1277 dəfə oxunub

Trabzon bələdçisi

Trabzondakı bütün otel və hostellər üçün bu linkə gedin

Salam gəzəyən əhli, Trabzon haqqında paylaşdığım ilk post maraqlı olduğu üçün düşündüm 2-ci postuda paylaşım ki gələcək və ya gəlmək istəyən insanlar faydalansın. Gəzdiyim yerlərdən şəkillərin bir qismini yenə paylaşıram ki təsəvvür formalaşsın.

Bu dəfə Sumela Monastrı, , Zigana dağı, Aya Sofya Muzeyi və Atatürk köşkü haqqında qısa məlumat verməyə çalışacam.
1. Sumela Monastrı, Hamsi Köy və Zigana dağına ən rahat yol turla getməkdir və məndə elə etdim. Mənə yaxın dostum təşkil etdiyi üçün qiyməti əvvəlcədən bilmədim, daha sonra maraqlandım təxminən 50-60 lirə arasındadır. Yəni bir gününüzü bu yerləri görmək üçün sərf edə bilərsiniz. Axşam tərəfi 5-6 arası yekunlaşdırmış olacaqsınız. Məncə qiymətdə normaldır və əlaqə lazım olda kömək edə bilərəm.Sumela monastrı 2015-ci ildən bu tərəfə təmirə bağlandığı üçün giriş yoxdur ama ətrafdan görmək şansınız var, dağın ətəyində çox möhtəşəm bir yerdir, necə tikiblər, necə ediblər həqiqətən çox maraqlıdır. Yol üstü balaca şəlalə belə var.

8
Hamsi Köyə heyran qalacaqsınız əminəm. Təbiətindən əlavə sütlaçı çox məşhurdur, ona görə mənzərədən zövq alarkən sütlaçın dadına mütləq baxın. Köyün adının hamsi ilə heç bir əlaqəsi yoxdur, hamsi beş deməkdir, hansi ki həmin köy beş köydən ibarət olduğu üçün adı elə qoyulub.

3
Zigana dağı sadəcə dağlıq bir yerdir ama Hamsi köydən ora gedən yol çox möhtəşəmdir. Hansi ki yol boyu dağlıq, meşəlik, hər yer yaşıllıq olan bir yolun içərisindən keçəcəksiniz. Qış aylarında o yollar çox təhlükəli olduğu üçün dağın altından tunel yolu salınır və bu il yekunlaşacağı gözlənilir. Həmin yol sırf qışda daha təhlükəsiz olması üçün alternativ olaraq düşünülüb.
2. Aya Sofya Muzeyi tarixi bir yerdir və dəniz sahilinin yanındadır. Giriş tərəfdə kafe var oturub çay içə və ya nəsə yeyə bilərsiniz. Məsələn mən ən sevdiyim səhər yeməyi menemeni yeyib çay içdim və internetdən faydalandım. Dolmuşlar vasitəsilə meydan tərəfdən çox rahat gedə bilərsiniz. Dolmuşlar hara getsəniz sadəcə 2 lirədir.

4
3. Atatürk Köşkü çox gözəl yerdə yerləşir. Dolmuşlar ora 3.5 lirəyə aparır, köşkə giriş isə 7.5 lirə idi. Köşk ətrafında şəkil çəkdirib, içərisini gəzə bilərsiniz. Daha sonra arxa tərəfdə gözəl mənzərəli, güllü çiçəkli həyətində oturub nəsə içərək mühitdən və mənzərədən zövq ala bilərsiniz.

6.jpg
Trabzon insanları həqiqətən çox mehriban və özlərinə məxsus mədəniyyətləri var. Fanatik yerlilərdir. Əksər wifi kodlarında belə 61 rəqəmi görə bilərsiniz. İstanbul və ya digər yerlər kimi deyil. Dolmuşlar vasitəsi ilə şəhər ətrafı hər yerə gedə bilərsiniz. Alış-veriş üçün şəhər mərkəzinə yaxın forum var və ya şəhər mərkəzində belə yerlər tapa bilərsiniz. Uyğun qiymətə kitab mağazası belə tövsiyyə edə bilərəm hansi ki əksər kitabları rahat əldə edə bilərsiniz. Və mütləq şəhər mərkəzində Dolunay Hamburgerə baş çəkib, dadına baxın. Və məndən salam söyləyin. Trabzon səfərimin hekayəsi əslində keçən il ora ilə tanışlığımla başlamışdı. Ümid edirəm paylaşdığım məlumatlar və şəkillər faydalı olar.
(bahtijace - instagram)

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Bakhtiyar Ismayilov

DİGƏR BLOQLAR

Rəngarəng evlər şəhəri - Kopenhagen

Kopenhagendəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Danimarkanın ürəyi gözü hərşeyi - Kopenhagen. İstər tarixi tikililəri, istərsə də müasir dizaynlı binaları ilə göz oxşayan gözəl şəhər yaradıcı insanların məskəni kimi də xatırlanır. Skandinaviyanın ən bahalı opera binası burada yerləşir getməmişdən əvvəl öyrənmişdim.İlk öncə başlayım Flixbus biletimiz Elvin sağolsun endirimlərlə yenə köməyini əsirgəmədi. Flixbus 1saat yol qət edib səhər 6da çatır Rostock şəhərinin portuna. Gəmiyə minir və insanlar düşür avtobusdan çıxırsınız yuxarı gəminin ən gözəl yerinə. Bura deyə bilərəm ki, gəzən Malldır. İlk dəfə idi təcrübəmdə gəmi ilə səyahət etdim və həm də Flixbus orda saxlayır gedirsiniz çıxırsınız yuxarı gəzirsiz gəminin içini pulsuz WiFi, market, cofeeshoplar hətta Starbucks belə var və bunlar hamısı cəmi 19avroya. Çıxırsınız çölə dənizin ortasında həryer su və Titanik kinosundakı məşhur kadra uyğun şəkil çəkdirmək avtomatik olaraq ağlınıza gəlir. Ab-hava möhtəşəm və bir neçə saat getdikdən sonra avtobus çatır və siz 1saatlıq yol Kopenhagenə tərəf gedirsiniz.Yolda gedərək Danimarkanın necə gözəl bir təbiəti və insanları olduğunu mütləq rahat şəkildə görə bilirsiniz. Şəhərdə əsas nəqliyyat vasitəsi velosipeddir bütün insanlar kiçik yaşlı hərkəs velosiped istifadə edir. Hətta insanlar o qədər sərbəstdirlər ki, çox insan velosipedini heç küçədə bağlamadan rahat qoyur gedir və hətta Almaniyada velosiped bağlasan belə oğurlayırlar.Kopenhagendə demək olar ki, hər şey bahadır ona görə biz üz tutduq Ankara restoranına 7avro verib səhərəcən açıq büfetdən yeyə bilərsiniz. Yeməklər də bizimm ağız dadında həm də azərbaycanlı olduğumuzu bilib bizə bəzi endirimlər də etdilər.Arxitekturaya gəldikdə isə şəhər müasir binalar parklar və tarixi binaların vəhdətidir. Küləyini də unutmamaq lazımdır. Bakının küləyini hiss etdik. Günəş çıxsa da üzünüzə yalandan gülür günəş batankimi əllər göyərənə qədər şimal soyuğunu hiss edəcəksiniz. Şəhər o qədər də böyük deyil. Əmmaa, əmması var, hər yerdə ucsuz bucaqsız mənzərələr görürsünüz. Şəhərdə hərkəs sakit səbrlə hərəkət edir. Hectic həyatı bu şəhərdə görə bilməzsiniz. Suvenir dükanlarda gəzdikcə skandinav dizaynı deyilən şeyin nə olduğu çox aydın hiss olunur, həqiqətən də çox özlərinə məxsus zövqə malikdirlər. Məni yeganə yoran şey ölkədəki insanların ciddiyəti bir az mənim kimi istiqanlı adama qəribə gəlir deyəcəkdim ki, yadıma düşdü Almaniyada yaşadığım. Leqonun vətəni olan bu torpaqlarda gəzmək həzz verir. Bu arada Google Tripsə görə Kopenhagendə 25 yer qeyd etdim və başladıq gəzməyə. Bir başa getsəniz Flixbusun dayanacağından şəhərin ən sonuncu gəzməli nöqtəsinə 45 dəqiqə piyada gəzmək bəs edir. Amma dolana dolana getsəniz şəhər əsl 1 günlük gəzintidir. Səyahətə çıxarkən yolda yeni tanışlıqlara həmişə açıq olmuşam. Geri dönüşümüzdə şəhərimizə qayıdan müxtəlif millətlərlə danışıb əyləndik yoxsa Flixbus problemləri insanı yaşatmaz. Hamınıza gözəl gün arzu edirəm! Sloganımız yadımızdan çıxmasın səyyah olma gəzəyən ol! Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Murad Chicharito Huseynow

1283 dəfə oxunub

Laqom ölkəsi - İsveç bələdçisi

Stokholmdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Yazılarım bəyənilibmiş demə, mənə də ilham gəldi, dedim Lagom ölkəsindən biraz yazım sizin üçün.Lagom nədir?İsveçlərin Laqom fəlsəfəsi sadəcə qulağa fərqli gələn bir sözdən ibarət deyil. Bu, sadəliyi, harmoniyanı və məmnunluğu birləşdirən həyat tərzidir, daha dəqiq desək həyatın tarazlığıdır.Lagom qısa fika anlarından tutmuş, funksional və rahat, hər detalı düşünülmüş şəkildə dizayn edilmiş evlərə qədər, gündəlik həyatın sevinclə dolu olduğu İsveç həyat tərzini əks etdirən bir anlamdır. İsveçlərin laqoma olan sevgisi fərdi seçimlərdən çox kənara çıxır. Belə ki, bu anlayış davamlılıq, bərabərlik və sağlam iş-həyat tarazlığı kimi sosial dəyərlərə nüfuz edir. Bu, hər kəsdə "kifayət qədər", “nə az, nə çox” olmasının olduğuna inanan bir mədəniyyətdir. Məsələn İsveçdə gəzərkən bahalı maşın görməyiniz nadirdir, amma bir çox isveçli geniş və rahat evlərdə yaşamağı üstün tutur. Lagom! Şirkət rəhbəri? Əsla yolda tanıya bilməzsiz. Eyni şirkətin rəhbəri və əməkdaşı eyni avtobusdan istifadə edə, eyni mağazadan geyinə, eyni restoranda yemək yeyə bilər. Lagom! 6-ci sinifə kimi isveçli uşaqların məktəbdə qiymət almadıqlarını bilirdiz? Uşaq yaşlarından fərqliliyi, üstün və ya aşağı olduğunu hiss etməsin deyə. Lagom! Və bu misalları sonsuza kimi gətirmək olar..İndi isə keçim öz gözlərimlə gördüklərimə:Mən Stokholm, Göteburq və Malmö şəhərlərinə getdim. Yaxşı otellər seçməyimə baxmayaraq, otaqlar, fikrimcə daha kiçik, yığcam və dəbdəbəsiz idi. Ümumiyyətlə İsveç dəbdəbəsi sadə və şık deməkdir. Bariz nümunə olaraq məhşur isveç markalarını misal gətirmək olar, məsələn hamımızın yaxşı tanıdığı H&M və ya İkea. Şəhərlər: Stokholm. Skandinaviyanın ən böyük şəhəridir. İlk baxışdan soyuq, boz görünsə də, qaldıqca mülayimləşən bir ab-havası var sanki. Fikrimcə mütləq ziyarət etməli olduğunuz yerlərin siyahısı: Stokholma gəldikdə ilk gedəcəyiniz yer yəgin ki Köhnə şəhər (Gamla Stan) olmalıdır.Bu da, fikrimcə, köhnə şəhərdə görməli olduğunuz yerlər (sıralamanı da yazdığım kimi etsəz, dairə şəklində gəzmiş olacaqsız ki, vaxta qənaət edəcəksiz) 1. Gamla Stan Metrostansiyasından çıxırsız;2. Stockholm’s Narrowest street (ən dar küçəsi);3. Alman Kilsəsi (fikrimcə ən gözəl kilsələrindən biri);4. Nobel Prize Muzeum (bilet 24 AZN). Bu meydanda ağ kərpiclərlə işarələnən qırmızı evi görün, burada edam olunmuş 96 isveçlinin xatirəsinə həsr olunub, və su gələn çarxa baxın (orta əsrlərdə quyu olub).5. Nikola Kilsəsi (istəyə görə, görə bilərsiz);6. İron Boy (Liss Ericksonun Aya baxan oğlan heykəli, çox balaca, şəkər monumentidir);7. Müqəddəs Georgi və Əjdaha monumenti (istəyə görə);8. The Art Gallery (istəyə görə);9. The Royal Palace (balaca muzeydi, İsveç krallarına həsr olunub);10. Bura gəlmişkən Royal Chapel-i mütləq görün. 11. 3-cü Qustavın xalqının cəsarəti üçün ucaltdığı obeliski görün.12. Qaraulun dəyişməsini izləyir. (Düşünürəm ki bu Stokholma gələn hər turistin planına daxil olunmalıdır, qışqa həftədə 3 dəfə, yay aylarında hər gün bu dəyişimi seremoniya kimi edirlər. Bəzi özəl günlərdə/bayramlarda hətta daha fərqli səviyyədə keçir). Hər gün saat 12:00 da başlayır, bazar günləri 13:00 (yenə də gəldiyiniz gün saatları yenidən yoxlayın). 13. Gamla standan Riksplan tərəfdən çıxsaz ..14. Parlament Evini də görə bilərsiz. Parlamentin yerləşdiyi kiçik adadan çıxan kimi .. 15. “Evsiz tülkü” monumentinə də göz atın .. 16. Həvəsiniz olsa şəhər Ratushasını da görə bilərsiz (bir balaca aralıqdadır);17. Oradan da yeni şəhərə, ən məhşur və tursitik küçələrindən olan Drottninggatan-a keçə və axşamı gəzə, suvenir ala, gəşəng restoranlarda otura bilərsiz.18. Şəhər kitabxanasını biraz ayrı yazıram, çünki bir balaca uzaqdır, amma düşünürəm ki, mütləq ziyarət olunmalıdır. Gördüyüm ən gözəl kitabxanalardandır və bir neçə dildə, böyük seçim ilə kitablar təqdim edirlər. 19. Vasa muzeyi (sadəcə muzey deyil, həm də 17ci əsrdə batmış real gəmidir. Muzeydə təqdim olunan eksponatların 98% əsl gəmidən çıxardılan əşyalardır.20. Skansen açıq hava altında muzey (bütün İsveçi bir gün içində görmək istəyirsinizsə bura gəlin). 21. Telefonplan (bu binada olan pəncərələrin rəngini telefona yükləyəcəyiniz tədbiq vasitəsi ilə dəyişə bilərsiz). 22. Stokholmun metrosu haqqında eşitmişdiz? Bəli, dünyanın ən gözəl metrostansiyaları burada yerləşir. Niyə belə gözəldir bəs? Məsələ bundan ibarətdir ki, ölkədə/və şəhərdə çox sayda soyuq günlər olur, insanlar da metrodan tez-tez istifadə edirlər, və buqədər metrodan istifadə edən insanlar, soyuq havadan boz metrolara enib daha da keyfdən düşməsinlər deyə, bu məsələyə kreativ yanaşmaq istəyiblər. Və beləcə dünyaya məhşurlaşan Stokholmun metrostansiyalarını tikilməyə başlayıblar. Bəzilərində özünüzü həqiqətən muzeydə hiss edirsiz. Mənim favoritlərim: - T-CENTRALEN (3 xəttin kəsişdiyi stansiya) hara da getsəz buradan keçəcəksiz yəgin ki.Göy xətt üzrə ən gözəl stansiyalar: - KUNGSTRÄDGÅRDEN (50-60i illərdə sökülən binalardan qalan əsərləri stansiyanın içərisinə yerləşdiriblər,əsl muzeydir sanki)- RADHUSET! (Məhkəmə binasının olduğu stansiya)- FRIDHEMSPLAN (dəniz)- VÄSTRA SKOGEN- SOLNA CENTRUM! (Qırmızı stansiya)- HALLONBERGEN- RISSNE! (dünya xəritəsi)- TENSTA (həmrəyliyə həsr olunub)Qırmızı xətt üzrə:- ALBY- STADION (rəngli, göy qurşağı)- TEKNISKA HÖGSKOLAN- UNIVERSITETET (universitetin stansiyası, divarlarında müxtəlif formulalar, xəritəlır çəkilib. Ən gəşəng eskalator da buradadır)- MORBY CENTRUMYaşıl xətt üzrə: - THORILDSPLAN (supermario oyunun içindəsiz sanki)1-12;19;20;21 haqqında görsəl reels paylaşmışam instaqram səhifəmdə. Metro haqqında da hələ paylaşacam Maraqlıdırsa izləyə bilərsiz.https://www.instagram.com/uls_valley Malmö: Ərazisi sadəcə 76km2 olan Malmoda 15 park var, bu da Malmonu İsveçin park şəhəri edir. İsveçi Danimarkaya, Skandinaviyanı Orta Avropaya Birləşdirən şəhərdən Avropanın ən uzun Eresun körpüsü başlayır.Yəgin ki isveçlərdən çox datlar yaşayır bu şəhərdə. Çünki Kopenhagendə mənzil kirayəsi daha bahadır. Eresun Körpüsündən keçid ödənişli (36avro) olsa da, bəzi datlar hər gün bu yolu gedib gəlməyi üstün tutur. Kopenhagendə işləyir, Malmoda yaşayır.Şəhərin ən məhşur binası Turning Torso, ən dadlı yeməyi isə falafel hesab olunur. Şəhərdən günlük gəzinti olaraq Kopenhagenə (Danimarkaya) və ya İsveçin Lund şəhərinə (tələbə şəhərciyi) tur edə bilərsiz.Göteburq:Çox təəssüf edirəm ki, Skandinaviyanın ən böyük 5ci şəhərini (4 paytaxtdan sonra gələn ilk şəhər), port şəhər, ən dadlı balıqların olduğu şəhər (çünki İsveçin iki dənizə çıxışı var- Baltik və Şimal dənizi. Və Şimal dənizi Baltik dənizdən daha təmiz hesab olunur, bu səbəbdən də Şimal dənizinə baxan Göteburqda daha dadlı balıqlar olur), ən əsası Volvo muzeyinin olduğu şəhəri Flixbus-ın avtobusumu ləğv etdiyi üçün normal görə bilmədim. Axşam çatdım, və səhər artıq yola çıxdım Malmo şəhərində. Buraya gəlsəz, gəmi-oteldə qalmağı və təcrübə etməyi məsləhət görürəm. Gecə küləyin səsini, dənizin dalğalanmasını belə hiss edirsiz və həqiqətən dənizdə olduğunuzu düşünürsüz. Unikal bir təcrübədir, sınayın məncə.Bura kimi oxudunuzsa, təbrik edirəm sizi! Ən can alıcı hissəsinə gəlib çatdınız- giymətlərə.Bəli dostlar, bahalı ölkədir (biz manatnan qazanıb isveç kronu ilə xərcləyiriksə, daha da bahadır). Otel: Düşünürəm ki, yaxşı otellərin qiyməti (səhər yeməyi də daxil) gecəsi və bir adama 100$ başlayır. Təbii ki, daha ucuzunu da tapa bilərsiz, ev, hostel də bir seçimdir. Yemək: Nə və harada yeyəcəyinizdən asılıdır. Amma şəhər mərkəzində ən münasib yerdə yeyə biləcəyiniz restoranda min 50 AZN 1 nəfər üçün nəzərdə tutmalısınız (ortalama isə bu 100-150 man 1 nəfər üçündür). Stokholmda pizzanı dilimlədikləri üçün hesaba əlavə 4 avro yazdıqlarını heç vaxt unutmayacam məsələn (xidmət haqqı da məcburi şəkildə 10%dan başlayaraq ödənilməlidir)Bir laxmacun 25-30 AZN (restoran deyil, qatar vağzalında bir dönərxana tipli yerdə). Mən laxmacun sevmirəm və yemirəm, amma o laxmacunun içində bəlkə də qızıl parçası var idi deyə düşünürəm.Muzeylər:1. Skansen - 265 SEK - 45 AZN2. Vasa - Muzeyə giriş biletinin qiyməti gəldiyiniz aydan asılıdır. Belə ki: Oktyabr-Dekabr aylarında 170 SEK (29 AZN) Yanvar-Aprel 190 SEK (32 AZN) May-Sentyabr 220 SEK (37 AZN)3. Royal Palace - 170 SEK (29 AZN) və s.Demək olar ki, bütün muzeylərin girişi bu qiymət aralıqlarındadır.Nəqliyyat:Günlük biletin alınması sərf edir əgər oteliniz tam mərkəzdə deyilsə. Günlük bilet 165 SEK- 28 AZN + 20 SEK kart- təxminən 4 AZN. Kart sizdə qalır, və növbəti 5 il ərzində yenidən doldurub, istifadə edə bilirsiz. Bu bilet bütün ictimai nəqliyyat üçün keçərlidir (avtobus,metro, hətta gəmi üçün) və limitsiz istifadə oluna bilər. Taksi burada bahadır. Mən istifadə etmədim. (Hava limanından otelə 50-55 avro/95-100 AZN)Qışda hava 9:30 açılır və 3:30 da artıq qaralır. Ona görə də qışda gəlirsizsə biraz daha uzun qalmalısız çox yeri gün üzü ilə görə bilməyiniz üçün. Mən qışda gəldim, çünki şimal ölkələrinin qışda bir başqa gözəl olduğunu düşünürəm, və fikrimcə yanılmadım. Amma mütləq şəkildə yaxşı ayaqqabı, geyim gətirin. Buranın soyuğu zarafat deyil.Lakin yay/yazda bir daha ölkənin şimalına getmək istəyərəm.Suallarınız, əlavələriniz varsa, buyurun.Bu arada, İndi Danimarkadan hekayələr,maraqlı məlumatlar paylaşıram, izləmək üçün: https://www.instagram.com/uls_valley keçid edə bilərsiz.2024–də hamıya bol səyahət arzu edirəm!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Gurbanova

1410 dəfə oxunub

Şəhər bələdçisi - New York

New Yorkdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.New York barəsində maraqlı postlar bundan əvvəl də paylaşılmışdı. Paylaşılan fikirlərin davamı və təstiqi, təkrarı olaraq mən də 1 ay ərzində gördüklərimdən bunları deyə bilərəm;- Şəhər yeni gələn turistlər və immigrantlar üçün olduqca bahalı, NYC’də normal işlərdə işləyənlər üçün isə normal şəhərdir. (Minimum əmək haqqı 15 USD)- Nyu Yorkda maşın sürmək əsəb, parking tapmaq problemdir. Digər ştat və şəhərlərdən fərqli olaraq insanlar yeraltı nəqliyyat və ya avtobuslardan istifadə edir. Şəhərdə 450+ metro xətti var və demək olar ki, bir çox yerə metro ilə rahat getmək mümkündür. Bir gedişlik 2.75 USD, bir həftəlik 34 USD, bir aylıq 125 USD)- Ərzaqdan geyimə bütün məhsulları alarkən kassada üzərində yazılan qiymətə 9%’ə yaxın city tax gəlir.- Nyu Yorkda bütün restoran, kafe, taksi başda olmaqla demək olar ki, bütün servis xidmətlərindən istifadə edərkən “çayvoy” verməlisiniz. Bu artıq bir mədəniyyətə çevrilib.- Məsələn çaşıb kafedə 50 USD’lik yemək yediniz. Tips (çayvoy), vergilər verildikdən sonra bu rəqəm 60-70’ə çıxa bilər.- Azərbaycandan fərqli, marketlərdə bir çox məhsullar, meyvələr, tərəvəzlər qablaşdırma ilə satılır. Məs; Bakıda kilo-kilo aldığınız üzümü burda 2 salxımı bir paketin içinə qoyulmuş vəziyyətdə 4-5 USD’ə nuş edə bilərsiniz.- Nyu Yorkun havası olduqca dəyişkəndir. Bir saat hava çox isti olduqdan sonra anidən şiddətli yağış yağa bilər. Yağış isə 10 dəqiqə sonra anidən kəsə bilər.- Nyu Yorku Bakıdan fərqli edən maraqlı cəhətlərdən biri; burada demək olar ki, toz deyilən bir şey yoxdur. (Mən görmədim) Nə maşınlar çirklənir, nə də evdə əşyaların üzərinə toz yığılır.- Nyu Yorkda millətlərin sıx məskunlaşdığı bölgələr var. Məsələn; Chinatown’a getsəniz özünüzü Çində, Koreatown’da Cənubi Koreyada, Brooklyn’in orta hissələrində İsraildə, Brightonda isə özünüzü Rusiyanın hansısa bir bazarında hiss edəcəksiniz.- Şəhərin küçələrində alkoqollu içki butulkası ilə içki içmək qadağandır. Narkotika satmaq qadağan, qəbul etmək isə səhv etmirəmsə leqaldır.- Gəzmək üçün kifayət qədər yerlər var. Bunlardan bir neçəsi; Time Square, Central Park, Empire State Building, Statue Liberty, Rockfeller Center və digərləridir.- Bir otaqlı evlərin qiyməti 1300-1500 USD, roomların qiyməti 500-600 USD’dən başlayır. Ev və ya otaq rent edərkən sizdən deposit qoyulması, kirayə üçün əlavə haqq ödənişləri alına bilər.Bir çox xüsusiyyətlər var ki, yadıma düşdükcə yaza bilərəm. Və ya əlavə etmək istəyən varsa edə bilər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Anar Aliyev

1627 dəfə oxunub

Dərslik səhifələrindəki Madrid

Madriddəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Madridə getmək mənim çoxdankı arzum idi, hələ universitetdə ispan dilini oxumağa başlayanda bu sevdaya düşmüşdüm, amma nəsə alınmırdı, arzunun gerçəkləşməsi düz 10 il sonra mümkün oldu.Turizm ilə bağlı verilişlərdə belə bir format var, iki insan eyni şəhərə gedir, birinə zəngin həyat- bahalı otellərdə gecələmək, muzeylər və konsertlərdə iştirak, birinə isə kasıb həyat – parklarda yatmaq, kafelərdə yemək, hostellerdə qalmaq nəsib olur. Mənim də səfərim bunlardan idi, yəni Madriddə zəngin, Barsada isə kasıb olacaq və hər şeyə qənaət edəcəkdim ????Biletlər: Madridə Bakıdan ucuz bilet tapmaq çox çətindir – xüsusən də avqust və sentyabr ayları üçün, mənim viza alacağıma ümidimin az olduğu üçün  biletləri almağa gecikdim, ona görə ucuz biletlərlə bağlı məndən məsləhət gözləməyin.Qalma yeri: Madriddə qonaq qaldığım üçün qalma xərcim olmadı, evin şəklini isə aşağıda görə bilərsiniz. Barselonada isə günü 20 avrodan, 5 gün hosteldə qaldım, müxtəlif ölkələrdən olan qızlarla eyni otağı paylaşdıq. Sadəcə hostel o qədər də yaxşı vəziyyətdə deyildi, ona görə oradan şəkil paylaşmıram. Amma linkdən girib tanış ola bilərsiniz.MadridMadridə getsəniz, mütləq Plaza Mayora və Puerta del Sol-a baş çəkin. Deməli bazar günləri Plaza Mayorda “marka” yarmarkası olur, marka üzrə bilicilər hamısı kataloqlara baxır, seçir, marka alış-satış ilə məşğul olur. Maraqlıdır ki, bütün markalar kataloqlaşdırılıb və hamısının qiymətləri bəllidir, bu qədər alıcılar bir yerdə olması, markalara baxıb sövdələşməsi maraqlı mənzərə yaradır.Həmçinin RastroRastro-da insan əlindən tərpənmək olmur, bu da ancaq bazar günlərinə aiddir, amma yarmarka bitəndə hər şeyi elə təmizləyirlər ki, sanki burda heç bazar salınmayıb. Qiymətlər də münasib olur, insanlar əl işlərini və s. satışa çıxarır.Madridin simvoluMoruq ağacına söykənmiş Ayı bu heykəlcik Madridin əsas simvollarından biridir.  Bu rəsm həm də Madridin gerbində əks olunur. Ayı Kral  XI Alfonsunun paytaxt yaxınlığında ovladığı ayının şərəfinə gerbə düşüb, həmçinin bu ərazilərdə moruq ağaclarının bol olması və onların gerbdə əks olması həmin torpaqların kimə məxsusluğuna işərədir. Gerbdəki ulduzlar Böyük Ayı bürcünə, Tac isə monarxiyaya işarədir. Yəni gerbin kral ailəsinə məxsusluğunu göstərir. Heykəlin müəllifi isə  heykəltaraş Antonio Navarro Santafédir.Madriddə baş çəkə biləcəyiniz yerlər sırasında Prado muzeyi, Real Palacio de Madrid, Santiago Barnabeu stadionu və muzeyi də var. Özümü hansısa futbol klubunun fanatı hesab etmirəm. Amma ki, Real mənə bir köynək daha yaxındır.Bəs sizin Zidanla şəkiliniz var :)İspanlar yeni ili Plaza Mayor-da qarşılayır. Saat 12-nu vurmağa az qalmış, son 12 zəngdə, əqrəbin hər tərpənişində insanlar ağızlarına bir üzüm qoyur və gələn ilin hər ayının bu üzüm kimi dadlı olmasını diləyirlər.Madriddə gəzəndə sanki illər öncə keçdiyimiz dərsliklərin səhifələrində gəzirdim, Corte İngles, Parque de Retiro, Puerta de Sol, Barrio de Las Austrias, Plaza de Espanya, Gran Via – hamısı mənə necə də doğma idi.Mənim ən sevdiyim məkanlardan biri isə Escorial oldu.Escorial Austrias sülaləsindən olan kral ikinci Feliepenin istirahət iqamətgahı olub. Burada İspaniya tarixinin təqribən  600 əsrlik bir dövrü əks olunur. Escorial özündə həm də kilsə, məqbərə, kralın və onun xanımın otaqlarını və rahiblər üçün nəzərdə tutulmuş binaları birləşdirir, burada hələ də Auqustin ordeninə məxsus rahiblər də yaşayır. II Felipe özünün əzəmətini və gücünü göstərmək üçün möhtəşəm kitabxana da düzəltmişdir və bu o nadir kitabxanalardandır ki, burada kitabların ənənəvi qaydada deyil səhifələri çölə doğru düzülüşü ilə qarşılaşmaq olur. Səhifələrin kənarı isə qızılla işləndiyindən kitabxanadakı kitabların hamısı eyni qaydada qızılı görünür. Bu da bir daha həm kralın gücünü və zənginliyini nümayiş etdirir, digər tərəfdən isə kitabları həşəratlardan qoruyur. Onların, kataloqlar əsasında hansı kitab olduğunu müəyyən etmək olur.Amma Escorialın ən gözəl hissələrindən biri iki sülaləyə məxsus kralların dəfn olunduğu hissəsidr. Burada krallar və kral anası olmuş kraliçalar dəfn olunub. Yəni kralın bir neçə arvadı olsa belə, onlardan yalnız növbəti kralın anası olmuş xanımlar bu şərəfə müəssər olur.Eyni bir məqbərədə bu qədər kralın nəşinin olması da çox nadir hadisələrdəndir və dünyada demək olar ki yeganədir. Söhbət iki sülalə Austrias və Burbonlardan gedir.  Foto çəkilişə icazə verilmirdi deyə demək olar ki, heç nə çəkə bilmədim.İspanlar deyir ki, Austrias sülaləsi bütün dünayaya sübut etmiş ki, qohumlarla evlilik pis nəticə verir. Belə ki, onlar yalnız öz sülalələrinə məxsus xanımla evlənirmiş və nəticədə hər növbəti varis əvvəlkindən daha zəif olurmuş və son varis isə II Karlos (El hechizado), yəni lənətlənmiş adı ilə tanınıb. Övladı olmadığı üçün o Austrais sülaləsinin İspaniyadakı hökmranlığını başa çatdırıb və beləliklə bu gün də formal olsa belə davam edən Burbonlar sülaləsinin İspaniya hökmranlığı başlayıb.Tarixi faktlarla sizi çox da yormaq istəmirəm. Amma Escoriala mütləq gedin.Madriddə vaxtınız çox olsa yaxınlıqdakı Toledo şəhərinə də baş çəkin.Burada ən azı Familia Sagrada qədər əzəmətli olan Cathedrala da girə bilərsiniz.Baş çəkdiyim digər məkanlardan biri isə Valle de Caidos oldu – bizim dildə təqribən şəhidlər xiyabanı anlamına gəlir. Bu abidə isə vətəndaş müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidədir. General Fransisko Frankonun da məzarı burada yerləşir. Onun əleyhdarları məzarın abidədən çıxarılmasını və başqa yerə köçürülməsini tələb edir.Ardı var...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Konul Soltanova 

1630 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!