1587 dəfə oxunub

İstanbulun kiçik və şirin sahil məhəlləsi - Arnavutköy bələdçisi

Arnavut kaldırımlı taş sokaklarda...
Bosfor Boğazının Avropa tərəfindəki Beşiktaş səmtində yerləşən tarixi Arnavutköy məhəlləsidir bura. Kuruçeşme və Bebek sahili arasında yer alan bu məhəllə köhnə, rəngarəng, taxta evləri, daş döşəməli yolları ilə məşhurdur. İstanbulda orijinal quruluşunu saxlamış tək-tük yerlərdən biridir.
Keçmişdə bu məhəllənin sakinləri daha çox yunan (rum) və albanlar (arnavut) olub. Elə adını da buradan götürüb.
Sakinlərinin deməsinə görə, o dövrlər İstanbula işləmək üçün köç etmiş albanların böyük əksəriyyəti bu səmtdə yaşayıb. Ona görə adına “Arnavutköy” deyilib. Yəni arnavutların (albanların) yaşadığı ərazi. Arnavutköydə həm də çoxlu yunan yaşayıb.
Sakinləri deyir ki, onların bir qismi 60-cı illərin əvvəllərində məcburi, qalanları isə 1974-cü ilədək İstanbuldan könüllü köç ediblər. Bu gün burada 10-15 alban və yunan ailəsi qalıbsa, böyük şeydir.
Bu səmtdə doğulub-böyümüş 62 yaşlı Ziya dayı deyir ki, yer üzündəki bütün müharibələr insanların xoşbəxtliyini oğurlamaq, başını çətinliklərlə qatmaq üçün düzənlənmiş siyasi oyundur. O, yunan qonşularını əyləncəli, mehriban insanlar kimi yadda saxlayıb:
“Rumlarla geçti çoçukluğumuz. Çox severdik, eylenceli insanlardı. O devrlerde Arnavutköyde 2 yazlık, 1 kışlık sinema vardı. Yazları açık havada sinema izlerdik. Haftada bir kaç kez konserler düzenler, eylenirdik. Tavernalar (meyhane), restoranlar tıklım-tıklım olurdu. Arnavutköyde hayat gecenin 2-3-dek devam ederdi”.