247 dəfə oxunub

Yolumuz bu dəfə Zaqatalaya düşdü!

Yolumuz bu dəfə Zaqatalaya düşdü!
Tətil günlərimi dəyərləndirib uzun zamandır getmək istədiyim rayonlarımızdan birinə Zaqatalaya səfər etdim. Bura həmişə mənim üçün maraqlı görünürdü. Dedim, gəlib bir də canlı görək! İndi isə bu səfərin təəssüratlarını və detalları sizinlə bölüşmək istəyirəm bəlkə sizin də işinizə yarayar.
Gediş: Bakıdan Balakənə qədər qatarla
Səyahətə Azərbaycan Dəmir Yollarının istifadəyə verdiyi Bakı–Balakən yataq tipli qatarı ilə başladıq. Qatar saat 23:50-də Bakıdan yola düşdü və səhər 07:50-də Zaqatalada olduq. Biz standart biletlə getmişdik və ümumilikdə çox rahat və təmiz idi. Yol boyu digər sərnişinlərlə maraqlı söhbətlər etdik. Əgər 4 nəfərlik bir qrupsunuzsa, “standart plus” kupeləri tövsiyə edirəm onların qapısı bağlanır, daha komfortludur.
Qatar stansiyası şəhərin bir qədər kənarında yerləşir, buna görə Bolt ilə şəhər mərkəzinə getdik həm rahat, həm də münasib qiymətlidir. İlk olaraq Dədə Qorqud parkına baş çəkdik. Parkda 270 yaşlı Şərq çinarı ilə tanış olduq. Daha sonra Heydər Əliyev parkını gəzdik və ardınca Diyarşünaslıq Muzeyinə getmək istədik, amma təəssüf ki, bağlı idi, səbəbini bilmədik.


Şəhər bazarına da baş çəkdik çox canlı və müxtəlif məhsullarla dolu idi. Bir az alış-veriş etdik, Zaqatalanın məşhur “maxara”sının dadına baxdıq. Daha sonra Zərifə Əliyeva parkında dincəldik. Yaxınlıqda həm Bazarstore, həm də Al Market var.
Daha sonra qalacağımız yerə Qəbizdərə kəndinə yollandıq. Bazardan kəndə işləyən avtobuslarla getmək mümkündür. Yolda kəndin yerli qadınları ilə maraqlı söhbətlər etdik. Kəndin insanları çox səmimi və maraqlıdır. Amma şəhər daxilində bir az qarışıqlıq var idi qaraçılar əlindən tərpənmək olmurdu.
Qəbizdərədə Osmanlı Qonaq Evində qaldıq. Təmizlik və yeməklər yaxşı idi sac yeməyi sifariş etdik və gilas turşunun dadına baxdıq. Amma xidmətdən çox da razı qalmadıq nəsə fərqli bir ab-hava vardı, izah edə bilmərəm.
Axşam isə “Kemping” adlı restorana getdik. Süni şəlaləsi, qutabları və axşamki işıldaböcəkləri ilə fərqli və maraqlı təcrübə yaşadıq. İlk dəfə idi işıldaböcəyi görürdüm. Osmanlı Qonaq Evinin dekorasiyası isə ayrıca alqışa layiq idi. Axşam səsləndirilən musiqilər də çox xoş idi.
Səhəri gün sadə bir səhər yeməyi verdilər. Əməkdaşlardan biri bizi şəxsən şəhərə qədər apardı bu jest bizi çox sevindirdi. Sonra bir az daha alış-veriş edib, Car kəndinə keçdik və orada şəxsi ev kirayələdik.


Məşhur Daşlıq restoranında dadlı kabab yedik xüsusilə “Daşlıq kababı”nı mütləq tövsiyə edirəm! Sonra isə Cingöz qalasına yollandıq. Qalanın maraqlı tarixi var və bizə 6-cı sinif şagirdi Anar Cingözovlar nəslindən bələdçilik etdi. Böyüklər üçün giriş 1 AZN idi, uşaqlar üçün isə pulsuz.
Sonda Şeyx Şamilin türbəsinə baş çəkdik və onun fəaliyyəti haqqında maraqlı məlumatlar əldə etdik. Səfərin son günü isə avtobusla yenidən Bakıya qayıtdıq. Yol uzun olsa da, özünüzü məşğul edəcək bir şey tapsanız, rahat keçəcək.
Qeyd edim ki, qiymətlər bizim fikrimizcə yüksək idi, kabablar 9 azn, saclar 30 azn-dən başlayır və s. Şofer dayı bizə dedi ki, ən bahalı şəhər elə Zaqataladır)
Bu səfər mənim üçün həm dincəldiyim, həm də yeni mədəniyyətlərlə tanış olduğum bir təcrübə oldu. Əgər siz də Zaqatalaya getməyi planlaşdırırsınızsa, ümid edirəm bu qeydlər sizə faydalı olar!

Paylaşan:

Xanım Hacıyeva

DİGƏR BLOQLAR

Barselona bələdçisi

Barselonadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hola, Hola. #Barcelona..Öncəliklə onu qeyd edim ki, ilk tək səyahətim idi deyə Barcelonaya getmədən öncə çox araşdırmışdım, amma istədiyim sistemli yazı heç harada tapmadım. Ona görə də vaxtaqənaət etmək baxımından bu yazını yazmağı qərara aldım.Başlayaq.. Kinoda da deyildiyi kimi “sırtını Aksaraya vericen ve böyle gidicen.” Mən də eynilə bu prinsipi özümə bələdçi tutdum. Sırtımı Plaçe de Catalunyaya verib, digər yerlərə oradan yetişməyə çalışdım.1-ci gün və ya 1 gün. Muzeylərə sərf edin. Yaxşı olar getməmişdən hava şəraitinə baxın, əgər, yağışlı hava varsa, həmin gün muzey gününüz olsun. Məşhur muzeylər: Museu Picasso (17 €), Camp Nou &  (25 €), Sagrada Familia (15 €, çalışın ən az 3 gün öncədən bileti online alın). Biletləri mütləq şəkildə rəsmi səhifələrdən alın, əks halda mənim kimi müəyyən və vaxt itirən problemlərlə qarşılaşacaqsınız.Növbəti günƏgər, tarixi sevirsinizsə Barri Goticdə gəzişin, romalılara qarşı salınmış dar küçələrdə itmiş kimi olun. Barri Gotici gəzə- gəzə Cathedral de Barcelonaya gəlib çıxırsınız. Giriş pulludur 7.5 €. Mən qarşısında şəkil çəkdirməklə kifayətləndim.  Həmin gün istəsəniz, Park de Citadellaya da piyada gedə bilərsiniz. 30-40 dəqiqə məsafədədir. Mənə görə Barcelonanın ən gözəl yeri ora oldu. Günəşli bazar günü getmişdim. Salsa, baçata oynayanlar kim, kitab oxuyan kim, camping edən kim, bir sözlə ailəvi istirahət mərkəzi. Həmin ərazidə Barcelona zooparkı yerləşir. Qiyməti 21.5 €. Tələbə endirimi demək olar heç harada olmadı.Gəzənfərd 4. Barselona: Lalə Bünyatzadə və Kərim Kərimov[youtube https://www.youtube.com/watch?v=zz3qKTJ07z0&w=560&h=315]La Rambla küçəsi. Plaçe de Catalunyadan 2-3 dəqiqəlik məsafədədir. Turistik küçədir. Həmin küçədə Font de Canaletes, Mercat de La Boqueria, Gran Teatre del Liceu və Kristof Kolomb Heykəlini sırası ilə görə bilərsiniz. Mercat de La Boqueria bazarına mütləq vaxt ayırın. Həmin istiqamətdə Barcelonetaya doğru hərəkət edəcəksiniz. Mən payızda getdim, hələ də hava isti idi, amma məminçün dənizə girmək havası deyildi. Çimənlər də yəqin skandinaviyalılar idi deyə düşündüm. Amma yenə də qumda gəzmək, dənizin havasını hiss etmək gözəl idi. Növbəti gedəcəyiniz yer bu dəfə Plaça de Catalunyadan digər istiqamətdə Casa Batllo və Casa Mila (La Pedrera) hər ikisinə giriş pulludur. Bir- birinə çox yaxındırlar. Barcelonanın brand markalarının olduğu küçədə yerləşir. Həmin istiqamətdə 40 dəqiqə daha gəzsəniz Park Güellə çatacaqsınız. Mənə görə bir azcık overrate idi. Giriş pulludur. Sadə bilet online 10 €, orada alası olsanız 8.5. En çoz halda 45 dəqiqə vaxt sərf edəcəksiniz. Magnitləri buraya yaxın yerlərdən alın. 35 cent.Yenə Plaçe de Catalunyadan piyada 30 dəqiqə kimi çatacağınız Montjuic. Axşamları fontan olur. Getməmişdən işləyən vaxtları yoxlayıb sonra gedin, yoxsa, mənim kimi 2 dəfə getmək məcburiyyətində qalacaqsınız. Museu Nacional Art de Catalunya MNAC da burada yerləşir.Mənim gedə bilmədiyim Pablo Espanyol Montjuicdə yerləşir, açıq hava muzeyidir və Tipidabo oldu. Siz, əgər, planlı gəzəsi olsanız hər bir yerə getməyə vaxtınız yetəcək.Nəqliyyat:El Prat de Barcelona aeroportundan A1, A2 avtobuslari uyğun olaraq terminal 1 və 2-dən Plaça de Catalunyaya gəlirlər. Təqribi 40 dəqiqə. Qiyməti 5.9 €.Şəhəriçi mən çox zaman gəzdim, belə olduqda şəhərin hissələri, insanların yaşayışı haqqında daha çox məlumat əldə edirsən. Misal Barcelonada Bakıdan fərqli olaraq çimərliyə yaxın ərazidə ən kasıb təbəqə yaşayır. :)Amma yenə də qaldığım ünvan mərkəzə yaxın deyildi deyə metrodan (L) istifadə etdim gündə 2 dəfə. Metro xətti mükəmməldir və çox sadədir. Sadəcə oxları izləməniz gərəkir. T1 bileti alırsınız 10 gediş, qiyməti 10.2 €.Yemək:Paella- müxtəlif növləri var. Mən seafood olanını yedim, Çin restoranlarının birində. Adını xatırlamıram.Yerli birinin məsləhəti ilə ora getdim. La Rambla küçəsində olan qiymətlərə aldanıb dadsız və dondurulmuş variantı sınamayın.Çalışın qazlı sular və ya şirə içməyəsiniz. Verilən pula dəyməz. Özünüz suyunuzu və ya Colanızı alın, onu için. Barcelononeta istiqamətindəki restotanlarda yeyə bilərsiniz.Tapas- bunun nə olduğunu tam olaraq başa düşməyim bir az zaman aldı düzü. Ta ki, təsadüfən menyuda rus dilində закуски sözünü oxuyana qədər. :)Səhər yeməyi üçün Spanish omlet seçə bilərsiniz. Kartoflu omletdir.Spirtli içki içirsinizsə Sangria və Cava şərabı.Şirniyyat: Crema Catalana, Mato.Ümid edirəm qısa Barcelona səfəri üçün lazımlı yazı oldu. Növbəti səfərlərədək. :) #barcelona #spain #autumn2018Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nigar Talibova

1497 dəfə oxunub

Bəlkə də burda heç şəkil çəkməməli idim: Eibsee-yə Səyahət

Bəlkə də burda heç şəkil çəkməməli idim. Sadəcə yaşamalı idim. Foto çəkməyə o qədər fokuslanmışdım ki, bir anda kameram 1%-ə düşdü. Oturub sadəcə baxmağa başladım. Və düşündüm: Bəzən ən gözəl kadr sadəcə yaşadığın andır.Düzünü desəm, Eibsee-yə getməzdən əvvəl internetdə gördüyüm şəkillərə tam inanmırdım. Şəkillər o qədər “filtrli” və “nağıl kimi” görünürdü ki, belə bir yerin həqiqətən mövcud olduğuna şübhə ilə yanaşırdım. Amma ora çatanda fikrimi dəyişdim. Bu yer doğrudan da varmış hətta fotolardan da gözəldir.Eibsee-də nə edə bilərsiniz?Eibsee gölünün ətrafında 7.5 km uzunluğunda, rahat bir yürüyüş yolu mövcuddur. Gəzərkən hər addımda gözəl mənzərələr sizi seyr etməyə vadar edəcək. “Burada dayanıb bir nəfəs alım, buranı da çəkim” dediyiniz anlar çox olacaq. Yazdan payıza qədər göldə qayıq və su velosipedi kirayələmək imkanı var. Suyun sakitliyi ilə birlikdə təbiət səsləri ruhunuzu dincəldəcək. Bu hiss tamamilə başqa bir dünyaya səyahət kimidir. Eibsee gölünün yaxınlığından birbaşa Almaniyanın ən yüksək zirvəsi olan Zugspitzeyə kanatla qalxmaq mümkündür. Zirvədən açılan mənzərələri seyr etmək isə unudulmaz bir təcrübədir.Gölün ətrafında bir neçə kiçik kafelər var. Burada oturub dağ mənzərəsini seyr edərkən bir fincan isti kofe içmək ruhunuza tam bir istirahət bəxş edəcək.Kiçik məsləhətlər:– Tez gedin: Park yerləri xüsusilə yay aylarında sürətlə dolur, buna görə erkən saatda yola çıxmaq yaxşı olar.– Rahat ayaqqabılar seçin: Yürüyüş yolu çətin deyil, amma gəzmək istəyiniz çox olacaq.– Yanınızda su və qəlyanaltı götürün: Göl ətrafında dincəlmək üçün mükəmməl yerlər var. Özünüzlə yüngül bir qəlyanaltı və su götürmək işinizi asanlaşdıracaq.Paylaşan: Shahin Farajov

363 dəfə oxunub

Hindistan - Ahmedabad

Əhmədabaddakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Әziz vә hörmәtli gәzәyәnlәr!Gәlin sizә bir az Hindistan ❤❤ haqqında danışım. Bir layihә ilә gәldiyim Ahmedabad vә ya yerlilәrin dili ilә desәm Amdabad şәhәrindә artıq 2 hәftә keçirmişәm vә bölüşmәk üçün bir miqdar mәlumata sahibәm deyә düşünürәm. Öncәliklә onu deyim ki, Hindistan hәr zaman görmәk istәdiyim, son 3 ildir isә dәlicәsinә haqqında hәr cür bilgi әldә etmәk üçün çabaladığım ölkә idi. Rusların "Увидеть Париж и умереть" cümlәsindәki Paris mәnim üçün Hindistan idi ????"Bu yay bu arzumu artıq hәyata keçirmәliyәm!" düşünәrәk ailәmә bildirdim. Razı salmaq uzun çәkdi. "Sәn bilirsәn ki,orada hәr gün 1000 insandan 99u ayaq altında qalıb ölür!" , "hәr tәrәf zәhәrli ilanlardı", "birdәn üstünә fil hücum çәksә?!" ???????? ,"bәlkә yaxın yerә gedәsәn?" , "öz ailәn olar,gedәrsәn!" kimi sualların ardından birdә türk hәkimlәrinin peyvәnd vә "Hindistan kimi ölkәlәr" adı altında yazdıqları 60 günlük dәrmanlar paketi olduqca qorxunc görünürdü. Ama, come on, bir Tac Mahalı görmәk hәr şeyә dәyәcәk deyәrәk gәldim yenә dә. Tac Mahalı hәlә görmәmişәm, ama indiyә kimi gördüklәrim hәqiqәtәn hәrşeyә dәyir.İlk zamanlar buradaki tәmizlik anlaşı ilә mәnimkinin fәrqli olmağından irәli gәlәn çәtinliklәrim oldu, havanın çox isti olmağı, küçәlәrdә gәzәn inәklәr, küçәlәrdә ailәlikcә yaşayan insanlar, sәs kakafoniyası, rikşaların çox ucuz qiymәtә ama sәnin hәyatın bahasına sәni mәnzilә çatdırmaqları :D vә s. Bunların hamısı kültürel şokun parçası idi. Artıq rahatlıqla küçә yemәyi yeyirәm. İçindәn tük çıxır, kәnara qoyub lәzzәtlә yeyirәm :D Rikşaların sürәtindәn hәzz alıram. İnsanlarla söhbәt edirәm, bazarlarda mango, banan, kokos alan qadınların şәklini çәkirәm, musson yağışı altında ayaqqabısız oynayan uşaqları izlәyirәm. Әn әsası, Hindlilәrdәn öyrәndiyim bir fәlsәfә var- "Bu gün ilә yaşa. Karmaya inan!" Bilirәm ki,bir çoxunuz üçün utopik kimi sәslәnir,mәn dә öyrәşә bilmirdim bu fikrә. Ama bir rikşa sürücüsünün, toxunulmazlar kastından olan bir sakinin, küçәdә yaşayan bir insanın gәlәcәk ilә bağlı plan qurmağı daha da utopikdir. Hәr şeyә rәğmәn xoşbәxtdirlәr, hәq dәqiqәnin hәzzini alırlar, hәr gördüyündә gülümsәyirlәr, "Namaste" deyib salamlayırlar insanı. Qısası, bir şeyi çox istәyirsinizsә, hәyata keçirmәyә çalışın! "Ailә qurarsan, gedәrsәn", "pulun çox olar gedәrsәn" kimi tövsiyyәlәrә aldanmayın,bәzәn "utopik" olmaq sizin xeyirinizәdir ????Sevgiylә qalın!❤Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ayshan Gurbanali 

1168 dəfə oxunub

İspaniyanın ruhu - Madrid bələdçisi

Dedim, karantindir, darıxıb edərsiz – oxuyun, vaxtınız getsin ????Madridin real üzüTurist olma, sakin ol, zövq al, əylənİspaniya deyəndə, çoxlarının ağlına Barselona gəlir. Bir ağızdan “mütləq Barselonanı gör”, – məsləhəti verirlər. Sözü Madridin üstünə gətirəndə, bu dəfə də “standart, darıxdırıcı şəhərdir”, – sözlərini çox eşitmişəm. Mən isə deyirəm ki, həm Madridi, həm də Barselonanı görmək lazımdır. Eləcə də imkan varsa, Girona, Qranada, Seqoviya, Toledo, Valensiya və s. şəhərlərini.Bu gün sizə Madriddən danışacağam ????Bəlkə də, sevimli futbol klubum “Real Madrid”ə görədir, bilmirəm, Madridə xüsusi simpatiyam var. Bu arada, Madridi gəzmək üçün 3 gün yetər və artar.Bakıdan Madridə – 93 avroya“Wizzair”lə Bakıdan Budapeştə 45, Budapeştdən Madridə 48 avroya uçdum. Evdən səhər saat 5-in yarısı çıxmışdım, Madridə gecə saat 11-də çatdım. Tutduğum otel şəhərin mərkəzi küçəsi “Gran Via”da (böyük yol deməkdir) idi. 3 gecəsinə 78 avro ödəmişdim. Tapmaq çətin olmadı. Küçənin adı ilə eyni olan “Gran Via” Metro Stansiyasında endim. Stansiya çıxışından 30-40 addım irəlidə idi.Ya bəyənməsəm?Yol boyu içimdə qəribə hiss vardı. Ya bəyənməsəm? Yuxu gözümdən tökülsə də yatmadım. Bir az dincimi alandan sonra düşdüm şəhərin “canına”. “Gran Via” küçəsinin gecələr çox gözəl işıqlandırıldığını səyyahların qeydlərindən oxumuşdum. Həqiqətən də möhtəşəm idi. Yaxın ətrafı gəzəndən sonra ispanların “Tapas bar” adlandırdığı kiçik kafelərdən birində oturdum. Unlanmış kalmar qızartması ilə ləzzətli sangriyanın (şərab növü) dadına baxdım.Turist kimi yox, şəhər sakini kimi davran, zövq alMadridin necə şəhər olmasına keçmədən öncə, burada özünüzü qonaq kimi yox, 2-3 günlük də olsa, şəhər sakini kimi aparsanız, daha çox ləzzət alacağınızı demək istəyirəm.Madrid İspaniyanın ən qaynar şəhərlərindən biridir, paytaxtıdır. Düz şəhərdir, velosiped üçün əlverişlidir. Düzdür, Amsterdam kimi velosiped mədəniyyəti yoxdur, amma orada pedallamaq Bakıdakı kimi çətin də deyil. Şəhərin ortasından Madridi 2 yerə ayıran Manzanares (ispanca Ribera del Manzanares) çayı keçir. Əvvəllər məskunlaşma daha çox çayın ətrafında olub. Ancaq getdikcə şəhərin mərkəzi yerini dəyişib. Bu gün çay şəhərin aşağı hissəsində itib-batıb.Haraları, necə gəzək?Madridin yaxşı cəhətlərindən biri də gəzilib-görülməli yerlərinin bir-birinə yaxın yerləşməsidir. Bir gün ərzində heç bir nəqliyyat vasitəsinə pul xərcləmədən şəhəri piyada gəzə bilərsiniz.Vaxt azdırsa, “Hop-on,Hop-off” turist avtobuslarından da istifadə etmək olar. Mən etmədim, həm baha, həm mənasız bildim. Əslində, bu turist gəzdirən avtobuslara özlüyümdə “peşmançılıq” adını vermişəm. Avtobusda gəzənlərin peşman olduqlarını düşünürəm. Onlar ya gözəl şəhərləri gənc vaxtı gəzməyib, 50-60 yaşından sonra gəlib, vaxtında gəlmədikləri üçün peşman olanlar, ya da bu şəhərə 1 gün ayırıb, piyada gəzməyə vaxtı qalmayanlardır – deyə, düşünürəm ????Bu fikrin məntiqli olduğunu iddia etmirəm.Madridin və İspaniyanın ürəyiMadridi gəzməyə “Puerta del Sol” Meydanı ilə başladım. Bura həm Madridin, həm də İspaniyanın mərkəzidir. Giriş qapısı, İspaniyanın ürəyi də adlandırırlar. Nə vaxtsa AzTV-də “Madrid dağılır, camaat ayağa qalxıb” – xəbərinə rast gəlsəniz, bilin ki, insanların etiraz aksiyası keçirdikləri yer “Puerta del Sol”dur. Ta qədimdən etiraz aksiyaları bu meydanda keçirilir. Buradan yeriyərək “Plaza Mayor” (böyük meydan) deyilən yerə gedə bilərsiniz.Üzlərindən xoşbəxtlik, sevinc yağan turistlərQırmızılı, köhnə binalarla əhatələnmiş, böyük, dördbucaq meydan keçmişdə ölüm cəzası verilmiş insanların asıldığı, başlarının kəsildiyi yerdir. Hər cür toplantıların keçirildiyi bu yerə “edam meydanı”da deyirlər. Elə havasının ağırlığı da keçmişdən gəlir deyəsən. Burada siz ispanların milli geyimlərində fotolar çəkdirə, tarixi restoranların birində ətrafa qoxusu yayılan kofedən içə-içə meydanda şəkil çəkdirən, üzlərindən xoşbəxtlik, sevinc yağan turistlər və onları turları ilə tanış edən tur rəhbərlərini izləyə bilərsiniz. Meydanın ətrafındakı rəssam və heykəltaraşlar əsərlərini nümayiş etdirir. Bəyəndiyinizi alıb ölkənizə apara bilərsiniz.Kral sarayından başlayan böyük yol“Plaza Mayor”dan üzü aşağı düşəndə qarşınıza “Royal Palace” (kral sarayı) çıxacaq. İçərisinə giriş bileti təxminən 12-15 avroya idi (yadımda qaldığı qədərilə). Saraydan aşağıya doğru addımlayıb “Gran Via” küçəsinə çıxdıq. Madridin ən önəmli yoludur. Küçənin sağ-solunda bildiyimiz məşhur geyim mağazaları, şirniyyat, kofe məkanları, restoranlar var. Yerli insanlar bu yolda ehtiyatlı olmağı məsləhət görürlər. “Hər an çantanızı alıb qaça bilərlər”, – deyirlər. Bu küçədə həm də ən məşhur “Flamenco” (ispan rəqsi) klubları var.Velosipedlə yoxsa piyada?Madridə getmişkən mütləq “Buen Retiro Parkı”na da baş çəkin. Buradakı süni yaradılmış göldə katamaranla gəzə, kristal sarayı görə bilərsiniz. Bütünlükdə şüşədən tikilmiş sarayın ətrafında “flemenco” rəqqasələrinin saçlarına taxdıqları gül, ispan qızlarının simvoluna çevrilmiş yelpik, suvenir və s. maraqlı hədiyyələr almaq olar. Bu parka həm də Madridin ciyərləri deyilir, təpədən dırnağa yaşıl parkı həm piyada, həm də girişdə kirayələdiyiniz velosipedlə gəzə bilərsiniz.Vağzal içində meşə ????Vaxtınız qalsa, Madridin “Atocha” adlandırılan qatar vağzalını da görün. İçində ölkənin müxtəlif yerlərindən gətirilmiş yüzlərlə çiçək, ağac əkilib. Kiçik meşədir sanki. Meşənin sakinləri də var, balıqlar, tısbağalar, kirpilər ???? Görmədiyimiz, rastlaşmadığımız abu-havaya sahibdir.Madriddə gecə həyatıÖzü kimi hərəkətli, rəngarəng, maraqlı gecə həyatı var Madridin. Bir çox gecə klubuna, “Flamenco” və Tapas barlara ev sahibliyi edir. Həftə sonları əksər əyləncə məkanlarında canlı musiqi olur. Turistlərin əsas maraqlandıqları isə “Flemenco”dur. “Gran Via” və ona yaxın mərkəz hissələrdə “Flemenco” barlara gedib, həm əylənə, həm də yemək yeyə bilərsiniz.Nə yeyib, nə içək?Acqarına gəzmək mümkün olmadığına görə Madriddə harada, nə yeyib-içəcəyimizi də bilməliyik. Başlayaq səhər yeməyindən. Madriddə xüsusi açıq bufetlər olur. Girişdə adambaşına 5 avro ödəməklə bufetdə istədiyinizi yeyib-içə bilərsiniz. Belə bufetlər səhər 11-dək açıq olur. İlk gün o qədər yemişdim ki, bir də axşam acdım ????Sangriya və tapanın dadına mütləq baxın. “Tapa” sözünün hərfi mənası qapaq deməkdir. Tapas isə müxtəlif çeşidli qəlyanaltılardır. Tapalar xüsusi Tapas Barlarda verilir. Bu, müxtəlif növ dəniz məhsullarından, pendir çeşidlərindən, kartof qızartmasından ibarət ola bilər. Qiyməli kartof, içinə sala və ya balıq hissəsi qoyulan zeytun da tapas sayılır. Növləri çoxdur, qızarmış kalmardan tutmuş, mürəkkəb balığı (octopus) parçalarına qədər. Həcmi kiçikdir. Məncə, azərbaycanlılar biri ilə doymaz. Odur ki, oturanda bir yox, 2-3 növdə tapas sifariş etməyi məsləhət görürəm. Sangriya isə adi qırmızı şərabın meyvə və meyvə şirəsi ilə qarışdırılaraq, içinə buz qoyulmuş formasıdır. Dadlı və şirin olduğundan içdikcə içirsən, bir də ayılırsan ki, ayağa dura bilmirsən, sərxoş olmusan ???? Bir də var - ispanların “paella” adlandırdıqları yemək. Bulğura oxşayan düyüdən hazırlanmış, qırmızı, sarı və ya qara rəng çeşidləri olan plovdur. İçində istəyə uyğun krivetka, toyuq, ət, balıq, tərəvəz və s. ola bilir. Boşqabda yox, qulplu, dəmir tavada servis edilir.Madriddə yemək çox bahadır. Məsləhətim açıq bufetlərdir. Burada 12-15 avro ödəməklə istədiyinizi yeyib-içə bilərisiniz. Təbii qiymətə spirtli içki daxil deyil. Pizza, ət, salat, müxtəlif çeşidli tapaslar, içkilər, şirniyyat və s. hər şey olur.Əlavə 1 gününüz də varsa…Biz gedəndə Barselonada qadağan olunan öküz döyüşləri Madriddə hələ də keçirilirdi. Şounun keçirildiyi ən məşhur arena “Plaza de Toros de Las Ventas”dı. “Gran Via” metrosundan təxminən 3-4 stansiyalıq yoldur. Getmək istəsəniz, biletləri arenanın girişindən və ya online ala bilərsiniz. Şou gününə düşməsəniz də üzülməyin. Həftənin bir neçə günü turistlərə arenaya giriş icazəsi verilir. Gəzə, şəkil çəkdirə bilərsiniz.Və gəldik əsas məsələyə, Real Madridin möhtəşəm “Santiago Bernabéu Stadium”-na. Görmədən qayıtmayın deyərdim ???? Azərbaycanın milyardlar töküb tikdiyi Olimpiya Stadionundan möhtəşəm görünürdü.Madridə getməyə dəyərmi?Mən sizə Madridə gedin və ya getməyin məsləhəti verməyəcəyəm. Özümü orada necə hiss etdiyimi anladacağam:Madriddəykən qulağımda məni coşduran, səbəbsiz mutlu və həyacanlı saxlayan ritmik musiqi vardı. Uşaq vaxtı anam “hazırlaşın, sizi dənizə aparacam” – deyəndə, bu qədər xoşbəxt olurdum. Sizə adi gəlməsin, böyüdükcə xoşbəxt olmaq çətinləşir…Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Guler Mehdizade

1869 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!