1589 dəfə oxunub

Saxurların gözü Mamrux

Bugün çoxdan arzuladığım bir səfəri reallaşdırdım. Velosipedlə aramızda bir dağətəyi kənd olan Mamruxa getdim. Belə yerlərdə iki ya 3 nəfərlik qruplar arzuolunandır. Mən də hər zamankı kimi Şıxəmirlə getdim. Səfərimizi səhər 6 - da düşünsək də tez olduğuna görə 8 - ə dəyişdik. Bir saata kəndə çatdıq.

Öncə kənd məscidinə, onun həyətindəki köhnə Alban məbədinə baş çəkdik. Məscid bölgə memarlığı üslubunda tikilib. Doğma olan üslubu burada da görmək ruhumuzu oxşadı. Karantin dövründə olduğumuz üçün təəssüf ki, bağlı idi. Sadəcə həyətində gəzə bildik.


Deyilənə görə, Alban məbədi sovet dövründə tövlə kimi istifadə olunub. Hazırda isə baxımsız vəziyyətdədir. Ancaq bir həyətdə həm saxurların xristian olduqları dövrdə tikilən köhnə bina, onunla eyni həyətdə yenə saxurların müsəlman olduqları müasir dövrdə tikilən məscid vardı. Bu tandem xoş təəssürat yaradır.

Ondan sonra məscidin sol tərəfindən 150 metr aralıqda yerləşən, divarında ərəbcə məlumat lövhəsi olan körpüyə baş çəkdik. Ətrafı iri ağaclarla əhatə olunan bu körpünün altından su axmırdı. Bu bir növ körpünü yararsızmış kimi göstərir. Amma çay yatağının dərinliyi maşın və hətta at arabasının da keçidinə əngəl törədir.


Daha sonra kənd mərkəzində biraz gəzdikdən sonra çay içməyə getdik. Kənd əhalisinin mehribanlığı, hər kəsin bir-birilə salamlaşmağı diqqətimdən yayınmadı. Bizim də kənddə hamı bir-birinə salam verir. Bu çox bəyəndiyim adətdir. Allahın adını bir-birimizə ötürürük. Burada isə bu hərəkət xüsusi mehribanlıqla edilirdi. Yorğunluğumuz, çayın ləzzətli dəmi, havanın istiliyi, hər zamankı zarafatlarımız deyərkən bir saata yaxın vaxt keçdi, dincimizi alıb, yola çıxdıq.


Ordan çıxarkən Mamrux kənd məktəbinin müəllimi, araşdırmaçı Sakit müəllim bizi qonaq çağırdı. Mamruxun ümumi tarixindən, onun fərqli dövrlərdə yaşadığı tarixi, mədəni dəyişikliklərdən söhbət elədi. Bu gün həm də bizi maraqlandıran digər məsələ Mamruxun incisi deyə biləcəyimiz Armatay ( Ay ilahəsi) məbədi haqqında öyrənmək, mümkün olsa ora qalxmaq idi. Təəssüf ki, məlumat alsaq da, bələdçisiz ora qalxmaq qeyri-mümkündür. Dağ-meşə içində dağılmaqda olan məbədi tapmaq xeyli müşkül olacaqdı. Mamruxun qədim olduğunu bilirdim. Amma dəmir dövrünə aid məbədlərin, qəbirlərin varlığından xəbərsiz idim. Kəndə olan marağım daha da çoxaldı. Uşaq vaxtı arı köçləri ilə bura gələndə kəndin gözəlliyi az-çox yadımda idi. Amma bugün bir təbiətsevər olaraq bu gözəlliyə  vuruldum. Sakit müəllimin qonaqpərvərliyi, danışdığı maraqlı tarixi hadisələr(özü tarix müəllimidir), regionun tarixi əhəmiyyəti barədə bir çox mövzular mənim üçün əsl meditasiya oldu.


Yenicə çıxmışdıq ki, rəssam Əhməd müəllim, hələ də, kənddə olub - olmadığımızı soruşdu. Dünən gələcəyimi xəbər vermişdim. Təzədən yeni Mamruxdan köhnə Mamruxa qalxdıq, dağın lap dibinə. Dünəndən velosiped sürdüyümə görə xeyli çətinlik çəkdim. Şıxəmir isə hər gün sürməyinin verdiyi rahatlıqla rahatca davam edirdi. Həqiqətən həyətinin dizaynı, evinin divarlarındakı rəsmlər, evin rəssama məxsus olduğunu deyir. Bütün kəndi, dağ və meşələri görə biləcəyimiz kəndin bu hissəsində saxurların milli-mədəni məsələləri barədə söhbət elədik. Sakit müəllimin danışdığı tarixi faktların üstünə Əhməd müəllimlə də daha çox sosial mövzuları xırdalamaq Mamrux və onun saxurların tarixindəki rolunu daha aydın başa düşdüm.


Daha sonra qonşuluqda olan, Qafqaz Albaniyası dövründə imarət olsa da hazırda tövlə kimi istifadə olunan bir binaya baş çəkdik. Baxımsız vəziyyəti ilə bəlkə də 20-25 il ömrü qalıb. Ya da ev sahibi yeni tövlə tikərkən sökməli olacaq. Çox acınacaqlı vəziyyətdir. Ümumiyyətlə, Zaqatalada çoxlu tarixi binalar eyni taleyi yaşayır. Şəhər mərkəzindəki alban kilsəsi də həmçinin. Sağollaşıb, üzü bizim kəndə doğru yol aldıq. Kənddən çıxandan sonra bir kənardan Mamruxun aşağıdan şəklini çəkdim. Həqiqətən tam da yaşamaq istəyərəm dediyim yer idi. Ətrafında dağ meşələri, içindən və yanından axan çaylar, geniş bağlar, səmimi insanlar. Bir sözlə, mənə görə hüzuru tərif edəcək çox şeyləri burada tapdım. Bir də Zaqatalada Çardaxlar kəndini bu qədər bəyənirəm. Amma Mamrux artıq ilk pillə oldu mənim üçün.


Bugün yaşadığım digər təcrübə isə Mamruxun qonaqpərvərliyidir. Sakit və Əhməd müəllimi Facebook sosial şəbəkəsi üzərindən söhbətlərimiz olsa da ilk dəfə real görüşürdük. Bizi sanki illərin tanışları, dostları kimi qarşıladılar. Belə fikirləşirəm ki, kimsə mənə evini açıbsa ora getməmək ədəbsizlikdir. Bu gözəl insanlar sayəsində Mamrux çox gözəl xatirələrlə yaddaşıma həkk olundu. Onlar mənə görə bütün Mamruxu təmsil edirdilər.

Kəndimizdən olan, Gəncədə yaşayıb-yaratmış saxur yazıçımız Əhməd İsayev son əsərlərindən birini kəndimizə həsr edib. Adını da “Saxurların gözü Suvagil” qoyub. Bizim kənd dünyada saxurların kompakt yaşadığı ən böyük yer olsa da (təxminən 7000 nəfər – 1400 yaxın ev) mənə görə gözəllik və tarix baxımından “Saxurların gözü Mamrux”dur.

Hər bir Azərbaycanlının öz milli-mənəvi dəyərlərinə sahib çıxaraq, onları qoruyub saxlaması ümidi ilə.


Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…



Paylaşdı: Murad Akifsoy

DİGƏR BLOQLAR

Monteneqro bələdçisi

Salam dostlar! Qrupumuzda indiyə kimi Monteneqro ilə bağlı çox paylaşımlar olub. Mən də oradan yeni gəlmiş "gəzəyən" kimi sizinlə təəsssüratlarımı bölüşmək istəyirəm. Düşünürəm ki, yazadıqlarım növbəti aylarda və ya illərdə getmək istəyənlərə faydalı ola bilər. Öz dillərində Crna Gora, türklərdə Karadağ, ruslarda Çernoqoriya, Avropada isə Montenegro adlandırılan ölkənin 50 faizə yaxın ərazisi meşə, qalan hissəsi isə kserofit kol və ağaclarla örtülüdür. Dağ və dənizin kəsişməsində olan yolları olduqca rahatdır və 90 faiz hissəsində sürət həddi 50-60 dır))) qaydalara çox riayət olunur. Bazar və bayram günləri nəinki marketlər, heç kiosklar da işləmir..Səfərimizdən çox razı qaldım və Monteneqronu çox sevdim. Mən bu ölkəyə səyahəti iki hissəyə bölərdim.1. Passiv istirahəti sevənlər (dəniz-restoran-hotel) üçün iyul-avqust ayları (bəzi günlər hava çox isti idi, 35-37 dərəcə olsa da, rütubətə görə 42-43 dərəcə kimi hiss olunurdu).2. Aktiv istirahəti sevənlər üçün (ölkənin 4 tərəfini də gəzmək şərti ilə) may-iyun və sentyabr ayları.Ərazisi Azərbaycandan təxminən 5 dəfə, əhalisi isə 15 dəfə kiçik bir ölkə. Əvvəlki postlarda bəzi dostlarımız Monteneqroluları qaş-qabaqlı və zəif xidmət göstərən kimi təsvir etmişdilər. Lakin mən bu fikirlərlə razı deyiləm. 6 şəhərində və bir neçə bölgəsində olduq. Türk olduğumuzu həmən anlayırdılar (kəlimələrin əksəriyyətini anlayırlar) və gülərüzlə danışırdılar. Xidmətləri normal, qiymətləri deyərdim ki, baha deyildi, bizimlə hardasa eyni qiymətə olan yeməklərinin porsiyası, bizdən az qala iki dəfə böyük idi. Təbii ki, çimərliklərdəki restoran və kafe qiymətləri nisbətən bahadır (bizim bəzi məşhur hovuz koplekslərindən yenə də ucuzdur).Əsas məsləhət görəcəyim nüans "Rent a car"dır. Aktiv gəzməyi sevənlərə maşın kirayə götürməyi şiddətlə tövsiyyə edirəm. Kiçik avtomobillər 40-50 avro, 7 yerlik avtomobillər 80-85 avro idi. Təbii ki, bu qiymətlər avtomat qutusu və ili yeni olanlara aiddir. Gəzdiyimiz şəhərlər:1. Kotor (tarixi qalası olan və kruiz gəmilərin yan aldığı körfəz şəhəri),2. Perast (Kotora yaxın kiçik, lakin məşhur adaları olan maraqli şəhər)3. Tivat (kiçik və çimərlikləri zəif şəhər),4. Budva (Monteneqronun turistik mərkəzi, səsli-küylü, əhali sıxlığı çox olan şəhər),5. Prjno (Budvaya birləşik qəsəbə, Svetoy Stefani adasının və məşhur çimərliklərin, xüsusilə də Korelevskiy çimərliyinin olduğu bölgə. Ən baha çimərliklər burada yerləşir),6. Petrovats (tarixi binaları, qala divarları, təmiz sahili, bulvarı və çimərliyi olan şəhər),7. Bar (Osmanlı dövründən qalma qala divarlarının, qədim şəhərin və məscidlərin olduğu liman şəhəri. Türklərin dəsti xəttini burada daha çox hiss edə bilərsiniz. Türk kafeləri, küçələrin quruluşu və hədiyyəlik əşyaların belə çoxu adama Türkiyəni xatırladır).Getdiyimiz turlar:1. Raftinq turu- Monteneqronun ən uzun və ən bolsulu çayı olan Tarada (144 km), Bosniya Hersoqovina sərhəddindən başlayan 20 km.lik tur. Biz həzz aldıq bu turdan. Öncəki illərdə Antalya Manavqatda və Rizə Ayderdə raftiq turunda olmuşam. Məncə ən gözəli bu dəfəki idi (qiyməti 70 avro-bura 2 dəfə yemək, kondisionerli avtobusda yolculuq da daxildir).2. Fish turu- bizi əvvəl oteldən götürdülər, Budvada gəmiyə mindirib bir neçə sahili gəzdirdilər. Sonra ayrıca, bizdən başqa heç kimin olmadığı çimərliyə gətirdilər. Çətir və "lejankalar", içki və salat-meyvə-spagetti-balıqdan ibarət menyu da bu tura daxil idi (55 avro).Kartla ödəmədə problem yaşamadıq. Qaldığımız oteli də tövsiyyə edə bilərəm (HEC residence-Prjno). Saytda 4 ulduz kimi qalsa da, hovuzu fəaliyyət göstərmədiyinə görə 3 ulduzdur. Lakin təmizliyinə, xidmətinə, göstərilən münasibətə və səhər yeməyinə söz ola bilməzdi. Hər birinizə xoş istirahət və gözəl səyahətlər arzu edirəm!!!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Afaq Haciyeva

586 dəfə oxunub

İnqilab və rəqsin ölkəsi - Kuba

Bir ölkəyə azadlıq gətirməklə iş bitmir.Kuba bir çoxumuz üçün uşaqlığımızın simvoludur. Niyə? Çünki uşaqlığımızın keçdiyi kommunizm, nostalgiya, onda hər şey yaxşı idi xəyalları. Biz də məhz bunu bir daha görmək üçün Kubaya getdik.Getdik və... Şoka düşdük. İlk şok aeroportdan başladı. Sərhəd xidməti rahat yoxlayır, amma təyyarədə 3 növdə deklarasiya doldurursan. Sadə vətəndaş pasportu ilə bir də tarjeta de turista almalısan, bir növ vizadır. Bizə onu zorla Bogota aeroportunda minik zamanı satdılar, halbuki bizim pasportlarla lazım deyildi.Aeroportda pul dəyişməli idik. Sən demə Kubaya dollar aparmaq sərfəli deyil, ümumiyyətlə bu ölkədə turist ikinci sort varlıqdır. Onu hərtərəfli soymayana söyüş qoyulub. Yerlilər adi peso, turistlər isə konvertasiya olunan peso, yəni CUC işlətməlidir. Yerli pesonu turistə satmırlar. 100 dollar hardasa 95 cuc-dur, ondan da 12 faiz vergi tuturlar. Əlinə alırsan 85 cuc kimi bir şey.Aeroportdan çıxıb taksiləri görəndə elə bil 1992-ci ilin Naxçıvanına gəldim. Bildiyimiz sovet maşınları elə sovet dövründən qalma və ya Çin istehsallı adını bilmədiyim avtolar. Birinə mindik. Qiymət tənzimləyici yoxdur, mərkəz daxil hara istəsən fix 25 CUC. Sürücümüz çox söhbətcil idi, dedi ki, burada ölkəyə avtomobil gətirmək işinə ancaq dövlət baxır, istədiyi qiyməti qoyur, yəni babat monopoliyadır. Ümumiyyətlə Kubada hər şey dövlət monopoliyasındadır, ona görə də kim necə bilir qazanır. Sonra dedi ki, Kubada yaxşı yaşayan ancaq məmurlar, manıslar və idmançılardır. Bizim ölkəni o dəqiqə tanıdı. Boksa görə.Otelimiz 4 ulduzlu idi, amma ona 4 ulduzlu deməyə 28 şahid lazımdır. Baxımsız, son dəfə tikiləndən sonra remont olunan, iyrənc, köhnə, sınıq salxaq. Həmən qaçdıq ordan və gəldik şəhərə.Şəhərdə bir restoran var. Orda Heminquey yeyirmiş. Ən məşhur yer oradır. Mərkəz pis deyil, amma hər yerdə kasıb insanlar, bahalı restoranlar, qəribə kontrast. Bir kuba ailəsinin evini tutduq. Bizi ora təsadüfən o anda əlində müştəri olan bir bərbər apardı. Müştəri elə yarımqırxıq başla qaldı, çünki bizi aparan oğlan ev sahibləri ilə yarım saat da hansısa oyuna baxdı tv-də...Gəldik bir ailənin evinə. Əslində əla oldu. Əsl Kuba həyatı da gördük. Ev sahibləri səhərdən axşamadək alt paltarında tv izləyən yaşlı kişi və onun hər şeyi (özü də daxil olmaqla) idarə edən arvadı bizi mehribancasına qarşıladılar. Bizə verəcəkləri otağı izah edərkən qadın iki daşın arasında telefonunda bütün sülaləsinin şəkillərini mənə göstərdi. Dedi ki, oğlu Barselonada yaşayır. Bir sevgilisi varmış norveçli, indi ayrılıblar, qız əclafın biri imiş. Qızı da ərdədir, Çiliyə köçüb.Bu arada, deyim ki, Havanada hələ də demək olar ki, heç bir evdə su xətti yoxdur. Suyu hər axşam xüsusi maşınlarla gətirib evlərin ümumi anbarına vururlar.Əşyalarımızı yerləşdirib yaxındakı restorana getdik. Restoran çox fərqlidir. Mağazalarda görməyəcəyiniz məhsullar təqdim olunur. Deyirlər ki, onları fərqli yerlərdən və baha qiymətə alırlar. Qeyd edim ki, kubalılar mal və xüsusən qoyun ətini çox sevirlər. Ortalama qoyun ətimdən olan və çox populyar "ropa de vieja" yəni, bizim dildə desək köhnə paltar adlı ət yeməyi çox məşhurdur. Didiklənmiş və öz suyunda bişmiş qoyun əti, yanında düyü və yaşıl mərcimək və ya qara lobya. Qiyməti 8-9 cucdir. Yəni hardasa 10 dollar. Məlumat üçün deyim ki, orta kubalının əməkhaqqı 40 dollar civarındadır. Ümumiyyətlə, yeməkləri çox dadlıdır. Kolumbiyada mən heç sevmədim yeməkləri, amma Kubada superdir. Xidmət personalı çox mehribandır və demək olar ki, mərkəzdəki hər bir babat restoranda canlı musiqi var. Kofe isə ayrı aləmdir. Pivə adidir. Yaxşı və maraqlı kokteylləri var.Şəhər kasıb olsa da milçək və ağcaqanad demək olar ki yoxdur. Axşamlar sərin olur, dənizlə bağlıdır bu yəqin.Kubalılar çox səsli-küylüdürlər. Yüksək səslə musiqi qoyub evlərinin qapısına çıxır, orda oturub söhbət edir, rəqs edirlər. Hətta bir maraqlı hadisə danışım. Bir axşam aşağı mərtəbədəki evdə yenə yüksək səslə musiqi səslənirdi. Biz də yuxarıda, eyvanda oturmuşduq. Birdən üzbəüz binadakı eyvana hirslə, əlində tv pultu ilə bir qoca çıxdı. Elə ağzını açdı ki aşağıdakıları söysün, bu dəmdə musiqi sədaları altında rəqs edən balaca qızı gördü. Kişi bir anda yumşaldı, pultu qoyub ona əl çalmağa və alqışlamağa başladı.Kubalılar başları dik gəzir. Bilirsiz niyə? Çünki ölkədə internet yox kimi bir şeydir. İnternet üçün kart almalısan, evdə dial-up ilə qoşulursan. 30 saatı 10 dollardır. Elə bu səbəbdən hamı real yaşayır, uşaqlar yarımlüt küçələrdə oynayır, qadınlar söhbət edir, kişilər də onlar kimi.Kolumbiyadan fərqli olaraq kubalılar qırsaqqız deyillər. Sənə kömək edərlər, əvəzində balaca bir bəxşiş istəyirlər. Yəni sən yaxınlaşmasan, sənə yapışan yoxdur.İnsanlarından söz düşmüşkən, qızları da, oğlanları da çox yaraşıqlıdırlar. Peru və ya çilililər kimi dıbır və formasız deyillər. Əksinə, avropoid irqi ilə qarışanları çoxdur deyəsən, sarışın mulatlar çoxdur. Bax o seriallarda baxıb ispan qızı hesab etdikləriniz elə məhz kubalı, venesuelalı və argentinalılardır. Qızları elə formalıdır ki, hətta mən belə ağzıaçıq baxırdım. Bir problemləri var, o da azca qarınları var. Amma bu onlarda gözəllik sayılır. Hətta gömrük, polis kimi işlərdə çalışan qızlar çox qısa yubkaların altından bizim şit hesab etdiyimiz tor corablar geyinir və bu normaldır.Nə edək, gəlsin Kuba səyahətinin son hissəsi. Sonra bir də həvəsim olsa sizə Kolumbiyadan bir dənə də yol xatirəsi yazaram.Kuba demişkən, necə ola bilər ki, Fidel Kastro və Çe Gevaradan danışmayaq?Kubada bu iki şəxsi kult dərəcəsinə çatdırıblar. Amma əslində kubalılar onları dilənçi kökünə salıb dünyadan təcrid edən bu iki qəhrəmanı elə də sevmirlər. Hamı yavaşca, aşkarca şikayət edir. Necə etməsinlər?Mən jurnalistəm, ispanca da bilirəm. İmkan olan hər yerdə yerlilərlə söhbət etməyi, müşahidəni sevirəm. Sizə bir məqam danışım, daha aydın anlayacaqsız. Şəhərin mərkəzində, hətta bus tour-un da xəritəsinə düşən bir ticarət mərkəzinə də getdik. Dedik həm baxaq, həm də içindəki marketə girib su alaq. Market deyirəm ee sizə. Yaşı 35-dən yuxarı olanlar, 1988-1997-ci illərin kənd mağazalarını xatırlayırsız? Bəs assortimenti? İki cüt bir tək seçimi? Elə həmin vəziyyətdir. Piştaxtalar boşaraq, 1-2 adda və keyfiyyəti şübhə doğuran mallar, bədbin alıcılar, satıcılar... Biz kassaya əlimizdə su ilə yaxınlaşanda bizdən əvvəlki xanım aldıqlarını kassaya vurdururdu. İçində hardasa 60 pesoluq (2 dollar təxminən) bir ketçup vardı. Kassir onu vuranda elə ifadə ilə baxdı ki, sanki qadın 4 dənə Cartier saat, 6 Tiffany üzük almışdı. Kubalılar belə şeylər almır.Ölkənin əsas gəlirlərindən biri tütün istehsalıdır. Kuba sigarları dünyada məşhurdur və ucuz da sayılmaz. Amma mərkəzdə yerləşən fabrikə sanki bir həftə əvvəl bomba düşüb. İşçilər hazır məhsulu oğurlayıb ara küçələrdə satır. Açıq yox, məhlədə dururlar, yaxınlaşırsan istənilən adama və deyirsən ki tabak almaq istəyirsən. Səni dar, kasıblıq və çirkab yağan bloka salıb pilləkəkənlərlə harasa aparırlar. Bu arada, Kuba tam təhlükəsizdir, ürəklə gedə bilərsiz. Sonra sizə mağazalarda dənəsi 10 dollar olan siqarları yarı qiymətinə satırlar. Üstünə də aksiz, keyfiyyət nişanı vururlar. Vəssalam. Qiymət danışa bilərsiz.Havana yarımuçuq binalardan ibarətdir. İndiki hakimiyyət 1952-də inqilab edib və ondan sonra da ancaq cibinə işləyib. Bunu sizə açıq deyirəm. Hamıya qəhrəman kimi sırınan Çe Gevara isə ən adi quldur və başkəsən olub. Bunu da orda adi insanlar deyirdi. Haqqında da oxuya bilərsiz. Bu gün dünyanın hər yerində, xüsusən Mayamidə bütöv köçmüş nəsillər var. Və bu axın davam edir.Havana turizm üçün ağlayır. Möhtəşəm dəniz çimərlikləri, təbiəti, insanları, mədəniyyəti, musiqisi... Amma bir yandan da hökumətin axmaq sanksiyaları. Turistə suyu 1 dollara sat, yerliyə 10 pesoya. Amma yenə də şəhər turistlə doludur. Bir meksikalı turist bizə danışırdı ki, Kubaya rahat nəfəs almağa gəlir. Çünki burada kriminal yoxdur, qorxmursan.Nəticə. Kubaya gedirsizsə hər cür ehtiyatınızı görün. Bütün biletlərinizi çap edib əlinizə alın, interneti unudun, dadlı yemək və möhtəşəm canlı ifaya hazır olun. Kuba kokteylləri için. Kubalılar çox qürurludur, onlara təşəkkür etməyi bilin. Onlar da sizə edəcək. Kubaya gedib hələ də suya qarışdörılan toz meyvə suyu ilə keçirilən ad günləri də görəcəksiz. Mütləq keçi dərisindən əl ilə hazırlanmış çanta və ayaqqabı alın. Bunlar çox ucuzdur. Qiymət danışın, bu realdır.Kubaya bir də gedərəmmi? Yox, çünki mən komfort və rahatlıq sevən insanam. Otel, yemək barədə kaprizlərim var. Və sırf acgözlük səbəbindən dağılmış şəhəri yox, çiçəklənən ölkə görmək istərdim. Kubada bu sistem daha 2-3 il sürər yəqin, gedib indiki sistemi görməyə vaxtınız azdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Vento Favoravel

2070 dəfə oxunub

Şəhər bələdçisi - Budapest

Budapeştdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Budapeştə getməzdən əvvəl bura haqqında kiminlə danışsam daima mənfi rəylər eşidirdim. Bu səbəbdən gözləntimi aşağı səviyyədə tutub buraya 2 gün ayıracağımı planlamağıma baxmayaraq şəhərə gəldikən sonra bütün eşitdiklərimin mənasız olduğunu görüb burada 5 gün qalaraq digər ölkələrə səyahətə davam etdim. Təbii ki, şəhərdə qarşılaşdığım bir çox mənfi hallar olmasına baxmayaraq Budapeşt gələcəkdə bir daha səfər edəcəyim şəhərlər arasında qalmaqda davam edir.İlk dəfə gedəcəklər üçün şəhərdə qarşılaşacağınız mənfi və müsbət hallar haqqında yazmaq istərdim. Budapeştə gəlmək üçün Romadan çox ucuz qiymətə wizzair bileti tapıb gecə saatlarında aeroportda düşdüm. Burada gecə saatlarında ictimai nəqliyyatın olmaması, həmçinin aeroportdan birbaşa şəhərə metro xəttinin olmaması qarşılaşdığım ilk mənfi hal oldu. (editor: Budapestdə Aeroportdan şəhər mərkəzinə 24 saatlıq avtobus var 100 E 3avro) Məcbur qalıb 12 avro ödəyib aeroportdan otelə shuttle busla getdim. (Dostum gündüz saatlarında gələndə aeroportdan 200E nömrəli avtobusla metro xəttinə, oradan isə metro ilə otelə gəlib cəmi 350+350 forint, yəni təxminən 2 avro ödəmişdi, taksilər isə şəhər mərkəzinə təxminən 20-25 avroya aparırlar.)Budapeştdə qaldığım otel Danibius Hotel Hungaria City Center oteli idi. Keleti qatar stansiyasının tam qarşısında yerləşən bu otel Avropa səyahətim dövründə super surətli wifi, geniş otaq, gülərüz və daim yardım göstərən otel əməkdaşları, yeməklər və ən əsası sərfəli qiyməti ilə ən məmnun qaldığım otel oldu. Gedəcəklər üçün məsləhət görürəm. Budapeşt nəqliyyat xaricində mənə görə Avropanın ən ucuz ölkələrindən biridir. Burada muzeylərə qalalara giriş üçün az miqdarda xərciniz çıxacaqdır. “Budapeşt kart” almağı heç məsləhət görmürəm. 1 günlük kart 22 avro, 2 günlük kart 33 avro, 3 günlük kartın qitməti isə 43 avrodur. Metroda tək gedişin 1 avro olduğunu nəzərə alıb gündə maksimum 4 dəfə metro istifadə etsəniz 5 günə 20 avro xərciniz çıxar ki, Budapeşt karta bu qədər yüklü məbləğdə pul ödəməyin heç bir mənası yoxdur. Ondansa Budapeşt City Tour (hop on hop off) kartlarını daha sərfəli qiymətə alıb üstü açıq avtobuslarla 6 line üzrə istədiyiniz qədər şəhəri gəzə, axşam saatlarında isə mini kruizlər vasitəsilə Dunay turu edib həmçinin avtobuslarda və gəmidə sizə veriləcək qulaqcıqlar vasitəsilə rus, türk, inqilis və başqa bir çox dildə bütün tarixi və gəzməli yerlər haqqında məlumat ala bilərsiniz. Hop on/off kartlarının qiyməti 48 saatlıq 24 avro, 72 saatlıq isə 28 avrodur. (http://www.citytour.hu/en)Budapeştdə yeməklər digər Avropa ölkələrinə nisbətdə xeyli ucuzdur. Dadlı yeməkləri, super şou proqramları, bahalı olmayan qiyməti ilə Sir Lancelot restoranını tövsiyyə edirəm. Budapeşt gecə həyatına gəldikdə isə burada köhnə tipli binalarda yaradılmış ruin bar və klublar xüsusi yer tutur. Havalar qaraldıqdan sonra əsasən köhnə yəhudi məhəlləsində yerləşən klublar qapılarını dünyaya açırlar. Instant, Doboz, Grandio, Szimpla Kert,Corvinteto əla əyləncə məkanlarıdır. İçki qiymətləri baha deyil, tək giriş mümkündür. Bundan başqa 50 avrosuna heyfi gəlməyən həftədə bir dəfə Szechenyi Termal Hamamında keçirilən sPArty əyləncəsinə qoşula bilər. Youtubda videolarına baxın, kifayət qədər əyləncəli partylər olur. Budapeştdə mütləq gəzib görməyi məsləhət gördüyüm yerlər:Gellert təpəsi, Buda qalası, Szechenyi Termal Hamamı, St. Stephen’s Basilica, Parlament binası, Qəhrəmanlar meydanı, Váci Utca küçəsi, Central Market Hall, Dunay turu, Fisherman’s Bastion + vaxtınız varsa Budapeşt tarix muzeyi, Hospital in the Rock muzeyi, Vajdahunyad Şatosu, Margaret Adası, New York kafesi və başqaları.Onu da deyim ki, Budapşetdə qarşılaşdığım insanlardan bir çoxu uzun müddət şəhərdə yaşayanlar üçün oranın maraqsız olduğunu, qısa müddət üçün gələnlərin isə şəhərdə məmnun getdiklərini deyirlər. Budapeştin termal sularının həzzini çıxarmaq, gəzərkən istid olmaması üçün sentyabr ayından sonra oraya getməyinizi məsləhət görərdim. Budapeşt səyahətinin sonunda mütləq oraya yaxınlıqda yerləşən Vyana, xüsusilə isə Praqaya səyahət etməyinizi məsləhət görərdim. Praqaya gedirəm, yolda Bratislavada düşüm oranı da görüm fikirləşənlər üçün deyim ki, Bratislava çox sıxıcı şəhərdir. Xoş səyahətlər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

797 dəfə oxunub

İtaliya bələdçisi - Birinci hissə

"The sun under Tuscan", "Letters to Juliet", "To Rome with Love" və bu qəbildən olan sairə kinolara baxan hər bir romantik qızın arzusudur ki, ömründə heç olmasa bir dəfə də olsa İtaliyanı görsün P.S.Postum çox uzun olacağından, 2 pərdəli etməyi düşünürəm:) İstəyirəm ki, İtaliya arzusunda olanlar texniki məsələlərlə yanaşı, küçədəki tanımadığımız insanların bizə münasibətini də görsün:)Birinci hissə:Sizə keçən ilin elə avqust ayında etdiyim İtaliyaya səyahətim və xüsusilə də italyanlar barədə danışmaq istəyirəm İtaliyaya gedib düşəndə başa düşürsən ki, onları niyə Avropanın Qafqazlıları adlandırırlar, adamlar bir sözlə möhtəşəmdirlər, qanun yox, qayda yox, hər şeyi öz keflərinə uyğunlaşdırıblar! Almaniyanın yağışı, havası qədər də soyuq insanları məni o qədər bezdirmişdi ki, İtaliyaya getməyi iplə çəkirdim. Getmək üçün qərar verdiyim gün biletlərin qiymətinə baxdım, ucuz hava yollarının hərəkət etdiyi aeroportlar mənim şəhərimdən uzaq olduğu üçün, 30 avroya avtobus bileti alıb plansız-bronsuz Milana yola düşdüm. 3 şəhərdən - Almaniyadan, Fransadan, İsveçrədən keçərək, İtaliyaya gəlib çatdım. Həyatımda bəlkə də indiyə qədər atdığım ən düz addımlardan biri ölkələrarası bu 13 saatlıq məsafəni avtobusla getməyim oldu. Cənnət deyilən bir yer elə burnumuzun ucunda, İsveçrə İtaliya sərhədi imiş. Fərhadın Şirin üçün oyduğu qədər gözəl, sıldırım dağ-qayalıqlardan oyulmuş, göllə eyni səviyyədə olan fovqelade yollar, şiş uclu dağların başına qədər uzanan, kiçik, səliqəli, eyni formada olan american style evlər, yaşıllıq, göyün üzü ilə eyni rəngdə olan "əməzinq" göllər, göldə qayıqla üzən, paraşüt, çərpələng uçuran insanlar, göydəki buludların bütün bu gözəlliklə ahəngi adama nağıllar aləmindəki kimi hiss etdirir.İstiqaməti necə müəyyən etməli: Yay vaxtı olduğundan, bütün tanışlarım tətil üçün ölkəyə döndüklərindən İtaliyani tək səyahət etməli oldum (tək səyahət sevməyənlər üçün belə bir ölkəyə tək getməyi məsləhət görmürəm:)). İtaliyada səyahət etmək çox rahatdır, xəritəni və bus app'ni (mən daha çox Flixbus istifadə edirdim) açıb qoyursunuz qabağınıza, xəritədə ardıcıl olaraq getmək istədiyiniz şəhərlərin yerinə baxırsınız və getdiyiniz şəhərdən (from) gedəcəyiniz şəhərin adını yazırsınız (to). Bu zaman qiymətlər və həmin şəhərə necə gedəcəyiniz çıxır. Məsələn Milan-Florens-Roma-Napoli marşrutu və yaxud istəyinizə uyğun müxtəlif marşrutlar seçə bilərsiniz. Tutaq ki, Milandan Veronaya 1 saat 50 dəqiqə, 7 avro, Veronadan Venesiyaya 1 saat 20 dəqiqə 6 avro. İtaliyada şəhərlər arası məsafə maximum 4-5 saatdır və avtobus biletləri 4-5-6 avroya başa gəlir, sezondan asılı olaraq qiymətlər dəyişir (arta və azala bilər, xeyli müddət əvvəl almaq daha yaxşıdır) və kampaniya dövrlərində 1 avroya da bütün İtaliya şəhələrini gəzmək olar. Kiçik şəhərləri gəzib bitirmək üçün 5-6 saat kifayət edir və siz 4-5 gün ərzində 5-6 və daha çox şəhəri də görə bilərsiniz. Telefonunuzdakı map proqramlarından və turist maplardan istifadə edərək, çox rahatlıqla gəzəcəyiniz yerləri tapa bilərsiniz.Çox rahat və xoşbəxt şəkildə, bəzən dostlar taparaq, demək olar ki, 5 gün ərzində 6-7 şəhər gəzdim və bir-iki xırda detaldan başqa məni narahat edəcək heç bir şey olmadı. Ən uzun müddəti Romada keçirdim, daha çox qalmağı planlayırdım amma muzeyləri, şəhəri görmək üçün 2 gün kifayət etdi. Şəhərdə heç bir mapdan istifadə etmədim, elə şəhərdə gəzə-gəzə bütün muzeylərin, memarlıq abidələrinin üstünə gedib çıxdım Səhv etmirəmsə hər ayın sonuncu bazar günü Romada muzeylər pulsuzdur, bunu muzeylər üçün xeyli fee ödəyəndən çox zaman sonra bildim Vyanadan sonra Romanı da açıq səma altında muzey adlandırmaq olar  Şəhərdə sanki Tanrı Romanı yaratdı və muzeylər, heykəllər sıxılmasın deyə, sakinləri, küçə rəssamlarını, musiqiçiləri, bal ayına gələn çütlükləri əlavə etdi deyə bir abu-hava var Qalacaq yer: İtaliyada hotel və hostellər çox ucuzdur, 10 avroya şəhərin mərkəzində hostellər və ya ucuz qiymətə airbnb tapa bilərsiniz. Couchsurfingdə qeydiyyatınız varsa və inanılır usersinizsə, sizi qonaq edənlər də tapıla bilər.Nəqliyyat: Avtobus olaraq, Flixbus, Meqabuslardan istifadə edə bilərsiniz. Qatarla avtobus demək olar ki, məsafəni eyni saata gedir və qiymətləri eynidir, qatar bəzən daha bahadır. Blablacarda qeydiyyatdan keçib, ratingsi yüksək olan sürücülərlə səyahət edə bilərsiniz.Yemək: Kafe və restoranlar demək olar ki, xeyli bahadır və qiymətlər 6-7 avrodan başlayır.Muzeylərə giriş: Əksər muzeylərin girişi pulludur və 10 avrodan başlayır qiymətlər, bir neçə muzeyə girişi paket şəklində alsaz, daha ucuza başa gələr.Xərclədiyim məbləğ: 5 gün ərzində ümumi olaraq 200 avroya yaxın pulum çıxdı.P.S.S. Suallariniz olarsa, ikinci hissədə cavablaya bilərəm.P.S.S.S. Şəkillər olan telefonum xarab olduğu üçün googledan bir neçə şəkil atıram   Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı:Narmin Kamilsoy     

638 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!