784 dəfə oxunub

Baltik bələdçisi - Vilnüs, Riqa, Tallin

Bəli, soyuq ölkələrə soyuqda səyahət etmək lazımdır. Hal-hazırda müəyyən dövr üçün Macarıstanda yaşadığımı nəzərə alsam burda yanvar ayındakı soyuqlar Bakı gördüklərimizdən biraz daha sərt olur. Amma bu soyuğu Budapeştin tüstüsündən göz-gözü görməyən gecə əyləncə məkanları öz hərarəti ilə aradan qaldırır. Ümumiyyətlə 2 şat tekiladan və bir bakal draft pivədən sonra burnunu siləndə belə isinməyə doğru gedirsən, daha çox qızışmaq üçün isə macarların palinkası yardım edir.

Belə bir dekabr gününün sabahısında qərar verdim ki, “Fso! Səyahət zamanıdır!”. Google əminin xidmətindən yararlanda qərar verdiyim o oldu ki, bu mənim Bakıda dostum Tərlanla bugün qərar verib sabahı yola çıxa biləcəyim avtostop səfəri olmayacaq. Biraz maliyyə tələb olunur. Hava soyuq mənim isə nə çadırım var nə də içinə girə biləcəyim bir yuxu kisəm. Həmişə bunlar üçün ilk üz tutduğum Bakıda Kamran olmuşdu. Burda bir Kamranı hardan tapım deyə düşünmək əvəzinə endirimləri və ən ucuz bilet ala biləcəyim yerləri araşdırmağa başladım. İlk olaraq köməyimə http://www.goeuro.com və bunun bənzəri bir sıra saytlar çatdı. Sayta daxil olanda siz istədiyiniz marşurut üzrə eyni anda təyyarə, qatar və avtobus qiymətlərini bir neçə aspektdən (gün, qiymət, saat) araşdıra bilərsiniz. Sayt adətən sizi təklif etdiyi qiymətləri ilə bir-başa həmin şirkətin rəsmi səhifəsinə yönləndirir. Bu zaman gördüyünüz qiymətlərin əsas səhifədə fərqli olması ehtimalını (5-10% ehtimalda belə olur) nəzərə almalısınız. Qiymətlərə baxaraq mən öz marşurutumu cızdım: Polşa – Litva – Latviya – Estoniya. Yuxarıda da dediyim kimi, öz səfər vaxtımı soyuq ölkələrə elə soyuq yanvar ayının 14 və 20-si aralığında  planladım. Bu zaman istifadə etdiyim marşurutda əsas nəzərə aldığım yolda az olub şəhərlərdə çox olmaq idi. Büdcəni və kampaniyaları nəzərə alaraq Budapest-Varşava və Varşava – Vilnüs arasında Wizzair ilə səyahət biletlərini aldım. Polşaya bileti 16 euroya, ordan Litvanın paytaxtına isə 13 euroya aldım biletləri. Daha sonrasını isə Flixbus-ın avtobuslarına keçid etdim. Vilnüs-Riqa biletini 5 euroya, Riqa-Tallin biletimi isə 4.99 euroya aldım. Toplamda gedəcəyim son marşurutuma qədər biletlərə 39 euro xərclədim. Sadəcə başdan elədiyim ən böyük səhv geri dönüş planımı qurmadan biletləri ala-ala getməyim oldu. Təsəvvür edin ki, 4 gün Tallin-dən necə ən sərfəli yolla geri dönəcəyimi axtarmaqla keçirdim.  Baxdığım ən sərfəli qiymət mənim geri dönüş üçün planladığım gündən 4-5 gün sonraya idi. Bu da Kiyevə gedərək ordan Budapestə gəlmək idi (təxmini 30-40 euro arasında qiymətlər idi). Düzü getmək maraqlı olardı amma vaxtım qısıtlı olduğundan bu kimi yolları gözardı etmək məcburiyyətində qaldım. Ən sonda Norwegian airlines ilə Tallin-Oslo-Budapest səfəri üçün bilet tapdım, o da endirimlə 62 euroya başa gəldi. Gediş biletlərinin cəminə 39 euro verən adam üçün bu çox acınacaqlı idi.

Məlumat üçün arada qeyd də edim ki, köhnə yeni il ilə bağlı az qala bütün şirkətlərdə qiymətlər çox böyük faizdə endirimdə idi. Yeni il tətilindən sonra səyahətə çıxan az olur deyə bu zamanı rahatca dəyərləndirə bilərsiniz. Mən etdim, siz də edin J .Biletlərlə və səfər planlaması ilə bağlı istifadə etdiyim bütün linkləri aşağıda not olaraq sizin üçün qoyacam. Səfər zamanı hansı saytlara baxa bilərsiniz deyə çətinlik çəkməyin.

İndi isə istəyirəm keçim səfərim zamanı nə gördüm, nə yedim məsələlərinə. Hə bir də hansı şəhəri nə qədər bəyəndim onu da deyəcəm.

Gəzdiyim yerləri əsasən Google Trips tətbiqi ilə gəzirdim. Tətbiq sizə olduğunuz şəhərdə bir gəzinti marşurut tövsiyyə edir və marşurut üzrə hərəkət edərək şəhərin əsas gəzib-görülməli yerlərini rahatlıqla listdən silirsiniz. Varşavada olduğum müddətdə ən sevdiyim Maniken restoranında etdiyim nahar oldu. Böyük çörəyin içində servis olunan göbələkli, yumurtalı sup çox dadlı idi. Yanında restoranın təklif etdiyi bir badə şərab ilə ləzzəti ikiyə qatlaya bilərsiniz. Eyni zamanda kiçik büdcələr üçün McDonalds kimi fast food yerləri çox məşhurdur burda da. Mənim olduğum zamanda şəhərdə böyük xeyriyyə konserti də təşkil olunmuşdu. Adamlar bu konsert zamanı balaca stikerlər satırdılar və stikerləri “nə verərsən başınnın ucalığıdır” deyib qiymətləndirirdilər. Daha sonra isə həmin məbləğ xeyiriyəyə xərclənir.

Vilnüs

Vilnüsdəki hostel və otellərə bu linkdən baxa bilərsiniz.

Növbəti dayancağım olan Litvanın Vilnüs şəhəri idi. Wizzair ilə gəlişimi heç xatırlamıram desem yalan olar. Gecə səhərə qədər samaqon sonrası siz də təyyarəyə minən kimi yata bilərsiniz. Vilnüs şəhəri bizim Sumqayıt kimi sakin, səssiz idi. Əsasən erasmusçuların sevgili məkanıdır deyə bilərəm. Ölkə həddindən artıq kasıb olduğun ilk hava limanına endiyindən bəri hiss elətdirirdi. Çox sadə və köhnə dəbdəbəli şəhərdir amma şəhərdə bir köhnə qəsr və uzun-uzadı pilləkanla çıxıla biləcək bir təpəciyi var. Gözəl olanı həmin təpəcikdən bütün şəhərin mənzərəsini görə bilməyinizdir.

Eyni Bakının Şəhidlər Xiyabanı olan hissəsi və ya Budapestin Citadellası. Bu arada həmin təpəciyin adı ingiliscə Three Crosses yəni 3 Xaç adlanır. Bəli adından da göründüyü kimi təpədə 3 dənə xaç formalı abidə ucaldılıb. Tarixini google edərək rahatlıqla öyrənə bilərsiniz və ya google trip tətbiqi özü sizi məlumatlandıracaq.

Riqa

Riqadakı hostel və otellərə bu linkdən baxa bilərsiniz.

Orda gecəni dostların qaldığı yataqxanaya keçib səhəri tezdən Latviyanın Riqa şəhərinə yola çıxdıq. Riqa şəhəri Vilnüsdən daha aktiv və böyük görünürdü. Şəhəri iki hissəyə ayıran Douqava çayı var. Düzü şəhərin bir tərəfin gəzə bildim soyuq havaya görə. Telefonumun dediyinə əsasən mən orada olduğum müddətdə hava temperaturu mənfi 9-11 dərəcə, hiss edilən isə mənfi 21-22 arasında dəyişirdi. Ona görə gəzmək işini ən yaxşı restoran kafelərdə isinərək, qızışaraq etmək mümkün idi. Hətta bir dəfəsində donmuş bədənimi açmaq üçün ilk sifarişim sambuka içkisi olmuşdu. Şəhərin Old Town adlanan hissəsinə girməniz yetərlidir ki, hərşeyi əlinizin altındaymış kimi tapasınız. Fərqli kilsələr, qədimi yerlər və s hamısı ardıcıl bir-birini izləyir. Gecəni isə Couchsurfing-dən bir cənub şərqi Asiyalı qaqaş – Ridvan demişdi gəl qonağım ol. Gecəni isti evdə qalıb, növbəti gün səhəri tezdən Estonyanın paytaxtı Tallinə yola düşdüm.

Tallin

Tallindəki hostel və otellərə bu linkdən baxa bilərsiniz.

Tallin ilə Riqa arasındakı yolda həyatımda ilk dəfə görə bildiyim qar burulğanlarının şahidi oldum. Düzü Flixbus sürücülərinin təcrübəli olmasına inanmasam düşüb piyada gedəcək adamam amma təhlükəli heçnə baş vermədi yolda. O yolları bir daha gedərəm mi?, bəli gedərəm. Çünki bəzi hisslərin nirvanasını yaşamış kimi hiss edirdim özümü. Sözlərlə anlata bilməyəcəyim qədər gözəl idi mənimüçün. Nəysə Tallinə çatdım.

Avtovağzaldan düşüb elə bir başa piyada addımlamağa başladım şəhərin qədim hissəsinə doğru. Təxmini 30 dəqiqə çatmışdım artıq o tərəfə. Yəni nəqliyyat biletinə ehtiyacınız olmadan rahatca gedə bilərsiniz. 2 gecə Tallində gəzdim. Şəhər qarı soyuğu ilə birlikdə məndə elə təəsürat yaratdı kı, yayda gəlsəm o qədər sevə bilməzdim o şəhəri. Adətən hərkəs Riqanı daha çox bəyənirdi amma mənim favorim bütün şəhərlər arasında da Tallin oldu. Tallində 3 Dragons adlı bir restoranda oldum. Restoran içərisində işıq yandırmaq əvəzinə hər yeri şam ilə işıqlandırmışdılar. Gözəl supları və perojkiləri var. Perojikilərin içliyi vegetarian, kartoflu və vəhşi heyvan ətli idi (düzü hansı heyvan olduğunu sormağı unutmuşdum). Eyni zamanda içi xiyar turşusu ilə dolu böyük bir boçka vardı içəridə. Xiyar turşusunu əl ilə götürmək qadağandır, bunun üçün böyük bir mizraq istifadə etməliydin. Buzlu göldə balıq tutanlar kimi tutmanı tuturduq, hələ arada sarımsaq da tutdum. Dadı isə çox gözəl idi. Sizə də mütləq tövsiyyə edirəm.

Geri dönüş olaraq da Tallin-Oslo-Budapest uçuşunu Norwegian Airlines ilə etdim. Siz siz olun, ac olaraq Oslo hava limanında qalmayın. Çünki 15 euronu bir sendviçə verəcəksiniz mənim kimi. Kiçik büdcəli səyahət etdiyimdən çox da böyük restoranlara və içkilərə pul sərf etmədim. Cəmi olaraq bütün səyahətimə 160 Euro ərtafında pul xərclədim 4 ölkə üçün. Yavaş-yavaş digər səfərlərim haqqında da yazılarımı bölüşəcəm sizlərlə. Hələlik isə gəzintiyə davam.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

 

Paylaşdı: Azər İsmayılov

DİGƏR BLOQLAR

Aralıq dənizinin tətil cənnəti - Antalya bələdçisi

Sizə aşiq olduğum Antalya haqqında danışmaq istəyirəm. Əvvəlcə deyim ki, mən daha əvvəl də Antalyada təxminən 2 həftə olmuşam. Amma bu qədər sevməmişdim. Anladım ki, bir şəhəri 1 həftə gəzməklə kəşf etmək mümkün deyil.Antalya çox böyük şəhərdir. Ona görə də ora getmədən əvvəl necə bir tətil etmək istədiyinizə qərar verməlisiniz. Daha çox sakit, tarixi yerlərə səyahət yoxsa hərarətli klubların olduğu yerə getmək istədiyinizdən əmin olun.Antalyaya gedirəm deyəndə Türkiyə içində şəhər Antalya nəzərdə tutulur. Hətta avtobuslar, tramvaylar sadəcə şəhər Antalya içində hərəkət edir. Mən deyərdim ki, Antalyaya gedirəm adı ilə araşdırma etmədən mərkəzə gedən çox turist var.Antalya mərkəzə getsəniz- Kaleiçi ilk növbədə görməli olduğunuz yerdir. Burada qədim evlər hazırda hoteldir, dənizə açılan mənzərə, turistlər üçün "pazarlanan" bir neçə yer var. Yol Hadrian kapıları deyilən yerdən başlayır, Saat kulesi və uzun yollar sizi Güllük adlana yerə gətirir. Təxminən saat 16:00- da başlayan yol 20:00- da bitəcək. Antalyada Konyaaltı və Lara plyajlarına gedə bilərsiniz. Lara qumlu, Konyaaltı isə daşlıq plyajdır. Amma Antalyanın ilçələrinə (ilçə- rayonlar mənasına gəlir. Şəhərin rayonları) gedəcəksinizsə, burada nə vaxtınızı öldürün nə də pulunuzu xərcləyin. Amma Antalyaya getmişkən dənizə girmədən Konyaaltı mənzərəsini görməyə dəyər. Midye sevirsinizsə, İşıklar caddesində (Bu cadde Kaleiçii kimi birşeydir, Kaleiçinə daxil ola biləcəyiniz məhşur Hadrian qapıları bu caddede yerləşir) 07 Midye adlı restoranda təzə-təzə midyelərdən yeməyinizi məsləhət görürəm. Balık ekmek isə mənim Antalya fovaritimdir. İstanbulda olan balık ekmekden fərqlidir. Əsas fərq odur ki, burada balığın növünü özünüz seçirsiniz. Məsələn mən levrek və ya çupradan balık ekmek yeməyi sevirəm. İçinə isə açıq bufedən turşu və tərəvəzlər götürüb qoya bilərsiniz. Mən sadəcə turşu ilə yeməyi çox sevdim. Siz də getsəniz yoxlayın. (İşıklarda Mc donaldsın yanındakı balık ekmekçi daha qəşəngdi)İşıklar caddesində alış veriş üçün xeyli mağaza var. Amma AVM-ə getmək istəsəniz, çox da uzaqda yerləşməyən MarkAntalyaya, xeyli uzaqda yerləşən (trene minib Sinan stansiyasında edib gedə bilərsiniz) Deepo-a gedə bilərsiniz. Bundan başqa 5M migros deyilən AVM-də var. Amma İstanbula gedəcəksinizsə buradan çox alış veriş etməyə dəyməz. Onu da unutmayın ki, Antalyada daha cəsarətli geyimləri rahatlıqla geyinə bilərsiniz. Antalya qəribə olanlardan biri də o idi ki, şəhərin ilçelerinə getmək üçün otogara getmək lazımdır. Çünki çox uzaqdır. Mənim səfərlərim ən çox Side-Manavgat tərəfə olurdu. Otogardan 23 tl verərək 2-2.5 saata Manavgata çatmaq olur. Manavgatda məhşur şəlaləyə getmədən olmaz deyib ora getdik, ora getmişkən mütləq kamp alanlarında kamp edin- xüsusilə Olimposda. Kamp çox ucuz hesab etməyin 150 tl kimi bir pul çıxır, sadəcə həm hotel çox daha bahadır həm də kampın öz marağı var.Side Antik kentine gedin, burada qədim Romalıların qurduqları şəhərin qalıntılarını kəşf edib, çox gözəl dumduru bir sahilə keçid edəcəksiniz. Təbii ki, Türkiyədə tarixi yerlərə giriş ücretlidir səhv etmirəmsə 60 tl pul aldılar biletə. Amma tələbəsinizsə 30 tl-ə 1 il istifadə edə biləcəyiniz muzekart da ala bilərsiniz. Turistlər isə bu kartı 600 tl-ə ala bilərlər. Antik kent ətrafındakı restoranların çox baha olduğunu unutmayın. Burada ən ucuz yemək gözleme ola bilər. O da yenə xeyli baha qiymətə. Sidede alı. veriş mərkəzləri də var, oradan özünüzə paltar da al bilərsiniz. Belekdə tətil getməyənlər üçün çox gözəl gələ bilər, amma mən getdim gördüm heç qəşəng yer deyil. Mərci supu belə 25 tl-dir ən bərbad lokantada. Dəniz isə eyni dəniz. Sadəcə gözəl hotellər var, orada qalıb hotelin dadını şıxartmaq olar. Amma bu mənim üçün belədir, əgər siz klublar, gecə, "yaz aşkı" axtarırsınızsa Belek sizlikdir. Gecələr bahalı klublarda coşmaq üçün bura ideal yerdir. Bir də Land of Legend adlı bir şəhərcik kimi yer var. Burada böyük ticarət mərkəzi, möhtəşəm Aquapark, axşamlar şoular və s turistləri coşdurur. Amma o qədər bahalıqdır ki, mən kiçik-kiçik divarlar arsənda qalan boşluqlardan Aquaparka baxa bildim sadəcə.Belekə yaxın olan (əslində uzaqdır, Anatlya yaxın sayılır) Tarixi yerləri sevirsinizsə, Aspendosa mütləq gedin. Bu antik tiyatrda çox fərqli bir akustika var və insanı vahiməyə salır. Getmişkən Aspendosun hekayəsini də oxuyun və yaxınlıqdakı körpünü də ziyarət edin. Yox, mən Maldivlərdəki kimi dənizə getmək istəyirəm deyirsinizsə, yenə gedirsiniz otogara və Kaş-Kalkan avtobusuna minib yollanırsınız ora. Üffff, üffff cənnəttttdir Kaş! Kaputaş plyajına getməyi unutmayın. ora getmişkən Pataraya da gedin. Patara Kleopatra üçün salınan səhradır. Hekayəsini oxuduqdan sonra ora getmək istəyəcəyinizə əminəm. Gecə dönmək isə çətin işdir, gecələməli olacağınızı da nəzərə alın. Alanyada da yenə həm gecə dünyasına dala, gündüzlər mavi sualarda üzə biləriniz. Burada gəziləcək yer Alanya qalası və Dim mağaralarıdır. Təbii ki bir birindən xeyli uzaqdı. Antalyada sizi gəzdirəcək biri yoxdursa, yola aşırı çox pul xərcləməli olacaqsınız. Təbii ki, bu avtostopla gəzməyənlərə aiddir. Alanyada da qəşəng kamp yerlərindən birində qaldım mən. 1 gecə kamp edərək qalmaq mənim üçün daha uyğun idi. Siz də google-da kamp alanı yazaraq belə yerləri tapıb gecələyə bilərsiniz. Antalyay getmişkən ən azından Dalış edib, yeraltı dünyanı kəşf edin. Qiymətlət ən ucuzu Kemer de olsa da burada dalış keyfiyyətli deyil. Ən yaxşısı baha da olsa Kaşdır. Amma pulunuz çatmasa 135tl verib Kemerde de dala bilərsiniz. Məhşur KəmərKəmərdə ancaq klub və beachlər var. 3 günlük tətil istəyirsinizsə əsl sizin yerinizdir. Dəniz, klub, əyləncə. Suya da yaxşıdır. Lakin uzun müddət kemerde qalmağa dəyməz. Deyirlər, Adrasan da qəşəngdir, amma gedə bilmədim. Amma sizə məsləhətim əgər nəqliyyat sıxıntınız varsa, günübirlik turlarla gedib gəzin. Düzdür tez-tez göstərib keçəcəklər hər yeri, amma gəzib görmüş olacaqsınız. Hətta köprülü kanyona gedib rafting də edə bilərsiniz bu günübirlik turlarla. Qiymıtləri də aşırı baha deyil. Antalyaya çaşıb İyulda gedərsiniz, o səhvi etməyin. Ən gözəli avqustun 10-dan sonradır. (ən tezi)Əgər Antalyada uzun müddət qalacaqsınızsa siz də mənim kimi tələbə evi kirayələsəniz daha ucuza qala bilərsiniz. Mən 1000 tl-ə Antalyanın mərkəzində otaq kirayələdim. (Bu qiymətə başqa yerdə ev kirayələnir, amma Antalya çox baha şəhərdir)Və getmək istədiyiniz şəhərin Antalya olduğunu bilərək gedin, bu şəhərdə tətil çox bahadır.#Antalya#Alanya#Kemer #Kəmər#Kaş#Side #Manavgat #OlimposƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Əminə Məmmədova

2382 dəfə oxunub

Gözəl və mehriban insanlar şəhəri – Kiyev

Kiyevdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Baxmayaraq ki, hələ heç kimi inandıra bilməmişəm amma Kiyev səyahətim əslində iş məqsədilə planlanmış səfər idi ???? Kiyevdə bir tədbirə qoşulacaqdım, dedim getmişkən 2-3 gün də əlavə qalaram, Kiyevlə, həm ukraynalılarla tanış olaram, həm də Novruz Bayramını orda ukraynalı dostlarla qeyd edərəm. WizzAirlə biletimi alıb Novruz bayramı ərəfəsində, Martin 18i Budapeşt hava limanından yola düşdüm Kiyevə. Budapeştdə əsl may havası var idi, günəş adamı yandırırdı az qala, gözləyirdim ki, Kiyevdə də hava ilıq olar amma Kiyev məni “soyuq” qarşıladı, o aralar mənə qarşı nəsə soyuq idi ???? Hətta yola salanda ayın 22-də qar da yağdırdı. Ümumiyyətlə Kiyev səfərim bir çox maraqlı və qeyri-adi hallarla yadda qaldı. Məsələn Mart ayının 20-də günəş tutulması baş verirdi və həmən gün mən Kiyevin küçələrini kəşf edirdim.Azərbaycan vətəndaşları Ukraynaya gedərkən heç bir viza almaları gərəkli deyil, pasportunuzu götürüb rahat-rahat yola düşə bilərsiniz. Kiyevə getmək üçün, Bakıdan AZAL, Ukraine Airlines (UA) və Turkish Airlinesın (TK) xidmətlərindən istifadə etmək olar. Bundan başqa Budapeşt, Dortmund, Köln, Hamburq, Katoviçe, London, Münhen və Vilnüsdən WizzAirlə Kiyevə ucuz bilet ala bilərsiniz. Ukrayna ilə həmsərhəd olan dövlətlərdən (Belarus, Macarıstan, Moldova, Slovakiya, Polşa) isə, bir az uzun sürsə də qatar və avtobusla Ukraynanın paytaxtına səfər edə bilərsiniz. Kiyevdə 2 hava limanı var: Julyanı və Borispol. AzAL, UA və TK Borispola, WizzAir isə Julyanı hava limanına uçuşlar həyata keçirir və hər iki hava limanı şəhər mərkəzinə kifayət qədər yaxındır.Kiyevdə harda gecələməli? Ukrayna kifayət qədər ucuz ölkə olduğundan, hətta deyərdim ölkə olaraq ucuzluğuyla fəxr etdiyindən burada istənilən növ gecələmə yerini münasib qiymətə kirayələmək olar. Mən şəhərin mərkəzinə 10 dəqiqə piyada məsafəsində yerləşən və Denis və Oksana adlı sevimli və mehriban 2 hippi ukraynalının işlətdiyi “Magic Bus” hostelində otaq kirayələmişdim. Otağın gecəsi 10-11 avro ətrafında idi amma siz istəsəniz hotel (booking.com), airbnbdən ev kirayələyə və ya “manat ucuzlaşıb ‘kasıbçılıxdı’ :), pulsuz ev axtarıram” desəniz Couchsurfingdən istifadə edə bilərsiniz.İndi isə gəldik mənim kimi əsl qarınqulu adamların verəcəyi suala, Kiyevdə bəs nə yeyib-içək? ???? Sovetlər dönəmində eyni ittifaqın tərkibində olmağımız, ukrayna və rus mətbəxinin bir-birinə bənzəməsi və bizim Rusiya ilə həmsərhəd olmağımız Ukrayna mətbəxini az-çox bizlərə tanıtdırıb. Amma yenə də düşünürəm ki, sadalamaqda fayda var, ümid edirəm heç zaman edını eşitmədiyiniz və ya dadmadığınız təamlar da olar siyahıda. Kiyevdə ən məşhur və bütün turistlərə təklif olunan yeməklar bunlardır: borş, kiyev kotleti, pelmeni və varenniki. İçkilərdən isə ukraynalılar da ruslar kimi araq içən olduqlarından ən məşhur içki araq və ya meyvələrdənn ev üsulunda hazırlanmış “samaqondur”. Şirniyyatlara gəldikdə burda dayanmaq lazımdır. Kiyevə getməmişdən moldovalı və belaruslu qrup yoldaşlarımın bərk-bərk mütləq yeməyi tapşırdıqları “Kiyev tortu”nun adını çəkə bilərəm. Ən ləzzətlisi Roshen markalı olanlarıdır.İndi isə bir az gəzməli-görməli yerlərdən danışaq. Kiyev Dnepr çayı vasitəsilə 2 hissəyə bölünüb. Hətta kiyevli dostlarım zarafatla çayın bir tərəfini Ki, digər tərəfini isə Yev adlandırırdılar (Buda və Peşt kimi). Kiyev böyük parkları ilə Avropada birincidir. Xüsusilə də yaz-yay aylarında getmisinizsə bolluca yaşıllıq görüb, parklarda yaşıllıqların arasında olmaqdan zövq alacaqsınız. Şəhər mərkəzində qarşınıza çıxacaq ilk məkanlardan biri “Azadlıq meydanı”dır, yerli dillə desək “Majdán Nezaléžnosti”. 2004-cü ildə seçkilərdən sonra həftələrlə çəkən və son Rusiyayla olan hadisələri tətikləyən mitinqlər bu meydanda baş verib. Meydanın ortasında 61 metrlik sütun və sütunun üzərində isə qadın fiquru var. Meydan Xreşatik (Хрещатик) küçəsinin üzərindədir. Xreşatik – Kiyevin əsas mərkəzi küçəsidir, bizim “Torqovu” küçəsi kimi, uzunluğu 1100 metrdir və hər iki tərəfində bahalı və tanınmış brendlərin mağazaları var. Tarqovudan fərqli olaraq Xreşatik çox enli küçədir və nəqliyyat üçün tamamilə açıqdır. Həftə sonra və bayram günləri yol nəqliyyat üçün tamamilə qapadılır, yalnız piyadaların istifadəsinə verilir.Kiyevdə xeyli sayda və çox gözəl arxitekturalı kilsə və katedrallar var. Onlardan ilki Müqəddəs Mixael katedralıdır. Ağ və mavi rənglərə boyanmış binanın damları qızılı rəngə boyanıb və katedrala əsrarəngiz bir gözəllik verir. Digər maraqlı görünüşü olan katedral isə ağ rəngə boyanmış və damı yaşıl və qızılı rənglərin harmoniyasıyla əhatələnən Müqəddəs Sofia katedralıdır. Bu 2 katedraldan kiçik olsa da Müqəddəs Vladimir katedralı da Kiyevin görülməli yerləri siyahısındadır. Yolunuz Kiyevə düşübsə və bu üslubda binaları sevirsinizsə gedin bir baş çəkin. Digər maralı katedral-kilsə kompleksi isə Pecherska Lavradır. Bura keçmi sovetlər məkanının ən qədim və ən böyük monastrı olub. Monastrın altında yeraltı yollar və monastrlar var. Buna görə də bəzən buranı Mağaralar monastrı adlandırırlar.Kiyevin bütün katedral, monastr və kilsələrinin ən cəlbedicisi deyərdim ki, qotik üslubda tikilmiş Müqəddəs Nikolas Roman-katolik katedralıdır. Katedral o qədər əzəmətli və gözəldir ki, saatlarla katedralın önündə durub katedralı seyr edə bilərsiniz.Digər maraqlı üslublu arxitekturası olan kilsə isə Andreevskaya Kilsəsidir. Kilsə təpənin üzərinə yerləşir və buradan demək olar bütün Kiyev ayağınız altında olur. Kilsənin yanında üzüaşağı yol düşür. Bu yoxuşu Andreev yoxuşu adlandırırlar. Şəhərin ən turistik küçələrindən biridir. Küçə boyu səyyar satıclıar müxtəlif əl işi suvenirlər, sovet dönəmindən qalmış maraqlı əşyalar satırlar. Yol üstündə bir neçə küçə musiqiçisi küçədən gəlib-keçənləri öz musiqiləri ilə əyləndirirlər. Məşhur “Master və Marqarita” əsərinin yazıçısı Mikhail Bulgakovun yaşadığı ev də məhz bu küçə üzərindədir. Andreev yoxuşu deyərdim ki, Kiyevdə gördüyüm ən maraqlı yerlərdən biridir. Yolunuz Kiyevə düşsə bura baş çəkməklə Kiyevi daha yaxından tanıya bilərsiniz.Küçənin sonunda isə sol tərəfdə “Lviv Handmade Chocolate” adlı şokolad mağaza-kafesi var. Buradan həm müxətlif fiqurlarda düzəldilmiş şokolad fiqurlarını ala, həm də oturub şokolad qarşıqlı şirniyyatlar və içkilər sifariş edə bilərsiniz. Qeyd edim ki, bura Kiyevdə bəlkə də yeganə yerlərdəndir ki, rus dilində xidmət göstərilmir. Nəsə sifariş etmək üçün ya ingilis ya da ukrayn dilini bilməlisiniz. Ukraynalı dostumun mənimlə birlikdə olması məni vəziyyətdən çıxardı və ilk dəfə ukrayn dili ilə orda tanış oldum. Rus dilində “adin” kimi səslənən bir rəqəminin ukrayn dilində “odın” kimi səslənməsi və bir az odun sözünə oxşaması ???? məni qəhqəhəyə boğdu. Amma yenə də siz ora gedərkən öncədən tədbirinizi alın. Qeyd edim ki, kifayət qədər dadlı şirniyyat və içkilər təklif edirdi məkan.Kiyevdə digər maraqlı bir məkan isə “Orex” adlı pubdır. Deməli burda içkilərin yanında fıstıq, yer fındığı, püstə və s. kimi müxtəlif qabıqlı çərəzlər verirlər, bu çərəzləri yeyib qabığını isə yerə atırlar. Məkanın yeri tamamilə çərəz qabıqları ilə örütülüb, hətta deyərdim bu örtük bir neçə santimetrdir.Opera binası Kiyevə yaraşıq verən binalardan bir digəridir. Opera binasının daxili klassik üslubda, çöl hissəsi isə neo-renessans üslublu ornamentlərlə bəzədilib. Opera binasının yanında Qızıl Darvaza adlı muzey yerləşir. Öncələri bura Kiyevin giriş qapılarından biri olub.Ocean Plaza adlı ticarət mərkəzində böyük, içi rəngli rəngli balıqlarla dolu olan akvarium var və məkan şəhər mərkəzinə çox da uzaq deyil. Getmişkən ora baş çəkib qabağında bir-iki selfie çəkdirmək olar ????Digər bir maraqlı məkan əfsanəvi Kiyev Dinamosunun ev oyunlarını keçirdiyi Olimpiyski Milli İdman Komplexidir. Komplex mərkəzdən 12-15 dəqiqəlik gəzmə məsafəsindədir. Orda olduğum günlərin birində Kiyev Dinamosu Evertonla oynayırdı və Kiyevlilər 5-2 qalib gəldilər, oyundan sonra şəhərdə baş verənləri yəqin özünüz təsəvvür edirsiniz ????Oğlanlardan “bəs ukraynalı qızlar haqqında nəsə yazmayacaqsan?” sualını eşitmiş kimi oluram sanki ???? deməli belə, məndən eşitmiş olmuyuuun amma Kiyevin küçələrində qəşəng olmayan qız tapmaq həqiqətən də asan məsələ deyil açığı və insaları çox mehribandır Kiyevin. Baxmayaraq ki, mən ora Rusiyayla olan münaqişədən az sonra getmişdim və insanlarda bir narahatçılıq, bir hüzn var idi amma yenə də çox mehriban, dostcanlı və yardımsevər idilər. Hələlik bu qədər ümid edirəm ki, yararlı bir yazı oldu. Kiyevə nə vaxtsa yolunuz düşsə bu yazını mütləq nəzərdən keçirin lazım olacaq ???? Növbəti yazılara qədər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh   

1673 dəfə oxunub

CAR-ın rəngarəng paytaxtı - Keyptaun

Salam, Əziz Gəzəyənlər.Sizə Keyptaun (Cape town), Cənubi Afrika Respublikasındakı təəssüratlarımı bölüşmək istəyirəm. Bəlkə gələcəkdə kimin üçünsə yararlı olar. İlk öncə onu qeyd edim ki, Bakıdan Keyptauna birbaşa reys yoxdur və ən uyğun yollar Bakı-Doha-Keyptaun və Bakı-İstanbul-Keyptaundur. Daha ucuz başa gəlməsi üçün isə Bakı-İstanbul-Yohannesburq-Keyptaun və bir sıra başqa yollar mövcuddur. Mən Bakı-Doha-Keyptaun ilə gedib eyni yolla da qayıtdım.Ölkədə pul vahidinin dəyəri dollara nisbətən çox aşağıdı və qiymətlər demək olar ki, bizim ölkə ilə eynidir. Təbii ki, bəzi istisnalar var misal üçün benzin çox bahadı və bununla əlaqədar olaraq ictimai nəqliyyat və taksilər də bahadı. Bakıda uberlə 4 manata getdiyim yolu orda uberlə 20 manata getdim :)) Daha bir mənfi cəhəti su krizis zonası olmasıdır. Getdiyiniz kafe, restoran, otel və s yerlərdə su tapmaya bilərsiniz və bunun üçün sizə əvəzedici vasitələr verəcəklər. Hətta demək olar ki, hər yerdə suyun onlar üçün nə qədər önəmli olduğu yazılıb. Otellərdə açıq qalmış suyun bir dəqiqədə neçə litr işləndiyi qeyd olunub və "dişlərinizi fırçalayan zaman suyu bağlamaqla bizə kömək etmiş olarsınız" kimi elanlarla rastlaşa bilərsiniz.Bütün bunlara rəğmən şəhəri çox bəyəndim. Möhtəşəm təbiəti olan bu şəhəri gəzmək üçün isə mən deyərdim ki, ən azı bir həftə lazımdır. Gəziləsi yerləri çoxdur. Orta məktəb kitablarından öyrəndiyimiz cənub-şərqin və cənub-qərbin ən ucqar nöqtələri olan Ümid burnu və İynə burnu da bu şəhərdə yerləşir.Ən çox bəyəndiyim yer isə şəkillər arasında rəngarəng evlər olan Bo-Kaap küçəsi oldu. Küçənin maraqlı tarixçəsi var onun haqqında da qısa yazım. Demәli Cәnubi Afrikaya gәtirilәn müsәlman qullar, müstәqillik qazanıldıqdan sonra Afrikaya gәlmәmişdәn öncә sahib olduqları peşәlәri ilә pul qazanmaq qәrarına gәlirlәr. Onlar şəkildə gördüyünüz küçәdә özlәri üçün kiçik şәhәrcik salıb burada mәskunlaşıblar. Daha sonra hәr peşәnin sahibi evini bir rәngә boyayıb. Misal üçün hәkimlәr qırmızı, tәmirçilәr sarı vә s. Bununla da onların ünvanı artıq asanlıqla tapılırdı. Hәkimә getmәk istәyәn artıq birbaşa qırmızı evә, təmirçi istəyən birbaşa sarı evə və s. Burada yaşayanların demәk olar ki, hamısı müsәlmanlardı vә özlәrini keyp-malaylı (cape-malay) adlandırırlar. Hәtta küçәnin girişindә kiçik bir mәscid dә yerlәşir.Yazılası çox şey var əslində bezib yarımçıq saxlamayasız deyə çox yazmıram  Sualınız olsa commentdə cavablayaram ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Eldar Əzimov

2340 dəfə oxunub

Tiflis bələdçisi

Tiflisdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Tiflisdən bütün gəzəyənlərə salamlar.Ən sonuncu xarici ölkə səyahətimi 6 yaşımda Rusiyaya etmişdim. Getmək istədiyim yerlərdən biri də Gürcüstan idi.Bileti (Bakı-Tiflis-Tarbzon-Bakı)425 AZN başa gəldi. Baqaj 0 götürmüşdüm, bel çantamla buraxmadılar. Orada Baqaj almalı oldum.Tiflisdə ilk getdiyim yer Fabrika hostel oldu, bir gün qabaq bron etmişdim(12 nəfərlik otaq).33 lari+bir gecə. Mən Fabrika hostelini çox bəyəndim,əla idi hər şey, gigiyenik idi.Bircə qəribə tərəfi tualtdə su olmaması idi yuyunmaq üçün. Əl yumaq üçün bayırda idi. Qısası bütün hosteli barjomi butulkamla gəzmişəm. Çıxanda qoydum tualetə ki, birdən ehtiyacı olar müsəlman bacı-qardaşlarımızın:DHostelə yerləşdikdən sonra şəhəri gəzintiyə çıxdım, nəqliyyata ehtiyac yoxdur çünki şəhərdə görməli yerlər yaxındır. Funkliyora mindim(gediş+gəliş)20 lari. Funkliyorla çıxdıqdan sonra orada dağüstü park var, maraqlı atraksionlar var, amma uşaqlara daha maraqlı olar deyə düşünürəm.Sizə Kür çayının üzərindəki qayıq turundan danışım. Tiflisə sırf onun üçün belə getməyə dəyər. 30dəqiqədə (30 lari) körpünün hər iki tərəfini turladıq, şəlalə var idi qayalıqların arasından axan ora qədər də gedib çıxdıq. İndi başa düşdüm ki, Kürün ən gözəl hissəsi Gürcüstana düşüb, ya da yaxşı ticarətə çeviriblər bunu.Oradan piyada Trinity Cathedrala gəldim, möhtəşəm idi, əzəmətli idi.Girişdə geyim var, götürüb geyinirsən.Görməli yerlərdən biri də The Clock Tower idi. Maraqlı arxitekturası var, şəhərin mərkəzindədir.Mən kilsə gəzməyi çox sevdiyim üçün, Tiflisdəki bütün kilsələrə getdim.Körpünün üzərində bizdəki(bit bazarı)kimi bir yer var idi, hərçənd ingilis dilində soruşanda daha da baha deyirlər, yenə getməyə dəyər. Antik əşyalar, əl işi aksesuarlar,rəssamların sənət əsərləri sərgilənir (həmçinin parkdır). Oradan Gustav Klimtin əsəri olan boyunbağı aldım(10 lari).Qidalanma-restoran qiymətləri bakıdan çox az fərqlənir. Ətraflı map hesabımdan girib baxa bilərsiniz.Google Xəritədəki postuma baxınSəviyyə 5 Yerli Bələdçihttps://maps.app.goo.gl/zWm9yJq3g68rGa8R9Tiflisdə gəzərkən Cəlil Məmmədquluzadənin evini də gördük. Funkliyora gedən yolda içəri binalarda idi.Tiflisdə ən bəyəndiyim şeylərdən biri də şəhərin qraffitiləri idi. Divarların rəngarəngliyi göz oxşayırdı. Özümü daha azad ölkədə hiss edirdim.Taxi xidməti-iki dəfə mindim, qiymətlər münasibdir.Düşəndə taxi arxamca çağırıb qəpiyi verəndə şok oldum ki,bakıda heç təklif belə etmirlər.((Bircə Tiflisdə ürəyimdə qalan şey o oldu ki, techno klubu gedə bilmədim. Çünki hamısı sezona çıxmışdı.Burada iki gün qaldım, indi isə yolum Batumi şəhərinədir. Sən demə hər yerin 20 yanvar metrosu kimi yeri var. Avtobusla ucuz başa gələr deyə düşünürdüm ki, elə anında bir gürcü dayı Batumiiiii qışqırıb, vitasına doğru apardı(40 lari). İndi yoldayam beş saata çatacam. Qəşəng təbiət görüntüləri Batumi səfərimin detallarında görüşənə qədər, yoldaşlar. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ağgül Feyziyeva

974 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!