1489 dəfə oxunub

Almanın vətəni kimi tanınan Almatı şəhərində 10 gün

Almatıdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.
Almatı Rusiyanın Ural və Sibir şəhərlərini xatırladır. Orta Asiya atmosferi yoxdur.
Şəhərdə diqqət çəkən ilk detallar yaşıllıq, son dərəcə yaxşı planlaşdırılmış rayonlaşdırma və geniş küçələr oldu.
Almatı lap yaxınlığında yerləşən yüksək dağları, gölləri və Milli Parkları ilə məşhurdur.
Şəhərdə çoxlu böyük parklar var, burada sizə dələlər yaxınlaşıb yemək istəyə bilərlər və bu çox maraqlıdır.
Əvvəlcədən deyim ki, “Qazaxıstan varlı neft ölkəsidir” cümləsi tamamilə yanlışdır. Bizdən daha geridəqalmış ölkədir və daha kasıbdırlar.
Bakıdan Almatıya birbaşa və rahat uçmaq üçün ikitərəfli aviabiletləri AZAL - Azerbaijan Airlines ilə 550 manatdan başlayan qiymətlərlə almaq mümükündür. Bu qiymətə 23 və 10 kq baqaj daxildir.
Təxminən 3 saat 20 dəqiqə baş tutan səyahətdən sonra keçmiş SSRİ-ni xatırladan Международный аэропорт Алматы/Almaty international airport international airport havalimanına gəldik. Havalimanı o qədər geridəqalmış vəziyyətdədir ki, bizim Quba avtovağzalımız daha müasirdir.
Daha bir mənfi tərəf internetə qoşulmaq üçün mütləq mobil nömrəyə sms gəlməli və təsdiqlənməlidir. Yaxşı ki, əvvəlcədən Airalo almışdım.
Mobil nömrə:
Rouminq və ya nömrə almağa qətiyyən ehtiyac yoxdur. Airalo adlı mobil internet tətbiqini telfonuma yüklədim, çox rahatdır. Siz də istifadə etmək istəsəniz bu kodu istifadə edərək 3$ endirim ala bilərsiniz: ELSHAN0081. Qiymətləri də normaldır:
1 GB-4.50 USD
2 GB-8 USD
3 GB-10 USD
5 GB-14.50 USD
10 GB-24 USD
20 GB 33 USD
Taksi:
Havalimanından çıxan kimi taksilər gözləyir. Qiymətləri təxminən bizdəki kimidi. Taksidən rahat istifadə etmək üçün Bakıda Яндекс mobil tətbiqini telfonuma yüklədim və kart ilə ödənişi seçdim, oraya saxlamaq olmaz, ona görə ki, təsdiq üçün sms gəlməyəcək.
Valyuta: Tenge. 1 manat 274 tengeyə bərabrdir. Hər yerdə terminal var, ehtiyat nağd pul aparsam da çox istifadə etmədim.
Yerli əhali:
Hamı rus dilinində ana dili kimi danışır. Qazax dilində danışan çox azdır, demək olar ki, hamı makyajsız-əməliyyatsızdır. Əhalinin əsas hissəsi müsəlman və xristianlar olsa da dindar deyillər. Küçədə dindarları görmək mümkün deyil. Əhalinin əsas hissəsi qazax, rus, tatar, özbək və qırğızlardır.
Milli ruh, türkçülük, mentalitet, yaxşı oğlan və bu kimi anlayışlar demək olar ki, yoxdur. Saqqal saxlayan görmək mümkün deyil.
Tarix, memarlıq.
Şəhərdə rusların gəlişindən sonra tikilən birneçə sadə kilsədən başqa tarixi abidə yoxdur. Tamamilə sovet arxitekturası və az sayda yeni tikililər var. Reklamı güclü olan Almatı məscidi isə tamamilə mənasız üslubda tikilib, maraqlı deyil. Uzaqdan baxanda katolik kilsəsini xatırladır.
Avtomobillərin əksəriyyəti Koreya, Yaponiya və Çin istehsalıdır, Avropa avtomobilləri azdır, prius yoxdur, polislər çox azdır, velosiped sürənlər demək olar ki, yoxdur. Piyada, velosiped və elektrik skuterlər üçün şərait əladır. Xeyli sayda skuter sürənlər var.
Metro satansiyaları azdır, ancaq mərkəzi hissəni əhatə edir.
Ev, Hotel: Şəhərdə həm hotel, həm də ev qiymətləri normaldır. Ən yaxşı seçim “Almalı” metrosu ətrfıdır. Mən də bu ərazidə Grand Opera Hotel-i seçdim. Hoteldə iki nəfərlik otağın bir gecəlik qiyməti 42 avrodur.
Almatı bahalı şəhərdirmi?
Qiymətlər bizdəki kimi və biraz ucuzdur.
❄️ Səyahət üçün ən yaxşı vaxt.
Qış (xizək və s.) turizmi üçün şəhərə səyahət etmək istəyirsinizsə, getməli olduğunuz tarix dekabrdır. Bu dövrdə Almatı ətrafındakı bütün dağlar ağ örtüklə örtülü oacaq. Çox əyləncəli xizək partiləri də keçirilir. Havanın mülayim olduğu vaxtlar sentyabr-oktyabr və may-iyun aylarıdır. Aprel ayı şəhərə ən çox yağış yağan aydır.
Almatı təhlükəsizdirmi?
Almatı Avropa şəhərləri kimi deyil, tam təhlükəsizdir.
Turistlər. Sadəcə rusları və qonşu ölkələrdən gələnləri görmək mümkündür, o da çox az sayda. Turist o qədər azdır ki, mərkəzdə maqnit, suvenir satan dükanlar yoxdur.
Yemək.
Qazaxlar içməkdə ruslardan geri qalmırlar, ancaq yeməklərinin dadı gözlənilən səviyyədə deyil.
Hər yerdə Çin, Koreya və yapon fast food-ları və restoranları var.
Əsas milli yemək “Beşbarmaq” at ətindən hazırlanır, deyildiyi qədər dadlı deyil. Əl ilə yeyildiyi üçün beşbarmaq adlandırılan yemək ölkənin ən məşhur yeməyidir. İri əriştələrin qaynadılmış quzu əti və soğanla qarışdırıldığı yeməkdir.
At əti kolbasası. Bu əsl qazax yeməyidir və çox dadlı olur. Hədiyyə kimi alıb gətirmək üçün əladır.
Baursak duzlu və mayalı xəmirdən ibarətdir və qızardılır, dadlıdır.
Qımız, yəni at südü və ayranı dadlı olur. Restoranlarda kompliment kimi təqdim olunur.
Plov, Özbəkistanda olanlar daha dadlıdır. Qazaxlar bu işi bilmirlər.
Kababları bizim kababların tozuna da çatmaz. Rusiya və Ukraynadakı şaşlık kimi edirlər.
Kuurdak, qaraciyər, böyrək və s. kimi heyvanların qovrulmuş daxili orqanlarından hazırlanır. Soğanla süfrəyə verilən yemək çox dadlıdır.
Ənənəvi qazax çörəyi kimi tanınan şelpek hər yeməkdə istifadə edilir. Yumşaq xəmirin yağda qızardılması ilə hazırlananır. Dadlıdır.
Qurud. Qazaxıstanda duzlu qəlyanaltı kimi tanınan qurud yeməkdən əvvəl yeyilir. Küçələrədə hər yerdə rəngli, fərqli qurud növləri satılır.
Şəhərin görməli yerləri.
1. Panfilov parkı və “Zhibek Zholy” küçəsi.
Burada çoxlu qazax, çin, rus və türk mağazaları və restoranları var. Guya ki, buranın Tarqovısıdır, ancaq Bakı ilə müqayisədə çox geridə qalıb. Maksimum Sumqayıt ola bilər.
2. Şımbulak.
Qışda Almatıya səfər edirsinizsə və ağlınıza ilk gələn ünvan Şımbulak olmalıdır. Qazaxıstanda qış idman növləri üçün ən yaxşı və ən məşhur yer olan Şımbulak həm də Orta Asiyanın ən böyük və ən müasir xizək mərkəzidir. Bura bütün səviyyələrdə xizəkçilər və snoubordçular üçün bir çox imkanlar, müxtəlif pistlər təklif edən mərkəzdir. Dağlar kifayət qədər yüksək olduğundan xizək üçün çox yaxşıdır.
Almatıda qış idman mövsümü adətən noyabrın sonu dekabrın əvvəlində başlayır. Mövsümün və qarın yağmasından asılı olaraq martın sonuna kimi davam edir. Xizək mərkəzindən kanat yolları ilə zirvəyə çıxa bilərsiniz. Ətrafda kafe və restoranlar var. Qar kostyumları və xizək avadanlıqlarını icarəyə götürmək mümkündür.
3. Medeo.
Şəhərdən bir qədər kənarda meşəlik dağ vadisində yerləşən Medeo dünyanın ən hündür Olimpiya xizək meydançasıdır. Dəniz səviyyəsindən 1691 metr yüksəklikdə yerləşir.
4. Kok Tobe.
Abay metrostansiyası yaxınlığında yerləşən, 1100 metr hündürlükdə olan və Almatı şəhərinin ən hündür nöqtəsi olan Kok Tobe zirvəsi şəhərin panoramik mənzərəsini izləmək üçün gedə biləcəyimiz yerdir. Təpədə mənzərə ilə yanaşı, şəhərin demək olar ki, hər nöqtəsindən görünən televiziya qülləsi, Mavi Təpə adlı kiçik əyləncə parkı və müxtəlif abidələr var. Şəhərdən kanat yolu ilə Kok-tobe-yə getmək maraqlıdır. Bu həm xoş səyahət, həm də ətraf dağların mənzərəsini görmək üçün yaxşı seçim olacaq. Burada qartalla və milli türk geyimləri ilə şəkil çəkdirmək, müxtəlif suvenirlər almaq olar.
5. İle-Alatau Milli Parkı.
Almatıdan cənubda yerləşən təbii cənnətdir. 1966-cı ildə əsası qoyulan parkda 300 müxtəlif növ vəhşi heyvan və nəsli kəsilməkdə olan qar bəbiri yaşayır. Milli Parkda sizi meşələrdən və dağ çəmənliklərindən keçərək gözəl şəlalələrə, buzlaqlara və göllərə aparacaq çoxlu cığırlar var.
Trekkinq etmək üçün əladır. Medeu və Orta Asiyanın ən yaxşı xizək kurortu olan Şımbulak kimi zirvələr Milli Parkının kənarında yerləşir. Hər ikisi noyabrdan mart ayına qədər açıqdır və yerli qış idmanı həvəskarları üçün çox məşhur yerlərdir.
Birneçə günlük gəzinti planlaşdırırsınızsa, Milli Parkda düşərgəyə icazə verilir.
6. Almatı Nəbatat bağı.
Alatau dağlarının kölgəsində yerləşən möhtəşəm bağ “wallpaper” mənzərəsi ilə görənləri valeh edir.
Parkın ən gözəl yeri körpü ilə keçə biləcəyimiz Yapon bağıdır.Bura dünyanın müxtəlif bölgələrindən çoxlu ağac və bitkilər gətirilib. Kaktus və tropik bitkilərin istixanası da var.
7. Dolphinarium Nemo.
Central Parkda yerləşən Dolphinarium Nemo uşaqlar üçün çox maraqlı olacaq. Delfinlər, suitilər, dəniz şirləri kimi dəniz heyvanlarının çıxışları maraqlı olur.
Gündə üç dəfə keçirilən şou proqramından əlavə, ziyarətçilər delfinlərin olduğu hovuza girib şəkil çəkdirə bilərlər.
8. Kök Bazar (Yaşıl Bazar). Şəhərin simvollarından biri olsa da tamamilə mənasız reklam olunan yerdir. Bizim 8-ci kilomertr (vasmoy) bazarı daha gözəldir.
Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Elşən İsmayılov

DİGƏR BLOQLAR

Paris Bələdçisi

SalamlarParis haqqında çox sayda post oxumusunuz, amma bu dəfə mənim növbəmdir. Biz 3 günlük getmişdik. Airbn-dən rahat bir ev tutduq. Bir az uzaq idi, amma qiymət baxımından çox sərfəli oldu (şəhərdən təxminən 30-40 dəq. məsafədə). 3 gecə üçün 366 EUR ödədik. Ümumiyyətlə, mənfi rəyləri anlamadım, şəhər çox gözəl və zəngin tarixi ilə əzəmətliydi. Hər küçə özünəməxsus maraqlı və gözəl idi. Məncə, Paris üçün min 5 gün ayrılmalıdır. Biz yanvarın ilk günlərində -2 dərəcə soyuqda belə, çox əyləndik. Kafe və restoranlar: İlk gün səhər bir kafedə menyuya baxmadan cappuccinoya 15 EUR ödədikAmma ümumiyyətlə, əksər yerlərdə qiymətlər normal idi. Məsələn, sadə bir krep 4 EUR-dan 9 EUR-a qədər dəyişirdi, soğan supu isə 6 EUR ilə 16 EUR arasında idi. Nəqliyyat: Metro və avtobuslardan istifadə etdik, hər səyahət 2,5 EUR idi. Bizim üçün ən uyğun seçim bu idi, amma digər alternativlər də mövcuddur, məsələn, bir günlük və ya həftəlik kartlar. Mən bundan öncəki səyahətlərimdə hər yeri görmək üçün çox qaçırdım, amma son iki turda anın dadını çıxararaq yavaş-yavaş istirahət edirem. Yəni, günlük karta ehtiyac qalmır Gün ərzində max 3 yer və axşam şəhər mərkəzindəki kafelərdən birinə oturub, yerlilərə qoşuluram. Eiffel Qülləsinin ən üst mərtəbəsi bağlı olduğu üçün ora çıxa bilmədim. İkinci mərtəbəyə bilet qiyməti 22,5 EUR idi və yanlış xatırlamıramsa, fevralın sonuna qədər ən üst mərtəbə bağlı olacaq. Rəssamlar təpəsi isə məncə mütləq siyahıya əlavə olunmalıdır.Merci d'avoir lu.

267 dəfə oxunub

Kopenhagen Səfəri

Salamlar. Sizə nədən deyim, nədən danışım - Kopenhagendən. Getməzdən əvvəl qrupdan bir neçə məlumat tapa bildim. Dedim mən də öz təcrübələrimi paylaşım.Şəhərdə ilk diqqətimi çəkən insanda sakit, xoş təəssürat yaradan kiçik (sadə dillə desək "cozy") kafelər oldu. Hər biri pəncərə stilindən, bəzəyindən, yüngül aydınlatmasına qədər elə xoş görünür ki, adam özünü uşaq vaxtı baxdığımız rus nağıllarındakı kimi hiss edir.Demək olar ki, hər gün yağış yağdı, amma çox da güclü olmadığından gəzmək olurdu. Küləkli şəhər olduğundan külək və yağışın təsirindən soyuq adamın iliklərində hiss olunur.Hava tam aydınlanmır, saat 3də isə artıq qaranlıq olur.Olduqca bahalı ölkədi (transport 3-4 euro, kofe 5-7 euro, kruasan 5 euro, ən ucuz maqnit 5 euro və s.) Keçən yay İsveçrədə gördüyüm qiymətlər belə Danimarka ilə müqayisədə ucuz qaldı. Pul vahidi krondur.Christmas ab-havasını bu şəhərdə ancaq Tivoli bağlarında hiss etdim. Şəhərdə christmas marketlər çoxdu, amma çox kiçik və maraqsızdılar. Tivoli isə çox maraqlı idi. Tivolinin bileti sadəcə giriş və giriş+attraksionlar olmaqla 2 formada satılır. Mən birinciyə üstünlük verdim. Əvvəlcədən saytı yoxlayın və proqramla tanış olun. Proqramını bəyəndiyiniz günə uyğun olaraq giriş biletinizi alın. Adətən bu proqramlar biletə daxil olur. Attraksionların qiymətini bilmirəm, amma santa claus ilə şəkil çəkdirmək 20 manatdı)).Ən məşhur səmti Nyhavn-dır. Gəzməli, görməli yerlər arasında Amelienborg palace, Rosenborg castle, Christiansborg palace, National museum, Round tower, The little mermaid (olduqca balacadı) və s. var.Şəhərdə ən bəyəndiyim kilsə "Church of Our Saviour" oldu. Kilsə zəngləri ilə "Merry Christmas" oxuya bilir (videosu var).Krallığın sarayı olan Amelienborg sarayının önündəki növbə hər gün gündüz saat 12-də dəyişir. Görmək üçün 12-nin yarısı sarayın qarşısında olmağı tövsiyə edirəm. Əks halda sıxlıqdan heç nə görmək mümkün olmur.Şəhərdə ən məşhur "bakery" Buka-dır və o da əlbəttə çox bahadı. Dad baxımından digərləri ilə eynidi mənə görə.1 günlüyünə İsveçin Malmö və Lund şəhərlərinə getdim. Kiçik şəhərlər olsalar da, getməyə dəyərdi. Çox yaxın olsalar da, Danimarkadan fərqli və xeyli ucuz idi. Oresund körpüsündə olmaq nəyə desəz dəyər). Körpünü görmək istəyirsinizsə qatara yox, flixbusa bilet alın və mümkünsə yer seçimi edib ən öndə oturun. Ümumilikdə isə məncə Skandinaviya christmas ərəfəsində heç də yaxşı seçim deyil. Soyuq xarakterli millət ilə soyuq hava birləşəndə bayram coşqusu heç yerdə hiss olunmur:)Paylaşan: Ulviyye Gozelova

281 dəfə oxunub

Balkanlar - Serbiya, Bosniya və Hersoqavina, Montenegro və Şimali Makedoniya

Axşamınız xeyir ???? uzun post olacaq amma o qədər sualımın qarşılığında hər şeyi bölüşmək istədim bəlkə kiməsə faydası olar. 10 günlük, 4 nəfər planlaşdırdığımız Balkan turumuza 1 nəfəri sərhəddən o tərəfdə qoyub çox məyus şəkildə başlasaq da şükür davamı çox yaxşı keçdi. 1həftəlik bir araşdırmadan sonra trayektoriyamızı çəkib Tiflisdən Pegasusla bilet aldıq və ilk istiqamət Belgrad oldu. "Kimdi bizi tanıyan" ana sloganlı səyahətimiz də elə Tiflis aeroportundan başladı ???? (P.S Balkanlara gedərkən mütləq çətir götürün çünki hava anidən dəyişə bilir hətta həyatımda ilk dolunu da Belgradda gördüm)1. Hava limanından şəhərin mərkəzinə getməkçün 150 dinar ödəməlisiniz (qətiyyən çeki çaşıb da atmayın) ilk başda şəhər olduğuna şübhənizin yaranacağı bu şəhər üçün gözləntinizi çox yüksək tutmasanız yaxşıdı. 1günə gəzib bitirilə bilinəcək bir şəhərdi. Heç bir əlavə transportdan istifadə etmədən bütün yerlərə getsək də nə hikmətdirsə bu şəhərdə saat donmuşdu sanki. Ən bəyəndiyimiz cəhəti Kalemagdandan Dunay mənzərəsi, Skardarlija küçəsi və möhtəşəm grafitilər. Qaldığımız yer mərkəzə yaxın idi və ev sahibləri çox mehriban və yardımsevər idilər. Check out time 11də olmasına baxmayaraq biletimizin axsama olduğunu öyrəndiklərində əlavə qala biləcəyimizi dedilər.???? Dinarın dəyəri çox aşağı olduğu üçün nə isə alarkən çətinlik çəkə bilərsiz hesablamaqda.2. Növbəti ölkə olaraq Bosniya&Hersoqavinanı şəhər olaraq isə Mostarı seçmişdik. Hec bir ölkəyə biletləri online almasanız yaxşıdı. Çünki avtobus stansiyasında hetta 10avro ucuza bilet tapa bilərsiz. Mostar kiçik də olsa çox çox gözəl şəhərdi. Mərkəzdən 20-30 dəqlik məsafədə olan Blagaj "cənnət" kimi yerdir 10, 11, 12 nömrəli avtobuslarla 1 avroya gedilir. Qalmaq üçün Mirror hostel seçmişdik (bus stationdan 5 dəqlik məsafədə idi). Sahibəsi Lətifə adlı çox şirin qadın idi. Onu da deyim ki, Hostel heç də düşünüldüyü kimi 20 nəfərin bir otaqda qaldığı yer deyil. Book edərkən "private bedroom and bathroom" seçsəniz tam təhlükəsiz gecələyə bilərsiz. 1günlük yer kimi düşünsək də görmədiyimiz yerlər oldu. Balkan ların ən məşhur yeməyi Cevapi bizim mini lülə kababa bənzəyir, yağlı çörək və garnirlərlə servis olunur. Pul vahidləri mark manatla eyni dəyərdədir, qiymətlər də demək olar ki, eynidir.3. Next station - Montenegro ???????? qalmaq üçün seçdiyimiz ən luks yer burda olsa da ən ilgisiz sahibləri də burda idi. Hətta ödəniş etmədən çıxıb getsəydik bəlkə də xəbərləri olmazdı. Kotora getmisinizsə mütləq qalaya qalxın 2000+ pilləkən olsa da. Yaxşı olar ki saat 8dən öncə qalxasız hava həm sərin olur qalxmaqda çətinlik çəkməzsiz həm də 8 avro ödəməyəcəkdiz???? (8den sonra görəvli orda olur 8avro alır) Qalxarkən yaxşı olar ki, su və ya yeməyə nəsə götürün əks halda təzyiqiniz düşərsə heç kəs də olmazsa çətin vəziyyətdə qala bilərsiz ???? (rəfiqəmin halı pisləşərkən özümü necə çarəsiz hiss etdiyimi ifadə edə bilmirəm☹️ yaxşı ki, tez panikaya düşən deyiləm durumu toparlaya bilməzdim). Budva Kotora nisbətən çimərliyi ilə daha məşhur olsa da məncə Kotor daha gözəldi və tam passiv istirahət yeridi. Budvada gəmi turu götürsəniz peşman olmazsız. Sveti Stefan adası və Perast da görülməyə dəyərdir. Avro istifadə olunduğu üçün bahalı ölkədir nisbətən. Kotorda sahil kənarında Tanjga adlı restoran var yeməkləri dadlı və böyük pors olur, digərlərinə nisbətdə də qiymətlər də normaldır.4. Last station - Makedoniya. Gözləntimizi ən aşağı tutduğumuz bu ölkəni necə bəyəndiksə heç getmək istəmirik. Kotorda Ohridə avtobuslar yalnız günaşırı olur gedərkən bunu nəzərə alın. Ohrid isti abu havaya malik, şirin bir yerdir. İngiliscə bilən az olsa da türkçə əksəriyyəti bilir. Paytaxt şəhər Skopjedə (Üsküp) də həmçinin ingiliscə bilən çox azdır. Slavyan dil qrupu olduğu üçün rusca bilirsizsə dərdinizi deyə bilərsiz. Kanyon Matkaya getmədən qayıtmayın. Avtobus çox gec gəlir yaxşı olar ki, taksi istifadə edəsiz. 3-4nəfərsizsə qiyməti də elə böyük fərq etmir (18-20avro yazır taksimetr) Yenə də avtobusla getmək İstəsəniz 60 nömrə gedir 150 Dinara (gediş-dönüş) Amma kart almalısız səhv etmirəmsə 50dinar idi o da. Skopjenin mərkəzi heykəllərlə və muzeylərlə doludur. Tarixi sevənlər üçün maraqlı seçim olar ????Ümid edirəm ki, yorulmadınız oxuyarkən????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gunel Yashar

2964 dəfə oxunub

Misir Bələdçisi

Salam, gəzəyənlər. Misirdə faydalı ola biləcək bir neçə məlumatı sizinlə bölüşmək istəyirəm. We mobil operatoru götürmüşdük. Hava limanında 6$ 22 gb internet təklif etdi lakin 2 günə bitdi. Başqa mobil operatoru tövsiyyə edərdim ( orange və ya vodafone kimi). Qahirəyə getmək üçün vizanı hava limanında həll edə bilirsiz 25$ və əlavə 5 $ blankı doldurmaq üçün ( blankı özünüz də doldura bilərsiz ). Bələdçiniz əlavə möhür istəyə bilər 15$ amma inanmayın pul tələsidir. O möhür Qazaxıstan vətəndaşları üçün keçərlidir. Sizə hava limanında verilən vizayla problemsiz gedə bilirsiz. Bələdçinizdən tur almayın. Çox baha tur təklif edirlər. Suntour24.com bu saytda istədiyiniz Şarm Əl Şeyx turu tapa bilərsiz. Turu whatsapp vasitəsiylə rezerv edib ödənişi sizi götürdükləri gün verə bilərsiz. Bələdçinin təklif elədiyi turdan 2 qat ucuz. Qahirədə piramidalarda diqqətli olun. Yalnız turun təklif elədiyi əyləncələrdən faydalanın. Məsələn dəvəyə minmək. Əgər turun təklif eləmədiyi sadəcə sizə yaxınlaşaraq təklif edilən dəvəyə minsəz, minmək üçün 10$ istəsələr də düşmək üçün 30 və ya 50 $ isətəyə bilərlər. Əks halda dəvədən düşürmürlər . Yalnız turun təklif elədiyi dəvə 10$ gəzdirir hətta rahatlıqla telefonu verib şəkil də çəkdirə bilərsiniz. Əlavə tips verə bilərsiniz. Free free deyə deyə arafat və ya qolbaq kimi şeylər təklif edirlər inanmayın sonra arxanızca düşüb 5-10$ ala bilərlər. Free heçnə yoxdur. Bir də Qahirədən qayıdanda yeni qaydaya görə digər tur avtobuslarıyla bir yerdə qayıtmalı olursunuz. Onları gözləmək çox vaxtınızı alacaq öncədən deyim. Bütün tur avtobusları yığılır və polis müşayiət edir. Soruşduq turistlərin təhlükəsizliyi üçündür dedilər. Bu qədər gəzəyənlər, ümidvaram faydalı məlumat verə bildim, sizə xoş istirahətlər .Paylaşan: Fuad Abasov

Bizi izləyənlər siyahısına qoşulun!