2129 dəfə oxunub

Almaniya, Rhine-Ruhr səyahəti. 4 gün – 4 şəhər

Almaniyaya keçən ilin aprel ayında səfər etmişdim. Dedim Almaniya tam dağılmamış bir baş çəkim görüm oraları da, sonra bəlkə qismət olmadı ???? Bir dostum Rhine-Ruhr bölgəsində olan kiçik şəhərlərdən birində yaşadığından kiçik bir məsləhətləşmədən sonra qərara gəlmişdik ki, bu bölgədə 4 gün keçirim və 3 böyük şəhəri qısa zamanda ziyarət edim. Bunlar KölnDortmund və modanın mərkəzi Düsseldorf şəhərləri idi. Və dostumun yaşadığı cəmi 100 000 əhalisi olan kiçik Witten şəhərini də nəzərə alanda gəzəcəyim şəhərlərin sayı 4 olacaqdı. 4 günə 4 şəhər – deməli hər şeyi öncədən dəqiqliklə planlamalı idim ki, hər bir şəhərin heç olmasa əsas görməli yerlərinə baş çəkib görə bilim.

Ənənəvi olaraq WizzAirin “baş sponsorluğu” ilə Budapeşt hava limanından Dortmunda yola düşdüm. Dortmundan Wittenə 2 dəfə gedib qayıtmamaq və nəqliyyat xərclərinə qənaət etmək üçün qərara almışdım ki, hava limanından düşən kimi birbaşa gedim Dortmundu gəzim və axşama kimi Dortmund səyahətimi bitirim. Dortmund elə də turistik şəhər deyil, yəni gəzilib görüləcək yerləri çox deyil amma yenə də getmisinizsə bir neçə saatınızı ayırıb bu şəhərə baş çəkməyə dəyər.

sirinbina

Dortmunda ilk öncə baş çəkməli olduğunuz məkan əlbəttə ki, Westfalenparkdır. Adında da göründüyü kimi bura parkdır. Parkda müxtəlif ağaclar, güllər, çiçəklər, müxtəlif su quşları və dələləri görmək olar. Bizim mərmərli parklarımızdan fərqli olaraq Westfalenparka giriş ödənişlidir, cəmi 1.5 avro (qiymət indi fərqli ola bilər) ödəyərək parkın gözəlliyindən həzz ala bilərsiniz. Qeyd edim ki, parkın rəngarəngliyi ödədiyiniz məbləği sizə unutdurur ???? Park həftənin I və II günləri qapalı olur, qalan digər günlərdə isə ictimaiyyətə açıqdır. Parkda həm uşaqlar həm də böyüklər üçün müxtəlif növ əyləncə növləri mövcuddur. Ərazi çox böyük olduğundan bütün hər yerini gəzmək üçün bir neçə saata ehtiyacınız var, yox əgər mənim o qədər vaxtım yoxdur tez zamanda gəzib sonra gedib 1-2 alman pivəsi içmək istəyirəm deyirsinizsə parkın ərazisində xüsusi olaraq “tənbəllər” üçün qatar var və bu qatara minərək bütün parkın ərazisini qısa zamanda görə bilərsiniz. Xülasə şəhərin hay küyündən, stressindən uzaqlaşmaq istəyirsinizsə bu məkan yardımınıza çatacaqdır, xüsusilə də ilin isti vaxtlarında.

Dortmundakı digər görülməli yer isə parkın içərisində yerləşən Florian adlı televiziya qülləsidir. Qüllənin hündürlüyü 220 metrdir və buradan bütün Westfalenpark və Dortmund ayaqlarınızın altında görsənir. Bizim teleqüllədə olduğu kimi Florian qülləsində də restoran var və restoran 209 metr hündürlükdə yerləşir. Buradan bütün Ruhr ərazisinə əla bir panorama açılır. Qülləyə giriş qiyməti 2.5 avro idi, ola bilər ki, indi fərqli qiymətə olsun.

koln

Əgər futbol azarkeşisinizsə Dortmunda gəlib də əfsanəvi Dortmund Borusiyasının ev oyunlarını keçirdiyi stadiona baş çəkmədən getmək olmaz. Borusiya Dortmundun ev oyunlarını keçirdiyi Signal İduna Park stadionu Westfalenparkdan bir neçə yüz metr məsafədə yerləşir, rahat gəzə-gəzə stadiona gələ bilərsiniz. Mən orda olanda bazar günü olmasına baxmayaraq stadionda oyun yox idi, stadionun çöl tərəfindəki kiçik meydançada isə kiçik oyuncaq təyyarə və vertolyotların yarışı keçirilirdi. Havada lap şahin kimi süzən kiçik təyyarələr və vertolyotların şousu adamı valeh edirdi.

Dortmundda digər görməli yer isə şəhər meydanıdır. Borusiya Dortmundun oyunları bir çox hallarda meydanda olan böyük monitorlardan canlı yayımlanır. Meydanın sağ tərəfində isə maraqlı memarlıq üslubunda tikilmiş İçəri şəhər Divarı dayanır. Meydan Dortmund Dəmir yol vağzalından 1 km məsafədə yerləşir, Dortmunddan keçirisnizsə və bir neçə dəqiqəlik vaxtınız varsa bu meydana baş çəkin məncə.

Dortmundda görməli yerləri gəzib günortadan sonra ukraynalı dostum Alyona ilə görüşdük və gecəni keçirəcəyim Witten şəhərinə getdik. Witten Almaniyanın ilk özəl universiteti olan Herdecke universitetinin yerləşdiyi 100 000 əhalisi olan kiçik bir şəhərdir və şəhərdə olan səliqə səhman adamı heyran qoyur. Hər tərəfdə kiçik, rəngarəng evlər. Heç bir evin hasarı yoxdur, bütün evlərin həyəti rəngbərən gül-çiçəklə bəzədilib və demək olar ki, hər evin həyətində kiçik rəngli heykəllər var. Dəmir yolu vağzalından evə kimi hardasa 20 dəqiqə piyada getdik və mən bu şəhərə heyran oldum. Düşündüm ki, bəlkə də ömrümün sonuna kimi burada yaşaya bilərəm.

Növbəti gün, Kölnə yola düşməkdən ötrü səhər saat 8də yola çıxdım. Kölnə getmək üçün avtobusa Herdecke universitetinin yanından minməli idi və dayanacağa yol talanın ortasından keçirdi. Səhər saat 8də talada ancaq yaban dovşanlarını görmək olardı, sayları həddindən artıq çox idi. Nəysə avtobusla Essen dəmir yol vağzalına getdim, oradan isə qatarla Kölnə.

Köln 2000 illik tarixə malik qədim Alman şəhərlərindən biridir. Reyn çayının sahilində yerləşir. Şəhərin qədimi tikililəri, xüsusən də çay kənarında tikilmiş evlər Kölnü Amsterdama oxşadır. Şəhər kifayət qədər beynəlmiləl olduğundan xeyli sayda türklə qarşılaşa, hətta Kölndə olarkən özünüzü Türkiyədəki kimi hiss edə bilərsiniz. Köln dəmir yolu vağzalından çıxanda sizi iri və heyrətamiz Cologne Dom adlandırılan Köln katedralı qarşılayır. Qotik üslubda tikilmiş katedralı Kölnün simvoludur və bir növ Brnoda görüdüyüm katedrala bənzəyir. Katedralın cənub qülləsinə giriş 3 avrodur. Əgər ayaqlarınıza güvənirsinizsə 509 pillədən ibarət olan 98 metrlik qüllənin təpəsinə qalxa bilərsiniz. Pilləkənlər Qız Qalasında olduğu kimi dairəvi formadadır və yol çox ensizdir, arada durub dincəlmək imkanı yoxdur çunki, dayansanız arxadan insanlar gəldiyindən məcbur siz də tam sürətlə yuxarı çıxmalısınız. Ona görə də qülləyə çıxmamışdan öncə yüz ölçüb bir biçin ???? Amma qülləyə çıxdıqdan sonra Kölnə açılan mənzərə 98 metr pilləkənləri boşuna çıxamadığınızı deyir. Qüllənin təpəsindən Kölnə və Reyn çayına möhtəşəm mənzərə açılır.

alm2

Kölndə muzeysevərlər üçün çoxlu sayda muzeylər var. Mən şokolad muzeyinə maraq saldığımdan almanlardan əl-qol hərəkətləri ilə şokolad muzeyinin yerini soruşub tapdım, elə muzeyə bir neçə yüz metr qalmış yenidən küçədə duran gənclərdən muzeyin yerini soruşanda məlum oldu ki, bu gün bazar ertəsi günüdür və bütün normal muzeylər kimi şokolad muzeyi də qapalıdır. Kor-peşman şəhər mərkəzinə qayıtdım amma muzeyin yaxınlığına kimi getməyimə dəydi. Kölnün muasir arxitektura münunəsi olan Crane Houses (Kran Evlər) kompleksini yaxından gördüm.

Kölnün digər maraqlı turistik yeri isə Tarixi Qədim Şəhər olan hissəsidir. Qədim şəhərin bir hissəsi Reyn çayının sahillərində yerləşir. Sahil boyu damı şiş və rəssam fırçasıyla rənglənibmiş kimi görünən evlər Tarixi Qədim Şəhərin ən maraqlı hissələrində  biridir. Evlərin bir çoxusu hal-hazırda otel kimi fəaliyyət göstərir və çayla evlərin arasında yaşıllıq ərazi var. İlin isti vaxtlarından burada piknik edən almanları görə bilərsiniz. Rəngli binaların arxa tərəfində isə yenə rəngli binalar var bu dəfə isə çay əvəzinə böyük bir meydana çıxırsınız. Meydanın hər tərəfi kafe-restoranlarla əhatə olunub. Məşhur alman pivəsinin dadına baxmaq istəyirsinizsə burda olan restoranlardan birinə oturub bir kölş sifariş edə bilərsiniz. Almaniyanın hər bir şəhərinin, hər bir bölgəsinin özünəxas pivəsi var, Kölndə isə yerli pivə Kölş adlanır. Əslində kölş elə bildiyiniz pivədir amma kölnlü dostunuzun yanında kölşə pivə desəniz sizdən inciyə bilər ???? ona görə kölş deməkdə fayda vardır. Getdiyiniz kafe-publar “ein kolsch bitte” deyə bir kölş sifariş etsəniz ofisiantlarla xoş söhbətə başlamaq üçün yaxşı fürsət ola bilər sizin üçün.

Kölnün Tarixi Qədim Şəhər məhəlləsində mütləq görülməli olan yer isə Great St. Martin kilsəsidir. Köln Katedralı kimi əzəmətli olmasa da, bu kilsə də kifayət qədər maraqlı üslubda tikilib və rəngli binaların arasından Ağca və yeddi cırtdan cizgi filmi səhnəsi kimi görsənir.

Köln romantikləri də unutmayıb. Belə ki, şəhər mərkəzinə yaxın olan Hohenzollern körpüsü sevgililər üçün nəzərdə tutulub. Körpünün üzəri ilə gəzərkən, körpüdən asılmış minlərlə üzərinə X+Y yazılmış və ya ürək çəkilmiş, tarix həkk edilmiş qıfılları görə bilərsiniz. Hətta nəinki qıfılları seyr edə eləcə də sevgilinizlə getmisinizsə öz adınıza olan qıfılı da körpüdən asa bilərsiniz.

Beləcə Köln turumuzu başa vurub axşam Düseldorfa yola düşdük. Amma siz siz olun Kölnlülərə Düseldorfa getdiyinizi deməyin. Çünki Rhine-Ruhr metropolitanının paytaxtının Köln yoxsa Düseldorf olması haqqında uzun illər mübahisə gedib və sonunda Düseldrof metropolitanın paytaxtı statusunu alıb, o gün bu gün, kölnlülərlə düseldorflular bir-birlərinə düşmən-rəqib kimi baxırlar. Kölnlülər düseldorflulara qız vermirlər, düseldorflular da kölnlülərə ərə getmirlər ????

Axşam qatarla gəlib çıxdım Düseldorfa. Düseldorflular deyəsən Kölndən gəldiyimi eşitmişdilər, məni heç də xoş qarşılamadılar ???? Elə dəmir yol vağzalından çıxan kimi, hər tərəfin polislər tərəfindən bağlandığını gördüm. Vağzalın qabağındakı meydanda mitinq var idi. Mən də məcbur alternativ yollardan istifadə edib, qalacağım evə yola düşdüm.

Alyonanın rəfiqəsi Marigildə qalacaqdım. Dayanacaqdan məni qarşıladılar evə getdik, çantamı filan yerləşdirəndən sonra qərara gəldim ki, Düseldorf Rhine-Ruhr bölgəsinin paytaxtı seçilibsə özü də Avropanın dəb mərkəzlərindən biridirsə, mən mütləq şəhəri gecə də görməliyəm. Xəritəylə hara necə getmək lazım olduğunu öyrəndikdən sonra yola çıxdım şəhər mərkəzinə doğru. Həftənin çərşənbə axşamı günü olmasına baxmayaraq şəhər kifayət qədər aktiv idi. Şəhər mərkəzində olan pubların, kafelərin hamısının önü əylənən insanlarla dolu idi. Bir neçə saat şəhər mərkəzini və Reyn çayının sahilini gəzəndən sonra qayıtdım qaldığım evə, çünki səhər Düsldorfu işıqlı vaxtda kəşf etməli idim. Maridən Düseldorfda street-artla zəngin bir məkanın olduğunu öyrənib səhər birbaşa yollandım ora.

20150419_205331_lls

Street art bolluğundan əziyyət çəkən bu məkanın adı Kiefernstrasse icmasıdır. Elə Kiefernstrassedə yəni Kiefern küçəsində yerləşir. Məkan şəhər mərkəzindən bir az kənarda olduğundan bir az çətinliklə tapdım məkanı, çünki çox adam belə bir yerin mövcudluğundan xəbərdar deyildi. Nəyahət uzun axtarışlardan sonra gəlib məkanı tapdım. Bura Almaniyanın gəzdiyim bütün yerlərindən fərqli bir əhval ruhiyyəyə sahib idi. Binalar başdan-başa küçə sənəti nümunələri ilə bəzədilmişdi. Nümunələrin gözəlliyi məni o qədər heyran etmişdi ki, vaxtın necə keçdiyindən heç xəbərim də olmamışdı. Şəkilləri çox sözlə təsvir etmək istəmirəm bütün street art nümunələrinin şəkillərini blogda paylaşıram.

Sehrli məkanı tərk edib yenidən gəldim Düseldorfun mərkəzinə. Mərkəzdə Burgplatzadlı meydandakı bina görülməli yerlərdən biridir. Çox maraqlı üslubda tikilib. Vaxtınız olarsa Düseldorfdakı tematik parkları gəzə, Reyn çayı bounca sahilə düzülmüş kafe-publarda pivə içə-içə Reyn çayını seyr edə bilərsiniz. Amma yaddan çıxartmayın ki, düseldorflular kölnlüləri sevmirlər ona görə də çaşıb kölş istəməyin ???? Təbii ki, dəb məkanına gəlib alış-veriş etmədən geri qayıtmaq olmazdı. Ona görə də hardasa bir saat mağazalara baş çəkib 1-2 t-shirt aldıqdan sonra üz tutdum Wittenə. Yolum uzun idi, həm də yorulduğumu hiss edirdim.

Beləcə Rhine-Ruhr və ilk Almaniya turumu tamamlamış oldum. Gəzdiyim şəhərlər arasında əlbəttə ki, kiçik olsa da Witten xüsusi gözəlliyi, səliqə-səhmanı ilə diqqətimi cəlb etdi amma kiçik şəhər olduğundan düşünürəm ki, bu regionun ən görməli şəhəri məhz elə Köln idi. Kölnlülər Düseldorfu paytaxt seçənlərdən inciməsi normaldır ????

Bununla da, daha bir yazımızın sonuna gəldik.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Babek Musa-Zadeh

DİGƏR BLOQLAR

İzmir bələdçisi (Part 1)

İzmir səyahəti / 3-10 sentyabr  1 aylıq Bakıya gəlib məsuliyyət anlayışı olmayan adamlar ilə işimi tamamladıqdan sonra qərar verdim ki, mənim beynim sadəcə 1 həftə hər şeydən kənarda dincəlmək istəyir... Beləliklə uçuş vaxtına 2 həftə qalmış kifayət qədər ucuz biletlər tapıb yollandım səyahətə. Əsas məsələ: vaksin sertifikatım yoxdur (hələ çiplənməmişəm, amma bu səyahətdə vaksinə görə keçirdiyim stress-dən sonra qərara (tam olmasa da, hələ də tərəddüd edirəm) gəlmişəm ki, sırf səyahət burnumdan gəlməsin deyə çiplənəcəm). Varşava – Lviv / LOT Polish Airlines / Economy Saver tarifi (8 kq əl yükü ilə) Uçuş Embraer 195 təyyarəsi ilə həyata keçirildi, visitukraine.today saytından ölkəyə giriş-çıxış qaydalarını oxudum (Niquş-dan soruşmadım ????), antigen testimi verdim və online check-in edib getdim birbaşa gate-ə (hava limanında qeydiyyat masalarına yaxınlaşmadan). Üstün cəhəti: əl yükünü ölçən olmadı. Uçuş zamanı su və snacks-lər (3 növ, əsasən şirin) təqdim etdilər (sağ olsunlar). Lviv-da 8 saat tranzit müddətim var idi, amma hava limanında tranzit zona olmadığı üçün və vaxtımın çox olduğunu nəzərə alaraq dedim ölkəyə daxil oluramsa gedim bir şəhəri gəzim, yeyib-içim. Mən Vdoma mobil tətbiqini yükləməmişdim, onu mütləq yükləyin (test verib gedənlər), çünki gömrük işçiləri sizi onsuz (mobil tətbiqsiz) ümumiyyətlə pasport nəzarətinə buraxmayacaqlar. Hava limanında pulsuz WiFi var. Hava limanından mərkəzə 10 UAH-a bilet alıb avtobus ilə getmək olar (25 dəq). Ödəniş yalnız nağd qəbul edilir avtobuslarda, təəssüf ki. Opera Teatrını və ətrafını, parkları, mərkəzi küçələri (Old Town) gəzdikdən sonra yollandım ən sevdiyim iki yerə: Lviv Handmade Chocolate və Pyanaya Vishnya (ölkəyə girmək məqsədim bu 2 yerə getmək idi). Bol şokolad və içki alıb (gömrük qaydalarına uyğun olaraq) dedim gedim bir ukrainski borş yeyim. Mərkəzdə göz oxşayan restoran çox idi, amma nədənsə bir steak house-u (Churrasco Grill & Beer) çox bəyəndim. Hələ ordaca bir borş və hinduşka ətindən steak vurdum bədənə, üstündən də gaşax kofe içdim (üstünə 2 kilo qaymaq qoymuşdular, unutdum deyəm ki: "qaqa, bu qlamurlar üçün nəzərdə tutulmuş zadı mənim qəhvəmin üzərinə zırlama başına dönüm ????"), hesabı kart ilə ödədim (cəmi 25cə manat, şokdasınız? elə mən də!) və qayıtdım hava limanına gedən avtobusu tapmağa. Soruşmadan ("rus dilində danışsam döyərlər, qoy luçşe Google maps-a baxım") gəldim çıxdım avtobus dayanacağına. 10-15 dəq gözlədim və vualya: avtobus gəldi, yenə də 10 UAH-a bilet aldım avtobus içində sürücüdən və 25 dəq içində oldum hava limanında. Beləliklə, ortalama 5-6 saat içində Lviv-u alt-üst edib getdim növbəti uçuşa. Yeri gəlmişkən, hava limanında cəmi 10 USD dəyişdim ki, avtobus pulunu verməyə üzərimdə nağd pul olsun (90% cibimdə qaldı, növbəti səfərlər üçün). Qalan hər yerdə ödənişlərimi Revolut kartı ilə (Apple Pay vasitəsi ilə) və ya Pasha Miles Platinum kartım ilə həyata keçirirdim (exchange dərdi çəkmədən). Daha bir vacib məqam: sığorta – visitukraine.today saytında bir neçə sığorta şirkəti var, amma qiymətləri və minimum 3 günlük sığorta etməklərini bəyənmədim deyə google edib oneclick.ua saytını tapdım və 1 günlük sığortaya təxmini 2,5 AZN verdim. “Lviv, növbəti görüşlərədək” deyib, sevimli aviaşirkətim THY ilə İstanbula, ordan isə İzmirə uçuşa yollandım... Lviv – İstanbul – Varşava / THY / 40 kq baqaj + 8 kq əl yükü daxil İstanbul – İzmir – İstanbul / THY / 25 kq baqaj + 8 kq əl yükü daxil Lviv-dan İstanbula uçmaq üçün əlbəttə ki ilk öncə Türkiyəyə giriş qaydaları ilə tanış olmalı idim. Bunu THY-nin və İATA-nın rəsmi saytları vasitəsi ilə etdim (yenə də Niquş-dan soruşmadım ????). Vaksin sertifikatı olmadığı üçün antigen və ya PCR testlərinin nəticələri ilə Türkiyəyə uça bilərdim. Varşavada verdiyim antigen testi ilə Varşava – Lviv uçuşundan sonra Lviv – İstanbul uçuşuna da keçdim (Lviv-da test verməyə ehtiyac olmadı, çünki 48 saat müddətini aşmamışdım). HES kod: register.health.gov.tr saytından qeydiyyatdan keçərək kodu əldə etdim (hava limanında etdim, cəmi 2 dəq zamanımı aldı). Uçuş Airbus təyyarəsi ilə həyata keçirildi. Uçuş zamanı isti yemək, içki (isti, soyuq və alkoqol) və gigiyena seti təqdim edildi. Yeri gəlmişkən, biletlərimi ayrı-ayrı almışdım, amma qeydiyyat (check-in) zamanı hər iki PNR / booking kodu göstərdim, baqajı birbaşa İzmirə rəsmiləşdirdilər, mənə də 2 boarding pass (Lviv – İstanbul və İstanbul – İzmir) verdilər. İstanbulda test nəticələrinə pasport nəzarətində heç baxan belə olmadı, daxili uçuşlar (iç hatlar) transferi ilə keçəndə pasporta möhür vurub dedilər hadi bay-bay ???? Test nəticələrini və HES kodu yalnız Lviv-da boarding zamanı istəmişdilər. İstanbul hava limanında 6 saat tranzit müddətim var idi və gecəni hava limanında qalmalı olduğum üçün yatmağa yer lazım idi. İlk öncə, THY-nin mobil tətbiqindən Flight Status bölməsinə keçid alaraq İstanbul – İzmir uçuşunun səhər hansı gate-dən olacağına baxdım (hava limanında bu məlumat uçuşa 1 saat qalmış elan edilir ekranlarda, lakin mobil tətbiq-də bu məlumat 12 saat qabaqcadan göstərilir). Daxili uçuşlar üçün nəzərdə tutulmuş terminalda da beynəlxalq uçuşlar üçün nəzərdə tutulmuş terminalda olduğu kimi xüsusi zona var və orda uzanmaq üçün kreslolar var. Hələ həmin kreslolarda 3-4 saat mürgülədim və səhər 5:30da naçalnik (oxu: budilnik) məni oyatdı ki, bala dur get uçuşa... Artıq gate-i bilirdim deyə birbaşa getdim uçuş qapısına doğru. Təyyarəyə mindik, uçuş müddəti 40 dəqiqə, uçuş zamanı yalnız su verdilər (THY gözümdən nətər düşdüsə bu uçuşdan sonra qayıdıb feedback yazmışam, LOT, Buta və AZAL-ın qısa məsafəli uçuşlarını nümünə gətirərək, ümid edirəm nəzərə alarlar). İzmirdə enəndə daxili uçuşlar üçün nəzərdə tutulmuş terminala gəldim, amma sonra öyrəndim ki, baqajı Lviv-da təhvil verdiyim üçün beynəlxalq uçuşlar üçün nəzərdə tutulmuş terminala getməliyəm. 10 dəqiqə piyada gedib terminala çatdım, baqajımı götürdüm və yollandım hara? Əlbəttə ki, bron etdiyim otelə, early check-in üçün... davamı növbəti postda! Tezliklə! Şəxsi instagram hesabım: @ilgarafandiFaydalı olmaq diləyi ilə!#ilgarafandi #tripbyilgar #tripbyafandi #t2taz #time2travelaz #gzynlr #gezeyenler #lviv #turkishairlines #thyP.s. Səyahət ilə bağlı bütün postlarımı həm instagramda, həm də qrupda #tripbyafandi hashtagi altında oxuya bilərsiniz ???? 

1304 dəfə oxunub

İndoneziya - Bali bələdçisi

Balidəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bali adası İndoneziyada yerləşən adalardan biridi. Vizasız rejimdi, istədiyiniz vaxt səfərinizi planlaya bilərsiniz. Yeganə xərc götürən məsələ təyyarə biletidi. Sezon vaxtı baha olur. Mən əvvəlcədən Türk hava yollarından almağıma baxmayaraq, İyul ayında Qatar biletlərdə birdən endirim etdi. Ona görə də yerli tur şirkətləri maraqlı və uyğun paketlər təqdim edirdi. Amma noyabr ayına idi. Noyabr ayı yağışların çox olduğu ay hesab olunur. Ümumiyyətlə isə Balidə sezon may ayından oktyabrın sonuna kimi hesab olunur. Öz səfərim vaxtı getdiyim yerləri, marşrutları qeyd etməyə çalışmışam. İnternetdə yetəri qədər məlumat var idi, özümə uyğun turları, marşrutu əvvəlcədən seçdiyimə görə bir az rahat oldu. https://gidnabali.ru/ - Bu saytda bütün turların marşrutu var. Onlardan istifadə edib turlara gedə bilərsiniz. Ancaq orada göstərilən qiymət çox bahadı. Daha ucuzunu dəniz kənarında, şəhərin müxtəlif hissələrində tapmaq olar.Balidə Safari Park turuna getməklə həm gözəl təbiəti görə bilərsiniz, həm də Agung teatrında yerli ənənələri əks etdirən tamaşa izləyə bilərsiniz. Teatrın girişində Hinduizmin əsas tanrılarından olan Ganesha-nın böyük heykəli qoyulub. Hündürlüyü 9 metrdir. Ganesha ağıl, müdriklik tanrısıdı, Balines mədəniyyətinin bir parçasıdı. Bundan başqa Bali Safari parkda digər şoular var. Onları da izləmək olar. Həmçinin əyləncə üçün digər yerlər var.Balidə əsas gəziləsi yerlər qədim məbədlər sayılır. Məbədləri gəzərkən yol üstündə maraqlı marşrut da var. Tanah Lot, Ulun Danu məbədi, Bratan gölü, meyvə bazarı, çiyələk sahələri. Həm məbədləri görmək, həm də yerli meyvələri almaq imkanınız var. Çiyələk sahəsində səhər vaxtı olsanız, özünüz üçün toplaya bilərsiniz. Tanah Lot məbədinin özünü görmək üçün mütləqUbud əsas marşrut sayılır. Bu istiqamətdə getsəniz Tirta Empul məbədini, kofe sahələrini, düyü terraslarını görmək imkanınız olacaq.Həmçinin vuıkanik mənşəli olan Batur gölünü də görə bilərsiniz. Xüsusi qeyd, dumanlı vaxtı ora getməyin, heç nə görə bilməyəcəksiniz. Bundan əlavə Hiking sevənlər üçün Agung vulkanına turlar olur. Mən olan vaxtı bağlı idi, vulkanın aktivləşməsinə görə. Bundan əlavə taxta, gümüş, parçadan əl işləri hazırlayan ustaları görə bilərsiniz. Xüsusilə parça toxuma yerində həmin toxunan parçaları, onlardan hazırlanan paltarların satışı həyata keçirilir.Bütün İndoneziyanı gəzmək imkanı olmayan şəxslər üçün Taman Nusa parkı çox gözəl yerdi. Bütün ölkəni bir parka toplaya biliblər, bütün adalarda yerləşən kəndləri adbaad və müvafiq evlərin maketini qurublar. İndoneziyanın qədim dövründən müasir dövrünə kimi. Ümumilikdə 15 ha ərazini əhatə edir. Giriş bileti adama 350.000 rupidi (42manat).Bali adasının şərq tərəfi çox maraqlıdı. Həm tarixi baxımdan, həm də təbiəti baxımdan. Burada Qoa Lavah məbədi yerləşir, bundan əlavə yol üstündə 2 su sarayında ola bilərsiniz - Taman Ucung və Titra Ganga su sarayında. Vaxtınızı planlaya bilsəniz White sand beach çimərliyində ola bilərsiniz. Əksər çimərliklər Hind okeanı sahilində yerləşir. Şərqdə olan bu çimərlik isə Sakit okeanın sahilində. Bununla siz hər iki okeanı görmək şansınız olur.Çimərliklər - Padang-padang, Suluban və Cimbaran çimərlikləri var. Cimbaran əsasən axşam yeməyi üçündü, dəniz sahilində yaxşı restoranlar var. Digər iki çimərlikdə üzmək imkanınız var, xüsusilə Padang-padangda. Hər ikisində ağ qumlu sahili var. Surfing imkanı daha çox Sulubandadı. Hind okeanın sahilində yerləşir. Çimərliklərə giriş pulludur, amma baha deyil - 10-15min rupi (1.2 - 1.8 manat).Yarım günlük tur götürüb yuxarıda qeyd olunan çimərlikdə üzüb, axşam möhtəşəm gün batışını izləmək üçün Uluvatu məbədinə gedə bilərsiniz. Burada hər gün axşam Keçak/Alov rəqsi təşkil olunur. Xüsusi dini mərasim sayılır. Günün qürubu fonunda rəqs edilir, dini hekayə anlatılır. Giriş bileti 100 min rupidi (12manat)Əlavə ekstrim həvəskarları Rafting, Snorkeling kimi turlara qatıla bilər. Həmçinin dəniz turları da var.Qeyd: Bütün məbədlərə giriş biletlərini turist özü alır, amma elə də baha deyil. 20-50min rupi (2.5-6 manat) arasında dəyişir.Qeyd2: 2 nəfər üçün təyyarə biletinə 1900$ ödəniş etmişdim. 330$ booking-dən 15 günlük otel xərci. Digər xərclər isə istəyə görə turlar, yemək xərcləməsi.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nicat Quluzadə ‎

1570 dəfə oxunub

Sicilya bələdçisi - I hissə

Sicilyadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiniz.Hamımızın planımızda mütləq gəzəcəm dediyimiz bəlli ölkələr və şəhərlər var. Hələ “La vita e bella”, “Il bisbetico domato” , “Nuovo cinema paradiso” filmlərinə baxarkən mütləq İtaliyaya gedəcəm qərarına gəlmişdim. Məlahətli, emosional italyan dili, üzüm bağları, mavi dəniz, pesto sosu, hər fürsətdə sizə-turistlərə kömək etmək istəyən istiqanlı cənub insanları. Amma Siciliya…Siciliya heç vaxt planımda olmayıb.Sicilyadakı otellərəAralıq dənizinin ən böyük adası olan Siciliyanı görmək 2017-ci ilin Noyabrına qismət imiş. Erasmus+ Youth Exchange proqramı çərçivəsində Catania şəhərindən 1 saatlıq məsafədə yerləşən Messinanın bələdiyyəsi olan Sant’Alessio Siculo-ya iki Turkish Airlines, bir Ryanair- toplam 10-15 saatlıq səyahətlə çatdıq. Siciliya torpağına ayaq basarkən qaranlıq olduğundan ilkin təəssüratımız aydın görsənən, ulduzlarla zəngin açıq səma və dəniz üzərinə yol açan ay işığı idi. Noyabr nə qədər qulağa soyuq səslənsə də əslində Siciliya üçün tam bir yaz havası idi. Dedilər ki, isti hava buraları asanlıqla tərk etmir və çimərlik sezonu yazın əvvəlindən başlayır payızın sonuna kimi davam edir.Proqrama əsasən Sant’Alessio Siculo qəsəbəsində bizim üçün ayrılmış üç ulduzlu təvazökar, sahildən otuz addımlıq məsafədə yerləşən, çiçəkli, terraslı, palma ağacları ilə qarşılanan, sarıya boyanmış Hotel Solemar-da qaldıq. Qəsəbədə ən bərkgedən hotellər cəmi üç ulduzludur, səbəbi isə sahilinin turistləri qarşılamaq üçün elə də böyük olmamasıdır. Dörd şezlonq arxa-arxaya düzsən divara dəymiş olacaqsan. [gallery ids="186,187,188,189,190" type="rectangular"]Filmlərdə də gördüyümüz kimi İtalyanlar evlərini günəş işıqlarından qorumağı sevirlər. Balkonumuzdan dənizə açılan mənzərini görmək üçün əməlli vaxt sərf etdik. Bunun iki qat pərdəsi, pəncərəsi, taxtadan digər pəncərəsi… Və budur! Sabah günəşi ilə parıldayan mavi dəniz.ALMAN YAZIÇISI HÖTE HAQLI İMİŞ. “SİCİLİYANI GÖRMƏDƏN İTALİYANI GƏZMƏK, ÜMUMİYYƏTLƏ İTALİYANI GƏZMƏMƏK DEMƏKDİR. SİCİLİYA HƏR ŞEY ÜÇÜN İPUCUDUR”.Qeyd edim ki, Sant’Alessio Siculo 6 km2 ərazi və 1500 nəfər əhalidən ibarət kiçik bir qəsəbədir. Biz qeyri-turistlik mövsümdə getdiyimizə görə qəsəbə 50 nəfərdən ibarət görsənirdi və ortalama yaş 65-in üstündə olardı. Səhər bələdiyyədə sədr gördüyünüz xanımı günorta kafedə nahar edərkən, axşam isə turist agentliyində işçi kimi görə bilərdiniz, bu da qaldığımız komunanın nə qədər böyük olması haqqında təsəvvür yaradırdı.Franz Kafka “hüzur istəyirsən?-az insan, az əşya” deyib. Sant’Alessio Siculo nadir hallarda moped, fiat maşınları keçən boş küçələri, az insanları, “vendere”, “affitto” elanları asılmış kimsəsiz evləri ilə məhz hüzur hissi yaratmışdı. Səssizliyin dadını çıxartmışdım.Əlbəttə ki, bütün günümüz o qəsəbədə keçmirdi yoxsa Siciliyada həyat maraqsız olardı. Qaldığımız bir həftə ərzində Castelmola, Taormina, Forza D’agro, Savoca, Catania kimi şəhərləri, qəsəbələri gəzdik. Havalar günəşli, sərin keçdiyindən Siciliya torpağında atdığımız hər addımdan zövq alırdıq.CASTELMOLAAvtobusla dağı dolanaraq qalxdıq bir tərəfdən möhtəşəm İoniya sahili, başı qarlı Etna dağı, digər tərəfdən isə Giardini-Naxos körfəzi və Sant’Alessio Siculo qalasına açılan mənzərəli kiçik Castelmola qəsəbəsinə. Norman qalasının qalıqları ətrafında dağın başından ta yamacına kimi qurulan qəsəbə təbiət terrasını xatırladırdı. O qədər hündür idi ki, hətta məktəb vaxtı bizə xəritədə sapoqi kimi göstərilən İtaliyanın dabanını və pəncəsini üfüqdən seçə bilirdik. Bir otaqlıq sahəni əhatə edən üç mərtəbəli kafedə bizi məhz Castelmolya məxsus hazırlanan yerli badam şərabına qonaq etdilər. Castelmolaya gedib o şərabı dadmamaq, Zaqatalaya gedib fındıq yememək kimi bir şeydir.TAORMINACASA CUSENI MAISON DE CHARMEƏsrarəngiz! Boşuna Siciliyanın turist paytaxtı demirlər. Taormina ilə tanışlığımız gözəl sənətlər muzeyi olan Casa Cuseni-dən başladı. Tarixin, mədəniyyətin, incəsənətin, tolerantlığın beşiyi olan bu malikanə hər birinin danışmağa öz hekayəsi olan antik əşyalarla dizayn edilib və xüsusi zövqlə salınmış papirus, mandarin, limon ağacları, çiçəklərdən ibarət İtaliyanın ən möhtəşəm bağının əhatəsində qorunub saxlanılır və sizə şəhərə quşbaxışı mənzərə, Etna dağına əzəmətli görüntü bəxş edir. Pablo Picassodan tutmuş Ziqmund Freydin qızı Annaya kimi mötəbər şəxsiyyətləri, yazarları, rəssamları, Koko Şaneli qonaq edən bu malikanə hazırda muzey-hotel kimi Taormina turistlərinə xidmət göstərir. Hoteldən çox, doğma ev abu-havasını yaradan malikanə sizə burada yaşamdan çox, öz dövrünün dahi şəxsləri ilə birgə tarixi, yaradıcı səyahət vəd edir. Məsələn, adına uyğun olaraq tərtib olunan, barokko üslublu balkondan Etna dağı və şəhərə açılan mənzərəli Pablo Picasso otağında gecələmək istəyisinizsə təqribən 510 manatınızdan keçməlisiniz. Bundan başqa amerikalı rəssam Henry Faulkner, isveçli aktrisa Greta Garbo, ingilis yazarı Daphne Phelps adına müxtəlif üslublarda dizayn edilmiş otaq seçimləriniz də var. [gallery ids="191,192,193,194,195,196" type="rectangular"]20-ci əsrin əvvəlində tikilən Casa Cuseni birinci və ikini dünya müharibələri dövründə tətbiqi incəsənətin beynəlxalq mərkəzi olmuşdur. Britaniyalı rəssam Robert Hawthorn Kitson-nun şəxsi kolleksiyasını özündə saxlayan malikanədə yemək otağının interyeri məhz özü tərəfindən çəkilən, hazırlanan, dizayn edilən dünyada yeganə interyerdir. Qeyd edim ki, həm bağ, həm də malikanə rəssam tərəfindən qurulub.Casa Cusenini gəzəndən sonra özümə söz verdim ki, bir gün mütləq yenə gələcəm amma bir saatlıq muzeyi gəzmək üçün deyil məhz Pablo Picasso otağında bir gecə də olsa qalmaq üçün…TURIST PAYTAXTI- TAORMINAGirişi və çıxışı iki şəhər qapısı ilə müəyyənləşən 13 km2 sahəni əhatə edən turistlərlə zəngin Taormina. Mərkəzi küçədə gəzərkən addımbaşı limonad, vespa suvenirləri, xaç atası film, mahnı diskləri, limon sabunları satan kiçik köşk və mağazalarla rastlaşa bilərsiniz. Xoş limon ətrini şəhərin əksər hissəsində duymaq mümkündür. Taorminanın gözü amfiteatrdır. Ən çox turist növbəsini də elə orada gördüm. Amfiteatra gedərkən diqqətimi fransız turistlərin yaş qrupu çəkdi: 65-75 yaş. Qarşımda tipik avropalı nənə başqa bir qadının qolundan tutub enişli, yoxuşlu pilləkənləri aramla qalxır, bir tərəfdən bələdçinin fransızca turuna qulaq asır, digər tərəfdən də günəşin qızıl saat ərəfəsində amfiteatr üstünə saldığı şəfəqi seyr edirdi. Kənardan baxsanız düşünərdiniz ki, amfiteatr qadının axırıncı səyahətidir. Həmin nənə sevincli-kədərli qəribə hisslər yaşatdı. İnsan ömrünün nə qədər qısa, zamanın isə qəddar olduğunu xatırlatdı…Günəş batırdı mı, yoxsa amfiteatr günəşdən uzaqlaşırdı mı bilmirəm. Hər halda biz də digərləri kimi “me time” yaşamaq üçün fərqli pilləkənlərdə oturub günəşin həmin gün üçün olan son şüalarından zövq aldıq…Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Nata Hasanova

725 dəfə oxunub

Şimalın "Praqası" - Brügge

Brüggedəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Yazını oxumadan öncə istərdim ki, aşağıda yerləşdridiyim İn Brüges filminin soundtrackını açıb yazını elə oxuyasınız.[youtube https://www.youtube.com/watch?v=tW9SWTazdIU]Brüggeyə səyahətim əslində qarışıq hisslərlə başlamışdı və bütün səyahətim boyu bu təzadlı hisslər bir-birini əvəz etdi. Əvvəlcə çox həyəcanla işdən çıxıb hava limanına yollandım, çünki Brüggeyə gedirdim – İn Bruges filmində görüb aşiq olduğum və səyahət etməyi çox arzuladığım Brüggeyə. Hava limanına çatıb yoxlamadan keçdim, bir az Duty Freedə vaxt keçirib üz tutdum təyyarəyə minəcəyim qapıya. WizzAir bir çox hallarda etdiyi kimi, bu dəfə də heç bir ödəniş etmədiyim halda priority boarding vermişdi, buradan onlara xüsusi təşəkkürlər :) deməli təyyarə ilk minənlərdən olacaqdım və qapıda gözləməyəcəkdim. Uçuş saatı yaxınlaşdıqca Brüggeni tez bir zamanda görmək həyəcanı da artırdı. Gəldik təyyarəyə çatdıq, elə yerlərimizi təzə rahatlayıb, kəmərlərimizi bağlamışdıq ki, stüardessalar ilk “qəmli” xəbəri anons etdilər. Deməli uçuşumuz Almaniya üzərindən olacaqdı və anons edildi ki, Almaniyanın hava sahəsində “probka” olduğundan 1 saat gecikəcək uçuşumuz. Bir saat gecikmək o demək idi ki, hava limanından Chareleroi şəhər mərkəzinə normal avtobus tapmayacaqdım. Deməli ya taksi ilə getməli idim ya da xüsusi avtobuslarla və bunlar da nəzərə alınmayan əlavə xərclər idi. Ürəyimdəcə elə AzTV Almaniyaya nə edirsə düz edir deyib :D uçuşumun vaxtınız gözlədim. Nəhayət 1 saat sonra yola düşdük Brussels-Charleroi hava limanına. Buradan Brüggeyə getmək üçün müxtəlif varyantlar var avtobusla Charleroi-Sud dəmir yolunə gedib oradan dəmir yolu ilə Brüggeyə getmək və ya xüsusi avtobusla və ya taksi ilə Brussel mərkəzi dəmir yoluna gedib oradan dəmir yolu ilə Brüggeyə getmək ki, mənim etdiyim variant bu olmuşdu. Amma ən ucuz və rahat varyant www.flibco.com saytından Brussels-Charleroi hava limanından Bürggeyə birbaşa avtobusla bilet almaqdır. Bir tərəf üçün qiymət 17 avrodur əgər internetdən alsanız, yox bileti hava limanından alsanız bir tərəf üçün qiymət 21 avro olacaqdır.Əlqərəz əvvəl taksiylə (bu arada taksilər adam başına 15 avro alır) Brüssel dəmir yoluna, oradan da qatarla Brüggeyə gəlib çıxdım. Təbii ki, bütün yol boyü Brüggeni görmək həyəcanı məni rahat buraxmadı. Gəldim dəmir yolu vağzalının binasını tərk edən kimi 2-ci xəyal qırıqlığı ilə qarşılaşdım. Dəmir yolu vağzalının binası və ətraf ərazilər muasir görünüşlü idi, heç də İn Brüges kinosundakı yerə bənzəmirdi. Dəmir yolu vağzalında olan adamlardan şəhərin tarixi mərkəzinə necə gedəcəyimi soruşub yola düşdüm piyada mərkəzə doğru (hardasa 15 dəqiqəlik yoldur vağzaldan mərkəzə). Elə yolun yarısını getmişdim ki, o məşhur saat qülləsinin kəlləsini gördüm dumanlar içində. O ilk həyəcandan daha sərt bir həyəcan sardı içimi. Qülləyə yaxınaşdıqca tarixi mərkəzdə olduğumu hiss edirdim. Artıq qədim hissədə idim. Və ətrafım kiçik, şirin və tarixi evlərlər əhatə olunmuşdu. Evlərin üstündə tikildikləri illər qeyd olunmuşdu və əksəriyyəti 1500-1600-cü  illərdə tikilmişdi (ağımdan nə köhnə binadır deyib sökəsən?! fikri keçmədi deyil vallah :D ) Brüggenin kanalları və evləriBeləcə soraqlaşa-soraqlaşa, ağzım yarım metr açıq, qədim tarixi binalardan zövq ala-ala gəldim bron etdiyim hostelimə. Brügge kiçik yer olduğundan onsuz da elə çox hostel seçiminiz yoxdur, mən də saat qülləsinə 4-5 dəqiqə piyada məsafəsində olan Charlie Rockets hostelində 6 nəfərlik otaqda özümə yer bron etmişdim. İyun ayı üçün bir nəfərlik yerin qiyməti, bir gecə üçün 21 avro idi. Hostelin giriş mərtəbəsində bar yerləşir, istədiyiniz zaman ora enib məşhur Belçika pivələrinin dadına baxa bilərsiniz. Bu arada mən gedən zaman barmenlərdən biri Əmrah adlı bir türk idi, sağ olsun elə çatan kimi bir flaman pivəsinə qonaq etdi məni :) pivəmi içib Əmrahla bir az söhbət edib qalxdım otağıma sabah tezdən durub free walking tura qatılmalı idim.Səhər saat 10a 20 dəqiqə qalmışdan bir çox turist kimi mən də saat meydanının qabağında free walking turun başlayacağını gözləməyə başladım. Yarım saatın tamamında qərar gəldik ki, bu tur niyəsə təxirə salınıb. Onda backpackımı da çiynimə atıb özümü verdim Brüggenin küçələrinə və növbəti saat 14:30-da olacaq tura qatılmağa qərar verdim. Brüggenin şokolada bənzər evləriİlk öncə deyim ki, Brügge mənim indiyənə kimi gördüyüm ən romantik, ən gözəl, tamamilə bir nağıllar aləmi effekti verən şəhərdir. Evlər o qədər gözəl və şirindir ki, adam istəyir üzərinə Belçika şokoladı töküb yesin :) Şəhər kanallarla əhatələndiyindən Bürggeyə Şimalın Venesiyası deyirlər. Venesiyada olmamışam amma mən bura gözəlliyinə görə Şimalın Praqası deyərdim.Qısaca Brüggedə ne yeyib, içməli? sualını cavablandırım sonra keçək gəzməli yerlər siyahısna. Brüggeyə gəlib də 3 şeyin dadına baxmadan geri dönmək olmaz: belçika pivəsi, belçika vaflisi və  kartof qızartması. Bunların 3-nün də dadına baxmasanız deməyin ki, Brüggedə olmusunuz :) Belçika vaflisiİndi gələk gəzməli-görməli yerlər siyahısına. Brügge kiçik və kiçik olduğu qədər də möhtəşəm memarlığa sahib olduğundan, şəhərin demək olar ki, bütün yerləri gəzilib görülməlidir. Bütün binalar ayrı ayrı gözdən keçirilməli, incələnməlidir. Amma bununla birlikdə bəzi yerlər var ki, bunlar Brügenin olmazsa olmazlarındandır, ingilisler demiş must seedir. City HallŞəhərin ən mərkəzi hissəsi Markt meydanıdır. Meydanın mərkəzində duranda 4 bir tərəfinizdə o gözəl flaman evlərini görəcəksiniz. Bir tərəfdə isə məşhur Belfry və ya saat qülləsini görə bilərsiniz. Qülləyə dırmaşıb oradan bütün Brüggeni seyr edə bilərsiniz, hətta çox uzaq məsafədə olmayan yel dəyirmanlarını belə. Meydanda üzü saat qülləsinə doğru durub sola tərəf yolla getsəniz, Burg meydanına çatacaqsınız. Meydanda ən sağda daş hissələri qaralmış amma qızılı hissələri par-par parıldayan “Müqəddəs qan” (Holy Blood Church) kilsəsini görə bilərsiniz. Mən deyərdim ki, Brüggedə görməli olduğunuz yeganə kilsə məhz budur. Rəvayətə görə içəridə şüşə qabda İsa peyğəmbərin qanı saxlanılır. Kilisədən solda daha bir maraqlı memarlıq nümunəsi City Hall bizim dildə desək icra hakmiyyətinin binası yerləşir. Icra hakimiyyətinin binasının altından yol var kanala doğru. Küçənin adı “Kor uzunqulaq” küçəsidir. Bu küçə ilə davam etsəniz körpünün sonunda sağda kiçik qayıq dayanacağı görəcəksiniz. Burada adam başı 8 avro ödəməklə Brügge kanallarında kanal turu edə bilərsiniz. Qayıq dayanacağından azca irəlidə isə Brüggedə ən çox fotosu çəkilən yeri gör bilərsiniz. O məşhur İn Bruges filmində Kolin Farrell məhz buradakı otelin pəncərəsindən tullanır qayığa. Belfry və ya saat qülləsiƏn çox fotosu çəkilən yerdən cənub-qərb istiqamətində olan ana yolla davam etsəniz qotik üslubda tikilmiş möhtəşəm Məryəm Ana Kilsəsinə (Our Lady Church) çatacaqsınız. Kilsə 13, 14, 15ci əsrlərdə tikilib hündürlüyü 122 metrdir və dünyada 2ci ən hündür kərpic tikili ünvanını qoruyur. Kilsənin içində məşhur italyan rəssam və heykəltaraşı Mikelanceloun “Madonna və uşaq” heykəlini də görmək olar.Kilsədən kanal boyu cənub istiqamətində gələsəniz Begijnhof monastrı ilə qarşılaşacaqsınız. Monastrın həyətı başdan-başa yaşıllığa bürünüb və bütün binalar ağ rəngə boyanıb. Bu 2 rəngin qarışması xüsusi bir gözəllik verir monastra. Monastrın içinə girsəniz içəridə ibadət edən çox yaşlı, beli bükülmüş rahibələri görə bilərsiniz. Rahibələri təsvir etmək üçün orada olan zaman bir türk qrupunu gəzdirən bələdçidən eşitdiyim sözləri yazım siz özünüz qərar verin: Kendilerini böyle adamışlar Allaha, ev yok, çoluk yok, cocuk yok, eş yok” yəqin təxmini təsəvvür etdiniz :D Monastr yalnız qadınlar üçündür axşam saat 7də qapıları bağlanır və o qapıların arxasında nələrin baş verdiyindən heç kimin xəbəri olmur. Begijnhof monastrıBələdçimizin dediyinə görə monastr ərazisi qorunan müqəddəs məkandır. Dediyinə görə kim cinayət edib monastrın ərazisinə daxil olsa, polis onu oradan aparıb həbs edə bilmir, mən də bələdçimizin yalançısıyam :) Monastrın çölündəki kanalın sahilində isə Brüggünin ən çox qu quşları toplaşdığı ərazi dayanır. Burada sayısız hesabsız qu quşu və ördək görə, istəsəniz selfie çəkdirə bilərsiniz :) Buradan kanal boyu davam etdikdə qarşınıza Minnewater gölü çıxacaqdır, gölün içində az sayda olsa da quşları üzür, ətrafı yaşıllıqlarla əhatələnib və çox gözəl mənzərəsi var. Adamın lap otluğa uzanıb kitab oxumağı gəlir. Minnewater gölüŞəhərin əsas görülməli yerləri bunlardır. Bundan başqa mərkəzdən azacıq kənarda olan Yel Dəyirmanlar ilə məşhur parkına da baş çəkməkdə fayda vardır, şəhər mərkəzindən hardasa 15-20 dəqiqəlik piyada yoldur. Yol sizə uzun gələ bilər ama Brüggenin o şirin, şokolada bənzəyən evlərinə baxa-baxa irəliləsəniz vaxtın necə keçdiyini heç hiss etməyəcəksiniz. Brüggeyə getsəniz sadəcə turist xəritələrində göstərilən turistik məkanlara baş çəkməklə kifayətlənmiyin. Şəhərdəki hər bir binanın, hər bir evin, hər bir küçənin özünə məxsus gözəlliyi, tarixi və hekayəsi var. Əsas 4-5 turistik mıkanları gördükdən sonra alın pivənizi, vaflinizi əlinizə, özünüzü verin Brüggenin küçələrinə. Getmişkən 1 tam gününüzü ayıraraq şəhəri doya-doya gəzmənizi tövsiyyə edirəm. Sevimli BrüggeSevimli Brüggem haqqında bu qədər. Yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə sağ tərəf yuxarıda olan “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sayyeah Blog

1182 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!