1498 dəfə oxunub

Günəşin ən gözəl batdığı yer - Zənzibar

Zənzibardakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Yalan-doğru, amma deyirlər, Zənzibarda hələ 20 min əvvəl də insanlar yaşayırmış. Ta 1873-cü ilə qədər bu arxipelaq Hind okeanında ən böyük qul bazarı sayılırdı.Bir çoxları ekzotik ada deyəndə, nədənsə, yalnız Seyşel, Mavrikiy, Maldiv kimi adaları yada salır. Amma Zənzibar özlüyündə bu sadaladığım adalardan qat-qat maraqlı, ekzotik olmaqla bərabər, həm də zəngin tarixə malik bir arxipelaqdır. Yəni bir turistin ora gedincə, Maldiv, Seyşeldən fərqli olaraq, passiv çimərlik istirahətindən başqa həm də yetərincə tarixi bilgilərini də zənginləşdirmə imkanı əldə edə biləcəyi bir yerdir.

17917460_10211837158031937_3253743326653778288_o

İndiki Tanzaniya 1964-cü ilədək Tanqanika Respublikası adlanırdı, 1964-cü ildə Zənzibarla birləşərək adqoydu nəticəsində Tanzaniya olub.
Zənzibarda əsasən suahili dilinin kişvahili dialektində danışırlar. Britaniya müstəmləkəsi hesabına əhalinin ingilis dili ilə də problemi yoxdur. Adaların əhalisi müsəlmanlardır.

Zənzibara iyundan oktyabradək havanın orta temperaturu +26C olur. Dekabrdan fevraladək - +28-+37C. Amma nəzərə alın ki, Zənzibar ekvatordan cənubda yerləşir, ona görə də dekabr, yanvar, fevral Zənzibarda yay aylarıdır və bu period da orda hava daha isti və quru olur. Aprel-may aylarında yağış mövsümü şuluqluq edir. Yayda da yağış yağa bilər. Bizim iyul səfərimiz zamanı arabir yağışa düşürdük. Amma yay yağışları uzunmüddətli olmur. Çalışın səfəriniz yağış sezonuna düşməsin. İslanmadan əlavə həm də bu vaxt malyariya ağcaqanadının iştahına tuş gəlmə ehtimalınız da böyükdür. Quru iqlim zamanı da oralar ağcaqanaddan boldur, amma yağış sezonundakı ağcaqanadlardan fərqli olaraq, quru hava şəraitində hücüm edən ağcaqanadlar zənən xeylağı olduqlarına görə malyariyaya tutulma ehtimalı aşağı olur. Yola düşməzdən əvvəl özünüzlə mütləq ağcaqanadla güləşən spreylərdən bol-bol götürün.

17966567_10211837163432072_4505648012985058814_o

Yerli okeansahili çimərliklər mərcan riflərindən, laqunalarından tutmuş, delfinlərlə, drayverlər üçün cənnət yerlərlə boldur. Prison adasında nəhəng tısbağalar da şellənirlər, onlara da kiçik qayıqlarla ucuz qiymətə gedib baş çəkə bilərsiz. Yerli bazar Stone Townda sizə mütləq «gəl-gəl» deyəcək. Mən hələ ədviyyat plantasiyalarını demirəm!.. Özüm ədviyyat xəstəsi olduğum üçün hər səfərimdə bu plantasiyalarda gəzişəndə xoşbəxtlikdən əsməcə gəlir mənə. Bələdçi sizi plantasiyada bitən bütün ədviyyatlarla tanış edəcək, real şəraitdə bitən darçın, sarıkök, zəfəran və daha nələr görəcəksiz. Hansını mümkündürsə - hətta dadacaqsız da. Elə oradaca onlardan ala da bilərsiniz.

17973450_10211837164032087_4927778527166292037_o

Otel-filanlar boldur. Müxtəlif qiymətə. Günü 30 dollara okeanın düz sahilindəki kiçik otelimi heç bir Hilton-a dəyişmərəm!.. 

Zənzibara müxtəlif vasitələrlə gedib çıxmaq olar. Təyyarə ilə (bir çox ölkələrdən ora birbaşa uçuşlar var), gəmi ilə. Biz Dar Es-Salaamdan gəmi ilə 1,5 saata çatmışdıq. Gemi ilə gediş qiyməti müxtəlifdir, seçəcəyiniz class-dan asılıdır. Adaya çatınca bələdçilərin, taksi sürücülərinin çoxluğu sizi bir balaca peşman edəcək. Amma bununla belə qiymət saldıra-saldıra onların xidmətlərindən də bəhrələnə bilərsiniz. Hə, bir də, bilmirəm başqalarında necə idi, amma biz gəmidən düşüncə israrla sarı qızdırmaya (желтая лихорадка) qarşı peyvənd olunduğumuz barədə sertifikatı tələb etdilər. Biz də tərslikdən onu Dar Es-Salaamda unutmuşduq. Çox çətinliklə yola gətirdik. Əslində, bu, ilk növbədə, sizin özünüz üçün lazım olan bir şey olduğuna görə getməzdən əvvəl o peyvəndi mütləq vurdurun. İşdi-saiyətdi yaddan çıxsa - limandakı əməkdaşlara bildirib elə oradaca peyvəndlənmə imkanınız da olacaq (məbləğindan xəbərsizəm).

Yeyib-içmək ürəyiniz istəyən kimidir. Yəni alışdığınız restoranlardan tutmuş ta ki, alışmadığınız yerli mətbəx iaşə yerlərinədək. Düzdü, yerli mətbəxdən bir o qədər də çox dadmadım. Ekzotik adına məst olub sifariş etdiyim kokteylin nəticədə xiyar kokteyli olduğundan sonra sarsılmışdım.

17973590_10211837157711929_7497197653101347850_o

Qırmızı kolobus meymunlarıyla yalnız Zənzibarda üz-üzə gəlib dərdləşə bilərsiniz. İnsanlara də öyrəşiblər, adam yerinə qoymadan rahatca işləriylə məşğuldular. Ona görə də doyunca və yaxından tamaşa edə bilərsiniz.

Daha nə qaldı? Nəsə qaldısa - xəbər edin. Ən əsası - ZƏNZİBAR - CANDIR! Mütləq gedin.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ali Akbar

DİGƏR BLOQLAR

Almaniya, Rhine-Ruhr səyahəti. 4 gün – 4 şəhər

Almaniyaya keçən ilin aprel ayında səfər etmişdim. Dedim Almaniya tam dağılmamış bir baş çəkim görüm oraları da, sonra bəlkə qismət olmadı ???? Bir dostum Rhine-Ruhr bölgəsində olan kiçik şəhərlərdən birində yaşadığından kiçik bir məsləhətləşmədən sonra qərara gəlmişdik ki, bu bölgədə 4 gün keçirim və 3 böyük şəhəri qısa zamanda ziyarət edim. Bunlar Köln, Dortmund və modanın mərkəzi Düsseldorf şəhərləri idi. Və dostumun yaşadığı cəmi 100 000 əhalisi olan kiçik Witten şəhərini də nəzərə alanda gəzəcəyim şəhərlərin sayı 4 olacaqdı. 4 günə 4 şəhər – deməli hər şeyi öncədən dəqiqliklə planlamalı idim ki, hər bir şəhərin heç olmasa əsas görməli yerlərinə baş çəkib görə bilim.Ənənəvi olaraq WizzAirin “baş sponsorluğu” ilə Budapeşt hava limanından Dortmunda yola düşdüm. Dortmundan Wittenə 2 dəfə gedib qayıtmamaq və nəqliyyat xərclərinə qənaət etmək üçün qərara almışdım ki, hava limanından düşən kimi birbaşa gedim Dortmundu gəzim və axşama kimi Dortmund səyahətimi bitirim. Dortmund elə də turistik şəhər deyil, yəni gəzilib görüləcək yerləri çox deyil amma yenə də getmisinizsə bir neçə saatınızı ayırıb bu şəhərə baş çəkməyə dəyər.Dortmunda ilk öncə baş çəkməli olduğunuz məkan əlbəttə ki, Westfalenparkdır. Adında da göründüyü kimi bura parkdır. Parkda müxtəlif ağaclar, güllər, çiçəklər, müxtəlif su quşları və dələləri görmək olar. Bizim mərmərli parklarımızdan fərqli olaraq Westfalenparka giriş ödənişlidir, cəmi 1.5 avro (qiymət indi fərqli ola bilər) ödəyərək parkın gözəlliyindən həzz ala bilərsiniz. Qeyd edim ki, parkın rəngarəngliyi ödədiyiniz məbləği sizə unutdurur ???? Park həftənin I və II günləri qapalı olur, qalan digər günlərdə isə ictimaiyyətə açıqdır. Parkda həm uşaqlar həm də böyüklər üçün müxtəlif növ əyləncə növləri mövcuddur. Ərazi çox böyük olduğundan bütün hər yerini gəzmək üçün bir neçə saata ehtiyacınız var, yox əgər mənim o qədər vaxtım yoxdur tez zamanda gəzib sonra gedib 1-2 alman pivəsi içmək istəyirəm deyirsinizsə parkın ərazisində xüsusi olaraq “tənbəllər” üçün qatar var və bu qatara minərək bütün parkın ərazisini qısa zamanda görə bilərsiniz. Xülasə şəhərin hay küyündən, stressindən uzaqlaşmaq istəyirsinizsə bu məkan yardımınıza çatacaqdır, xüsusilə də ilin isti vaxtlarında.Dortmundakı digər görülməli yer isə parkın içərisində yerləşən Florian adlı televiziya qülləsidir. Qüllənin hündürlüyü 220 metrdir və buradan bütün Westfalenpark və Dortmund ayaqlarınızın altında görsənir. Bizim teleqüllədə olduğu kimi Florian qülləsində də restoran var və restoran 209 metr hündürlükdə yerləşir. Buradan bütün Ruhr ərazisinə əla bir panorama açılır. Qülləyə giriş qiyməti 2.5 avro idi, ola bilər ki, indi fərqli qiymətə olsun.Əgər futbol azarkeşisinizsə Dortmunda gəlib də əfsanəvi Dortmund Borusiyasının ev oyunlarını keçirdiyi stadiona baş çəkmədən getmək olmaz. Borusiya Dortmundun ev oyunlarını keçirdiyi Signal İduna Park stadionu Westfalenparkdan bir neçə yüz metr məsafədə yerləşir, rahat gəzə-gəzə stadiona gələ bilərsiniz. Mən orda olanda bazar günü olmasına baxmayaraq stadionda oyun yox idi, stadionun çöl tərəfindəki kiçik meydançada isə kiçik oyuncaq təyyarə və vertolyotların yarışı keçirilirdi. Havada lap şahin kimi süzən kiçik təyyarələr və vertolyotların şousu adamı valeh edirdi.Dortmundda digər görməli yer isə şəhər meydanıdır. Borusiya Dortmundun oyunları bir çox hallarda meydanda olan böyük monitorlardan canlı yayımlanır. Meydanın sağ tərəfində isə maraqlı memarlıq üslubunda tikilmiş İçəri şəhər Divarı dayanır. Meydan Dortmund Dəmir yol vağzalından 1 km məsafədə yerləşir, Dortmunddan keçirisnizsə və bir neçə dəqiqəlik vaxtınız varsa bu meydana baş çəkin məncə.Dortmundda görməli yerləri gəzib günortadan sonra ukraynalı dostum Alyona ilə görüşdük və gecəni keçirəcəyim Witten şəhərinə getdik. Witten Almaniyanın ilk özəl universiteti olan Herdecke universitetinin yerləşdiyi 100 000 əhalisi olan kiçik bir şəhərdir və şəhərdə olan səliqə səhman adamı heyran qoyur. Hər tərəfdə kiçik, rəngarəng evlər. Heç bir evin hasarı yoxdur, bütün evlərin həyəti rəngbərən gül-çiçəklə bəzədilib və demək olar ki, hər evin həyətində kiçik rəngli heykəllər var. Dəmir yolu vağzalından evə kimi hardasa 20 dəqiqə piyada getdik və mən bu şəhərə heyran oldum. Düşündüm ki, bəlkə də ömrümün sonuna kimi burada yaşaya bilərəm.Növbəti gün, Kölnə yola düşməkdən ötrü səhər saat 8də yola çıxdım. Kölnə getmək üçün avtobusa Herdecke universitetinin yanından minməli idi və dayanacağa yol talanın ortasından keçirdi. Səhər saat 8də talada ancaq yaban dovşanlarını görmək olardı, sayları həddindən artıq çox idi. Nəysə avtobusla Essen dəmir yol vağzalına getdim, oradan isə qatarla Kölnə.Köln 2000 illik tarixə malik qədim Alman şəhərlərindən biridir. Reyn çayının sahilində yerləşir. Şəhərin qədimi tikililəri, xüsusən də çay kənarında tikilmiş evlər Kölnü Amsterdama oxşadır. Şəhər kifayət qədər beynəlmiləl olduğundan xeyli sayda türklə qarşılaşa, hətta Kölndə olarkən özünüzü Türkiyədəki kimi hiss edə bilərsiniz. Köln dəmir yolu vağzalından çıxanda sizi iri və heyrətamiz Cologne Dom adlandırılan Köln katedralı qarşılayır. Qotik üslubda tikilmiş katedralı Kölnün simvoludur və bir növ Brnoda görüdüyüm katedrala bənzəyir. Katedralın cənub qülləsinə giriş 3 avrodur. Əgər ayaqlarınıza güvənirsinizsə 509 pillədən ibarət olan 98 metrlik qüllənin təpəsinə qalxa bilərsiniz. Pilləkənlər Qız Qalasında olduğu kimi dairəvi formadadır və yol çox ensizdir, arada durub dincəlmək imkanı yoxdur çunki, dayansanız arxadan insanlar gəldiyindən məcbur siz də tam sürətlə yuxarı çıxmalısınız. Ona görə də qülləyə çıxmamışdan öncə yüz ölçüb bir biçin ???? Amma qülləyə çıxdıqdan sonra Kölnə açılan mənzərə 98 metr pilləkənləri boşuna çıxamadığınızı deyir. Qüllənin təpəsindən Kölnə və Reyn çayına möhtəşəm mənzərə açılır.Kölndə muzeysevərlər üçün çoxlu sayda muzeylər var. Mən şokolad muzeyinə maraq saldığımdan almanlardan əl-qol hərəkətləri ilə şokolad muzeyinin yerini soruşub tapdım, elə muzeyə bir neçə yüz metr qalmış yenidən küçədə duran gənclərdən muzeyin yerini soruşanda məlum oldu ki, bu gün bazar ertəsi günüdür və bütün normal muzeylər kimi şokolad muzeyi də qapalıdır. Kor-peşman şəhər mərkəzinə qayıtdım amma muzeyin yaxınlığına kimi getməyimə dəydi. Kölnün muasir arxitektura münunəsi olan Crane Houses (Kran Evlər) kompleksini yaxından gördüm.Kölnün digər maraqlı turistik yeri isə Tarixi Qədim Şəhər olan hissəsidir. Qədim şəhərin bir hissəsi Reyn çayının sahillərində yerləşir. Sahil boyu damı şiş və rəssam fırçasıyla rənglənibmiş kimi görünən evlər Tarixi Qədim Şəhərin ən maraqlı hissələrində  biridir. Evlərin bir çoxusu hal-hazırda otel kimi fəaliyyət göstərir və çayla evlərin arasında yaşıllıq ərazi var. İlin isti vaxtlarından burada piknik edən almanları görə bilərsiniz. Rəngli binaların arxa tərəfində isə yenə rəngli binalar var bu dəfə isə çay əvəzinə böyük bir meydana çıxırsınız. Meydanın hər tərəfi kafe-restoranlarla əhatə olunub. Məşhur alman pivəsinin dadına baxmaq istəyirsinizsə burda olan restoranlardan birinə oturub bir kölş sifariş edə bilərsiniz. Almaniyanın hər bir şəhərinin, hər bir bölgəsinin özünəxas pivəsi var, Kölndə isə yerli pivə Kölş adlanır. Əslində kölş elə bildiyiniz pivədir amma kölnlü dostunuzun yanında kölşə pivə desəniz sizdən inciyə bilər ???? ona görə kölş deməkdə fayda vardır. Getdiyiniz kafe-publar “ein kolsch bitte” deyə bir kölş sifariş etsəniz ofisiantlarla xoş söhbətə başlamaq üçün yaxşı fürsət ola bilər sizin üçün.Kölnün Tarixi Qədim Şəhər məhəlləsində mütləq görülməli olan yer isə Great St. Martin kilsəsidir. Köln Katedralı kimi əzəmətli olmasa da, bu kilsə də kifayət qədər maraqlı üslubda tikilib və rəngli binaların arasından Ağca və yeddi cırtdan cizgi filmi səhnəsi kimi görsənir.Köln romantikləri də unutmayıb. Belə ki, şəhər mərkəzinə yaxın olan Hohenzollern körpüsü sevgililər üçün nəzərdə tutulub. Körpünün üzəri ilə gəzərkən, körpüdən asılmış minlərlə üzərinə X+Y yazılmış və ya ürək çəkilmiş, tarix həkk edilmiş qıfılları görə bilərsiniz. Hətta nəinki qıfılları seyr edə eləcə də sevgilinizlə getmisinizsə öz adınıza olan qıfılı da körpüdən asa bilərsiniz.Beləcə Köln turumuzu başa vurub axşam Düseldorfa yola düşdük. Amma siz siz olun Kölnlülərə Düseldorfa getdiyinizi deməyin. Çünki Rhine-Ruhr metropolitanının paytaxtının Köln yoxsa Düseldorf olması haqqında uzun illər mübahisə gedib və sonunda Düseldrof metropolitanın paytaxtı statusunu alıb, o gün bu gün, kölnlülərlə düseldorflular bir-birlərinə düşmən-rəqib kimi baxırlar. Kölnlülər düseldorflulara qız vermirlər, düseldorflular da kölnlülərə ərə getmirlər ????Axşam qatarla gəlib çıxdım Düseldorfa. Düseldorflular deyəsən Kölndən gəldiyimi eşitmişdilər, məni heç də xoş qarşılamadılar ???? Elə dəmir yol vağzalından çıxan kimi, hər tərəfin polislər tərəfindən bağlandığını gördüm. Vağzalın qabağındakı meydanda mitinq var idi. Mən də məcbur alternativ yollardan istifadə edib, qalacağım evə yola düşdüm.Alyonanın rəfiqəsi Marigildə qalacaqdım. Dayanacaqdan məni qarşıladılar evə getdik, çantamı filan yerləşdirəndən sonra qərara gəldim ki, Düseldorf Rhine-Ruhr bölgəsinin paytaxtı seçilibsə özü də Avropanın dəb mərkəzlərindən biridirsə, mən mütləq şəhəri gecə də görməliyəm. Xəritəylə hara necə getmək lazım olduğunu öyrəndikdən sonra yola çıxdım şəhər mərkəzinə doğru. Həftənin çərşənbə axşamı günü olmasına baxmayaraq şəhər kifayət qədər aktiv idi. Şəhər mərkəzində olan pubların, kafelərin hamısının önü əylənən insanlarla dolu idi. Bir neçə saat şəhər mərkəzini və Reyn çayının sahilini gəzəndən sonra qayıtdım qaldığım evə, çünki səhər Düsldorfu işıqlı vaxtda kəşf etməli idim. Maridən Düseldorfda street-artla zəngin bir məkanın olduğunu öyrənib səhər birbaşa yollandım ora.Street art bolluğundan əziyyət çəkən bu məkanın adı Kiefernstrasse icmasıdır. Elə Kiefernstrassedə yəni Kiefern küçəsində yerləşir. Məkan şəhər mərkəzindən bir az kənarda olduğundan bir az çətinliklə tapdım məkanı, çünki çox adam belə bir yerin mövcudluğundan xəbərdar deyildi. Nəyahət uzun axtarışlardan sonra gəlib məkanı tapdım. Bura Almaniyanın gəzdiyim bütün yerlərindən fərqli bir əhval ruhiyyəyə sahib idi. Binalar başdan-başa küçə sənəti nümunələri ilə bəzədilmişdi. Nümunələrin gözəlliyi məni o qədər heyran etmişdi ki, vaxtın necə keçdiyindən heç xəbərim də olmamışdı. Şəkilləri çox sözlə təsvir etmək istəmirəm bütün street art nümunələrinin şəkillərini blogda paylaşıram.Sehrli məkanı tərk edib yenidən gəldim Düseldorfun mərkəzinə. Mərkəzdə Burgplatzadlı meydandakı bina görülməli yerlərdən biridir. Çox maraqlı üslubda tikilib. Vaxtınız olarsa Düseldorfdakı tematik parkları gəzə, Reyn çayı bounca sahilə düzülmüş kafe-publarda pivə içə-içə Reyn çayını seyr edə bilərsiniz. Amma yaddan çıxartmayın ki, düseldorflular kölnlüləri sevmirlər ona görə də çaşıb kölş istəməyin ???? Təbii ki, dəb məkanına gəlib alış-veriş etmədən geri qayıtmaq olmazdı. Ona görə də hardasa bir saat mağazalara baş çəkib 1-2 t-shirt aldıqdan sonra üz tutdum Wittenə. Yolum uzun idi, həm də yorulduğumu hiss edirdim.Beləcə Rhine-Ruhr və ilk Almaniya turumu tamamlamış oldum. Gəzdiyim şəhərlər arasında əlbəttə ki, kiçik olsa da Witten xüsusi gözəlliyi, səliqə-səhmanı ilə diqqətimi cəlb etdi amma kiçik şəhər olduğundan düşünürəm ki, bu regionun ən görməli şəhəri məhz elə Köln idi. Kölnlülər Düseldorfu paytaxt seçənlərdən inciməsi normaldır ????Bununla da, daha bir yazımızın sonuna gəldik.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

2137 dəfə oxunub

Sankt-Peterburq, qısaca Piter bələdçisi

Sank-Peterburqdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salamlar hər kəsə!Əgər siz tarix, memarlıq, incəsənət aşiqisinizsə, o zaman mütləq şəkildə ölmədən görüləcək şəhərlərdən biri olan Sankt-Peterburqa baş çəkməlisiniz. Şəhərin haqqında googleda, youtubeda, bloqlarda kifayət qədər məlumat verilib deyə mən mümkün olduğu qədər praktiki məlumatlar verəcəm. Avropaya getməkdən ötrü viza prosedurlarında o qədər pul, vaxt, əsəb xərcləməkdənsə, burdan bura, necə deyərlər əlimizin altındakı Piterlə gəzəyənlik tarixçənizi zənginləşdirə bilərsiniz, nə viza istəyir, nə də çoxlu pul.Buta hava yolları ilə 3 ay əvvəl bileti aldığımıza görə ucuz başa gəldi, gediş-gəliş 241 manat. Butanın saytı fokus-mokus çıxarıb donmasaydı 200 manata da almaq olardı (nəysə). Qalmağa yer üçün gəldikdə Piterin mərkəzində çoxsaylı hostellər var, hostelworld saytından ucuz qiymətə hostellər tapa bilərsiniz. Əsas reytinq balına baxın, rəylərə baxın, locationun tam mərkəzdə olmasına baxın. Bizim qaldığımız hostel çox da əla olmasa da idarə edərdi, 8 gecə üçün 120 azn normaldır məncə.Gəzməli yerlərə gəldikdə, Piterə gedib Ermitaja getməmək günahdır. Mütləq şəkildə 1 gününüzü Ermitaja ayırın, dünya incəsənətinin ən məşhur nümunələri bu möhtəşəm sarayda saxlanılır, bundan başqa Ermitaj həm də çarların yaşayış binası olduğu üçün otaqlardakı möhtəşəmliyə baxdıqca ağlınızı itirəcəksiniz  :D (Ermitaja giriş 700 rubldur)Digər bir gününüzü Peterhof və ya Petrodvorets adlanan yerə ayırın (1-ci və 2-ci şəkillər). Burada Rus çarlarının yay sarayı yerləşir. Sarayın möhtəşəmliyi qarşısında valeh olmamaq mümkün deyil. Rusca bilirsinizsə nə yaxşı, çünki bələdçi xanımlar hər bir otaq haqqında ərtaflı məlumatlar verirlər. Saray daxilində hər bir yarımsaatdan bir qrup halında pulsuz ekskursiyalar olur. Saraydan çıxdıqdan sonra Fin körfəzinə qədər olan böyük parkda gəzib o möhtəşəmliyə bir daha valeh olun. (Saraya giriş 450 rubldur) Bu saraya getməkdən ötrü Avtovo metrosundan çıxıb mini avtobuslara minib 1 saata gedə bilərsiniz.Digər bir gününüzü Çarskoe Selo adlanan yerə ayırın, Bu Piterə təxmini 1 saatlıq məsafədə yerləşən kənddir belə deyək. Yekaterinanın məşhur sarayı bu yerdə yerləşir. (3-cü şəkil). Burada da saray daxilində pulsuz ekskursiyaya qoşulub bələdçi xanımların gözəl izahatı ilə tanış ola bilərsiniz. Burda da sarayın ətrafı böyük bir ərazidə park var, yayda getsəniz böyük gölün ətrafında zövqlə istirahət edə bilərsiniz. (saraya giriş 700 rubldur) Bundan başqa Çarksoe Seloda Yekaterinanın sarayının yanında Puşkinin oxuduğu Litsey binasına da girə bilərsiniz. Şəxsən məni çox təsirləndirmişdi (giriş 150 rubldur). Bu saraya getməkdən ötrü Moskovski metrosundan çıxıb mini avtobuslar ilə 1 saata gedə bilərsiniz.Şəhərin mərkəzində getməli məşhur kilsələr: Kazan Cathedral, Saint İsaac Cathedral, Spas na Krovi adlanan məşhur kilsələrə mütləq baş çəkin. Birinci kilsəyə giriş pulsuz, digər ikisinə giriş 400 rubldur. Saint İsaac kilsəsinə bilet alanda Kolonada deyilən damına çıxmağa da bilet alın. Ordan şəhəri hündürdən müşahidə etmək olur. bütün bu kilsələrə mərkəzdən ayaqla asanlıqla getmək olur.Bundan başqa Piterdə mütləq getməli məkan Grand Maket Rossiya adlı böyük maket muzeyidir. 4 saata ancaq gəzib bitirdiyimiz Rusiyanın bütün bölgələrinin maketidir. Elə möhtəşəm bir məkandır ki, ağzımız açıq qalmışdı. Giriş 480 rubldur. Bu məkan Moskovskiye Vorota adlı metroya yaxın yerləşir.Digər must see yer isə Okeanarium adlı böyük akvariumdur ki, mütləq zövq alacaqsınız.Giriş 600 rubldur. Zveniqorodskaya metrosuna yaxın yerləşir.Əgər dinə bağlı insansınızsa Piterdə çox möhtəşəm məscid də var, ora da baş çəkə bilərsiniz. Biz mərkəzdən ora ayaqla getmişdik deyə hansı metroyla ora getmək olar bilmirəm.Digər getməli yer Petropavlovskaya Krepostdur ki, Ermitajın yanından körpünü keçib ayaqla gedə bilərsiniz. Ayrıca adada yerləşir, bu ada məşhur dovşan heykəlləri ilə məşhurdur.Piterdə nə yeyim, nə içim deyirsinizsə bu barədə korluq çəkməyəcəksiniz. Hər addımda kiçik kafelərdə istər fast food,istər yerli xörəklər, dadlı isti şokoladlar, bitki çayları,blinçiklər, bulkalar yeyə bilərsiniz  :)Metro sistemi çox rahatdır, getməzdən əvvəl googledan Piterin metrosunun sxeminin şəklini telefona yükləyin və rahatlıqla gedə biləcəyiniz yeri tapın. Metroda 1 gediş 45 rubldur. Bundan başqa yandex maps programını mütləq şəkildə yükləyin, çoooox işinizə yarayacaq. Avtobusları da 40 rubldur. Bircə cibgirlərdən muğayat olun, pasport, pul kisəsindən muğayat olun. Qalan elə deyildiyi kimi təhlükəli deyil, ən azından Avropa şəhərlərindən daha təhlükəsizdir.Paylaşdı: Aytən Əliyeva

3069 dəfə oxunub

Balkanlardakı gizli “cənnət” - Albaniya bələdçisi

Biraz uzundur, ümid edirəm, oxuyub, bitirə biləcəksiniz :) Balkanlardakı... gizli “cənnət”Həm ucuz, həm vizasız, həm də gözəl Balkan ölkəsiSizə bu gün bəhs edəcəyim ölkəni kimə tərifləyirəmsə, hamısı ağız büzür, inanmır. Nə bilim, “Sənə balkan lazımdırsa, get Monteneqronu gəz”, “Xorvatiya daha gözəldir”, “Orda da olmuşam", demək üçün getmisən?” - kimi cümlələr qururlar. Hara qədər yalan danışmaq olar?! Maksimum gedib görəcək və: "Səyahətçi, niyə yalan danışırdın?!" deyəcəksiniz. Bəhs etdiyim ölkə Albaniyadır. Üstəlik, azərbaycanlılar üçün vizasızdır.Balkan ölkələrini sayanda az qalırlar üstündən keçələr. Mən şans verdim, gözəlliklərini gördüm. Sizə də məsləhət görürəm.Elə isə başladıqBalkan ölkələrinə səyahət etməyi planlayanda ən ucuz təyyarə biletini elə Albaniyanın paytaxtı Tiranaya tapmışdım. Ona görə səyahəti Albaniya➡Makedoniya➡Monteneqro➡Bosniya və Herseqovina➡Serbiya kimi sıraladım.“Azacık türkçe anlıyor ben”Ölkənin dili albancadır. Ancaq yaşlı nəsil türkçə başa düşür və çətinliklə qarşılıq verə bilirlər. Orta səviyyədə, hətta deyərdim, lap zəif bildiyiniz ingilis dili bu ölkəni gəzməyə kifayət edər. Pul vahidləri isə “leke” adlanır. 1 avro təxminən 125 “leke”dir.Hava limanından şəhərəTirana Hava Limanından şəhər mərkəzinə hər saatbaşı avtobuslar işləyir. Adamın birini 300 “leke”dən (2.4 avro) aparırlar. Məsləhətdir ki, aeroport ərazisində 5, maksimum 10 avrodan artıq pul dəyişməyəsiniz. Çünki mərkəzə baxanda burada avronu çox ucuz alırlar. Mən 5 avro dəyişdim. Yola və suya çatacaq qədər ????Tirana Albaniyanın paytaxtı, eyni zamanda, ən böyük şəhəridir. Osmanlı İmperiyası dövründə qurulduğundan daha çox türk şəhərlərini andırır. II Dünya müharibəsində şəhərin xeyli hissəsi dağılsa da, Osmanlının izləri bu gün də qalıb. Dənizə yaxın, ancaq sahili olmayan bir şəhərdir. Yarım günə, piyada gəzib bitirmək mümkündür. Bütün səyahət yazarları Tiranada, eləcə də, Albaniyada qışın sərt keçdiyini, bura getmək üçün ən uyğun ayların may, iyun, iyul, avqust olduğunu söyləyirlər. Mən də belə etdim. Albaniya səyahətimi iyulun əvvəlinə saldım.Tiranada gəzə biləcəyiniz yerlərBu şəhərdə gəziləcək yerlər elə çox deyil. Parkları, meydanları və şəhər mərkəzində 1822-ci ildənqalma bir saat qülləsi var. Eyni zamanda, gəzdikcə xeyli məscid görəcəksiniz. Piramida şəklində olan məşhur bir binası da var. 1988-ci ildə Ənvər Paşa Muzeyi kimi açılıb, indi sərgi və konfrans mərkəzi kimi fəaliyyət göstərir.Albaniya tarixi ilə maraqlananlar buradakı tarix muzeyinə baş çəkə bilərlər. Təbiəti sevənlər şəhərin şərqindəki Dajti dağına gedə bilərlər. Milli parkdır. Yüksəkliyi 1613 metr olan bu yerdə kanyonlar, şəlalələr, mağaralar, bir də antik dövrlərdən qaldığı deyilən bir qala var. Bir gündən artıq qalmaq istəyənlər üçün yaxşı plan olardı.Şəhərin gecə həyatı çox maraqlıdır. Pub-ları, barları və ya sakitlik sevənlər üçün həzin musiqili restoranları var. Ən yaxşısı da bu məkanların əksəriyyətinin şəhər mərkəzində olmasıdır. Yeriyərək çatmaq mümkündür. Gündüzləri sakit olan şəhərin gecə həyatı dinamik və əyləncəlidir. Ən məşhur əyləncə məkanları parlament binası yaxınlığındadır. Buralar biraz bahalı yerlərdir. Daha ucuz yerlər axtarırsınızsa, “Blloku” adlanan ərziyə gedə bilərsiniz. Burada canlı musiqisi olan kiçik bar və restoranlar var. Əylənməyə gələnlərin əksəriyyəti isə tələbələrdir. Həftə içi saat 12-dək, həftə sonları isə səhər saatlarınadək əylənmək mümkündür.Tarixi Kruje şəhəriMən Tiranada 2 gecə qaldım. Çatdığımız günün ikinci yarısı bu şəhəri gəzib, bitirdim. Səhərisi gün isə Tiranadan 1 saatlıq uzaqlıqda olan Kruje şəhərinə getdim. Bu şəhərə Tirana avtovağzalından hər gün saatbaşı avtobuslar işləyir. Qiyməti alban pulu ilə 300 “leke”, hardasa 2,4 avrodur. Dağlıq, tarixi, gözəl bir yerdir. Burada dağ mənzərəsinə açılan restoranda oturub içdiyim kofenin dadı hələ də damağımdadır.Osmanlı dönəmində şəhərin adı Akçahisar olub. Tirananın 20 kilometr şimalında yerləşir və Albaniyanın ilk köhnə paytaxtıdır. İndiki adı əhatələndiyi Kruya dağından götürülüb.Burada Fateh Sultan Mehmet tərəfindən inşa edilən Kruje Qalasını ziyarət edə bilərsiz. Yüksəklikdə yerləşən qalanın bir hissəsi dağılsa da, gözəl mənzərəyə açılır. Elə bu mənzərəni görmək üçün də yuxarıya qalxmağa dəyər.Hələ buradakı gözəl mənzərəli restoranları demirəm. Qiymətləri də kifayət qədər ucuzdur. Yadımdadır, bu restoranların birində 4 nəfərə doyunca yeyib-içmişdik. Hesab 10 avro gəlmişdi. İnanmayıb, bir də dəqiqləşdirmişdik ????Bayaq dediyim Kruje Qalasınının giriş qapısından köhnə bazar (Köhnə Osmanlı Çarşısı da deyirlər) uzanır. Buradan şəhərlə bağlı suvenir, kitab, nə bilim, şəhər insanlarının hazırladıqları əl işlərindən ala bilərsiniz.Cənubdakı gözəlliklərə doğruNövbəti gün səhər tezdən Albaniya avtovağzalından cənubdakı Sarande şəhərinə yola düşdüm. Yol təxminən 5-6 saat çəkdi. Bir müddətdən sonra yolun mənzərəsi gözəlləşir, darıxmırsan. Avtobus gün ərzində bir neçə dəfə çıxır. Mən səhər tezdən gedənə üstünlük verdim. Yola 10 avro ödədim.Getdiyim şəhər Albaniyanın Sarande bölgəsinin paytaxtıdır. Elə adı da Sarandedir. Adriatik Dənizinin kənarında çox gözəl sahili olan bir şəhərdir. Burada 2 gün dənizin, günəşin və çox dadlı yoqurtlu dondurmanın (qiyməti 100 “leke” – 80 sent) dadını çıxardım. Gecələri isə uzun, bitməyən bulvarını gəzib, limanlarını, orada nizamla düzülmüş gəmilərini izlədim. Dəniz mənzərəsində kofedən ləzzət aldım. Bulvarda çox gözəl, bəzilərində gecələr canlı musiqisi olan restoranları var. Burada müxtəlif növ balıq yeməklərinin dadına baxa bilərsiniz.Sarande çox gözəl sahil şəhəridir. İnsanları mehriban, gülərüzlüdür. Səhərlər insanların çiynində çanta, başında şlyapa dənizə getdiyini, axşamlar isə hamısının qızarmış görünüşdə evə döndüyünü görürsən. Mən də gəldiyim günü və bir gün sonranı dəniz kənarında, günəşlənərək keçirdim. Yaxşıca dincələndən sonrakı növbəti günü Sarandenin 30 kilometrliyində yer alan, “Blue Eye” (albanca “Syri i kaltër” - azərbaycanca mavi göz) adlanan milli parkına yollandım. Sarandedən Elbasan şəhərinə gedən avtobusa mindim. 200 “leke” (1,6 avro) ödədim və “Blue Eye”a gedən yolun üstündə düşdüm. Bundan sonra hardasa 5-6 kilometr piyada yol getdim. Yadımdan çıxmamış onu da deyim ki, Milli Parka giriş üçün də 200 “leke” (1,6 avro) ödəmişdim.Bura Sarandedən gündəlik turlar da təşkil edilir. Qiyməti hardasa 15-20 avro. Təbii, bahadır. Əgər özün bu turu maksimum 5 avroya edə bilirsənsə... 5 avroya gediş-dönüş bileti və kofe almışdım ????Buranın necə bir yer olduğuna gəlincə, məncə, gizli qalmış bir “cənnət”dir. Nə bilim, turistlər arasında məşhur olmayan bir gözəllikdir. Yeraltı mağaradan qaynayıb çıxan bulaq gömgöy rəngdədir. Ətrafı meşəlik, gül-çiçəkdir. İnanmazsınız, güllərin üstünə qonan cırcıramalar da eynən yerin altından çıxan bulağın rəngindədir. Özləri tünd göy, qanadları mavi. Suyu buz kimi, tərtəmiz. Temperaturu 7-8 dərəcə olardı. Burada bir neçə dəfə mağaraya girən dalğıclar dönmədiklərindən suya atlamaq qadağandır. Ancaq kənarında suya girə bilərsiniz. Təsəvvür edin ki, təkcə ayağını suya salan insanların səs-küyü hər yanı bürümüşdü.İcazəli tərəfdəki suya girdim. Ancaq 25 saniyədən artıq qala bilmədim. Çıxanda özümü fərqli hiss edirdim. Ayaqlarım sanki yox idi, bədənim buz kimi, elə bil soyuducudan çıxmışdım. Amma unuda bilməyəcəyim bir təcrübə oldu. Daha öncə bu qədər soyuq suya girdiyimi xatırlamıram.Albaniyanın ən qədim şəhəri – GjirokasterdəEyni gündə yaxınlıqdakı Gjirokaster (türkçə Ergiri) şəhərinə də getdim. Bura Albaniyanın ən qədim şəhərlərindən biridir. UNESCO-nun mədəni irsinə daxil edilib, çox gözəldir. O türklərin dediyi “arnavut kaldırımları” var ha, şəhər təpədən-dırnağa həmin kaldırımlardandır. Bir sözlə, yaktı beni.Hər küçəsi, hər binası tarix olan şəhərin silah muzeyinə girdim. Qiyməti 200 “leke” (1.6 avro). Maraqlı idi. Burada orta əsrlərdənqalma silahlar, toplar, eləcə də, tanklar gördüm. Muzey özü də tarixi qalada yerləşir. Həmin qala Osmanlıdan qaldığı üçün həm də Türkiyə Cumhuriyyətinin qoruması altındadır. Şəhərdə çox maraqlı bazar da vardı. Suvenirlərdən daha çox köhnə silah, hərbi geyimlər, su qabları, keçmişdənqalma alışqanlar, xəncərlər, bıçaqlar və s. satılırdı. Dostlarla aramızda azərbaycanca danışdığımızı eşidən hər kəs Türkiyədən gəldiyimizi düşünüb: “Efendim, hoş geldiniz” – deyə, salamlayırdı.Həmin gün evə qayıdanda, nənəm demiş, “ayaqlarım deyirdi ki, bu dəqiqə səni öldürərəm”. Yəni elə ağrıyırdı. Azı 30 kilometr hərlənmişdim.Ancaq bu, səhər məni Sarandedən 4 kilometrlik məsafədə yerləşən “Lekuresi” Qalasına (Lëkurësi Castle) getməkdən döndərə bilmədi ????Sultan Süleymanın tikdirdiyi – “Lekuresi” QalasıDediyim kimi, şəhərdən 4 kilometr uzaqlıqdadır. Onun 2 kilometrini avtobusla getmək olur, qalan 2-ni piyada qalxmalısan. Özü də yenə kaldırım (bu millət dağın başında yaşayır, dəhşətdir). Çıxanda özümü danlayırdım, amma yuxarıdakı mənzərəni görəndə hər şeyi unutdum ????Qalanı 1537-ci ildə Sultan Süleyman Qanuni tikdirib. Məqsədi yaxınlıqdakı yunan adası Korfuya hücum edərkən bu qala vasitəsilə Sarande limanı və onu Butrintə bağlayan yola nəzarət etmək olub. Yuxarıdan görünənlər isə Butrint, Ksamil qəsəbələri və Sarande şəhəridir.Albaniyanın “Maldivi”Ksamil qəsəbəsi demişkən, buranı Albaniyanın “Maldivləri” adlandırırlar. Sarendedən 5, maksimum 10 kilometr uzaqlıqdadır. Bu qəsəbəyə Sarandedən hər saatbaşı avtobus işləyir. Gediş haqqı 100 “leke”dir (80 sent). Kiçik bir balıqcı qəsəbəsidir. Adriatik və İon dənizlərinin (Adriatik və Aralıq Dənizi arasında yerləşir) qovuşmasındadır. Yaxınlığında bir neçə kiçik adalar var. Çimərlik qəsəbəsidir. Mən də Albaniyadakı son günümü qəşəngcə istirahət edə-edə keçirim dedim. Bütün günü o yaxınlıqdakı adalara üzüb, geri dönmüşəm. Axşama da qəşəngcə qaralmışdım. Bu dediyim kiçik adalar bir-birlərinə çox yaxın yerləşdiyindən burada hovuz effekti yaradır. Yəni, su o qədər sakit olur ki, dibi görünür. Qumu bəyaz, ətrafı yaşıllıq olan yerdə üzməyin ləzzəti ayrıdır.Səhəri gün Albaniyadan Makedoniyaya yola düşdüm. Yerli əhali məsləhət gördü ki, bunun üçün ən yaxşı yol Tiranaya dönüb, oradan Skopyeyə getməkdir. Ancaq mən eyni yolu dönmək istəmədiyim üçün Sarandedən Elbasana (avtobus 7 avro), Elbasandan Prenjas şəhərinə (avtobus 3.2 avro), Prenjasdan isə taksi ilə (4 nəfərə 20 avro) Makedoniyanın Struga şəhərinə getdim. Çətin, ancaq görmədiyim yollar idi. Avtobuslar köhnə idi. Yüksək səsdə alban musiqiləri dinləyə-dinləyə getmişəm ????Biraz da dadlı danışaqAlbaniya mətbəxi Osmanlı, italyan və yunan mətbəxlərinə bənzəyir. Toyuq ciyərindən hazırlanan “Albaniya ciyəri” adlandırdıqları yemək çox məşhurdur. Türklərin “kuru fasülye” dediyi lobya supu, “byrek” adlandırdıqları xəmirdən hazırlanmış, içinə qiymə və ya göyərti, pendir və s. qoyub, bükdükləri yemək, saxsı qabda, sobada hazırladıqları sarımsaqlı, qaymaqlı quzu əti ("Elbasan tava" deyirlər) çox dadlıdır.Bundan əlavə, paxlava, halva, türk mətbəxindən bildiyimiz oxşar şirniyyatları da var. Rakıları türklərinkindən daha tünddür. İçki sevənlər dadına baxa bilər. Ancaq türklərdən fərqli olaraq içəndə su ilə qarışdırmırlar ????Hostellərdə qiymət necədir?Tirananın mərkəzində hostelin 2 gecəsinə 11 avro ödədim. Səhər yeməyi daxil idi. Səhər yeməyi decək, həyəcanlanmayın, cem+yağ (uşaq bağçasını xatırladım), 1 ədəd qaynadılmış yumurta, 1 fincan çay və ya kofedən ibarət idi ????Sarandedə qaldığım hostelin günü 6 avro idi. 5 gecəyə 30 avro ödədim. Hostel çox yeni, dəniz mənzərəli və səliqəli idi.Albaniyaya necə getmək olar?Mən ən ucuz getməyin yolunu İstanbul üzərindən tapdım. Bakıdan “Buta Airways”-lə İstanbula getdim. Bakı-İstanbul-Bakı biletinə 132 avro (təxminən 242 manat) ödəmişdim. İstanbuldan isə “Pegasus”la 53 avroya Tiranaya uçdum (təxminən 97 manat). Dönüşü Serbiyanın paytaxtı Belqraddan İstanbula aldım. Yenə “Pegasus” şirkətindən. Ona da 59 avro (təxminən 108 manat) ödəmişdim. Beləliklə, gediş-gəliş 244 avroya (447 manat) başa gəldi.Albaniyada nə qədər xərclədim?Təyyarə və avtobusa (şəhərlərarası və görməli yerlərə getməklə) 280 avro (513 manat), qalmağa isə (7 gün) 41 avro (75 manat) xərcim çıxdı. Beləliklə, qalmaq və yola 321 avro, yemək, muzey və əyləncəyə də 150 avro xərclədim. Restoranları ucuzdur. Albaniyada bir həftə mənə 471 avroya (860 manat) başa gəldi.Məşhur olmayan gözəlliklərlə dolu AlbaniyaFotolardan da görürsünüz, Albaniya həqiqətən çoxlarının məlumatsız olduğu, gözəl Balkan ölkəsidir. Təəssüf ki, bizdə çoxları ölkənin yalnız paytaxtından ibarət olduğunu düşünür. Mən isə deyirəm ki, ölkəni paytaxtı ilə yarğılamaq olmaz. Hamının anlayacağı İstanbul-Ankara-İzmir, Tbilisi-Batumi fərqini göz önünə gətirin. Nə demək istədiyimi anlayacaqsınız...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Guler Mehdizade

1942 dəfə oxunub

İspaniyadan Azərbaycana 12 gün - İspaniya

#madridtoshaganBir gün qərar verdik ki, Madriddən Bakıya avtotur edək. Və yollarda da minimum pul xərcləyək. Bu məqsədlə hazırlıq gördük, çadır, içərisinə yorğan və odeyallar, termos, balaca manqal, birdəfəlik boşqab, qaşıqlar, balaca qazança aldıq. Və iyunun 30-da səhər yola düzəldik. İspaniya yol sistemi həyatımda gördüyüm (mən isə az görməmişəm) ən mükəmməl sistemlərdən biridir. İstər quruluşu, istər infrastrukturu, istər sırf sürücünün rahatlığına hesablanmış xidmət sahələri. Həm pullu, həm pulsuz. Bu barədə az sonra.Əvvəlcə qeyd edim ki, İspaniyada yolların 90 faizi pulsuzdur. Yəni əsas magistralların. Pullu yollara alternativlər isə o qədər mükəmməldir ki, mən təəccüb edirəm. Saatda 120 km ilə sürmək olar. Ondan yuxarı qadağandır. Yollarda hər 3-4 km-dən bir ya pullu (kafelər, yeməkxanalar, balaca barlar), ya da sırf dincəlməyə hesablanmış və pulsuz olan P nöqtələri var. Onlarda da stol və stul, su, tualet və bəzilərində duş kabinələri var. İdeal təmizlik də öz yerində. Yollarda çox nadir hallarda polis görərsiniz. Əgər ciddi hadisə olmayıbsa heç siz tərəfə baxan da olmayacaq. Ümumilikdə isə İspaniya qanunlarına görə, cəzaya səbəb olacaq hallar bunlardır: uşaqların avtokreslosuz və əmniyyət kəməri bağlamadan getməsi, arxada 3 nəfərdən artıq sərnişinin olması və içkili avtomobil idarə etmək. Qalan bütün məsələlər üçün isə kamera və radarlar var. Vəssalam. Yolboyu polis məntəqələri isə heç yoxdur. Mən bu 5 ildə bircə dəfə yol polisi ilə hansısa kontaktda olmuşam. Onda da yolda dəhşətli yağış yağırdı, onların Guardia Civil deyilən xüsusi qüvvələrinin avtomobilləri gəlib sürücülərə yolu getməkdə kömək etdilər. Hesab edin ki, qarşıda bir polis maşını gedir, arxasınca da bir nə qədər yol maşını. Bu xüsusi qayğı həqiqətən insana güvən verir.Yol kafeləri ayrı aləmdir. Məhz İspaniyada siz yol kafelərində əsl həyatı görürsünüz. Böyük dincəlmə obyektlərindən fərqli olaraq (yanacaqdoldurma, kafe və market) balaca kafelər tam başqadır. Düşünün, bir Pedronun kafesidir,orada həmişə Pedro və oğulları daimi və mənim kimi ixtiyari müştərilərə kofe və qəlyənaltılar təklif edir. Tələsmədən, xüsusi başına fırlanmadan, amma sanki səni illərlə tanıyırmış kimi. Oturub kofeni qurtumladıqca Pedronun daimi müştərilərlə söhbətini dinləyirsən, onlar isə sanki hər şeyi bilir. Özünü bir anlıq ispan hesab edirsən, o mübahisələrə qoşulmaq istəyirsən. İspanlar isə mübahisə etməyi sevir. Həm də bunu ucadan, həvəslə və eyni anda danışaraq edirlər.İspaniya əsasən quru ölkədir. Yəni, Almaniyadakı yaşıllığı burada ancaq şimalda görəcəksiniz. Amma o steplərdə belə yaradılmış şərait insanı valeh edir. Bilirsiniz nədən qaynaqlanır? İspanların həddən artıq rahat olmalarından, özlərinə və ətrafdakılara göstərdikləri səbr və hörmətdən.İspaniyada bəlkə ispan olmayacaqsınız. Amma yaşayıb onların qaydalarına uyduqca onlarda biri olacaqsınız. Sizi sevəcəklər, nə olur olsun təbəssümlə qarşılayacaqlar. Bu ölkənin hər şəhərində fərqli İspaniya görəcəksiniz. Ən sevimli andaluslar, mehriban madridlilər, özündənrazı katalanlar, ispanları sevməyən basklar... Amma ortaq bir cəhətləri var, onlar özlərini sevir və hörmət edirlər. Qarşıdakından da bunu gördükcə eyni münasibəti göstərirlər.İspaniya nağıldır. O heç adi Avropa deyil. O səni hər dəfə başqa dünyaya aparan nağıldır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Vento Favoravel

738 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!