vaxtı sizin gəmidə pizza verilir (şəkildə var). Şəhəri yaxından tanımaq istəsəz kanal turunu məsəhət görürəm. 2 ildir bura təhsil üçün gələn əcnəbi tələbələrin introduction həftəsində coach kimi grupları gəmi ilə gəzdirməkdən bezmişəm.Ona görə də bu qrupdan kim gəlsə turu təklif edib özüm qoşulmuram Turistlər üçün gəzməli yer olmaqdan əlavə, təəssüf ki kanallar həm də turistlərin qənimi sayılır. Belə ki, hansısa turistin itmək xəbəri yayılan kimi polis və dalğıclar hər şeydən öncə ilk kanalları yoxlayır. Və 99% itən turistlərin cəsədi bu kanallardan çıxır. Çox vaxt turistlər içkili, və Amsterdam olduğunu nəzərə alsaq hallı olduqları üçün kanallardan tualet kimi istifadə etmək istədikdə və ya kanala yaxın yerdə gəzdikdə müvazinətlərini itirib yıxılırlar. Alkoqollu bədən suda daha çox temperatur itirir deyə daha tez donurlar və hərəkət edə bilmirlər, beləcə batırlar. Ona görə də bu məsələdə diqqətli olmağınız arzuolunandı.Kanallar eyni zamanda velosipedlə doludur. Amsterdam bələdiyyəsi hər il 1-2 dəfə böyük təmizliklə məşğul olur və kanallardan 10.000-dən çox velosiped çıxır hər dəfə  (şəkildə var)Və Amsterdam kanallarının daha bir (g)özəlliyi: şaxta olanda kanallar donur və xizək sürmək xəstəliyi genlərində olan Hollandlar kanalların üstü ilə sürüşürlər. Amma burda olduğum 15 il ərzində kanalların cəmi 2 qış tam donduğunun şahidi olmuşam.Enjoy the canals! Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Isa Yusibov

1012 dəfə oxunub

Makedoniyanın Mirvarisi – Ohrid

Ohriddəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Makedoniya haqqında maraqlı faktlar:Orta statistik azərbaycanlı turist üçün Makedoniya, səyahət etmək üçün ən ideal ölkələrdən biridir. Burda ingilis dili demək olar ki, lazım deyil, slavyan dilli olduğundan dilləri rus dilinə bənzəyir, özü də kiril əlifbasını işlədirlər, digər tərəfdən də ölkədə Osmanlı dönəmindən xeyli sayda türk qalıb. Demək olar bütün turistik yerlərdə, türklərə, türkcə danışanlara rast gələ bilərsiz. Deməli ölkədə dil probleminiz olmayacaq.Makedoniya Respublikası və ya rəsmi adı ilə Keçmiş Yuqoslaviya Respublikası Makedoniya Azərbaycan Respublikası vətəndaşlarından viza istəmir.Qiymətləri Şərqi və Qərbi Avropa ölkələrinə baxanda daha ucuzdur, təbiəti, dağları, göllər mükəmməldir və əlbəttə ki, hər bir azərbaycanlının vazkeçilməzi olan mətbəxi əladır.Makedoniya Yuqoslaviya dağılanda, ondan qansız-qadasız ayrılan yeganə dövlətdir.Ölkə ərazinin ortalama hündürlüyünə görə dünyada 5-cidir, zirvələrinin sayına görə isə dünya lideridir. Makedoniya ərazisində yerləşən 50dən çox göl və 34 zirvə dəniz səviyyəsindən 2000 m-dən çox hündürlükdə yerləşir.Indi isə başlayaq Ohridə səyahət zamanı başıma gələnlərə. Makedoniyaya Budapeştdən WizzAirlə uçmuşdum. Budapeşt – Skopye – Budapeşt reysinə 9504 macar forinti ödəmişdim, təxminən 30 avro. Gəlib Skopye aeroportuna çatanda artıq ilk şoku yaşadım, belə ki, şəhər mərkəzinə olan növbəti avrobus tam 1 saat 40 dəqiqə sonra idi. Açığı o qədər vaxtı orda heyf etmək istəmirdim amma taksilər də 20 avroya (tabloda yazılan rəsmi qiymət) aparırdı mərkəzə. Nəysə elə bu vaxt Budapeştdə yaşayan bir rumın qız bizi tapdı, biz də Kosovalı bir day-dayı tapdıq, oturduq maşına ki, gedirik mərkəzi avtovağzala adama da 5 avro ödəyəcəyik. Getdik çatdıq vağzala sürücü dedi ki, bu kosovalı adamın sizə dəxli yoxdu, siz 3 nəfər 20 avro verməlisiz, bu adam da 10 avro verməlidi. Elə bunu demişdi ki, mərəkə qopdu. Dayday qırıq ingiliscəsiylə anladır, izah edir, soruşur ki, do you understand? Deyirəm ki, No ???? mən sənə 20 avro verməyəcəm. Nəysə sonda razılaşdıq ki, 3 nəfər 16.5 eur verək (1000 denar), adama gözlədiyimizdən 0.5 eur çox. Yəqin artıq bəlli oldu ki, makedoniyanın yerli valyutasının adı denardı.Beləcə day-daya ürək sözlərimi deyib üz tutdum avtovağzala. Avtovağzaldan biletləri kartla almağın mümkün olmadığını görüb özümü verdim vağzala ki, pul dəyişmək üçün yer axtarım, beləcə 10 dəqiqə axtarandan sonra gördüm ki, bilet satılan pəncərələrin arasında 1 pəncərə pul dəyişmək üçündür, gözümün qabağında imiş görmürmüşəm. Avrolarımı dəyişib getdim bilet almağa.Skopyedən Ohridə bir çox avtobus şirkətləri gedir, onlardan ən ucuzu türklərin şirkəti olan “Delfina turs”dur. Bir tərəfli biletlər 450 denar (7.3 avro), gediş-gəliş biletləri isə 680 denardır (11 avro), bundan başqa qayıdış bileti açıq olduğu üçün, qayıdarkən 30 denar (0.5 avro) verib check in etməlisiz. Beləcə növbəti reysin 4 dəqiqə sonra yəni saat 9da olduğunu görüb, gediş-gəliş biletlərimi aldım və qaçdım avtobusa doğru. Saat 9-da avtobus yola düşdü. Avtobusla Skopyedən Ohridə səyahət hardasa 3-3.5 saat çəkir.Ohrid haqqında maraqlı faktlar:Ohrid şəhəri və gölü Makedoniyada yeganə yerdir ki, UNESCOnun qoruması altına alınıb və gölün təxminən 4 milyon il yaşı olduğu güman olunur.Ohridi bəzən Makedoniyanın Yerusəlimi adlandırılar, bunun da səbəbi odur ki, burada tam tamına 365 kilsə var, hardan baxsan günə 1 kilsə düşür.Hal-hazırda makedonlar da daxil, bir neçə slav xalqın istifadə etdiyi kiril əlifbası da məhz 9-cu əsrdə Kiril və Metodi qardaşları tərəfindən Ohriddə yaradılıb.Skopyedən Ohridə olan yolu 3-5 kəlimə ilə təsvir etsəm: dağlar, dağlar, dağlar, meşələr, meşələr, meşələr kimi olar. Bir də arada olan kiçik şəhər və qəsəbələr. Beləcə gəlib çatdıq Ohridin mərkəzinə, indi qalırdı tutduğumuz aparta getmək, nə xəritəmiz var, nə də internetimiz, qarşımıza çıxan ilk oteldən də dedilər ki, yollar 1 az dolanbacdır çətin olar sizə tapmaq. Qarşıma çıxan ilk taksiyə oturub dedim ki, bizi apar apartımıza. Bəxtimdən taksistimiz Erhan adlı türk çıxdı və 50 denara bizi aparta apardı. Kiməsə lazım olsa Erhanla bu nömrədən əlaqə saxlaya bilər, Viberdən də yaza bilərsiniz +389 71 351 008.Ohriddəki otellərə bu linkdən baxa bilərsiniz. Bizim tutduğumuz apartın linkini isə bura yerləşdirirəm. Apartın bir gecəsinə 20 avro verdim. Açığı apartdan Ohrid gölünə açılan mənzərənin gözəlliyi və ev sahibinin qonaqpərvərliyi o qədər xoş idi ki, bir gecə də qalmaq istəyirdim bu apartda amma artıq Skopyedə oteli rezerv eləmişdim. Beləcə yerləşib, düşdüm şəhərin canına.Ohriddə gəziləsi yerlər:Yuxarıda da qeyd etdiyim kimi Ohriddə 365 kilsə var və onların bir çoxu xaricdən bir-birinə bənzəyir, daxilini görmək üçünsə gərək azı 1-2 ay orda yaşayıb, gəzəsən amma mən sizə öz gördüklərim və turistlər arasında daha məhşur olanlarından danışım. Bir faktı qeyd edim ki, Balkanların bütün müsəlman və xristiyanlar yaşayan şəhərləri kimi, Ohriddə də bu 2 icma arasında bir yarışma var sanki və xristiyan tərəf üstünlük olduğundan hər yerə xaç basdırıblar, bütün qədimi kilsələrin üzərindəki xaçlara mavi led lampalar yeləşdirilib. Ohriddəki, kilsələrin ən gözəli yəqin ki, St. John Kanoe kilsəsi Kilsə X əsrdə tikilib və gölün sahilindəki qayanın üzərində yerləşir. Kilsənin ətrafından gölə möhtəşəm mənzərə açılır. Azacıq yuxarıdan isə Kilsənin fonunda gölü seyr edə bilərsiniz.John Kanoe kilsəsindən meşənin içi ilə üzü yuxarı irəliləsəniz qarşınıza St. Clement və Panteleimon kilsəsiçıxacaq. Kilsə Avropada ilk universitet kimi tanınır və Osmanlı dönəmində 2 dəfə məscidə çevrilsə də sonradan kilsə olaraq “həyatını davam etdirib”.Clement və Panteleimon kilsəsi ilə üzü yuxarı çıxsanız Çar Samuelin qalası ilə qarşılaaşacaqsınız. Mən axşam getdiyimdən qala bağlı idi və içinə girə bilmədim. Deyilənə görə gölə olan mənzərəni çıxsaq görüləsi çox şey yoxdur.Çar Samuelin qalasından bir az da irəli doğru irəliləyərkən qarşınıza Antik Teatr çıxacaq. Teatr eramızdan əvvəl 200cü illərdə tikilib amma bu günümüzə qədər çox yaxşı qorunub, sanki elə dünən tikiblər.Antik Teatrdan dolanbac və dar yollarla aşağı düşsənizSophia kilsəsinə çatacaqsız. Kilsə 9-cü əsrin sonlarında tikilib, istifadəyə verilib. Balkanlarda olan digər kilsələr kimi, bu da Osmanlı dönəmində məscidə çevrilib. Kilsənin içində 11, 12, 13-cü əsrdə çəkilmiş freskaları görmək olar. Çox qədim olduğundan freskalar bu günümüzə çox da yaxşı gəlib çatmayıb. Kilsəyə giriş xaricilər üçün 100, yerlilər üçün 50, tələbələr üçünsə 30 denardır.Sophia kilsəsindən sahilə tərəf düşəndə qarşınıza 2 ağ rənglənmiş ev çıxacaq. Bu evlərdən biri məşhur Robevlərin digəri isə Uranijaların evidir. Evlər ənənvi ülubda tikilib və tikintiləri 19-cu əsrin sonlarında başlayıb.Evlərin yanında isə əlişi kağız sexi yerləşir. Burada qədim üsullarla kağız düzəldilməsini izləyə, eyni zamanda özünüz ənəvi üsulla kağızın hazırlanmasında iştirak edə bilərsiniz. Kağızların hazırlanması, quruması bir neçə gün çəkir amma siz daha öncədən hazırlanmış və üzərinə rəsm çəkilmiş kağızlardan ala bilərsiniz.Bunlardan başqa Ohriddəki görülməli yerlərin siyahısına Ohrid, Bulvarını və şəhərin Tarqovusunu məsləhət görə bilərəm. Və bir də ki, Ohridin dar, dolanbaclı yollarında mütləq gəzilməlidir. Ohridi dünyada məşhur edən digər bir şey isə Ohridin mirvarisidir. Ohrid mirvarisi dünyaca məşhurdur və bir çox tanınmış və vəzifəli şəxslər Ohridin mirvarilərindən öz kolleksiyalarına əlavə ediblər. Bunların siyahısına, Kraliça II Marqarita, II Yelizaveta, Danimarka Kraliçası, Hollandiya Kraliçası və s. göstərmək olar. Ohriddəki mirvarilərin demək olar ki, yarında çoxu saxtadır. Original Ohrid mirvarisi almaq istəyirsinizsə ya Talev ya da Filev ailəsinə mənsub olan mağazalara baş çəkin. Bu 2 ailə Ohrid gölünün dərinliklərindən çıxardıqları mirvarilərin işləməsini hələ də sirr olaraq saxlayırlar.Ohridə gəlmişkən bir qayıq turu da götürüb şəhəri motorlu qayıqdan seyr etmək yerinə düşər. Qiymətlər qayığın böyüklüyündən, turun uzunluğundan və qayıqçının insafından asılı olaraq dəyişir. Alışın bəri başdan, qayığa minməmişdən turun müddətini və ödənişi razılaşdırın. Makedoniyanın taksistləri kimi, qayıqçıları da turistləri dollar işarəsi kimi görürlər. Məsələn qayığq minmədən deyilən 15-20 dəqiqəsi 5 avroluq tur, qayığa minəndən sonra yarıbayarı azalaraq 8-10 dəqiqəyə qədər azala bilər. Və  ya qayıqdan düşdükdən sonra böyük pulu versəniz ki al çıx, qayıqçı portmanem gəldiyimiz yerdə qalıb, xırdam yoxdu deyə bilər. Çalışın daha öncədən hazılıqlı olun, özünüzlə xırda pul götürün ya qayıqçını gözlədin gedib restoranlarda xırdaladıb verin. Ohridin qayıqçıları haqqında bu qədər. Ohriddə nə yeyilməlidir soruşulsa, deyərdim ki, mütləq balkanların məşhur çevapçiçasının dadına baxılmalıdır, yaxşı bir restoranda plyaskaviça da yemək olar. Bundan başqa Ohrid gölündən tutulmuş farel (Dalga restoranı) və kiçik belviçalar (Antik Teatrın yanındakı Gladiator restoranı) əladırlar və əlbəttə ki, bütün öyünlərdə yeməyin yanında yeyə biləcəyiniz şopska salatı. Balkanları bureksiz təsəvvür etmək çətindir. Pendirli, kartoflu, spanaqlı burekləri alıb aclığınızı azacıq yatışdıra bilərsiniz. Şiriniyyatlardan isə, bütün Balkanlarda məşhur olan triliçenin dadına baxmaq olar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh    

1210 dəfə oxunub

Wieliczka - Duz mədəni bələdçisi

Krakovdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam. Mənə hər zaman yardımcı olan gəzəyənlər! Mən də istədim ki, bu statusumla digər gəzəyənlərə Polşanın Krakov şəhəri barədə bir neçə məlumat verim. Əvvəlcədən qeyd edim ki, Krakova getməmişdən öncə qrupun yaradıcısı Babək bəyin bu şəhər barədə yazısını oxumuşdum. O, çox təəssüf hissi ilə Wieliczkaya gedə bilməməsini qeyd etmişdi. Ona şərh yazanlar isə oranın təsirindən bir neçə gün çıxa bilmədiklərini yazırdılar. Mən də bu şərh və yazıları oxuduqdan sonra şəhəri gəzdiyimin ilk günün ardınca növbəti gün yollandım bu duz mədəninə. Mərkəzdəki otelimizin düz yaxınlığında 304 nömrəli avtobus bizi həmin yeraltı mağaranın düz 100 metrliyinə apardı. Bu məqamda qeyd edim ki, Krakovda şəhər daxili transport kifayət qədər ucuzdur. 24 saatlıq biletin qiyməti 15 polşa manatıdır ki, bu da euro ilə təqribən 3.7 € edir. Şəhər mərkəzindən duz mədəninə qədər avtobusla təqribən 35-40 dəqiqə yol qət etdik.İçəri daxil olmaq üçün 2 nəfər üçün Standart biletə 178 polşa manatı ödədim ki, bu da euro ilə təqribən 44€ edir. Yəni adam başına 22 €. Ekskursiya təqribən 3 saatlıq vaxt aparır. İstədiyiniz dildə gəzintini seçə bilərsiniz. Ancaq ingilis dilli qruplar yarım saatdan bir, rus dilli qruplar isə 2 saatdan bir içəri daxil ola bilir. Mən daha tez olsun deyə zəif bildiyim ingilis dilini götürməli oldum.???? İçəri daxil olarkən ilk mərhələyə daxil olmaq üçün 53 mərtəbə (hər mərtəbə 6 pilləkəndən ibarət idi) aşağı enməli olduq.Burdaca adamın başı qaranlıq pilləkənlərlə hərəkət edərkən bir balaca fırlanmağa başlayır. Sonra isə ziyaretçiləri dar yollarla mağaranın qədim tarixi ilə, duzun emalı prosesi, duzdan yonulmuş müxtəlif heykəllər və bu mağaranı ziyarət etmiş insanların duz heykəlləri ilə taniş edirlər.Hər növbəti mərhələni yenidən daha dərinə enməklə ziyarət etməli olursan. Qaranlıq, taxta dayaqlarla möhkəmləndirilmiş yer altı dünyada yaşayan insan və atların iş həyatı ilə tanış olursan. 130 m dərinlikdə ilk süni duz gölünü görürsən ki, onun da dərinliyinin 9 m olduğunu və orada çimməyin qadağan olduğunu diqqətə çatdıran gidin növbəti hissələrdə daha kiçik iki əlavə göllə də tanış olacağımızı diqqətə çatdıran yorğun səsini eşidirsən. Gidimizin sözün həqiqi mənasında yorğun olduğu diqqətdən qaçmırdı. Çünki orada işləyən ingilis dilli gidler hər gün ən azı 2 qrupa bütün mədəni gəzdirməli və dayanmadan danışmalı olurlar. Çox zaman qrupun içərisində mənim kimi insanlar olur ki, mağaranı gəzdikdən sonra yorulmur və bu duz mədəninin muzeyini də gəzmək istəyir.Bu zaman həmin gid birinci mərhələdə gəzdiyi 2 km məsafə qədər yenidən gəzib bu sehirli mağaranın muzeyini də ziyarətçilərə göstərməli olur. Bu dünyaca məşhur duz mədənindəki digər iki göldən birinin dərinliyi cəmi 1 m-dir. Mədəndə çalışan atlar bu yeraltı dünyaya Qədəm qoyduqdan sonra bir daha işıqlı Dünyaya çıxmırdılar.Bu gün də sağlamlıq mərkəzi kimi istifadə olunan mədənin insan yaşayışı üçün hər bir şəraiti var. İstəyənlər mədənin lap aşağı qatında restoranda oturub yemək yeyə və ya bu sehirli mağaranın bir sıra elementlərini əks etdirən şoping yerindən alış-veriş edə bilərlər. Mağaranın geniş ərazisindəki ən dərin yerləri gəzib bitirdikdən sonra isə səni liftlə geri yer üstü dünyaya qaytarırlar. Bu liftə də mağaranın özü qədər sehirli və bəzən də kimlər üçünsə vahiməli olur????.Sonda onu da qeyd edim ki, Krakovda olduğum 2 günlük bir zaman mənə bəhs etmədi. Hamının getdiyi Şindlerin fabrikinə, Auschwitz kampına gedə bilmədim. Bunun üçün vaxt yetmədi. Yeməkləri barədə onu deyə bilərəm ki, göylü pierogiləri çox dadlı idi. Şirniyyatları isə müxtəlifliyinə və gözəlliyinə görə insanı heyran edirdi. Restoran qiymətləri çox münasib olduğundan harda istəsəniz rahat əyləşib bir cür münasib qiymətə yemək yeyə bilərsiniz. Sonda bələ uzun statusu oxuyanlara təşəkkür edirəm.( Təbii əgər hövsələsi çatıb oxuyan olarsa????)Yekun olaraq sizləri yazının bütün detallarını əks etdirən şəkil və videolarla baş-başa qoyuram.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ramina Mammedova

1055 dəfə oxunub

Dünyanın ən xoşbəxt ölkəsi - Kosta Rika

San Xosedəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu yaxınlarda Mərkəzi Amerikadakı Kosta-Rikanın ölkəmizdə səfirliyinin açılması münasibəti ilə internetdə «ay daaa, bizə çatanda Kosta-Rika zad olar…» kimi söhbətlər var-gəl eləməyə başladı. Düzdü, bu cür söhbətləri edənlər, əsasən, Afrikanın cəmi bir Afrika ölkəsindən ibarət olduğunu düşünənlərdir, amma ümumiyyətlə düşünməyənlərin də bu cür küyə getməmələri üçün icazə verin Kosta-Rikanı bir balaca xırdalıyım sizin üçün.Bir xeylaq uzaqdır bizdən. Biz, məsələn, 4 nəfər idik, hərəmiz bir ölkədən və ayrı-ayrılıqda Kosta-Rikaya gəlib orda toqquşmağı planlaşdırırdıq. Bəlli oldu ki, heç birimiz eyni marşrutla gəlib çıxmamışıq. İndi artıq səfirlik, viza filan məsələsi həll olundu, şükürlər olsun. Mən səfərə çıxanda isə bu, mümkün deyildi. Mümkün olan isə Kosta-Rikaya həm də ABŞ, Kanada və Şengen vizası ilə də getməyin mümkünlüyü idi. ABŞ vizası ilə Bakıdan ABŞ-a (Nyu-York), oradan San-Salvadora (Salvador), oradan da San-Xoseyə (Kosta-Rikanın paytaxtı) gəlib çıxdım.Səyahətimizə icarəyə götürdüyümüz avtomobildə öncədən cızdığımız marşrutla start verdik. GPRS-in canı sağ olsun! Paytaxt San-Xosedə, adətən, turistlər çox ayaq saxlamır. Elə bizim də ayağımız bizi burda saxlamadı. Pulumuzu yerli valyutaya (1 AZN =327.649 CRC) dəyişib üz tutduq şimala, ordan da qərb sahili boyunca cənuba.Kosta-Rikanı dünyanın "Ən xoşbəxt ölkəsi" adlandırırlar. Səbibini dəqiq bilməsəm də, zahirən elə xoşbəxt görünürdülər.Bu xudmani ölkədə 50-dən çox qoruq var ki, bu da ölkə ərazisinin 30%-ni təşkil edir. Yer üzündəki bitkilərinə 70%-nə Kosta-Rikada rast gəlmək olar. Ərazisindəki 120 vulkandan 70-i fəaliyyətdə olandır.Özlüyündə ölkəni bəyənməmək mümkün deyil. Kontrastları nəyə desən dəyər: gah qızmar günəş, gah yağış və hətta şaxta, gah cəngəllik, gah okean sahili kurort şəhərləri...İnsanları da çox qonaqpərvərdi.Ölkə boyunca çoxsaylı hotellərdə qaldıq (3 və 4 ulduzlu). Qiymətləri də adambaşına 5 USD-dən 45-dək. Hər birində də normal xidmət, wifi, səhər yeməyi...???? Yaxşı mənada təəccübləndirən məqamlar:???? Əhalinin kütləvi halda siqaretə "YOX" deməsi. Bilirdik ki, siqaret çəkmə həvəsindən uzaqdırlar, amma bu qədər də yox! Yerli əhali arasında 2 həftə ərzində bir nəfər də siqaret çəkən görmədim. Amma kiçik kənddə, 40 dərəcə istidə marafon yarışında iştirak edənləri gördüm: böyüklü, kiçikli - hamı qaçırdı.???? Fəaliyyətdə olan Arenal vulkanı (hündürlüyü 1657 m). İlk dəfə 1968-ci ildə şuluqluq edib əməllicə püskürübmüş, nəticədə də Arenal şəhərini yox eləyib.???? Poas vulkanı. O, özünü, Arenaldan fərqli olaraq, daha abırlı aparır. Sonuncu dəfə 1953-ci ildə püskürüb. Vulkanın içində kiçik geyzer var, diqqətlə baxanda lavanın "nəfəs almağını" da görmək olar.???? Cəngəlliklər. Lap kinolarda gördüyümüz kimi. "Eramızdan sonra" filminin əsas hissəsi elə Arenal yaxınlığında çəkilib. Elə Stiven Spilberqin "Yura dövrünün parkı" da.???? Cəngəllik üzərindəki asma körpülər. Onların üzərindən keçərkən qədim ağactipli qıjılardan əlavə həm də rəngarəng kolibri quşlarına, meymunlara, hətta ərincəklərə də rast gəlmək olar. Meşənin özü çox sirrli ab-hava bağışlayır insana, lap Harri Potterdəki kimi, amma bir balaca tropik qurtumla.Yeri gəlmişkən, getməzdən əvvəl elə bilirdim bu ərincəklərə orada tinbaşı rast gələcəm. Amma, əsasən, hündür ağaclarda yaşayan ərincəkləri çox nadir hallarda görmək olur. Səfərin sonuna yaxın bəxtimiz gətirdi və onlardan birini gördük, o da azıb yol qırağına düşmüşdü. Qaldırıb ağaca qoyduq. İndiyənəcən savabından qurtara bilmirik :) )???? Cəngəlliyin tən ortasında təbii qaynar bulaqlar.????Təəccüblü olsa da Kosta-Rikada yerli əhali arasında tez-tez bizimkilərə oxşar adamlara rast gəlirdim. Məsələn, yolüstü kafedə ofisiant işləyən bu qaqaş kimi. Hərdən çaşıb qalırdım ki, bu niyə ispanca danışır?Bir sözlə, gedib görüləsi yerdir. Görməyənlərə qismət! :)P.S.: Turistlər, elə yerli əhali üçün də tam bir təhlükəsiz ölkədir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ali Akbar

1430 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!