4051 dəfə oxunub

Romanın ən görkəmli 5 yeri

Mənim üçün ölməzdən öncə görüləsi ölkələr siyahısında ilk pilləni İtaliya tuturdu. Və ötən ay 28-ci ad günümdə özüm-özümə bu hədiyyəni etmiş oldum. Əminəm ki, bir gün vaxt düşünmədən, tələsmədən bu ölkənin bütün tarixi şəhərlərini, gözəl kiçik qəsəbələrini görmək üçün yenidən buraya geri qayıdacam. Bu səyahətimdə İtaliyanın 4 şəhərini Milan, Florensiya, Roma və Venesiyanı görmək nəsib oldu. İndi isə Romada gəzərək gördüklərimin bir hissəsini sizinlə paylaşmaq istəyirəm. İtaliya və Roma sevənlər üçün ümid edirəm maraqlı olacaq. 

1. Kolizey (Colosseum). Hər birimizin ömrümüzdə bir dəfə də olsa eşitdiyimiz və gördüyümüz möhtəşəm memarlıq abidəsi. Romaya gecə gəlmişdik və səhər oteldən çıxan kimi ilk istiqamət aldığımız yer bura oldu. Romanın və bütünlükdə İtaliyanın ən başlıca simvollarından biri olan bu memarlıq abidəsinin ilk adı Flavius ​​Amfiteatrı olub. Kolosseum adı isə amfiteatra 8-ci əsrdə verilmiş ikinci adıdır. Kolizeyin inşası 8 il - eramızın 72-ci ildən 80-ci ilinə qədər davam edib. İnşasına İmperator Vespasian tərəfindən başlanan amfiteatrın tikinti işləri oğlu İmperator Titusun hakimiyyəti zamanı bitir və imperator açılış şərəfinə 100 gün fasiləsiz oyunlar günü elan edir. Uzun müddət bura romalıların əyləncəsinə xidmət edib. Romalılar burada qladiator və vəhşi heyvanlarla döyüşləri izləyirdilər həmçinin burada dəniz döyüşlərini də səhnələşdirirdilər. Hal-hazırda amfiteatrın daxilinə və Roman forumuna giriş bileti ikisi bir yerdə 16 euro təşkil edir. 

2. Roman forumu (Roman forum & Palatine Hill). Kolizeyin təəsb süratlarından ayrılmamış özünüzü burada tapacaqsınız. Eramızdan əvvəl 46-cı ildən başlayaraq öz qüdrətlərini və böyüklüklərini göstərmək üçün imperatorlar öz adlarını daşıyan Forumlar yaratmağa başlayırlar. Burada yaradılan ilk forumun imperator Sezara məxsus olduğu təxmin edilir. Ondan sonra digər Roma imperatorları da əsrlər boyu adlarını əbədiləşdirmək üçün forumlar qurmağa başlamışlar. Forumların qurulması təxminən 150 il davam etmişdir. Sezar Forumunun qalıqları, Augustus Forumu, Vespasian Forumu, Nerva Forumu, Trayan Forumu və Sülh Məbədi bu günə qədər qorunub saxlanmışdır. 

3. Venesiya meydanı ( Piazza Venezia) - Romadakı ən məşhur meydanlardan biridir. Roman forumundan sonra yol sizi bu meydana gətirib çıxaracaqdır. Meydanın adı eyni adlı saraydan - bir vaxtlar Romada Venesiya Respublikasının nümayəndəliyinin yerləşdiyi Palazzo Venezia sarayından gəlir və indi bir muzey və kitabxanası var. Bütün İtaliyanı birləşdirən və ilk kralı olan Viktor Emmanuel II - Vittorianonun şərəfinə burada at üzərində 12 metrlik Kral Viktor Emmanuel II heykəli ucaldılmışdır. Heykəlin altında Naməlum Əsgərin məzarı olan Vətən qurbangahı (Altare della Patria) yerləşir. Buradan Roma şəhərinin digər görməli yerlərinin kəşfinə başlamaq olar. Əsas memarlıq abidələri bu meydandan təxmini eyni məsafədə yerləşir.

4. Panteon - öz dövrünün şah əsəri sayılan daha bir memarlıq nümunəsi. Kahinlər və adi insanlar arasındakı səddi pozan ilk dini binadır. Əvvəllər yalnız kahinlərin tanrıların ziyarətgahına girməsinə icazə verilirdisə, Panteonun inşası ilə tanrılar hər kəsə məxsus olmağa başladı. Bu gün gördüyümüz Pantheon isə II əsrdə köhnənin yerinə, İmperator Hadrian tərəfindən qurulub. Latınca girişdə olan "M. AGRIPPA L F COS TERTIUM FECIT " yazısı isə " Luciusun oğlu, üçüncü dəfə konsul seçilən Mark Agrippa tərəfindən quruldu" anlamına gəlir. Panteonun daxilinə giriş sərbəstdir. Ödəniş tələb olunmur.

5. Trevi fontanı ( Fontana di Trevi) - Romada olsanız və yenidən buraya qayıtmaq istəsəniz, məşhur Trevi Bulağına bir qəpik atdığınızdan əmin olun.) İki qəpik atsanız, sevginizi tapacağınız, üç - evlilik, dördü - var-dövlət anlamına gəlir, amma çalışın çox atmayın, atılan beş qəpik ayrılığa səbəb olacağına inanır Romalılar. Hər il bulaqdan təxminən 700.000 avroya qədər qəpiklər toplanılır. Əgər fontan önündə rahat şəkil çəkdirmək istəsəniz o zaman səhər tezdən oyanmağınız lazım gələcək. Günün bütün saatlarında fontan ətrafında adam əlindən tərpənmək olmur.

Bunlar Romada ilk gündə gördüklərim idi. Vaxt olduqca şəhərin digər görməli yerləri barədə də yazacam. Hamısını bir posta yerləşdirə bilməyəcəyimdən ardını da gələn səfərə saxladım. Əlavə olaraq gəzintidən bir neçə şəkili əlavə edirəm. Maraqlı gəlsə oxuyun :)



Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı:Ayxan Racabov

DİGƏR BLOQLAR

Korsika - Bonifasio bələdçisi

Səyahətə baxışınızı dəyişəcək yer, Korsika adası və çoxlarına görə adanın ən gözəl şəhəri olan ecazkar Bonifasio (Bonifacio). 3500 nəfərə yaxın əhalisi olan bu balaca şəhərciyin əsası rəsmi mənbələrə görə 830-cu ildə qoyulub. Olduğumuz digər iki aralıq dənizi adaları Sardiniya və Siciliya kimi Korsikalılar da özlərini kontinental avropadan ayırırlar və Fransız deyil, məhz Korsikalı olduqlarını ürəklə vurğulayırlar.Müxtəlif illərdə müxtəlif krallıqlar və imperiyalar tərəfindən işğal olunan Korsika son olaraq 1769-cu ildə Fransa tərəfindən işğal olunub və o zamandan Fransanın tərkibindədir. Bayraqlarında və gerblərində bandanalı və qara dərili insan başı əks olunub, bir rəvayətə görə həmin dövrlərdə aralıq dənizindəki adalara tez-tez hücumlar edən berber və ərəblərin (avropalı olmayan və qaradərililəri “Moor” (Mavr) adlandırırdılar) gözünü qorxutmaq üçün Korsikalılar (Sardiniya bayrağı da buna bayrağın üzərinə gözü bağlı və kəlləsi vurulmuş Mavr başı çəkiblər. Digər rəvayətə görə isə Aragon krallığının Mavrlar üzərindəki qələbəsini təcəssüm etdirir. Sonradan gözdəki bağ başa qaldırılır.Sardiniyanın Santa Teresa Gallura şəhərindən Bonifasioya gəmi vasitəsilə getmək olar. Bu marşrutda iki şirkət fəaliyyət göstərir Moby və Blu Navy. Bilet adam başına 24-28 avro arası dəyişir və yol hardasa 50 dəqiqə vaxt alır. Mövsümdə Bonifasioda otellərdə yer tapmaq demək olarkı qeyri-mümkündür, yer olsa da qiymətlər kosmik olacaq, ona görə də turistlərin əksəriyyəti burda gecələmirlər.Ümumiyyətlə Korsikada ictimai nəqliyyat məsələsi problemdir, məsələn biz Bonifasio şəhərindən şimalda yerləşən Bastia şəhərinə getmək üçün ilk öncə Porto Vecchio şəhərinə taksi ilə (70 avro) ordan isə adam başına 25 avro ödəməklə avtobusla səyahət etdik, halbuki səyahət etməmişdən öncə internetdə bu iki şəhər arasında müntəzəm avtobus xəttinin fəaliyyət göstərdiyini yazmışdılar. Bu marşrutla hərəkət etməyi planlaşdırırsınızsa qeyd etdiyim məsələ barədə diqqətli olun.Səyahət üçün lazım ola biləcək saytları aşağıda qeyd edirəm:www.mobylines.comGəmi: Santa Teresa (Sardiniya) – Bonifasio (Korsika) adama 28 avrowww.blunavytraghetti.comGəmi: Santa Teresa (Sardiniya) – Bonifasio (Korsika) adama 24 avrowww.corsica-ferries.co.ukGəmi: Bastia (Korsika) – Tulon (Fransa) 4 nəfərə 4 nəfərlik otaqla 200 avro.www.rapides-bleus.comAvtobus: Porto Vecchio(Korsika) – Bastia(Korsika) adama 25 avro, əlavə baqaja 1 avrowww.gettransfer.comTaksi: Bonifasio(Korsika) – Porto Vecchio(Korsika) 70 avro (Viano)Gettransfer çox maraqlı saytdır (həm də app var) siz gedəcəyiniz yeri yazırsınız və sürücülərdən sizə qiymətlər gəlir (quotations) və gələn qiymətə özünüz əks təklif göndərə də bilərsiniz.Bonifasio kiçik şəhərcik olduğuna görə bir günə tam gəzib görə bilərsiniz, amma vaxtınız azdırsa mütləq Aragon pilləkənlərinə (demək olarki 45 dərəcə bucaq altında qayada çapılmış 187 pilləkən) və Marin(e) qəbirstanlığına mütləq baş çəkin.P.S. Şəkillər hamısı Bonifaciodandır.P.S.S. Sualı olan olsa çəkinməsin  hamıya xoş gəzintilər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Emil Mard

1250 dəfə oxunub

İsveçrənin ən kosmopolit şəhəri - Zürix

Zürixdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bir gün metroda SNCFin (Fransada dəmiryolu şirkəti) “29 euroya İsveçrə” reklamını görüb təcili Paris-Zürich biletimi aldım. 60 euroya Zürichə getmək çox ucuz göründü gözümə. Amma təbii ki, bu İsveçrəyə gedib çıxana qədərki düşüncələrdir. Çünki İsveçrə deyildiyi qədər bahalı deyil, daha da bahalıdır. Yeri gəldi bir lahmacuna 10CHF (təqribən... erhhm 18AZN) ödədim, yeri gəldi 30CHF olan pizzalara baxıb oha dedim. Çox gəzdim, çox şey öyrəndim, yağışa düşdüm, İsveçrəlilərin təbiətinə valeh oldum .Səyahətə Paris Gare de Lyon-dan başladım. Təqribən üç saat sonra peyzajın dəyişməsilə İsveçrəyə çatdığımızı anladım. Yol üstü Baselə göz vurub Zürichə çatdıq. Qatarla səyahətin ən gözəl cəhətlərindən biri birbaşa şəhər mərkəzinə çatmaqdır. Zürich HB vağzalında eurolarımı rəngbərəng İsveçrə frankına dəyişib turizm ofisindən ZürichCARD aldım, şəhər xəritəsini götürüb düşdüm şəhərin canına. Səyahət haqqında isə ilk hissəsini müşahidələr, ikinci hissəsini isə gəzintiyə ayırdığım bir yazı yazdım.Zürich müşahidələrimMoney, money, moneyİsveçrəlilər varlıdırlar, sirr deyil. Amma bu qədər varlı olduqlarını açığı mən də bilmirdim. Pul vahidləri frankdır. 1CHF təqribən 0,86 euro, yəni 1,75AZN edir. İki devalvasiya görmüş birinə bir sillə, bir qapazdır bu məzənnə. Mən 1CHF=1euro deyə düşünüb xərcləmələrimi ona görə elədim, daha doğrusu xərcləmə etməməyə çalışdım. Amma əskinazları rəngbərəng belə çox şirin şəkərdir, kazıklandığını sənə unutdurmağa çalışıblar, o qədər baha olmasa adam birini xatirə saxlamaq istəyir vallah. Qəpikləri isə ayrı aləmdir. 50 qəpikləri ½ Fr deyə qəribə bir sikkədir, onu xatirə saxladım.DilDörd rəsmi dili olan İsveçrənin Zürich kantonunda yalnız Alman dilində danışırlar, bir də ingilis. Amma hamı ingiliscə bilmir. (Migrosdakı qıza 15 dəqiqə ərzində 3 dildə toyuq salatı istədiyimi izah etdim, başa düşmədi, az qala yumurtlayacaqdım orda ki, başa düşsün). Dönərləri ilə dünyamızı şənləndirən türk qardaşlara da çox rast gələcəksiniz.Dəqiqlikİsveçrə dəqiqliyi dedikləri şeyin həqiqətən də mövcud olduğunu gördüm. Əvvəla hamının qolunda saat var, hər yerdə saat var. Saat muzeyi belə var. Dünyadakı ən yaxşı saatsaz olduqları üçün mü dəqiqdirlər, yoxsa dəqiq olduqları üçün mü saatsazdırlar? Yumurtadanmı toyuq çıxır, toyuqdanmı yumurta çıxır? Cavabını bilmədim, amma saniyəsinə qədər dəqiqdirlər. Bakıdakı nəqliyyatın çox intellektual idarəsini və Parisdə SNCF-in gecikmələrini görmüş biri olaraq tramvayların saniyəsi saniyəsinə dəqiqliklə gəldiyini görmək heyrətləndirici idi. Amma gəl gör ki, bu dəqiqlikləri bəzən çox bezdirici olur: axşam Migrosun bağlanmasından 10 dəqiqə əvvəl özümü marketə atıb alışveriş edirdim, xanım başımın üstündən çəkilmirdi ki, bağlayırıq.TransportƏn yaxşı nəqliyyat vasitəsi ayaqlardır. Zürich ümumilikdə İsveçrənin ən böyük şəhəri olsa da, görülməli yerlər şəhər mərkəzindədir. Mərkəzdən uzaq ancaq Uetliberg mütləq görülməlidir. Amma vaxt itirməmək və cazibəsinə qarşı durmamaq üçün şəhərin simvolu sayılan ağ-mavi tramvaylara minmək lazımdır hərdən.Mən kontrolla rastlaşmadım, amma cərimələnib səyahətinizi burnunuzdan gətirmək istəmirsinizsə, risk etməyib ZürichCARD alın. 24 saatı 27CHF olan ( 72 saatlıq növü də var) bu kartı Zürich HB-da yerləşən turizm ofisindən əldə edə bilərsiniz. Kart şəhərin transport sistemindən pulsuz istifadə, muzeylərə pulsuz giriş və bir çox güzəşt imkanı verir. Gecə avtobusu və gəmi turu üçün əlavə 5CHF verib supplementary ticket almaq lazım olur. Məsləhətim odur ki, piyada gəziləcək yerləri bir gün üçün planlaşdırıb, Uetliberg və muzeyləri digər 24 saat ərzində görəsiniz (saatı yaxşı hesablayın )QidalanmaZürichi tək kəlmə ilə ifadə etmək olar: baha. Normal bir restoranda pizzanın 30CHF (təqribən 52AZN!) olduğunu nəzərə alsaq, restoranlarda oturub aristokratcasına yemək yemədiyimi anlamaq üçün münəccim olmağa ehtiyac yoxdur. Mən bir addım daha irəli gedib Parisdən özümlə iki sendviç belə götürmüşdüm ki, birini yolda yeyərəm, digərini Zürichdə. Qaldığınız hosteldə/hoteldə özünüzlə sendviç hazırlamaq imkanınız varsa, sendviç götürün. Yoxdursa, Migrosa bir baş çəkin, ucuz restoran kimi filialları var, qiymətləri daha münasibdir. Mənim seçdiyim variant isə Kebab oldu ♥. Dünyanın hansı şəhərinə getsəniz orda bir kebab, içəridə isə bir türk qardaş görəcəksiniz. Mənə daha əvvəl “lahmacuna 18 AZN verəcəksən” desələr, “başın xarab olub” deyib gülərdim, ta ki Zürichə gələnə qədər. Ən ucuz yemək variantının 10 franklıq lahmacun/dönər olduğu bir şəhər düşünün. Buna görə də Zürichdə gedilə biləcək kafe/restoran tövsiyyəm yoxdur, üzrlü sayın.Yeməyin bu qədər baha olduğu bu şəhərdə, çox şükür, su pulsuzdur və tam təmizdir. Bakıda marketlərdə astronomik qiymətlərə satılan Alp suyunu burda tam pulsuz içə bilərsiniz. Ona görə də İsveçrədə marketdən su almağı ağlınızdan belə keçirməyin, bir butulka götürüb doldurun, təmiz, saf Alp suyu ;)Həyatımda ən ləzzətli suyu Rieterparkda içdiyimi iddia edirəm.AlışverişEtməyin. Eləməyin. Hər şey bahadır. Markalar desəniz, eyni markanın daha ucuzu Bakıda var. İsveçrənin simvolu olan saat almaq üçün isə böyrəyinizi satmalısınız. İsveçrə bıçağı və ya maqnit ala bilərsiniz (maqnit belə 10CHF idi, əl-insaf)Küçələrə su səpmişəmPlanımı əvvəldən qurduğum üçün ZürichCARDı növbəti gün üçün saxlayıb ayaqlara qüvvət verirəm. Vağzaldan Bahnhofplatza çıxıram, ordan da Bahnhofstrasse ilə irəliləyirəm.Zürichdə bu iki rəngi çox görəcəksiniz: ağ və mavi. Kantonun rəsmi rəngləridir və tramvaydan gölün rənginə qədər hər şey ağ və mavidir. Uraniastrasse və Bahnhofquai ilə irəliləyərək qarşı sahildəki binalara baxıram, ilk dəqiqələrin verdiyi o möhtəşəm vauuu hissi ilə gəzirəm hələ ki. Çayın o biri sahilinə keçib Niederdorfstrasseni kəşf edirəm. Bütün küçələri ayrı bir gözəl olan Zürichin strasse və gasse-lərində gəzib nəyahət Lindenhofa gəlib çıxıram. Lindenhof Zürichin gözəlliyini seyr edə biləcəyiniz ən mükəmməl məkandır. Sözlə ifadə olunmayacaq dərəcədə gözəldi.St Peter Kirche ətrafındakı küçələrlə Münsterhof meydanına çıxıram. Zürichdəki ən məşhur kilsələrdən biri olan Fraumünsterin yanındakı bu meydanda Parisin simvolik skamyalarını görüb biraz təəccübləndim doğrusu, amma çox şirin bir hiss oldu. Qarşı sahildə Zürichin məşhur tikililərindən olan Helmhaus görünür.Plan şəhər mərkəzindən bir az uzaq olan hostelə piyada getmək, bu vaxt ərzində isə Zürichin gözəlliyindən zövq almaqdır. Stadthausquai ilə irəliləyib tramvayların kəsişdiyi, gəmilərin gəlib-getdiyi Bürkliplatza gəlib çıxıram. Sonra Zürich gölünün sahilindəki yaşıllıqlara atıram özümü. Burda çox böyük iki dərs öyrənirəm: 1. hava proqnozu proqramlarına inanma; 2. yayda səyahət edirsənsə, mütləq çimərlik paltarı götür. Niyə deyə soruşsanız, hava proqnozuna görə yağışlı günlərin məni gözlədiyini düşündüyüm Zürichdə günəş parıldayır, şəhər əhli yaşıllıqda uzanıb özünü günə verir, gölə girib üzürlər. Belə çox kədərli bir hal alıb ayaqlarımı suya salmaqla kifayətləndim. Suyu bu qədər şəffaf olan Zürich See-də üzə bilməməyimin heyfini başqa bir gəzintidə çıxacağıma qət etdim. Yalan olmasın, 2 saata qədər sahildə oturmuş olaram. İnsanlar mutlu, insanlar gülüyor, insanlar yüzüyor. Hava qaralana yaxın tərpənmək vaxtıdır deyib hostelə tərəf yollandım.Ucuz və sərfəli olsun deyə Zürich Youth Hosteldə bir çarpayı book eləmişəm. Hostel də dağ başında, inin cinin top oynadığı bir yerdədir. Normalda Parisdə olsam biraz narahat olacağım, Bakıda axşamın bu saatlarında yaxınından keçməyəcəyim tənha, yarıqaranlıq, it hürməz, karvan keçməz küçələrdir, amma bilirsən ki, İsveçrədir, ürəyin rahatlaşır. Səbəbini bilmədən insan özünü arxayın hiss edir. Cinayət hallarının nadir olduğu, insanların rifahının tavanlarda olduğu bu ölkədə ən tənha küçələr belə adama dostyana görünür.Hosteldə iki gecə üçün 100CHF (bəli, bu qiymətə hostel) ödədiyim otağa çıxıb yerləşirəm. Hostelin yeri çox əntiqədir, çarpayım pəncərə yanındadır və pəncərədən meşələr, dağlar görünür. Quşların səsi gəlir, çox möcüzəli atmosfer var. Birinci günü tamamlayıram.Növbəti gün səhər 6da oyanıb, səhər yeməyi yeyib düşürəm yollara. Bir az yağışlı, tər-təmiz havadır. Çox səyahət etmiş olmasam da, indiyə qədər etdiyim səyahətlərdən bir şey öyrənmişəm: hər şəhərin öz qoxusu var. Parisin qoxusu kofe və krep, Brüsselin qoxusu waffledırsa, Zürichin qoxusu yaşıl ağacların, yağış düşən torpağın, təbiətin qoxusudur. Yazanda belə sanki şəhərin qoxusunu hiss edirəm.Günün ilk hədəfi Rieterpark-dır. Parkda bir mən, bir də itini gəzməyə çıxarmış xanım var. Tam sükut.Günortaya qədər küçələri fırlanıb Grossmünster-ə gəlirəm. Katolik kilsələrindən fərqli olaraq içərisinin şişirdələcək qədər xüsusi bir gözəlliyi yoxdur, amma damına çıxıb şəhərə baxmaq mütləqdir ;)Hər bir küçəsini xüsusi qayğı ilə gəzərək Opernhausa doğru irəliləyirəm.Cəmi 10 dəqiqə sonra Bahnhofstrasseyə çatıb error verirəm. Muzeyin adresinə baxıram, küçəyə baxıram, yoxdu anam, muzey yoxdu. Kiçik bir errordan sonra saat butiklərinin alt mərtəbəsində gizlədilmiş bu muzeyə girirəm. Muzey də belə ingilislərin “posh” dediyi tərzdədir. Girişdə əlinizə bir iPad verirlər ki, eksponatlar haqqında məlumat əldə edin. İsveçrəlilərin saat takıntılarını burada daha yaxşı anlamaq olur. Hərnöv saat var. Mexanizmi görünməz olan saatlar isə ayrı bir möcüzədir. Muzeyə ZürichCARD vasitəsilə pulsuz girmək mümkündür.ZürichCARDın bir digər nemətindən faydalanmaq üçün üz tuturam Bürkliplatza. 5CHF əlavə ödəyib gəmiyə bilet alıram və bir saat ərzində Zürich gölündə gəzirəm. O vaxt da Game of Thrones-a yenicə baxıb bitirmişdim, gəminin burnuna çıxıb özümü bir anlıq *SPOILER* Westerosa taxt-tac almağa gedən Daenerys kimi hiss etdim.Gəmi səyahətindən sonra özümə bir yaxşılıq edim deyib başqa bir muzeyə yollanıram. Kunsthausda bir saata yaxın incəsənətin ən gözəl nümunələrinə ağzı açıq tamaşa edib yeni isveçrəli rəssamlar kəşf edirəm. Sonrasında isə yağışa düşüb balığa dönürəm. Çətirimin olmasına baxmayaraq daxili orqanlarıma qədər islanıb özümü bir türk restoranına atıram.Növbəti gün üçün 3 istiqamət var: Uetliberg, Botanika Bağı və Nationalmuseum.Uetlibergə S10 qatarı ilə gedilir. Təqribən 40-50 dəqiqəlik yoldan sonra dağa qalxmağa başlayıram. Sözlərlə ifadə edilməyəcək bu dağ səyahətinin sonu Uetlibergdəki mini Eyfelə çıxmaqla nəticələnir. Heidi yadınızdadır? Yaxud Milkanın mor ineği? Bax həmin o təbiət, o gözəllik, dağlar. Uzaqda Luzern, İnterlaken, dağlar, kiçik kəndlər... Nağıllar.Vaxt gəlir İsveçrə təbiəti ilə sağollaşmağa. Gedirəm təbiətin daha mini forması olan Botanika Bağına. Uetlibergdə gördüklərimdən sonra sönük qalır təbii ki.Son hədəf: Nationalmuseum. Zürich HB-ın yanında olması səbəbindən ən sona saxladığım bu muzey indiyə qədər gördüyüm ən interaktiv muzey ünvanına layiqdir. Adətən muzeylərdə “eksponatlara toxunmayın” yazısı ilə qarşılaşırıqsa, Zürichdə əksinə “eksponatlara toxunun” yazısı ilə qarşılaşdım. Məşhuuuur İsveçrə bankları haqqında kolleksiya, İsveçrənin tarixi, ideologiyası, şokoladları haqqında çooox geniş məlumatın olduğu bu muzeyi görmədən İsveçrə ziyarəti tamamlanmış sayılmır.Vaxt gəlir geri dönməyə. TGV Lyria ilə nağıllar ölkəsinə əlvida yox, hələlik deyib ən qısa müddətdə yenidən görüşmək ümidi ilə yola düşürəm. Hələlik, Zürich!

3028 dəfə oxunub

Təbiət möcüzəsi - Filippin adaları

Filippinlər – 8 minə yaxın adadan ibarət olan bir ölkədi. İlk öncə onu qeyd edim ki bu ölkəyə getmək üçün Viza prosesi sadə olsa da yani Vizani problemsiz versələr də prosesin özü uzun çəkir. Bunun da əsas səbəbi Bakıda Filippin səfirliyinin olmamasıdı. Viza Türkiyədə vurulub göndərilir. Viza almaq üçün təxminən 1 ay əvvəldən müraciət etmək lazımdı.Filippində 9 gün qaldım. Qaldığım müddətdə gəzdiyim yerlər haqqında qısa məlumat verəcəm.Başlayaq paytaxt Maniladan – Manilada 1 gün belə keçirməyə dəyməz. Şəhərdə demək olar görüləcək heç birşey yoxdu. Çox sıx və tıxaclarla dolu bir şəhərdi. Konfransım olduğu üçün mən də yalnız 1 gün yarım qaldım (o belə çox gəldi mənə).Filippinlərin ən gözəl turizm bölgələri adalarıdı. Bu adalar və digər görülməsi dəyər yerlər haqqında:1) Coron, Palawan adası – Bura gələn turistlərin demək olar 90%-i məhz bu adaya gəlir. Havasının, suyunun, sualtı aləminin və təbiətinin gözəlliyini sözlə ifadə eləmək olmur.2) Kayangan lake – Coron, Palawanda yerləşir. Dağlar arasında dənizdən ayırılmış kiçik bir göldü. Yalnız bi ada-dağda insanlar məskunlaşıb və bura gələn turistləri qarşılayan turizmlə məşğul olan təxmini 100-ə yaxın yerli əhalidi.3) Twin Lagoon - Coron, Palawanda yerləşən və iki dağ arasında olan bu yer turkuaz rəngli suyu ilə məşhurdu. Dərinliyi 3-4 metrə qədər çatsa da suyun dibi və balıqlar aydın görünür.4) Seven commando beach - Saysız hesabsız çimərikləri olsa da ən məşhur və gözəl çimərlik5) Puerto princessa underground river – Palawan adasında yerləşən dağların altından axan kiçik çayla boat turu. Sakitlik, dağ və qayaların gözəlliyi və bir daha heyranedici təmizlikdə olan su.6) El nido – bu ada Coron, Palawannan gəmi ilə təxminən 3 saatlıq yoldu. Ən azı 1 gün keçirə biləcəyiniz meşəsi və çimərlikləri ilə tanınan kiçik bir ada şəhərciyi.7) Calauit safari park – şəxsən mənə görə bu səyahət boyu ən yadda qalan yer oldu bura. Zebra və zürafələrdən ən çoxu 1 metr məsafədə gəzmək,  zürafələri yemləmək və onlara toxunmaq inanılmaz tecrübə oldu mənim üçün.8) Chocolote Hills – Maniladan 650 km uzaqlıqda olan Bahol adasında yerləşən 50 kvadrat km sahədə yerlələşən yüzlərlə şokolada bənzər təpələr. Necə əmələ gəlmələri haqqında bir neçə versiya olsa da hələ də dəqiq yaranma tarixçəsi heçkimə məlum deyil. Ama həddinnən artıq gözəl yerdi.9) Banaue rice terraces – Bu yer haqqında ayrıca paylaşım etdiyim üçün çox şey yazmayacam. Sadəcə Filippinə gedib Maniladan uzaq da olsa burda azı 2 gün keçirsəniz peşman olmarsız. Ciyərləriniz təmiz hava və oksigenlə dolacaq.Sonda onu deyim ki Filippinin pul vahidi peso-du. Bir zamanlar İspaniyanın koloniyasi olduğu üçün dillərində də İspan sözləri çoxluq təşkil edir və pul vahidi də İspaniyanın avrodan öncəki pul vahididi.Bir də ən əsas məqamı söyləyim. Filippinə yay və payız ayları gedəsi olsaz özünüzlə mütləq çətir götürün. Burda gündə ən azı 2 dəfə yağış yağır. Yağış dediyim bizdə olan yağışdan deyil. Burdakı yağış 30 dəqiqə Bakıya yağsa Bakı batar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Vugar Guliyev

3903 dəfə oxunub

Mavi qübbəli kilsələr adası - Santorini

Santorinidəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Daha öncə Santorini barədə yazılan posta və postlara qüvvət olaraq, ora getmək istəyənlər üçün istərdim ada barədə daha geniş məlumatlar verim.Santoriniyə Naxos adasından gəldik, biraz yorğunçuluq olduğu üçün əvvəlcədən adanı gəzəcəyimiz marşrutu belə planlaşdırmamışdım. Yalnız adaya çatmağımıza yarım saat falan qalmış, fikirləşdim ki, girib internetdə baxım görüm nə məlumatlar tapıram.İlk qabağıma çıxan blogdan aşağıdakı xəritəni tapdım, hansında ki, əsas qaymaq yerləri göstərilib. Yerlərin şəkillərini və məlumatlarını tapıb baxdım və adanın bir ucundan digər ucuna qədər ardıcıl gedilə biləcək məkanları seçdim.Adada cəmi 10-11 saat vaxtımız olacağına görə, düşündüm ki, ən salamatı icarəyə maşın götürməkdir (sürə bilmək və vəsiqənin olmağı yaxşı şeydi ????). Başladım Santorinidə olan bütün kirayə maşın ofislərinə bir-bir zəng etməyə. “Late booking” olduğuna görə, üstəlik də 1 gecəlik heç kəs maşın vermək istəmirdi. Ən sonda ümidlərim ölənə yaxın, ofisin birindən “hə” cavabı aldım. Nissan Micro/avtomat qutu, 1 sutkalıq kirayə 70 avroya götürdüm.Adaya çatdıq və gecələyəndən sonra, səhər saat 7-dən etibarən düşdük adanın canına. Təyin etdiyim marşrut üzrə gəzməyə başladıq. Arada yeməyə yer lazım olduqca, Tripadvisor istifadə edirdim. Açığını desəm, məncə maşın götürməsəydim, adadan bu qədər həzz və xoş təəssürat almazdım bəlkə də. Yəni götürməyimə dəydi.Firada “Skaros Rock”a qalxdıq. Çox bomba məznərə açılır ordan və qayanın ən təpəsinə qalxmaq ayrı bir adrenalin verir. Videoda həmin mənzərəni görə bilərsiniz. (aşıq musiqisini sevməyənlər səssiz baxsınlar ???? - https://www.facebook.com/cuvarov/videos/pcb.832509447144273/2375217885870159/?type=3&theater&ifg=1) Skarosun özündə köhnə qala tikilisinin qalıqları hələ də qalmaqdadır.Daha sonra nahara Oiada yerləşən “Lioyerma pool adlanan” adlanan pulsuz hovuza getdik. 1 dənə dondurma alaraq saatlarla vaxt keçirə biləcəyiniz yerdir.Ordan Amoudi Bay restoranlarından birinə getdik. Həmin kiçik körfəzdə 4 dənə yanaşı restoran var, hansılar ki, dəniz məhsullu yeməkləri dəhşətli dərəcədə dadlıdır və adam əlindən tərpənmək olmur. Yeri çox gözəl, servisi də çox yaxşı idi. Lobsterin yanında verdikləri xüsusi sousda vermişel isə dəhşət... onu mütləq dadın ???? 76 avro xərcimiz çıxdı salat, yemək və içki qarışıq hamsına.Ammoudidən sonra isə adanın aşağı küncündəki maraqlı çimərliklərə getdik.Yeri gəlmişkən, adanın yuxarı nöqtəsindən aşağı nöqtəsinə qədər təxmini 20-25 dəqiqəyə çatırdıq. Yollarda bir dənə də olsun işıqfor, polis və s. yox idi. Sürət nişanları olsa da, sürəti hamı özü seçirdi ???? Bir mənfi cəhət, yolların gecə ümumiyyətlə işıqlandırılmaması idi.Əlavə olaraq qeyd edim ki, nağd pul bizə demək olar ki, lazım olmadı. Hər yerdə pos terminal var. Sadəcə ictimai nəqliyyatda məncə nağd pula ehtiyac olur.Ümumilikdə ada çox xoşumuza gəldi. Santorinini tam yaşamaq üçün 2 gün bəs edər, amma məncə kirayə maşınla.#Santorini #GreeceDaha geniş məlumat, əlavə muzeylər və ideyalarla keçiddən tanış ola bilərsiniz: https://santorinidave.com/best-things-to-do-santoriniƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elvin Cuvarov

1477 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!