3391 dəfə oxunub

Xalaxel gölünə gəzəyən turu

Bugün sizə karantin günlərində Zaqatalada yerləşən Xalaxel (Zaqatalada daha çox Xalaxi deyirlər) gölünə etdiyim səyahətdən danışacam. Buzlaq mənşəli olan bu göl dəniz səviyyəsindən təxminən 3060 metr hündürlükdə, yüksək dağlıq ərazidə yerləşir. Əslində gölə getməyi keçən ilə planlasam da yol yoldaşı tapmadığıma görə səyahətim ləngiməli oldu.


İyulun 5-dən Şəkinin də karantinə alınacağını eşidəndə 3-ü axşamı qərara gəldik ki, yollar bağlanmamış tez-bazar özümüzü Zaqatalaya yetirək. Dostum Vüsal ilə Qəbələdən yola çıxdıq və artıq axşam Zaqatalada idik .Yolüstü Qaxda yerləşən Kürmük Alban məbədinə də baş çəkdik. Planımızda Xalaxel gölünə Qanslar şəlaləsinin yerləşdiyi dərə ilə getmək vardı. Lakin kənddə yaşayan və ərazini yaxşı tanıyan çobanların məsləhətinə əsasən, Yuxarı Çardaqlar kəndindən başlayaraq yaylaqlar boyu uzanan marşrutla getmək qərarına gəldik.


1-ci gün, 22km

İyulun 5-də səhər saat 6-da 3 nəfər taksi ilə Yuxarı Çardaqlar kəndinə yollandıq. Qeyd edim ki, hər üçümüz gölə ilk dəfə gedirdik və şəxsən mənim içimdə çox böyük sevinc vardı. Kəndin bitəcəyindəki çay dərəsindən cığırla yola başladıq, bir neçə kilometr yol qət etdikdən sonra artıq kolluğun başladığını və dərə ilə davam etməyin rahat olmadığını gördük. Üzü meşəliyə tərəf biraz dırmaşandan sonra gəlib köhnə at cığırına çıxdıq ( bu yerdə bəxtimiz gətirmişdi). Cığır bizi meşə massivinin bitdiyi göz oxşayan, yamyaşıl alp, subalp çəmənliklərinin başladığı yerə gətirib çıxardı. Bu yerdə Metrologiya stansiyası yerləşirdi.


Metrologiya stansiyasında işləyən nur üzlü insanlar bizi çaya dəvət etdilər. Biz də dəvətə icabət etdik, düzü, dağda çaya yox deyə bilmirəm)). Stansiya olduqca gözəl bir yerdə yerləşdiyindən, burdan üzü Zaqatalaya açılan mənzərəni seyr eləmək nəyə desəniz dəyərdi. Hər tərəf al-əlvan çiçəklərlə dolu idi .. Artıq günorta idi və biz yüngül günorta yeməyindən sonra yola davam elədik. Yol boyu gözəl mənzərələrə baxa-baxa ruhumuz dincəlirdi. Təbiət qoynunda insan fiziki olaraq yorulsa belə özünü ruhən çox xoşbəxt hiss edir. Bunu təbiətə bol-bol səyahət edənlər daha yaxşı bilər)))


4-5 saatlıq yoldan sonra növbəti çoban alaçığında dincimizi aldıq. Burda da bizi çobanlar, Murad və Piri olduqca qonaqpərvər qarşıladı, çatan kimi çay süzdülər və bizi axşama da qonaq saxlamaq istədilər. Ancaq biz burada çox ləngiməyib, gölə ən yaxın çoban alaçığı olan Daşkəsən yaylağına üz tutduq. Onlara söz verdik ki, qayıdanda sizə yenə baş çəkəcik)))) Alaçığa çatanda artıq hava qaralmağa başlayırdı, burda da bizi olduqca qonaqpərvər qarşıladılar. Biz axşam üçün öz çadırımızı qurub yatmaq istəsək də çobanlar təkidlə öz alaçıqlarında yatmağımızı istədilər.(alaçıq həm təhlükəsiz, həm də böyükdür)


Bu bölgədəki çoban alaçıqları ətrafı daşlarla hörülmüş, dam hissəsi isə əsasən dəmirdən düzəldilir. Alaçığın içinə yay boyu pendirlər yığılır. Olduqca dadlı olan bu pendirlərin dadına baxmaq fürsətimiz də oldu. Bəzi çobanlar göl yolunun çətin olduğunu, ərazidə havanın tez-tez dəyişdiyini, dumana düşə biləcəyimizi desələr də onlara ilk dəfə dağa çıxmadığımızı, müəyyən bir təcrübə sahibi olduğumuzu deyəndən sonra bizə inamları yarandı və göl yolu haqqındakı məlumatlarını bizimlə bölüşdülər. Axşam isə bizi öz süfrələrinə dəvət edib yaylaqda dadına doymadığım quzu soyutmasına qonaq etdilər.(yaylaqlara yolunuz düşsə mütləq dadına baxın). Beləcə, ilk günümüzü belə tamamladıq və səhər yürüşün davamı üçün hazırlıq görəndən sonra yatıb dincimizi aldıq. Yuxuya getməzdən əvvəl özümü hədsiz dərəcə də xoşbəxt hiss edirdim. Bu həm sabahkı yürüşün, həm də insanların qonaqpərvərliyinin bəxş etdiyi xoşbəxtlik idi.


2-ci gün, 26 km

Səhər mümkün qədər tez durub yola çıxdıq.(saat 6-da) Qarşımızda uzun yol bizi gözlədiyinə görə motivasiyamızı yüksək tuturduq. Yürüş vaxtı çoban alaçığının itləri bizi qovub yolumuzu uzatsa da hədəfimizə doğru yorulmadan böyük bir əzmlə davam edirdik. Saat 12-də artıq mənzərəsi ilə insanın ruhuna rahatlıq verən Xalaxel gölünə çatdıq. Gölün ətrafında şəkillər çəkdirib gölün suyundan da içdikdən sonra yavaş-yavaş geriyə, Daşkəsən yaylağına doğru yola düzəldik. Məqsədimizə çatdığımız üçün artıq rahat və xoş təsüratlarla geri qayıdırdıq.

Təxminən saat 5-də gəlib yaylağa çatdıq. Yaylağa qoyduğumuz yükləri götürəndən sonra yolçu yolunda gərəkdir deyərək yola düşdük. Hava qaralana yaxın bir gün əvvəl çay içdiyimiz çoban alaçığına gəlib çatdıq. Gecəni onların alaçığında qalmağa və səhər Muradla birlikdə yola düşməyə qərar verdik. (bizi daha qısa yolla Sabunçu kəndinə düşürəcəyini dedi ) Artıq əsas hədəfimiz olan gölü görmüş və təbiətin bəxş etdiyi müsbət enerji ilə ruhumuz qidalanmışdı.


3-cü gün, 12km

Səhər 05:30-da yuxudan durub tez-bazar səhər yeməyini yedik və yola düşdük. Qayıdarkən yüklərimizin bir hissəsini kəndə düşən atlara yüklədik və bu sayədə rahat yol gəldik. Geri qayıtdığımız yol getdiyimiz yoldan fərqli olaraq Sabunçu kəndinə düşürdü. Səhər saat 9-da artıq biz kəndə çatmışdıq. Kənddən axan çayda çimmək üçün çay daşlarından çox gözəl bəndlər düzəldilmişdi. Biz də yol yorğunluğumuzun çıxması üçün özümüzü atdıq bu bəndlərdən birinə. Beləcə Xalaxel gölü səfərimizin sonuna gəldik. Görülməli yerlərdən biridir deyə düşünürəm. Əminəm ki, gölü gördüyünüz an bütün yorğunluğunuz çıxacaq.


Ümumilikdə 60 km yol qət etdiyimiz bu səfərdə işinizə gələcək bir neçə qeyd.

1) Dağ yolları Azərbaycanın digər ərazilərinə nisbətən (Qəbələ, Quba, Qusar və s) daha rahatdır.

2) Kifayət qədər dağçılıq təcrübəniz yoxdursa bələdçisiz getməyi məsləhət görməzdim.

3) Hava şəraitini mütləq nəzərə alıb gedin.Çünki göl 3000+ ərazidə yerləşir.

4) Özünüzlə tez xarab olmayan yeməklər götürün.( mən daha çox ton balığı götürürəm) Ocaq götürməyi unutmayın, çünki meşə massivi təxminən 2000 metr hündürlükdə bitir.

5) Çobanlardan eşitdiyim qədəri ilə ərazidə ayılar var və axşamlar qoyun sürülərinə hücum edirlər. Ehtiyatlı olmağınız məsləhətdir.

Özümüzlə nə götürməliyik deyə soruşsanız.

1) Çadır

2) Yuxu tulumu

3) Mat

4) Baş fənəri (ehtiyat batareyalar)

5) 4 günlük ərzaq

6) Ocaq (Qaz balonu+ başlıq)

7) Yürüş çubuqları ( yol uzun olduğundan tez yorulmamağınız üçün )

8) Su qabı (Çoban alaçıqlarının yaxınlığında bulaqlar var, soruşsanız göstərəcəklər)

9) Ehtiyat paltar ( yağmurluq, başınızı günəşin güclü şüalarından qorumaq üçün panama)

10) İlk yardım çantası (Günəş kremi ) və s.

Sonda göstərdikləri xoş münasibətə görə Murad,Tunar və digər Zaqatalalı dostlara dərin təşəkkürümü bildirirəm.


Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…



Paylaşdı: Ulvi Aslan

DİGƏR BLOQLAR

Səyahət əhvalatları

Əsl #hollandpendiri nin narıncı* olduğunu düşündüyümüz vaxtlar idi. Yəni hələ Hollandiyada olmamışdıq, amma futbola çox baxan vaxtlarımız idi. İl 2012. Elə bilirdik orda hər şeyi narıncı olur. Elə easyJet kimi. Amma easyJet sayəsində çox diyarlara uçmuşduq, sağ olsunlar müsəlmançılıqla qoyurdular qiymətləri.Günlərin bir gecəsi uçuş Parisdən Londona idi. Daha doğrusu Luton'a. Hələ də bilmirəm o aereportu niyə London hesab edirlər. Ordan evə gəlib çıxmaq üçün qatar, sonra subway, sonra avtobus lazım olurdu, xərci isə easyJetle uçuşdan ikiqat baha.Dosta tanışa təriflədiyim lowcoster bu dəfə əməlli başlı pozmuşdu planları, daha doğrusu əhvalı. Maceralarla dolu Avropa turunun dönüşündə artıq sadəcə evə çatıb uzanıb yatmaq istəyirdim. Amma easyJetin planları başqa imiş.. Düz 2 saat 50 deq gecikmə ilə baş tutan uçuşu gözləyən sərnişinlər artıq deyinməkdən bir-biri ilə söhbət eləməyə, dostlaşmağa başlamışdılar ki, mən də xəbərim olmadan bir neçə dost tapmışdım, elə onlarla maraqlarda ortaq nöqtələr axtarırdıq ki, birdən bir qadın yaxınlaşdı mənə, bilmədim niyə məhz mənə, amma o vaxtlar heç orasını düşünməzdik, cool vaxtlar idi. Nə isə, dedi bəs telefonu yanmır, məndən onu Londonda gözləyənlərə yazsın ki, nigaran qalmasınlar. Heç ordan da ağlıma heç nə gəlmədi ki nigarançılıq hara London hara.. Nəsə telefonumu verdim mesajlasdi qaytardı, qoşulduq digər sərnişinlərlə söhbətə və minik başlayanda hamı döndü əvvəlki ciddiyyətinə. Heçnə olmamış kimi.Gecikmə nəticəsində qatarı da buraxmışdım, başqa qatar tapmağa qarışan baş heç fikirləşmədi ki bəs görüm o nə sms yazdı, aldı. Nə də olmasa Avropa mentaliteti həqiqətən adamın üstünə oturmuşdu. Başqalarının nəyinəsə olan ac göz azəri marağı yox idi (düzü heç Avropadan əvvəl də yox idi elə də). Telefonuma sms gələndə gördüm ki Azərbaycanca. Sən demə bu xanım Azərbaycanlı imiş. Yazılarında olan səhvlərdən, yadıma saldığım söhbətlərimizdən başa düşdüm ki çoxdandı tərk edib bu doğma diyarı, amma hələ də öz dilimizi işlətməsi xoş idi, isti idi.Beləcə artıq üzdə təbəssüm vardı :) yeni qatar axtarmaq, sonradan metro stansiyada gecələmək və s. qanqaraçılığı getmişdi :) amma günün, daha doğrusu gecənin marağı bitməyibmiş.. Ardı var.* bir pendir manyakı kimi deyə bilərəm ki ən dadlı pendir, elə narıncı olandı. Amma o Holland pendiri deyil. İngilis pendiridi. Leicester (Lester) pendirini yesəniz digər pendirlerə xəyanətiniz davamlı hal alacaq) Bakıda uzun illər yox idi o pendir (hətta məşhur restoranlar pendir assortidə cheddar ilə yola verirdilər. Qiymətlər də yola verməsələr də). Ta ki, Port Bazaar açılana qədər. Amma ondan sonra da elə yox kimi oldu)) çünki kg.ını 138-165 manat arası satırdılar. Sonradan Bravoda da satılmağa başladı, daha münasib qiymətə, təqribən 30 manata. Amma orda satılan waitrose malıdır ki hansı ki heç ingiltərədə onun yaxınına durmurduq. Yaxşı vaxtlar idi Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ziya Bey 

569 dəfə oxunub

Hindistan - Səyahət əhvalatı

Bəs siz heç Hindistanın TV-lərində Xəbər proqramlarına çıxmısız? Videoda baş verənləri anlamaqda çətinlik çəkir, lakin baş verənlər diqqətinizi çəkirsə, onda bu yazını oxuyun. Deməli, bir il ərzində (2017-2018) işimlə əlaqədar Hindistanda yaşamışam. Bu ölkə o qədər rəngarəng və hər mənada gözlənilməzdir ki, demək olar ki, burada hər gün bir əhvalat yaşayırsan. Yaşadığım müddətdə bir çox qeyri-adi, gülməli və bir o qədər də kədərli hadisələrlə rastlaşmışam. Lakin məhz bunu sizlərlə bölüşmək istədim. 2018-ci ilin avqustunda Hindistanın şimalına səyahətimiz zamanı dostum ilə Jaisalmer şəhərinə getdik. Elə oteldə yerləşmək istəyirdik ki, otelin baş meneceri bizə yaxınlaşaraq polis məntəqəsinə getməyimizi xahiş etdi. Sən demə, avtobus dayanacağında bizi qarşılamaq üçün gözləyən otelin digər əməkdaşı əlində adım yazılan A4 kağızı tutduğuna görə həbs olunub. Deyə bilərsiniz ki, nə qəribə cinayətdir, buna görə adamı tutarlar? Biz də belə soruşduq. Otel işçilərinin sözlərinə görə, uzun müddətdir həmin polislə aralarinda ədavət varimiş. Otelin gəlirlərinin çox olması və heyətin müsəlmanlardan ibarət olması polisi qıcıqlandırırmış. Bu dəfə də guya otel işçisinin tutduğu adım yazılan kağız avtobus danacağında olan camaatı çaşdırıb və o bu bəhanə ilə həbs edilib. Məsələni eşidəndə vicdanımız dözmədi, eyni zamanda macəra yaşamaq həvəsi bizə üstün gəldi, ədalətli addım ataraq kömək etmək qərarına gəldik. İlk olaraq oğlanın həbs edildiyi polis məntəqəsinə yollandıq, baş polis ilə görüşdük. Orada izah etdik ki, kağızın üstündə adı yazılan Firuza mənəm və bizi qarşılamasını özümüz oteldən xahiş etmişik. Polis bizim məsələyə qarışmağımızdan heç də məmnun qalmadı və bizi "go to your resort" sözləri ilə yola saldı. Bu rəftardan sonra əsəbiləşdik, məsələni belə qoymamağa qərar verdik. Artıq yavaş-yavaş şəhər kommunası, media nümayəndələri, yoldan keçən hər kəs oraya toplaşırdı. İnsanlar məsələyə biganə yanaşmadığımız üçün bizə təşəkkür edir, müsəlman olub-olmadığımız ilə maraqlanırdı. Biz də əlbəttə ki, "yes, yes, muslim, mashallah, inshallah" filan şəklində cavab verirdik Bir neçə saat ərzində müxtəlif məntəqələr dolaşdıqdan sonra, nəhayət ki, şəhərin baş polisi ilə görüşə bildik. Həmin şəxsə məsələni izah etdim, kobud polis əməkdaşından şikayətimi bildirdim, o da öz növbəsində, lazımi tədbirlərin görüləcəyi və otel işçisinin azad ediləcəyinə dair söz verdi. Əslində, çox yorulduq, gecəni "sleeper bus"-da keçirdikdən sonra özümüzə gəlməyə vaxtımız olmadı, hava da ki çox isti (Jaisalmer şəhəri Tar səhrasında yerləşir). Bütün bunlara baxmayaraq, bu qəribə macəradan zövq aldıq və ən əsası da pulsuz otaq və səhər yeməyi qazandıq Onu da qeyd edim ki, videonu səhifəmdə paylaşdıqdan sonra, yüzlərlə mesaj aldım, hamı bizim cinayətə qarışdığımızı, təhlükədə olduğumuzu düşünüb narahat olmuşdu. Sağ olsun hindlər, xəbər proqramında bütün hadisənin mərkəzinə bizi qoydularhttps://www.facebook.com/100005928302888/videos/1262812263926372/?extid=eJQb5JcPJc6wxrQVƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Firuza Harunova

1816 dəfə oxunub

İtaliya bələdçisi - İkinci hissə (Yurdumun insanları)

Birinci hissədə yazdığım kimi İtalyanları Avropanın qafqazlıları adlandırırlar və bu adlandırma əbəs yerə deyil:) Qafqazlılar kimi səsli-küylü, istiqanlı, kişiləri qadınlara qarşı həddindən artıq diqqətli, dadlı yeməklər hazırlayan, sevən, qanun-qayda saymayan bir millətdirlər:)Romanı və insanlarını xüsusilə çox sevdim, bəlkə uzun müddət orda yaşayanlar belə düşünmürlər amma turist kimi mən xeyli mehribançılıq gördüm:) Orda qaldığım 2 gün yarım ərzində hara girdimsə, kimdən nəsə soruşdumsa hamısı mehriban şəkildə suallarıma cavab verib və hamısı da avtomotik şəkildə gəldiyim ölkəni soruşublar:)Saatlarla uzun-uzun gəzdikdən sonra Romada, şəhər mərkəzindəki kiçik, amma ürəyi böyük bir kafedə oturdum:) Ən dadlı pastanı seçməyə kömək edən ofisiant qız ( İtalyan kimi İtalyan!:) sifarişimi götürdükdən sonra haradan olduğumu soruşdu. Azerbaijan deyəndə qız dayanmadan "wow", "wow", "wow" etməyə başladı, əlini ağzına tutdu, gözləri yaşardı az qala. Mən şoka düşmüşəm, yoxam orda artıq, bilmirəm nə baş verib. Qız sevinə-sevinə içəri getdi, 1 dəqiqə keçməmiş məni restoranın içərisinə çağırdı ( mən bayırda oturmuşdum), getdim gördüm ki, şefi, onun yardımcısı, ofisiantları yığıb məni təqdim edir, "baxin, bu qız azərbaycandandır" deyə. Nə reaksiya verəcəyimi də bilmədən mat-mat sifətlərinə baxıram, şef əlimi sıxdı, bildirdi ki, əvvəl də Azərbaycandan olan müştəriləri olub. Bir az dil-ağız edəndən sonra yenidən keçdim yerimə, pastamı gözləməyə, yenə ofisiant qız gəldi:) Qız elə xoşbəxtdir ki, yerə göyə sığmır. Mənə dedi xahiş edirəm, mənə Azərbaycanın şəkillərini göstər, mənə insanlarınızdan danış, yeməklərinizin şəklini göstər. Qıza googledan xeyli şəkillər göstərdim, insanlarımızdan danışdım, dedim bəs belə qonaqpərvərik, belə istiqanlıyıq (qız hər cümləmə wow, wow edib, hə, sənin kimi deyirdi), mətbəximizdən yoxdur, ölkəmizdə hər şey zordur????Gördüm mən danışdıqca qız az qala qəhərdən boğulub ağlayacaq, fikirləşdim yəqin azərbaycanlı sevgilisi olub, nisgili böyükdür. Soruşdum ki, sən bəs harda eşitmişdin bizim ölkə barədə, necə tanış olmuşdun Azərbaycanla? Qız mənə deyəsən ki, bəs mən birinci dəfədir eşidirəm sizin ölkənin adını, bundan qabaq heç vaxt azərbaycanlı biriylə tanış olmamışam:) Heç nə, pastamı yeyib, hesabı ödəyib, qızdan da avtobusun nömrəsini soruşub çıxdım???? Da ağartmadım üstünü????Elə həmin avtobusun dayanacağına gedəndə avtobusu dəqiqləşdirmək üçün 80 yaşlarından bir nənədən bir də soruşdum. Nənə dedi, bala, elə düz gəlmisən, bu avtobusdur, yolumuz da birdir:) Yolda dedi, a bala, bəs hara maralısan, hansı güzəran gətirib səni buralara? Dedim, ay nənə, bəs mən Azərbaycandanam, məni İtaliya sevgisi gətirib buralara:) Kaşki söhbəti ən yaxşı yerində sonlandırardım və arxasını eşitməzdim, nənə mənə şillə kimi cavab verdi. Deyəsən ki, bəs mən sizin ölkəni çox sevirəm, iki il bundan qabaq Eurovision ərəfəsində sizin ölkəyə gəlmək üçün vizaya müraciət etdim, mənə viza vermədilər! Nənə danışdıqca kədərlənirdi, məndən xeyli Bakı haqqında soruşdu və sonra dedi ki, bala, elə sənin gəlişin Allahdan oldu, mən bu il padruqamla yenə də Bakıya gəlmək üçün vizaya müraciət edəcəm. Dedim sənə viza verməyənlər ölsün, ay Nənə! Bu yaşında qadın Bakı eşqiylə alışıb yanır amma viza ala bilmir. Nənəylə xeyli söhbətləşib düşdük, dedik növbəti dəfə inşallah Bakıda, 65 nömrəli avtobusda görüşərik !:)Həmin günün səhərisi gəzintimi davam etdirəndə yenə bəzi souslar və ədviyyalar almaq üçün bir marketə girdim. Dəqiq xatırlamıram, satıcı səhv etmirəmsə, əfqan idi. Bir xeyli ədviyyaları seçməkdə mənə kömək edəndən sonra hardan olduğumu soruşdu. Azərbaycanlı olduğumu deyəndə, ooo, ohoo Azerbaijan, Azerbaijan deyib gülümsəməyə başladı:) Bu söhbətin axırının haralara gedib çıxacağını gözləyirdim ki, sağ olsun, çox gözlətmədi məni, hekayəyə başladı:) Edit: Statusdakı bütün yazdıqlarım real həyat hekayələrinə əsaslanır???? Bunu ona görə qeyd edirəm ki, elə biləssiz bu zarafat idi, amma bütün müqəddəslərə, İtaliya sevgimə and olsun ki, deyildi:) Dedi mənim bir azərbaycanlı dostum var idi, o bir dəfə Azərbaycandan toy kaseti gətirmişdi. O, mən və bir İtalyan dostumuz sizin toya baxdıq, çox xoşumuza gəldi sizin toy mərasiminiz. Kasetə baxanda italyan dostumuz bir qız bəyəndi:) Bizim xeyirxah azərbaycanlının sayəsində qız da italyanı bəyənib:) Bunlar 10 il skypla danışıblar və bu məsələ xoşbəxt sonla bitib:) Keçən il nəhayət ki, evləniblər və mənim bu satıcı əfqan da onların toyunda iştirak edib:)Daha bir mutlu hekayəni bitirərək diğərinə keçirəm:)Yenə də axşama yaxın bütün Romanı ələk-vələk edərək, bütün rəssamların çəkdiyi rəsmlərə bir-bir baxaraq, bütün küçə çalğıçılarının konsertlərində şəxsən iştirak edərək, bir az dincəlmək, dincəlmək bəhanə, bir tərəfdə gitara ilə Pink Floydun "Another brick in the wall"nu ifa edən küçə musiqiçilərinin ifasını eşitmək, yanında da show göstərən qara dərililərin performansını izləmək üçün çox strateji bir obyekt seçərək, Panteon kilsəsi ilə üzbəüz olan bir kafedə oturdum. Romaya gəlib tiramisunu yoxlamadan da getmək olarmı (bunlar hamısı behane, tiramisu şehane)? Yox təbii!:) Elə tiramisumu sifariş verəndə növbəti azərbaycansevər ofisiantla qarşılaşdım:) Narahat olmayın, bu qardaş lap real azərbaycansevər çıxdı:) Azərbaycanı lap yaxından tanıyan, ürəyi Azərbaycan eşqiylə döyünən bir rus senyor idi:) Xeyli söhbətləşdik, məndən Bakı haqqında soruşdu, ən dadlı tiramisunu məsləhət gördü:) Yəqin yanında da çay olacaq deyə, bütün mahiyyətimizi ortalığa tökən bir sual da verdi???? Tez-tez gəlib əhvalımı yoxlamaq bəhanəsilə Bakı haqqında sorğu edirdi məni (bir növ Bakı sevgisi və sualları ilə istismar etdi məni!:). Doğurdan da qardaş çox yaxşı adam idi, 5-ce dənə də dil bilirdi. Deyəssiz ki, bəs yaxşılığını hardan bildin?:) Sən demə, bu kafe card qəbul etmirmiş, mənim isə üstümdə cash pulum yox idi. O bunu mənə deyəndə mən də normal olaraq, panikaya düşdüm. Panikaya düşdüyümü görən yardım, həm də azərbaycansevər ofisiantımız dedi "no panik", heç narahat olma, sən mənim qonağımsan, qardaşlıq hər şeydən irəlidir. Sənin hesabını mən özüm ödəyəcəm. Onsuz da quru bir maaş üçün bütün gününü ayaqüstə keçirən, o yan-bu yana qaçan mehriban ofisiantın sözləri lap stressə saldı məni. Çantamı diblərinə qədər eşərək, tam-tamına, hesabıma yetəcək qədər 9 avro tapdım. Sevincək pulumu ortaya qoysam da, "yox, yox, narahat olma, sənin pulunu mən ödəyəcəm, bəlkə pula ehtiyacın olar" deyə pulumu geri qaytarmağa çalışdı. 100 dəfə təşəkkür edərək, hər şeyin yaxşı olduğunu bildirərək, mehribanlıqla ayrıldıq????Əslində yazacaqlarım daha uzun, hekayələr daha çox idi amma uzun olduğuna görə burda kəsirəm:) Sizin də səyahətlərinizdən belə kiçik hekayələrinizi oxumaq umidilə! :)P.S. Şəkillər yenə də Google'dandı:)19 Avqust 2017Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:Narmin Kamilsoy  

743 dəfə oxunub

"Hərbiçi şəhər" Grenobl və Italiyadan xatirə

Hər kəsə salam. Nostalji Italiya ve Fransa xatirələrindən.. Indi korona günlərində şəkillərə baxib o günləri yada salırıq)) Italiyada Milan, Turin, Roma, Fransada isə Grenobl şəhərini gəzdim. Italiyaya 2019-ci ilin noyabrında səfər etmişdim, necə deyərlər korona Italiyaya çatmamış gəzib qayıtdım. Ümumi olaraq onu deyə bilərəm ki, Italiya başdan ayağa tarixi - memarlıq, incəsənət ölkəsidir, onu gəzib dolanmağa aylar da bəs etməz. Mənim kimi Romaya cəmi bir gün vaxt ayırsaz, böyük səhv etmiş olarsınız. Ondansa ora getməyin. Oteldən çıxıb ayağını küçəyə atı rsan ki, hər tərəf tarixdir. Hər küçə, tin, dalan gəzib və görməli tarixi məkanlardır. Ümumiyyətlə, Milanda Duomo və Vatikandaki kilsəni gəzərkən öz-özümə heyrətə gəldim ki, əsrlər boyu təmizlik mədəniyyəti olmayan (çimmək nədir bilməyən) Roma papaları, Italiya xalqı necə belə möhtəşəm memarlıq və incəsənət nümunələrini tarixə bəxş ediblər. Yerdən 50 metr hündürlükdəki tavanda işlənmiş rəsm əsərləri, daş işləmələr necə ərsəyə gəlib? Fikirləşə -fikirləşə qalirsan)) Romada həmin o qladiatorların döyüşdüyü böyük tikilinin yanına gedərkən isə özünüzü dilənçilərdən və ola biləcək hər cür fırıldaqdan qoruyun, hər şey ola bilər) Şükür, mən yaxşı qurtarmışam.Yeri gəlmişkən, həmin tikilidə həmçinin Azərbaycan dilində xidmət göstərən yerli bələdçilər də var (pulumuz az olduğundan onların yanından səssiz keçib özümüzü tanıtmadıq).Fransanın Grenobl şəhəri isə kiçik, lakin çox rəngarəng və möhtəşəm şəhərdir. Şəhərin əsas tarixi üstünlüyü odur ki, burjua inqilabı bu şəhərdən başlayıb. Belə ki, Bastiliya qalasının silah anbarı bu şəhərdə yerləşib və yerli əhali həmin anbarı elə keçirəndən sonra Parisə qədər yürüş ediblər(şəhər əhalisinin mənə verdiyi məlumata əsasən deyirəm). Yekun olaraq onu deyim ki, danişmaqla bitməz. Gedənlər görüb, görməyənlərə də qismət olar Inşallah.P.S. Hamı qiymətlərin baha olduğunu bilir. Italiyada yarim litrlik kolaya 2-3 euro (bizim pulla təxminən 5azn) verərkən adamı cox da yandırmır amma üzr istəyirəm ayaqyoluna girişin 1 euro(bizim pulla 2 MANAT) olduğunu görəndə içdiyin kola da səni yandırır)).Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Orxan Hüseynov 

948 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!