1460 dəfə oxunub

Dağətəyinin cənnəti - limon qoxulu şəhərə gəzəyən turu

Limon qoxuları, limonçellosu, çiçəkləri, dar yolları, incəsənət qalereyaları, keramika mağazaları ilə məşhur olan sevimli və rəngli Pozitano Kampaniya(İtaliya) vilayətinin Saleno əyalətinə məxsus kiçik icmaya malik Amalfi sahillərinin ən gözəl qəsəbəsi sayılır. Başlanğıcı kiçik balıqçı sahil qəsəbəsi olan Pozitano turist axınından sonra yaraşıqlı və bərli-bəzəkli villalar, mehmanxanalar hesabına cazibəli bir şəhərə çevrilmişdir.


Norman Jewison’un ‘Only you’ filminə baxdıqdan sonra bu şirin qəsəbəyə heyran olub ora getmək istəməyən çox az adam tapılar məncə. Sofi Lorenə məxsus villanı da məhz burada görə bilərsiniz.


Dik bir yamac üzərində qurulan Pozitano, ağ, sarı, çəhrayı damlı Aralıq dənizi evləri, çınqıl daşlı çimərlikləri və masmavi dənizi ilə özünüzü sanki bir italyan filminin baş qəhrəmanı kimi hiss edəcəyiniz sahil qəsəbəsidir.

Pozitanoya necə getmək olar?

Pozitanoya gedib çıxmaq üçün ən yaxın hava limanı Neapol Beynəlxalq Hava limanıdır. Bu hava limanı Neapolun cəmi 7km cənubunda yerləşir. Maşınla hava limanından Pozitanoya çatmaq 1saat 15 dəqiqə çəkir. Hava limanından Neapol mərkəzinə ən ucuz getmək vasitəsi avtobusdur. EasyJet, Meridiana, Air Berlin, Vueling, Wizz Air kimi aşağı büdcəli hava yolları ilə Avropanın digər şəhərlərindən Neapola gədə bilərsiniz. Hava limanında günü 7 avro ödəməklə əşyalarınızı əmanət ofisində saxlaya bilərsiniz. Buradan şəhər mərkəzinə gəlmək üçün 2 növ avtobus fəaliyyət göstərir. Unicocampania şirkətinin avtobusu (Unico Alibus) hər 20-30 dəqiqədən bir hava limanından hərəkət edərək Garibaldi Meydanında(15-20 dəqiqəyə) və Municipo meydanında(30-35 dəqiqə) dayanır. Qiyməti 3 avrodur və 06:30-23:30 aralığında işləyir. Biletləri avtobusdan əldə edə bilərsiniz. Bu biletlə 90 dəqiqə ərzində ictimai nəqliyyatın digər növlərindən də istifadə edib otelinizə çata bilərsiniz. Bundan başqa ANM-3S avtobusu da həmçinin hava limanından Garibaldi Meydanına hər 15 dəqiqədən bir gediş-dönüş səfərləri həyata keçirir. Qiyməti 1,10 avro olan bu avtobus ilkinə nisbətən daha çox dayanacaqda dayanır və ucuz olduğu üçün daha çox sərnişini olur.


İndi isə gələk əsas məsələyə, bəs Neapoldan Pozitanoya necə gedək?

Neapoldan Pozitanoya gedib çatmaq üçün ilk öncə Sorrentoya getmək lazımdır. Neapolda yerləşən Corso Garibaldi mərkəzi dəmiryolu vağzalından Sorrentoya hər 20 dəqiqədən bir ''Circumvesuviana '' qatarı var (5avro) və səfər təqribən 1saat 10 dəqiqə çəkir.

Sorrentodan Pozitanoya necə gedək?

Sorrentoya çatanda dəmiryolu vağzalının çölündə SITA avtobuslarını görəcəksiniz. Ödənişi 1,5 avrodur. Bu avtobuslar hər saat başı Pozitanoya gedir. Burada biz yaz yağışının altında uzun sıra gözləməli olmuşduq. Buradan Amalfi və Pozitanoya gedə bilərsiniz.


20km davam edən bu yolda ən möhtəşəm mənzərəni görmək üçün avtobusun sağ tərəfində oturun. Yarım saat və ya tıxac olarsa maskimum 45 dəqiqəyə Pozitanoya çatacaqsınız.

Pozitanoda yemək-içmək bələdçisi

Dənizi, sahilləri qədər mətbəxi ilə də gözəl olan Pozitanoda harda yemək olar?

Pozitano Cafe- mübahisəsiz otura biləcəyiniz ən gözəl yerlərindən biri buranın terrasıdır. Bu məkanda möhtəşəm bir kofe içərək mənzərədən həzz ala bilərsiniz.

Paradiso Cafe- Eyvanında tiramisu ya da limonlu şirniyyat yeməyinizi mütləq tovsiyyə edirəm.

Bunlardan əlavə Ristorante La Cambusa'nın mənzərəli bölümündə yer tapa bilsəniz çox şanslısınız. Çünki bura çox möhtəşəm mənzərəyə ev sahibliyi edir.


Amalfi sahilləri ''limon diyarı'' olaraq adlandırılmasını qalın qabıqlı, bol sulu, bol şəkərli və mango böyüklüyündə ətirli böyük limonlarına borcludur. Bu da Pozitanoda başınızı çevirdiyiniz hər yerdə limon ağacı görməyiniz, makarondan torta, risottadan dondurmaya qədər hər təamın limonlusunu yeməyiniz, ancaq ən çox da limonçello içməyiniz deməkdir. Bu içki spirtliliyi 35% olan limon likörüdür. Makaron və pizzadan əlavə (bu arada ən dadlı pizza Capricci adlanan pizza restoranında olur) donuz əti yeməklə probleminiz yoxdursa prosciutto-nu tövsiyyə edərdim.

Pozitano bahalıdır ya ucuz sualının cavabına gələndə isə şəhər çox bahalıdır deyərdim. Pozitano Amalfi sahillərinin ən bahalı qəsəbəsidir. Hətta yerli xalq ilə biraz səmimi olsanız, onlar sizə növbəti səfərinizi Sorrentoda keçirməyinizi məsləhət verər.

Pozitanoda harda qalmaq olar?

Bir günlük gəzməyə gedirsinizsə, Neapolda qalıb bu şəhəri də gəzib Pozitanoya baş çəkə bilərsiniz. Ancaq sırf Portofino, Pozitano, Amalfi sahillərində bir neçə günlük tətilə gəlmisinizsə, burada gecəsi 2 nəfər üçün 100 avrodan 3200 avroya qədər dəyişən qiymətlərlə qonaq ola bilərsiniz. Bronu mütləq bir neçə ay əvvəl edin. Bunlardan ən yaxşıları Appartamento Mare A, Villa Eos, Villa Eden, mərkəzə daha yaxın qalmaq istəsəz Positano Villa Sleeps 13 Air con Wifi, Villa Punto del Sole, daha ucuz isə Your nest on the Path, Casa Fortunata kimi yerlərdir. Bir də kiçik bir qeyd edim ki, dünyanın ən gözəl otellərindən biri olan Le Sirenuse da burada yerləşir.

Pozitanoya nə vaxt getmək olar?

Səyahət edərkən yağış sizi narahat etmirsə bahar və payız ayları bura getmək üçün seçilən vaxtlardandır. Dəniz tətilini burda keçirmək istəyənlər yayda ən yüksək istiliyin 32 dərəcə olduğunu yadda saxlasınlar. Həm gündüzlər isti sizi yormur, həm də gecələri sərin keçir. Məncə ən yaxşı vaxt turistlərin hələ çox axın etmədiyi, havaların da daha yeni isinməyə başladığı-aprel ayının əvvəlidir.


Pozitanonun yerli xalqı haqqında

Pozitanoda yerli xalqın həyat səviyyəsi yüksək və cənublu olduqlarına görə daha rahat, daha gülərüz və yardımsevər insanlardır. Bura həm də İtaliyanın digər bölgələrinə nisbətən daha təhlükəsizdir.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…



Paylaşdı: Ulkar Ismayilzada


DİGƏR BLOQLAR

Yaşılın və tarixin birliyi - Sloveniya bələdçisi

Əziz Gəzəyənlər,Bu gün sizə Avropanın ən gözəl təbiətə malik, 60%-i meşəylə örtülü, Balkanların Alpı sayılan, keçmiş Yuqaslaviya ölkəsi- Sloveniya haqda danışmaq istərdim İyulun ortaları mindik Budapeştdə bir qatara, get ki, gedəsən, tam 7 saat yarımdan sonra çatdıq paytaxt Lyublyanaya. Normalda sərhəddə heç bir yoxlama olmur hər 2-si də Şengen ölkəsi olduğu üçün, amma məlum pandemiyaya görə vaksin kartımızı yoxladılar. Bu arada tək tərəf bilet cəmi 20€ tutdu Səfərimizin ilk günü paytaxt Lyublyanada yerləşdik. Lyublyana əhalisi yarım milyon olan kiçik və əhalisi çox gülərüz olan bir paytaxt şəhəridir. Çox yox cəmi 3-4 saata şəhəri rahat gəzə bilərsiniz. Lyublyana qalası xaric şəhərdə xüsusi bir görməli yer olmasa da şəhərin hüzurverici ruhunu çox sevdim. Əsl yaşamalı sakit bir şəhərdir. Adının mənası da sevgi sözündən gələn bu şəhərdə rusca danışsaz sizi rahat başa düşəcəklər, çünki onların özlərinin də kökü Slavyanlara gedib çıxır Amma ölkəyə əsas gəliş məqsədimiz Lyublyananı görməkdən çox, Avropanın ən gözəl dağ göllərindən biri olan Bledi kəşf etmək idi. Paytaxtdan bura yol avtobusla cəmi 50 dəqiqədir. Bileti elə əsas avtovağzaldan 2.1 avroya ala bilərsiniz, getməzdən qabaq baxdığımız bütün vloqlarda, oxuduğumuz bütün bloqlarda qiyməti 7€ qeyd etmişdilər. Özümüz də lap məəttəl qalmışdıq, kassirdən, sürücüdən 4-5 dəfə “avtobusun dəqiq Bledə gedib getməməsini” soruşurduq, axırda beyinləri çönüb 7€ avromuzu alacaqdılar ki, dedik ki, yaxşı-yaxşı, yəqin endirimə düşmüşük, mindik avtobusumuza. Ölkənin dörd bir yanının meşəylə örtülməsini yol boyunca aydın şəkildə görmək olur Bled gölünü isə belə məşhur edən gölün tən ortasında kiçik bir adanın yerləşməsidir. Mərkəzində kilsə yerləşən bu yer maraqlıdır ki, Sloveniya ərazisindəki tək adadır. 15 avronuzdan keçərək bu adaya qayıqla da gedə bilərsiniz. Gölün ətrafı dağlar və məşhur Bled qalası ilə əhatələnmişdir. Qalaya giriş 13€, hələ tələbəsizsə 8.5€. Yox şir ürəyi yeyib adaya qayığı özüm sürəcəm deyirsizsə, 20-25 avronuzdan keçməlisiz. Bura gəlmişkən Sloveniyanın ən məşhur şirniyyatı Kremna rezina’nın da dadına baxmağı tövsiyə edirəm Bir də Sloveniyada ən çox getmək istədiyimiz yerlərdən biri həmyerlimiz Mixaylonun qəbrinin və döyüşdüyü son yer- Çepovan kəndi idi. Təəssüf ki, maşınsız gəldiyimizə görə ora getmək alınmadı, amma siz nə vaxtsa bura gəlsəz getmənizi tövsiyə edərdim. Sloveniyalılar, əsasən də orta və yaşlılar Mixaylonu tanıyır və onun qəhrəmanlığına görə Azərbaycanı da sevirlər Bütün bu yazdıqlarım orda 2 gündə başımıza gələnlərin çox kiçik bir hissəsidir. Bütöv macəranı izləmək istəyirsizsə, rəyə əlavə edəcəyim Sloveniyadan olan ilk vloguma baxa bilərsiniz Türk və ingiliscə altyazılı da izləyə bilərsiniz. Keyfiyyət olaraq 720p-də izləməyi unutmayın:https://youtu.be/vw1OyluR_WkXoş seyirlər ????Həmişə səfərlərdə!Hörmətlə,#yoladami#Bled #Ljubljana #SloveniaƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Mayıl Mammadli

1282 dəfə oxunub

Şarm əş-Şeyx bələdçisi - Hər şey daxil 127 $

Şarm əş-Şeyx, Misir. Hər şey daxil 127 $. May ayının sonundan Ukraynada idim. Vaxtı səmərəli dəyərləndirmək məqsədilə Misirə 1 həftəlik istirahət üçün araşdırma aparmağa başladım. Nəticə gözlənilməz oldu. Şarm əş-Şeyxə (bundan sonra “Şarm”) ən sərfəli təklif edən şirkətlər qaldığım bina ilə üzbəüz yerləşirmiş. Kiyevdən Şarma 1 həftəlik hər şey daxil tur-paketi cəmi 127 dollara aldım. Paketə (yəni 127 dollara) aşağıdakılar daxil idi. Səyahət sığortası. SkyUp Airlines ilə birbaşa çarter reyslər. 23+10 kq baqaj. Həm ingilis (Kərim), həm də rus dilli (Viktoriya) tur rəhbərləri. Transferlər, aeroport-otel-aeroport. 4* otel Sharm Holiday Resort (otelə söz ola bilməz) AI qidalanma. Səhər saat 07.00-dan gecə 23.00-a qədər (gündə üç dəfə) qidalanma. Gün boyu limitsiz içkilər. Hər gün səhər saat 08.00-dan 17.00-a qədər (hər yarım saatda bir) müxtəlif çimərliklərə rahat avtobuslarla gedib-gəlmək. Otel daxilində akvapark, böyük hovuzlar, stolüstü və böyük tennis, voleybol, futbol, hovuzlar və s. müxtəlif əyləncələr. Uşaqlar üçün müxtəlif əyləncələr (çox maraqlı olur) və xüsusi müəllim. Viza. Misir Azərbaycan vətəndaşlarından viza tələb edir və rüsumu 25 dollardır. Sadəcə Şarma gedirsinizsə (Sinay yarımadasına) və geri dönüş biletiniz varsa viza lazım deyil. Yox mütləq Qahirə, Luksor, İskəndəriyyə, Asuanı görməliyəm deyirsinizsə əvvəlcədən viza alın. Mən vizanı Şarm havalimanında cəmi bir neçə saniyəyə aldım. PCR Test.Kiyevdə test qiymətləri 700 uah ətrafındadır, Getməzdən bir gün əvvəl neqativ PCR test cavabı hazır olmalıdır. Şarmda oteldə test 45 dollardır. Ucuz variant isə Sharm El Sheikh International Hospital-dır, 31 dollar. Otel. Mütləq şəkildə 4* və ya 5* otel seçin. Yoxsa əsl Şarmı hiss edə bilməyəcəksiniz.Mobil nömrə. Demək olar ki, bütün otellərdə wifi zəifdir. Havalimanının çıxışında bütün mobil operatorların təmsilçiləri var. Ən yaxşısı qiyməti 12 dollar olan Vodafone Egypt nömrədir. Xeyli danışıq dəqiqəsi və 10 gb internet olur. İkinci yaxşı Orange-dir. Təxminən Vodafone ilə eynidir.Misirdə “whatsapp call” işləməyə bilər. Face app, viber, messenger və s. mobil tətbiqlər işləyir. Özümüzlə mütləq götürməliyik.Krem. Əgər günəşdə yanıb, qap-qara olmaq istəmirsinizsə mütləq.Power bank. Çoxlu çəkiliş edəcəksinizsə mütləq.ABŞ dolları. Mümkündürsə çoxlu 5, 10 dollar, hətta 1 dollar belə asanlıqla istifadə edilir.Baş örtüsü. Çox köməyi olur, adam istidən bezmir. Mən sonradan aldım. Birinci gün hamı mənimlə rusca danışırdı. İkinci gün isə artıq ərəbcə danışmağa başladılar, qap-qara olmuşdum. Şarm haqqında.Bir vaxtlar kiçik bir bədəvi qəsəbəsi olan Şarm səksəninci illərdən sonra qoyulan turizm investisiyaları ilə sürətlə inkişaf etdi və dünya səviyyəli istirahət seçimləri təklif edən tətil mərkəzinə çevrildi. Qırmızı dənizin təmiz suları, mərcan rifləri və zəngin sualtı həyatı buranı hər keçən gün daha da cazibədar edir. Asiya və Afrikanı birləşdirən Sinay yarımadasının cənubunda yerləşən Şarm "şeyx körfəzi" mənasını verir və ərəbcə "Şarm-əş-şeyx" olaraq oxunur. Bir tərəfdə əzəmətli Sinay dağ silsiləsi və sinay səhrası, digər tərəfdən rəsm əsəri kimi sahili ilə qonaqlarına unudulmaz bir tətil vəd edir. Şarm, magistral yol boyunca düzülmüş 4 fərqli bölgəyə yayılmış şəhərdir. Nabq körfəzi, Naama körfəzi, Hadaba (ras um sidd) və Sharm old town. Naama körfəzi, şəhərin əsas mərkəzi deyə biləcəyimiz bir yerdir. 1983-cü ildə Misir Sinay yarımadasını İsraildən geri aldıqda, Naama körfəzində yaşayış yeri yox idi. İndi isə restoranları, məşhur otelləri, fast food şəbəkələri, və s. ilə çox rəngli və canlı yerdir.Təxminən 1 km uzunluğundakı çimərliyi ilə dəniz, qum və günəş sevənləri cəlb edən yerdir. Ticarət əsasən Naama sahilindədir. Geyim mağazalarından əlavə, zərgərlik mağazalarının müxtəlifliyi və sıxlığı ilə də diqqət çəkir. Şarmda maraqlı nələr etmək olar?Əvvəlcədən deyim ki, Şarma gedirsinizsə Qahirə, Luksor, İsgəndəriyyə kimi yerlərə getməyi planlamayın. Şarmı tam anlamıyla hiss etmək üçün azı 15 gün lazımdır.Çimərliklər.Ən birinci əlbəttə ki, çimərliklər. Əgər zəif üzürsünüzsə “Naama Bay” sizin üçün ideal seçimdir. Qum, təmizlik, xidmət yüksək səviyyədədir.Üzməyə professional yanaşanlar üçün "Fanar Beach" əvəzedilməzdir. Birbaşa 5-10 metr dərinlikdə mərcanların içində gözyaşı kimi tər-təmiz suda üzmək və müxtəlif rəngli canlıları izləmək heç nə ilə əvəz edilə bilməz. Mənim yanıma özümdən böyük tusbağa da gəlmişdi, biraz birlikdə üzdük və getdi. Saat 17.00-dan sonra çimərliklər bağlanır. Tiran adası və Ras Muhamməd Milli Parkı arasında edəcəyiniz dayvinq turu unudulmaz olacaq. Qırmızı dənizin dünyada tayı-bərabəri olmayan sualtı mənzərələrini və canlı aləmini izləyəcək, istədiyiniz qədər müxtəlif balıqları görəcəksiniz. Nəzərə alın ki, dünyada 10 ən yaxşı dayvinq mərkəzindən 3-ü Misirdədir. Tarix və fərqli mədəniyyətlər ilə maraqlananlar.Bədəvilərin yaşayış tərzləri, dəvələrlə gəzinti, çox qədim tarixi yerlər sizə unudulmaz təcrübə yaşadacaq. Kvadrosikl sürmək üçün çox gözəl yerlər və hazır turlar var.Yemək.Qaldığım oteldə yemək və içki çeşidləri olduqca bol idi. Yeməkləri həm çox qidalı, həm də dadlı idi. Xüsusilə dəniz məhsulları, meyvələri, tərəvəzləri və təbii şirələri çox dadlı idi. Veqan və vegeterianlar üçün demək olar ki, cənnət idi. Hər yeməkdə müxtəlif növ bişmiş və yeni tərəvəzlər və meyvələr olur. Şirniyyatları o qədər də yaxşı deyil. Əsl Misir şirniyyatının dadını bilmək istəsəniz Genena Mall-ın girişindəki Tseppas-a baş çəkin. Buradakı dadları ancaq Türkiyənin Antep və Mersin tərəflərində görəbilərsiniz. Ət yeməkləri bərk olur, tam bişirmirlər. Həm dəniz məhsullarınını, həm toyuq ətini, həm də mal ətini bərk və bol ədviyyatlı edirlər. Valyuta. Ölkədə Misir funtu (EGP) istifadə edilir, ancaq dollar hər yerdə işləyir. Siz bir şey alanda dollarla ödəniş edin, qalığı funtla qaytaracaqlar. Turistlər.Hazırda Şarmda turistlərin 90 faizi ukraynalılardır. İkinci yerdə Qahirə və digər şəhərlərdən gələn varlı yerlilər, çox az sayda avropa və orta asiyalılar var. Danşıq dili.Şarm havalimanında otellərdə, marketlərdə, ticarət mərkəzlərində hamı rus dilini başa düşür və danışır. Hər yerdə yazılar, menyular və s. hətta mərkəzdə yerləşən polis bölməsinin adı da rusca yazılıb. Ərəblərin rusca danışmağı hindistanlıların ingiliscə danışmağı kimi bir şeydr. Adamlar Palm Hotel-ə “bal utel” deyirlər ))Rus dili bilməyənlər narahat olmasınlar, ingilis dilini də hamı lazım olan qədər bilir. Hədiyyə.Ən yaxşı hədiyyələr: Misir xurması, maqnetlər, müxtəlif çaylar (daha doğrusu çaya əlavələr), ədviyyatlar, ətir və ərəb qızılı (gömrükdə tanış yoxdursa almayın). Bənzərliklər. Hər yerdə qara qarğalar və milçəklər var ))Əksər dükanlarda və taksilərdə yüksək səslə Qurana qulaq asırlar, ancaq dindar deyillər. Təmizlik, xidmət, keyfiyyət.Şarmda həm otellər, həm dəniz həm də bütün iaşə obyektləri tər-təmizdir. Xidmət yüksək səviyyədədir. Hər keçən il keyfiyyətdə irəlləyişlər baş verir. Hələlik bu qədər.#uçmaqüçündoğulanlar #GYD21 #luxor #travelbloggerlifestyle #KBP #ukraine #travelling #skyup #Egypt #sharmelsheikh #sharmholidays #tuifly #joinup #anextour #cairoegyptƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Elşən İsmayılov

5254 dəfə oxunub

Berlin, Paris, Budapeşt - Avropa Bələdçisi

Salam dostlar.Bu marşturumuz 3 Avropa şəhəri - Berlin, Paris, Budapeşt idi.Istəyirəm Paris haqqında təəssüratlarımı sizinlə bölüşüm.1. İlk öncə onu demək istərdimki Parisə gedən əksər tanışlarımdan “çox çirkli şəhərdir” cümləsini eşitmişdim, amma yalnış olduğunu gördüm. Gəzdiyim bütün yerlər tər-təmiz idi. Bəlkə də high turizm sezonu vaxtında çirkli olur, deyə bilmərəm, amma mən çox təmiz gördüm şəhəri.2. ⁠Şəhər insanı özünə heyran edir, arxitekturası çox gözəldir. Sanki şəhəri eyni menar işləyib və ya eyni rəssam çəkib. Möhtəşəm hisslərlə ayrıldıq şəhərdən.3. ⁠Bahlı şəhərdir bəli, amma digər Avropa şəhərləri ilə müqaisədə o qədər də baha deyil. Münasib qiymətə dadlı restoran, dadlı şirniyyatlar yeyəcəyiniz kafelər tapa bilərsiniz. Bu şəhərdə xərclədiyimiz hər qəpiyə artıqlaması ilə dəyir(“Champs-Elysees”ə yaxın bir yerdə çox ləzzətli ördək əti və soğan supu dadacağınız münasib qiymətli restoran adı bölüşmək istərdim sizinlə -“Paris Follie’s”.4. ⁠Çalışın vaxtınız varsa ictimai nəqliyyatdan az istifadə edin və şəhərin görməli yerlərini ayaqla qarış-qarış gəzin. İnsan həqiqətən də zövq alır. Çox önəmli nüans isə Səyahətə kiminlə çıxmağınızdı. Sonuncu dəfə Romaya dostlarla gedəndən sonra “bundan sonra həyat yoldaşımdan başqa heç kəslə Biləcəridən o terəfə gedən deyiləm” qərarı ən doğru qərarım olub. Hərkəsə bol səyahət arzu edirəm. Sizə məsləhətim bu gözəl şəhərdə siz də olmamısınızsa mütləq gedin.Hələlik!Paylaşan Aysel Quliyeva

129 dəfə oxunub

İzmir Bələdçisi

Salam, əziz gəzəyənlər. Qurban bayramı ərəfəsində İzmirə kiçik səyahətim oldu. Bu müddətdə şəxsi maşından istifadə etməmişəm. İzmir hava limanından izbanla şəhərə gəldim. Metro üçün izmirimkart lazımdır. Mən, səhv etmirəmsə, karta 140 tl verdim. İzban istifadə edərkən düşəcəyiniz yerdə çıxışda gedişinizə uyğun pulun qalanını almağa narıncı aparat var. Vurmağı unutmayın. Mən açığı qız dostumun yanında qaldığımdan izmirdə otel məsləhəti verə bilməyəcəm. İlk gün bir az qaldığımız yerdə dincələndən sonra axşama doğru Alsancak, Konak tərəfə getdik. Bir az gəzəndən sonra Columbia coffeedə oturduq. Şirniyyatlar dadlı idi. İşçilər də mehriban idi. Sabahısı günü Alaçatıya yola düşdük. Alaçatıya İzmir otoqarından çeşmeturizm avtobusuna bilet alaraq getdik. Biristiqamətli bilet qiyməti 270 tl idi. Alaçatı mərkəzində olan Sardunya hoteldə qaldıq. İki nəfər üçün 65 avro ödədik. Məncə, Alaçatı standartları üçün qiymət yaxşı idi, xüsusən də lyuks gözləntiniz yoxdursa. Ətrafında isə uyğun qiymətə yemək, şirniyyat, kofe yerləri vardı. Otelin yanından Ilıca plyajına dolmuş gedir. Bir adam üçün səhv etmirəmsə, 40 tl verdik Ilıcaya getməyə. Ilıca plyajında adamı 200 tlə şezlong götürdük. Dəniz gəldikdə qumlu, ilıq idi. Amma dənizdə plastiklər görmək məni üzdü açıqcası. Hətta üzərkən əlimə belə keçdiyi oldu. Alaçatıda 2 gün qalıb, gecə saatları İzmirə qayıtdıq. Alaçatıdan gecəyarısına qədər şəhərə qayıdan avtobuslar gəlir. Sabahısı isə avtobusla Karaburuna getdik. Avtobuslar (karaburun turizm adlı şirkətə aiddir) İstinyePark AVM tərəfdən 200 tlə aparır. Biz daha çox sakitliyi sevdiyimizdən Karaburunu daha çox sevdik. Dənizi Ilıcadan daha soyuq və daşlı olsa da, qat-qat təmiz və şəffaf idi. Mən oraya dalış etməyə getmişdim. Dalış üçün Octopus İzmir dalış mərkəzini istifadə etdim. Yoxlama dalışı 3000 tl idi və dalışdan sonra müəssisədə şezlonqlarda dincəlmək, məkandan istifadə etmək pulsuz idi. Karaburun balaca yerdir, amma Alaçatı kimi səsli yerdən uzaqlaşıb sırf passiv və sakit tətil etmək istəyirsinizsə, sizə uyğun olacaq. Sadəcə dalışçün oranı nəzərdə tutduğumdan qalmağa yer tutmamışdıq, amma sonda kaş qalardıq dedik. Dalışdan sonra sahildəki restoranların birində oturduq. 1200 tlə 2 çupra, salat, 2 içki təklif edirdilər. Karaburundan şəhərə avtobuslar ən geci 20.00dan çıxır və tez dolur. Əvvəldən rezerv edin mütləq.Ümumi vaxt keçirib bəyəndiyimiz məkanlar bunlardır:Boho Social Pub- məkanın açıq hava terrası və qapalı hissəsi var. İçkilərini sevdik. Qız qıza gecəyə qədər otura biləcəyiniz yerdir. Biz gedəndə uşaqla gələn ailə də vardı. Saatlara görə endirimli menyuları da var.Alaçatı Alaköy pastanesi- bura doğum günüm üçün getmişdik. Doğum günüm olduğunu biləndə şam, hədiyyə peçenye verdilər. Fərqli çayları var. Biz tropikal çay, çiyələkli julet tort, profiterol və antep fıstıqlı kazandibi götürdük. Mən normalda kremli tortları həvəslə yeməsəm də, çiyələkli tortu çox bəyəndim. Utanmasam, kremə nə qatmısınız soruşacaqdım Esma Cafe Craft Alaçatı- istidən sərinləmək üçün məkan axtaranda təsadüfən qabağımıza çıxdı. Məkanı işlədən bəy çox incə biri idi, mən hətta bir az Vedat Milora bənzətdim. Kafedə demək olar, hər şeyin bir hekayəsi var. Kafenin adı isə əziyyətlə təkbaşına uşaq böyütmüş, çox sevdiyi qaynanasının adından gəlirmiş. Çeşme kahve-burada geriqayıtmamışdan öncə oturmuşduq. Qaldığımız otelin küçəsində idi. Qiymətləri götürdüyünüz şeydən asılı olaraq, Bakı və Bakıdan aşağı səviyyədə idi.Bir də bizim qaldığımız otelin küçəsində dadlı dondurmalar var idi. Məkan adı kimi təəssüf ki, yadımda qalmayıb. Bir topun qiyməti max 60 tl idi və dadlı idi həqiqətən. Biz antep fıstıqlı dondurma aldıq, yediyim ən yaxşı fıstıqlı dondurma ola bilər, içində bütöv fıstıqlar vardı.

46 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!