2219 dəfə oxunub

İtaliya bələdçisi - Roma, Venesiya, Florensiya

Romadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Ciao!
Mən də İtaliya səfərimdən 5 qəpiyimi əlavə edim.
Tarix: İyun

Şəhərlər: Roma, Venesiya, Florensiya
Viza:
Randevu fevralın 21-nə almışdım. Martın sonu verdilər. Rəfiqəmə aprelin 4-ü. Rəfiqəmin ilk vizası olsa da rahatlıqla verdilər. Əsas sənədlər qaydasında olsun və kartda məbləğ 2000 avrodan az olmasın.
Sənədləri verərkən nəzərə alın ki, mygov-dan maaş haqqında arayışı ingilis dilinə notarial qaydada tərcümə etdirməyi tələb etdilər. Pulum başqa kartda olsa da, məhz maaş kartının son 3 ayının dövriyyəsini də istədilər.
İlk olaraq 12 gün qeyd etmişdik. Otellər və şəhərlər arası biletlərlə bağlı başağrısı olmasın deyə 12 günü tək Roma şəhərində səyahət edəcəyimizi qeyd etdik. Vizanı alandan sonra marşrutu planlaşdırmağa başladıq.
Vizanın müddəti 30 iyuladək idi. Bayram günlərindən istifadə edib bileti dəyişdik və səhayətimizi 1 həftə də uzatdıq.
Şəhəriçi avtobus və metro - 1.5 avro.
Şəhərlər arası qatara bilet nə qədər öncədən alsaz yaxşıdır.
Çünki gedəcəyiniz tarixə yaxın qiymət qalxır. Omio saytında Romadan - Florensiyaya, Florensiyadan -Venesiyaya baxanda 15 avro idi. Fikirləşdim hələ vaxta var. 1 həftə qalmış ən ucuz bilet 26 avroya qalxmışdı. Həmin gün isə alsanız 45-50 avro olacaq. Həm də saatdan asılı olaraq qiymət dəyişir.

Qatarlar:
1. Trenitaliya
2. İtalo
Trenitaliya - ucuzdur, lakin italyanların özləri kimi öz kefində işləyir. Roma-Florensiya yolu 2 saat qeyd olunsa da 4 saata gəldi. Öncədən aldığımız Venesiya səhərə olan reysimizi isə ümumiyyətlə ləgv etdilər. Məcbur olduq stansiyadaca ikiqat qiymətə sonrakı vaxta dəyşək.
İtalo – nisbətən baha, lakin dəqiq və sürətli qatardır.
Roma
Kolizey, Vatikana giriş biletləri sezonun cırha-cırında aylar öncə almaq lazım imiş. Biz bilmədik və məcburi cəmi 1 həfrtə öncə bələdçi daxil tur aldıq. Tur rus dilində idi və çox maraqlı keçdi.
Sayt: tezeks.com / Qiymət: 104 avro - 2 nəfərlik.
Fiumicino aeroportundan Termini stansiyasına avtobusla 1 nəfər üçün 8 avroya gəldik. Öncədən almaq gərək yoxdur.
Amma nəzərə alın ki, ümumiyyətlə aeroporta taksidən başqa bütün nəqliyyat 04:50-dən 23:00-dək işləyir. Reysiniz gecədirsə ya taksi ilə gedə bilərsiniz, ya da oradaca gözləməkdir. Taksi (Aeroport-Şəhər) 80 avrodan başlayır.
Vatikana gedərkən Müqəddəs Pyotr bazilikasının damına mütləq qalxın. Oradan Vatikana möhtəşəm mənzərə açılır. Bileti səhər 7:30-a alın. Adam az olur. Rahat gəzişmək və şəkillər çəkmək olur.
Fontan Trevidə də rahat şəkil çəkmək istəyirsinizsə səhər 6:00 gəlin. Biz səhər 8-də çatsaq da artıq ətrafı turistlərlə dolmuşdu.
Ümumiyyətlə şəhəri səhər gəzin, günortaya o qədər turist dolur ki dəhşət sıxlıq olur.
Trastevere- Romanın ən xarakterik və ucuz rayonudur. Orada instagramda gördüyünüz məşhur şəkillər çəkə, həm də ucuz yemək yeyə bilərsiniz.
Mənim kimi “Eat Pray Love” filmini sevirsinzsə baş qəhrəmanın olduğu yerləri də gəzin.

Florensiya
Möhtəşəm şəhər, həzin, sakit atmosferi, təmiz, hər addımda tarixi axitektura olan bir yer. Ən çox həvəslə gəzdiyim şəhərləsdən biri idi.
Maşını arendaya götürüb Toskananı gəzmək planlaşdırırdıq deyə qalacağımız yerdə parking olmalı idi. Ona görə Airbnb-dən ev götürdük və ən düzgün qərarımız oldu! Bu evdən sonra Avropaya gedərkən ancaq ev bron edəcəm. Evdə süd, kofedən tutmuş zeytun yağına qədər hər şey var idi. Hətta əvvəlki qonaqlardan çaxır da qalmışdı. Ev təmiz, evdəki əşyalar isə antikvar idi.
Florensiyada olarkən Signorvino restaranına getmək məsləhət görərdim. Ponte Vekko körpüsünə gözəl mənzərəsi açılan verandasında yer bron edin. Yemək yeməyə tövsiyə etməzdim, amma çaxır və ya kokteyl sifariş edib günbatımına seyr edərək zövq ala bilərsiniz.
Venesiya
Mövsümlə bağlı qalası otellər baha idi deyə 1 gün gəzdik. Florensiyadan qatarla 2 saata çatdıq. Stansiyadan şəhərə su taksi ilə 8 avro (1 nəfər). Qondollar baha idi deyə, əvəzinə su taksini istifadə edib eləcə kanalların şəklini şəkdik. Küçələri gəzərkən Google map istifadə etməsəz aza da bilərsiniz.
İtaliya məni heyran etdi və ürəyimi aldı.❤️Yenidən dönüb cənub hissəsini həşf etmək arzusu ilə yaşayıram

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…



DİGƏR BLOQLAR

Dünyanın rəngləri - Ekvador və Qalapaqos adaları

Hər kəsə salam. Qrupa yeni üzvlərdən biriyəm. Belə bir qrupun olduğunu son zamanlarda bilmişəm. Son 3 həftəni Boliviya və Ekvadorun müxtəlif yerlərinə (Qalapaqos adaları daxil) səyahət etmişəm. Çəkdiyim bəzi şəkil və videoları sizinlə paylaşmaq istəyirəm.Aşağıda paylaşdığım şəkil və videoları Ekvadorun paytaxtı Kito (Quito) şəhərindən tıxminən 3 saatlıq bir məsafədə yerləşən Baños qəsəbəsinə yaxın Pailon Del Diablo deyilən şəlalələr şəbəkəsində çəkmişəm. Bu şəlalə amazon meşələri ilə sərhəddə yerləşir. Görünən dağların bəziləri amazon cangəllikləri ilə örtülüdür. Şəlalənin yaxınlığına gedəndə suyun gücü bütün hisslərinizi təlatümə gətirir:)Axşam olanda bu şəlaləni gözəl işıqlarla bəzəyirlər. Cəmi 1-2 nəfər turist olmağına baxmayaraq yenə də işıqları yandırıblar. Pandemiya vaxtı səyahət etməyin özəlliklərindən biri odur ki çox turist yoxdur. Getdiyiniz hər yer sizə özəl kimidir. Otellərdə tez-tez daha üst səviyyə otaqlara əlavə ödənişsiz qonaq edirlər. Xüsusi ilə də ünsiyət qurmaq qabiliyyətiniz yaxşıdırsa:)Son bir neçə həftədə səyahət etdiyim şəhərlərdən biri Ecuador (Ekvador) un Quito (Kito) şəhəri oldu. Quito paytaxt şəhəridir və And dağlarının ətəklərində, dəniz səviyyəsindən 2850 metr yüksəkdə yerləşir. Şəhər 16-17 ci əsrlərdə İspan müstəmləkəçiləri tərəfindən Qədim İnkalara aid şəhər qalıntıları üzərində qurulub. Köhnə şəhər mərkəzinin arxitekturası çox gözəldir və yaxşı qorunub. Ekvator xətti bu şəhərdən keçir. Kito’ya Avropanın bəzi şəhərlərindən və ya ABŞ-dan getmək mümkündür. Hal-hazırda Koronavirus vaksini olan turistlər ölkəyə sərbəst daxil ola bilər (Qalapaqos adaları xaric)Sizinlə Qalapaqos adalarına 2 həftə öncə olan səyahətimdən çəkdiyim bəzi şəkil və videoları paylaşmaq istəyirəm. Galápagos ( Qalapaqos) adalarına səyahət illərdir ki planımda var idi. Nəhayət ki Darvin babamızı coşduran bu torpaqları ziyarət edə bildim Galápagos adaları Ekvadora aiddir. Buraya gediş-gəliş yalnız Ekvadorun Guayaquil şəhərindən təyyarə ilə mümkündür. Paytaxt Quito dan gedən təyyarələr də Guayaquil də dayanır. Guayaquildən təyyarə ilə təxminən 1.5 saatlıq məsafədədir. Qalapaqos adaları vulkan püskürmələri nəticəsində yaranıb və flora və faunasına görə dünyanın ən unikal yerlərindən biridir. Ekvador və Qalapaqos adaları okean sahilində yerləşdikləri üçün təbii olaraq dəniz məhsulları boldur. Mənim dəniz məhsulları daha çox xoşuma gəldiyi üçün hər getdiyim ölkədə əgər məşhur dəniz məhsulu varsa mütləq dadlarına baxıram. Ekvadorda hər növ yemək tapa bilərsiniz. Məsələn Qalapaqos adalarında yerli əhalinin günorta yeməyi üçün əsas yeməyi sadə kartof və balıq (və ya toyuq) dan hazırlanmış sup, düyü və kiçik balıq tikəsi (və ya ət, toyuq) və meyvə suyudur. Demək olar ki əksər günlərdə bənzər yeməkləri yeyirlər. Amma hər zövqə görə yemək tapmaq olar, hətta xaş belə:) Qalapaqos adalarına səyahət edərkən ən maraqlı işlərdən biri okeanda yaşayan canlıları- balıq, sürünən və dəniz məməlilərini görməkdir. Bunun üçün dalğıclıq sertifikatı tələb olunur. Bəzi yerlərdə isə sertifikatdan əlavə də müəyyən qədər təcrübənizin də olması lazımdır. Çəkdiyim şəkil və videolardan bəzilərini paylaşıram. Sona qədər baxsanız yüzlərlə fərqli balıq növləri, köpək balıqları, tısbağa, dəniz aslanlarını görə bilərsiniz. Hətta bəzən insanlara da hücum etməsi ilə yadda qalan çəkiçbaş köpək balıqlarını da görəcəksiniz. Heyvan adlarının əksəriyətini ingiliscə yazmışam. Suallarınız olsa cavablandırmağa çalışaram.Sierra Negra Vulkanına səhər yürüyüşü. Qalapaqos adaları vulkan püskürmələri nəticəsində yaranıb. Ekvadorda ümumiyyətlə 47 vulkan var. Sierra Negra Qalapaqos adalarında krateri ən böyük vulkandır. Diametr 7.2 km x 9.3 km. Təqribi yaşı 535 min ildir. Şəkildə arxada görünən qara ərazi vulkanın krateridir. Heyrətamiz bir görüntüdür. Bu vulkan axırıncı dəfə 2018-ci ildə püskürüb. Yaxından görmədən belə bir təbiət hadisəsini təsəvvür etmək çox çətindir???? Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Anar Gojayev

2886 dəfə oxunub

Türkiyə-Monteneqro-Albaniya səyahəti - 1-ci hissə Türkiyə günləri

Salam, dostlar. Mən də ilk məlumatlandrıcı postumu paylaşım qrupda. Bizim səyahətimiz Türkiyədə başlayıb Albaniyada bitən 12 günlük dolu dolu bir səyahət idi. 2 nəfər idik və mənim ailədən uzaq, rəfiqəylə ilk səyahət təcrübəm olduğu üçün narahatçılıqlarım yox idi desəm yalan olar. Gələk əsas məsələyə: Biletləri Bakı-İstanbul-Bakı reysinə Buta Airwayslə 340 AZN-ə, İstanbul-Tirana-İstanbul reysinə Pegasusla 240 AZN-ə aldıq. Qeyd edim ki, daha ucuz ala bilərdik, sadəcə işin ucunda Türkiyə varsa bizim üçün shopping qaçınılmazdır dedik, hər iki istiqamətdə 23 kq baqaj haqqımızdan istifadə etdik və biletlər bizə 580 AZN-ə başa gəldi. Yuxarıda qeyd etdiyim kimi, səyahətimiz Türkiyədə başladı. İstanbulda həm rəfiqəmin həm mənim qalacaq yerimiz olduğu üçü otelə pul sərf etmədik. Mən Sabiha Gökçen Hava limanından Kadıköye AİRBUSla 14 TL-yə getdim, Taxi ilə də gedə bilərsiz təbii ki, amma o qədər məsrəfə ehtiyac yoxdur deyə düşünürəm.Biz daha öncə İstanbulda olduğumuz üçün olmadığımız bir neçə yerə getmək yetərlidir deyə düşündük, yollandıq Dolmabahçe sarayına. Saraya giriş 60 Tl-dir. İstanbula gedib Dolmabahçe sarayını görməmək günah olar deyə düşünürəm, mütləq görməlisiniz.2 saatlıq Dolmabahçe gəzintisindən sonra “Çukur” filmi ilə məşhurlaşan Balat-Fener ərazisini də görmək istədik. Hər kəs öz evini antik butik cafelere çevirib, hər cafe bir tarixdir sanki, yemək qiymətləri 1 nəfərə 40-60 TL civarındadır.Balat-Fener gəzintisindən sonra isə Pier-Lotti təpəsinə çıxıb İstanbulu bir də yüksəklərdən izlədik, günbatımını seyr etdik. İstanbulda ikinci günümüzdə isə Üsküdar Kız kulesi mənzərəsiylə çay içdik, Ortaköyə yollandıq, Ortaköy kumpiri (27 TL) yedik. Boğaz turu mütləqdir İstanbulda, Elə Ortaköydən başlayan boğaz turlarına qatıla bilərsiniz. Biz İstanbul üçün 2 gün yetərlidir deyərək gecə 12:00 avtobusu ilə yollandıq üzü Balıkesir-Ayvalıka. İstanbul-Balıkesir yolu 5 saat davam etdi, Balıkesir-Ayvalık isə 2 saat yarım. Yol xərcimiz gediş 120- dönüş 120 Tl oldu. Ancaq bileti bir neçə gün əvvəldən almaq məsləhətdir, çünki biz çox çətinliklə bilet tapdıq. Ayvalık kiçik bir şəhərdir, 3-4 saat da vaxt keçirmək yetərlidir. Yemə-içmə qiymətləri normaldır, məşhur ayvalık tostunu mütləq yeyin, əgər yolunuz düşərsə. Ayvalıkdan taxi botla (6TL) 20 dəqiqə məsafədə Cunda adası var, Egey dənizinin sahillərində sanki kiçik bir cənnətdir.  Bir az İzmir Alaçatısını xatırladır, amma bura daha sakit və turistlərin daha az olduğu yerdir və Alaçatıdan daha ucuzdur. Meyhaneləri, dəniz məhsulu restoranları ilə məşhurdur, plajları da var, rahatlıqla dənizə girə bilərsiniz. Bir gəzəyən üçün ən mühüm əşya hədiyyəlik magnetlərdir deyə düşünürəm, Cundada qiyməti 3 magnet 10 TL-dir. Əslində Ayvalığa səhər çatıb gecə qayıtmağı düşünürdük, ama bu cənnətdə 1 gün daha artıq vaxt keçirmək qərarına gəldik. Cunda adasında hər kəs evini butik otel və ya pansionat halına gətirib gəlir yeri kimi istifadəyə verib. Ancaq qiymətlər bahadır. 1 gecəlik 2 nəfərlik otaq kahvaltı daxil minimum 250 TL-dən başlayır.Yerli insanlar bizə Ayvalıkda daha ucuza yer tapa biləcəyimizi dedilər və Ayvalıkda gecələmək qərarına gəldik. 2 nəfərlik otağa 100 TL ödəyərək qaldıq. Bir də Ayvalık mərkəzdə “Aresin yeri” adlı kahvaltısıyla məşhur butik cafe var, 2 nəfərlik serpme kahvaltıya 80 TL ödədik. Bir də Ayvalığın balıq yeməkləri ilə ən məhşur yeri “Tık Mustafanın yeri” adlı meyhane tipli restorandır, reserv etmədən yer tapmaq mümkün deyil. 2 nəfərlik 100-150 TL xərciniz çıxacaqdır. Aurası çox gözəldir, oxuyan kim oynayan kim. Cunda küçələrini 2 gün gəz-gəz doymadıq, amma ikinci günün sonunda İstanbula 120 TL-yə dönüş biletimizi (Uludağ otobüs firması) aldıq.Ayvalıkdan birbaşa İstanbula düşdük yollara. Bizi yeni bir ölkə, yeni səyahət macərası gözləyirdi çünki. Türkiyədə 4 gün üçün ümumi 120-150 Euro xərcimiz çıxdı 1 nəfərə. Montenegro və Albaniya haqqında ayrıca post paylaşacam.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Roza Ahmedova

1466 dəfə oxunub

Sardiniya bələdçisi

Keçən ilki Sardiniya səfərinin dadı damağımızda qaldığı üçün bu il də ora baş çəkəcəyimizə çoxdan qərar vermişdik. Siciliyadan(əvvəl Sisiliya yazırdım, sağolsun qrup üzvlərindən biri düz yazılışını qeyd etdi) Sardiniyanın Olbia şəhərinə Volotea aviaşirkətinin Boeing 717 təyyarəsilə səyahət etdik 35 dəqiqəlik uçuş və adam başı 100 avro pul (azdır ya çox özünüz mühakimə edin) və elə hava limanında yerləşən Europcar şirkətindən avtomobil icarəyə götürdük ( Seat Leon, günü 75 avro).Adada yerləşən 200 dən artıq çimərlik adanın dörd bir tərəfinə paylanıb, lakin İtalyanlar özləri də qeyd edirlər ki, içində ən yaxşıları məhz Oresei Körfəzində (Gulf of Oresei, Azərbaycan dilində dəqiq tərcüməsini bilən varsa bizimlə bölüşsə şad olardıq) yerləşən çimərliklərdir, xüsusən də Cala Mariolu, Cala Luna və Cala Goloritze. Bu çimərliklərə baş çəkməyin ən rahat yolu (alpinist deyilsinizə) dəniz vasitəsilədir. Bu halda bir neçə seçim mövcuddur, şimalda yerləşən La Caletta şəhərciyindən tur şirkətlər, Cala Gonone-dən tur şirkətlər və yaxud Cala Gonone-dən özünüz ayrıca qayıq icarəyə götürə bilərsiniz (120 avrodan başlayır).Biz La Caletta avtomobillə gəldik, lakin ARST avtobusları vasitəsilə 7.80 avroya gediş-dönüş bileti almaqla da rahatlıqla səyahət etmək mümkündür. Burdan isə Davide&Golia şirkətinin gəmisi ilə yola çıxdıq. La Caletta şəhərciyindən Oresei Körfəzi istiqamətində tur gəmiləri səhər 9-da yola düşür və axşam saat 7-də qayıdır vaxtınızı buna görə planlaşdırın, özünüzlə müxtəlif sendviçlər və su götürməyiniz məsləhətdir. Mağaralara marağınız varsa Grotta del Fico mağarasına əlavə olaraq adam başına 10 avroya bilet ala bilərsiniz, nəzərə alınkı bu zaman Cala Mariolu çimərliyində saat yarım az vaxt keçirəcəksiniz.Qiymətlər bir nəfər üçün qeyd olunub:Olbia – La Caletta – Olbia 7.80 avro (ARST bus)La Caletta – Gulf of Oresei – La Caletta 50 avro (Davide&Golia)Cala Mariolu çimərliyinə bilet 1 avroGrotto del Fico mağarasına bilet 10 avroAvtomobil icarəsi günə orta hesabla 75 avrowww.Davidegolia.it (Gulf of Oresei turu)www.arst.sardegna.it (avtobus)www.clickandboat.com (Cala Gonone-də qayıq icarəsi üçün)www.europcar.com (avtomobil icarəsi)Korsikaya yola düşməmişdən Sardiniyada son dayanacağımız adanın şimalında yerləşən Santa Teresa Gallura şəhəri oldu, möhtəşəm Rena Bianca çimərliyi və saysız-hesabsız restoranları ilə bu şəhərcik yay üçün super seçimdir. Olbiadan bura ARST avtobus ilə gəldik adam başına 4.30 avro.P.S. Sardiniyaya İtaliyanın böyük şəhərlərindən həm təyyarə həm də gəmi ilə səyahət edə bilərsiniz. Gəmi üçün məsləhət edə biləcəyim sayt www.directferries.comP.S.S.Səyahət zamanı A nöqtəsindən B nöqtəsinə necə getmək olar barəsində məlumatın isə google-dansa www.rome2rio.com saytında daha mötəbər olduğunu qeyd etmək istərdim.Hamiya xosh gezintiler, bildiklərimdən nə sual olsa cavablandirmaqa haziram.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Emil Mard

1623 dəfə oxunub

Türkiyənin ən möcüzəli və mənzərəli məkanı - Ölü dəniz

Fəthiyədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Ölü dəniz- Fethiye/Muğla- Bu gün sizə qonşu Türkiyənin ən möcüzəli və mənzərəli yerlərindən biri olan Ölü dəniz sahillərindən yazmaq istəyirəm. Heç şübhəniz olmasın ki, ölü dəniz sahilləri(Fethiye/Muğla) bölgəsi Türkiyənin ən gözəl dəniz sahilidir. Burada olan möhtəşəm mənzərə ölmədən öncə mütləq görülməsi lazım olan yerlərdən biridir. Bir gün avtomobillə Türkiyəyə yolunuz düşərsə və Antalyaya qədər getsəniz mütləq özünüzə əziyyət verib Antalyadan 2 saatlıq məsafədə yerləşən Ölü dəniz sahillərinə gedin, buna heç vaxt peşiman olmayacaqsınız və təbii ki, geri qayıtmaq istəməyəcəksiz. Ölü dənizə Antalya havalimanından avtomobillə 2-3 saata(200 km), İStanbuldan avtobusla 10-11 saata (814km), Dalaman havalimanından 30 dəqiqəyə gələ bilərsiniz. Ölüdəniz açıq mavi suları, sarı qumları, ətrafındakı gözəl meşələr və dağları ilə insanı heyran qoyur. Amma bu mənzərə dəniz qırağında durub izləmək üçün deyil təbii olaraq. Deməli 2000 metr hündürlükdən bütün turistlərin istifadə etdiyi tam təhlükəsiz olan yamac paraşutları vasitəsilə ölü dənizin üzərində yarım saat müddətində uçduqdan sonra insanın görüb görəcəyi ən gözəl mənzərənin şahidi olacaqsız. Əvvəlcə deyim ki, yüksəklik qorxunuz yoxdursa paraşut istifadə etməyə heç çəkinməyin. Onsuz təlimçi ilə birlikdə uçursunuz. Tam təhlükəsizdir. Rahat 2 nəfərlik oturacaq var. Sizə qalan tək 2000 metrdən cənnəti izləyərək ağzıaçıq şəkildə bu unudulmaz anları kameraya çəkmək olur. Kameraya yaxşı düşmək istəyirsinizsə mənzərəni gördükdən sonra ağzınızı qapamağı unutmayın)))). Maşınla dağın üzərinə qalxmaq və paraşutu istifadə etmək qiyməti təxminən 200 lirədir. Ama yaxşı bazarlıqla bu qiyməti 100-150 lirəyə endimək olur.Bundan başqa katerlə 12 ada turuna qatilmağı unutmayın. 20 lirədən-1000 lirəyədək kater turu edənlər var. Təxminən 150 lirə ödəyib all inclusive paketli katerlərdən istifadə edə bilərsiniz. Dəniz çox duzludur. Üzdükdən sonra ancaq su içmək istəyəcəksiniz. Və daima gunəş kremi istifadə edin yoxsa bir müddət sonra aynada özunüzü tanimarsınız. İndi isə oranın möhtəşəm şəkillərini yükləyib şərhi sizə buraxıram. Səyahət yolunuz hər zaman açıq olsun….(əlavə məlumat və yeni səyahətlər barədə paylaşımları instagramda gezgin_hayat hesabından izləyə bilərsiniz. https://www.instagram.com/gezgin_hayat/) (Mən 2011-də getdiyim zaman video çəkməmişdim amma paraşut həyəcanı necə olur görmək istəsəniz bu linkdən izləyə bilərsiniz. https://www.youtube.com/watch?v=cLYNIwqTV-M ) Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Рашид Азе

7676 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!