1534 dəfə oxunub

Səyahət əhvalatı - Vilnüs

Vilnüsdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Gəlin sizə təxminən 2 il əvvəl getdiyim Vilnius səfərimdən danışım. Bir az uzun çəkə bilər, üzrlü hesab edin.
Avropada oxuyanlar bilər universitetləri olan hər şəhərdə Erasmus Student Network (ESN) adlı təşkilat olur ki,xarici tələbələr üçün tədbirlər, səfərlər təşkil edirlər. Rigada oxuduğum vaxtlar idi, dostlarım xəbər verdilər ki, bəs noyabrda iki günlük Litva səfəri təşkil edirlər, yolpulu hostel, səhər yeməyi daxil 60 euro. Sevinə-sevinə razılaşdıq Rigada tanıdığımız, tanımadığımız Erasmuslu tələbələr hardasa 50 nəfər birlikdə gedəcəyik, əyləncəli olacaq, razılaşmaz olaydıq 

Səfərin ilk hissəsi pis keçmədi, avtobusda uşaqlarla deyə-gülə 4 saat filan yol getdik, Trakai adası deyilən yer var, Vilniusa çatmamış, gölün ortasında xudmani adadır ortasında da orta əsrlərə aid qala. Getdik qalanı gəzdik, şəkil zad çəkdirdik, yola düşdük Vilniusa. Şimal ölkələrində hava tez qaralır deyə saat hardasa 5 idi artıq qaranlıq idi biz Vilniusa çatanda, hava da buz kimi, buna baxmayaraq başladıq şəhərin qədim hissəsini gəzməyə, Uzupis adlı maraqlı bir yer var (şəkildəki yer) bizim içəri şəhər kimi yerdir, şəhərin içində süni balaca respublika qurublar guya, divarda 40 maddədən ibarət konstitusiya. Hər kəsin isti suyla çimmək haqqı var zad 

21366758_1618376714860618_1354755392221835241_o

Müsibət bundan sonra başladı. Məlum oldu ki, ESN xərcləri ucuz gəlsin deyə şəhərdəki ən ucuz hostellərdən birini tutub, "5 Euro" hostel-adı üstündə  hostel də dəmir yol vağzalının yanındadı, hansı ki, alkaş ruslar zad doludur oralarda, ən pisi də odur ki, biz şəhərin mərkəzindən ora kimi ayaqla getməliyik, avtobus yoxdur. 50 nəfərin 50-si də yorğun, soyuq adamı kəsir, təxminən 1 saat yolu piyada getdik. Bütün yolu da xəyal edirik ki, hostelə çatanda rahatlayacağıq. Hostelə çatdıq...hostel nə hostel... it iyi verir, içi də dolu hər cürə əndrəbadi adamlar, alkaşlar zad, hamısı da bizim 50 nəfərlik qrupa mənalı-mənalı baxır. Hosteli işlədən özü də elə bil Pablo Eskobarın əmisi oğludur 

Qalacağımız otağa gətirdilər, ilahi, elə bil Somali qaçqınlarının müvəqqəti saxlanım məntəqəsi, böyük bir zalda matrasları atıblar yerə, kim harda yatdı-yatdı, nə qapı var nə locker zad. Mən, türk, fransız, alman qızlar da daxil olmaqla 5-6 qız özümüzü öldürdük ki, belə yerdə yatammarıq, dedilər yaxşı sizi aşağı mərtəbədə 6 nəfərlik otağa göndərərik. Razılaşdıq, daha bilmirdik ki, bizi orda nə gözləyir, səssiz bir koridor, 4-5 otaq, biz koridora girən kimi üzündən əyyaşlıq yağan, bomjdan bir az fərqli rus kişilər çıxıb bizə "Ooo devoçki krasivıe" zad deməyə başlamadılarmı, qorxudan ölürük, gecəylə burda təcavüzə uğrasaq yuxarıdakıların ruhu da duymaz  Gecəni necə yatmışıqsa,qorxudan qapının dalına şkafı zadı çəkib qoymuşuq, çünki gecə ara-sıra "Devoçki,otkroyte" deyib qapımızı tıqqıldadırdılar. Getsin o gecə gəlməsin. Natəmizlik bir yandan, pis bir mühit bir yandan...çətinlik insanları yaxınlaşdırır deyirlər, alman, fransız qlzlarla əziz bacı olmuşuq uje, ağlayıb qucaqlaşmaq zad Yuxarıdakı zalda yatan uşaqlar da deyirdi ki, səhərə kimi telefonumuzu, kaşloyukumuzu əlimizdə tutub yatmışıq ki, soyulmayaq 

Nəysə, səhəri gün it sifəti ilə yola düşdük ordan Kaunasa. Elə bir az gəzmişdik ki, bir leysan yağış başladı, kəsmək də bilmir, bizi geriyə aparacaq avtobus da şəhərin o biri ucunda, məcburən piyada getməliyik, təpədən-dırnağa su içində, buz kimi havada 3-4 kilometr yol getdik avtobusa qədər.
Rigaya çatanda artıq ikinci dünya müharibəsindən sağ çıxan yəhudi əsirlərə oxşayırdıq... Məşəqqətli iki gündən sonra bir həftə xəstə yatdım... Bu da mənim Litva səfərim.... 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ayten Aliyeva

DİGƏR BLOQLAR

'Business Classla' uçuş

Qərara aldım mən də bu yaxınlarda yaşadığım bir səyahət təcrübəsini bölüşüm :) 20-ci uçuşum Emirates -in B-claassı ilə keçdi. İstiqamət Seul to Dubai idi. Çoxdandır bunu test eləmək arzusunda idim. Adətən mən də işdən əlavə səyahətlərim zamanı Low-costlarda uçuram amma bu dəfə Emirates business classda səfər edəcəkdim. İlk olaraq səfəri reallaşdıran təyyarə airbus a380 idi. Bu nəhəng gəmi, 2 mərtəbədən ibarətdir və ikinci mərtəbəsi First və Biznes klasslar üçün ayrılıb. Açığı bu böyüklükdə bir təyyarənin havaya necə qalxacağının həyacanı məni az da olsa narahat edirdi.Lakin hələ Biznes gözləmə zalında təklif olunan wiskey stressi atmaq üçün əla seçim oldu. Bu gözləmə zalında hər şey var. Komputerlər, printer, yemək, içmək, xidmət və s. Uçuş gecə idi və təyyarədə bizi çox xoş qarşıladılar. Oturan kimi rahatlığın üçün hər şey təmin edilirdi və B.classların əvəz olunmaz içkisi meyvə suyu da var idi və çox təbii idi. Ərəb səhralarını gözünün önündə canlandıran həzin musiqi isə bütün stressi aradan qaldırırdı. Oturduğun yerin tam yanında mini bar var və ən əsası hər şey pulsuzdur. Barda çərəzlər və soyuq içkilər yer alır, işıqlandırma isə göz oxşayır. Qarşında olan monitorda isə vizyonda olan ən son filmlərə baxa bilərsən. Daha bir idarəetmə monitoru isə sağ tərəfdə yerləşdirilib. Ən önəmlisi isə içəridə pulsuz wi-fi var. Təyyarə çox rahatlıqla havaya qalxdı və heç nə hiss etmədik. Havada duş qəbul eləmək kimi bir imkan isə əvəzedilməz bir hissdir. Menyuda şefdən çox əla bir giriş mesajı olur. Çox ləzzətli yeməklərdən dadmaq imkanın var.Şərab menyusu isə ayrıdır. Çox qədim fransız şərabını belə burdan tapmaq olur. Gecə uçuşu zamanı səhər yeməyini də əvvəlcədən qeyd edirsən. Yatmaq zamanı gələndə isə sənin üçün döşək, çox yumşaq yastıq və üstünə sərmək üçün hər şey verilir. Yataq isə 180 dərəcə tam açılır və asan idarə olunur. Cəmi 6 saat rahatlıqla yatdım. Təqdim olunan balaca çantada isə Bvlgari, Versace-dan olan parfumeriya və digər lazımı avadanlıqlar var idi. (Ətir, duş geli, təraş üçün avadanlıq, antiperspirant, şampun və s. və s.). Arxa hissədə ayrıca bar yer alır. Bu barda çox ləzzətli koktel içdim və elə onda təyyarə turbulence-a düşdü. Məni yerimə belə keçməyə qoymadılar və elə bardaca bağlayıb otuzdurdular. 15 dəqiqə bütün barda olan şüşələrin silkələnməsini izləmək biraz qorxuducu və biraz da həzz verici bir hiss yaşadırdı. Ölürüksə belə ölək kimi bir hiss keçirdi adamın içindən :DSəhər məni Seuldan olan və ərəb geyimində çox gözəl bir xanım toxunub oyandırdı. İçmək üçün ilkin təkliflərdən sonra səhər yeməyi gəlir. Səyahət əla idi amma bu qədər təcrübənin içindən o qızın toxunuşu daha çox yadımda qaldı :D Bəzi şəkilləri əlavəyə yükləyirəm :) Seul səfəri isə Korean Air -in b.classı ilə getmişdim. O da əla idi amma bir Emirates ola bilməzdi.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Farid Pardashunas

917 dəfə oxunub

Səyahət əhvalatları - İrana aparan yollar

Uşaq vaxtı səyahət arzumun ünvanı Qərb, Avropa və s. idisə, illər keçdikcə bu, özünü cana yaxın Şərqə dəyişir. Isti yerləri sevirəm. Yayda, iyulun cırhacırında, bir səyahətdən qayıtdıqdan 3 gün sonra, qaşınmağa başladım. Təbrizi, Ərdəbili görmək çoxdankı arzum idi. Qismət olmamışdı.Yazını oxuyan və 'Təbrizin nəyini tərifləyir', '50 il geridə qalıb', 'orda hər yer moşşennikdir' kimi düşüncələrə elə indidən qapılanlar, oxumasalar yaxşıdır.Jurnalistikada müəllimim Vəli Əkbərə zəng etdim. Dedim, bəlkə Təbrizə gedək? Təklifdən bu qədər sevinəcəyini düşünmürdüm düzü. Adamın ürəyi açıldı. Beləliklə, 1 gün sonraya səyahəti planlaşdırdıq.Soruşduq dost-tanışdan, dedilər Biləsuvardan keçin. Astarada çox adam olur və s.. Həm uzaqdır.. Amma Azərbaycanda ayaq basmadığım 2 rayon var idi. Sədərək və Astara. Dedim, yox ey, yolüstü keçməliyəm Astaradan. Maşını xodlayıb, düşdük yola. Yeni çəkilən adı pullu, özü isə hələlik pulsuz olan yol çox əladır. Səni düüüz Astaranın mərkəzinə aparır. Elə mərkəzdə yol soruşurduq ki, dedilər qardaş bu deyy, sərhəddəsiniz. Şəhərdə bir məhəllədir sanki. Maşını günü 2 manata sərhəddə bir dayanacağa qoyub, piyada xəttinə yaxınlaşdıq. Indi gözləyirik ki, basabas olacaq, qırğın qiyamət.. Gördük adam nəəzir)) Bizim sərhəd-keçid məntəqəsi çox baxımlı və səliqəlidir. Rahat keçdik. Bizimlə bərabər 'Iranda qadın' deyiləndə sonuncu dəfə 60-cı illərdə olan biləcək geyimlərdə 4-5 xanım da keçirdi. Sərhəddin bu tərəfində əyinlərində, azərbaycanlı turistlər Qırmızı Körpünü keçib, Batuma gedəndəki kimi əyinlərinə geyindikləri paltarlardan olsa da, neytralda altdan- üstdən qıfıllanmağa başladılar. Bəli.. körpünün yarısını keçərkən gözümüzə Iran bayraqları dəyməyə başlayırdı..Qarşı tərəfə doğru getdikcə baxırıq ki, a kişi burda da adam nəəəzir.. Səbəbini bilməsək də, çox çox rahat formada Iran sərhəddini də keçdik. Pasportlarımıza peçat zad vurmadılar, deyim ki.Hələ Bakıda olanda Irana gedəcəyimizi bilən hər kəs, sərhəddən ehtiyatlı olun, aldadırlar demişdi. Biz də onun təsiri ilə qorxa-qorxa bir taksiyə yaxınlaşdıq. Daha doğrusu, özü bizə yaxınlaşdı. 20 yanvar metrosunun çıxışındakı Sumqayıt taksiləri kimi) 20 qəp.. yo, istəmədilər)) Qardaş dedi ki, baba, hara gedirsiniz? Dedik, Ərdəbilə. İlk ünvan Ərdəbili seçmişdik. Dedi, sizin pulla 5 manata apararam. Dedik, nə ucuz)) Nəsə, mindik maşına.. 90-cı illərin nostaljisinə qapılaraq yola düzəldik.Talış dağlarının davamı, sərhəddin o üzündə də uzanır. Əla mənzərələr var. Bir 20 dəqiqə bu həzzi yaşadır insana. Sonrasa tuneli keçərək dağlıq ərazini tərk edirsən. Sarı tonlu Selcan xatun.. Sorry, sarı tonlu qayalıqlar, səhra başlayır. Bu şofer qardaş dedi ki, acmamısınız? Baay, ölürük acından.. Saxladı bir 'Bığ' restoranı fason yerdə. Yeməyə nə var? Aşla kabab)) Ver gəlsin.. Buarada hər kəs Azərbaycan türkcəsində danışır. Nə fars, nə bir şey.. Fars o torpaqları ilhaq etdiyini düşünə bilər.. Yəni, yalnız düşünə bilər. Beyin və dil azərbaycanca işləyir insanlarda.Yedik, hesabı soruşanda qardaş dedi nə bilim neçəsə min tümən. İrana gedəcəklərçün deyim: Ölkənin rəsmi pulu rial olsa da, hamı bir sıfırı nominaldan silərək, tümən deyir. Məsələn, 100 000 lik rial, gündəlik həyatda 10 min tüməndir. Kursu indi unutmuşam, haradasa 20 manat elədi hesab. Məsələ aydın idi.. Şofer qardaş, daimi işlədiyi restorana aparmışdı. Sonradan faizini alacaqdı.. Nuşi can!Hesabı manatla(!) ödəyib, yollandıq. Ətraf çox köhnədir. Yollar, avtomobillər, evlər.. Amma biz torpağın adına vurğunuq. Azərbaycana gəlmişik. Cənubi və daha böyük Azərbaycana..Heyranlıqla ətrafa baxa-baxa, ənənəvi xam adam sualları verə-verə, Ərdəbilə çatdıq.Bizim tərəflərdə bir yer uzaq olanda 'elə bil Ərdəbilə gedir' deyib, uzaq olduğunu düşünsək də.. Ərdəbil çox yaxındır. Dilimiz qədər.Ərdəbil, Şah Ismayılın və Şeyx Səfinin məzarının olduğu şəhərdir. Yolboyu da həsrətlə onların qəbrini görmək istəyirdik. Damardakı qanımız bizi o məkana doğru aparırdı.. kimi ədəbi-fəlsəfi cümlələr qura bilərdim....amma taksi sürücüsü ənənəni pozaraq, fikirləri alt-üst etməyə imkan vermədi. Bizdən daha bir 20 manat alaraq, Ərdəbilin tam mərkəzində düşürdü. Sən demə adama 5 manata gətirirmiş.. Və bizi 4 nəfər kimi görüb.. Mürtəd oğlu mürtəd.. Halal eləmirəm..))Posta bir neçə foto əlavə edərək, sizi bezdirməmək niyyətilə hekayənin davamını 1 həftə sonraya saxlayıram. (Əslindəsə, yazmaqdan yoruldum))))

1589 dəfə oxunub

"Hərbiçi şəhər" Grenobl və Italiyadan xatirə

Hər kəsə salam. Nostalji Italiya ve Fransa xatirələrindən.. Indi korona günlərində şəkillərə baxib o günləri yada salırıq)) Italiyada Milan, Turin, Roma, Fransada isə Grenobl şəhərini gəzdim. Italiyaya 2019-ci ilin noyabrında səfər etmişdim, necə deyərlər korona Italiyaya çatmamış gəzib qayıtdım. Ümumi olaraq onu deyə bilərəm ki, Italiya başdan ayağa tarixi - memarlıq, incəsənət ölkəsidir, onu gəzib dolanmağa aylar da bəs etməz. Mənim kimi Romaya cəmi bir gün vaxt ayırsaz, böyük səhv etmiş olarsınız. Ondansa ora getməyin. Oteldən çıxıb ayağını küçəyə atı rsan ki, hər tərəf tarixdir. Hər küçə, tin, dalan gəzib və görməli tarixi məkanlardır. Ümumiyyətlə, Milanda Duomo və Vatikandaki kilsəni gəzərkən öz-özümə heyrətə gəldim ki, əsrlər boyu təmizlik mədəniyyəti olmayan (çimmək nədir bilməyən) Roma papaları, Italiya xalqı necə belə möhtəşəm memarlıq və incəsənət nümunələrini tarixə bəxş ediblər. Yerdən 50 metr hündürlükdəki tavanda işlənmiş rəsm əsərləri, daş işləmələr necə ərsəyə gəlib? Fikirləşə -fikirləşə qalirsan)) Romada həmin o qladiatorların döyüşdüyü böyük tikilinin yanına gedərkən isə özünüzü dilənçilərdən və ola biləcək hər cür fırıldaqdan qoruyun, hər şey ola bilər) Şükür, mən yaxşı qurtarmışam.Yeri gəlmişkən, həmin tikilidə həmçinin Azərbaycan dilində xidmət göstərən yerli bələdçilər də var (pulumuz az olduğundan onların yanından səssiz keçib özümüzü tanıtmadıq).Fransanın Grenobl şəhəri isə kiçik, lakin çox rəngarəng və möhtəşəm şəhərdir. Şəhərin əsas tarixi üstünlüyü odur ki, burjua inqilabı bu şəhərdən başlayıb. Belə ki, Bastiliya qalasının silah anbarı bu şəhərdə yerləşib və yerli əhali həmin anbarı elə keçirəndən sonra Parisə qədər yürüş ediblər(şəhər əhalisinin mənə verdiyi məlumata əsasən deyirəm). Yekun olaraq onu deyim ki, danişmaqla bitməz. Gedənlər görüb, görməyənlərə də qismət olar Inşallah.P.S. Hamı qiymətlərin baha olduğunu bilir. Italiyada yarim litrlik kolaya 2-3 euro (bizim pulla təxminən 5azn) verərkən adamı cox da yandırmır amma üzr istəyirəm ayaqyoluna girişin 1 euro(bizim pulla 2 MANAT) olduğunu görəndə içdiyin kola da səni yandırır)).Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Orxan Hüseynov 

1187 dəfə oxunub

Vizasız Niaqara səfəri

2 gün əvvəl Niaqara şəlaləsinə gedəndə olmazın bir hadisə yaşadım. Niaqara şəlaləsinin Kanada - ABŞ sərhədini əmələ gətirən körpüdən çəkiliş etmək istəyirdim və bu səbəbdən 50 sent atıb, turniketdən keçdim. Tək deyildim, yanımda alman bir xanım vardı (tədbirdən tanış olmuşuq). Mən də, kişi-kişi çəkirəm, danışıram ???? Nəsə, bu xanım keçdi ABŞ tərəfə ki, işim var, biz filan vaxtı Kanada tərəfdə olan Hard Rock kafenin qabağında görüşək. Həmin gün də dayanmadan yağış yağırdı və passportu, pulu maşına qoymuşdum ki, zədələnməsin. Kanada tərəfə gələndə məlum oldu ki, passport yoxlaması var. Təsəvvür edin ki, Gürcüstan-Azərbaycan sərhədini Gürcüstan tərəfdən keçirsiz (yoxlamasız) və bilirsiz ki, Azərbaycan tərəfə vizanız yoxdur, amma geri qayıtmağa passport lazımdır. Yağış yağır, məni də babat “lomka” basıb. Öz-özümə deyirəm ki, bu şəlaləni gördün, vacib idi körpüdən çəkmən? İçim-içimi yeyir ki, 45 gün viza cavabı gözlə, sonra da gəl sərhəddən deport olun. Növbə mənə çatanda gömrük əməkdaşı ilə aramızda belə bir dialoq baş tutdu:- Salam- Salam- Mən Azərbaycan vətəndaşıyam. Kanada tərəfdən heç bir yoxlamağa olmadığı üçün elə zənn etdim ki, körpünün üstünə çıxmağa sənəd tələb olunmur. Passportum Kanada tərəfdə maşında qalıb.- Ölkəyə hardan girmisiz? (elə sifət aldı ki, dedim vəssalam)- Bakı-Franfurt-Montreal ilə gəlmişəm- Amerika vizanız var?- Yoxdur.- Kanada ərazisini niyə tərk etdiniz bəs?Bu sözü deyəndə cin necə vurdusa quracağım cümlə yadımdan çıxdı ????Bu sözü demişdi ki, qaqa telefonu götürüb zəng elədi. 2 dəqiqə sonra hündür bir gömrük məmuru dalımca gəldi və məni apardı. Kanada tərəfdə sənədlərində problem olanların saxlanıldığı yerə. Sizə yer deyirəm, ərəb, afrikalı və başqa millətdən olan adamları yığıblar bir otağa. Baxan kimi bilinir ki, bu adamların sənədlərində ciddi problem var. Dərdimi kimə izah etdimsə yaxın duran olmadı. Axırda bir təhər internet tapdım və dostlara SOS siqnalı göndərdim.1 saata passport gəlib çıxdı və məni buraxdılar. İşin gözəl tərəfi isə adım sistemə salınmadı və gömrük məmuru passportda olan vizanı görəndən sonra mənimlə bağlı ilkin yazmış olduğu sarı vərəqi gözümün önündə cırdı. Heç adam vizada olan məlumatları kompüterlə dəqiqləşdirmədi belə. Həmin an qorxudan çox böyük bir təəssüf hissi vardı ki, günün sonunda o da yoxa çıxdı. Vəziyyət barədə xəbər tutan kimi Torontodan Niqaraya gəlməyə hazır olduğunu bildirən Alı qardaşıma da buradan hər şey üçün təşəkkür edirəm. :) )Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nihat Valizada

1015 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!