Tiflis möhtəşəm şəhərdir, uşaqlar - Tiflis Bələdçisi
Tiflis möhtəşəm şəhərdir, uşaqlar." - yazaraq başlayıram. Çünki növbəti sətirlərə nə yazacağımı bilmirəm. Fərqli mövzularda bir çox bölüşmək istədiyim fikirlər var. Yazmaq, paylaşmaq istəyirəm amma nə, necə, nədən, bilmirəm. Yolda olmaq sanki insanı susdurur. Düşünürəm ki, yolda olmaq insanı olqunlaşdırır və bu bir qədər bu səssizləşməklə düz mütənasibdir. Artıq 4 aydan çoxdur yoldayam. Günlərim çox dolu keçir. Bəzən səliqəli, bəzən isə xaos içində. Hər zaman spontan günlərdən zövq almışam. Baxmayaraq ki, mütəmadi olaraq disiplinli olmağa cəhd etdiyim ərəfələr və bəzən günlük edəcəklərimi not alıb gün sonunda bəzilərinin üstünü xətləmə ərəfələri də olur. Bir müddət öncə ADHD deyə bir şeylə tanış olmuşam. Trend olduğu üçün psixoloji terminləri heç sevməsəm də bunun məndə yüksək dozda olduğundan əminəm. Bəzən həvəslə hansısa işləri görüb, nəyisə konsentrasiya ilə edə bilirəm. Bəzən edəcəklərimi və s. dəftərimə yazıram və bundan çox zövq alıram. Bəzən isə şüuraltı da olsa xaosdan çox zövq aldığımı başa düşürəm. Bu iki tərəf bir-birinin tam əksidir, paradoksaldır və beynimdə mübarizə aparırlar bəzən. Amma deyəsən yavaş-yavaş sadəcə günləri gəldiyi kimi yaşayıb, qəbul edib, zövq alıb balans yarada bilirəm. Məsələn, səhər tez oyandıqda daha gümrah, enerjili və daha xoşbəxt hiss edirəm və bundan zövq alıram amma eyni zamanda gecəni, bəzən gecə yarısı, səhərə yaxın 4-5-də tanımadığım küçələri təkcə gəzişməyi sevirəm. Ayıq başımı və beynimi işlətməkdən zövq alıram, bəzən isə bir az sərxoş və dumanlı beyinlə yollarda gəzməyi.. Bəzən sağlam qida, idman və s. həvəsinə düşürəm və əla da gedir, zövq alıram. Bir neçə gün sonra günə bir qutu siqaret çəkmiş ola bilərəm.. Hansı tərəfi seçməliyəm? Birinci tərəfdə ikincini, ikincidə isə birincini buraxmaq istəmirəm. Balans haradadır? Mümkündür?Və sonra hər zaman bir nöqtəyə gəlirəm. Seçməyə çalışmağı, birini seçmək məcburiyyətində hiss etməyi, ümumiyyətlə hər hansı bir mütləq həqiqət olmadığını və hər şeyin hər zaman nisbi olduğunu qəbul edərək, sadə günlərdən və sadə şeylərdən zövq almaq. Amma bunların heç biri seçim və ya qərar deyil. Avtomatik baş verir. Çünki mən hər hansı bir tərəfə qərar verərkən digər tərəf şüuraltı olaraq daha cəzbedici olmağa başlayır. Bilmirəm..Bu gün səhərə qədər Tiflisə qəşəng qar yağıb. Mən də saatlarla küçələri qarın altında uşaq kimi xoşbəxt və inanılmaz zövq alaraq gəzişmişəm səhərə kimi. Bəzi küçələrdən 5-10 dəfə keçərək... Qaldığım hostelin qapısına çatıb, doymayıb, yenidən qayıdıb bir az da gəzmişəm, sonra bir az da, sonra bir az da..Btw, şəkildəki it bir neçə gün öncə qolbaq satarkən gəldi, qoydu başını dizimə, ayağımı hiss etməyənə qədər başını sığallatdı dizimdə. O gün qucaqlaşma tələbatımı ödənmiş hiss edirdim. Şəkli yoldan keçənlərdən biri çəkdi. Ümumən xeyli bu mənzərənin şəklini çəkən oldu o gün. Dolayısıyla həmin gün günlük satış rekordum oldu həm də bu itin sayəsində. 2-3 saata 70 lari. (təx. 40 m.) Bəzən pulum olur və rahat istədiklərimi ala bilirəm və s. Bəzən isə sadəcə sıfır. Yemək yemək üçün çıxıb satış etməli oluram. Amma məsələ bilirsiz nədir, özümü çoxdandır bu qədər uzunmüddətli sərbəst və xoşbəxt hiss etməmişdim. Əlbəttə ki, ümumi planda. Xoşbəxtlik şkalası davamlı olaraq yuxarıda ola bilməz və bu yəqin ki, belə olsa daha dəyərsiz olardı. Amma ümumi planda bu sərbəstlik çox möhtəşəmdir. Mövzudan mövzuya qarışıq formada keçirəm bəzən, bunun fərqindəyəm. Çünki yazdığım bir cümlənin içindən başqa bir əks fikir yaranır, sonra başqa biri.. Doğru saydığım bir şeyin qarşısına müxtəlif "bəs və axı"lar əlavə olunur və fikir tamamlana bilmədən mövzu dəyişir.. Həə, pul, uşaqlar. Pulumun olması və ya sıfır olması ümumi plandakı xoşbəxtliyə təsir etmir. Daha doğrusu, illa ki, təsir edir. Pul ilə əldə edə bildiyin və istədiyin bəzi şeyləri əldə edə biləcək pula sahib olmaq əlbəttə ki, daha rahat hiss etdirir. Amma şkalanı "zoom out" etsək, bu ciddi bir təsirə malik deyil..Və bir də, kimsə "pulsuz səyahət" deyə bir şeydən danışsa, əminliklə deyə bilərəm ki, belə bir şey mümkün deyil. Ən azından bir "smartphone" istifadə edirsinizsə və ya səyahətinizdə ayaqqabı geyinirsinizsə kifayətdir. Sadəcə pulu daha sərbəst və fərqli üsullarla əldə etmək ola bilər. Amma "mən pulsuz səyahət edirəm" deyənlərə inanmayın. Ən azından, bunu demək üçün bir sosial şəbəkədən istifadə etmək belə kifayətdir.Ümumiyyətlə bu pulsuz səyahət etmək trendi mənə həqiqətən də sadəcə bir trend kimi gəlir. Yeniliklərin kəşfi üçün pulsuz olmaq lazımdır deyə bir qayda yoxdur. Sadəcə olaraq yola çıxmaq üçün pulun olması vacib deyil. "Karvan yolda düzələr" misalı.. Yoxsa hələ çox gözləmək lazım ola bilər. Bəzən illərlə.. Bəzən sona qədər.. Və son isə hər anda ola bilir. Ona görə də anlardan zövq almaq üçün gecikməmək və yola çıxmamaq üçün pulu bəhanə etmək lazım deyil. Lakin pul gözəl anlar yaratmağa vasitə ola bilir. Pulu düşmən kimi görmək lazım deyil. Bu sadəcə əla bir vasitədir. Amma vasitədir. Hər şey deyil, amma "heç nə" demək də ən azından sadəlövlük olar.. Yəni, əl çirki heç deyil. "Əl çirkidir" deyirsizsə, artıq olanda mənə göndərə bilərsiniz. Həm səyahətimə dəstək olarsız, həm də çox çirk saxlamamış olarsız. Bu arada, bundan əminəm, mən səyahət etmirəm, mən sadəcə yolda olmağı sevirəm. Bunu 10-12 il öncə Kerouac'ın bir çox kitabını oxuyanda bilirdim artıq. O kitablardan birində oxumuşdum bunu: "Gəmi limanda daha güvəndədir amma gəmi limanda dayanmaq məqsədilə düzəldilmir."Bu ikisi fərqli anlayışlardır. Turist və gəzgin fərqi kimi bir şey. Amma hamısına səyahət də deyə bilərik yeri gəldikcə. Belə şeylər yazıram və eyni zamanda bütün bu anlayışların fərqi, müzakirələri və s. çox anlamsız və əttökən gələ bilir bəzən. Hər şeyin nisbi olduğunu düşünmək və heç bir radikal doğrunun olmaması belə müzakirələri anlamsızlaşdırır. Bəzi şeylərin, bəzi sözlərin kökünə getmək və s. xoşuma gəlir. Amma bütün bunların heç birinə artıq "belə olmalıdır" deyə bilmirəm. Nə önəmi var ki? Məsələn, mən heç qərar verə bilmirəm ki, yazarkən orfoqrafik və ya qramatik qaydalara əməl olunması nə dərəcədə önəmlidir, əgər hər iki tərəf bir-birinə fikrini izah edə bilibsə? Eyni zamanda, məsələn, "bekar" yazan adamlara o sözün əslində "bikar" olduğunu, ən azından ilk formasının belə olduğunu deməyim gəlir niyəsə. Bi-kar, yəni karsız, heç bir karı olmayan.. Bu informasiya maraqlıdır və xoşuma gəlir amma eyni zamanda, bu informasiya nəyə lazımdır ki? Nə fərqi var? Nə qədər önəmlidir axı? Bilmirəm..Çox şey var danışmaq istədiyim amma mən bir çox hallarda danışmağa bəhanə tapa bilmirəm. İstəyirəm biriləri mənə çoxlu suallar versin. Ki, danışmağa bəhanə tapa bilim bəzən danışmaq istəyəndə. Necə ki, "Tiflis gözəl şəhərdir" yazarkən ağlımda yaza biləcəyim heç nə yox idi.. Youtube, yazmaq, paylaşmaq və s. kimi şeylər zövq aldığım və sadəcə içimdən gələn şeylərdir. Və mən xoşbəxtliyin paylaşıldıqda həqiqi olduğuna inanıram. Amma bəzən baxırsan ki, kimin nəyinə lazımdı? Bu sürətli yaşam dövründə alqoritm min nəfərdən iki yüzünə bu yazını göstərdi tutaq ki, onlardan da beşi onu sona kimi bu yazdığımı oxuyar. Amma məsələ həm də budur ki, deyəsən burada "lazım" söhbəti keçmir. Bu sadəcə içimdən gəlir. Bilmirəm.. Bəzən belə də olur, beynimdə yüzlərlə yazmaq istədiyim mövzu olur. Nə yazacağını isə bilmirsən. Sonra bir bəhanə, sadəcə başlamaq üçün bir cümlə və beynindəki cümlələr öz-özünə muncuq kimi sətirlərə düzülür. Və bir nöqtədə sadəcə yorulma nöqtəsi olur. "Bilmirəm" yazıb, yazdığın yazını əslində bölüşmək istədiklərini bölüşmədiyinin fərqinə vararaq bitirirsən. Bilmirəm..Bu arada, bilməmək gözəldir..#Sevgiler — Tiflis, GürcistanPaylaşan : Ayxan Agayusifli