662 dəfə oxunub

Sərfəli büdcə ilə 6 ölkə, 8 şəhər

6 ölkə, 8 şəhər - cəmi 800 Azn ????

Yazı çoox uzundur, amma birnəfəsə oxuyacaqsınız :)


3 ay qabaq Rəvan ilə iki Yamoniyalı olaraq qərara gəldik ki, bu yay Avropanın bir hissəsini fəth etməliyik.
Planımıza Rəvan 6, mən 7 ölkə saldım.
Bakı Tbilisi qatarı ilə başlayıb, Budapeşt - Bakı Wizzair reysi ilə bitirdik.

İlk günümüz o qədər də yaxşı başladı demək olmaz, 5 ərəblə bir plaskart vaqonda Tbilisə qədər yol getmişik. İstidən vaqon buxarlanırdı. ????
Üz tutduq Kutaisi şəhərinə. Maps.me sayəsində uzun ellər dolaşıb, çox dağlar aşıb hostelimizi tapdıq. Əla qonaqlama, çox mehriban münasibətlə qarşılaşdıq. Gürcülər bu mövzuda əvəzolunmazdır :)
Səhəri üz tutduq Vyanaya.

Vyana - Kübarlıq, Elita, Azadlıq, Sağlamlıq, Əyləncə və rahatlığın şəhəri:

Şəhərə ilk addım atan andan etibarən yuxarıda sadaladığım bütün amilləri görmək mümkündür.

İnsanlar çox pozitiv və yaşından aslı olmayaraq gümrah görünüşdədir. Yaşlısından cavanına qədər hər kəs qaçır, birgə əylənir, velosiped sürür. Şəhərin özünün də bunun üçün geniş imkanları var, şəhərin hər bir nöqtəsində elektrik skuterlər və velosipedlər var. Hansı ki, adicə app vasitəsilə QR kod oxudub götürürsən və istənilən yerdə sərbəst buraxa bilirsən. Rəvanla 2 nəfərə bir skuter götürüb Vyananın küçələrində şou göstərmişik. Axırda da Rəvan yaxşıca yıxıldı. ????

İnsanların çoxunu kafelərdə yox, parklarda piknik edən yerdə görmək olar. Ümumiyyətlə Vyanada saat 6-dan sonra demək olar bütün iaşə obyektləri bağlı olur. Amma gecəsindən - gündüzündən asılı olmayaraq qızlar da, oğlanlar da, yaşlı qadınlar da hər kəs özünə rahat bildiyi yerdə - fantan ətrafında, otluqda, skamyada əyləşib pivə içərək söhbət edir. Parklarda pulsuz rasladuşkalar olur, bəzən də kupalnikdə skamyada uzanıb özünü günə verən qızları görə bilərsiniz.

Şəhər həm tarixi, həm modernliyi özündə birləşdirir. Möhtəşəm tarixi binaları, kilsələri, sarayları var. Bir də Dunay Çayının digər sahilinə keçmək lazımdır, əminəm ki, çox insan keçməyib. Şəhər digər tərəfdən Honkonga da oxşayır, Sinqapura da Nyu Yorka da. Vyanada olduğunu unudur insan.. Gecələr insanlar dunay çayının sahili boyunca uzanıb /əyləşib pivə içir, əylənir, musiqi dinləyir, rəqs edir. Bir sözlə necə lazımdırsa, xoşbəxt yaşayırlar.

Dunay çayında yerləşən adada bir möhtəşəm gecələr keçir nə festivallarda görmək olar, nə barlarda, sadəcə yerində yaşamaq lazımdır :)

Şəhərdə isə bomujlar yox səviyyəsindədir.

Vyana

Vyanadan üz tutduq Romaya. Romanın gəzməli və görməli yerlər Kolizey ilə Vatikan arasındadır. Qalan yerlər ya İstanbuldur, ya da Bazilya. Şəhərin mərkəzi və tarixi hissələri sanki arxeoloji qazıntıda yerin altından tapılıb və heç şotqa ilə tozu da alınmayıb. Həddindən artıq səliqəsiz və çirkli şəhərdir. Mərkəzdən bir-iki küçə uzaqlaşan kimi bütün küçələrin və bütün binaların birinci mərtəbəsi divarlar yazılıb, çirk əlindən heç nəyə toxunmaq mümkün deyil. Çox köhnə və çirkli ictimai nəqliyyatı var. Tramvaylara baxanda, SSSR Bakısındakı tramvaylar yada düşür. Şəhərin bütün küçələrində bomujlar addımbaşı dayanıb. Seneqal, Banqladeş, Kenya, Nigeriya kimi ölkələrdən gələn qaradərililər şəhərin ya küçə alverçiləridir, ya da ucuz xidmət sahələrində işləyirlər.

Yeganə maraqlı və üstün tərəfi tarixi abidələrin özünəməxsus olmasıdır. Həmçinin bütün əsas tarixi abidələr demək olar ki, bir sıra ilə düzülüb. Dediyim kimi hər şey Vatikan ilə Kolizey arasında yerləşir. Bir gün ərzində şəhərin bütün əsas kilsə, muzey və digər maraqlı yerlərini gəzmək mümükündür. Şəhərdə olan zaman heç bir nəqliyyat vasitəsindən istifadə etmədik. Hər yerə piyada gəzərək getmişik.

Roma.jpg

Romadan bezib (oxu: iyrənib) qaçdıq Pragaya.

Bu şəhər də Vyana kimi gözəlliyin və rahatlığın başqa bir adıdır.
Addım başı parklar, meşələr, şəhərin təbiətlə harmoniyası və sakitlik insanın ruhunu dincəldir.
Mərkəzi və tarixi yerlərlə yanaşı, şəhər ətrafı parkları, monastrı, sakit küçələrini də gəzdik. Yolüstü Türk kafesində Belarusdan gəlmiş Azərbaycanlı ilə də rastlaşıb söhbətləşdik.

Xüsusi qeyd edim ki, bu şəhərə Sarı geyinib gəlməyin :D Şəhərdə qəribə cücülər var ki, sarı rəng görən kimi daraşırlar adama. Rəvanın ikinci macərası da bununla başladı. 1 saat cücü qovmuşuq, axırda bacarmayıb köynəyi dəyişdi :D

Prague2

İki günlük macərədan sonra üz Tutduq Çexiyanın ikinci böyük şəhəri olan Brnoya.

Bura haqqında demək olar ki, nağıllardakı şəhərdir. Balaca Praga da demək olar.

Brno

Oradan da üz tutduq, Bratislavaya. Çatana qədər o qədər dost-tanış pislədi ki, dedik görəsən hara gedirik. Gördüyümüz isə əksi oldu, bu da həmçinin bir tərəfdən muasirləşməyə çalışan, bir tərəfindən də tarixi özündə saxlayan balaca, gözəl şəhər idi. Xüsusilə gecələri, PUBları çox maraqlı və əyləncəlidir.

Bir gecə də Bratislavada keçirib Getdik Budapeştə.

Budapesht

Dunay çayını artıq 4-cü şəhərdən izləyirdik. Biraz gərgin və yorğun vaxtımıza düşdü. Rəvanın vecinə deyildi, 3-cü dəfə idi gəlirdi. Mən düşdüm şəhərin canına, burada da insanların həyat tərzi, rahatlığı şəhərin gözəlliyinə gözəllik qatırdı. Şəhərin yuxarıdan (fisherman heykəlinin olduğu yerə çıxdıq) görüntüsü möhtəşəmdir. Dunay çayında yerləşən balaca bir ada da var. Budapeştə gələn hər bir insan mütləq orada olmalı və heç olmasa 1 saat insanlara qoşulub həyatdan zövq almalıdır.

Həmən günün axşamı Budapeşt Bakı reysi ilə üz tutduq Bakıya.

Yalan olmasın 8 günə 300 km yaxın yol piyada gəzmişik. Hal qalar? :)

Səyahət boyu çəkdiyim çox qeşəng şəkillərdən bir neçəsini bura əlavə edirəm, amma hamısını Instagramda @thmsb_mmdv şəxsi profilimdən izləyə bilərsiniz.

Bütün bu macəramızın büdcə və planı haqqında isə Rəvan yazacaq.

Hə bir də hər kəsə Rəvan kimi yol yoldaşı arzu edirəm !

Bir nüansı da nəzərinizə çatdırım ki, sentyabrın sonu bir həftə avropa turum yenə olacaq. Sizə ətraflı ekanom səyahət barədə, və ilk dəfədən ard - arda iki multi şengen almağımın lifehack'lərini bölüşəcəm. Qısası izləməkdə olun. Hamınıza bol səyahətlər arzu edirəm :)

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Tahmasib Mammadov

 

 

 

DİGƏR BLOQLAR

Şarm əş-Şeyx bələdçisi - Hər şey daxil 127 $

Şarm əş-Şeyx, Misir. Hər şey daxil 127 $. May ayının sonundan Ukraynada idim. Vaxtı səmərəli dəyərləndirmək məqsədilə Misirə 1 həftəlik istirahət üçün araşdırma aparmağa başladım. Nəticə gözlənilməz oldu. Şarm əş-Şeyxə (bundan sonra “Şarm”) ən sərfəli təklif edən şirkətlər qaldığım bina ilə üzbəüz yerləşirmiş. Kiyevdən Şarma 1 həftəlik hər şey daxil tur-paketi cəmi 127 dollara aldım. Paketə (yəni 127 dollara) aşağıdakılar daxil idi. Səyahət sığortası. SkyUp Airlines ilə birbaşa çarter reyslər. 23+10 kq baqaj. Həm ingilis (Kərim), həm də rus dilli (Viktoriya) tur rəhbərləri. Transferlər, aeroport-otel-aeroport. 4* otel Sharm Holiday Resort (otelə söz ola bilməz) AI qidalanma. Səhər saat 07.00-dan gecə 23.00-a qədər (gündə üç dəfə) qidalanma. Gün boyu limitsiz içkilər. Hər gün səhər saat 08.00-dan 17.00-a qədər (hər yarım saatda bir) müxtəlif çimərliklərə rahat avtobuslarla gedib-gəlmək. Otel daxilində akvapark, böyük hovuzlar, stolüstü və böyük tennis, voleybol, futbol, hovuzlar və s. müxtəlif əyləncələr. Uşaqlar üçün müxtəlif əyləncələr (çox maraqlı olur) və xüsusi müəllim. Viza. Misir Azərbaycan vətəndaşlarından viza tələb edir və rüsumu 25 dollardır. Sadəcə Şarma gedirsinizsə (Sinay yarımadasına) və geri dönüş biletiniz varsa viza lazım deyil. Yox mütləq Qahirə, Luksor, İskəndəriyyə, Asuanı görməliyəm deyirsinizsə əvvəlcədən viza alın. Mən vizanı Şarm havalimanında cəmi bir neçə saniyəyə aldım. PCR Test.Kiyevdə test qiymətləri 700 uah ətrafındadır, Getməzdən bir gün əvvəl neqativ PCR test cavabı hazır olmalıdır. Şarmda oteldə test 45 dollardır. Ucuz variant isə Sharm El Sheikh International Hospital-dır, 31 dollar. Otel. Mütləq şəkildə 4* və ya 5* otel seçin. Yoxsa əsl Şarmı hiss edə bilməyəcəksiniz.Mobil nömrə. Demək olar ki, bütün otellərdə wifi zəifdir. Havalimanının çıxışında bütün mobil operatorların təmsilçiləri var. Ən yaxşısı qiyməti 12 dollar olan Vodafone Egypt nömrədir. Xeyli danışıq dəqiqəsi və 10 gb internet olur. İkinci yaxşı Orange-dir. Təxminən Vodafone ilə eynidir.Misirdə “whatsapp call” işləməyə bilər. Face app, viber, messenger və s. mobil tətbiqlər işləyir. Özümüzlə mütləq götürməliyik.Krem. Əgər günəşdə yanıb, qap-qara olmaq istəmirsinizsə mütləq.Power bank. Çoxlu çəkiliş edəcəksinizsə mütləq.ABŞ dolları. Mümkündürsə çoxlu 5, 10 dollar, hətta 1 dollar belə asanlıqla istifadə edilir.Baş örtüsü. Çox köməyi olur, adam istidən bezmir. Mən sonradan aldım. Birinci gün hamı mənimlə rusca danışırdı. İkinci gün isə artıq ərəbcə danışmağa başladılar, qap-qara olmuşdum. Şarm haqqında.Bir vaxtlar kiçik bir bədəvi qəsəbəsi olan Şarm səksəninci illərdən sonra qoyulan turizm investisiyaları ilə sürətlə inkişaf etdi və dünya səviyyəli istirahət seçimləri təklif edən tətil mərkəzinə çevrildi. Qırmızı dənizin təmiz suları, mərcan rifləri və zəngin sualtı həyatı buranı hər keçən gün daha da cazibədar edir. Asiya və Afrikanı birləşdirən Sinay yarımadasının cənubunda yerləşən Şarm "şeyx körfəzi" mənasını verir və ərəbcə "Şarm-əş-şeyx" olaraq oxunur. Bir tərəfdə əzəmətli Sinay dağ silsiləsi və sinay səhrası, digər tərəfdən rəsm əsəri kimi sahili ilə qonaqlarına unudulmaz bir tətil vəd edir. Şarm, magistral yol boyunca düzülmüş 4 fərqli bölgəyə yayılmış şəhərdir. Nabq körfəzi, Naama körfəzi, Hadaba (ras um sidd) və Sharm old town. Naama körfəzi, şəhərin əsas mərkəzi deyə biləcəyimiz bir yerdir. 1983-cü ildə Misir Sinay yarımadasını İsraildən geri aldıqda, Naama körfəzində yaşayış yeri yox idi. İndi isə restoranları, məşhur otelləri, fast food şəbəkələri, və s. ilə çox rəngli və canlı yerdir.Təxminən 1 km uzunluğundakı çimərliyi ilə dəniz, qum və günəş sevənləri cəlb edən yerdir. Ticarət əsasən Naama sahilindədir. Geyim mağazalarından əlavə, zərgərlik mağazalarının müxtəlifliyi və sıxlığı ilə də diqqət çəkir. Şarmda maraqlı nələr etmək olar?Əvvəlcədən deyim ki, Şarma gedirsinizsə Qahirə, Luksor, İsgəndəriyyə kimi yerlərə getməyi planlamayın. Şarmı tam anlamıyla hiss etmək üçün azı 15 gün lazımdır.Çimərliklər.Ən birinci əlbəttə ki, çimərliklər. Əgər zəif üzürsünüzsə “Naama Bay” sizin üçün ideal seçimdir. Qum, təmizlik, xidmət yüksək səviyyədədir.Üzməyə professional yanaşanlar üçün "Fanar Beach" əvəzedilməzdir. Birbaşa 5-10 metr dərinlikdə mərcanların içində gözyaşı kimi tər-təmiz suda üzmək və müxtəlif rəngli canlıları izləmək heç nə ilə əvəz edilə bilməz. Mənim yanıma özümdən böyük tusbağa da gəlmişdi, biraz birlikdə üzdük və getdi. Saat 17.00-dan sonra çimərliklər bağlanır. Tiran adası və Ras Muhamməd Milli Parkı arasında edəcəyiniz dayvinq turu unudulmaz olacaq. Qırmızı dənizin dünyada tayı-bərabəri olmayan sualtı mənzərələrini və canlı aləmini izləyəcək, istədiyiniz qədər müxtəlif balıqları görəcəksiniz. Nəzərə alın ki, dünyada 10 ən yaxşı dayvinq mərkəzindən 3-ü Misirdədir. Tarix və fərqli mədəniyyətlər ilə maraqlananlar.Bədəvilərin yaşayış tərzləri, dəvələrlə gəzinti, çox qədim tarixi yerlər sizə unudulmaz təcrübə yaşadacaq. Kvadrosikl sürmək üçün çox gözəl yerlər və hazır turlar var.Yemək.Qaldığım oteldə yemək və içki çeşidləri olduqca bol idi. Yeməkləri həm çox qidalı, həm də dadlı idi. Xüsusilə dəniz məhsulları, meyvələri, tərəvəzləri və təbii şirələri çox dadlı idi. Veqan və vegeterianlar üçün demək olar ki, cənnət idi. Hər yeməkdə müxtəlif növ bişmiş və yeni tərəvəzlər və meyvələr olur. Şirniyyatları o qədər də yaxşı deyil. Əsl Misir şirniyyatının dadını bilmək istəsəniz Genena Mall-ın girişindəki Tseppas-a baş çəkin. Buradakı dadları ancaq Türkiyənin Antep və Mersin tərəflərində görəbilərsiniz. Ət yeməkləri bərk olur, tam bişirmirlər. Həm dəniz məhsullarınını, həm toyuq ətini, həm də mal ətini bərk və bol ədviyyatlı edirlər. Valyuta. Ölkədə Misir funtu (EGP) istifadə edilir, ancaq dollar hər yerdə işləyir. Siz bir şey alanda dollarla ödəniş edin, qalığı funtla qaytaracaqlar. Turistlər.Hazırda Şarmda turistlərin 90 faizi ukraynalılardır. İkinci yerdə Qahirə və digər şəhərlərdən gələn varlı yerlilər, çox az sayda avropa və orta asiyalılar var. Danşıq dili.Şarm havalimanında otellərdə, marketlərdə, ticarət mərkəzlərində hamı rus dilini başa düşür və danışır. Hər yerdə yazılar, menyular və s. hətta mərkəzdə yerləşən polis bölməsinin adı da rusca yazılıb. Ərəblərin rusca danışmağı hindistanlıların ingiliscə danışmağı kimi bir şeydr. Adamlar Palm Hotel-ə “bal utel” deyirlər ))Rus dili bilməyənlər narahat olmasınlar, ingilis dilini də hamı lazım olan qədər bilir. Hədiyyə.Ən yaxşı hədiyyələr: Misir xurması, maqnetlər, müxtəlif çaylar (daha doğrusu çaya əlavələr), ədviyyatlar, ətir və ərəb qızılı (gömrükdə tanış yoxdursa almayın). Bənzərliklər. Hər yerdə qara qarğalar və milçəklər var ))Əksər dükanlarda və taksilərdə yüksək səslə Qurana qulaq asırlar, ancaq dindar deyillər. Təmizlik, xidmət, keyfiyyət.Şarmda həm otellər, həm dəniz həm də bütün iaşə obyektləri tər-təmizdir. Xidmət yüksək səviyyədədir. Hər keçən il keyfiyyətdə irəlləyişlər baş verir. Hələlik bu qədər.#uçmaqüçündoğulanlar #GYD21 #luxor #travelbloggerlifestyle #KBP #ukraine #travelling #skyup #Egypt #sharmelsheikh #sharmholidays #tuifly #joinup #anextour #cairoegyptƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Elşən İsmayılov

3801 dəfə oxunub

Dünyanın 7 möcüzəsindən biri - Maçu Piçu

Machu Picchu. Səyahəti sevan hər bir insan bu möcüzəni görmək istəyir. Bəzən yanlış əldə olunmuş və ya yanlış verilmiş məlumat səyahət planlamasını alt-üst edə bilər və ya ümumiyyətlə səyahət istiqamətini dəyişə bilər. Postu açmaqda əsas məqsədim Machu Picchuya səyahət planlamaq istəyən insanlara həm kömək olmaq, həm də bu möcüzəyə olan səyahəti sizinlə paylaşmaqdır.Yəqin ki, qrupda hamının Machu Picchunun dünyanın 7 yeni möcüzəsindən biri olduğundan məlumatı var. Bu yeddilərdən biri Perunun Cusco şəhəri yaxınlığında yerləşir. Onu da qeyd edim ki, Cusco şəhəri bu günə qədər gördüyüm və gəzdiyim ən gözəl şəhərdir. Küçələri bəzən indi bizim qoruya bilmədiyimiz, aqalay daşlarla üzü fasadlanmağa başlayan İçəri şəhərimizə oxşayırdı. Hər daşında bir mədəniyyət, bir tarix yatan bu şəhər İnk imperiyasının paytaxtı və bir vaxtlar dünyanın mərkəzi sayılıb. Machu Picchuya səyahət məhz bu şəhərdən başlayır. Bu möcüzə haqqında bu qrupda çox miflər oxumuşam????.Bəzən kimisi getməyin çox ağır olduğunu, kimisi yolun çox uzun olduğunu, kimisidə piyada həddindən artıq çox yol getməyin labüd olduğundan yazıb. Bəli bu sadalananların bəziləri reallıqdı, amma bu reallıqlar insanlara və sizin seçiminizə görə dəyişir. Bura çox rahat və əziyyətsiz də getmək olur. Sizi səhər tezdən qaldığınız otel və ya hosteldən maşın götürür və axşam götürdüyü yerə qaytarır. Sizin payınıza düşən yalnız avtobusdan düşüb qatara, qatardan düşüb avtobusa minməkdir. Son avtobus sizi düz parkın girişinə gətirir. Problem yalnız hündürlük ilə bağlı ola bilər. Qiymətlərə gəldikdə isə bu yuxarı və aşağı (yağışlar sezonu) sezona görə dəyişir. Forumlarda bilet haqqında maraqlananda əldə etdiyim tək məlumat biletin mütləq əvvəlcədən rəsmi saytdan alınması ilə bağlı idi. Bu da mifdi. Siz rəsmi saytda göztərilən 300-330 usd əvəzinə yuxarı sezonda 260 və aşağı sezonda 230 usd verib qaldığınız otelden tur ala bilərziniz. Əgər kimsə bütün biletləri özü alıb özü getmək istəsə, göstərilən qiymətlərdən 20-30 usd az pul ödəyəcək amma nəyin harda olduğunu öyrənmək və qatara vaxtında çatmaq üçün kifayət qədər əziyyət çəkəcək.Həm mənim göztərdiyim qiymətə bələdçi də daxildir, hansı ki, çox maraqlı məlumatlar əldə etmək olur danışdıqlarından. Əlavə olaraq siz başqa versiyada 5 günlük program götürüb Salkantray trek adlı məhşur yolu piyada da gəzə bilərsiz. Bu yol piyada Machu Picchuya getmək üçün ən ideal trekdir. Sonda onu da qeyd edim ki, bir gün bu möcüzəyə səyahət planlasanız, digər möcüzə şəhər – Cuscoya (bu paylaşım sırf MP-yə aiddir və Cusco haqqında ayrı bir post olacaq) ən azı 3-4 gün ayırın. İnanın Machu Picchuya görə ora gedib, bir başqa möcüzə - Cusconu tapıb ona vurulacaqsınız.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Agazade Rasim

1366 dəfə oxunub

Keçmişini unutmayan şəhər - Lissabon

… Çayın kənarında, yaşıllığı bol bir Avropa şəhəri xəyal edin. O şəhərin tarixi, ensiz küçələrində, sarı, köhnə, birvaqonlu tramvaylar var. Şəhər müasirləşir, inkişaf edir, eyni zamanda, qədim üzünü də qoruyur: tarixinə hörmət edir, köhnə tikililərə toxunmur, incitmir… Qısası, gəzdikcə şəhərin ruhunu duyursan.Tarixlə müasirliyin kəsişdiyi şəhərBir tərəfi çay, mavilik, yeni tikililər, müasirlik, digər tərəfi isə tarixi tikililər, yüksəklik…Söhbət Taxo (Tejo) çayının sahilində, yeddi təpə üzərində yerləşən Lissabondan (Lisboa) gedir. Portuqaliyanın paytaxtı və ən böyük şəhəridir. İstanbul və Roma kimi 7 təpə üzərində qurulub.“Bu şəhəri sadəcə anlamaq, ruhunu duymaq lazımdır”Bu yaxınlarda fransız jurnalist dostumun “Instagram”da Lissabondan foto paylaşdığını gördüm. Təxmini belə bir başlıqla: “Bu şəhəri sadəcə anlamaq, ruhunu duymaq lazımdır”.Bənzəri olmayan gözəllikŞəhərin müasir tərəfini modern binalar, restoranlar, mağazalar, tarixi hissəsinin ensiz küçələrini sarı tramvaylar bəzəyir.O sarı tramvaylar var ha, bax, onlar Lissabonun bütün görməli yerlərindən keçirlər. Mən bir dəfə şəhəri piyada gəzdim, doymadım. İkinci dəfə isə tramvaya minib, 2-3 dövrə vurdum. Lissabona səyahətimin 31-ci günü gəldiyimi, həmin günlərin hamısını dayanmadan gəzdiyimi düşünsək, pis nəticə sayılmaz.Lissabonun görülməli üzləri…“Alfama” – Lissabonun “Sao Jorge” qalası ilə Taxo çayı arasında, yoxuşda qurulmuş köhnə məhəlləsidir. Adı ərəbcədən götürülüb (Al-hamma), “hamam” deməkdir. Burada çoxsaylı tarixi binalar və barlar var.Bir də çay kənarında, yeni salınmış, müasir yaşayış bölgəsi və yaxınlığındakı “Belem” adlanan yerə gedə bilərsiniz. Buradakı “Belem” qalasını da ziyarət etmək olar. Muzey sevənlər, tarix və dənizçilik muzeyinə baş çəkə bilərsiniz. Bilirsiniz, Portuqaliya dənizçilik sahəsində dünyada məşhurdur. Yox, muzeyə xərcləməyə pulunuz qalmayıbsa, üzülməyin. Şəhər özü canlı muzeydir elə. Gəzməklə də Portuqaliyanı, portuqaliyalıları, Lissabonu, bu şəhərin sakinlərini tanıya bilərsiniz.Görülməyi gözləyən Müqəddəs Məryəm Katedralı (Santa Maria Maior) da var. Lissabonlular buranı “Se” - deyə də adlandırırlar. Şəhərin ən köhnə kilsələrdəndir.Alış-veriş etmək istəyirsinizsə, “Rua Agusta” küçəsinə gedin. Sağı-solu brend markalara aid mağazalarla doludur. Buradan Portuqaliya, Lissabona aid suvenirlər, dostlarınıza əl işlərindən olan hədiyyələr də tapa bilərsiniz. Küçənin ortasını kənardakı restoranların rəngli masaları bəzəyir. Canınız yemək çəkirsə, burada qarnınızı doyura bilərsiniz.Lissabonla İstanbulun bənzərliyi nədədir?“Rua Agusta”nın sonu Taxo çayına açılır. Başlanğıcını İspaniyadan götürən çay Lissabondan Atlantik Okeanına tökülür. Bu arada, İspaniya Portuqaliyanın yeganə qonşusudu. Burada sizi “Praça do Comercio” meydanı salamlayır. Çoxu Lissabonu İstanbula bənzədir. Elə İstanbula bənzəyən yeri də burasıdır məncə. Körpüsü, maviliyi… Meydanda “Ribeira” sarayını da görə bilərsiniz. Möhtəşəm tikilidir.Saray 1755-ci ildə tikilsə də, bir dəfə zəlzələdə dağılıb, sonradan yenidən restavrasiya edilib. Bununla belə gözəldir.Meydanın yaxınlığında Pivə Muzeyi də var (Museu da Cerveja). Muzeyin kafe hissəsində pivələrin və balıqdan hazırlanmış kekslərin (görünüşü Kiyev kotletinə bənzəyir) dadına baxa bilərsiniz.5 avroya yüksəklik keyfiLissabon dərə-təpə şəhər olduğundan məhəllələr arasında liftlər var. Ən məşhur turistik lift isə “Santa Justa”dır.Liftə mindiyimiz hissə “Baixa”, yuxarı çıxdığımız bölgəsi isə “Bairro Alto/Chiado” adlanır. Yuxarıda otel tikilib. Buradan aşağıdakı mənzərəni seyr etmək üçün otel ərazisinə keçmək gərəkir. Təbii, icazə var. Liftlə qalxıb-enmək 5 avrodur. Nə isə “Bairro Alto”dan şəhərə açılan mənzərə sadəcə möhtəşəmdir. Həm çay, həm də “Rossio” meydanını görmək olur. Burada foto çəkdirə, ya da eləcə mənzərəni seyr edə bilərsiniz. Dəqiq yadımdadır, məni qolumdan çəkə-çəkə endirmişdilər.Dadı damaqda qalan dəniz məhsulları və sangriyaMətbəxləri də çox dadlıdır. Ən azı mənim yediklərim elə idi. 3 gün ərzində ancaq dəniz məhsullarından olan yeməklərinin dadına baxa bildim. Burada da İspaniyadakı kimi paella (bulğura oxşayan düyüdən hazırlanmış, qırmızı, sarı və ya qara rəng çeşidləri olan plov) var. Rəngi İspaniyadakından bir az fərqli, tünd, qarayaçalan idi. Dadına isə söz ola bilməz. Eynilə İspaniyadakı kimi burada da az qala hər restoranda sangriya (adi qırmızı şərabın meyvə və meyvə şirəsi ilə qarışdırılaraq, içinə buz, limon qoyulmuş forması) verilir. Balıqları isə sadəcə möhtəşəmdir, q iymətləri də çox baha deyil. Lissabonda yediyim “cheesecake”-li dondurmanın dadı isə yəqin bir ömür yadımdan çıxmayacaq.Lissabona getsəniz, harada qala bilərsiniz?Lissabonda qalmaq üçün 5 ulduzlu otellərdən tutmuş, hostellərə, qonaq evlərinə qədər hər cür seçim var. Şəhəri tanımaq, havasını, ruhunu duymaq istəyirsinizsə, sizə mərkəzdə qalmağı tövsiyə edirəm. Belə deyim, pəncərəniz şəhərin mənzərəsinə, mərkəzinə, ürəyinə açılsın. Şəhərlə oyanıb, şəhərlə yatmağın ayrı bir ləzzəti var çünki… Həm də kənarda qalmaq vaxt itkisidir.Biz düz şəhərin mərkəzində, qonaq evində qaldıq. 2 nəfərə gecəsinə 75 avro ödəməklə. Pensao Elegantenin təmizliyi, şəraiti, yerləşdiyi bölgə əla idi.Yaz-payız – Lissabonla görüşün ən yaxşı vaxtıAvropanın ən isti paytaxtı sayılır Lissabon. Məncə, ora getməyin ən gözəl zamanı aprel-may və sentyabr-oktyabrdır. Yəni yaz və payız fəsilləri. Bununla həm yaşıllığı görə, dəniz kənarında üşümədən gəzə, həm də kəskin istidən və soyuqdan qoruna bilərsiniz.Necə gedək?Portuqaliya şengen vizası tələb edir. Bu ölkəyə vizanı Bakıdakı Fransa Səfirliyi verir. Getməyə gəlincə, Bakıdan Lissabona “Aeroflot” (Rusiyanın hava şirkəti) və Türk Hava Yollarının (THY) reysləri ilə gedə bilərsiniz. Qiyməti gedəcəyiniz günlərə və bileti nə qədər tez almağınıza görə dəyişir. Gediş-gəliş üçün minimum 500 manatı gözdən çıxarmalısınız. Biz başqa cür etdik. Bakıdan “Wizzair”-lə (Macarıstanın hava şirkətidir) Budapeştə (Macarıstan), oradan İspaniyaya, daha sonra isə Portuqaliyaya keçdik. Sonda da Portuqaliyadan yenə Budapeştə, oradan da Bakıya döndük.Portuqaliya bununla bitmədiPortuqaliya yaddaşımda əyləncəli və ən sevimli səyahətlərimdən biri kimi qaldı. Hələ səyahətin ən gözəl tərəfini, Lissabon yaxınlığındakı qəsəbələri – Cascais, Ericeira, Sintra, Mafra, Cabo De Roca burnu, şərabları ilə məşhur Porto şəhəri barədə yazmadım. Növbəti yazıların birini buna həsr edəcəm. Lissabona gəlincə, mütləq və mütləq getməlisiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Güler Mehdizade

2287 dəfə oxunub

Dərslik səhifələrindəki Madrid

Madriddəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Madridə getmək mənim çoxdankı arzum idi, hələ universitetdə ispan dilini oxumağa başlayanda bu sevdaya düşmüşdüm, amma nəsə alınmırdı, arzunun gerçəkləşməsi düz 10 il sonra mümkün oldu.Turizm ilə bağlı verilişlərdə belə bir format var, iki insan eyni şəhərə gedir, birinə zəngin həyat- bahalı otellərdə gecələmək, muzeylər və konsertlərdə iştirak, birinə isə kasıb həyat – parklarda yatmaq, kafelərdə yemək, hostellerdə qalmaq nəsib olur. Mənim də səfərim bunlardan idi, yəni Madriddə zəngin, Barsada isə kasıb olacaq və hər şeyə qənaət edəcəkdim ????Biletlər: Madridə Bakıdan ucuz bilet tapmaq çox çətindir – xüsusən də avqust və sentyabr ayları üçün, mənim viza alacağıma ümidimin az olduğu üçün  biletləri almağa gecikdim, ona görə ucuz biletlərlə bağlı məndən məsləhət gözləməyin.Qalma yeri: Madriddə qonaq qaldığım üçün qalma xərcim olmadı, evin şəklini isə aşağıda görə bilərsiniz. Barselonada isə günü 20 avrodan, 5 gün hosteldə qaldım, müxtəlif ölkələrdən olan qızlarla eyni otağı paylaşdıq. Sadəcə hostel o qədər də yaxşı vəziyyətdə deyildi, ona görə oradan şəkil paylaşmıram. Amma linkdən girib tanış ola bilərsiniz.MadridMadridə getsəniz, mütləq Plaza Mayora və Puerta del Sol-a baş çəkin. Deməli bazar günləri Plaza Mayorda “marka” yarmarkası olur, marka üzrə bilicilər hamısı kataloqlara baxır, seçir, marka alış-satış ilə məşğul olur. Maraqlıdır ki, bütün markalar kataloqlaşdırılıb və hamısının qiymətləri bəllidir, bu qədər alıcılar bir yerdə olması, markalara baxıb sövdələşməsi maraqlı mənzərə yaradır.Həmçinin RastroRastro-da insan əlindən tərpənmək olmur, bu da ancaq bazar günlərinə aiddir, amma yarmarka bitəndə hər şeyi elə təmizləyirlər ki, sanki burda heç bazar salınmayıb. Qiymətlər də münasib olur, insanlar əl işlərini və s. satışa çıxarır.Madridin simvoluMoruq ağacına söykənmiş Ayı bu heykəlcik Madridin əsas simvollarından biridir.  Bu rəsm həm də Madridin gerbində əks olunur. Ayı Kral  XI Alfonsunun paytaxt yaxınlığında ovladığı ayının şərəfinə gerbə düşüb, həmçinin bu ərazilərdə moruq ağaclarının bol olması və onların gerbdə əks olması həmin torpaqların kimə məxsusluğuna işərədir. Gerbdəki ulduzlar Böyük Ayı bürcünə, Tac isə monarxiyaya işarədir. Yəni gerbin kral ailəsinə məxsusluğunu göstərir. Heykəlin müəllifi isə  heykəltaraş Antonio Navarro Santafédir.Madriddə baş çəkə biləcəyiniz yerlər sırasında Prado muzeyi, Real Palacio de Madrid, Santiago Barnabeu stadionu və muzeyi də var. Özümü hansısa futbol klubunun fanatı hesab etmirəm. Amma ki, Real mənə bir köynək daha yaxındır.Bəs sizin Zidanla şəkiliniz var :)İspanlar yeni ili Plaza Mayor-da qarşılayır. Saat 12-nu vurmağa az qalmış, son 12 zəngdə, əqrəbin hər tərpənişində insanlar ağızlarına bir üzüm qoyur və gələn ilin hər ayının bu üzüm kimi dadlı olmasını diləyirlər.Madriddə gəzəndə sanki illər öncə keçdiyimiz dərsliklərin səhifələrində gəzirdim, Corte İngles, Parque de Retiro, Puerta de Sol, Barrio de Las Austrias, Plaza de Espanya, Gran Via – hamısı mənə necə də doğma idi.Mənim ən sevdiyim məkanlardan biri isə Escorial oldu.Escorial Austrias sülaləsindən olan kral ikinci Feliepenin istirahət iqamətgahı olub. Burada İspaniya tarixinin təqribən  600 əsrlik bir dövrü əks olunur. Escorial özündə həm də kilsə, məqbərə, kralın və onun xanımın otaqlarını və rahiblər üçün nəzərdə tutulmuş binaları birləşdirir, burada hələ də Auqustin ordeninə məxsus rahiblər də yaşayır. II Felipe özünün əzəmətini və gücünü göstərmək üçün möhtəşəm kitabxana da düzəltmişdir və bu o nadir kitabxanalardandır ki, burada kitabların ənənəvi qaydada deyil səhifələri çölə doğru düzülüşü ilə qarşılaşmaq olur. Səhifələrin kənarı isə qızılla işləndiyindən kitabxanadakı kitabların hamısı eyni qaydada qızılı görünür. Bu da bir daha həm kralın gücünü və zənginliyini nümayiş etdirir, digər tərəfdən isə kitabları həşəratlardan qoruyur. Onların, kataloqlar əsasında hansı kitab olduğunu müəyyən etmək olur.Amma Escorialın ən gözəl hissələrindən biri iki sülaləyə məxsus kralların dəfn olunduğu hissəsidr. Burada krallar və kral anası olmuş kraliçalar dəfn olunub. Yəni kralın bir neçə arvadı olsa belə, onlardan yalnız növbəti kralın anası olmuş xanımlar bu şərəfə müəssər olur.Eyni bir məqbərədə bu qədər kralın nəşinin olması da çox nadir hadisələrdəndir və dünyada demək olar ki yeganədir. Söhbət iki sülalə Austrias və Burbonlardan gedir.  Foto çəkilişə icazə verilmirdi deyə demək olar ki, heç nə çəkə bilmədim.İspanlar deyir ki, Austrias sülaləsi bütün dünayaya sübut etmiş ki, qohumlarla evlilik pis nəticə verir. Belə ki, onlar yalnız öz sülalələrinə məxsus xanımla evlənirmiş və nəticədə hər növbəti varis əvvəlkindən daha zəif olurmuş və son varis isə II Karlos (El hechizado), yəni lənətlənmiş adı ilə tanınıb. Övladı olmadığı üçün o Austrais sülaləsinin İspaniyadakı hökmranlığını başa çatdırıb və beləliklə bu gün də formal olsa belə davam edən Burbonlar sülaləsinin İspaniya hökmranlığı başlayıb.Tarixi faktlarla sizi çox da yormaq istəmirəm. Amma Escoriala mütləq gedin.Madriddə vaxtınız çox olsa yaxınlıqdakı Toledo şəhərinə də baş çəkin.Burada ən azı Familia Sagrada qədər əzəmətli olan Cathedrala da girə bilərsiniz.Baş çəkdiyim digər məkanlardan biri isə Valle de Caidos oldu – bizim dildə təqribən şəhidlər xiyabanı anlamına gəlir. Bu abidə isə vətəndaş müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidədir. General Fransisko Frankonun da məzarı burada yerləşir. Onun əleyhdarları məzarın abidədən çıxarılmasını və başqa yerə köçürülməsini tələb edir.Ardı var...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Konul Soltanova 

1070 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!