2853 dəfə oxunub

Şəhər bələdçisi - İzmir

İzmirdəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.

9 günlük İzmir səyahətim artıq yekunlaşdı. Düşünürəmki burda olanlar çox olub amma yenədə fikirlərimi uzun-uzun bölüşmək istədim 


Şəhər:
İzmir şəhəri Bakıyla qardaş şəhərdir  Elə məhz İzmirdə də Bakı parkı yerləşir. Şəhərin özündə gəziləcək, görüləcək yerlər kifayət qədərdir. Mən müəyyən yerlərini gəzdim və bəyəndiyim eyni zamanda bəyənmədiyim tərəflər oldu. Ən bəyəndiyim şey şəhərdə hər yerdə küçədə yaşayan heyvanlar üçün yemək və su var. Mağaza sahibləri, adi şəhərin sakinləri evlərinin, dükanlarının girişində xüsusi qablarda sular və yeməklər yerləşdiriblər. Bunlara baxmayaraq şəhərin "Alsancak" tərəfi biraz çirklidir. Düzdür, bura İzmirin əsas yerlərindən sayılır, bahalı otellər, fərqli-fərqli restoranlar, kafelər (hər cibə uyğun mövcuddur), İzmir deyəndə ağla ilk gələn yerlər (Asansör, kordon, pier, Saat kulesi) və s. burda yerləşir amma zibil qablari həddən artıq azdır. Burda ən məhşur şey "çiğdem" dedikləri ağ tumu bir çox insan istifadə edir və elə qabığlarını da hər yerdə görə bilirsiniz, bununla paralel siqaret kötükləri və s.

2305912_orig
Bu tərəflərdə "çingene"ler çoxluq təşkil edir fal baxmaq, dilənçilik və gül satmaqla məşğuldurlar. Kordonda gəzdiyiniz an heç gözləmədiyiniz anda qarşınıza çıxa bilərlər  Eyni zamanda gəzərkən bəzi yardım toplayan gənclərə də rast gəlirsiz. Onlar Sizə bir sıra sənədlər göstərir və sizdən müyyən miqdarda ianə etməyinizi xahiş edirlər. Məbləği də təyin etməyi Sizin öhdənizə verir hətta qarşılığında Sizə çek verəcəklərini də bildirirlər  Bu isə İzmirdə fırıldaqçılığın fərqli metodudu (mən 10tl verdim  ). Bu işlə legal məşğul olan könüllülər də var, görən kimi onsuzda bilinir. Xusüsi geyimdə, boyunlarından asılı vəsiqələri və əllərində ödəniş terminalları (nağd qəbul etmirlər). İstəsəniz onlar vasitəsi ilə ianə edə bilərsiniz.
Karşıyaka isə deyərdimki hər şeyi ilə fərqlidir. Təmizliyi, küçələrin səliqəsi və s.
KORDON - Loru dildə desək İzmirin bulvarı. Bir neçə kilometrə qədər uzanan gəzmək üçün xüsusi yumuşaq örtüyü olan. Kənar velosiped yolugedən, cürbəcür balıq restoranlarının sırası ilə düzüldüyü bir məkandır  Siz burda bir çox insanların işdən sonra, həftə sonu vəbya yaşlıların balıq tutmaqlarının da şahidi olacaqsınız Restoranlardan isə ehtiyatlı olmaq lazımdır həqiqətən bəziləri çox abartılmış qiymətləri ilə sonda Sizi şoka salır (qızartma pulu, duz-istiot pulu, sous pulu hansıkı onlar onsuzda süfrədə olmalıdır və s.). Məhşur cofeeshopları, mağazaları, ayaqüstü yeməkləri isə Kordonun paralelindəki küçədə tapa bilərsiz 
*Kordon ərazisində yol boyu belə fərqli adda yerlər mövcuddur, Pier (AVM), Pasaport sahil, İskele limanlar (Konak, Pasaport, Alsancak)
ASANSÖR - Tam adı ilə "Tarihi Asansör". Dario Moreno küçəsində yerləşir. Küçənin özü girişindən etibarən balaca olsa da çox maraqlı küçədir. Bu insan haqqında məlumatı isə vebdən rahat şəkildə tapa bilərsiniz. Qısa deyimki İzmiri və izmirliləri sevən dünyaca məhşur müğənni olub və İzmirlidr. İzmirdə istanbul kimi təpələrdən ibarət olduğu üçün pilləkənlər bu hissədə dəhşət çoxdur. 1907-ci ildə inşa edilən Asansör "aşağıdan" "yuxarı" qalxan insanların hərəkətini asanlaşdırır və bugün pulsuz olaraq fəaliyyət göstərir. Alsancakda yerləşən bu tarixi yerə gəlmək üçün metro (konak stansiyasi) və ya tramvay (karataş stansiyası) ən optimal seçimdir.
EFES (Ephesus) - Qədim Yunan mədəniyyətini o zamanki yerləşmə və şəhər formatını özündə əks etdirən tarixi şəhərdir. Ora getmək üçün bir neçə seçim mövcuddur. Ən rahatını araşdıraraq tapdım. Şəhər ərazisində yerləşən istənilən İZBAN stansiyasından daxil olaraq Tepeköy istiqamətində gedənə minirsiz. Bu stansiya xəttin sonudur. Daha sonra isə "peresadka" edərək Selçuk istiqamətinə gedən İzbana minərək ordada düşürsünüz (5,75tl və ya daha az). Selçuk garindan (vağzal) hər 15 dəqiqədə bir efesə mikroavtobuslar hərəkət edir (3,50tl). Efesə giriş isə 74 tl-dir. Yola sərf olunan vaxt 1 saat civarıdır.

Çeşme, Alaçatı - Məlum və məhşur yerlərdir. Qısa demək olarsa Alaçatı daha maraqlıdır. Gözəl fotolar çəkə bilərsiz )

DSC_9267
Ilıca - Çeşme və Alaçatının arasında yerləşən ərazidir. Hər birinə yaxınlığı təxmini 2-5 km arasıdır. Bu 3 yer arasında mikroavtobuslar (3tl) belə işləyir. Mən bura iki günümü ayırdım. Ilıca adətən xalq çimərliyidir. Sadədir, bahalı deyil hətta pulsuz belə istirahət edə bilərsiz çimərliklərə giriş pulsuzdur və əgər çətir və "şelzong" istəsəz muəyyən bir odənis edirsiz (20-40 tl arasi)
*Mən bu əraziyə 2 gün ayırdım. Bir gün çimərlik, növbəti gün isə günortadan sonra gəzinti.
Hər üç əraziyə gedişin ən rahat yolu "üç kuyular" adlanan ərazidən "Çeşme seyahat" avtobusları vasitəsi ilədir. Gediş haqqı standart 20 tl-dir. Üç kuyulara metro (Fahrettin Altay st.) Tramvay (Fahrettin altay - Alsancak tərəfdən) gələ bilərsiz. Yola sərf olunan vaxt ( 50 dəqiqə)

SAAT KULESİ - İzmirin tarixi yerlərindən biridir. Həyəti göyərçinlərlə dolu bir meydandır. Təmirə bağlı olduğü üçün tam yaxınlaşa bilmədim. Alsancakda yerləşir gəliş üçün Tramvay (Konak İskele st.) İzdeniz - Vapur (Konak İskelesi)
Kemeraltı Çarşısı - Tarixi bir çarşı olsada mənə o qədər də maraqlı gəlmədi ) Çünki çox da tarixilik bir şey tapa bilmədim düzü amma gəzmək adına Saat kulesinə getdiyiniz mütləq orada baxın tam saat kulesinin arxasi çarşıdır.

0db43fb14b65476fa16d51f9279781cb

Alış - veriş: Seçimlər müxtəlifdir. Onu deye bilərəm qiymətdədə bir-birindən fərqlidir. Bunların arasında ən uyğunu Optimum AVMdir. Gediş üçün İzban istifadə edərək Esbaş st. da düşmək kifayətdir.

Nəqliyyat: İzmirin ən müsbət tərəfi nəqliyyatdır. İzban (qatar), metro, tramvay, vapur. Bu nəqliyyat Sizə hər istiqamətdə çox rahat getməyinizə imkan yaradacaqdır. Qiymətləri olduqca münasibdir. 90 dəqiqə içərisində gediş istiqamətiniz üzrə "peresadka" etmək üçün əlavə ödəniş etmirsiz. Bütün bu nəqliyyatlardan istifadə edə bilmək üçün İzmirə gələn kimi mütləq "İzmirim kartı" alın qiyməti 8 tldir.
Əlavə olaraq "Bisim" adlanan velosiped parklarından velosiped götürərək kiçik gəzintilər edə bilərsiniz. Velosipedləri xüsusi kart (Bisim kart) və ya bank kartı ilə götürmək mümkündür.

Gəziləcək yerlərinizin arasında Karşıyaka-yı mütləq salın. Alsancak tərəfdən çox fərqli abu havasi var ) Daha mədəni və avropasayağıdır.

Və son olaraq mən gedə bilməsəm də Foça adlanan ərazini də gəzməyə və dənizə girməyə məsləhət gördülər. Hər gün vapur vəsitəsi ilə xüsusi reyslər mövcuddur.

Qeyd: Nəqliyyatlar fərqli saatlara kimi işləyirlər. Adətən gecəyə kimi və bəzilər 02:00 və s. Telefonunuza İzmir bələdiyyəsinin xususi proqramını yazsanız vaxtları çox rahat izləyə bilərsiniz.

Gəzdiyim yerlər çox olsa da xüsusilərini bura qeyd etdim, ümid edirəm səyahət edəcək şəxslərin işinə yarayar.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ibrahim Khalil

DİGƏR BLOQLAR

Dünyanın naxışı - Naxçıvan bələdçisi

Səfər öncəsi "Naxçıvana 15 gün" dediyimdə "orada 15 gün nə edəcəksiniz?" deyə təəccüblü sual aldım. Lakin bu 15 gün ərzində bəlli oldu ki, hələ bir 15 gün də əlavə ola bilərdiBeləliklə, çalışım çox geniş olmadan, çox yormadan ümumi bir Naxçıvan postu hazırlayım (Şəxsi instagram hesabımda hələ də paylaşmaqda davam edirəm https://instagram.com/irada_gadirova?utm_medium=copy_link )Naxçıvan səfəri boyunca Naxçıvan şəhəri, Babək, Ordubad, Şahbuz, Şərur, Culfa, Kəngərli rayonlarına səfər edib, onların maddi-mədəni irsi və təbiətini çəkmiş oldum. Gəzməli görməli yerləri sistemləşdirirəm:1. Naxçıvan ş.-Xan sarayı, Möminə xatun türbəsi, Əcəmi seyrangahı, Yusif ibn Küseyr türbəsi, bayraq meydanı, Nuh peyğəmbər türbəsi, Naxçıvan tarixi qala, muzeylər. Qeyd: bütün muzeylərə giriş pulsuzdur 2. Babək r. -Əshabü Kəhf-Atçılıq mərkəzi3. Culfa r.- Əlincə qalası (giriş pulsuzdur)-F.Nəiminin məzarl olan Xanəgah- Bənəniyar gölü və oradan Haçadağın görüntüsü. -Culfanın Mars kimi tanınan dağları var. Yolboyu sizi müşayiət edəcək.Qeyd: eyni günə Əlincə qalası, Xanəgah və Əshabü Kəhfi sala bilərsiniz. Mən tərsinə etdim, yandım. Siz getsəniz, səhər ertədən qalaya gedin. 9da açılır. Oradan Xanəgaha keçin, qalanın arxasındadır və sonra da Əshabü Kəhf. 4. Kəngərli r.-Qarabağlar türbəsi. Orta əsr memarlığının ən möhtəşəm nümunəsidir və mütləq ziyarət ediıməlidir.5. Şərur r.Mənim qrafikim bir az çılğın qrafik idi. Hər bir halda sizin üçün də yazım. Bəlkə qalxmaq istəyərsiniz:-Oğlanqala. E.Ə. II-I minilliyə aid qədim şəhərin təpə üzərində qalıqlarıdır. Oradan Ağrıdağa və Arpaçay su anbarına möhtəşəm görüntü açılır.- Yuxarı Yaycı kəndi, Ağzirət piri. Əslində bura qədim dövlərə aid mağaradır. Və əgər ki, günortadan sonraya salsanız, dağlar və mağara fonunda ecazkar günbatışı rənglərinə şahidlik edəcəksiniz. -Arpaçay Su anbarı.6. Şahbuz r.- Batabat. Bir azdan bütün gül-çiçəklərin açacağı vaxt olacaq.-Ağbulaq. Batabat yolundadır. Burada Azərbaycanın 3-cü böyük kanat mərkəzi yerləşir. Qiymətləri 5 manat, limitsiz 15 manatdır. Qışda qarda xizək mərkəzi kimi fəaliyyət göstərir, yayda isə dağlara baxmaq üçün gözəldir.-Kükü kəndi. Gurbulaq şəlaləsi və Qanlıgöl. Kəndə gəlsəniz, istənilən şəxsə müraciət edib UAz istəyin. Sürücü sizə həm də elə bələdçilik etmiş olacaq. Hər bir halda müraciət etməkdəb çəkinməyin. İnsanlar xoşgörülü, qonaqpərvər və açıqdırlar.-Keçili kəndi. Tam sərhəd kəndi olan Keçili təbii bulaq suları, yaylaqları və Ballıdüz şəlaləsi ilə seçilir. Düzdür, şəlaləni çox naxçıvanlı belə tanımır kənd sakini Nəsimi bəy bələdçilik də etdi. Yolboyu ehtiyatlı olun Gürzələrlə doludur- Vayxır gölü. Şahbuzdan Naxçıvana qayıdınca yolun solunda Vayxır gölü görsənir. Orada ayaq saxlayıb gölə, dağlara, kəndlərə açılan mənzərələr baxın.7. OrdubadOrdubad bu səfərimin zirvəsi oldu. Ürəyimdə bir ayrı yerə qoydum.Ordubadda şəhərin özü ilə sizə yarım gün vaxt bəs edəcək. Qeysəriyyə, Cümə məscidi, Meydan, Yusif Məmmədəliyevin və Ordubadinin ev muzeyi, tarixi çinarlarla tanış olduqdan, Dübəndidə və Mirinin çay evində çay içdikdən sonra yollanın kəndlərə:-Nüsnüs. Asfalt yollu kənddə tarixi hamam var. -Gənzə. Elə mənzərələr, yolboyu açılan görüntülər nəyə deyirsən dəyər.-Pəzməri2 möhtəşəm şəlaləsi var. Birjnciyə getmək asandır, digəri üçün 40 dəqiqəlik bir hikinq lazım olacaq. Lakin mütləq gedilməli və görülməlidir.-Göygöl. 4 gözəl kənddən keçməklə Göygölə gedilir. Lakin bunun üçün icazə alınmalıdır. Çünki hərbi hissə ərazisindən keçilir. -Gəmiqaya. Qapıcıq və Gəmiqaya dağları ətəyində, Qaranquş yaylağında yerləşən Gəmiqaya petroqlifləri dünya əhəmiyyətli maddi-mədəni irsimizdir. Minilliklərə dayanan yaşı olan Gəmiqaya petroqlifləri açıq səma altında muzeydir.Naxçıvan eyni zamanda sağlamlıq turizminin əsas istiqamətlərindən biridir. Burada Duzdağ kimi mağara, Darıdağ müalicəvi mərkəzlər nəyə deyirsən dəyər. Birincidə astma, bronxial xəstəliklər, ikincidə isə mineral sulu hamamda sinir və digər xəstəliklər müalicə edilir.Naxçıvanda harada qalaq?1. Saat meydanı Naxçıvan - mənim seçimim bundan yana oldu. 4 ulduzlu otel olan Saat meydanı şəhər mərkəzində olmaqla, otaqları geniş, səliqəli, özünün 5 kafesi, cinema plusu olan mərkəzdir. Burada rent car xidməti də var. Rahat sifariş edə bilərsiniz. Həmçinin qeyd etdiyim məkanlarla bağlı gediş-gəliş işini də otel administrasiyasına müraciət etməklə yardım ala bilərsiniz.Şəhərdə həmçinin Təbriz, Grand otellər də var. Lakin mən orada qalmamışam deyə bir şey deyə bilmərəm.2. Duzdağ otel. - Duz mağaraları yolunda olan otel çox qəşəngdir. Hər otaqda iri duz parçalarl da qoyulub. Həm ana bina, həm də kotecləri, basseyni də var.3. Ağbulaq ailəvi-istirahət mərkəzi. Kanat xətti olan mərkəzdir.Yemək üçün Buzxananı milli mətbəx üçün seçdim. Lakin yemək yerləri çoxdur. Heç bir sıxıntı yaşamayacaqsınız.Naxçıvanda hər yer tərtəmizdir. Taksi xidmətləri var. Ucuzdur. Dəhşət ucuzNaxçıvanda maska yoxdur. Rahat nəfəs alın. Belə. Nə sual olsa, yazın. Ola bilər nəyisə unutmuşam. Sual olduqca, xatırlayıb yazaram.Xoş istirahətlər#naxçıvan #travel #azərbaycanƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Irada Gadirova

2361 dəfə oxunub

7 bənddə Trondheim

Trondheimdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Əziz səyahət sevərlər,İsti avqust günlərində soyuq Norveç torpaqlarından şəkillər görmək istəyirsizsə bu post sizin üçündür :)Bir neçə il əvvəl dünyanın ən böyük tələbə festifalı olan İSFİT-də iştirak etmək şansı qazanmışdım. Norveçin Trondheim şəhərinə getmək və fevral ayında biraz tərəddüdlü gəlirdi, qarlı hava və soyuğu sevmədiyim üçün əmin deyildim. Həm də o vaxta qədər ziyarət edəcəyim ən şimalda yerləşən ərazi olacaq idi, şəhər 63° şimal enliyində yerləşir (Məlumat üçün İslandiyanın paytaxtı Reykyavik 64°-də yerləşir) Amma qərara aldım ki bu səfəri edim. Xoşbəxtlikdən fevralın ortaları olmasına baxmayaraq qarlı olsa da çox şaxtalı olmadı hava.Adətən bizim cəmiyyətdə Skandinaviya ölkələrinin insanları haqda soyuq və sıxıcı olmaları ilə bağlı fikirlər var. Açığı Norveç və İsveçdə olduğum 15 gün ərzində istər küçədə rastlaşdığım nəsə soruşduğum adi sakinlər, istər evində məni qonaq edən ailə kifayət qədər dostcanlı və fərqli mədəniyyətləri tanımağa maraqlı insanlar idi. Bu stereotipim orda qırıldığını deyə bilərəm. Festivalın ən yadda qalan hissəsi isə Dalay Lamanın çıxışını dinləmək idi :)Bir gün yolunuz bu şimal şəhərinə düşsə sadalayacağım yerlərə mütləq baş çəkin və bu qidaları dadın ki, Trondheima getmişəm deyə biləsiz:1. Köhnə şəhəri Nidelva çayı iki yerə bölür. Çayın üzərində isə şəhərin ən çox turist cəlb edən Gamle Bybro – old town bridge yerləşir. Körpünün üzərində dayanıb 400 il yaşı olan rəngli taxta evləri və onların çay suyuna düşən əksindən zövq almağı unutmayın.2. Şəhərin ən diqqət çəkən tarixi abidəsi Nidaros Kilsəsidir. Bu abidəyə kənardan xeyli tamaş etmişdim. Dindar biri olmasazda içəriyə daxil olun və o atmosferi duymağa çalışın, sizi valeh edəcək. Möhtəşəm memarlıq nümunəsi səhv etmirəmsə ən şimalda yerləşən orta əsr kilsəsi hesab olunur.3. Fiordlarla əhatələnən bir şəhəri təzə balıqsız təsəvvür etmək olar heç? Limana yaxın Ravnkloa adlanan yerdə balıq bazarına baş çəkin. İlk dəfə orda dadını hələ də unutmadığım qurudulmuş balıq yemişdim (tørrfisk)4. Norveçə getmisizsə təbii ki, Brunost dedikləri brown cheese-i dadmalısınız. Bildiyimiz pendirdən yaxından uzaqdan heç bir əlaqəsi yoxdur, heç bir tanış qidanın dadına oxşamır, özünə məxsus bir dadı var. Səhərlər cemlə və norveçə xas olan qəribə başqa pendirlərlə yeyirdilər :)5. Trondheim şəhərinin öz ənənəvi pivəsi var Dahls adlanır. Qədim şəhərdəki hər hansı bir barda, pubda tapa bilərsiniz. Mən adətən hər şəhərə gedəndə mütləq yeni bir pivənin dadına baxıram. Sizin də belə bir marağınız varsa əminlik tövsiyə edirəm. Sakit bir yerdə oturub nağıl kimi görünən qarlı şəhər mənzərəsinə baxaraq həzz alın həyatdan ;)6. Əgər Trondheim və fiord mənzərəsini biraz hündürlükdən görmək istəsəz Kristiansten qalasına qalxmağı məsləhət görürəm. Həm qalanın tarixi ilə tanış olmaq, həm şəhəri seyr etmək üçün ən uygun yerdir. Qalanın içərisində Kommendanten restoranı var idi, qapıdan içəri addım atan kimi unikal bir atmosfer bürüyür insanı. Dadlı və bahalı yeməkləri var.7. Əgər Bakıdakı teleqüllə restoranı cibinizə uygun deyilsə bir də Trondheimda cəhd edin. Əmin olun qiymətlər daha münasibdir. Qüllə Tyholttårnet adlanır içərisində isə Egon restoranı var. Restoran 360 dərəcədir və bir saat ərzində tam dönür. Hətta küləkli gündə silkələndiyi belə hiss olunur. Şəhərə açılan mənzərə isə sözlə təsvir edilə bilməyəcək dərəcədə gözəldir. Xüsusən günbatımı vaxtı günəşin fiordlarda itdiyini görməyə dəyər.Və sonda əmin ola bilərsiz ki, valyutamızın bu “güclü” vaxtlarında qiymətlər sizi çooox təəccübləndirəcək, amma xərcləyəcəyiniz hər bir krona dəyəcəkSevgilərləƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Fagan Yusifli

1058 dəfə oxunub

Bir gəzəyənin İzmir səyahəti

İzmirdəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.İzmir səyahəti…Hava limanından şəhər mərkəzinə necə getmək lazımdır ?Hava limanından çıxdıqdan sonra yaxınlıqda İzban (yer üstü hərəkət edən tramvay) stansiyası var. Həmin stansiyanın girişində İzmirim Kart satılır. 3 gedişlik 16 tl-yə ala bilərsiniz. Bu kart vasitəsi ilə Metro, İzban, Vapur (gəmi) və Avtobuslardan istifadə edə bilərsiniz. Hər hansı bir nəqliyyat vasitəsi ilə gediş haqqı 3 lira təşkil edir. Azərbaycanda 50-100 tl alıb sonra gedin İzmirə. Çünki hava limanında dolları ucuz dəyişirlər. Karta balans yükləmək üçün hər stansiyanın girişində yükləmə qurğuları var. Kartı yaxınlaşdırıb pulu daxil edirsiniz. İzbandan başqa bütün nəqliyyat vasitələrində ilk 90 dəqiqə ərzində kartdan 2-ci dəfə istifadə etsəniz gediş bir dəfə pulsuz olacaq. Məsələn bir kartla iki nəfər keçərsə 2-ci sərnişin pulsuz keçəcək. Getməzdən əvvəl google-dan izban və metro (raylı sistemler) xəritəsini telefonunuzda saxlamağı məsləhət görərdim. Beləliklə hansı stansiyada enməli olduğunuzu daha dəqiq biləcəksiniz. Metro və İzbanlarda monitorlar var və hər stansiya anons edilir. Hamısında kondisioner işləyir. Taxi-lər olduqca baha qiymətə olduğundan bu yöntəm sizin üçün sərfəli olacaqdır.Nömrə əldə etmək.Nömrə əldə etmək üçün Türk telekom və ya Turkcell nümayəndəliklərindən birinə müraciət edib pasportunuzu təqdim etməklə nömrə ala bilərsiniz. Lakin diqqət edin ki, şənbə və bazar günləri nömrələrdə əməliyyat aparmaq mümkün olmur. İstirahət günləri yalnız online ödəniş etmək mümkündür. İnternet paketi aldıqdan sonra gedəcəyiniz yerlərə sizi Google Map tətbiqi aparacaq.OtelOteli Konak və ya Çankayada tuta bilərsiniz. Bu yerlər şəhərin mərkəzi sayılır. Kordon-a (sahil) yerimə məsafəsindədir. Sizə Konakda, Gazi Bulvarında, 9 eylül meydanının yaxınlığında yerləşən Efehan Otel-i məsləhət görərdim. Booking.com-dan otelə nəzər yetirə bilərsiniz. Mərkəz bir küçədə yerləşir. Pəncərə açıq olduqda avtomobil səsləri gəlir amma pəncərə bağlı olduqda (kondisioner işləyəcək yəqin ki) səs yoxdur. Təmiz və hər şəraiti olan bir oteldir.MağazalarBöyük mağazalar yoxdur İzmirdə kiçik mağazalardır amma axtardığınız hər şey var. Ən çox da Migros Jet. Burada axşam 22.00-dan sonra spritli içki satışı qadağandır.Restoranlar və yeməklərRestoran seçimləri sahil boyu uzanan yolda, yəni Kordonda yol boyu davam edir. Balıq, fast-food, şirniyyat kafeləri, pub-lar. Fast food kafelərdə çox zaman yemək və içki 20 tl-ni keçmir. Xüsusi ilə Kordonda Kumrucu Şevki deyilən yerdə İzmirə xas olan fast food “Kumru”nu yeyin. Restoranlarda xidmət yüksək səviyyədədir. Bir kofe içəndə belə saatlarla otura bilərsiniz.Alış-verişAlış veriş üçün Kıbrıs Şehitleri Caddesi-nə gedə bilərsiniz. Bura da mərkəzdədir. Koton, Mavi, LC Waikiki kimi tanıdığımız mağazalar və digər dünya markaları bu yerdə mövcuddur. Burada qiymətlər Azərbaycan manatı ilə müqayisədə ucuz olsa da daha ucuz yer istəsəniz Saat Kulesinin yaxınlığında De Facto, Flo mağazaları var. Əgər daha da ucuzunu istəsəniz həmin küçədə Kemeraltı Çarşısı var. Bu bazarda hər şey satılır. Ədviyyat, yorğan-döşək, paltar, çantalar, şirniyyat və sairə.Alış-veriş üçün başqa bir seçənək olaraq Karşıyakada "Mavişehir" deyilən yerə gedə bilərsiniz.İzmirİzmirin özündə Basmane deyilən bölgədə Agora açıq hava tarixi müzeyinə baş çəkə bilərsiniz. Giriş 12 tl təşkil edir.Tarihi Asasör-ə çıxıb şəhər mənzərəsi izləmək pulsuzdur. Oraya gedən yolda olduqca yorucu pilləkənlər var. Amma şəhərin mənzərəsini izləyərək enib çıxırsınız.Fuar kütlür park Konakda yerləşir. Demək olar ki şəhərin mərkəzidir. Böyük bir parkdır. İçində Lunapark da mövcuddur. Bütün ekstrim atraksiyonları burada tapa bilərsiniz.İzmirdə saat kulesi təmirdə olduğu üçün tam yaxınlaşa bilmirsiniz. Deyilənə görə sentyabrda açılacaq.Karşıyaka deyilən yer İzmirin dəniz yolu ilə daha tez gedilən bir digər tərəfidir. Burada Bostanlıya gedib günəşin batışını izləmək üçün xüsusi yaya köprüsü deyilən yerdə mənzərəni izləyə bilərsiniz, lakin burada hərdən dənizdən kanalizasiya qoxusu gəlir. Karşıyaka İzmirin digər tərəfinə bənzəmir daha fərqli bir abu havası var.Alsancak-da Sevgi Yolu deyilən bir yer var. Sevgi yolu sağı və solu sıra-sıra palma ağaclarından ibarət olan çox gözəl bir küçədir. Burada kitab və bəzək əşyaları satılır. İstəyə uyğun bəzək əşyası istəsəniz həmin yerdə Bülent adında bir kişi var. Çox yaxşı insandır. O sizə ən sərfəli qiymətə istədiyiniz şeyi düzəldib verəcək.Axşam saatlarında kordonda günün batışı möhtəşəm bir mənzərə yaradır. Hər axşam. Bütün restoranlar dolur, insanlar sahil boyu yaşıllıqlarda uzanır, söhbət edir, mahnılar oxuyurlar.AvtovağzalÇankaya və ya Konakdan 302 nömrəli avtobus sizi bir başa Avtovağzala (Otogar) aparacaq. Burada yuxarı mərtəbədə şəhərlar arası avtobuslar, aşağıda isə İzmir içi avtobuslar hərəkət edir. Hər şirkətin öz bilet satış pəncərəsi var və qabağında hansı yönə hərəkət etdiyi yazılıb. Sizə Kamil Koç avtobus şirkətini məsləhət görərdim. Avtobuslar səhər saatlarından gecə yarılarına qədər işləyirlər. Əgər bileti online almaq istəsəniz “obilet” tətbiqini yükləyib ala bilərsiniz amma bu zaman biletləri 3-4 tl baha alacaqsınız.Çeşme-Alaçatı-Ilıcaİzmirə bağlı olan Çeşme-də Ilıca deyilən bir çimərlik var. İzmirin ən məşhur və ən təmiz çimərliyidir. Buradaki çimərlik, qum, dəniz hətda Miami ilə müqayisə olunur. Su təmizdir, çimərlik isə pulsuzdur. Sadəcə günəşlənmək üçün xüsusi yer istəsəniz 1 yer üçün 40 tl ödəməli olacaqsınız. Çeşme kiçik bir yerdir. Bir məkrəzdən ibarətdir bir də Yat Limanı-Marina-dan. Buraya da getməyi unutmayın. Çox gözəl mənzərəsi var. Çeşme-dən sonra Ayayorgi deyilən sahil kənarı var. Burada Tren Beach Club-da gedə bilərsiniz. Burada hər gün Türkiyənin ən məşhur müğənniləri ilə qumsalda party keçirilir. Giriş 80tl təşkil edir.Efes – SelçukAvtovağzaldan Selçuk-a gedən mikro avtobuslar var. 7-8 tl ilə Selçuk avtovağzalına gedirsiniz. Oradan Efes müzeyinə hərəkət edən mikro avtobuslara minib davam edə bilərsiniz. Dünyanın ən böyük açıq hava müzeyi olan Efes-də qədim Yunan-Roma mədəniyyətinin və memarlığının qalıntıları ilə tanış ola bilərsiniz. Efes-ə bilet almaq üçün biraz növbədə gözləyəcəksiniz. Bilet 72 tl təşkil edir. Nəzərinizə çatdırım ki, yay vaxtlarında dəhşətli dərəcədə isti olur və kölgə yoxdur. Müzeyin içərisində su və limonadlar çox baha qiymətə satılır. Məsləhət olardı ki, suyunuzu əvvəlcədən mağazadan alasınız.Kuşadası – AydınKuşadası İzmirə bağlı deyil. Ada Aydın şəhərinə bağlı, kristal təmizliyində sulara sahib olan möhtəşəm bir yerdir. İzmirdən cəmi 1 saat 15 dəqiqə uzaqlıqdadır. Avtobusla bir başa gediş haqqı 17 tl təşkil edir. İzmirdə avtovağzaldan yenə Kamil Koç avtobusları ilə bir başa Kuşadası avtovağzalına gedə bilərsiniz. Buradan Kuşadası sahilə-mərkəzə enmək çox asandır. Yenə google map sizə kömək edəcək. Burada Güvercin ada-ya getməlisiniz. Güvercin ada limanında 1 saatı 10 tl-lik gəmi turları təşkil olunur. Burada yat limanının da gözəl mənzərəsi var. Kuşadasının ən məşhur pulsuz çimərliyi isə “kadınar plajı” adını daşıyır. Lakin, burada hər kəs istədiyi yerdə dənizə girə bilir. Bütün çimərliklərdə əhali yuyunmaq üçün duşlar və əyin dəyişilən kabinlər mövcuddur, eləcə də pulsuzdur. Kuşadasında restoran qiymətləri İzmirə nisbətən cuzi də olsa ucuzdur.Ümumiİzmirə gəlmişkən 3 saat 15 dəqiqə uzaqlıqda olan Bodruma da getməyiniz məsləhət olardı. Bundan başqa Foça və Seferihisar deyilən ərazilər də görməyə dəyər yerlərdir. Əlavə olaraq Karaburun, Urla və Denizlidəki Pamukkaleyə də getməyiniz yaxşı olardı. İstəsəniz oteli İzmirdə tutub yuxarıda qeyd etdiyim yerlərə 1-2 günlük gedib Təkrar izmirə qayıda bilərsiniz. Çünki İzmirdə ucuz və yaxşı otel tapmaq daha asandır.İzmirdə zibil qutusu azdır. Bunun səbəbi bələdiyyənin bomba təhlükəsinə görə qutuları azaltmasıdır. Bələdiyyə işciləri hər gün küçələri təmizlədiyindən küçələr çox təmizdir. Yerdə zibil görmək demək olar ki, mümkünsüzdür. Yolu keçəndə sürücülər çox səbrlidir. İnsanları səmimi və kömək edəndir. Orada qaldığım müddətdə pis bir insanla qarşılaşmadım.İzmir ümumilikdə gözəlliklərlə dolu bir yerdir. Bunu orada keçirdiyiniz son gündə daha yaxşı başa düşəcəksiniz.Əgər İzmir və ətrafına getmək istəyənlərin əlavə sualı olarsa, cavablandıra bilərəm.Sonda isə qısa görüntülərdən hazırladığım video klipi izləyə bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Asaf Salahow

2857 dəfə oxunub

Saxurların gözü Mamrux

Bugün çoxdan arzuladığım bir səfəri reallaşdırdım. Velosipedlə aramızda bir dağətəyi kənd olan Mamruxa getdim. Belə yerlərdə iki ya 3 nəfərlik qruplar arzuolunandır. Mən də hər zamankı kimi Şıxəmirlə getdim. Səfərimizi səhər 6 - da düşünsək də tez olduğuna görə 8 - ə dəyişdik. Bir saata kəndə çatdıq.Öncə kənd məscidinə, onun həyətindəki köhnə Alban məbədinə baş çəkdik. Məscid bölgə memarlığı üslubunda tikilib. Doğma olan üslubu burada da görmək ruhumuzu oxşadı. Karantin dövründə olduğumuz üçün təəssüf ki, bağlı idi. Sadəcə həyətində gəzə bildik.Deyilənə görə, Alban məbədi sovet dövründə tövlə kimi istifadə olunub. Hazırda isə baxımsız vəziyyətdədir. Ancaq bir həyətdə həm saxurların xristian olduqları dövrdə tikilən köhnə bina, onunla eyni həyətdə yenə saxurların müsəlman olduqları müasir dövrdə tikilən məscid vardı. Bu tandem xoş təəssürat yaradır.Ondan sonra məscidin sol tərəfindən 150 metr aralıqda yerləşən, divarında ərəbcə məlumat lövhəsi olan körpüyə baş çəkdik. Ətrafı iri ağaclarla əhatə olunan bu körpünün altından su axmırdı. Bu bir növ körpünü yararsızmış kimi göstərir. Amma çay yatağının dərinliyi maşın və hətta at arabasının da keçidinə əngəl törədir.Daha sonra kənd mərkəzində biraz gəzdikdən sonra çay içməyə getdik. Kənd əhalisinin mehribanlığı, hər kəsin bir-birilə salamlaşmağı diqqətimdən yayınmadı. Bizim də kənddə hamı bir-birinə salam verir. Bu çox bəyəndiyim adətdir. Allahın adını bir-birimizə ötürürük. Burada isə bu hərəkət xüsusi mehribanlıqla edilirdi. Yorğunluğumuz, çayın ləzzətli dəmi, havanın istiliyi, hər zamankı zarafatlarımız deyərkən bir saata yaxın vaxt keçdi, dincimizi alıb, yola çıxdıq.Ordan çıxarkən Mamrux kənd məktəbinin müəllimi, araşdırmaçı Sakit müəllim bizi qonaq çağırdı. Mamruxun ümumi tarixindən, onun fərqli dövrlərdə yaşadığı tarixi, mədəni dəyişikliklərdən söhbət elədi. Bu gün həm də bizi maraqlandıran digər məsələ Mamruxun incisi deyə biləcəyimiz Armatay ( Ay ilahəsi) məbədi haqqında öyrənmək, mümkün olsa ora qalxmaq idi. Təəssüf ki, məlumat alsaq da, bələdçisiz ora qalxmaq qeyri-mümkündür. Dağ-meşə içində dağılmaqda olan məbədi tapmaq xeyli müşkül olacaqdı. Mamruxun qədim olduğunu bilirdim. Amma dəmir dövrünə aid məbədlərin, qəbirlərin varlığından xəbərsiz idim. Kəndə olan marağım daha da çoxaldı. Uşaq vaxtı arı köçləri ilə bura gələndə kəndin gözəlliyi az-çox yadımda idi. Amma bugün bir təbiətsevər olaraq bu gözəlliyə  vuruldum. Sakit müəllimin qonaqpərvərliyi, danışdığı maraqlı tarixi hadisələr(özü tarix müəllimidir), regionun tarixi əhəmiyyəti barədə bir çox mövzular mənim üçün əsl meditasiya oldu.Yenicə çıxmışdıq ki, rəssam Əhməd müəllim, hələ də, kənddə olub - olmadığımızı soruşdu. Dünən gələcəyimi xəbər vermişdim. Təzədən yeni Mamruxdan köhnə Mamruxa qalxdıq, dağın lap dibinə. Dünəndən velosiped sürdüyümə görə xeyli çətinlik çəkdim. Şıxəmir isə hər gün sürməyinin verdiyi rahatlıqla rahatca davam edirdi. Həqiqətən həyətinin dizaynı, evinin divarlarındakı rəsmlər, evin rəssama məxsus olduğunu deyir. Bütün kəndi, dağ və meşələri görə biləcəyimiz kəndin bu hissəsində saxurların milli-mədəni məsələləri barədə söhbət elədik. Sakit müəllimin danışdığı tarixi faktların üstünə Əhməd müəllimlə də daha çox sosial mövzuları xırdalamaq Mamrux və onun saxurların tarixindəki rolunu daha aydın başa düşdüm.Daha sonra qonşuluqda olan, Qafqaz Albaniyası dövründə imarət olsa da hazırda tövlə kimi istifadə olunan bir binaya baş çəkdik. Baxımsız vəziyyəti ilə bəlkə də 20-25 il ömrü qalıb. Ya da ev sahibi yeni tövlə tikərkən sökməli olacaq. Çox acınacaqlı vəziyyətdir. Ümumiyyətlə, Zaqatalada çoxlu tarixi binalar eyni taleyi yaşayır. Şəhər mərkəzindəki alban kilsəsi də həmçinin. Sağollaşıb, üzü bizim kəndə doğru yol aldıq. Kənddən çıxandan sonra bir kənardan Mamruxun aşağıdan şəklini çəkdim. Həqiqətən tam da yaşamaq istəyərəm dediyim yer idi. Ətrafında dağ meşələri, içindən və yanından axan çaylar, geniş bağlar, səmimi insanlar. Bir sözlə, mənə görə hüzuru tərif edəcək çox şeyləri burada tapdım. Bir də Zaqatalada Çardaxlar kəndini bu qədər bəyənirəm. Amma Mamrux artıq ilk pillə oldu mənim üçün.Bugün yaşadığım digər təcrübə isə Mamruxun qonaqpərvərliyidir. Sakit və Əhməd müəllimi Facebook sosial şəbəkəsi üzərindən söhbətlərimiz olsa da ilk dəfə real görüşürdük. Bizi sanki illərin tanışları, dostları kimi qarşıladılar. Belə fikirləşirəm ki, kimsə mənə evini açıbsa ora getməmək ədəbsizlikdir. Bu gözəl insanlar sayəsində Mamrux çox gözəl xatirələrlə yaddaşıma həkk olundu. Onlar mənə görə bütün Mamruxu təmsil edirdilər.Kəndimizdən olan, Gəncədə yaşayıb-yaratmış saxur yazıçımız Əhməd İsayev son əsərlərindən birini kəndimizə həsr edib. Adını da “Saxurların gözü Suvagil” qoyub. Bizim kənd dünyada saxurların kompakt yaşadığı ən böyük yer olsa da (təxminən 7000 nəfər – 1400 yaxın ev) mənə görə gözəllik və tarix baxımından “Saxurların gözü Mamrux”dur.Hər bir Azərbaycanlının öz milli-mənəvi dəyərlərinə sahib çıxaraq, onları qoruyub saxlaması ümidi ilə.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Murad Akifsoy

2033 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!