2575 dəfə oxunub

Albaniya, Şimali Makedoniya, Kosovo üçlüsü

3 ölkəlik Balkan turundan təcrübəmi yazıram. Xüsusilə də Şengen ölkələrindən çoxgirişli vizası və ya oturum izni olanlara maraqlı ola bilər, çünki o halda vizasız hər 3 ölkəyə getmək mümkündür:
1) Albaniya. Səfərə Budapeşt-Tirana WizzAir reysi ilə başladım, ölkəyə giriş Azərbaycan pasportu ilə vizasızdır. Aeroportdan mərkəzə birbaşa ekspres avtobus ucuz qiymətə (dəqiq xatırlamıram) gedir, Airbnb və ya booking.com ilə mərkəzdə gecəsi ortalama 10-15 avroya da mənzildə otaq və ya villada ayrı girişi olan mənzil tapmaq mümkündür, şərait normal olur. Hostellər daha ucuz (5-10 avro), otellər isə daha bahadır (20-30 avro). Tiranada görməli yerlər azdır, mərkəzdə Skenderbeq adlı meydan var, sonra yaxınlıqda qalanın kiçik hissəsi qalır və orada indi restoran-kafe zonasıdır. Keçmiş kommunist liderlərin yaşadığı massiv indi daha çox əyləncə yerləri ilə doludur. Ən yaxında (təxminən yarım saatlıq məsafədə) 2 maraqlı şəhər var: Durrës və Krujë (ikisi də Tiranadan gözəldirlər). Hər ikisinə eyni avtovağzaldan getmək olur və bu saytdan əsas məlumatlara və qrafikə baxmaq olur: https://gjirafa.com/autobus (bu sayta 100% güvənmək olmaz, çünki mən 2 dəfə güvəndim və məlum oldu ki, qrafiklər yenilənəndə sayt heç də dərhal yenilənmir). Durrës yayda daha gözəldir, dənizi təmizdir və üzmək istəyənlər üçün yaxşı yerdir. Bundan başqa qalası və roma-yunan dövründən qalmış amfiteatrı da var. Krujë də maraqlı yerdir, daha çox memarlığı ilə ziyarətçilər cəlb edir, amma ora getməyə vaxtım olmadı. Daha bir maraqlı şəhəri Beratdır, ora getdim və çox xoşuma gəldi, getməyə dəyər. Xüsusilə də şəhərin yuxarısındakı qalaya qalxmaq zövq verdi, şəhərin mərkəzi və gəzinti zolağı çox təmiz və geniş idi. Tirananın 4 avtovağzalı var, ölkənin hansı istiqamətinə getməyinizdən asılı olaraq düzgün avtovağzala getmək önəmlidir. Yeməklər bütün şəhərlərdə ucuzdur, 3-5 avroya çox doyumlu yemək + içki almaq mümkündür. Bankomatlardan pul çıxarmaq məsləhət deyil, çünki yerli bankomat Sizdən pul tutacaq və bunu yalnız pul çıxandan sonra biləcəksiniz. Amma restoran-kafelərdə kartla ödəmək və ya exchange-də sərfəli kursa dəyişmək daha yaxşıdır.
2) Şimali Makedoniya. Albaniyadan Makedoniyaya keçmək üçün ictimai nəqliyyatdan istifadə çox yorucudur, bir neçə dəfə dəyişmək və sərhəddə piyada keçmək olmasın deyə avtobus şirkətlərindən hazır Ohridə və ya Skopyeyə gedən bilet almağa çalışdım. Belə biletləri onlayn almaq olmur, ona görə kassaya getmək lazımdır. Adətən belə avtobus şirkətlərinin kassaları ya mərkəzi meydanın ətrafı boyunca, ya da beynəlxalq avtovağzalda yerləşirlər. Ohridə 15 avroya gediş bileti aldım və cəmi 3 saata Tiranadan Ohridin mərkəzinə getdim. Sərhəddə pasport nəzarət məntəqəsindən keçmək çox asan oldu, avtobusdan düşməyə gərək yoxdur, çantaları açıb baxmırlar və tez möhür vurub keçirdirlər. Ohrid dəhşət gözəl şəhərdir, gözləntilərimin üstündə oldu. Yeməkləri, təmiz gölü, hündürdə monastrlar, kilsələr və qalası ilə çox xoşuma gəldi. Elə də qlamur olmayan, amma kifayət qədər yaxşı restoranlarda mərkəzi yerlərdə 3-4 avroya yemək + içki ala biləcəksiniz (qlamur yerlərdə qlamur balıq yeməyi 9-10 avrodur). Bankomatlardan pul çıxarmaq məsləhət deyil, çünki yerli banklar adətən Sizdən pul tutur və bəzi hallarda bunu yalnız pul çıxandan sonra biləcəksiniz. Amma restoran-kafelərdə kartla ödəmək və ya exchange-də sərfəli kursa dəyişmək daha yaxşıdır. Ohriddən Skopyeyə ölkədaxili avtobuslar (Classic, Galeb və s.) təxminən 8 avroya gedirlər, mən də elə getdim və qrafikinə bu saytla baxdım: http://www.sas.com.mk/en/ (çoxlarının dediyinə görə güvənli saytdır, çünki avtovağzal qrafikləri yeniləyəndə saytı da dərhal yeniləyir). Skopye son illərdə xeyli gözəlləşib, amma ümumən kifayət qədər sosialist abu-havası var. Şəhərin albanlar yaşayan tərəfi makedoniyalıların yaşadığı tərəfdən kəskin fərqlənir, bu təzadı görmək yaxşı mənada maraqlıdır. Bir çox şeylər üçün qiymətlər Tiranadakı kimidir.
3) Kosovo (Serbiya oranı öz ərazisi hesab edir). Şimali Makedoniyadan Kosovoya keçmək çox rahatdır. Bir çox özəl şirkətlər Skopyedən avtobusla Priştinaya aparırlar, gündə bir neçə dəfə avtobus çıxır (qrafiklər və qiyməti burada: http://www.sas.com.mk/en/). Sərhəddə pasport nəzarət məntəqəsindən keçmək çox asan oldu, avtobusdan düşməyə gərək olmadı, çantaları açıb baxmırlar və tez möhür vurub keçirdirlər. Priştinada görməli elə bir şey yoxdur, mənim Budapeştə geri dönüş uçuşum ordan səhər tezdən olduğu üçün Priştinaya gedib orada gecələdim. Vaxtı olanlar Prizren şəhərinə gedə bilərlər, deyilənə görə çox gözəldir və səhər gedib axşam qayıtmaq bəs edir. Priştina indiyə kimi gördüyüm ən ucuz Avropa paytaxtıdır, mərkəzdə yerləşən əla restoranlardan birindəki menyunu aşağıda yerləşdirirəm, qiymətlərlə tanış olun ???? Priştinada mərkəzdən aeroporta 3 avroya avtobus işləyir, qrafiki dəqiqdir və etibarlıdır.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

DİGƏR BLOQLAR

Auschwitz - Ölüm kampı

Auschwitz. Digər adıyla ölüm kampı.1942-ci ildən etibarən Avropanın fərqli ölkələrindən Yəhudilər toplanaraq Auschwitz’ə və daha sonralar inşa edilən Birkenau (daha geniş əraziyə malik olan 2-ci kampa) göndərilirdi. Bu kamplara təxmini olaraq 1 milyon 300 min Yəhudi, 150 min Polyak, 23 min Roman, 15 min Sovet müharibəsində əsir götürülmüşlər gətirilmişdi. Öncələri kamplara daxil olanların qeydiyyatı üçün şəkilləri çəkilsə də bu metodun xərcli olması səbəbindən daha sonralar hər kəsin tattoo ilə qeydiyyata alınmasına qərar verildi. Auschwitz’ə gətirilənləri öncəliklə SS həkimləri tərəfindən qruplara ayrılırdı:Məcburi və ağır işlərdə çalışdırılmağa yararlı olan fizikən güclü olanlar (qidaların çatışmamazlığı səbəbindən onların gücləri tez tükənir, daha sonra da ya donaraq, ya iş qəzasında ölürdülər),Üzərində vəhşicə tibbi sınaqlar keçirməyə yararlı olan qadınlar və uşaqlar (daha ağrılı ölümlərə tabe tutulanlar). ‘Auschwitz’in Əzraili‘ olaraq adlandırılan Josef Mengele SS həkimlərindən biri idi (daha sonra qaçaraq Braziliyada həyat qurur və əcəldirmi bilinməz dənizdə üzərkən ölür).Heç bir məqsəd üçün yararlı olmayanlar isə öldürülmələri üçün qaz otaqlarında və ardından isə cəsədlərin yandırılması məqsədi ilə krematoryuma göndərilidirdi.Saxlama kampının ilk və ən uzun müddət xidmət edən komendantı olan Rudolf Höss saxlanılanların öldürülməsi üçün zəhərli Zyklon B təmin edilməsini əmr edir. Əslində bir dezinfeksiya maddəsi olan Zyklon B, qapalı məkanda (qaz otaqlarında) yaydığı buxarla dəqiqələr içində ölümə səbəb verirdi. Sağ qurtulanların dediklərinə əsasən: SS zabitləri saxlanılanları ölümə göndərərkən “biz sizi digər və daha yaxşı şəraiti olan kampa göndəririk deyib ölüm yoluna yollayırdı və nəticədə qarşıdurma yaranmırdı. Bununla yanaşı qaçmağa cəhd edənlər və ya daha ağır cinayətlərdə təqsirli bilinənlər üçün Aushwitzh-də ölüm divarı (shooting wall) və kampın mərkəzində yerləşən dar ağacları var idi və bu qətillər kütləvi şəkildə hər kəsin gözü önündə icra edilirdi.1944-cü ilin sonlarına yaxın kamplarda baş verən kütləvi qətliamların gizli çəkilmiş şəkilləri Londona göndərilmişdi və artıq kamplarda olan bitənlərdən digər ölkələrin də xəbəri var idi. Sovet qoşunları 1944-cu ildə Aushüitzhə hücumə keçərkən SS zabitləri kampta yerləşən qaz otaqlarını partladaraq öz cinayətlərini ört basdır etməyə çalışdılar. Bizə bələdçilik edən xanım Polşa əsilli idi və hər gündə 2 tura rəhbərlik etməsinə baxmayaraq baş verənləri danışarkən səsi titrəyir, gözü dolurdu. (ərazidə 200-ə yaxın bələdçi var). Bələdçilərin tur iştirakçılarını partladılmış qaz otaqları tərəfə aparmalarına rəhbərləri tərəfindən izacə verilmir. Buna səbəb isə qaz otaqlarına yaxınlaşdıqda qoxunun hələ də insana zərər verəcək səviyyədə olmasıdır. Yəni gündə 2 dəfə tura rəhbərlik edən bələdçinin bir müddət sonra səhhətində çətinlik yaşaması ehtimalı mövcuddur. Biz özümüz getmək üçün izacə aldıq və həqiqətən də qoxudan qaz otaqlarının yanında çox dayana bilmədik.Əldə etdiyim təcrübə və məlumatları aşağıda təqdim edirəm:Gediş: Saat 06:55-də Krakow hava limanından Aushwitzh istiqamətinə Flix bus vasitəsi ilə gedə bilərsiniz.Qiymət: 3 USD Çatma müddəti : 1 saat.Saat 08:00-dan növbəyə durduğumuz halda belə kassaya çatdığımızda saat 09:45 idi. Bileti Online da əldə edə bilərsiniz lakin giriş saatından 20 dəqiqə öncədən orda olmalısınız.Tur başlama saatı : 10:45-də ingilis dilli bələdçi ilə başlayan tur təxmini 15:00-a qədər davam edir.Bilet qiyməti : 55 PLN (zloty)Not: Saat 08:30 –a kimi kassaya yaxıınlaşa bilsəniz free ticket əldə etmiş olursunuz və istəsəniz bələdçi olmadan əraziyə daxil ola bilərsiniz. Çox mənbələrdə free ticket saat 10:00 a kimi göstərilib lakin bunun belə olmadığını kassada bildirdilər.Ortalama günlük ziyarətçi sayı : 10 000 nəfərƏraziyə daxil olarkən yalnız 30x20x10 ölçülərində çanta ilə daxil ola bilərsiniz. Və ya 4 PLN ödəyərək əşyalarınızı luggage storage a təhvil verə bilərsiniz.“#Auschwitz - Never again!”Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Farid Abilov  

1254 dəfə oxunub

Bolqarıstan bələdçisi

Sofiyadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salamlar  Bu həftəsonu Bolqarıstandaydım, Budapeşt-Sofia-Budapeşt biletini bir neçə ay öncə 33 avroya almışdım. İndi Sizə qısa səfər təəssüratlarımı və tövsiyələrimi yazım:1. Bolqarıstan Avropa Birliyində gördüyüm ən ucuz ölkə təəssüratı yaratdı, bu da oradakı maaşların çox az olması ilə əlaqədardır. Həm də fevralda turistlər az olduğundan bu baxımdan mənə çox da xərc düşmədi. Sofianın mərkəzi küçəsinə yaxın ərazidə təknəfərlik mənzilin 3 günlük kirayəsi toplam 40 avrodan bir az aşağı oldu (mətbəx və hamam ümumi yox, şəxsi idi).2. Bir bütün gün Sofiyadakı əsas turistik obyektləri gəzməyə sərf edir, ictimai nəqliyyatdan qətiyyən istifadə etmədim və hər yerə piyada getdim. Ancaq aeroportdan şəhərə və geriyə taksidən istifadə etdim, kifayət qədər ucuzdur (günorta 5-7 avro, gecə 7-10 avro). İstəyənlər ictimai nəqliyyatla rahat aeroporta gedib-gələ bilərlər, 10-15 dəqiqə nisbətən çox vaxt gedə bilər, amma pul qənaət edə bilərsiniz.3. İnsanları kifayət qədər xaricilərə açıqdırlar, cavanlar ingiliscə, yaşlılar isə rusca başa düşürlər, amma əla danışmaya bilərlər. Kobudluq və ya xaricilərə qarşı hörmətsizliklə rastlaşmadım, baxmayaraq ki, belə şeylərə hətta Qərbi Avropada da ara-sıra rast gəlinir.4. Mən 1.5 gün Sofiada, tam 1 gün isə (səhərdən axşama kimi) Plovdiv şəhərində (Bolqarıstanın ikinci ən böyük şəhərində) piyada gəzdim və əsas turistik obyektlərə baş çəkdim. Məncə, Plovdiv Sofiadan daha maraqlı və gözəl şəhərdir.5. Hər iki şəhər haqqında Vikitravel-də oxumuşdum, qeyd edim ki, hər iki şəhər məqalələrdə yazılanlardan daha təhlükəsizdirlər, oradakı məlumatların bəziləri köhnədir və Bolqarıstanın daha pis vaxtlarını xatırladır:- Sofia: https://wikitravel.org/en/Sofia;- Plovdiv: https://wikitravel.org/en/Plovdiv;6. Yeməkləri dadlıdır, xeyli ətli və tərəvəzli olurlar, tipik Balkan mətbəxidir və dadı da bizimkinə yaxındır. Mən adətən ət yeməkləri verilən fast food tipli yerlərdə və mərkəzi bazarda qidalanırdım, çünki səyahətlərdə vaxtımı gəzintiyə sərf etməyi daha çox sevirəm. Happy Grill adlı restoranlar şəbəkəsində çox yaxşı dadlı yeməklər və servisin şahidi olacaqsınız, amma deyim ki, Sofia standartlarına görə nisbətən bahalı yerdir. Lakin müqayisədə Budapeştdəki ortabab restoranlardan da ucuzdur.7. Bolqarıstanda qaraçılar kifayət qədər çoxdurlar və hər yerdə gözə dəyirlər, hər iki şəhərdə mərkəzdən kənardakı ərazilərdə kompakt yaşayırlar. Onların ərazilərinə getmək məsləhət deyil, kifayət qədər pinti yerlərdir və təhlükəli ola bilər. Orada qaraçıların çoxu türkcə danışırlar və belə adamları mərkəzdə görmək də mümkündür, çox da baş qoşmayın ki, neqativ hallarla qarşılaşmayasınız.8. Küçədə satılan malları almayın, mərkəzi ərazilərdə, vağzallarda və kilsələrin ətrafındakı dilənçilərə pul verməyin, taksini ancaq sifarişlə edin (Yellow Taxi-nin Uber kimi app-i də var), ancaq rəsmi yerlərdə pul dəyişin - bu qızıl qaydalara əməl etməsəniz, problemlər yaşamaq ehtimalınız var;9. Sofia-Plovdiv-Sofia biletini bu saytdan almışdım: http://busexpress.bg/Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rashad Rezső Mehbaliyev

1220 dəfə oxunub

Vyetnam bələdçisi

Salam, Gəzəyənlər!Sizlərlə Vyetnam ???????? səfərim barədə təəssüratlarımı bölüşmək istəyirəm. Yenə o qədər də populyar olmayan bir istiqamətdə hərəkət etmək qərarına gəldim. Mənim üçün turistlə qaynamayan yerlərin ayrıca yeri var. Bununla bağlı həttə yeni bloq açmışam və orada maraqlı məlumatlar paylaşacam və səyahət məaləhətləri verəcəm. Səhifənin adı chilly_traveler , maraqlananlar izləyə bilər.İlk öncə qeyd edim ki, gözləntilərimdən qat qat üstü bir təcrübə yaşadım. Gözlədiyimdən artıq çirkli idi, həddindən artıq xaotik (motosiklet va maped sayı maşın sayından 20 dəfə çoxdur), harada kı, yolu keçərkən heç kim yol vermir və 360 dərəcə ətrafa baxmaq lazımdır, çünki hər yerdən bir motosiklet çıxa bilər, hər tərəfdən siqnal səsi gəlir (Azərbaycandan 10 qat artıq), küçədə gəzmək çətin, turist görənlər dərhal nəsə satmaq istəyir, motosiklet sürücüləri əlindən tutub harasa dartırlar, yemək iyisi bütün ölkəni bürüyüb, ictimai nəqliyyat yoxdur və s. Lakin bütün bunlar hamısı bir yerdə fərqli və çox maraqlı bir atmosfer yaradır. Mən isə bu atmosferə vuruldum. Qısaca Vyetnamda nə etmək olar:Hanoi (paytaxt):- Küçə yeməyi turu (street food tour) etmək olar. Bir bələdçi sizi mərkəzdə gəzdirəcək və vaxtaşırı müxtəlif budkaların qabağında dayanıb fərqli yeməklərin dadına baxacaqsınız. Ümumiyyətlə, mətbəxlərini sevirəm. Pho Bo supunu öncədən sevirdim, burda isə demək olar ki, hər gün yeyirdim. Ayrıca qurbağa əti yedim ilk dəfə. İyrənc səslənsə də, toyuq ətinin daha şirin versiyasıdır.- Yemək bişirmək dərsi (Cooking class). Bu turda Vyetmam mətbəxinin müxtəlif yeməklərini bişirməyi öyrənəcəksiniz. Çox məsləhətdir.- Alış-veriş. Geyim, aksesuar və əl işləri əsasən yayılıb. Geyimlərin çoxu saxta gucci, armani olsa da, bəzi yerli butiklərdən yaxşı qiymətə yerli istehsal, keyfiyyətli paltar almaq olar. Əl işləri isə almaq məsləhətdir.- Train Street. Gördüyüm ən qeyri adi küçələrdəndir. Küçənin ortasından gündə bir neçə dəfə qatar keçir. İnsanlar qapısı isə bu küçəyə açılır. Hətta çoxlu coffeeshop var, harda oturub qatarın səndən 10sm aralı keçməyini izləmək olar.Halong Bay:- Vyetnamın ən turistik yerlərindəndir. Çox gözəl bir yerdi və məncə həyatda gediləsi yerlərdən biridir.- Burada çox insan gəmi otellərdə, dənizin ortasında gecələyir. Məndə elə etdim, möhtəşəm idi.- Mirvari fermalarına gedib baxib, yaxşı qiymətə təmiz mirvari almaq olarHoi An:- Ən autentik şəhər adlandırardım. Xırda şəhərcikdi, evləri eyni tərzdədir və gəzməyi zövq verir.- Dərzilər. Burada siz bir gün ərzində istədiyiniz parçadan paltar tikdirə bilərsiniz. Hətta istədiyiniz əşyanın şəklini göstərsəniz kifayətdir. Sizin ölçüləri götürəcəklər və səhərə hazır olacaq paltar. Çatdırmasanız götürməyə, evinizə belə göndərəcəklər.Ho Chi Minh (keçmiş Saigon):- Məşhur bazarına gedib alış-veriş edə bilərsiniz. Alver isə gülməlidir bəzən, sizə qiyməti deyirlər və siz cavab verməmiş “Okey, discount” deyib özləri qiymət öldürür))- Mərkəzi əyləncə küçəsi (Pham Ngu Lao) isə insan izdihamıdır. Yemək yeyənlər, karaoke oxuyanlar, nəsə satanlar, ətrafa baxan turistlər, yerli gənclər. Çox fərqli basabasdır. Beləsini görməmişdim (Cümə günü idi).- Küçələrdə sərin tropik meyvə şirələri ucuz qiymətə içə bilərsiniz.- Motosiklet ilə şəhər turu (biraz təhlükəli ola bilər, amma dəyər).Mekonq Delta:- Nəqliyyat bu rayonda əsasən qayıqlardı. İnsanlar qayıqlar ilə hərəkət edir. Gediləsi yerdir.- Kokos ağacından isə nələr etmirlər. Kokos şəkəri, yağı, südü, konfeti, qabığından süpürgə, ağacından ev, yarpaqlarından isə dam düzəldirlər. Hamısını izləmək mümkündür.Çalışdım qısa yazam. Deyiləsi hələ çox şey var. ????????????????????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ucal Agammedov

2080 dəfə oxunub

Sərt karantin dövründə Türkiyə səyahəti

Qorxulara, artan statistik rəqəmlərə baxmayaraq ölmək ölməkdi xırıldamaq nə deməkdi deyərək Türkiyə hava yolları açılan kimi ailəvi olaraq iyulun 17-i üçün bilet aldıq və analiz verib, üz qoyduq Türkiyəyə. Maksimum dərəcə də spirt və maska ilə silahlanıb elə aeroportda maşın kirayələyib, bir aylıq Türkiyə gəzintisinə başladıq. Bu postda səhifədəki dostların əksəriyyətinin Türkiyəyə səyahət etdiyini nəzərə alaraq 4500 km-lik gəzintimizdə bizim üçün daha maraqlı və mütləq görülməsini məsləhət bildiyimiz yerlərdən yazacam. Bu aralar turist sayının az olması, türk pulunun dəyər itirməsi, müştərisiz qalmış otellərin, restoranların xeyli endirimlə xidmət etməsi daha sərfəli və cəlbedici olduğundan nə qədər gözəl yer var gəzməyə çalışdıq. İstanbulŞile – Saklı gölAgva – Gizemli nehirEmirgan korusu – Sarı köşkBelgrad Ormanları – Ataturk arboretrumuGebze, Darıca - əhalisinin 70 faizi 60 yaş üstü olan sakit bir qəsəbəTuzla Marina – Uşaqlar üçün 1 günlük tur. Korsan adası, Aslan Parkı (pələng və şir balaları ilə oynayıb şəkil çəkdirə bilərsiniz), AquaparkKilyos, Riva, Sarıyer plyajlarıAyasofya – indi məscid olaraq. YalovaVadi YalovaSudüşən şəlaləKocaeliSapanca gölüSakaryaMaşukiyeOrmaniye – böyük bir meşədə uşaqlı ailələr üçün nağıllar aləmi kimi bir ərazi BursaCumalıkızık köyü – Osmanlıdan qalma tikili və arxitektura baxımından dəyişilmədən insanların yaşadıqları yeganə kəndİnkaya çınarı – eyni anda 400 nəfəri kölgəsi altına ala bilən 600-dən çox yaşı olan ağac. Hazırda onun kölgəsində bir restoran fəaliyyət göstərir və mükəmməl səhər yeməyi verirlər.Uludağ – yayda çox az sayda turisti olan bu məkanda "Sarı Alan" deyilən bir yer var. Ailənizlə 35 dərəcəlik Bursa istisindən qaçaraq cəmi 20 dəqiqəlik yol getməklə 18 dərəcə sərinlikdə istirahət edə biləcəyiniz gözəl bir məkan. Teleferiklə getdikdə birinci dayanacaq. Saitabat şəlaləsiDenizliPamukkale travertanları – ilk dəfə idi ki, bura gedirdim. Hər dəfə ora gedənlərin “çox turist olur” şikayətlərinə görə risk edib gedə bilmirdik. Amma pandemiyaya görə cəmi 3-4 nəfər adam vardı və su çox gözəl, təmiz idi.Kleopatra antik hovuzları – qızımın onu daha da gözəlləşdirəcəyinə inanaraq sudan cıxmadığı yer.  Antalya – səyahətə gedən yaxınlarımdan eşitdiklərimə əsasən sadəcə olaraq dəniz, all inclusive otellər, əyləncəli hovuzlardan ibarət olduğunu düşünərək cəmi 2 gün qalacağımızı planlaşdırıb 1 həftə qaldığımız və hələ gəzməli çox yeri olan dənizin, dağların, çayların, şəlalərin olduğu möhtəşəm məkan.Köprülü kanyon – Beşkonak kəndində yerləşən iki dağ arası çay. Övladlarınızla "rafting" edə biləcəyiniz və sonunda üzüm yarpağına bükülmüş alabalık yeməyi ilə qonaq ediləcəyiniz 5 saatlıq tur. Tazı kanyonu – adrenalin.Düdən şəlalələriKurşunlu şəlaləsiManavgat şəlaləsiMuğlaSaklı dere şəlaləsi – ağac evlər oteli, tək nəfərlik raftinglər Fethiyedə gəmilərlə 1 günlük körfəz turu – Kelebekler vadisinin də tərkibində olduğu 12 bir-birindən gözəl körfəzləri görəcəyiniz, dupduru Aralıq dənizi sularında çimə biləcəyiniz 8-9 saatlıq tur. (Seçim çox olsa da uşaqlarla gedəcəksinizsə Pirat qayıqları məsləhət görərdim) Burdur - 13 göldən ibarət və yalnız 3 gölünün ziyarətə açıq olduğu, 7-10 dərəcəlik tempratura malik İnsuyu mağarasıMaska məcburiyyəti Taksim, Sultanahmet meydanlarında və yalnız qapalı məkanlarda var idi. Ümumiyyətlə, hər dəfə maska taxmaqla, açıq hava restoranlarında yemək yeməklə, hər 2 metrdən bir qoyulmuş dezinfektanlardan istifadə etməklə, maşın kirayələyib ictimai nəqliyyatdan uzaq durmaqla maksimum dərəcədə qorunmuş olursunuz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Vusala Rustamova

2473 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!