874 dəfə oxunub

Kuba bələdçisi: Vinales, Havana və Trinidad

Kubada 12 gün keçirdim. 1) Ən bəyəndiyim yeri Vinales oldu. Turistlərin ən az olduğu, turistik abu-havadan ən uzaq, Kubanın ən çox hiss edildiyi yer idi. Əvvəl kənd olub, sonra qəsəbəyə çevrilib, amma yaşayış şərtlərini nəzərə alsaq kənd adlandlrmaq olar. Kənd öz-özlüyündə elə "görməli yer" dir, vaxt keçirmək üçün xüsusi harasa getməyə ehtiyac yoxdur. Sahil çox uzaq olsa da ən gözəli idi Kubada. Atla gəzinti hər şeyə dəyər. Milli parkda mütləq atla gəzinti götürülməlidir məncə. Mənim atımın adı "Lemonada" idi. Şirin kartof. siqar plantasiyalarına getmək üçün ən ideal yerdir. Ən yaxşı siqarı ordan almaq mümkündür. Ən yaxşı "Casa de musica", yəni musiqi evi və salsanı öyrənmək üçün ən professional yerlilər Vinalesdədir.

Vilanesdəki otellər üçün bu linkə baxın (check this link for hotels in Vilanes)

Getdiyim digər iki şəhər: HavanaTrinidad da çox gözəl idi. Havanada sahil gözəldir, Trinidad sahil baxımından Havana və Vinalesə çatmır. Trinidadda gediləcək ən gözəl məkanlar şəlalələridir. Tura əvvəl qəhvə plantasiyasına getmək, sonra isə şəlaləyə dırmanmaq daxildir. Trinidad ən turistiki idi aralarında. Türkiyənin İzmir, Antalyasına bənzəyir, amma mərkəzdən 5 dəqiqə uzaqlaşmq kifayət edir ki, turistlərin olmadığı kasıb və maraqlı küçələr gözə dəysin. Ən ucuz və ən gözəl restoranı San Jose dir mərkəzdə. salsa oynamaq və izləmək üçün yenə ən gözəl məkan hər üç şəhərdə " Casa de musica" dır. Salsanın və ümumilikdə latino musiqinin hər növünü görə bilərsiniz. Jazz-salsa, rock-salsa və s. Havanada teatr binasının altında salsa məkanı var. Musiqiçilər və rəqqaslar çox professionaldır. Modern rəqs üçün maraqlı məkan Trinidad mağarasıdır. Kimdən soruşsanız deyər.

Havanadakı otellər üçün bu linkə baxın (check this link for hotels in Havana)

Kuba Mojitonun vətəni olsa da, Coco-Loco (Kokos içində kokteyl) nə qədər məşhur olsa da məncə ən dadlı kokteyl Pinocoladadır.

Trinidaddakı otellər üçün bu linkə baxın (check this link for hotels in Trinidad)

Verilə biləcək digər sualları indidən cavablandıraraq deyim ki, Kuba səyahətinə bilet xaric çox az pul xərclədim, çünki hər şeyi planlamışdım ən qənaətcil, amma gözəl şəkildə. Heç bir tur şirkəti ilə getməmişəm, biletləri Polşada yaşadığım üçün Varşavadan Amsterdam və dönüşdə Paris tranziti ilə almışam. Ən çox pulum şəhərlərarası və s. taksilərə çıxdı, lakin, kollektiv taksidə digər insanlarla yol hər şeyə dəyərdi. Ümumilikdə, 12 günə camaatımızın Antalya tərz yerlərdə xərclədikləri puldan daha azını xərclədiyinə inanıram, yəni qorxmağa dəyməz. 3 padruqa getmişdik, amma tək də getsəm təhlükəli olmazdı, yəni təhlükəli ölkə deyil. Və sonda ən önəmli amil-insanlar möhtəşəm idi. İnsanlarını bəyənmədiyim üçün getmək istəmədiyim ölkələr var. Hər halda Kubada nə qədər gözəl şey görsəm də, ən gözəli insanlar idi. Hər kəsə belə gözəl insanları tanımaq üçün Kubaya getməyi məsləhət görürəm, çünki Azərbaycanda biz uşaqkən mövcud olan abu-hava: wi-fi -ın olmadığı, hər kəsin küçələrdə oturub qonşularla söhbət etdiyi anlar orda hələ də yaşayır. Və yaxşı turist olun: əksəriyyəti təşkil edən alman və fransız turistlər kimi sakitcə oturub konsertə baxmaqdansa qalxın rəqs edin, salsa öyrənin, ispanca öyrənin və yerlilər sizi bizdə olduğu kimi az qala ağlayaraq yola salacaq :) Digər videolar və s. da paylaşacam, təşəkkürlər.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

 

Paylaşdı: Ülkər Mehdiyeva

 

 

DİGƏR BLOQLAR

Şəhər bələdçisi - Malta

Həmişə ada həyatı mənə maraqlı olub. Bu ayın əvvəlində Maltaya gedə bilməyim üçün fürsət yarandı və mən də düşünmədən bu fürsətdən yararlanmağa qərar verdim. Üstəlik beynəlxalq bir proqram idi və bir neçə ölkədən qruplar olacaqdı deyə maraqlı bir “səkkiz günlük” olacaqdı. Öncə viza üçün müraciət etdik, təbii ki, İtaliya səfirliyinə.Dəvətnaməmiz olduğu üçün viza barəsində problemimiz olmadı. Uçuşumuzu da həll edib, yollandıq Maltaya. Onsuz da böyük olmayan bu ada, kifayət qədər yüksəklikdə təyyarədən baxanda demək olar ki, tamamilə görünür. Hava limanına enər-enməz, dənizin qoxusu insanın burnuna vurur. Bizim ilk məntəqəmiz Qawra şəhəri idi və hava limanından birbaşa avtobus gedirdi. Dayanacaqları tam dəqiq vaxt ilə işləsə də avtobuslar elə də sıx qrafiklə işləmir. Eyni nömrəli avtobusların intervalı bəzən bir saatdan artıq olur, amma yaxşı bir tərəfi də var ki, demək olar bütün ada boyunca yaşayış yerlərində pulsuz wifi şəbəkəsi tapa bilərsiniz. Bu da başınızı qatmaq üçün gözəl üsuldur. Avtobuslar üçün gediş haqqı 2 avrodur. Amma biletlər vaxtla verilir. Yəni bir gediş üçün 2 Avro verib bilet aldınızsa, 2 saat ərzində neçə dəfə avtobus dəyişsəniz də, ilk aldığınız bileti göstərməyiniz kifayətdir. Mən özüm bir biletdən 3 fərqli avtobusda yararlana bildim.Onu da qeyd edim ki, bura ayaq basan andan Maltanın uzun zaman Britaniyanın müstəmləkəsi olmasını hiss etməmək mümkün deyil, iki rəsmi dilindən biri İngilis dili olan bu balaca ölkənin əhalisinin 90 faizi ingiliscə sərbəst danışır, elektrik “razetkaları” Britaniyadakı kimi üç dişlidir, hərəkət istiqaməti yolun sol tərəfindəndir, əgər yolunuz buraya düşsə və niyyətiniz kirayə avtomobil götürüb, gəzmək olacaqsa bunu nəzərə alın.Əhalisi az olduğundan və eləcə də kiçik ərazi olduğu üçün, o qədər də mürəkkəb bir ölkə xəritəsi yoxdur. Ona görə də mobil app-larla istədiyiniz yeri rahatlıqla tapıb, gedə bilərsiniz. Hava limanından otelə qədər 40 dəqiqəlik bir yolumuz var idi. Otelə yerləşəndən sonra axşam saatları olsa da, çıxıb “yüngülvari kəşfiyyat” eləmək istədik.Əgər bir gün bu adaya getsəniz, unutmayın ki, dükanlar axşam saat 22:00-da bağlanır və Avropadır deyə burda belə şey olmaz demədən maqazinlərdən alacağınız bir çox şeyi sövdələşib, qiymətini endirə bilərsiniz. Qiymətlərə gəlincə, bahalıdır təbii ki, amma içki və ayaqüstü fast-food xaric. Yerli çaxırlar və pivələr 2-5 Avro arasında dəyişir, dadlıdır, sınayın mütləq. Amma tütün və digər gündəlik tələbat malları bahadır. Gedəsi olsanız, xüsusilə siqaret çəkənlər, mütləq özünüzlə bərabər ehtiyacınız qədər siqaret götürün.Şəhər restoranlarında da qiymət bahadır, əsasən dəniz yeməkləri daha çox təklif olunur, öz milli yeməkləri bir az İtaliya mətbəxinə bənzəyir. Mən dəniz yeməklərini elə də çox sevmədiyim üçün başqa yeməklərə üstünlük verirdim, doğrusunu desəm öz yeməklərimiz üçün darıxdım. Amma Maltada sevdiyim şeylərdən biri də o oldu ki, dəniz kənarlarında, çimərliklərdə şişirdilmiş qiymət yoxdur. Yəni bizdən fərqli olaraq, adanın hər yerində qiymət baha da olsa, demək olar ki, eynidir. Qawra kiçik şəhərdir, hündür binaları yoxdur. Kiçik olsa da, gözəl və “lakonik” şəhərdir, o mənada ki, bir şəhər üçün ehtiyacınız olan hər şey var burada, yəni bu şəhərdə bezmək çətindir. Təmiz çimərlikləri, sakit insanları, dünyanın hər tərəfindən gələn əcnəbiləri ilə maraqlı bir şəhərdir.İkinci səyahətimizi Maltanın paytaxtı, qədim Valletta şəhərinə etdik. Özünəməxsus arxitekturası, sarı daşlarla tikilmiş baxımlı binaları, hər küçəsindən tarix qoxan bu şəhərə ayaq basdığınız andan aşiq olacaqsınız. Şəhər başdan ayağa öz tarixini və kimliyini qoruyur-addımbaşı tarixi şəxsiyyətlərin heykəlləri, muzeylər, abidələr və sıx-sıx kilsələrlə qarşılaşdıq. Sahil boyunca uzanan Valletta digər şəhər olan Qawraya nəzərən daha böyükdür və bir az da paytaxt abu-havası səbəbi ilə istər-istəməz moderndir və daha çox gəzməli-görməli yerləri var. Barraka Gardens tarixi parkı Valletta şəhərinin ən yüksək qismində yerləşir, bir zamanlar şövalyelərin təlim mərkəzi kimi inşa olunan bu tikilinin altında toplar adanı müdafiyə etmək və önəmli qonaqları qarşılayarkən istifadə olunub və bu gun də önəmli günlər zamanı toplardan atəş açılır. Təsadüfdən biz orda olan zaman 7 iyun tarixi Malta üçün 1919-cu il dirçəliş günü idi və topdan atəş açılmasının canlı şahidi olduq. Ümumiyyətlə bu gözəl şəhər üçün bir neçə saat kifayət etmir, ən azı bir gün ayırmamaq insafsızlıq olar. Həm alış-veriş üçün, həm tarixə səyahət üçün Valletta gözəl seçimdir.Malta özü bir neçə xırda və böyük adalardan ibarətdir. Bu adaların hər birinə getməyə zamanınız olmasa da Gozoya mütləq baş çəkin. Adalar arasında körpüyə rast gəlmədim. Adadan adaya avtomobillər və insanlar ferry-gəmi bərə vasitəsilə keçid edirlər. Ferrylər komfortludur, içində bir neçə restoran və yolboyu başınızı qatacaq yerlər və vasitələr var. Gəmi ilə yol boyu Aralıq dənizinin gözəlliyini, adaları seyr edə bilərsiniz və onsuz da çox qısa olan bu dəniz yolçuluğu sizi qətiyyən yormaz.Nəhayət Gozoya çatdıq. Səyahət etmədən öncə Gozo haqqında minimal təsəvvürə malik idim. Amma canlı görəndən sonra hiss etdim ki, Gozo yazılanlardan daha gözəldir. Həm şəhər olaraq, həm də təbiət olaraq. Maltada ümumiyyətlə dağ və çay yoxdur, təpələr və dayaz vadilərə rast gələ bilərsiniz ki, bu təpələr də ən çox Gozo adasındadır. Gördüyüm ən gözəl çimərliklər və qumsallara Gozoda rastladım. Yolunuz Maltaya düşərsə Gozoya getmədən ölkəni tərk etməyin. Gozo şəhəri paytaxt Vallettaya nisbətən bir az daha tarixə kökənlidir. Şəhər mərkəzində və mərkəzə yaxın yerlərdə yeni binalara nadir hallarda rastlana bilərsiniz, dar küçələri, daş döşəmələri ilə mənə bir az İçəri Şəhəri xatırlatdı. Gozo şəhərində bir neçə kilsə var. Amma “The Catedral of the Assumption of the Blessed Virgin Mary” adlanan kilsənin gözəlliyi və böyüklüyü ən azı bu uzunluqda adı yadda saxlayacaq qədər unudulmazdır. XVII əsrdə inşa olunan bu Roma Katolik kilsəsi yüksək bir təpədə yerləşir. Kilsədən baxanda bütün kənar qəsəbələr, adalar sahillər görünür. Kilsənin ərazisi çox böyükdür və tikili olaraq da böyük bir qəsri xatırladır. Kilsə ərazisində addımladıqca sanki addım-addım tarixin, illərin, əsrlərin içinə yaxınlaşırsan.Ümumilikdə Malta səyahəti yaddaqalan və gözəl keçdi. Mənim fikrimcə iki cür gəzəyən var. Birinci növ ancaq şəhər, muzey, mədəniyyət və tarix sevir. İkinci növ gəzəyənlər isə təbiət, iqlim, fauna və flora sevir. Malta isə bu iki növ gəzəyənin hər birini sevir ???? . Ölkə haqqında sizə maraqlı olan suallarınız varsa, buyura bilərsiniz. Oxuduğunuz üçün təşəkkürlər, ümid edirəm sizi yormadım. )))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Şirxan Ayxan Adgözəl   

1008 dəfə oxunub

Ziddiyyətlər ölkəsi – Liberiya bələdçisi (Part II)

Salam hər kəsə.İki dəfə qrupda Liberya haqqında paylaşım etmişdim və onlarla oxuyucu daha da ətraflı yazı istəmişdilər.Bu dəfə ümumi deyil, iki yer haqqında məlumat paylaşmaq istəyirəm.Onlardan birincisi Ducor oteldir.1960-cı ildə Monroviyanın ( Liberyanın paytaxtı) ən yüksək mövqeyində tikilmiş Dukor otel dövrünün ən lüks oteli olub və şəhərin ən hündür tikilisi ünvanını alıb. İllərlə fəaliyyət göstərib. O dövr elə də bəsit olmayan bir qurğu- liftə malik möhtəşəm tikili əgər istifadəyə yararlı olsaydı hal-hazırda da analoqsuz bina olardı...Xalq arasında Qəddafinin oteli olaraq tanınır.90-cı illərdə ölkədə baş verən daxili müharibə binanı istifadəsiz hala gətirib. Yenə yerlilər arasında Qəddafinin restobrasiya edəcəyi danışılsa da, onun ölümü bu planı həyata keçirməyə imkan verməyib.Artıq dağılmaq üzrə olan bina məhdud turistlərin girişinə icazə verilən bir məkan olub.İnanın çox fərqli aurası var.Heç indi elə proyektlə bina inşa edə bilmirlər.Ki, o binanı da britaniyalı mütəxəssislər, Rumıniya və İsrail proyektinə əsasən tikiblər.Çəkiliş üçün icazə verilmirdi. Ona görə ancaq şəhərin görüntüsünü çəkdiyim foto, içəridən də bir foto paylaşdım. Bir də hal-hazırda belə ölkədə liftin barmaq sayı qədər olduğunu düşünsək tikilini Afrika üzərindən analiz edirəm... İkinci məkan şəhərin ən reytinqli səmti olan Sinkorun ara məhəllələrindən biridir.Mərkəzdə belə bir qəsəbənin varlığı bizə artıq təəcüblü gəlmir.Düşünə bilərsiniz ki, Azərbaycanda da bənzər yerlər var. ( inanın o qədər olanı yoxdur) Ancaq müqayisə üçün deyim ki, Monroviyanın ən azı 60-70 faiz yerləri belədir... ( "Teneke" evlərin sayı isə 70%-dən də çoxdur)Niyə məhz o qəsəbəni çəkmişəm? Körpü tikmək üçün bizdən maddi yardım istəmişdilər. Yox deməmişik. Körpü tikən məhəllə sakinlərinin yemək və tikinti vəsaitlərini qarşıladıq. Özləri təmənnasız işləyirlər. Əvvəlcə dövlətə müraciət ediblər, ancaq qarşılıq almayıblar...Biz də inşaatın başladığı gün izləmək üçün getdik.Bitdiyi halını da profilimdə paylaşaram yəqin.Baxıb, halımıza şükür etməyimiz üçün paylaşmadım, sizə də belə bir şey yazmayacam...Mənə maraqlı gələn onların yaşantılarına rəğmən əksər vaxt yüksək əhval-ruhiyyədə olmalarıdır.Musiqiləri pozitivdir.Geyimləri rəngarəngdir.Bu gün dekor üçün qara parça almağa bizim "Sədərək ticarət mərkəzi" kimi bir bazara getmişdik.(əslində Sədərəyə bir az haqsızlıq oldu, konalizasiya sularının küçədən axdığı bir səmt ilə müqayisə) O qədər parça mağazasının arasında bir ya iki mağazada qara parça vardı...Liberiya həyatının hər iki üzünü instagramda tez- tez paylaşıram.Profilimi hər kəsə açıq etmişəm. (Linki rəydə paylaşaram) Arzu edənlər izləyə bilər. Sona qədər oxuduğunuz üçün təşəkkür edirəm.PS: Fotoları yükləyəndə qarşıma musiqi alətləri "sasa"nın fotoları çıxdı. Videoları təəsüf ki, silmişdim paylaşa bilmədim. İçi oyulub, qurudulmuş boranıdan hazırlanır...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gulnare Memmedova

1606 dəfə oxunub

Kiyev səfəri

Kiyevdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam. İstədim 6 günlük Kiyev səfərim haqqında bəzi təəssuratlarımı paylaşım. Orda heç olmayanlar üçün bəlkə faydalı ola bilər. Uzun alınsa öncədən əhvinizə sığınıram.  :) Norveçə viza imtinası aldıqdan sonra bir az məyus oldum amma sonra fikirləşdim ki, bayram günlərini boşuna verməyim. Bayrama 9 gün qalmış bilet sifariş etdim. Onu deyim ki, Buta-da 10 gün öncədən artıq bayram tarixlərinə yer yox idi. Skyscanner-lə scan elədim gördüm ki, Kiyevə Heydər Əliyev hava limanından ən ucuz bilet (gediş-gəliş) 735 AZN-dir. Tbilisi beynəlxalq hava limanından isə 354 AZN. Azal sağ olsun. Qərara gəldim burdan Qırmızı Körpüyə kimi gedim (12 AZN), ordan da balaca minibuslar olur, bir neçə sərnişin yığıb birbaşa hava limanına aparır. Elə oldu ki, 2 nəfər olduq, hərəmiz 25 lari verdik və sərhəddən birbaşa hava limanına getdik (15 AZN).Kiyevdə 2 aeroport var, bildiyiniz kimi. Biri Borispol (əsası- ancaq şəhərdən uzaq) və Juliana (şəhərə bir qədər yaxın). Hava limanına daxil olarkən ilk olaraq "yeriyən exchang"-lər səni qarşılayır və dəfələrlə ucuz qiymətə valyuta dəyişməyi təklif edirlər. Qətiyyən etməyin.  Məlumat mərkəzindən rəsmi exchange-lərin yerini öyrənib, orda bir qədər valyuta dəyişə bilərsiz. Şəhərə getmək üçün taksi götürə bilərsiz. Amma onlar 2-3 qat baha qiymətlər deyəcək. Hava limanından çıxan kimi Skybus deyilən avtobuslar var. 100 (6 AZN) griven verirsən səni aparır dəmiryol vağzalına. Sizə deyim ki, Kiyevdə gediş haqqı bizdən 2 dəfə çoxdur (metro və avtobus) 8 griven (50 qəpik). Təbii ki, benzinə görədir. Dəmir yol vağzalının yanında Vogzalnı adlı metro stansiyası var. Ordan mərkəzə gedə bilərsiz. Ukraynada hələ də yaşıl rəngli jetonlar qalıb. Təbii ki, kartlar da var. Yəni turist kimi jeton almaq daha əlverişlidir məncə.Biraz şəhər haqqında. Şəhəri Dnepr çayı iki yerə bölür. Sağ və sol sahil. Sağ sahil mərkəz və daha çox iş mərkəzidir. Sol sahil daha çox yaşayış kompleksləridir. Şəhərdə çoxlu Soborlar (dini məbədlər) var. Vladimir, Uspenski, Sofiya soborları əsaslarıdır. Əsas görüləsi yerlər də məhz onlardı. (Tarixilik nöqtəyi nəzərdən.) Kiyevə getmisinizsə mütləq Kiyev Lavrasına dəyin. Əgər təbii ki, sizə maraqlıdırsa. Dnepr çayının sahili də gözəldi. Müxtəlif tədbirlər keçirilir. Şəhərdə bu günlərdə müxtəlif sərgilər keçirilirdi. Köhnə arxitektur tikililər çoxdur. Əsas küçəsi, yəni oranın targovusu- Kreshatikdir. Müxtəlif klublar da var hardaki tematik party-lər keçirilir. Facebook-da öncədən event-ləri axtarıb tapmaq olar.Qalmaq məsələsinə gəldikdə həm otellər çoxdur, həm də hostellər. Amma mən mərkəzdə mənzilə üstünlük verdim. OLX saytından bir elan tapdım. Mənzilin sahibi təklif etdi ki, Airbnb üzərindən danışaq. Eyni mənzili airbnb-də bron etdim. Həm də orda feedback-ləri oxumaq imkanı yarandı. Əslində elə airbnb-dan bron etmək məqsədə uyğundur. Mərkəzi məhəllədə -Lesi Ukrainka bulvarı adlanan yerdə günü 650 qrivenə (40  AZN, 6 gün 40*6=240 AZN) bütün şəraiti ilə mənzil bron etdim. Mətbəxi xoşuma gəldi.Puzataya xata deyilən self service restoranlar şəbəkəsi var. Orda məsələn bir çox Ukrayna təamlarının dadına baxmaq olar. Qiymətlər normaldır yemək barəsində. Taksi xidmətləri çoxdur və ona görə də rəqabət mühitində qiymətlər yaxşıdır. Əsasları Uber və UKlon (şəhər içi sərfəlidir). Bunlar application əsaslı taksi xidmətləridir. Başqaları da var (qısa nömrəli). Sadəcə Uber gərək Ukrayna nömrəsinə bağlı ola. Mən Vodafon aldım. Bütün sərfəli tarifləri ilə mənə 13 grivenə (8 AZN) başa gəldi. Roaming də edə bilərsiz öncədən amma mən də çox pis işləyirdi xüsusəndə internet. İnsanları (təbii ki, hər kəs ayrıca bir fərddir) ümumilikdə xoş (friendly) təəssurat bağışlayır. Nəsə soruşanda deyirlər, kömək edirlər. Xidmət sahəsinin işçiləri də nəzakətlidirlər.Qimətlər haqqında yazdıqlarımdan savayı onu deyə bilərəm ki, ixrac olunan məhsullar ucuz deyil hətta bəzi məqamlarda bizdən bahadır. Məsələn Collins dükanında sadə futbolka 25 AZN-dir. Halbuki bizdə 15 AZN almaq olar. Xidmət sahələri və yerli məhsullar əksinə ucuzdur bizdən. İnsanlar sosial iqtisadi vəziyyətdən narazıdırlar. Və ayın 31-də olacaq seçkilərə hazırlaşırlar.Sonda bir-iki cümlə də məşhur Ukrayna xanımları haqqında deyim. Onu müşahidə etdim ki, mərkəzdə gözə dəyən xanımlar, xüsusən də gənc xanımlar bizdəki kimi "vahid gözəllik şablonları"na tərəf gedirlər. Ona görə də ümumi mənzərə inqubator effektini xatırladır. Bir qədər kənar şəhərlərdə vəziyyət başqadır. Ümumilikdə fərq sadəcə davranışlar sistemindədir bu da ki, normaldır, hər cəmiyyətin özünə məxsusluğu var. Sonda olduğum yerlərdən bir neçə şəkil yükləyəcəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Shaig Samadov

917 dəfə oxunub

TARİXİ SARAYLARI VƏ SEHİRLİ MÜHİTİ İLƏ İRAN

 İran səfəri haqqında çox uzun bir yazı.Bu yazı bir az uzun olacaq. Ona görə də indidən çay-kofe-qarpız nələrsə əlinizin altına qoyun. Əvvəlcədən yazımda olan səhvlərə görə üzr istəyirəm. Maraqlı gəlsə və həvəsiniz olsa bunu redaktə edib mənə göndərərsiniz, göndərərəm hansısa sayta.Deməli başlayaq. Hər şeyin əvvəlində nə gəlir? Əlbəttə ki, səbəb. “İrana gedirəm” dediyim anda insanlar çoxu təəccüblə, qarşısında “ağlını itimiş” bir insan gördüklərini hiss etdirirdilər və səbəbi soruşurdular. “Həkimə gedirsən?” - Yox, “Məşədə gedirsən?” - Yox. Bəs nə işin var orda? Səbəb isə çox sadə idi - uşaqlıqdan Təbrizə marağım olub və bu dəfə istəyimi reallaşdırmaq qərarına gəldim.Necə getdik? Adil və Zeynalla qərara gəldik ki, Tehrana təyyarə ilə gedək və oradan üzü yuxarı yavaş-yavaş davam edək. İlk dəfə idi ki, getdiyim yerə heç bir çanta, çemodan götürməmişdim. Düşündük ki, orada nə lazım olsa alarıq. Buta sağ olsun! Əl çantasına belə icazə vermir, ona görə də balaca A4 ölçüsündə bir çanta götürmüşdüm.Dostlarıma çox yansıtmasam belə içimdə bir həyəcan var idi, çünki deyirdilər ki, bəs Amerikada olmuş adamlar İran sərhədində problem yaşaya bilərlər . Xülasə, təyyarədən düşdük və passport yoxlanışa yaxınlaşdıq. Gömrük işçisi yuxulu-yuxulu bizə baxdı və passporta möhür vurmadan bizi yola saldı. Onu qeyd edim ki, qayıdanda belə gömrük işçisi passportumda möhürün olmadığını gördü və möhür vurmadı. Bizimkilərdən soruşanda dedilər ki, bəs bunu Avropaya gedəndə problem yaranmasın deyə edirlər.Dil: İlk gördüyümüz adamla ingiliscə danışmağa çalışdıq, o da biləndə ki, biz Azərbaycandan gəlmişik dedi ki, “ə bəs türkçə danışın da” (bundan sonra da “türkcə” və “türk” sözləri istifadə olunub. burada elə bizim dil və xalq nəzərdə tutulur).Biz də elə danışdıq. Çıxdıq bayıra və bir taksi tapdıq. Öz dili ilə desək Ərdəbil uşağı Əkbər bizi gecə Tehranında gəzdirdi və ölkə barədə ilk məlumatları verdi: ”Tehranda ən pis halda hər 3 nəfərdən birisi türkdür. Yeməkxanalar, bazarlar və s. xidmət obyektlərinə elə türklər baxır. Rahat türkçə danışa bilərsiniz”. Bax bu mənim üçün yeni məlumat oldu ona görə də kimə yaxınlaşırdıqsa ingilis dilində yox, elə türkcə danışırdıq. Tehrandan üzü yuxarı şimal tərəflərdə əsas türklər yaşayır. Təbrizdə isə demək olar ki, hamı bizimkilər idi. Türk dilini sadəcə türklər yox, elə farslar və kürdlər də bilirlər. Dilləri çox şirindir. Misal üçün “ay can” əvəzinə “caaaanım” deyirlər. İlk dəfələrdə başa düşməkdə bir az çətinlik çəkə bilərsiniz, lakin 2-3 günə tam başa düşəcəksiniz. Ona görə hər yerdə ilk olaraq türkcə söhbətə başlayırdıq, başa düşməyəndə ya ingiliscə, ya da avtomatik türkcə anlayan birini tapırdılar.Qaldığımız məkan: “Hi Tehran” adlı hostel idi. Bu hostel çox şirin bir məkan idi - əsas da İnterneti yerində və xudmani səhər yeməyi var idi. Təbrizdə isə Saeb (səhv xatırlamıramsa adı belə idi)adlı bir oteldə qaldıq. 2 yataq otağı + qonaq otağı, günlük təxmini 50 azn idi. Möhtəşəm!Pul vahidi: Çıxdıq şəhərə. İlk getdiyimiz yer sərraf idi - bizim dillə desək pul dəyişmə məntəqəsi. Ümumiyyətlə, İranda məni ən çox çaşdıran elə bu pul söhbəti olmuşdu. Niyə? Rəsmi adı rialdır, lakin hər kəs tümən adından istifadə edir. Məzənnə elədir ki 1 manat 71.000 rial (7.100 tümən) idi və elə ilk pul dəyişmədən sonra biz olduq millioner. Məsələ odur ki, hər dəfə bizə qiymət deyiləndə biz dəqiqləşdirirdik ki, söhbət tüməndən gedir ya rialdan. Axırdan axıra başa düşdük ki, söhbət tüməndən gedirmiş.Qiymətlər: Təbrizdə Eynəlidə (aşağıda oxuyacaqsınız) bir işçi ilə danışırdıq. Xanım dildən saz idi. Hardan gəldiyimizi biləndən sonra dedi ki “nə var e sizə? gəlirsiniz müftə gəzirsiniz burada” və nə yalan deyim - elə idi. Təsəvvür edin ki, gedirdik yemək yeməyə, 3 adama nəyi var yeyirdik və hesab 30 Azn-i heç vaxt keçmirdi. Ona görə çox yerə gedəndə heç qiyməti soruşmurduq. Taksi də çox ucuz idi - şəhərin bir başından o başına maksimum 3-4 Azn-ə gedirdik.Yol hərəkəti: Tehran deyəndə ilk ağlıma gələn oranın yol qaydaları idi. Yəni anormallığı. Bunu sözlə ifadə etmək çətindir, gərək görəsən. Sadəcə təsəvvür edin ki, orada heç kim (!) piyada zolağında saxlamır və piyadalar sadəcə maşınlar və motosikletlər arasında oynayaraq yolu keçirlər. Məsələ onunla çətinləşir ki, qanun qaydaya fikir verən yoxdur və kim necə gəldi sürür. Sözün əsl mənasında. Əlavə olaraq hara gəldi, necə gəldi sürən yüzlərlə motosiklet və moped var. Oranı görəndən sonra Bakı maşın sürmək üçün ən möhtəşəm yerdir. Təsəvvür edin!Təbrizdə hər şey daha yaxşı idi. Ən azından piyadaya yol verilirdi, lakin orda da qayda-qanunla insanların arası heç yaxşı deyildi. Təsəvvür edin ki, taksi sürücüsünün birisinə sual verdik ki, bəs siz də “dairədə” yol kimindir? Cavab - kim birinci girdi :)Yeməklər: səhər yeməyi təcrübəm çox güclü olmayıb deyə sizə sadəcə nahar və şam yeməyindən danışa bilərəm. Tehranda günorta Tehran bazarında yerləşən bir yeməkxanaya getdik. “Daldeh” yerdə yerləşməsinə baxmayaraq növbədə bəlkə 40 nəfər gözləyirdi. Çox maraqlı arxitekturası var idi. Porsiyalar isə çox böyük idi. İranda düyünü yağla verirlər (üstündə qoyurlar).O biri günTəbrizdə Zeytun restoranında oturduq (rəngli şüşəli şəklim var) Növbəti məkan isə bir kababxana idi (şəkli var). Lülə kababı verirdilər, 40 sm-lik hardasa. Lülənin yanında laym (İranda çox məhşurdur), reyhan (!) və soğanla bir yerdə. Çox dadlı idi, çox!Kəllə-paça, piti və sairə kimi yeməklərə vaxtımız çatmadı. Ümumən yeməklərdən razı qaldım. Çayı isə cəmi 1 yerdə dada bildim (Eynəlidə). Digər yerlərdə sallama çay verirdilər :(Meyvə şirələri tam ayrı bir mövzudur. Ən çox bəyəndiyim yemiş və çiyələk idi. Sözlərlə ifadə edilmir, əntiqə idi!Görməli yerlər:Bu mövzuda uzun-uzadı yazmaq olar, amma vaxtınıza qənaət edəcəm (əlavə məlumat üçün google edə bilərsiniz). Aşağıdakı yerləri 10 ballıq şkaladan qiymətləndirəcəm. Qeyd edim ki, mən çox da bina-incəsənət adamı deyiləm deyə qiymətləndirməmdə əlbəttə ki, önyarqı var.Tehran-Gülüstan sarayı - İransayağı Dolmabahçe. Topkapıya heç yaxın durmur. Bir dəfə görmək lazımdır. 5/10-Tehran Bazarı - çox gəzə bilmədim, amma maraqlı yerə oxşayır. 6/10-Azadi Tower - şəkil çəkdirmək üçün yaxşı yerdir. Avtovağzaldan da uzaq deyil. Son olaraq ora gedə bilərsiniz. 6/10-Miladi Tower - dünyanın ən hündür 6-cı teleqülləsidir. Bütün Tehran əlinin içindəki tək görsənir. Axşam gün batmamışdan əvvəl getmək şərtdir (biz bilmirdik). 7.5/10Təbriz-Təbriz Böyük Bazarı - dünyanın ən böyük qapalı bazarıdı. Alış -veriş üçün mükəmməl bir yerdir. Orada minimum 1 gün keçirmək lazımdır. 9/10- Azərbaycan Muzeyi - sadəcə adına görə içəri girdik. Ən maraqlı hissəsi bu günə kimi İran ərazisində olan dövlətlərin hökümdarlarının buraxdığı qəpik kolleksiyası idi. 6/10-Göy Məscid - çox təəssüf ki, pis gündədir və indi əsaslı təmir olunur. Lakin ora gedib 2 rükət məscidə salam namazı qılmaq lazımdır. Gözəl aurası var. 6/10-Kəndovan - Kapadokya tipli, qayalardan yarılmış evlərdən ibarət bir türk kəndidir. Bir dəfə gedib görmək olar. 6.5/10-Eynəli - Bəlkədə gördüyüm ən maraqlı yer idi. Qəbələdə olan kanat yoludur. Biz dağın başına piyada qalxdıq və ordan bütün Təbriz görünürdü. Yolun ortasında bir çadır var idi, orada nəhayət ki, normal bir çay içdik. Bu yerə də axşam gün batanda gedin. Biz yenə də bilmirdik. 8.5/10-Saat Meydanı - tam dəqiq bilmirəm, amma Saat meydanından üzü Böyük bazara tərəf gedən nəqliyyat üçün bağlı olan tərəfi İstanbul, digər tərəfi Gəncənin Sabir küçəsinə oxşayan bir yerdir. Çox söydüm oranı, cənublular demiş - 10/10Təbriz ya Tehran - şübhəsiz Təbriz. Bir az yöndəmsiz Tehrandan Təbrizə gələndə içimdə bir qorxu var idi. Bəzən olur ki, hansısa qızla tanış olursan online və bir gün qərar verirsən ki görüşək. Qorxursan ki qızı görəndən sonra başa düşəcəksən ki, şəkillərinə lazımından artıq filtr qoyub)) Bax mən də Təbrizi ilk görəndə o qorxunu keçirirdim, amma dəyməzdi. Təbriz öz alicənablığı ilə sadəliyi ilə məni valeh etdi.Şəhərlərarası avtobuslar: 2 gecəni avtobusda keçirən adam olaraq deyə bilərəm ki, bunların avtobusları əntiqə idi! Bizim avtobuslar kimi 4 yox, 3 sıradan ibarət idi və geriyə getmə bucağı daha yüksək olduğundan daha rahat uzanmaq olurdu. Tehrandan Təbrizə və Təbrizdən Bakıya oxşar avtobuslarla gəldik və çox razı qaldım.Abu-hava: Yuxarıda qeyd olunan tıxac xaosuna baxmayaraq 4 gün ərzində 1 dəfə də olsa mən bu ölkədə stress görmədim. İnsanlar bir-birinə qarşı çox hörmətlə davranır və çox nəzakətli idilər. Xüsusən bunu Təbrizdə hiss etmək olardı. Bizim sürücülərin yolun ortasında "xarakiri" edəcəyi məqamlarda bunlar heç siqnal belə vermirdi. Çox təəcüblü idi vallah!Sağollaşmalar: Ən çox yadda qalan məqamlardan birisi məhz bu idi. İranlılar bizim kimi “sağ ol”-la kifayətlənmir və çox kreativ sözlər istifadə edirlər. Yadımızda qalan bəziləri bunlar idi - “nökərinəm, yaşa! (ən çox bu istifadə olunurdu) , əllərin dərd görməsin, cibin milyon görsün” və s.İnsanlar: Məni ən çox təsirləndirən məhz onlar idi. Türk olsun, fars olsun hər biri suallımiz olanda kömək etməyə çalışırdı. Nə yalan deyim, 4 gün ərzində 1 dəfə də olsun kobudluq və ya sərt reaksiya görmədim.Türklər bizi görəndə lap çox sevinirdilər. Bizə sual verirdilər ki, bəs niyə gəlmisiniz bura. Cavabimiz o idi ki “sizi görməyə" , "Sizi tanımağa”. Bu insanlar elə bil bir az daha safdırlar (bilirəm, ümumiləşdirirəm). Biz hər zaman Anadolu türklərinə qardaş kimi baxmışıq, amma başa düşdüm ki, cənublular lap “canımızın içidir”. Onlar bizim televiziya kanallarına baxırlar. Qarabağ məsələsi ilə maraqlanırlar, bizim musiqimizdən agahdırlar. Təsəvvür edin, Eynəlidən Saat meydanına qayıdırıq, bir cavan oğlan bizi aparırdı. Dedi ki, bu dəqiqə sizə bir mahnı qoyacam və budur- Rəşid Behbudovdan bir şey gözlədiyim andan gur səslə Üzeyir Mehdizadə stilində bir mahnı qoydu. Demək ki, həm yaxşı, həm də pisdə bizi örnək götürürlər.Gördüyüm hər 5 nəfərdən biri deyirdi ki, bəs ya Şimalda qohumları var, ya da böyük babam ordan gəlib. Birinə dözmədim dedim ki, “ağa niyə gəlib bura bəs?”, o da gülərək dedi ki, “bəs nə bilim e səhvdir də edib”.Səhv demişkən. Siz də bu səhvi etməyin və imkan olanda gedin qardaşlarınızı görün. Uzaq deyillər. Arazın o tayındadılar. Düzdü, fərqlidirlər, rusdilli deyillər, çox da qlamur da deyillər, amma onlar da bizdən birisidir, biz də onlardan. Neçə gündür gəlmişəm və danışdığım mövzu elə budur. İranı çox söydüm (sevdim - cənub ləhcəsində). Gedin, siz də söyün :)P.S. Bu səfərdə mənə dözən, əsl qardaşlıq göstərən, tam bir YESMAN-lar olan Adil və Zeynala təşəkkürümü bildirirəm!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Toghrul Alakbar 

971 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!